Super User

Super User

Rəsm qalereyası: Aytac Suanverdiyeva, “Qadın portreti”

Bazar ertəsi, 01 Aprel 2024 09:30

Gəlin, mümkün qədər az günah işlədək!

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Hər bir insan öz şəxsiyyətini hər şeydən üstün tutmalıdır. Haqqı nahaqqa verməməli, qul haqqı yeməməlidir. Mümkün qədər az günah işlətməlidir. Təkəbbürdən uzaq - sadə və təvazökar olmalıdır. Eyni zamanda, ömrü boyu yaxşılıq etməyə çalışmalıdır...”
Bu kəlmələri söyləyən Əli Zülfüqaroğlu 1981-ci ildə Gilar kəndində dünyaya gəlib. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Volqaboyu Bulqarıstanından köçərək Ərdəbildə məskunlaşan ulu babaları, sonradan indiki Yardımlı rayonu ərazisində yurd salıblar. Həmin kəndin bu günə gəlib çatan məzarlığından Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkizgüşəli simvollar hələ də tapılmaqdadır...
Əli bu kənddə anadan olsa da, orta təhsilini Şəfəqli kənd məktəbində alıb. Sonra Bakıya üz tutub - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilə yiyələnib. Ötən müddət ərzində bir sıra mətbu orqanlarında çalışıb. Hazırda “Xalq Cəbhəsi qəzeti”nin siyasət yazarıdır. İki övladı var- bir qız və bir oğlan. Qızı BDU-nun biologiya fakültəsində birinci kursda oxuyur, oğlu isə hələ ki məktəblidir, 8-ci sinifdə oxuyur…
Deyir ki,- “Dürüstlük, kiminsə haqqına girməmək, xəyanət etməmək, cəmiyyətə yararlı insan olmaq - bunlar mənim həyat devizimdir.”
Arzuları böyükdür, istəyir ki, ölkəmizdə ədalətli və inkişaf etmiş bir cəmiyyət qurulsun, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bu günədək bizə gəlib çatan dəyərlər sisteminin daşıyıcısı olan gənc nəsli yad təsirlərdən qorumağın vacibliyini dilə gətirir. "Yeni mədəniyyət" nümunələrinin təhdidlərindən gəncliyimizı sığortalamağı vacib sayır. Futbola tamaşa etməkdən zövq alır, sanki bu oyuna baxanda istirahət edir... 
Ölkə mətbuatında olduğu kimi, xarici kütləvi informasiya vasitələrində də çoxsaylı yazılarına rast gəlmək olar. Analitik xarakterli bu yazılar, eləcə də müxtəlif hadisələrə şərhləri onun bir savadlı siyasi şərhçi kimi də yetişdiyindən xəbər verir. Jurnalist olaraq isə uğurları daha çoxdur. Müxtəlif yazı müsabiqələrinin qalibi olub, xeyli mükafatlara layiq görülüb. Bir sözlə, Əli Zülfüqaroğlu istedadlı qələm adamı, mehriban ailə başçısı, sədaqətli dost və gözəl insandır...
...Təxminən iyirmi il olar ki, tanışıq. Nədənsə, onu sonbeşik qardaşım qədər çox istəyirəm. 
Budur, onun növbəti ad günüdür. 43 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.


 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Milli Məclisinin Mədəniyyət Komitəsi Azərbaycanın mədəniyyət naziri olmuş Zakir Bağırovun anım günü münasibətilə martın 30-da “Zakir Bağırovun vəfatından 35 il keçir” adlı paylaşım edib. 

 

Paylaşımı diqqətinizə çatdırırıq:

Azərbaycanın Mədəniyyət naziri (1971–1988) və Xalq deputatı olmuş

görkəmli mədəniyyət, elm xadimi

Zakir Bağırovun anım günüdür (27.11.1929, Şuşa – 30.03.1989, Bakı). 

Zakir Nəriman oğlu Bağırov Azərbaycanın Mədəniyyət naziri olduğu dönəmdə mədəniyyətimizin inkişafı üçün çox iş görüb. 

Onun təşəbbüsü ilə Bakıda çağdaş tələblərə cavab verən Bakı Xoreoqrafiya Məktəbi tikilib, bir sıra mədəniyyət ocaqları əsaslı təmir olunub, yeni orkestrlər yaradılıb. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dönəmin yadigarları olan Üzeyir bəy Hacıbəylinin, Səməd Vurğunun, Cəfər Cabbarlının ev-muzeyləri də Zakir Bağırovun nazir olduğu vaxtlar açılıb. 

Onu yaxından tanıyanlar çox səmimi və həssas ziyalı olduğundan söz açır. 

Zakir Bağırov yaddaşlarda səxavətli, sözübütöv, mərd, alicənab, yüksək nəzakətə malik bir nazir kimi qalıb. 

Sayğılarla anırıq.

Ruhu şad olsun!

 

Azərbaycan Respublikası 

Milli Məclisinin Mədəniyyət Komitəsi

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Səmural Fətəliyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

S Ə M U R A L   AYAZ   OĞLU FƏTƏLİYEV

(13.03.1997.-05.10.2020.)

 

Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuş, Az.MİU-nun məzunu, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

                       SƏMURAL

 

Adını qəhrəmanlar cərgəsinə yazdı o,

Düşmənə  əlləriylə dərin quyu qazdı o,

Çətinlikdən çəkinməz, qəmdən sarsılmazdı, o,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Şam əgər haqdan yansa, bu şam heç zaman sönməz,

Haqqa inanan kəslər haqqın yolundan dönməz,

Ürəyində var idi  arzuları tükənməz,

 Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

 İnsanları ucaldan saf əqidə, əməldir,

Deyirdi, Vətən üçün çalışmaq, nə gözəldir,

Vətən bizim anamız, hər bir şeydən əzəldir,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

İnsanlar kamilləşir işdə,  mübarizədə,

SOCAR-da çalışırdı, bəli, mühafizədə,

Dürüst, işgüzar kimi  qalıbdır  hafizədə,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Ağız şirin olmayır, halva-halva deməklə,

Barışmazdı heç zaman fitnə ilə, kələklə,

Sevincini hamıyla bölüşərdi ürəklə,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Ali təhsil almışdı, çəkmişdi əsgərliyin,

Həmişə pisləyirdi erməninin şərliyin,

Məqamı çatan kimi sübut etdi ərliyin,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Yetişdi torpaqları azad etmək məqamı,

“Biz qalib gələcəyik”-ürəyində inamı,

-Kafirlərin sonudur, dedi, eşitsin hamı,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Atıldı döyüşlərə,  məhv etdi kafirləri,

Tülkülər tez qaçdılar, görən kimi şirləri,

Cəsur bir əsgər oldu, əfsanəymiş hünəri,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Düşməni məhv eylədi, yağıya uddurdu qan,

Döyüşlərin birində şəhid oldu qəhrəman.

Əbədi  yaşayacaq ürəklərdə hər zaman,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

Şəhidlər  haqqında mən ehtiramla yazıram,

Sonsuz məhəbbət ilə, təb-ilhamla yazıram,

Bizimlə addımlayır, bu inamla yazıram,

Əlibəyqışlaq kəndinin şir balası Səmural,

Torpağın xilaskarı, bir qalası Səmural.   

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

Bazar ertəsi, 01 Aprel 2024 14:00

Zibeydənin fitnesi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Sən həqiqətən evlənmisən?

-Bəli. 

-Düzdür ki, sən dul qadınla evlənib, onun hesabına sərsəm pullar qazanmısan?

-Xeyir, cəfəng söhbətdir. Mən sərsəm dul qadınla evlənib onunla pullar qazanmışam. 

2.

Tibb deyir ki, çox danışmaq lazımdır, əks təqdirdə dil atrofirləşə bilər. Halbuki, çox dinləmək lazım deyil, çünki qulağa heç zad olan deyil.

3.

-Fitnesə getməyə başlamışam, Anaxanım. Düz dörd aydır. Ən bahalı zala özü də.

-Zibeydə, çəkin düşüb? Nə qədər itirmisən?

-Aya 300 manat.

4.

-Ay bədbəxt, sən indiyə kimi yalnız 10-a kimi saymağı öyrənmisən? Sən kim olacaqsan ki?

-Boks hakimi.

5.

Nazir iclasda deyir:

-Biz krizisin yeni fazasına qədəm qoyduq. Bizim valyuta ehtiyatlarımız çoxdur, bizi heç bir təhlükə gözləmir.

Zaldan səs gəlir:

-Bəs bizi? 

6.

Orta statistik həmyerlimiz ananasa, bildirçin yumurtasına, balqabaq tumuna, şokolad qlazurlu dondurmaya, popkorna, qovrulmuş şabalıda, hətta marinə olunmuş quzqulağına pul tapa bilir, amma kitaba, kino və teatr biletinə pul tapa bilmir. 

7.

-Ooo, Henri, əzizim, sənin ən sevdiyin yazıçı kimdir?

-O’Henri!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün 

 

Şəhidlər ölməz, Vətən bölünməz!

Bu şüar bizi daim şəhidləri xatırlamağa, bir də Vətəni göz bəbəyi kimi qorumağa səfərbər edir. Elə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir də bu qəbildən idi. 

 

Mərkəzdə Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsinə həsr olunmuş "Vətənin Azəri" sənədli filminin təqdimatı keçirildi. 

Filmin ssenari müəllifi və rejissoru Kamalə Musazadədir. Film Prezident sərəncamıyla Mədəniyyət Nazirliyinin xətti ilə çəkilib.

Təqdimat mərasimində Şəhid ailələri, Qazilər, Ağstafa RİH-nin başçısı Seymur Orucov, RİH-nin rəsmi nümayəndələri, idarə və təşkilat rəhbərləri, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, media nümayəndələri, rayon ictimaiyyəti, ziyalılar iştirak edirdilər. 

Filmdə Azər Yusiflinin həyatı və döyüş yolu haqqında ətraflı məlumat verilib. Filmdəki kadrlar Şəhidin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Böyük Kəsik kəndində və döyüşdüyü yerlərdə - Cəbrayıl və Zəngilan rayonlarında çəkilib. 

Film təqdim olunduqdan sonra Şəhid ailələri, İcra Hakimiyyətinin başçısı Seymur Orucov, İctimai Birliyin üzvləri, ziyalılar çıxış edərək, Şəhidlərin keçdiyi şərəfli ömür yoluna nəzər saldılar. Filmin çəkilişində əməyi olan hər kəsə, xüsusilə də Kamalə Musazadəyə təşəkkürlərini bildirdilər.

Sonda Şəhid Azər Yusiflinin atası Nazim Yusifov çıxış edərək Şəhidə verilən dəyərə görə dövlətimizə, xalqımıza təşəkkürünü bildirdi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

“Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik"

Çingiz Aytmatov 

 

Bu gün Azərbaycan ədəbiyyatında magik realizmin yaradıcılarından biri olan "İdeal", "Məhşər", "Türfə" kimi məşhur romanlar müəllifi, Xalq yazıçısı, əməkdar incəsənət xadimi İsa Muğannanın anım günüdür. 

 

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Lakin 4 ay sonra kəndə qayıdıb, sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.1952-ci ildə İnstitutu bitirərək əmək fəaliyyətinə başlayıb. İki il Azərbaycan Dövlət Nəşriyyatının (Azərnəşr) ədəbiyyat şöbəsində redaktor işləyib. 1960-1964-cü illərdə isə “Literaturnıy Azerbaydjan” jurnalında nəsr şöbəsinin müdiri olub.

Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında altı il  redaktor, dörd il baş redaktor və beş il ssenari kollegiyasının üzvü olub. Bir neçə il isə Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb. 

1948-ci ildən ədəbi fəaliyyətə başlayan yazıçının “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən isə kitabları nəşr olunmağa başlayıb. 

Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitabları oxuculara təqdim olunub. ssenariləri əsasında “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmlər çəkilib.

1976-cı ildə Əməkdar incəsənət xadimi, 1988-ci ildə xalq yazıçısı fəxri adlarına layiq görülüb. “Şərəf nişanı”, “İstiqlal” ordenləri ilə təltif olunub. 

Uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəkən yazıçı 2014-cü il aprelin 1-də 85 yaşında vəfat etmiş, fəxri xiyabanda dəfn olunmuşdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

 

 

1.

İri planda dayanmış kişinin üzündə heç bir ifadə yoxdur.

Kadr arxasından səs eşidilir: – Tək necə yaşayacaqsan?

Üzü görünən kişinin tükü də tərpənmir.

Araya bir müddət sükut çökür.

– Səninləyəm e!

Kişi yenə dillənmir. 

Fonda aeroport dispetçerinin elanı səslənir.

“Bakıdan Frankfurta uçan sərnişinlər on yeddinci qapıya yaxınlaşsınlar!”

Kamera geri çəkilir. Ümumi planda üz-üzə iki kişi dayanıb. Səsi bizə tanış olsa da, üzünü indi gördüyümüz adamın aşırma çantasından harasa getdiyi aydın olur.

Həmin adam: – Telefonunu açıq saxla. Çatan kimi zəng vuracam! – deyib onu yola salanın boynuna sarılır.

Üzündə heç bir ifadə olmayan kişi də ötürdüyü dostunu qucaqlayıb pıçıltıyla: – Arxayın get. Gözün geridə qalmasın! – deyir.

Üzündə heç bir ifadə olmayan kişinin güclü və əsəbi əlləri var. 

O, dostunu bərk-bərk qucaqlayıb heç hara buraxmaq istəmir. Dostu kişinin əlləri arasından zorla dartınıb çıxır. 

Boş dəhlizlə təyyarəyə tərəf gedir. 

Dəhlizin axırında dayanıb uzaqdan dostuna çığırır: – İndi sən tək neynəyəcəksən?

Ümumi planda çox sayda insanın içində tənha qalmış ifadəsiz üzlü kişinin üzü görünür. Yenə onun üzündə heç bir ifadə yoxdur. Soyuq və donuq ifadədən başqa heç nə.

 

2.

Dağınıq əşyalı, səliqəsiz mənzil. 

Pəncərədən yağan yağışın səsi eşidilir. 

Divara nizamsız kitab rəfləri mıxlanıb. Rəflərdə üz qabıqları saralmış kitablar görünür. 

Otaq soyuq olduğu üçün paltosunu əynindən çıxarmamış fransız dili müəlliməsi üzündə heç bir ifadə olmayan, artıq bizə tanış olan kişiyə fransız dili dərsi keçir.

Müəllimə: – Balzakı-zadı hələ bir kənara qoy. Frankofon olmaq ən əvvəl səninçün bir insan kimi sərfəlidir. Bu dil vasitəsilə sən qitələrin hamısında asanca danışa biləcəksən!

Kişi: – Mən bütün dillərdə susmaq istəyirəm! Danışmaq yox!

Müəllimə: – Yaxşı, qoy sən deyən olsun. Susursan sus. Amma bir şərtlə: xahiş edirəm mənim dərsimdə fransızca susasan!

Kişi: – Balzak kimi?

Müəllimə: – O qədər roman yazmış Balzak, sənin fikrincə, susurdu?

Kişi: – Əlbəttə susurdu. Mən fransız dilini ona görə öyrənirəm ki, onun sükutunu dilimizə çevirim!

Müəllimə: – İki ildir buna görə evdən eşiyə çıxmırsan?

Kişi: – Vallah, siz olmasaydız, öz dilimi də unudacaqdım. Nə mən indikiləri anlayıram, nə də onlar mənim dilimi bilirlər! 

Müəllimə: – Yaxşı. Uzatma! Bu gün sənə fransız moralistlərindən danışacam!

Kişi: – Sonuncu moralist dostum Səfər dünən Almaniyaya köçdü. Başa düşürsən? Təmasda olduğum yeganə adam da burdan getdi. Heç kəsim daha qalmayıb. Mən burda tənhayam! Sən mənə özüm-özümlə, adamca danışmağı öyrət!

Müəllimə: – Adam - Loraşfuko!

 

3.

Aeoroporta qayıdış.

Dostunu ötürmüş bizə tanış kişi dəhlizlə aram-aram gedən dostu Səfərin arxasınca baxır. 

Səfər dəhlizin sonuna çatanda sonuncu dəfə çevrilib dostuna doğru boylanır.

Səfər sonuncu addımı atıb dəhlizdə görünməz olur.

Kişi dostunun arxasınca bir xeyli baxdıqdan sonra bərkdən: “Salam, Loraşfuko”, – deyir.

Sonra çevrilib aeroportun çıxışına doğru qaçır. 

 

4.

Redaksiya.

Kişi işlədiyi saytın baş redaktorunun kabinetində ayaq üstə dayanıb.

Baş redaktor çox gəncdir.

Yumşaq kresloya yayxanıb oturub. Bahalı siqaret çəkir.

Baş redaktor: – Sənin yazdıqlarını daha heç kəs oxumur. Redaksiya üçün reklam da tapa bilmirsən. Bizə hələ bir qəpik də olsun pul gətirməmisən. Gündəmdə deyilsən e.... Başa düşürsən məni? De modesən! Yuxulusan elə bil. A kişi, daha heç kəs ağıllı yazı istəmir. Oxumur da. Düşünmək daha dəbdə deyil. Oxucunu əyləndirmək lazımdır. Ona maraqlı yazılar təklif etmək lazımdır. Məsələn, qızını zorlayan atadan yaz. Özünü damdan atan sevgilidən yaz. Oğraşdan yaz!

Kişi: – Loraşfukodan yaza bilərəm?

Baş redaktor: – O kimdir və neynəyib?

Kişi: – Yüzlərlə yazı yazıb!

Baş redaktor siqaretini sakitcə söndürüb ayağa qalxır: – Biz bir- birimizi başa düşmürük deyəsən! – deyir.

 

5.

Kişi yazı masasının gözlərindən şəxsi əşyalarını toplayıb redaksiyadan çıxır.

Onun arxasınca baxan kök və tərli xadimənin üzündə qəribə bir gülüş ifadəsi var.

Xadimə üzünü kişini qapıya qədər ötürən gənc baş redaktora tutub deyir: – Şükür, zibilləyənin biri də azaldı, müəllim!

Baş redaktor köksünü ötürüb: – Belə getsə, bu xarabada axırda ikimiz qalacağıq! – deyir.

 

6.

Kişinin mənzili.

O, parçasının rəngi soluxmuş köhnə divanın üstündə şax oturub. Çiyninə köhnə adyal atıb. Skaypda Amerikada yaşayan arvadı və qızı ilə danışır. 

Skaypdan arvadının əsəbi səsi eşidilir: “Nə var e avara-avara oturmusan orda?! Daha işləmirsən də. Loraşfuko sənə yemək gətirəcək? Səfər də köçdü getdi Almaniyaya. Ölsən, yerdən götürənin də daha orda yoxdur. Nə verib e sənə bu Bakı? Bizi də acından öldürürdün orda. Zamana adamı deyilsən də sən. Atdığını-tutduğunu da elə əvvəldən bilmirsən. Ziba... Ziba... Ay Ziba... Gəl bura atanla danış. Mənim çənəm yoruldu ona öyüd verməkdən. Onsuz da xeyri yoxdu. Elə bil daşa, divara deyirsən. Kərgədan kimi dayanıb baxır adamın üzünə. Ay kişi, bir tərpən də...”

Skaypdan kişinin qızının səsi eşidilir.

Qız: “Salam, papa. Ay pa, necə arıqlamısan? Yemək yemirsən sən? Mama, mama... Papam gör necə arıqlayıb? Ay Allah, indi ağlayacam! Ay papa...”

Skaypdan kişinin arvadının əsəbi səsi eşidilir: “Cəhənnəmə arıqlayıb papan, gora arıqlayıb. Biz burda kefdəyik bəyəm? Bütün günü meksikanların evlərini yığışdırıram e. Gör nə gündəyəm ...qulun quluyam. Bir dəfə ordan sənə pul yollayıb o? Heç bizdən xəbəri var onun? Qurban olsun mənim qeyrətimə. Başqası olsa, vallah, burda qəhbəlik eləyərdi. İki uşaq saxlayıram e burda...

Kişi əlini uzadıb kompüterin qapağını qapadır.

Ayağa qalxıb otaqda əsəbi-əsəbi var-gəl etməyə başlayır. 

Bir qədər sakit gəzdikdən sonra kişi otaqda sürətlə irəli-geri qaçmağa başlayır.

 

7.

Kişi supermarketdə hündür stellajlı sıraların arasıyla sadəcə dolaşır. 

Hiss olunur ki, nəsə almağa pulu yoxdur.

Ərzaq mallarının qiymətini gözünə yaxın gətirib aşırı diqqətlə baxır.

Gözü də, hiss olunur ki, pis görür.

Kişi kassanın yanında dayanıb qiyməti ucuzlaşdırılımış malları da bir-bir nəzərdən keçirir.

Nəhayət, supermarketdən əliboş çıxıb ayağını sürüyə-sürüyə evinə doğru gedir.

 

8.

Kişi artıq bizə tanış olan epizoda qayıdıb aeroportun şüşəli qapılarından çölə çıxır. 

Küləkli bir gündür.

Kişi şüşə qapıların böyründəki zibil qutusunun qarşısında dayanmış küçə itinin yanından keçəndə ayaq saxlayır.

İt də kişinin dayandığını görüb onun yanına qaçır.

Kişi aşağı əyilib itin başını sığallayır.

İt də ona doğması kimi yalmanır. Ayaqlarına düşüb zingildəyir.

Kişi üzünü itə tutub: “Darıxmırsan?” – soruşur.

İt dal ayaqları üstündə qalxıb kişinin boyu bərabəri dayanır. Kişi onun başını tumarlayır.

 

9.

Kişi bankomatın qarşısında dayanıb. Köhnə, zamanı keçmiş iş kartını bankomatın koğuşuna salır. Bir-bir rəqəmli şifrələri yığır. Bankomatın ekranında pulun olmadığı göstərilir. Və bankomat pul kartını geri qaytarır.

Kişi kartı koğuşdan çıxarır. Sonra yenə təkrarən bankomatın koğuşuna salır. 

Yenə də ekranda pulun olmadığı göstərilir.

 Kişi bunu bilsə də, təkrar-təkrar kartı bir neçə dəfə bankomata salır.

Hər dəfə də kartda pulun olmadığı göstərilir.

 

10.

Kişi aeroportdan şəhərə gələn avtobusa minir. 

Avtobusun salonunda oturmuş turistlər yerli adamlardan çoxdur. Onların içində ərəb turistləri geyimləri və ucadan danışmaları ilə xüsusi seçilirlər. Onlar avtobusda pintiliklə yemək yeyir, ucadan gülüb-danışırlar. Turist şirkəti tərəfindən onları qarşılayan bələdçinin əlində kiçik çaxçaxlı dəfi var. O, əlində tutduğu dəfi çala-çala ərəblərə ərəb dlində Bakı tarixi haqqında nəsə danışır. Ərəblərin heç biri ona qulaq asmır.

Bayaqdan bəri bu mənzərəni izləyən kişi ayağa qalxıb oturacağıın üstünə qalxır. Əlini ağzına qoyub ucadan üç dəfə: “Allahu əkbər!” – qışqırır. 

 Onun bu qəribə hərəkətindən sonra avtobusdakıların hamısı qorxa-qorxa kişinin sonra nə edəcəyini gözləyirlər.

Kişi: – Qulaq asın. Azərbaycan dünyanın ən gözəl ölkəsidir. Bir pəncərədən çölə baxın. Burda yaşayan insanların ruhu bütün dünyanı nizamında saxlayır. Bizim qədər xeyir, bizim qədər saf, bizim qədər nurlu insanlar dünyanın heç harasında daha yoxdur. Mənim ovcumun içinə baxın. Görün ovcumun içində nə qədər işıq var! – deyir.

Tərcüməçi ərəb turistlərə kişinin dediklərini tərcümə edir.

Kişi monoloqunu bitirib sirk illüzionisti kimi ovuclarını geniş açır. Və hamı birdən-birə onun ovuclarının boş olduğunu görür. 

Bu qəribə təzad, bu qəfil hərəkət birdən-birə hamının eynini açır, turistləri güldürür. İlk baxışdan çox ciddi görkəmi olan kişinin birdən-birə bu cür hoqqabazlıq etməsi ərəblərə xüsusi zövq verir. Onlardan biri ayağa qalxıb kişinin ovcunun içində, ciblərində hər hansı bir əşyanın olub-olmadığını da yoxlayır. Və heç nə tapmadığına sevinib gülə-gülə əllərini yuxarı qaldırır.

Ərəb: – Veir is Allahu əkbər? – soruşur.

Avtobusdakılar ayağa qalxıb kişiyə gülə-gülə əl çalırlar.

Kişi bir dəfə də özü öz ovcunun içinə diqqətlə baxıb oturacağın üstündən suyu süzülə-süzülə aşağı enir.

Ərəb turistləri onun ovcunun içinə yenə də baxmasına daha da ucadan gülürlər.

Kişi bələdçidən soruşur ki, ərəb nə dedi. O da cavab verir ki, soruşdu, “hanı Allahu-əkbər”?

Bir azdan turistlər yenə öz işləri ilə məşğul olurlar.

Kişi avtobusun iri şüşəsindən peşman-peşman çölə baxır.

Avtobus şəhərə doğru getməyindədir.

Turist bələdçisi avtobus oturacaqlarının arasıyla keçib kişiyə yaxınlaşır.

Bələdçi kişinin yanındakı boş oturacağa oturub onun çiyninə toxunur.

Kişi çevrilib çiyninə toxunan bələdçiyə baxır.

Bələdçinin əlindəki dəfin içi dollarlarla doludur. Bələdçi dəfi kişiyə uzadır.

Kişi: – Bu nədir?

Bələdçi: – Qazancımızdı. Yarı böləcəyik. “Allahu əkbər”i çox yaxşı düşünmüsən. Əməlli-başlı pul tuta bilərsən! Şərik olsaq, səni bütün avtobus marşrutlarına salaram. Nə deyirsən?

Kişi bələdçinin çiyni üstündən boylanıb ərəb turistlərə tərəf baxır. Onların üzündən gülüş hələ də silinməyib.

Kişi dəfi dartıb bələdçinin əlindən alır. 

Hirslə ayağa qalxır.

Dəfdəki pulları bir-bir ərəblərə qaytarır.

Ərəblər yenə ucadan gülə-gülə ona əl çalırlar.

Ərəblərdən biri onun çiyninə toxunub: – Ar yu Allahu əkbər, –deyir.

Kişi ərəbin ona nə dediyini anlamadan sürücüyə yaxınlaşır.

Kişi: – Burda saxla, mən düşürəm! – deyir.

Sürücü avtobusu saxlayıb deyir:

 – Nə verirdilər, gərək götürəydin. Allah bərəkət versin!

Kişi: – Allah verib də bərəkət!

O, avtobusdan aşağı enəndə də yenə qorxa-qorxa ovcunun içinə baxır.

Kişinin ovcu boşdur. Bunu biz də görürük.

Kişi magistral avtomobil yolu ayrıcındakı dəmir arakəsməyə söykənib sağdan-sola, soldan-sağa sürətlə şütüyən maşınlara baxır.

Beləcə xeyli zaman keçir. Maşınların sürəti get-gedə artdığından artıq biz də onları sezə bilmirik.

Kişi yolun ortasında hərəkətsiz dayanıb.

Kadr get-gedə lap sürətlənir.

 

11.

Artıq gecədir. 

Kişi kimsəsiz şəhər küçəsi ilə gedir.

Ətrafda heç kəs yoxdur.

Ancaq kadrda yanıb-sönən küçə fənəri görünür.

Qəfil gözümüzün qabağında küçə fənərinin işığı yavaş-yavaş öləziyir. Və nəhayət, son dəfə işarıb sönür.

Bunu kişi də görür.

Kişi işıq dirəyinə yaxınlaşır. 

Və birdən-birə gözümüzün önündə möcüzə baş verir. Kişinin ovcunun içi yavaş-yavaş gözümüz önündə işıqlanmağa başlayır. Get-gedə artan bu işıq artıq əməlli-başlı sezilir.

Kişinin ovucları əməlli-başlı işıqlanıb.

Kişi əlini küçə fənərinin dirəyinə toxundurur. 

Fənər kişinin ovcundakı işığın təmasından yenidən yanır.

Kişinin təəccübündən gözləri irilənir. Sonra o, digər fənərə yaxınlaşır. Yenə də hər şey təkrarlanır. Beləcə, kişi sönmüş küçə fənərlərini əlinin təması ilə yandıra- yandıra kimsəsiz şəhərlə evinə doğru gedir...

 

Kişi ovcunda işıq şəhərə girir. Və biz şəhəri onun ovcunun işığı altında görürük. 

Gümüşü və təmiz...

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyənin çox dəyərli yazarlarındn biri olan Kerim Özbeklerlə müsahibəni təqdim edirəm.

 

-Günaydın, Kerim bəy! Necəsiniz? Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz.

 

-1951-ci ildə Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda anadan olmuşam. 14 yaşımda Türkiyənin ən böyük qəzeti olan Hürriyyət Xəbər Agentliyinin müxbiri olmuşam. Daha sonra Günaydın-Tərcüman-Milliyyət qəzetlərində və başqa qəzetlərdə müxbir kimi çalışdım. Bundan əlavə, Türkiyənin ən böyük xəbər agentliklərindən biri olan Türkiyə Xəbər Agentliyinin və dövlətin rəsmi qurumu olan Anadolu Agentliyinin (AA) müxbiri kimi də çalışmışam. Əsgərliyimi başa vurduqdan sonra Aydının Yenipazar rayonunda “Efe” qəzeti, Kuyucak rayonunda “Hizmet” qəzeti və Bozdoğan rayonunda “Fısıltı” qəzetlərini nəşr etdim. 1980-ci ildə bu qəzetlərin nəşrini dayandırdım və kitablar yazmağa başladım. Bu günə kimi şeir və poeziya antologiyası olmaqla 9 kitab yazıb çap etdirmişəm. Şeir kitablarından sonra janrımı vilayət və mahalları tanıdan kitablara ayırdım, Ege Bölgəsi və İç Anadolu Bölgəsi ilə bağlı kitablar yazıb nəşr etdirdim. Ümumilikdə 17 kitabdan sonra kitab yazmağı dayandırdım. 1999-cu ildə təqaüdə çıxdım, bundan sonra işimi jurnalist-yazıçı-şair-naşir-ədəbiyyat üçün faydalı olacaq müxtəlif tədqiqatlara həsr etdim. Hələ də bu mövzuda işlərimi böyük sürətlə davam etdirirəm.

 

-Ədəbiyyata marağınız nə zaman başladı?

 

-Ədəbiyyata marağım 13-14 yaşımdan başlayıb. Orta məktəbdə oxuyarkən bir ədəbiyyat müəllimimiz var idi, kitab yazırdı. Adı Kasım Avcı idi, məncə, o mənə təsir etmişdi, çünki bir gün 16 səhifəlik dəftərə yazdığım şeirləri yazıb kitab halına gətirdim, ona göstərdim və “Müəllimim, şeir kitabı çıxarmaq istəyirəm” dedim. Arxasına belə baxmadı, sadəcə “deyəsən pulun çoxdur” deyib uzaqlaşdı.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-Bu günə kimi şeir və şeir antologiyası-almanax-turizm-köməkçi kurs kitabları yazmışam və bu kitablardan 50 min ədədi çap olunub. 10 mindən çoxunu məktəblərə, kitabxanalara hədiyyə etdim, qalanları satıldı. Kitab yazmağı dayandırdıqdan sonra Türkiyənin bütün vilayətlərini, gəzməli olduqları yerləri yazıb internetdə 3-4 saytda dərc etdirdim. İstəyən hər kəs bundan faydalana bilər və məncə, faydalanır.

 

-Hər hansı bir yazı rutininiz varmı?

 

-Bəli, daha çox ədəbiyyatla bağlı yazılar yazıram. Mən də zaman-zaman şeir yazıram, amma coğrafiya-tarix-turizm məqalələri də maraqlarım arasındadır. Onlara daxil olmaq istəyənlər Google axtarış çubuğuna “kerimozbekler” yazaraq bəzilərinə çata bilərlər. Vizuallar bölməsində işimin çoxlu fotoşəkilləri var. Əslində internetdə çoxlu məqalələrim, fotoşəkillərim olsa da, bəziləri orada görünmür. Məncə bəzi özəl saytların içərisində var.

 

-Ən çox nələr sizə ilham verir?

 

-Gəncliyimdən insanların yanında olduğum üçün hər şey məni ruhlandırır, amma bəzən vaxtınızı istədiyiniz kimi istifadə etmək şansınız olmur. Məsələn, normal yazmağa davam etmək istədiyim halda poçtla gələn bir çox kitabları tanıtmalıyam. Misal üçün İstanbulda Turhan Bayraktar adlı mərhum bir dostum var idi. O, “Türkiye Dergisi” adlı jurnal çıxarırdı, mən 25 il bu jurnalda kitab rəyləri yazdım. Üstəlik, bəzi nömrələrdə 5-6 kitab rəyi var idi. Bu jurnaldan başqa 30-40-a yaxın ədəbi jurnalda məqalə və şeirlərimlə çıxış etmişəm. Qəzetlərin sayı daha çox idi, bir vaxtlar poçt qutumdan hər gün 10-15 santimetr hündürlüyündə qəzet, jurnal, məktub və s kimi sənədlər çıxırdı.

 

-Ən çox sevdiyiniz yazar və əsər hansıdır?

 

-Ölkəmizdə çox dəyərli yazıçı və şairlərimiz var. Çoxlarının kitabını oxumamış olsam da, həqiqəti yazan hər bir yazıçını, şairi bəyənirəm. Ancaq gənc yaşlarımdan bir çox qəzet və agentliklərin müxbiri olduğum üçün hər gün 15-20 qəzet oxuyub nəzərdən keçirməli olurdum, bunlardan başqa hər gün 5-6 saatımı xəbər, məqalə yazmağa sərf edirdim. Buna baxmayaraq, İzmirdə Şeref Üsküp adlı bir mərhum yazıçımız vardı və onun yazdığı “Çakıcı Efe” adlı 300 səhifəlik kitabı Ramazan bayramında gündə bir dəfə 4 dəfə oxudum. Üsküpün çıxardığı “Hür Efe Gazetesi” var idi, həftədə bir dəfə çıxarıb mənə göndərirdi. Onun köşə yazarları da diqqətimi çəkirdi, amma mənə göndərilən bütün qəzetləri, jurnalları, kitabları oxuyurdum. Onların promosyonlarını edirdim, indi də eyni qaydada işləyirəm, amma bəzən vaxt çatmır.

 

-Türkiyədə mütaliə (okuma) sizi qane edirmi, genel kitablara yoxsa digital kitablara üstünlük verirsiniz?

 

-Həm yazılı əsərləri, həm də rəqəmsal dünyanı çox yaxından izləyirəm. Bunların arasında məni maraqlandıran xəbərləri və elanları hər 15 gündən bir “Basın Yayın Sanat Edebiyat Şiir Dünyası'ndan Kısa Kısa Duyurular” adı altında dərc edirəm. 1000-ə yaxın jurnalist-yazıçı-şair-ədəbiyyat-naşir və s. bu kimi insanlara yönləndirirəm və çox yaxşı bilirəm ki, onlar bundan faydalanırlar.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Əvvəllər türkcədən istifadə edən ölkələrdə qəzet, jurnal, xəbər agentliklərində və s. bu kimi yerləri tanıtmaq üçün çalışdım, amma təəssüf ki, e-poçtlarını əldə etdiyim bəzi insanlar və təşkilatlar e-poçtları blokladılar və bu nəşrlərin işlətdiyi dillə bizim türkcə arasında anlamadığım çoxlu sözlər var. Bu səbəbdən çox təəssüf ki, daxil olduğum saytlarda axtardığımı tapa bilmədim və izləməkdən vaz keçdim. Məncə, dil birliyi əldə olunarsa, bu baş verə bilər. Misal üçün, hər il Türkiyənin Elazığ vilayətinə Türk Dünyasından şairlər gəlib şeir deyirlər, amma bir gün burada iştirak edən şairlərdən biri mənə “ Heç kim heç kimin nə dediyini başa düşmür. Tərcümə yoxdur, şeir deyənləri formal olaraq alqışlayırıq” dedi. Bu, işin əsl xülasəsidir, halbuki Azərbaycan türk dilindən daha yaxşı istifadə edən bir ölkədir, amma saytlara girib çıxanda heç nə başa düşə bilmirəm, ona görə də təəssüf ki, izləyə bilmirəm.

 

-Bir yazar olaraq digər  yazarlara məsləhətləriniz nədir?

 

-Onlara çoxlu qəzet, kitab, jurnal oxumalarını və çox zəngin kitabxanalara sahib olmalarını, dünyada baş verən bütün hadisələri çox yaxından izləmələrini, peşəkar görüşlər, sərgilər, yarmarkalar və s. kimi tədbirləri yaxından izləmələrini və imkan tapdıqca  dünya ölkələrinin dillərini öyrənib səyahət etmələrini tövsiyə edirəm. 

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Zaman-zaman bədnam qonşularımız bizlərə olmazın acılar yaşadıblar. Mart soyqırımına dünən, Xocalı soyqırımına ötən ay yas tutduq. Bu gün mən daha bir erməni faşizmi aktını xatırlamalı olacağıq. 19 mart 1994-cü ildə ermənilərin Bakı metrosunda törətdikləri  terror nəticəsində 14 həmvətənimiz öldü. Ölənlər arasında Xalq artisti, Azərbaycanın caz musiqisi sənətinin parlaq səhifələrini yaradan Rafiq Babayev da var idi. Qəribəsi odur ki, Rafiq Babayev həmin gün ömründə ilk dəfə idi ki, metroya minir, yerin altına enirdi, bu eniş əbədi oldu.

 

Ötən gün istedadlı bəstəkar, Xalq artisti, cazmen, pianoçu Rafiq Babayevin anadan olmasının 88-ci ildönümü idi. 

Rafiq Babayev Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb. Caz musiqisinə böyük həvəsi, improvizasiya etmə bacarığı ilk dövrdən hiss edilib. Musiqi məktəbinin buraxılış imtahanında klassik musiqidən əlavə amerikalı caz pianist Bill Evansın kompozisiyasını da ifa edən Rafiq Babayev bu addımı ilə görkəmli bəstəkar Fikrət Əmirovun rəğbətini qazanıb və caz dünyasına ilk addımlarını atıb. 

Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxıb, bir sıra caz festivallarının laureatı olub. 

1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edildi. Ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışdı.

Rafiq Babayev 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq artisti adlarına layiq görüldü. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələdi. 

Həyat yolu Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi milli musiqimizin görkəmli simaları ilə kəsişən Rafiq Babayev 1993-cü ildə çəkilmiş “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyasını ifa etməklə hamının sevgisini qazandı. 

Və bir il sonra bəhs etdiyimiz terror.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.