3 Mirzənin nağılı - HEKAYƏ Featured

“Ədəbiyyat və incəsənət” portalı Əli Bağışın hekayəsini təqdim edir. 

 

Biri vardı, biri yoxdu. Bir ulu, qədim Millətin 3 Mirzəsi vardı. Ən böyük Mirzə 1878-ci ildə, İkinci böyük Mirzə 1911-ci ildə, Üçüncü böyük Mirzə 1932-ci ildə bu Ulu Milləttin zülmündən o biri dünyaya köç etmişdilər. 2023-cü ildə, Üçüncü Mirzənin övladı Kefli İsgəndər, ruhlar aləmində İsrafilin surunu yalvar -yaxar əlindən alıb, elə onun suruna and içir ki, bu zavallı, yazıq, binəva öz milləti tərəfindən daim lənətlənən, söyülən, hal-hazırda baqi aləm bir-biri ilə dərdləşən 3 Mirzəni dirildəcək! 

İsrafil Kefli İsgəndərin yalvarışlarna dözməyib, izin verir. Kefli İsgəndər durub fikirləşir ki, bu bədbəxtlər elə zənn edir ki, ulu millətlərinin övladları artıq tərəqqi edib, dünya millətləri ilə bir sırada addımlayır. Öncə düşünür ki, bəlkə bunları Aşura günü Nehrəmə göndərsin, ya Nardarana, ya Astarxanbazara (indiki Cəlilabada), ya Ərdəbilə? Sonradan düşünür ki, fikirləşdiyi yerlərdə vay-şivənə görən kimi, hər 3-nün ürəyi partlayıb öləcək. 

Elə ən yaxşısı Ərbəin mərasimidir. Dəstə-dəstə Kərbəlaya yürüş edən bu ulu millətin sırasına qatsın, sonrası nə ola-ola. 

Bu yazıq Üç Mirzə bir də görürlər ki, ucu -bucağı görünməyən, yayın istisindən qapqara qaralmış, susuzluqdan dodaqları parçalanmış, 50-55 dərəcə arası hərarəti olan qaynar asfaltın üstündə “Hüseyin vay” deyə-deyə payi-piyada yol gedən bacı -qardaşlarının arasındadılar. Əvvəlcə heç nə başa düşmürlər. Sonda Ən böyük Mirzə soruşur: 

-Ay övladlarım, yolunuz haradır? 

-Ey kafir baba, bilmirsən harayadır? 

-Yooox! 

-Kərbəla şəhidlərinin 40-cı gününə gedib Kərbəla şəhərinə yetişməliyik.

 -Bəs niyə piyada gedirsiniz? 

-Piyada getməyin savabı çox olacaq! 

-1343 il sonra da 40 mərasimi olur?

 -Onun savabı daha çox olur! 

-Axı hamınız türksünüz! Niyə bir tək ərəbi də bu yolda, biz yazıqlar görmürük bəs?

 -Onlar sünnidilər, əsl müsəlman deyillər! 

-Axı onların babalarıdır, sizlərin yox! 

-Siz üçünüz də bizim babamızsınız,nə olsun? Kafir və lənətullasınız! Ay camat! Ey əhli - şiə, bu 3 gorbagor kafir xortdlayıb gəlib yenə bizlərdən əl çəkmir, yenə qoymayacaqlar dinimizi yaşamağa! Kim ki Kərbəla şəhidləri yolunda canın sadağa verməyə hazırdır, bu köpəkləri daşlasın.    

Hamı əyilib daş götürüb atmaq istəyəndə, gördülər ki, bu yazıq Üç Mirzə qaynar asfaltın üzərində Üzeyir bəyin “Süleymani” havasını oynayırlar, musiqisiz filansız . Yerdən yerdəkilər, göydən də İsrafil ilə Kefli İsgəndər başlarına hava gəlmiş, ağlaya-ağlaya oynayan bu Üç Millət Fədaisinə heyrətlə baxırdılar. 

Kefli İsgəndər Suru sahibinə qaytarıb dedi: -Hamısı,”Ölülər”di. Çal qoy Qiyamət başlasın. 

İsrafil surunu əlinə götürəndə gördü ki, yamyaşdı. Başını qaldıranda Kefli İsgəndərin hıçqıra-hıçqıra ağladığını gördü… 

 

SON

 

Qeyd:

Ərbəin mərasimi - hər il Nəcəfdən Kərbəlaya olan 30 km məsafənin Hz Hüseyinin qətlinin 40-cı günü şiə müsəlmanların piyada 2-3 günə qət etməsidir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.