Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Adam hələ evdən çıxıb işə yollanmayıb. Amma artıq evə qayıtmaq üçün darıxır.
2.
Qarışqanı şişirdib fil eləmək məşğuliyyəti yanlışlıqdır. Çünki bir gün şişirtdiyi şişib-şişib partlayacaq, nə fili olacaq, nə qarışqası.
3.
2044-cü il. London. “Uembli” stadionu. Futbol. Çempionlar liqasının finalı.
“Real” Madrid, İspaniya - “Şəki siti” Şəki, Azərbaycan.
4.
Şənbə və bazar günlərini o sevmir. Çünki bazar ertəsi yaxındadır. Ən sevdiyi gün çərşənbə axşamıdır. Çünki bazar ertəsi uzaqdadır.
5.
Əgər Papa Karlonun əvəzinə Frunzik Mkrtçyan olsaydı, onda Buratino Karabasdan yox, Karabas Buratinodan qaçardı.
6.
-Aytəkin, məncə sən mənə ona görə gəlmək istəyirsən ki, mənə babamdan villa qalıb.
-Əhmədağa, Allaha and olsun elə deyil. Gülməli söz danışma. Sənə villa kimdən də qalsaydı yenə mən sənə gələrdim.
7.
Ən asan pulları Gecəkəpənəyi Aza o vaxtlar saatları bir saat irəli çəkdiyimiz gün qazanırdı.
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)