Super User

Super User

Çərşənbə, 03 Aprel 2024 11:15

Bir sual bir cavab - Şamil Ənvəroğlu ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Aristotel poeziyanın ümumidən, tarixin isə xüsusidən bəhs etdiyini bildirərək, poeziyanı daha üstün qəbul edib. Bəs Şamil Ənvəroğlu poeziyaya hansı tərifi verərdi?

 

CAVAB:

 Poeziya ruhun çırpınışı, 

ürəyin döyüntüsü,

duyğuların var olma şəklidir...

Ədəbiyyatı böyük bir limana bənzətsək, poeziya bizi o limana aparan,

dalğaların qoynunda bizi atıb-tutan bir gəmidir. 

Bu gəminin kapitanı isə ÜMİDDİR. 

 

Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Çərşənbə, 03 Aprel 2024 15:00

Xəyanəti bağışlamaq olarmı?

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

A: Sən niyə susub durmusan?

Ş: Nə cavab verəcəyimi bilmirəm.

A: Çünki səhvini bilirsən.

Ş: Əzizim, bağışla, bir də olmayacaq, söz verirəm. Aytən nə olar, dinlə məni. Bax, bir səhv idi, etdim, amma bir də olmayacaq.

A: Xəyanət səhv deyil Şahin. Xəyanət seçimdir. Nəyin çatmırdı? Bəlkə sənə yetərincə qayğı göstərmirdim? Ya dəstək olmurdum? Heçnəyin yox idi mən səni sevəndə. Əlin pul gördü deyə məni də satmalıydın?

Ş: Ağır danışırsan. Mən səni satmadım, atmadım. Şeytana aldandım.

A: Yox, şeytan özü elə sənin kimilərə aldanır. Hər işi görüb şeytanın boynuna yıxır sənin kimiləri. Biri gedir yoldaşını öldürür, deyir şeytana uydum, biri gəlir oğurluq edir, deyir şeytan aldatdı. Niyə bu şeytanı bir siz görürsünüz? Niyə ağac əkən, heyvanlara yemək verənlər görmür? Şahin, mən sənin hər səhvinə göz yumdum indiyədək. Ailəmə qarşı, çevrəmə qarşı, az qala səni sənin ailənə qarşı müdafiə etdim. Sanki münasibətdə kişi mənmişəmtək sənin arxanda durdum. Amma bu etdiyin, bağışlanmazdır. İndi mən səni söymürəm, döymürəm. "Namus" deyib öldürən, baş kəsib bununla da fəxr edən sizin cinsdir, bizim yox. Mən onu da etmirəm. Uşağıma, onun gələcəyinə travma buraxmaq istəmirəm. Səssiz sədasız uşağımı da götürüb çıxıb gedirəm. Nə arxamca gəl, nə axtar, soraqla. Mən "görəsən nə vaxt məni atıb ona gedəcək” sualı ilə yaşamaq istəmirəm. 

E: Aytən, bəsdi. Camaat nə deyər? Kişididə, gəzib yenə evinə gəlib. Boşanmaq nədir?

A: Elmira xala, mən sizin xətrinizə də dəymək istəmirəm, siz də anasınız. Amma əmin olun ki, mənim oğlum belə bir hərəkət etmiş olsaydı, mən onun arxasında durub "kişidir" deməzdim. Mənə kişiliyi görüşdüyü qadın sayıyla ölçən ər lazım deyil. Camaat da özü bilər nə deyir. Lazım olanda bir qab suyumu, çörəyimi verməyən o "camaat" mən öz həyatıma baxanda da vəzifəsi olmayan işə qarışmasın. Di sağolun, ev də sizin olsun, hər şey də. Mənə övladımla sakit həyat bəs edər.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Çərşənbə, 03 Aprel 2024 14:30

Popkornun hikməti

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Olduqca gözəl qız idi Seva, bu gözəlliyini gözə çarpdırmaq üçün həmişə eybəcər qızlarla rəfiqəlik edirdi. 

Oğlanlar da ona yaxınlaşmağa cürət etməz, eybəcər rəfiqələrlə isə dərhal tanış olar, dostluq edər, sevişər, ailə qurardılar. 

Seva eləcə də tək qaldı, qarıdı.

2.

Əgər tamaşa zamanı birinci pərdədə səhnədə tüfəng görünürsə, mütləq üçüncü səhnədə o tüfəng… sahə müvəkkili tərəfindən müsadirə olunacaqdır.

3.

Həsrət öz adı həkk olunmuş individual maşın nömrəsi almaq istəyirdi, ala bilmədi, əvəzində öz adını dəyişib 10KJ234 qoydu.

4.

Valideynin birinci problemi uşağa normal cəmiyyətdə özünü necə aparmağı öyrətməkdir. İkinci problemi isə həmin o normal cəmiyyəti tapmaqdır.

5.

Qorxulu nağıl:

Biri vardı, biri yox idi, dovşanın quru otdan, tülkününsə buzdan komaları var idi. Yay gəldi, bərk istilərdən quru ot yandı, buz da əridi. Hər iki binava evsiz qaldı.

Amma hər ikisi hələ 15 il ipoteka pulu ödəyəcəkdi. 

6.

İki milçək daz başa qonurlar. 

Biri köks ötürüb o birinə deyir:

-Eh, həyat, həyat. Yadında, biz burda necə gozlənqaç oynayardıq?

7.

Belarusda prezident seçkilərində yeni mexanizm tətbiq edilib. Kim ki, Lukaşenkoya səs vermək istəyir, prezident.za saytına girir, kim ki, əleyhinə səs vermək istəyir, zabludilsya.fu saytına girir. Orada ona başa salırlar ki, prezident.za-ya necə getmək olar.

8.

Tamaşaçı Sinema-plyus-da kinoya girir, popkorn və kola almağı unudur. Nəticədə film ona çatmır.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Nə vaxtsa dünyasını dəyişən yaxşı insanları unutmaq olmaz. Onların hər biri haqqında tez-tez söhbət açıb gənclərə nümunə göstərmək lazımdır. Axı yaxşı insanlar haqqında söhbətlər yeni nəsilə örnək olduğu kimi, yaxşılığın da yaşaması deməkdir...

 

Bu gün sizə yaxın keçmişdə yaşamış bir yaxşı insan barəsində söhbət açmaq istəyirəm. Yazıçı, publisist, tərcüməçi Əlfi Səhlik oğlu Qasımovdan...

1927-ci ildə Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdu. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdi. Daha sonra 1943-1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdi. 1944-1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxumuş, oranı bitirdikdən sonra 1946-1951-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsilə yiyələnmişdi... 

 

Ömür-gün yoldaşı Rəhilə xanımın xatirələrindən: “Onunla ilk tanışlığım tələbəlik illərində oldu. O zaman mən də universitetdə- filologiya fakültəsində oxuyurdum. Taleyimiz bizi qovuşdurdu. Ondan eşitdiyim xoş, şirin, səmimi sözləri hələ də unutmamışam. Əlfi yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dostunu, tanışını, qonşusunu canından artıq istəyərdi. Yaratdığı obrazların ovqatı, amalları ilə yaşayardı. Onun “Adilənin taleyi” povesti ötən əsrin 60-70-ci illərində populyarlıq qazanmışdı. Görkəmli yazıçı, unudulmaz pedaqoq Mir Cəlal Paşayev həmin əsəri dövrün “Leyli və Məcnun”u adlandırırdı..."

 

O, müxtəlif illərdə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri və redaktor müavini, “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib vəzifələrində çalışıb. 1966-cı ildən isə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin rəisi idi. 

Ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər institutunda oxuyarkən başlayan Əlfi Qasımovun roman və povestləri 60-80-ci illərin ən çox oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olub. Onun “Xalq arzusu” adlı ilk şeiri Ağdamda çıxan “Lenin yolu” qəzetində çap olunub, sonradan universitetdə oxuduğu illərdə isə şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilib. İlk kitabı 1954-cü ildə çıxan “Ərimizin ətəklərində” adlı oçerklər kitabı olan Əlfi Qasımovun müxtəlif mövzularda maraqlı hekayələri- “Məni qınamayın”, “Qızburunda tək məzar”, “Adilənin taleyi”, “Könül sevən”, “Toy gecəsi” kimi roman və povestləri çap olunub və o, zəmanəsinin tanınmış yazıçılarından, jurnalistlərindən biri kimi tanınıb.

Ötən əsrin 6-cı, 7-ci onilliklərində Azərbaycan ədəbiyyatında sənədli bədii janrın inkişafında onun xüsusi xidmətləri vardı. Yazıçı təsvir etdiyi obrazları gündəlik həyatdan və onu əhatə edən insanların arasından seçərək öz istedadı ilə daha da zənginləşdirirdi. Eyni zamanda sənədli nəsrin uğurlu yaradıcılarından biri kimi də tanınırdı. Onun əsərlərində yazıçılıqla jurnalistlika bir arada öz təbii ifadəsini tapırdı. Görkəmli yazıçı Hüseyn Abbaszadə Əlfi Qasımov yaradıcılığının bu istiqamətini təqdir edərək yazırdı: “Əlfi sənədli nəsr sahəsində ədəbiyyatımızda dərin izlər qoyub gedib və ondan sonra bizdə sənədli nəsr, demək olar ki, yox dərəcəsindədir.”

Akademik Bəkir Nəbiyev isə onu belə xarakterizə edirdi: “Əlfi Qasımov ünsiyyət sevən, qayğıkeş insan idi. Bizdən yuxarı kursda oxusa da heç vaxt bizə yuxarıdan aşağı baxmazdı. Bir müddət professor Cəfər Xəndanın, az sonra isə o vaxt hələ aspirant olan Bəxtiyar Vahabzadənin apardıqları universitet ədəbiyyat dərnəyində, daha sonra Yazıçılar İttifaqında keçirilən gənclər günlərində öz əsərlərini oxuyar, bu zaman bizim kimi təzələrin də çıxışlarını dinləyər, az-çox tənqidi qeydlərimizə də hörmətlə yanaşardı. Ümumiyyətlə, “Əlfi” sözünü araşdıranda bir mənası da ülfətə aparıb çıxarır. Görünür, ad qoyan valideynləri yanılmayıblarmış. Əlfi Qasımov başqaları ilə ülfət-ünsiyyət yaratmaq cəhətdən ancaq nadir simalarla müqayisə oluna bilərdi. Qısa bir müddətdə bir-birimizə yaxınlaşıb məhrəm olmuşduq…”

Mehriban, istiqanlı, ünsiyyətcil adam idi. Heç kimin qəlbinə dəyməz, özündən yaşca kiçikləri həvəsləndirməkdən zövq alırdı. Akademik Bəkir Nəbiyev daha sonra yazırdı: “Əlfi Qasımovun on beş nəfər igid, qeyrətli Azərbaycan qızının Şimali Qafqazdan Berlinə qədər davam etmiş müzəffər döyüş yolunu əks etdirən “Vətən çağıranda” adlı bir kitabı var. Bu kitab həmin qəhrəman qızların sayı qədər müstəqil miniatür sənədli hekayələrdən ibarətdir. Hesab edirəm ki, real qəhrəmanlar haqqında konkret tarixi, həyati faktlar əsasında, gələcəyə çağırış ruhunda yazılıb. Təcavüzkarlara nifrət və qəzəb püskürən bu kitab yaşadığımız günlərdə də öz aktuallığını qoruyub saxlayır. Onu tam halda və yaxud hər bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə paylamaq lazımdır.”

Yenə də Rəhilə xanımın xatirələrindən: “Bir dəfə də olsun ondan incimədim, küsmədim. İşə gedəndə, evə qayıdanda üzümdən öpər, saçımı sığallardı. Təkcə mənimlə, balaları ilə yox, həmkarları ilə də son dərəcə səmimi, mehriban idi. Onun necə ailəcanlı olması indi də dillər əzbəridi. Mənə “Qara qız” deyə müraciət edərdi. Adımı çəkəndə bilirdim ki, nədənsə inciyib, kimdənsə küsüb. Qayğısını heç kimdən əsirgəməzdi. İdeal insanın bütün yaxşı cəhətləri, müsbət keyfiyyətləri Əlfidə var idi. Xainlik, paxıllıq, mərdiməzarlıq, düşkünlük onun xarakterində, təbiətində heç zaman olmayıb. Necə deyərlər, aydan arı, sudan duru kimi tanınmışdı. Heyif, zalım əcəl bizi tez ayırdı..."

Yaz gəlib, ağaclar tumurcuqlamağa başlayıb. Haqqında söhbət açdığım dünyanın ən yaxşı adamlarından biri- Əlfi Qasımov 1985-ci ildə, yazın əvvəllərində dünyadan köçüb...

...Dünya pislərlə doludur, amma nə gözəl ki, yaxşı insanlar da az deyil. Onlar olmasaydı, görəsən bu dünyada yaşamağın mənası olardımı?

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Adətən rubrikamda klassikaya, ən azından Xalq şairlərinə müraciət edirəm, bu günsə lap yeni, hətta dünən yazılmış bir sevgi şeirini paylaşacam. 

Unudulmaz sevgi şeirləri statusunu bu şeir hökmən qazanacaq və unudulmayacaq, buna əminəm. 

 

Gəlirsən gedirsən xəbər tutmuram, 

Bu necə sevgidi bilmirəm düzü. 

Elə bil kirayə verib getmisən, 

Mənə yaşadığın gecə-gündüzü. 

 

Bilmirəm yerdəsən, yoxsa ki göydə,

İş yerin ulduzlar, yoxsa dənizdi, 

Ruhun illər ilə qaçaq-sərgərdan, 

Sevgin taleyimə muzdlu kənizdi. 

 

Vallah mən bilmirəm bu növ sevgini, 

Kökü kəsilməkdə olan sevgidi. 

Mənim ürəyimdə bir vaxt cücərib, 

Sənin ürəyində solan sevgidi. 

 

İndi nə gedişin kövrəldər məni, 

İndi gəlişinə sevinmərəm mən. 

Ta cavan olmaram qıvırcıq saçlı, 

Daha bir də elə sevilmərəm mən.

 

Gəlirsən gedrsən xəbər tutmuram, 

dənizin içiylə, göyün üzüylə. 

Yəqin dənizçisən ya da kosmonavt, 

Sənin nə işin var çölün düzüylə.

 

Ruhum pərişandır, ruhum sönükdür.

Soruşma hardayam, yüküm nə yükdür,  

Üzüm məhəbbətdən çoxdan dönükdür, 

Gəlirsən gedirsən xəbər tutmuram.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Çərşənbə, 03 Aprel 2024 09:00

Günün fotosu: İstanbulda dəhşətli yanğın

Günün fotosu: İstanbulda dəhşətli yanğın

 

 

Təmir işləri zamanı İstanbulun gecə klublarından birində baş verən dəhşətli yanğın nəticəsində ən azı 29 nəfər ölüb. Anadolu Dövlət Agentliyi xəbər verir ki, 8 nəfər yaralanıb, onlardan 7-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Təmir üçün bağlanan gecə klubu şəhərin Avropa hissəsindəki Beşiktaş bölgəsində -  16 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində idi.

Foto: Anadolu DA

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şahı Məmmədliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ŞAHIELMANOĞLUMƏMMƏDLİ                                                              (06.06.1995.-01.12.2020.)

 

Ucar   rayonunun Bərgüşad kəndindən olan,  Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 VƏTƏN SEVGİSİ SƏNİ   QƏHRƏMAN ETDİ,  ŞAHI          

 

Sən, necə də şərəfli, ləyaqətli yol seçdin,

“Ölüm nədir?”-  deyərək oddan, alovdan keçdin,

Bir ürək sahibiydin, milyon ürəyə köçdün,

Vətən sevgisi səni   qəhrəman etdi, Şahı.

 

Bərgüşadda  tanındın  saf, təmiz oğlan kimi,

Böyüyəndə sevildin ağıllı cavan kimi,

Şığıdın düşmənlərin üstünə aslan  kimi,

Vətən sevgisi səni  qəhrəman etdi, Şahı.

 

Tayqulaq kafirlərə nifrət aşıb-daşanda,

Məhv etdin düşmənləri Tərtərdə, Suqovuşanda,

Elə bil  sehirliydin, Talışda vuruşanda,

Vətən sevgisi səni  qəhrəman etdi, Şahı.

 

Sevgimiz tükənməzdir Araza da, Kürə də,

Torpaq namus deməkdir, olsa dağ da dərədə

Şəhidlik zirvəsinə ucaldın Ağdərədə,

Vətən sevgisi səni  qəhrəman etdi, Şahı.

 

Ömər adlı oğlun var - bizə qalıb əmanət,

Üzünə gülsün onun   xoşbəxt tale, səadət,

Böyüyüb atasıyla fəxr eyləyəcək əlbət,

“Atamdır - bu diyarın şirin nağılı- Şahı,

Vətən sevgisi səni  qəhrəman etdi, Şahı.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

 

 

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.

 

 

Molla Qafarın yaşı əllini ötsə də, hələ əlli-ayaqlıydı. Sağ qalana dərs verə, ölənə yas tuta bilirdi. Qafarın Gəncə mollalarından fərqi ondaydı ki, Allahı özü tanımışdı. Adətən adama Allahı kimsə tanıtdıranda o qədər də yaxşı tanımır. Molla Qafarın atası Allahı tanımayan taksi sürücüsüydü. Həftənin beş gününü arağa, iki gününü dövlət istiqrazına qurban vermişdi. Beləcə, Qafarın yeddi yaşı olana qədər kişi “taksi”yə əziyyət verə-verə yaşadı. Sonra da, gün­lə­rin bir günü Əzrayılın “taksisi”nə oturub Allahı tanımadan o taya sürdürdü. Qafar atasını aparan arağa və istiqraza uşaq ikən tövbə dedi. Sonra Qafar özü böyüdü. Ətrafa baxıb Allahdan savayı heç kəsi arxasında görmədi. Başa düşdü ki, atası Allahdır. Nə dostu vardı, nə düşməni. Əvvəl Sarı Həmid­dən iki qoyun alıb çoxaltmaq istədi. Qoyunlar artdıqca dərdi də artdı. O gəldi, ver, bu gəldi, al. Qafar anladı ki, kənddə at yeyənin dişi dəmirdən olmalıdır. Və dişlərini itiləməyə başladı. Beləcə, dəmir dişləri ilə əli çörəyə çatdı. Sonra çörəyi diridən deyil, ölüdən çıxmağa başladı. Lap sonra Allahdan könlünə bir sakitlik çökdü. Daha heç kəsdən çörək istəmədi. Dünya malın­dan əlini çəkdi. Gördüyü ölümlər onu ayıltdı. İçinin saflığı əməli­nə, üzünə çıxdı. Hamıya yaxşlıq etdi. Daha fikirləri başında at kimi çapmadı. Allah ona sakitlik verdi. O, bu sakitliyə görə hər gecə Allahına şükr edirdi. Bu dəfə də Səkinə arvadın arxasınca atdığı daşa şükr edib, olacaqları Allahın ixtiyarına buraxdı. Nə olacaqdısa, olacaqdı. Xeyir­lisi Allahdan.

Düşüncə­lə­rinin bu yerində dumandan çıxmış Qafar keçən il qaraltdığı ikimərtəbəli evinin qarşısına çatdı. Səkinə arvadın daş xəbəri, deyəsən, evinə qədər gəlib çıxmışdı. Otuz illik halalı Gülə­rin üzündən-gözündən zəhrimar yağırdı. Çəpərə söykənib tum çırtlaya-çırtlaya yolunu gözləyirdi. Onu görən təki qabağına qaçıb:

– Üzün ağ olsun, Qafar. İllərdir sənə hamballıq elədiyim üçün belə etdin? – soruşdu.

Molla Qafar Gülərin dediklərindən bir zad anla­mayıb:

–Neynəmişəm? – dedi

Və ona doğru qaçan sarışın, gülərüz oğlanın qarşısında açılmış qollarını gördü.

Gülər:

– Bax gör etdiyin nə boydadır. Gözün aydın, Rusyet­dən oğlun gəlib, – söylədi.

Qafar söz deməyə macal tapmamış sarışın oğlan onu qucağına alıb göyə qaldırdı. Bir xeyli göydə fırladandan sonra ehmallıca yerə qoyub üzündən öpdü. Qafar əvvəl elə bildi uşaqlar onu araya qoyublar. Zarafat edirlər. Gülərin üzünə baxıb gözləriylə: “Bu nə oyundur belə başıma açırsız. Bu sarışın kimdir?” – soruşdu. Amma Gü­lər zarafat eləyənə oxşa­mırdı. Sözü də, gözü də cid­diydi. Molla Qafar ayağına dəyən daşı da Allahdan bilən adam idi. Ona görə qonağın kim olur-olsun, Allah tərə­findən göndərilmiş olduğunu düşündü. Oğla­nın suyu şirin­di. Doğrudan da, qaşı-gözü cavanlığına bənzə­yirdi. Amma oğul adı bir az ağırdı. Axı o, heç zaman kənddən kənarda yaşamamışdı. Gülərdən savayı heç bir qadınla yaxınlıq etməmişdi. Allah Şeytana lənət eləsin. Səkinə arvadın atdığı qara daş, deyəsən, yığvalını dəyişirdi.

Molla Qafar dilini bilməsə də, qonağı əliylə-qoluyla evinə dəvət etdi. Özü tələsmədən hamam otağına keçib yaxşıca yuyundu. Məhrəba ilə qurulana-qurulana eşiyə çıxanda sarışının qızları ilə çay süfrəsi arxasında oturub şirin söhbət etdiyini gördü. Qəribəsi bu idi ki, qızlarının üzün­də heç bir təlaş, heç bir qısqanclıq yox idi. Əksinə, onlar elə bil qardaşlarının tapılmasına ürəkdən sevinmişdilər. Gülər özü də sarışına nifrətlə baxmırdı. Onun işi ancaq Qafarnandı. Molla Qafar keçib sarışın oğlanın yanında əyləşdi. Bir az susandan sonra ehmallıca ondan:

– Siz hansı şəhərdənsiniz? – soruşdu.

Oğlan:

– Armavirdənəm, – dedi.

Gülər:

– Armavir budu, burdadı. Qulağının di­bin­də. Yəqin, cavanlıqda bunun kötük anasını bir gecə yaxşı-yaxşı baltalamısan. O da sənin üçün çiçəkləyib, – deyə əlavə etdi.

Molla Qafar arvadının tənəli sözlərinə məhəl qoymayıb: – Ay bala, mən heç zaman Armavirdə olmamışam axı, – dedi. Və özü də öz yalanından qızarıb başını aşağı saldı.

Sarışın oğlan ayağa qalxıb dinməzcə Qafara yaxınlaşdı. Cibindən çıxartdığı artıq rəngi soluxmuş şəkli ona göstərib:

– Bu, siz deyilsiz? – soruşdu.

Molla Qafar şəkildə özünü tanıyıb:

– Mənəm, – dedi.

Sarışın şəkildə Molla Qafarın başı üstə dayanmış arıq qıza barmağını uzadıb:

– Bu isə mənim anam Valentinadır, – deyə pıçıldadı.

Gülər:

– Allah öldürsün səni, – dedi. Amma bilin­mədi qar­ğı­şını kimə etdi. Gülərin bu nidası sarışını da diksindirdi. Yad dildə nə deyildiyini başa düşməsə də, təxminən belə məqamda nə deyilə biləcəyini anlayıb:

– Anam artıq ölüb, – dedi.

Onun sözləri sarışının özün­dən çox Qafarı duyğulandırdı. O, kədərli gözləri ilə sarışına baxıb soruşdu:

– Haçan ölüb?

Sarışın pıçıldadı:

– Üç il olar.

Gülər:

– Bəxtəvər bir yerindən yaman yarıyıb. Azər­bay­can­dan Armavirə qədər goruna rəhmət oxuyan mol­lası da var, – dedi.

Molla Qafar hirslə Gülərin üstünə çımxırdı:

– Bəsdir, uşaqların yanında ağzına gələni danışma!

Gülər ayağa qalxıb ağlaya-ağlaya mətbəxə keçdi. Mət­bəx­dən qızlarına: “Bir ondan xəbər alın görək, Kon­çita­nın da atası deyil ki?” – deyə qışqırdı.

Molla Qafar sarışının qoluna girdi. Onlar dəhlizə çıxıb divana əyləşdilər. Molla Qafar sarışına:

– Sən mə­nim oğlum deyilsən. Qonağımsan. Nə qədər xətrin istəyir, evimdə qal, gözüm üstə yerin var, – dedi.

Sarışın gülə-gülə Molla Qafarı qucaqladı:

– Atam­san. Mən bura yaşamağa gəlmişəm. Əlimdə tutarlı dəlil­lərim var, – söylədi.

Molla Qafar sarışının qətiyyəti qarşısında bilmədi nə desin. Papağını başına qoyub həyətə çıxdı. Taxta artır­maya söykənib Armavirdə olanları xatırladı. Onda Qa­farın otuz yaşı ancaq olardı. Qonşu kənddən olan dostu Namazın maşınıyla taxta gətirməyə getmişdilər. Arma­virə çatanda onlara demişdilər ki, bu şəhərdə taxta olmur. Taxtanın vətəni tayqadır. Namazın bu “qanmazlığını” bir-iki gün lağa qoyandan sonra dostlar Arma­virlə vidalaşmaqdan ötrü “Astoriya” restoranına getmişdilər. Valentina ilə də orada tanış olmuşdular. Daha doğrusu, Valentina özü onların mizinə yaxınlaşıb Namazı rəqsə dəvət etmişdi. O dəvət, bu dəvət, Namazla Qafar taxta üçün gətirdikləri pulları Valen­tinaya xərcləmişdilər. Valentina arıq, uzunayaqlı, sarışın qızdı. O qədər də gö­zəl deyildi. Amma işvəliydi, nazlıydı. Bir gün Namazı, bir gün Qafarı çarpayısına qonaq edərdi. Valentinanın gecələr onunla nələr etdiyini xatırladıqca Qafar “Əstəğfü­­rullah” deyirdi. Onunla keçirdiyi son gecə olduğu kimi gözünün qabağına gəldi. Həmin gecə Qafar otağına qayı­danda gözlərinə inanmamışdı. Kimliyi bəlli olmayan altı-yeddi kişi Valentina ilə əylənirdi. Kişilər Valentina ilə əylənirdilər demək də düzgün olmazdı. Daha çox Valentina kişilərlə əylə­nirdi. O səs-küy, o gülüş səsləri, o inilti bu gün də Molla Qafarın qulaqlarındaydı. O gecə Qafar bir qadının altı-yeddi kişi ilə eyni zamanda əlaqədə olmasını ilk və son dəfə gördü. Səhər Valentina ağlaya-ağlaya sinəsinə qısılıb: “Məndən iyrənmə ha. Dünən kefli idim. Nə etdiyimi bilmirdim”, – pıçıldamışdı. O zaman Qafar Valentinaya baxıb pozuq rus dilində: “Öz hə­ya­tındı da. Mənə nə var?” – demişdi. Qafar son dəfə kəndə qayıt­maq üçün maşına minəndə isə Valentina ona: “Səndən uşağa qalmışam”, – söyləmişdi. Özü də Valentina bu sözü bərkdən demişdi ki, Namaz da eşitsin. Onda Namaz Valenti­nadan gülə-gülə: “Qafar məndən yaxşı kişidir?” – so­ruşmuşdu. Namazın bu sualına Valentina da gülümsünüb: “Söhbət kişi­lik­dən getmir. Onunla sevə-sevə olurdum. Ona görə də qarnım­dakı uşaq onundur”, – demişdi. O zaman Valentinanın sözlərinə Qafar məhəl qoymamışdı. “Pozğun qadındır da”, – düşün­müş­dü. Onu yoldan qaytarmaqdan ötrü əlli min söz söyləyə bilər. Bəlkə Valentina o zaman düz deyirmiş? Bu sarışın elə o uşaqdır?

 

Davamı var

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

 

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Həyatda uğur qazanmaq anlamının bir tərkib hissəsi də sevgidə uğur qazanmaqdan ibarətdir, belə ki, müstəqil atdığı addımları yenicə möhkəmlənən, həyatın keşməkeşlərinə yenicə daxil olan gənc ilk sevgisinin uğursuzluq acısı ilə bütün qarşıda duran həyatının dadından, şirinliyindən məhrum olur, özünü həyat mübarizəsindən məğlub sanaraq cəmiyyətin «bədbəxtlər ordusu»nun əsgərinə çevirir.

İnsan həyatında ən vacib iki mərhələnin uğurlu ailə və uğurlu karyera qurmaq olmasını da gəlin unutmayaq. Uğurlu sevgi – bizim bu söhbətimizdə uğurlu ailənin təməlqoyucusu ampluasında olacaq.

Sevgi nədir? Bu psixoloji, yoxsa fizioloji haldır? Bu günümüzə qədər bəhs etdiyimiz mövzu barədə o qədər tədqiqatlara rast gəlmək olar ki.

Şübhəsiz, hər birimiz sevirik, sevilirik. Bu hisslərdən məhrum olan insana əsla rast gəlinməz. Sevən, amma sevginin ədalətinə inanmayanlar da, hələ sevməyən, amma sevgiyə inananlar da, həm sevən, həm də bu müqəddəs hissə etiqad edənlər də sonucda bir mətləbə gəlirlər: əgər Yer üzərində Leyli və Məcnun, Əsli və Kərəm, Romeo və Cülyetta, Tristan və İzolda dastanları yaranmışsa, deməli, bizim onu qəbul edib etməməyimizdən, ona təslim olub olmayacağımızdan asılı olmayaraq sevgi ta qədimdən yaranıb bugünümüzədək davam edən ölməz bir prosesdir, şübhəsiz, kainatda həyat durduqca da o duracaq.

Düzdür, illər, əsrlər sevgiyə məzmun cəhətdən müxtəlif korrektələr etmişlər və indi də edirlər. Amma yalnız korrektələr. Məğz isə olduğu kimi qalmaqdadır.

Fizioloqlar qeyd edirlər ki, orqanizmimizdə testosteron qrupunun harmonları yığılanda biz sevməyə başlayırıq. Beynimiz bizə sevməyə icazə verirsə sevgi ehtiyacı duyuruq.

Psixologiyada sevgi – fədakar, ürəkdən gələn bağlılıq hissidir, kiməsə, nəyəsə alüdə olmaq, meyl etməkdir.

Sevgi – dünya ədəbiyyatının, şübhəsiz, baş mövzusudur. Amma onun elmi mahiyyətini bilmək də çox vacibdir. Gənclər instinktlə sevirlər, düşünürəm ki, sevginin mahiyyətini, elmi izahını da bilsələr, bundan yalnız fayda tapa bilərlər.

«Uğursuz sevgi» anlayışı çox geniş yayılıb, uğur barədə kitab yazırıqsa, deməli, bu kitabda sevgi mövzusuna da geniş yer ayırmalı, ondan hərtərəfli bəhs etməliyik.

Ötən gün ayrıca intihar mövzusuna artıq rast gəldiniz, qısaca olaraq qeyd etmək istəyirəm ki, əsas intihar səbəblərindən biri də uğursuz sevgidir. Nə qədər gənc cavabsız sevgiyə görə, nə qədəri isə sevgiləri qarşılıqlı olsa belə, qovuşma səadətlərinə, əngəllərinə görə intihar ediblər!

Ayrıca, nə qədər gənclərimiz var ki, uğursuz sevgi ucbatından sonrakı həyatlarını matəmə bürüyüblər, fizioloji intihar etməsələr belə mənəvi intihar ediblər, həyatın toy-bayramına, sevinclərinə, bir növ, oruc tutublar!

Şəxsən neçə insan tanıyıram ki, yaşadığı uğursuz sevgidən psixoloji sarsıntı keçirərək ömürlük əsəb xəstəliyi qazanıb. Neçəsini də tanıyıram ki, ailə qurmayıb, bütün həyatını təklikdə keçirməklə uğursuz sevgisinə yas tutub.

Düşünürəm ki, sevgi hissinin nə olduğunu dərindən öyrənmək hər bir kəsçün lazımlı, hətta mən deyərdim, vacibdir.

(Davamı olacaq)

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

 

“Ədəbiyyat və incəsənət” Təranə Dəmirin yeni şeirlərini təqdim edir. 

 

SEVMƏK GÜNAHDI

Hərə bir cür unudulur,

Kimi saçlarından,

Kimi baxışlarından,

Kimi əllərindən,

Kimi dodaqlarından,

Kimi göz yaşlarından,

Kimi ayaqlarından unudulur.

Cığır -cığır, yol-yol, ləpir -ləpir,

Kölgə -kölgə, söz-söz,

sətir-sətir yaddan çıxır.

Adamı dəniz-dəniz, liman-liman,

Şəhər-şəhər, küçə- küçə unudurlar.

Şeir-şeir, heca-heca unudurlar.

Göz açıb yumunca unudurlar.

Qulağın eşidə-eşidə,

Gözün görə-görə,

Ürəyinə  girə-girə -

Bilmirsən necə unudurlar.

Hərənin bir unudulmaq vaxtı var:

Bir saat, bir gün, bir həftə, bir ay,

Lap elə bir il olsun uzağı,

Nə fərqi var axı ,

Axır ki, unudurlar.

Əvvəlcə ayaq səslərindən tutursan unudulduğunu,

Sonra ürəyinin döyüntüsündən,

Daha sonra saçlarından,

Sonra əllərindən,

Sonra baxışlarından,

Ən sonda dodaqlarından hiss edirsən unudulduğunu.

Asırlar səni dünənin boğazından,

Səhərə heç nəyin qalmır,

Bir ovuc külündən savayı.

İmdadına nə söz gəlir, nə şəhərlər,  

nə küçələr,

Nə göz yaşları, nə qarmaqarışıq gecələr.

Sonra özün öz içində itib batırsan,

Azırsan özündəki nabələd döngələrdə.

Sonra bir də..., bir də...,

Bir də unudulursan.

Dünyada ən ağır yükdü unudulmaq.

Sevmə, atam balası, sevmə ,

Unudulacağını bilə -bilə 

Sevmək günahdı vallah.

 

YAĞIŞ YAĞIR

Yağış  yağır  sakit sakit ,

İslanır yazın yaxası.

Burnuma ot ətri gəlir,

Burnuma torpaq qoxusu.

 

....Qonşu  bağın ağacları

Bizim bağla bəhsə girib.

Hər tərəf çiçək qoxuyur,

Bahar hələ təzə girib.

 

Ümidlər bahar donunda,

Arzular qönçədi hələ.

Ağaclar allı, yaşıllı,

Arılar beçədi hələ.

 

Kəpənəklər fırlanırlar,

Çiçəyin, kolun başına.

Cahıllar axşamtərəfi

Yığışır yolun başına.

 

Qapılar üzünə gülür,

Evlərin çəpəri yoxdu.

Dəcəl, şıltaq uşaqların

Dünyadan xəbəri yoxdu.

 

Hamı qismətindən razı,

Hamı günündən razıdı.

Hamı əskiyindən razı, 

Hamı kəmindən razıdı.

 

Hamıya yurdu, yuvası,

Hamıya qalası əziz.

Hamıya öz səltənəti,

Hamıya balası əziz. 

 

Yoxdu özündən biqərar,

Sözündən yekə adamlar.

Yoxdu sabahın dərdini

Bu gündən çəkən adamlar.

 

Dünya öz məhvərindədi,

Yerindən çıxaran yoxdu.

Göz ilə anlaşır hamı,

Çığıran, bağıran yoxdu.

 

...Yağış yağır sakit-sakit,

İslanır yazın yaxası.

Burnuma ot ətri gəlir, 

Burnuma torpaq qoxusu.

 

İNDİ

İndi  səhərlərin günəşi çıxmır,

İndi ulduz doğmur gecələr, Allah.

Tıxacda boğulur indi şəhərlər,

İndi nəfəssizdi küçələr, Allah.

 

Nifrətə yuvadı indi ürəklər,

İndi baxışların istisi yoxdu.

İndi qapıların qonaq-qarası,

İndi bacaların tüstüsü yoxdu.

 

Bəxti də üzünə gülmür adamın,

Yaşamaq da azar, ölmək də azar.

İçindən qurd çıxır verilən sözün,

Hayana baxırsan bazardı, bazar.

 

Haqqın, ədalətin adı var elə,

Divlər papuc tikir şeytana indi.

İndi buz erası, robort əsridi,

Kimdi qiymət verən insana indi.

 

Dustaq eləmişik həqiqətləri,

Adamın üstünə yeriyir yalan.

Vətən şeirləri səfə düzülüb, 

İndi qəhrəmandı yerindən duran.

 

İndi səhərlərin günəşi  çıxmır,

İndi ulduz doğmur gecələr, Allah.

Tıxacda boğulur indi şəhərlər,

İndi nəfəssizdi küçələr, Allah.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.