Super User
Əsl incəsənət şedevri olan ilk günəş avtomobili - Lightyear istismara verilir –İNİŞİL BU GÜN
“Tesla” adlı elektrik enerjisi ilə işləyən avtomobil günümüzün reallığına çevrilməkdədir artıq. Amma bu da hələ hamısı deyil. Düzdür, elektrik enerjisi ilə hərəkət edən avtomobilin təbii yanacaqla hərəkət edən avtomobilə nisbətən xərci daha azdır, amma biri də var ki, bu xərc ümumiyyətlə olmasın. Fantastika kimi görünür, düzdürmü?
Startaplar və avtoqiqantlar öz yeni elektrik avtomobillərində günəş batareyalarının quraşdırılmasını inkişaf etdirir və İspaniyanın isti günəşi altında Hollandiyanın Lightyear startapının ilk seriya modeli, demək olar ki, gündəlik 70 kilometrdən çox irəliləmək üçün kifayət qədər günəş enerjisini toplaya bilib. Avtomobilin quruluşu elədir ki, onun 5 kv.metrlik ərazisi - kapotu və dam örtüyü günəş batareyaları ilə örtülmüşdür. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.
"Bu, yalnız ilk addımdır, 250 000 avro qiyməti olan avtomobil bizə yanacaqsız və elektriksiz – bir sözlə, havayı hərəkət edən avtomobilə sahib olmanın mümkün olduğunu göstərir. Bu, texnologiyanın nümayişidir, amma əslində bizim məqsədimiz üç ildən sonra 30 000 avro dəyərində avtomobillə kütləvi bazara çıxmaqdır", - deyə Lightyear şirkətinin baş direktoru Leks Xufslut bildirir.
Lightyear-in payızda istehsalı başlayacaq, şirkət noyabr ayında bu bahalı sedanın alıcılara çatdırılmasını planlaşdırır.
Maraqlıdır ki, avtomobil həm hərəkətdə olduqda və həm də açıq havada parklandıqda günəş panelləri onun akkumulyatorunu dolduracaqlar.
"Günəş enerjisi ilə işləyən avtomobilin cəlbedici xüsusiyyətlərindən biri, avtomobilin akkumulyatorunun olmasıdır, buna görə günəş səmada olanda ondan tam şəkildə istifadə edə bilərsiniz və akkumulyatoru doldura bilərsiniz . Belə ki, günəş enerjisi çatışmazlığı, həqiqətən, sizin akkumulyatorunuzun olması səbəbindən elə də dezavantaj deyil, buna görə də mən optimistəm, düşünürəm ki, günəş enerjisi ilə hərəkət edən avtomobilin əlavə olaraq enerji ehtiyatı yığan akkumulyatorunun olması böyük bir müsbət rol oynaya bilər", - deyə Viskonsin Universitetinin müəllimi Qreqori F. Nemet bildirir.
Avtomobil sıfırdan düzəlib, bunu maksimum effektiv etmək və arzuları gerçəkləşdirmək üçün belə ediblər. Rasional dizayn şirkətə uzun müddət əksər avtomobil istehsalçılarının nəzərdən qaçırdığı istiqamətdə irəliləməyə imkan verən xidmətlərini öz xidməti hesab etmək şəraiti yaradıb. Bu arada qeyd edək ki, Lightyear öz dizaynına görə ən mükəmməl avtomobil dizaynerlərinin toplaşdığı İtaliyanı da təəccübləndirə bilib. Bugatti, Lamborghini, Ferrari dizaynerləri bu incəsənət şedevrindən paxıllıq edə-edə zövq alıblar.
İstehsalçıların məlumatına görə günəş batareyalarında optimal şəraitdə gündə 70 km-ə qədər şarj olmadan gedə bilərsiniz. Hər gün 35 km-dən az hərəkət edənlər şəbəkəyə qoşulmağa ehtiyac olmadan 2 ay ərzində Hollandiya, Portuqaliya və İspaniya kimi günəş ölkələrində (bəri başdan deyək ki, bizim Azərbaycan da günəş ölkəsidir) isə 7 aya qədər səyahət edə bilərlər.
Bu gün ölkəmizdə avtomobil istismarçılarının əsas şikayəti təbii ki, yanacağın qiymətinin baha olmasındandır. İnşallah ki, günəş avtomobilləri, istehsalçılar deyən kimi, kütləvi tələbata məruz qalıb 30 min avro və daha ucuz qiymətə satılar, ikinci əl avtomobillər ümumiyyətlə statistik azərbaycanlı üçün əlçatan olar, onlar avtomobili alıb yanacağa və elektrik enerjisinə pul vermədən rahatca onu sürərlər. Onda gecələr “Benzinin qiyməti daha 20 faiz (30, 40, 50 fazi) qalxdı” qərarını verib avtomobil sahibləri üçün qorxunc kabusa çevrilən Tarif Şurasından da daha heç kəs qorxmaz.
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)
Amma sonra sel keçib gedir, qalanlar, duruş gətirənlər isə mövcudiyyatını davam etdirir...
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim -Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsus təlimin təqdimatını bu cür yekunlaşdırırrıq.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).
Gəlin bu məsləhətlərə bir daha diqqət yetirək:
1.
Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
2.
Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.
3.
Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.
4.
Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.
Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.
5.
Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.
6.
İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli, klassik ədəbiyyatı oxumalısınız.
7.
İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.
8.
Əgər siz sonsuz dərəcədə varlısınızsa, amma həm də qulsunuzsa, xoşbəxtlik duyğularınız itəcək. Amma siz tam azad şəkildə karyera üstünlükləri qazanmısınızsa bundan həzz duyacaqsınız. Karyera xoşbəxtliyinin bax belə bir metodikası var: drayv, kayf və karyera.
9.
Hədsiz uğurlu olmaqçün fasilələr seçməyi bacarmalısınız. Bəzən hiss edirsiniz ki, bir yerdə dayanmısınız. Bu o deməkdir ki, öz potensialınızı xərcləmisiniz, beyninizi «cari məsələlərlə» doldurmusunuz. Belə vəziyyətdə pauza götürmək, necə deyərlər, «valı dəyişmək» lazımdır. Bağa getmək, kitab oxumaq, tam gərginlikdən çıxmaq lazımdır. Təklik çox faydalıdır. Bax belə bir pauza prosesində siz düzgün yolu seçə bilərsiniz.
10
Əgər siz ölüm döyüşündə qalib gəlmək istəyirsinizsə qabaqcadan ölməlisiniz. Çünki ölünün əsəbləri olmur.
11.
Həyat imtahanı verməkdən, vacib kontrakt imzalamaqdan öncəki gün çalışın beyninizə tam rahatlıq verib fikrinizi həmin vacib imtahan və kontraktdan kənarlaşdırasınız. Ertəsi gün – imtahanqabağı tam dincəlin, filmə baxın, yaxşı musiqi dinləyin, dadlı çay için. Az ünsiyyətdə olun, sadəcə orqanizmə və şüurunuza dinclik verin. Nəticədə tam harmoniyada olacaqsınız. Siz artıq uduzmağa da hazırsınız, amma udacağınıza tam əminsiniz. Əsəblər möhkəmdir, səhv etməyəcəksiniz.
12.
Özünüzü və ailənizi təmin edəcəyiniz qədər qazanmağa çalışın. Daha çox pul qazanmağa meyl etsəniz daha çox zaman itirəcəksiniz pul idarəçiliyinə. Artıq pullar enerjinizi aparacaq. Ona görə də tamahınızı boğun.
13
İqtisadi böhran gec-tez qurtaracaq. Onu sakit keçirmək üçün, çökməmək üçün özünüzü qoruyun, öz şəxsiyyətinizi hansısa müvəffəqiyyətdən, karyeradan daha çox sevin. Pullar isə mütləq gələcək.
İrina Xakamadanın təliminin 13-cü bəndini oxucularıma təkrar-təkrar oxumağı tövsiyə edirəm. Bəli, yəqin ki, məhz indi, oxucularımın əksəriyyəti dünya iqtisadi böhranının tərkib hissəsi kimi öz ölkəsində yaşayan böhrandan əndişəlidirlər. Hətta bəzilərini bu böhran tam ümidsizləşdirib də.
Amma ruhdan düşüb əl-qolunuzu yana salmaq, fikir eləyib xəstəlik tapmaq sizi elə bir məğlubiyyətə gətirib çıxara bilər ki, böhran qurtarandan sonra dirçəlməyiniz daha mümkün olmaz.
Kənd yerinə gələn şiddətli seli təsəvvürünüzə gətirin. Qarşısına çıxan zəif, müqavimətsiz hər şeyi qoparıb aparır. Amma sonra sel keçib gedir, qalanlar, duruş gətirənlər isə mövcudiyyatını davam etdirir.
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)
Uydurma ad - MİNİATÜR HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Akademik Milli Dram Teatrında X.Qocanın "Hərənin öz payı..." pyesi tamaşaya qoyulmuşdu. Başdan-ayağa cəmiyyətdəki eybəcərliklərdən, çatmazlıqlardan, nöqsanlardan bəhs edən komediyada bəzən aktyorlar tamaşaçıları güldürmək üçün yaratdıqları obrazlara əlavələr edirdilər.
Pyesdə olmaya-olmaya Gülən adam Gülməyən adama deyirdi:
-Amerikadan Danbalbay Bakıya gəlir...
X.Qoca "Danbalbay" sözündən çox əsəbiləşir, fasilədə Gülən adam rolunu oynayan aktyorun qrim otağına gedir və etirazını bildirir. Aktyor da söz verir ki, növbəti tamaşada "Danbalbay" əvəzinə "Xose Marti" deyəcək.
Növbəti tamaşada görün nə baş verir?!
Gülən adam: - Deyirlər, Amerikadan Xose Marti Bakıya gəlir.
Gülməyən adam: - Xose Marti kimdir?
Gülən adam: - Danbalbayın kiçik qardaşı!
Aktyorların obrazlara ciddi yanaşmadıqlarını görən X.Qoca səhəri gün teatrın direktorunun yanına gedib, ondan xahiş edir ki, tamaşanı repertuardan çıxarsınlar.
Elə də olur...
Ədəbiyyat və incəsənət”
(01.07.2024)
Musiqili Teatrın iyul repertuarı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı iyulda çox maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı sənət ocağının növbəti ay üçün nəzərdə tutulan repertuar planını təqdim edir.
5 iyul - “Qafqazli qardaşqızı”
6 iyul - “Beş manatlıq gəlin”
7 iyul - “999-cu gecə”
11 iyul - “Aysedora”
12 iyul - “Qadınım”
13 iyul - “Adanın adamı”
14 iyul - “Leyli və Məcnun”
18 iyul - “Paris Notr-Dama ithaf”
19 iyul - “O olmasın, bu olsun”
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)
TURAN ATI – Orxan Fikrətoğludan uzun filminin qısa xülasəsi
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
TURAN ATI
Alaqaranlıq fonda tikan arakəsmələrin içinə qatılmış yüzlərlə atın quyruğunu kəsən rus əsgərləri görünür. At kişnərtilərindən qulaq tutulur. Kəsilmiş at quyruqlarını kolxozçular üst-üstə yığır. Fonda mahud parça üzərinə yazılmış “Yoldaş kolxozçu, pantürkistlər sənin düşmənindir” şüarı oxunur. Bir at əsgərlərin əlindən çıxıb səddi aşır. Əsgərlər atın arxasınca atəş açırlar. At kəndin son daxmasının yerləşdiyi uçurumun kənarında dayanmalı olur. Ona çatan atlı əsgərlər əllərindəki tüfəngləri atəş açmaq üçün yuxarı qaldıranda kim isə dəlicəsinə. “Yox!”, – deyə bağırır. Və biz köhnə sərdabada gecələyən onbaşı İzzətin “Yox!” bağıraraq yuxudan qəfil oyandığını görürük. O, ayağa qalxıb hövlnak eşiyə qaçır. Biz onun gözüylə Ay işığı altında dayanmış atı görürük. Bu at bayaq onbaşı İzzətin yuxuda gördüyü atdır. Onbaşı İzzət ata yaxınlaşıb boynunu qucaqlayır. At şahə qalxıb kişnəyir. Gecədən, qəbiristanlıqda yerləşən sərdabanın qaramatlığından, hərəkətsizlikdən bezib, döyüş üçün dartınır. Atın şahanəliyindən döyüş atı olduğu bəlli olur. Onbaşı İzzət ətrafa boylanıb reallığı anlamağa çalışır. Uzaqdan eşidilən güllə səslərindən heyifsilənən onbaşı dikəlib atın gözlərini əlləri ilə tutur. At təmasdan sakitləşir. İzzətə elə gəlir ki, at da onun kimi yuxu görür. Atın dinc fınxırması üstündə filmin ilk titrləri görünür...
“TURAN ATI”
“Mondros” sülh zazişinə rəğmən Bakını zorən tərk etmiş Nuru paşa XI Qırmızı ordunun 1920-ci ildə Bakını işğal etməsindən sonra Dağıstandan keçərək yenidən savaşla Şuşa şəhərinə qayıdır. Onun özüylə Türkiyədən gətirdiyi on min əsgər Qarabağda qətliamlar törətmiş bolşeviklərə qalib gəlib torpaqları yenidən milliləşdirir. Filmin ilk savaş kadrları Qafqaz İslam Ordusunun bu dönəmini bizə təqdim edir. Döyüşdən sonra kiçik zaman kəsiyində Ərzuruma qayıtmalı olan Nuru paşa qatara minməli olur. Kiçik əsgəri kupedə yer olmadığı üçün o, atını yaxın ətrafından olan onbaşı İzzət adlı bir əsgərinə əmanət edir. Onbaşı İzzət Naxçıvandan çıxmağa macal tapana qədər Sovet İttifaqının sərhədləri müəyyən edilir. Və filmin qəhrəmanı olan onbaşı İzzət Nuru paşanın atı ilə birlikdə düşmən sərhədləri içində qalır. Bu kadrlar film boyu bizə onbaşı İzzətin fləşbək xatirələrindən aydın olur. Filmdə baş verən hadisə 1918-ci ildən 1923-cü ilə qədər Azərbaycanda və Türkiyədə baş verən mürəkkəb tarixi proseslər içində əsgəri ləyaqətinə və kökünə bağlı bir insanın həyat dramıdır. O, paşasına verdiyi sözə görə, ona tapşırılmış əmrə rəğmən bir türk əsgəri olaraq atı Türkiyəyə çatdırmaq əzmindədir. Ona bunu etmək çətindir. Sovetlər birliyi kollektivləşmə siyasəti keçirir. Kəndlilərin əllərində olan ev heyvanlarını zorla yığıb kolxoza qatırlar. Atların quyruğunu kəsib yançaqlarına sovet ştampı vururlar. At türkçülüyün rəmzidir. At quyruqlarının kəsilməsi milli ləyaqətin təhqir olunmasıdır. Bütün bunları görərək şaşıran onbaşı İzzət bir müddət daldada gizlənməli olur. Sadə insanların köməyi ilə xarabalıqlarda gecələyib səhərlər Türkiyəyə keçməyə yollar axtaran İzzət, nəhayət, bir səyyar sirkə qoşulur. O zamanlar sirkin ravisi, yəni baş verənləri insanlara sadə dillə anladan konfranyesi olarmış. Bu səyyar sirkin ravisi keçmiş müsavat əsgəri olur.Və o, İzzətin əsgəri davranışından onu bəlirləyib kömək etmək qərarına gəlir. Özünü, xüsusilə də atını gizli saxlayan İzzət ravinin ona təklif etdiyi işi qəbul etməli olur. Onbaşı İzzət sirklə birgə Türkiyə sərhədlərinə yaxınlaşmaqan ötrü “Turan atı” adlı bir sirk nömrəsi düşünür. Nömrədə o, səhnəyə çıxıb Nuru paşanın “Turan atı”nı qamçıyla döyməklə Azərbaycanın Müsavat keçmişinə və türk millətçiliyinə qarşı olduğunu nümayiş etdirməli olur. Film boyu onbaşı İzzətin fləşbəkləri bizi müxtəlif tarixi faktlarla tanış edir. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını təsdiq edən sənədin imzalanma törəni. Zəngəzur, Şamaxı, Göyçay və Qarabağda erməni-daşnak-bolşevik biləşmələrinin törətdiyi qətliamlar. 4 iyun 1918-ci ildə imzalanmış Azərbaycan–Türkiyə anlaşması. Trablusqərbdə Misratla cəbhəsi komandanı olan Nuru paşanın İstanbula çağırılması. Sultan V.M.Rəşadın fərmanıyla Qafqaz İslam Ordusunun yaradılması. Və paşalara vəkalətlərin verilməsi. 25 may 1928-ci ildə Nuru paşanın Gəncəyə girməsi. Avqustda Göyçay ətrafındakı tarixi qələbə. 15 iyulda Nuru paşanın Bakıya girməsindən daşnakların qaçması. Bakıda törədilmiş vəhşiliklər. Filarmoniyada Tağıyevin düzənlədiyi təntənəli qəbul. Dövlət quruculuğu, Milli Ordunun və “Difai” təşkilatının yaradılması. Turançılığın artıq bir siyasi deyil, milli birlik reallığına çevrilməsi. Orta Asiya türklərinin də bu prosesə qatılması. Qfqaz İslam Ordusunun Qarabağa yürüşü. 1918-ci ildə Qarabağın azad edilməsi. İngilis, fransız və amerikan birliklərinin Bakıya girdikləri kimi, Türkiyə sərhədlərini də keçməsi. Nuru paşanın tutulması. Və Batum qalasına salınması. Onun üzünə oxunan ittiham. Erməniləri öldürdüyünə görə onun üzünə ölüm hökmünün oxunması. Bu acı xəbərin Bakıya çatması. Bu xəbərlə bağlı hökumətin toplantı keçirməsi. Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin Nağı bey Şeyxzamanlıya “Nuru paşanı azad et” əmrinin verilməsi. 1919-cu ildə Nuru paşanın Batum qalasından azərbaycanlı əsgərlər tərəfindən qurtulması. Və digər xatirələr onbaşı İzzətin görüntüləri kimi tamaşaçılara da film boyu çatdırılacaq. Beləcə, səyyar sirklə Türkiyə sınırına yaxınlaşan İzzət ən son anda sərhədi keçmək istrəkən rus əsgərləri tərəfindən öldürüləcək. Nuru paşanın atı isə sərhədi aşıb vətənə dönəcək. Və bununla da türk ruhunun ölməz olduğu rəmziliyinə çevriləcək.
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)
GÜLÜŞ KLUBUnda Qarışqa və Filin balladası
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Adam hələ evdən çıxıb işə yollanmayıb. Amma artıq evə qayıtmaq üçün darıxır.
2.
Qarışqanı şişirdib fil eləmək məşğuliyyəti yanlışlıqdır. Çünki bir gün şişirtdiyi şişib-şişib partlayacaq, nə fili olacaq, nə qarışqası.
3.
2044-cü il. London. “Uembli” stadionu. Futbol. Çempionlar liqasının finalı.
“Real” Madrid, İspaniya - “Şəki siti” Şəki, Azərbaycan.
4.
Şənbə və bazar günlərini o sevmir. Çünki bazar ertəsi yaxındadır. Ən sevdiyi gün çərşənbə axşamıdır. Çünki bazar ertəsi uzaqdadır.
5.
Əgər Papa Karlonun əvəzinə Frunzik Mkrtçyan olsaydı, onda Buratino Karabasdan yox, Karabas Buratinodan qaçardı.
6.
-Aytəkin, məncə sən mənə ona görə gəlmək istəyirsən ki, mənə babamdan villa qalıb.
-Əhmədağa, Allaha and olsun elə deyil. Gülməli söz danışma. Sənə villa kimdən də qalsaydı yenə mən sənə gələrdim.
7.
Ən asan pulları Gecəkəpənəyi Aza o vaxtlar saatları bir saat irəli çəkdiyimiz gün qazanırdı.
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)
EKSPRESS-SORĞU - Yay tətili boyunca hansı kitabları oxumağı planlaşdırırsınız?
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
İyulun ilk günündə təqdim edəcəyim Ekspress sorğunin sualı da yayla bağlıdır: Yay tətili boyunca hansı kitabları oxumağı planlaşdırırsınız?
Və planınızda olan kitabların seçilməsində səbəb nədir?
1.
Jurnalist, redaktor, şair Səddam Laçının sorğumuza cavabı;
-“Kitabi Dədə Qorqud”;
“Kitabi-əsgəriyə”;
“Gülüstani-irəm”;
“Aldanmış kəvakib”;
Cəlil Məmmədquluzadənin hekayələri;
Ahmet Aslan -“Fəlsəfə seriyası” - bu yay oxuyacağım kitablar siyahısındadır.
Bu kitabların seçilmə səbəbi Azərbaycan nəsrini xronoloji ardıcıllıqla mütaliə etmək və ilk nümunələri ilə tanış olmaqdır.
2.
Sorğumuza digər cavab isə şair xanım, iki kitab müəllifi Arzu Əyyarqızınındır.
-Aşıq Ələsgərin seçmələri, Aqşin Yeniseyin son çıxan kiyabı və bir neçə bədən dili, psixoloji kitablar bu yay oxuyacağım kitablar siyahısındadır.
Bu kitabların seçilmə səbəbi isə bir şair olaraq Ələsgərdən öyrənəcəyim çox şeylər var. Aqşin Yenisey isə çağdaş dövrün ən gözəl, yeni fikirlərlə zəngin şairlərindən biridir. Ramiz Rövşən kimi. Bədən dili və psixoloji kitablar isə mənim ruh rahatlığımı təmin edən kitablardır deyə onları çox sevirəm.
3.
Sorğumuza növbəti cavab isə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Tarix və coğrafiya fakültəsinin
Tarix müəllimliyi ixtisasının məzunu, gənc yazar Fatimə Sadıqovadandır. O da öz planlı kitab siyahısını bizlə bölüşdü.
-1. Səddam Laçın, “Səndən gözəl olmasın"
2. Bəxtiyar Vahabzadə, "Seçilmiş əsərləri"
3. Dilbər Axundzadə, “Müşfiqli günlər"
4. Şah İsmayıl Xətai, "Seçilmiş əsərləri"
5. Lev Tolstoy, “Uşaqlıq, yeniyetməlik, gənclik"
6. Viktor Hüqo "93-cü il"
7. Aqata Kristi "10 zənci balası"
8. Aqata Kristi "Qara qəhvə"
9. Corc Simenon "Komissar Meqre"
Bu kitabları seçməyimin səbəbi Çağdaş Azərbaycan poeziyasının nümayəndələrinin əsərləri ilə yaxından tanışlıq və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərini mütaliə edərək dünyagörüşümü artırmaq, əsərlərin mövzularından nəticə çıxarmaq, eyni zamanda yay tətilimi səmərəli keçirməkdir.
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Üzüm yarpağına bükülmüş xan balığı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Üzüm yarpağına bükülmüş xan balığının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 183 qr
§ Üzüm yarpağı – 72 qr
§ Cəfəri – 17 qr
§ Soğan – 20 qr
§ Pomidor – 45 qr
§ Bibər – 25 qr
§ Alça (quru alça) – 10 qr
§ Kərə yağı – 25 qr
§ Sarıkök – 0,05 qr
§ İstiot – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ qatıq–50qr, nanəqurusu–2qr
QEYD
Nəzərinizə çatdıraq ki, bu xörək müxtəlif növ tıxsız (qılçıqsız) balıqlardan hazırlana bilər. Üzüm yarpağı ispanaq, əvəlik, heyva və s. yarpaqlarla əvəz oluna bilər.
HAZIRLANMASI
Balıq təmizlənir, yuyulur. Üzüm yarpağı duzlu suda pörtlədilir. Tərəvəzlər yuyulur, uzunsov forma- da doğranır. Balığın onurğa sümüyü çıxarılır (təmizlənir), 15-20 qramlıq tikələrə doğranır, duz, istiot vurulur. Yarpağın saplaqları təmizlənir. Balıq tikələri yarpaqlara bükülür (yarpaq dolmasında olduğu kimi). Qazana dü- zülən zaman layların arasına tərəvəz- lər, alça, göyərti, kərə yağı qoyulur, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Qaynayandan sonra 25-30 dəqiqə ərzində bişirilir. Hazır olduqda boşqaba yığılır. Qatıq və nanə qurusu ilə süfrəyə verilir. Sarımsaqlı qatıqla da verilə bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)
BİR SUAL, BİR CAVAB Qulu Ağsəs ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Əziz Qulu bəy, indiki zamanın dayanacağında durub, keçmiş zamandakı itən arzularınızı xatırlayıb, gələcək zamandakı gerçəkləşmiş arzular otağına dəvət etməyə həvəsiniz varmı? Yoxsa, keçmiş keçmişdir - deyib, keçmişi gələcəyə sürümənin anlamı yoxdur - deyib, keçmişin qapısına iri bir kilid vurursunuz?
CAVAB
Qısaca belə demək istəyirəm, əvvəla, mən şeiri pıçıltı ilə deməyin tərəfindəyəm. O haqda şeirim də var və buna qayıtmaq istəmirəm.
Şeir pıçıltı ilə yazılar, şeir lal yazılar və sükutla oxunar. Qiraət də belə olmalıdır; sakit və mümkün qədər pafosdan uzaq.
Keçmişlə gələcəyə gəlincə, mənə elə gəlir ki, hər bir insan yolçudur və bu yol onun ağlı ilə ürəyi arasındakı yoldur. Hər bir adam öz ağlı ilə ürəyi arasında addımlayır. Kim hara gedir, nə qədər gedir bu artıq başqa bir şeydir.
Ədəbiyyat və incəsənət”
(01.07.2024)
Şəhidlər barədə şeirlər - Səid Rəşidzadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
ŞəhidSəid Rəşidzadə
SəidRəşidzadə 1990-cı il yanvarın 28-də Füzulirayonunun Horadiz şəhərində anadanolub. Onun atası — Nofəl Qasımov 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olub. Səid Rəşidzadə 1996-2007-cı illərdə Nərimanov rayonunda S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb. Subay idi.
Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. O, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə Polad Həşimovla çiyin-çiyinə savaşıb.
Səid Rəşidzadə bir neçə il əvvəl Azərbaycan ordusundan təxris olunsa da, Tovuz döyüşləri zamanı Polad Həşimovun öldürülməsi ona çox pis təsir edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə könüllü olaraq yollanıb. O, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Rəşidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il Sərəncamı ilə layiq görülüb.
Səni salamlayıram,
Əbədi ruh, can oğul.
Sən müqəddəs bayrağı,
Hadruta sancan oğul.
Səni salamlayıram
Vətənin əli ilə,
Ananın baxışları,
Atanın dili ilə.
Atan da salamlayır,
Deyir, Səid, necəsən?
Vətən də salamlayır,
Deyir, şəhid, necəsən?
Səni salamlayıram,
Pir şəhid, ocaq şəhid.
Yastığı vətən daşı,
Yorğanı bayraq şəhid.
Səni salamlayıram
Qanı zəfər boyası,
Tabutunu beşik bil,
Himni ana laylası.
Bağışla ki, halını
Soruşa bilməyirəm.
Bağışla ki, şəkillə
Danışa bilməyirəm.
Susuram sənin kimi
Taleyin illərinə.
Dağılıb təbəssümün
Bütün şəkillərinə.
Səni salamlayıram,
Cənnətdən əsən külək...
İlk dəfə şəhid kimi
Doğum günün mübarək!
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)