Super User

Super User

Bazar ertəsi, 01 Aprel 2024 15:30

“Ziddiyyətin çalarları” - HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Sadıq Qarayevin yeni hekayəsini təqdim edir. “Nəhayət, bu hekayəni yaza bildim. Yeni üslub, yeni ideyada olan hekayədi. 

Bəlkə qəşəng, bəlkə heç nədi... Fikirləriniz maraqlı olardı” deyir müəllif. 

Buyurub oxuyun, qiymətini özünüz verin. 

 

                

Səma aydın, günəşli olsa da, qışla yazın var olmaq uğrunda mübarizəsi soyuqla hərarətin qarışığından ibarət, təbiətin özünün də girinc qaldığı ab-hava yaradırdı. Elə günəşin şəfəqləri də sanki bu yerə yorğun-ağrın gəlib çatınca öz hərarətini itirmiş, ancaq işıqlandırmaq, rəngləmək, göstərmək işinə yarıyırmış kimi, veyil-veyil ətrafa səpələnirdi. Nə qış soyuğunu çəkib aparmaq istəyirdi, nə də yaz hərarəti ilə hakim ola bilirdi. Kölgələr də öz o dünyadakı sahiblərini soyuq və hərarətli yamsılayaraq, eyni mənaya gələn, ancaq ölçülərinə, formalarına görə müxtəlif olan bu dünyadakı sahiblərinin yanından ayrılıb, Günəşin icazə verdiyi yerə qədər uzanaraq ölü kimi qalmışdırlar. Soyuq və hərarət qarışıq səssizlik dünya var olmazdan əvvəlki və ya birinci sur səsiylə ikinci arasındakı dövrün sükutuna bənzəyirdi...

- Gəlirlər!

Yaşı yüz əllini keçmiş, ən yaşlı qarğanın səsi sükutu pozdu. Digər qarğalar da ucadan, bir-birlərinə xəbər verməyə başladılar:

- Gəlirlər!

- O, vəzifəli şəxs olub, təcrübədən bilirəm. Avtomobillər bahalıdır, dost-tanış, qohum- əqraba da imkanlı adamlardır, - gənc qarğa dedi.

Bir anlıq sükut çökdü. Ən yaşlı qarğa boynunu irəli uzadıb, istehzalı və əsəbi halda, nisbətən ucadan, köhnəlmiş səslə sükutu pozdu:

- Haradan bilirsən?

Digər qarğalar da ona qoşuldular, xorla: 

-Haradan bilirsən? haradan bilirsən?- soruşmağa başladılar.

Gənc qarğanı qarıldamağına peşman etmişlər, dayanmadan sual qarıldaşırdılar. Yaşlı qarğa getdikcə lap özündən çıxırdı, onun yüz ildən çox davam edən hakimiyyətinə sanki son qoyulurdu. Axı bu cür xəbərləri ancaq o bildirirdi. Bu yerin bütün xəbərlərini birinci o alardı, sanki bura gətirən hörümçək toruna bənzər bütün yolların başında özü, ya da ona xidmət edən qarğalar dayanmışdır. Bura gətirilən haqqında ilk və dəqiq, ətraflı xəbəri o bilməli, başqa qarğalara, sonra birlikdə buradakı digər aləmlərə qarıldamalıydılır. Məhz ilk xəbər vermək qarğalar aləminin hökmdarının əsas qüdrət göstərcisi idi. Bəlkə də bu ənənə Qabil qardaşı Habili öldürdükdən sonra onu necə dəfn etməyi qarğalardan öyrəndiyi vaxtdan yaranmışdır. Ya da xəbər vermək qarğaların ibadəti, vəzifəsi idi… Tez və dəqiq xəbərdən sonra yaş,  təcrübə gəlirdi. Ancaq xəbər verməkdə gecikmək yaş amilini başçının zərərinə dəyişə bilərdi:

-O qocalıb, əldən düşüb, bizə vaxtında və düzgün xəbər verə bilmir, -qarıldaşmalar başlayacaqdı. Beləliklə uzun illər hökmranlıq etdiyi bu yerin qarğa dəstəsi özünə yeni başçı seçəcəkdi.  Bu isə bu yerlər üçün yeni dövr demək idi.

Dəstədə say dəyişsə də, bir çoxları başqa yerlərə köçsə, ya ölüb, itsə də, həmişə yeniləri də gəlirdi. Odur ki, dəstə kəskin şəkildə azalıb, çoxalmırdı.

Hava şəraitini bildirmək üçün uçuşlar edərək, yağıntıları xəbər verməkdən ötəri ağaclara aşağı və ya yuxarı hissədən qonmaqla ALLAHI təqdis, ibadət edənlər də, bu zaman qayıdıb gələrdilər.

Bir yerə yığışan qarğalar bura yeni gətirilən adəm övladını beləcə qarşılaydılar.

 

*

Bayaqdan bir başdaşının kölgəsinə yaxın oturub, yeni məzar qazanlara baxa- baxa qarğaların söhbətinə qulaq asırdı. Çiyninə toxunan əlin soyuqluğundan diksindi, çönüb baxdı, qarayanız gənc oğlan idi. Oğlan gülümsəyərək dedi:

- Sən başa düşürsən onları?

- Hə, qəribədirlər, biri sual verir, digərləri də ona qoşulub eynisini təkrarlayırlar. Gənc qarğanı yaman sıxıblar, gətirilən adamın imkanlı, vəzifəli şəxs olduğunu haradan bildiyini soruşurlar. Amma bir qəribə məsələ də vardır.

- Nədir sizə qəribə gələn?

- O qarğaları eşidirəm, anlayıram, ancaq bu məzar qazanlar niyə səssizdilər? Bəlkə adamların danışığı mənə qarğa səsləri kimi gəlir?

Oğlan yenə gülümsədi, əlini onun çiynindən götürüb, yanında əyləşdi. Məzar qazanlara baxa-baxa asta səslə dedi:

-Bəlkə eşitdiyin qarğa səsləri bura gəlməkdə olan insanların susub, ürəklərində söylədikləri, düşündükləridir? Özlərindən öncə uçub, gəlmişlər..

Çönüb yenidən yanında əyləşən cavan oğlanın üzünə baxdı, qarayanız siması işıqlanmışdı, nur içində sifət cizgiləri güclə görünürdü. Bu cizgilər təəssüf və nigarançılıq heykəli yaradırdı.

- Çoxdan burdasız?

-  Dünya ili ilə 4-5 il olar. Amma nədənsə  mənə elə gəlir ki, 10-15 dəqiqiədi gəlmişəm. 

- Bəs onda dünya ilini haradan bildin?

- Bir az əvvəl ailəmi, dostlarımı görməyə getmişdim, onların görkəmindəki dəyişiklərdən bildim.

- Amma hələ də nədənsə nigaransız.

Oğlan başını bulayıb, köks ötürdü. Bu zaman onu qəribə meh vurdu, amma anlaya bilmədi ki, bu meh sərin idi, ya hərarətli. 

Oğlan yorğun səslə dedi:

-Mən bura gəlməzdən əvvəl  maddi vəziyyətimiz çətin olsa da, birtəhər ötüşürdük. Oğlum instituta, ödənişli fakültəyə qəbul olundu. Onun son ödənişini edə bilmirdik. Bir az əlimizdə olanı da mən apardım həkimlərə verdim. Bax onda da bu qarğalar mübahisə edirdilər, varlıdır gizlədir, yoxsuldur, heç kimə demir.

- Niyə həkimlərə pul tökürdün? Bilmirdin ki, sonda bura gələcəksən?- o əsəbi şəkildə oğlandan soruşdu.

Bu vaxt qarğalar yenidən qarıldaşmağa başladılar:

- Haradan bilirdin? Haradan bilirdin?

Gənc qarğa özündən razı halda qarıldadı:

- Dünən axşam mən o şəxsin evinin yanından keçirdim. Onu məsciddən yenicə gətirmişlər. Həyət adamla dolu idi. Bu gün də bura yola düşməzdən əvvəl ora getdim, daha çox adam var idi. Adətən kasıblarda belə olmur.

Sükut yarandı. Birazdan sükutu öz hökmranlığını vermək istəməyən yaşlı başçı yenə pozdu:

- Çox adam yığışmağı, ya bura gəlməyi hələ o demək deyil ki, o şəxs vəzifəli, ya imkanlı şəxsdir. Əslində, o şəxs çox qəlbi təmiz, insanlar və aləmlər içində hörmətli şəxsdir.  Doğru qarıldamırsan.

Az bir sükutdan sonra qarğalar yenidən xorla gənc qarğaya xitabən:

-Doğru qarıldamırsan! Doğru qarıldamırsan!- qarıldamağa başladılar.

Qoca başçı özündən razı qarıldayırdı, çoxluq yenə onun tərəfində idi, ona inanmışdılar.

İnsanlar məzarlığa daxil olub, dayandılar. Cənazəni düşürüb, yerə qoydular. Molla Quran oxumağa başladı, hamı susdu. Qarğalar da susmuşdular.

- Ora bax, görürsən? 

Təəccüblə şəhadət barmağını adamların yığışdıqları yerin yanındakı sərv, çinar ağaclarına, məzarların qırağına əkilmiş qızılgül, gərmoşov kollarına tərəf uzatdı. 

- Hə, görürəm. Onlar başlarını əyib, sağa- sola əsməklə Allaha səcdə, ibadət edirlər. Ən çox da Quran oxunanda. İnsanlar bunun az bir hissəsini, əsməsini görə bilir və küləklə əlaqələndirirlər, - cavan oğlan dedi. 

- Yəqin ki, bu halda görsələr, təəccübdən  dəhşətə gələrlər.

-Hə,elədir. İnsanlar çox şeyi eşidə, görə bilsələr, qulaqlarındakı və gözlərindəki pərdə qalxsa, dəhşətə gələrlər.

Bu səsdən həm o, həm də cavan oğlan arxaya çönüdülər. Çoxlu qanadları olan, amma ağ buluda bənzər varlıq ayaq üstə dayanmışdı. Bu varlıqdan yenə həm mülayim, həm də ötkəm, amiranə səs gəldi:

-Önə baxın və susun!

Molla Quran oxuduqdan sonra insanlar cənazəni çiyinlərinə götürüb, onlara tərəf, yeni qazılmış məzara doğru gəlməyə başladılar.

Arxadan yenə səs gəldi:

- İnsan gərək birinci öz yanında şah olsun. Bu o demək deyil ki, təkəbbürlü olsun, camaata yuxarıdan aşağı baxsın. Sadəcə öz güzgüsündə baxanda sınıq görməsin özünü.

O qulaq asdıqca sağ çiyninə yenə əl toxunduğunu hiss etdi. Bu əli çöx güclü hiss edirdi, amma nədənsə onu mülayim, ehmallı sıxırdı və əl sahibi deyirdi:

- Sən öz yanında şah idin, güzgüyə baxanda özünü bütöv görürdün. Yetim idin, amma yetimlərə, məzlumlara dayaq idin. Əslində sizin, elə o qarğaların da camaat gördüklərinizin çoxu sənin əməllərindir, insan forması almışlar, adamlara qoşulmuşlar. Ancaq  o əsl adamlar da göründükləri kimi deyi, siz onları olduqları kimi görsəniz dəhşətə gələrsiniz.  Bəlkə də ilahi nemətlərin insan üçün ən böyüyü anadan qürurlu, sadə, alicənab, dürüst, şah kimi doğulmaqdır. Vallah nər kimi görünən kişilərin çoxu vəzifə, qazanc, şöhrət, bəzənsə anlaşılmayan səbəbdən- Allahın  almışlığından kimlərinsə önündə əzilib- büzülən, yıxılıb- sürünəndilər. Çox insan isə ziddiyyətlidir. Dünya, baxmayraq ki, ziddiyyət üzərində qurulub, amma elə ziddiyyətdən də dağılacaqıdr. Ziddiyyətin rəngləri, çalarları sahilsizdir, insanları, aləmləri, bütün var olanları əhatə etmişdir. O qıraqda gələn qocanı görürsüz?

Hər ikisi eyni vaxtda dedilər:

- Bəli, görürük. Çox həlim, gözəl xasiyyətli birinə bənzəyir.

- O oteldə öz ayaqqabısı ilə birlikdə otaq yoldaşının da ayaqqabısını mazlayırdı. Gənc oğlan ondan yaşlı birinin bu sadəliyinə, etibarlılığına utanırdı. Lap xəcalət çəkirdi, bilmirdi nə etsin ki, onun bu nəcib hərəkətinə cavab olsun. Sonra bilirsiz nə oldu? Çox düşünməyin, ağlınıza gəlməz. Həmən nəcib, sadə, yaşlı ağsaqqal oğlanın yadından çıxıb otaqda qalmış telefonunda vatsap mesajlarını oxuyurdu... İnsan bu qədər qarışıq rəngdə olur hərdən.

-Pah dədə, bu adamlar hərəsi bir cilddədirlər ki..- gənc oğlan dilləndi. 

Başları üstdə dayanmış ağ buluddan yenə səs gəldi:

-Bəs bu arxada gələn, əsalı, lopabığ qocanı necə, görürsüz?

- Hə, görürük, qoluna da giriblər. Çox hörmətli birinə bənzəyir.- o dilləndi.

Buluddan soyuq səs gəldi:

- Sizə ixtiyar bir şəxs kimi görünən o idman rəisi idi. Onun geniş otağına gənc atlet bir alət qoyur ki, yeri yoxdur, gəlib 2 gün sonra aparcaq. Həmişə dindən, düzgünlükdən danışan lopabığ qoca haray-həşir salır ki, bu mənə mane olur, otağımın komfortunu pozur, başıma düşür. Sonra nə olur? Bunu da bilməzsiz. Sonra o idman kompleksini  sökürlər, hamı çıxıb etiraz etsə də, həmən lopabığ başına uçurulan otağını, 50 il ömür keçirdiyi kompleksi müdafiə etmir, cınqırı çıxmır. Ziddiyyətin çaları burada sarmtıl-xəstə rəngindədir.

Öndə gələnlərin arasındakı o nər, kəl boyda biri var ha, içindəki vəzifə, hökm etmək xəstəliyi o qədər qara rənglidir ki, özü –özünü görmür… O, rəisin qəbul otağında var-gəl edir, qapıya yaxınlaşır, döymək istəyir, nəsə unutmuş kimi, irəli uzanmış barmağını gicgahına aparır, geri qayıdır, əslində heç nə yaddan çıxmayıb, sadəcə bu nərbala rəsidən çəkinir. Yenə qayıdır, guya yadına saldı, hər şey yerində. Yenidən yarı qatlanmış iki barmağını qoşalayıb, qapıya yaxınlaşdırır.. Cəsarəti çatmır, dayanır yenə, qapını döyə bilmir ki, bilmir. Bu vaxt qəbul otağına xəstə, kimsəsiz, tək yaşayan, ağılı da bir az yerində olmayan qoca fəhlə girir. Həmən o nərbəla bu fəhlədən niyə icazəsiz, ona demədən dünən işdən qaldığını soruşub, əl çəkmir. Heç bir bəhanəni qəbul etmir. Getdikcə zəbbaniləşir. Bəs nədir, o axı dəmir nizam intizamlı rəis müavindir... 

O, yuxuda, öz yaratdığı boz-mənasız çalarlı dünyasında belədir. Əslində, heç nə deyil, görünməyəcək dərəcədə boz çalarlı ilğımdır. Allah bunların əməl və düşüncələrini qiymətləndirəcək, bütün çalarları aydın görünəcəkdir.

Bəsirət gözünüz açılsaydı, həqiqətləri görüb ürəyiniz partlayardı, bura daha tez gələrdiniz,  o dünyanı doğruları dəhşətlidir. Allah biləni heç bir varlıq bilməz, bilməyəcək. Siz ikiniz də öz dünyanıza şah olmusuz, əməlləriniz ağ rəngin səma çalarındadır. 

Mərhumun nəşini tabutdan çıxarıb, məzara qoyurdular.  Qarğalar daha ucadan, hər nə gəldi qarıldaşırdılar. Təkcə gənc qarğa və başçı susmuşdular.

O ayağa qalxmışdı, məzarın içinə baxırdı. Yanındakı gənc də ayağa qalxıb, baxırdı. Bulud da susmuşdu. 

Məzara torpaq töküldükcə o elə zənn edirdi ki, üstünə buz soyuqluqda dünyanı tökürlər. Bu soyuq, ağır dünya altında sıxılır, əzilir, boğulurdu. Dayana bilməyib, yerə çökdü. 

Məzarı torpaqla doldurub qurtarmışlar, molla fatihə oxuyurdu. Oxuduqca o sanki yüngülləşir, üzərindən soyuq, ağır dünya götürülürdü.

Buluddan yenə səs gəldi:

- Həmd olsun aləmlərin pərvərdigarına. Sizə bəzi aləmlərdən, çox yaxın, gözünüz önündə olub, uzaq görsənən aləmlərdən danışım.

Yenə insan olmuşduq, bir savab, sınaq işə çıxmışdıq. Dostumuzun atasını axtarırdıq. O evdən çıxıb, toya getmiş, sonra geri qayıtmamışdı. Gecələri qaranlıq zirzəmilərində, köhnə binaların pilləkənlərinin altındakı boş yerlərdə yatan, nə qədər insan varmış... Taleyin oyununda müxtəlif səbəblərdən uduzmuşlar, atılmışlar, qovulmuşlar, özləri çıxıb getmişlər... içkiyə, narkotikə, tüfeyliliyə öyrəşmişlər... Bəlkə də son həddə qədər həyatdan bezmişlər, küsmüşlər, gücdən düşmüşlər... Onların əksəriyyətinin boruların üstündə yatdığını gördüm. Əlimi vurdum ki, borular istiymiş... İçlərindən isti su keçirmiş...  Onu da bildim ki, daha yaxşı daldanacaq yerlərin öz sahibləri varmış... Eynən təbiətdə , cəmiyyətdə olduğu kimi burada da mübarizə yaşamaq uğrunda idi... Bir pilləkənin altındakı kiçik, qaranlıq boşluğa baxmaq istədik, üç it çıxıb bizə tərəf hürdü, cumdu. Dedik ta burada heç kim olmaz. Uşaqlardan biri fənəri tutdu, iki nəfər yatmışdı... Oyatdıq, söhbət etdik, axtardığımız şəxsi soruşduq. Necə etikalı, ədəb- ərkanla cavab verdilər... Onları narahat etdiyimiz üçün üzr istədik, " xoşdur, buyurun" dedilər. Cibimdə qalmış yarımçıq siqar qutusunu verməkdən başqa kömək edə bilmədik...

Sadəcə , yanımdakılara görə qəribə, təzadlı və dəhşət aləmlər idi. Bizim üçün isə Allahın  buyurduğu, sirri özündə olan parelel aləmlər idi.

-Nə idi bu sir?- cavan oğlan sual etdi.

Buluddan bu dəfə uzaqdan, ya yaxından gəldiyi çətin duyulan səs eşidildi:

- Hərəyə bir cür rol veriblər, 

Adam da inanır nökərdir, ya da şahdır,

Hərəyə bir cür yol veriblər,

Adam da inanır atlı, ya piyadadır,

Əslində adam rolu boydadır,

Əslində yolun özü yoldadır.

Bilirsiz, biz o itkin adamı axtaranda eyni anda həm də bir neçə məkanda idik. Təsəvvür edirsiz, nə qədər fərqli idilər? Bir bara getmişdik, onuncu sinifdə oxuyan oğlan, dayısı, atası əyləşmişdilər. Qulaq tutulan, xaotik musiqi, tüstü, qumar oyunu, çılpaq qızlar. Bu vaxt onların əyləşdiyi masaya bir enlikürək, hündür, keçisaqqal orta yaşlı kişi yaxınlaşır, gülümsəyir, ədəblə nə istədiklərini soruşur. Çirkli qabları tez- tez dəyişir. Məktəbli utandığından başını qaldırıb heç yerə baxmır, telefonla oynayır. Dayı pivə, ata çay içir. Və oğluna bu yeri yaxşı yadında saxlamağı tapşırır. "Həyatın bu üzləri, rəngləri, səsləri, isti-soyuğu da var". Yaşamaq uğrunda hər cür rola girmək və pul üçün mənəviyyatla oyuna girmək, rənglənmək, səs-küylü olmaq... Səni bura gətirdim ki, özün görəsən, eşidəsən, həqiqətlərə toxunasan, dərk edəsən.

O, məzarın üstünün torpağını düzəldən, su tökən cavan oğlana baxa- baxa, Buluddan gələn səsə diqqətlə qulaq asırdı, səs gah güclənir, gah da eşidilməz olurdu. Elə bil bulud yaxınlaşıb, uzaqlaşırdı.

Məzarın qırağına qərənfil gülləri düzürdülər. O, buluda sual etdi:

- Eyni vaxtda bir neçə yerdə necə ola bilirsiz?

- Ola bilirik, ona görə həqiqətləri tam görürük. Həmin vaxt həm də iki toyda iştirak edirdik. Biri dini toy idi, adamlar bir- birinə hörmətlə yanaşır, Quran, dini mahnılar oxunur, bəy-gəlinə dualar edilirdi. Bunu bir çoxu bəynmirdi ki, toyda yeyib- içmək, şənlənmək, rəqs etmək lazımdı. Digər toyda yemək, spirtli içkilər, oynamaq, şənlənmək var idi, bunu da bəzi dindarlar bəyənmirdi ki, israfçılıq, günah, şeytan əməlidi. İkinci toyun axırında da bəyin atasına bir şillə dəydi, heç bilmədilər mübahisə edənlərdən kim vurdu. O qədər basırıq, qarışıq, hisslər rəngarəng idi ki, heç nə görünmürdü. Baxın, eyni vaxtda zirzəmilərdə, toylarda bu qədər qəribə, təzadlı, bir-birinə zidd  həyat çalarları, aləmlər vardır.

O, çoxdandır düşündüyü cavabını tapa bilmədiyi sualları verməyə başladı:

-O dünyadan baxanda da bura zidiyyətli, təzadlıdır. Məva cənnəti göyün yeddinci qatındadır? Cənnət, cəhənnəm göydədir? Onda məhşər, qiyamət harada olacaq, yerdə, ya göydə? Lövhi məhvuz hansı dildə yazılıb?

Buluddan səs gəlmirdi. Yanındakı cavan oğlan da buluda xitabən sual etdi:

- Qiyamət günü yer şiddətlə titrəyəcəksə, dağlar toz halına düşəcəksə bütün böyük şəhərlərdəki binalar uçacaq, yerə batacaq? Sunami, sellər basacaq hər yanı. İnsanlar, günahslz uşaqlar diri-diri torpağa quylanacaq. Bu cəhalət dövründə qız uşaqlarının diri-diri basdırılmasıyla eyni anlama gəlmir?

Buluddan yenə səs gəlmirdi. Hər ikisi çönüb, arxaya baxdılar, bulud yox idi… 

Dəfn bitmişdi, camaat yavaş-yavaş dağılışıb gedirdi. Sona qohumlar, dostlar qalırdı. O İndi onların simasını daha yaxından görürdü. Kimləsə zarafat etmək, kimiyləsə söhbət etmək, başqa birinə nəsə demək istəyirdi. Amma bacarmırdı. Adlarını çağırsa da heç kim ona qulaq asmır, çönüb baxmırdı. 

Yanındakı cavan oğlan da maraqla, həm də başını yelləyə-yelləyə ona baxırdı, dinmirdi. 

Qarğalar da tək-tək uçub gedirdilər. Yalnız yaşlı qarğanın getmək fikri yox idi. 

Adamların bəziləri məzarlığın qırağına çatmışdırlar. Məzarın başında bir nəfər qalmışdı - oğlu. O nə qədər istəsə də oğluna  toxuna bilmirdi, boynuna sarıla, ya zaraftla sinəsinə bir yumruq vura bilmirdi. Oğul indi də onun gözündə uşaqlaşırdı. Qucağına alıb, üzündən öpmək, şahmat düzüb oynamaq istəyirdi. Amma heç nə edə bilmirdi, gah məzara, gah oğluna baxırdı. 

Budur, yaxın dostlar, qohumlar oğlunun qoluna girib təsəlli verə-verə onu məzardan uzaqlaşdırırlar. 

O dözə bilmir, çönüb yanındakı cavan oğlana deyir:

- Görürsən, onu da aparırlar. Ya özü gedir? Hamı gedir, məni yalqız buraxırlar. Tək qalacam.

Sonra məzarlığı sonuncu tərk edən adamların arxasınca baxa-baxa adını bildiklərini çağırır, sonda oğlunu çağırır... Nə eşidən, nə geri baxan olmur...

-Mənim də oğlumu belə apardılar. O da getmək istəmirdi, apardılar. Çox çağırdım, qayıtmadı. Amma getməliydi, axı o tələbə idi... 

-Mənim oğlumun da yarışı vardı. İnanıram ki, nə mənim, nə sənin oğlun gedərdi, onları yanındakılar apardılar.

-Yox, gec- tez gedəcəkdilər. Onlar hələ bu aləmin sakinləri deyillər. Öz aləmləri çəkib aparacaqdı onları. Odur e qarğalar da getdilər. Həmişə belə olur. Təkcə yaşlı qarğa qaldı. Bura yeni insan gətiriləndə o birilər yenə gələcəklər. 

- Bəs gənc qarğa necə oldu?

- O da getdi, başçı ola bilmədi. Doğru xəbər gətirmədi, adamları çox gördü, bu çoxluğu sizin hörmətiniz, əmllərinizlə deyil, vəzifə, pulla əlaqələndirdi. Həm də o qarğa dəstəsi yüz illik dövrü bitirməyə hazır deyillər.  Buranın öz həqiqətləri vardır. Qoca qarğa təcrübədən, yaşadıqlarından çox şey bilir. Onun işi xəbər verməkdir. Sonra digərləri gəlib, yeni insanı bizim aləmə keçənə qədər müşahidə edəcəklər. Niyə belə edirlər, biz bilmirik..

- Çox yəqin onlar da belə ibadət edirlər, rolları, yolları belədir.

Araya süküt çökdü. Bir azdan o, sağında oturmuş gənc oğlana, bu aləmdəki yeni dostuna tərəf çönüb dedi:

- Axı demədin, həkimlərə niyə pul tökürdün?

Oğlan uzaqlara, qüruba doğru gedən günəşə baxa-baxa dedi:

- Sağlamlığımda qəfil problem yarandı, biri dedi ağ qan qara qanı yeyir, biri dedi əsəbdəndi... Sonra bu qarğalar kimi, hərə bir söz deməyə başladı. Bəlkə də o sözlər məni xəstə elədi. Ürəyimə damdı kı, uzaq, başqa bir yol var... Amma uşaqlar var idi, getmək istəmirdim. Onlardan ayrılmaq istəmirdim. Bir gün yoldaşım əl çəkmədi ki, hazırlaş get başqa ölkədə yoxlan, müalicə olun orda. Nəyimiz var sat, get. Məni çox istəyirdi, lap çoox. Məndən bir sinif yuxarı oxuyurdu, bütün məktəb bizim sevgimizə həsədlə baxırdı. Onda mən çox gümrah, fiziki cəhətdən idmançı görkəmli, öz yaşımdan iki-üç il irəlidə görsəniridim. Ola bilsin ki, bu həsədlər zaman-zaman toplandı, qanıma girdi, yedi məni. Paxılın paxıllığı tutanda ətrafa, xüsusuilə hədəfə sanki görünməyən atəşlər açırmış… Birtəhər pul düzətdim, qardaşlarım, dostlarım kömək etdilər. Amma nə başqa ölkədə, nə burada müalicələr kömək etmədi. Uzaq yola çıxdım, bura gəldim,  məni də oğlum buraxıb getmək istəmirdi… 

Susub sonra davam etdi:

-İki dostum var idi… Onlar mənimlə, mən onlarla it- pişik kimi yola gedirdik. Adi şeylərin üstündə bir-birimizdən küsərdik, savaşardıq. Amma nə onlar, nə mən ayrı qala bilməzdik... Bir bahənə edib, barışardıq. Məni bura ilk gətirən gün, çox darıxırdım doğmalar üçün. Soyuğa, istiyə dözə bilmirdim. Oturub kənarda məzarıma baxırdım. Bəyaqkı ağ buludla da xeyli söhbət etmişdim. Amma onu da deyim, onlar hamı ilə belə söhbət etmirlər. Ya heç danışmırlar, bəzən isə yeni gələnin qolundan, ya ayağından tutub, bu məzarlıqda sürüyüyrlər, başını bir-bir bütün məzar daşlarına vururlar. Bizə isə çox xoş baxırlar.

- Gecə tək olanda nə gördün?- o maraqla soruşdu.

- Gördüm ki, mənim dostlarımdan biri maşınla gəldi. Onu görəndə o qədər sevindim ki... Ona tərəf getdim, qucaqlamaq istədim. O geri çönüb maşınına tərəf getdi, pərt oldum. Sonra baxdım ki, maşından bir qucaq qərənfil gətirdi. Gah ağlayaraq, gah mənlə şit, duzlu, acıdan rəngli zarafatlar edə-edə qərənfilləri məzarıma düzürdü. O dünyada da biz belə, bəzən hətta söyüşlə zarafat edirdik. Bir dəfə də ad günümdə gecə yarı o biri dostum gəlmişdi, qərənfillər, rəngli zarafatlar və göz yaşları ilə. Amma mən onları nə söyə, nə zarafat edə, nə də qucaqlaya bildim. Heç ağlaya da bilmirdim... İsti və soyuq hiss edirdim yeri, göyü. Bağrım çatlayırdı dostlarıma toxuna bilmirdim...

Yaxşı, de görüm gənc dost, sən necə oldu bura gəldin? Həm də tez gəldin? 

Maraqla və qəribə hisslərlə yeni, buradakı  yeganə dostuna qulaq asan o, sonda özünə "gənc dost" deyə müraciət edilməsinə lap təəccübləndi:

-Necə yəni, gənc dost? 

Oğlan gülümsəyib dedi:

- Burda hamı gənc görünür. Amma Siz doğrudan da o dünyadan vaxtsız, tez gələnlərdənsiz. 

O, məzarına baxa- baxa dedi:

- Mən prokuror idim. Yetimçiliklə, çətinliklə, öz gücümə yüksək yerlərə gəlib çıxmışdım. Amma həyat çətin imiş. Günahsızları müdafiə etmək, arxalı günahkara qanun tətbiq etmək, öz peşənin, vicdanın şahı olmaq çox çətinmiş. Bu çətinliklər zaman- zaman yığıldı. Mən onlara qalib gəldiyimi zənn etdim, demə onlar da öz zərbələrini vururmuşlar. Bilirsən, şərin görünməyən zərbələri olurmuş. Onlar neçə insanın qanını batırmaq istəyiblər, pulnan, zənglə, hədə- qorxu, şirnikləndirmə ilə. Amma mən əyilmədim. Və demə onlar haradasa yığışırmış. Bir gün məlum oldu ki, məndə də eynən sənin kimi xəstəlik vardır. 

O bunları deyib, susdu, sonra əlini üfüqə tərəf uzadaraq dedi:

- Bax görürsən gün batır, üfüq necə qızarıb? Elə bil qiyamət qopacaq, bir azdan ulduzlar sönəcək, günəşlə ay bir-birini örtəcək, dağlar oynayacaq.

 Cavan oğlan gülümsəyib dedi:

- Mənə də ilk gün elə gəlirdi ki, birazdan qiyamət qopacaq, amma heç nə olmadı. Qiyamət nə vaxt qopacaq , bunu Allahdan  başqa bilən yoxdur. And olsun Allaha ki, o hər şeyə qadirdir. Sür-sümükləri də, barmaqları da bir yerə yığacaq. Hər kəsi dəhşətə gətirən o günü hamı görəcək. Allah  bizi qıl körpüsündən keçəndə sağına və önünə nur düşənlərdən etsin, üz- gözləri qaralmış halda, onları arxadan çağırb "bizi də gözləyin" deyənlərdən etməsin. 

İkisi də eyni anda “Amin!”-dedilər. Gənc məzara tərəf baxa-baxa dedi:

- Dediz mənim kimi xəstə olmuşduz? 

O köks ötürdü, amma özünə də qəribə gəldi ki, bu necə oldu, dərindən nəfəs aldı, ancaq verə bilmədi… Burada hər şey başqa cür imiş. Yeni dostuna tərəf baxıb dedi:

-  Əvəllər məni bir dəfə iflic vurmuşdu. Neçə ay, yataqda yatdım. Üzümün sağ tərəfi, ağzım əyilib yuxarı qalxmışdı. Bu hadisə bütün ailə üzvlərimin gecəsini-gündüzünü qara eləmişdi. Onların sevimli günlərini, qəmgin, gərgin anlar əvəz etmişdi.

- Buna nə səbəb olmuşdur?

- Biz bəzən nələrin nələrə səbəb olduğunu bilmirik. Elə hüququn da axsayan ayağı budur, cinayətin, hadisənin səbəbini yerdə axtarırıq, göydə, dənizdə axtarırıq, amma  səhrada çıxır. Xəstəliklər də belədir. Həkimlər bəzən onları digər materiklərdə axtarırlar, amma sonra baxırlar ki, xəstənin şah damarından yaxın imiş. Mənə də həkimlər hərəsi bir söz dedi. Amm mən dəqiq bilirdim ki, iflic olmağıma işdə baş vermiş gərginliklər, stresslər,  edilən təzyiqlər və təhdidlər səbəb olmuşdur. Kimsəsiz, yetimçiliklə böyüdüyüm üçün həmişə özümü arxasız hiss etmişəm. Odur ki, mənə qarşı edilən təzyiq və təhdidləri çox ürəyimə salırdım. Müqavimət göstərmək üçün yetərli qüvvəmin olmadığını düşünmürdüm. Baxmayaraq ki,  öz gücümlə, biliyimlə universitetin hüquq fakültəsinə daxil olub,  oranı qırmız diplomla bitirmişəmdim. Allah şahiddir ki, peşəkar və dürüst bir hüquqşünas idim. Rüşvətdən, qruplaşmalardan uzaq, dövlətin və qanunun yanında olan, əsl vətəndaş, xalqıma fayda verəcək insan olmaq istəyirdim. Di gəl, tez-tez haqsızlıqlarla üzləşirdim. Bunlar da yığışıb məni iflic etmişdilər. Həkimlər bunları haradan bilərdilər ki... Amma mən özümü toparladım, sağaldım. Yoldaşımın, qızımın bir daha mənə görə pis olmaması üçün özümə xəstələnməməyi söz verdim. Zira,  sözümü tuta bilmədim, zəhirmar məni nəfəsimdən, ağ ciyərimdən tutdu..

- Yoldaşınız sizi çox istəyirdi?

Gənc dostunun bu gözlənilməz və qəfil sualından nəzərlərini üfüqlərdən, batmaqda olan günəşdən ayrıb, onun simasında cəmlədi. Qəribəydi, onun üz cizgiləri solmuşdu, siması saralmış, ölü rənginə bənzəyirdi. Burada sanki axşamçağı qısa olurdu, qaranlıq tez və daha zülmətli gəlirdi. Gözlərini ondan çəkib, məzarın üzərində, axşamçağının ala-toran rənginə hələ də təslim olmayan, qırmızı qalmağı bacaran qərənfillərə baxa-baxa yenə köks ötürdü. Bu dəfə nəfəs verə bilmədiyini, ancaq sinəsi genişlənənə qədər nəfəs aldığını hiss etdi. Bura gəlməzdən əvvəl günlərlə arzusunda olduğu rahat nəfəsi ala bilməmişdi. O, asudə nəfəs almaqdan yana çox əziyyət çəkmişdi.

- Mən onunla qrup yoldaşı idim. O çox gözəl idi. Qızlar onu dəng eləmişdilər ki, başqa bir nəfərə  “hə” desin. O adamın atası rayon rəhbəri, anası isə professor idi. Bir sözlə çox hörmətli, həm də imkanlı insanlar idilər. Mənim isə nə kimsəm, nə evim var idi. xalamgildə qalırdım, amma o qız məni sevirdi. Nəyimi? Bu sualı ona ayrı-ayrı zamanlarda, hətta xəstə yatanda da çox verdim. Cavabı həmişə eyni oldu: -Özünü!

-Bəlkə də cənnəti və cəhənnəmi müəyyən edən səbəblərdən biri də həyat yoldaşlarının bir-birlərinə münasibətləridir. Yəni sevgi, hörmət və fədakarlıq bir enerjidir, o dünyada  uğurlara səbəb olduğu kimi, bu dünyaya da gəlib çatır...

Hər ikisi susmuşdu, öz aləmlərinə çəkilmişdilər. Bir müddət belə davam etdi. Artıq hava qaralmışdır. Ətrafda anlaşılmaz hadisələr baş verirdi.  Qəribə görüntülər  görürdü, onlar sakit idilər, səsləri gəlmirdi, əcayib səslər eşidirdi, ancaq onların da sahibləri görünmürdü. Bütövlükdə axşamın, gecənin şəri gəlirdi. Çönüb yanına bir də baxdı, gənc dostuna nəsə demək istədi, o da bulud kimi səssizcə yoxa çıxmışdı. Hava çox soyuq idi, gündüzün hərarəti gecənin qaranlığında rənglər kimi yoxa çıxmışdı.

İndi o tək qalmışdı. Qəribə aləmlər, fikirlər, səslər və görüntülər dənizinin sahilindəymiş kimi səssiz idi. Ancaq nəsə, ya kimisə gözlədiyini hiss edə bilirdi. Bu hiss ona rahat nəfəs almağa, həmişə olduğu kimi, indi də gecənin şərinə qarşı özündə güc duymağa səbəb olurdu. Hətta hərarətin artdığını da duyurdu.

- Gəlir!

 Buraların xəbər hökmdarı yaşlı qarğanın ucadan qarıldaması hər iki aləmdə eşidildi. Fərq onda oldu ki, dünya aləmində sükutu pozdu, bu aləmdə isə qəribə səslər əvvəl daha da gücləndi. Hər yanı uşaq qığıltısı, ana laylası, yarpaq pıçıltısına bənzər sərhədlərdən başlayıb, it, ulaq, toyuq, qurd bir sözlə bütün yaradılmışların çıxara bildiyi səslərin bir-birini əvəz etdiyi sərhədsiz səs-küy dünyası bürüdü. Qəfil yanından qara, tüklü bir varlğın ona sürtünüb keçdiyini hiss etdi. Amma nə olduğunu anlaya bilmədi. Onun arxasınca baxmağa başladı, məzarlğın sonuna yaxınlşdıqca o varlıqdan işıq gəlməyə başladı. İşıq daha da gücləndi, ağ rəngli cip avtomobilinin gəldiyi göründü. Avtomobil məzarlığın girişində dayandı, oradan bir qadın yerə  endi. Varlığın işığı biraz da gücləndi, sonra səmaya tərəf qalxıb, yoxa çıxdı. Əcayib səslər də kəsildi. Qarğanın səsinə səs verən qarğalar da yox idi, gündüz adamlarla birgə çıxıb getmişlər.

Nəzərlərini yoxa çıxan varlığın səmada boş qalmış yerindən ayrıb, qadına baxmağa başladı. O idi. 

Qucağında bir dəstə qızılgülləri, asta –asta gəlirdi, həmişəki kimi təmkinli idi. Heç vaxt, bir ömür boyu çətinliklərini, düşüncələrini rəngləyib kiməsə göstərməyən o indi də sakit idi. İndi həm də tək idi.

Önünə və sağına düşən işığın köməyilə cığırları seçib, gəlib məzarın yanına çatdı.   Qızılgülləri düzüb, əlləri ilə oxşadı. Sonra əllərini ulduzlu, soyuq göylərə açıb, dua etdi. Bir xeyli məzara baxdı, baxdı, qəfil dizinə, başına vurmağa başladı. Simasının cizgiləri  dəyişdi. 

O, qadının nə dediklərini eşitmirdi, amma dodaqlarının tərpənişindən- “özünü”! sözünü dediyini zənn edirdi, bəlkə də bu sözü görürdü.

- Get, bu vaxt burada neynirsən, mən gəldim ki, sizin, heç kimin rahatlğı pozulmasın, - bunu deyib, onu qucaqlmaq istədi.

Amma nə qədər etdisə, bacarmadı, qucağında boşluq hiss etdi, yalnız gənclikdə olduğu kimi, üz gözünə dəyən tellərini duydu, bir də özünə məxsus ətrini gözünü yumub ciyərlərinə çəkdi. Rahat nəfəs aldı, dincəldi, axı o, son zamanlar yenə nəfəs ala bilmirdi, çox yorğun idi... 

Soyuq və hərarət qarışıq qaranlıq səssizlik  dünya var olmazdan əvvəlki və ya birinci sur səsiylə ikinci arasındakı dövrün sükutuna bənzəyirdi...

Kölgələr də öz sahiblərini soyuq və hərarətli yamsılayamaqdan yorulmuş, Günəşin icazə verdiyi vaxta qədər yanlarında yatmışlar... 

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Rasim Müzəffərli yazır

 

Ötən əsrin 80-ci illərində Azərbaycan musiqi aləmində bir “Ozan” qrupu fırtınası qopmuşdu. Rasim Müzəffərlinin yaratdığı qrup qəlblərə yol tapmışdı.

“Ədəbiyyat və incəsənət” portalı Rasim Müzəffərlinin “Ozan”ın qızıl dövründə rast gəldiyi repertuarla bağlı çətinliklərdən bəhs edən xatirələrini diqqətinizə çatdırır. 

 

Ötən əsrin 80-ci illərində “Ozan” qrupu hər dəfə səhnəyə, TV və ya radioya çıxarkən, mahnılarımızın əksəriyyətinin musiqisinin rəsmi bəstəkarlıq statusu (Konservatoriya diplomu, Bəstəkarlar İttifaqının üzvü) olmayan birisi, yəni mənim tərəfimdən bəstələnməsi müsbət qarşılanmasa da, təxminən 1985-ci ildən sonra (artıq mən “tanınmış muğam-rok banisi" idim), yoxlayıcılar mənim bəstəkarlığıma, Məşədi İbad demişkən, "bir növ adətkardə" olmuşdular.

Amma ifa edəcəyimiz xalq mahnıları da daxil olmaqla, bütün mahnıların mətnləri isə hər çıxışdan əvvəl bizdən mütləq tələb olunurdu. "Ozan”dan nə desən, gözləmək olar" prinsipi "yoldaşlardan" daim "ayıq" olmağı tələb edirdi. Sözlər tanınmış şairlərimizə (R. Rza, B. Vahabzadə, M. Araz, S. Rüstəm) aid olanda, bir neçə istisna xaric, yoxlama prosesi formal xarakter daşıyırdı. Sözlər mənim və ya o vaxtlar tanınmamış digər birisinin olanda kiməsə nəyisə "sübut" etməli olurduq...  

Kommunistcəsinə nikbin sovet səhnə və mediasına yaxın buraxılmayan mahnılardan biri də o vaxtlar çox da tanınmamış, özü Göyçədən - Aşıq Ələsgərin kəndindən olub, Gəncədə ali məktəb bitirib, məzunların hürkdüyü ucqar Kəlbəcərə öz təkidi ilə təyinat alan və hər iki yurdundan məhrumluğa ürəyi dözməyən, mərhum şair Əli Qurban Dastançının (1930-2004) sözlərinə bəstələdiyim "Dünya" mahnısı idi. 

Əli Qurban o vaxt ucqar bir kənddə müəllim olsa da, rayon qəzetində şeirləri çap olunduğuna görə Kəlbəcərdə onu az-çox tanıyırdılar və mən əslən Kəlbəcərddən olan dostum Cəlal Qasımov vasitəsi ilə onu axtarıb tapmışdım. Bir neçə dəfə əldən-ələ (yenə Cəlal müəllim vasitəsilə) mənə çatdırılan məktublar yazmışdı. Təəssüf ki, Kəlbəcər işğal olunandan sonra şairlə əlaqəmiz itdi.

"Dünya" mahnısını əsasən özfəaliyyət səhnələrində (məsələn, Tələbə şəhərciklərində) və xarici səfərlərdə ifa etmişik. Xarici səfərlərə adətən Komsomol xətti ilə getdiyimiz üçün həm Azərbaycan, həm rus dilində olan mətnlərimizə Azərbaycan Komsomolunda ideoloji işlərə baxan dostlarımız (Sadıx Nəbiyev, rəhmətlik Şirzad Əfəndiyev) o vaxtkı dillə "dobro", indiki dillə "ok" verirdilər.

"Rəsmi" səhnədə mahnı cəmisi 2-3 dəfə səslənib. Xatırlayıram ki, 1983-cü ildə Filarmoniyada “Ozan”a icazəni Filarmoniyanın o vaxtkı direktoru Maestro Niyazi şəxsən vermişdi. Onun tapşırığı ilə inzibatçılar bizdən yalnız repertuarı almaqla kifayətləndilər. Repertuarda mahnının sözlərinin "Yetim Hüseyn dastanından" olduğu göstərildiyi üçün elə bilirdilər ki, bu qoşma xalq dastanındandır. Halbuki, içindəki şeirlər də daxil olmaqla, dastanı Əli Qurban özü yazmışdı. 

Sözümü ona gətirirəm ki, hər dəfə mən bu şeirin guya 19-cu əsrdə yaşamış aşıq Yetim Hüseyn tərəfindən yazıldığını "sübut" edirdim... Nə başınızı ağrıdım, bu da o şeir.

 

Dünya, nə şirinsən, sənin dadını

Bilməyən də yazıq, bilən də yazıq.

Razı buraxmırsan bir övladını,

Ölməyən də yazıq, ölən də yazıq.

 

Bəzəyib cismini ləl eyləyirsən,

Nazlı bir qız kimi əl eyləyirsən,

Açırsan qoynunu gəl eyləyirsən,

Gəlməyən də yazıq, gələn də yazıq.

 

Kimisinin bəndə düşür gəmisi,

Kimisinin məhsul vermir zəmisi,

Ağlayır kimisi, gülür kimisi,

Ağlayan da yazıq, gülən də yazıq.

 

Gələn uyur hər fitnənə, felinə,

Yalan-gerçək sözün düşür dilinə,

Oyuncaq verirsən vardan əlinə,

Almayan da yazıq, alan da yazıq.

 

Yetimin gərdişi çox sitəmlidi,

Dodağı gülənin gözü nəmlidi.

Zəmanənin sazı zilli, bəmlidi,

Çalmayan da yazıq, çalan da yazıq.

 

Kimisinin bəndə düşür gəmisi,

Kimisinin məhsul vermir zəmisi,

Ağlayır kimisi, gülür kimisi,

Ağlayan da yazıq, gülən də yazıq.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Kim bilir, bəlkə də dünən yanımızdan ötüb keçən, o sadə kişi, iki yüz il bundan sonra bəşəriyyətə yenilik gətirəcək bir adamın ulu babasıdır? Bəlkə də iki yüz il bundan əvvəl yaşamış xeyirxah bir insanın kötücəsidir, kim bilir? Axı bu dünyada təsadüfi adam yoxdur, hər kəs öncədən varlığına yazılan təyinatını icra edir...

 

1959-cu ildə Şərur rayonunun Püsyan kəndində, Əbil Qasımovun ailəsində oğlan uşağı dünyaya gələndə, o da oğlunun böyüyüb kim olacağından xəbərsiz idi. Adını Cəlal qoyub öz halal süfrəsində əzizləyə-əzizləyə böyüdürdü. Cəlal oxuyub orta məktəbi başa vurdu, sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirdi. Daha sonra namizədlik, doktorluq dissertasiyalarını müdafiə etdi...

Sabirabad rayonunda sıravi dil-ədəbiyyat müəllimi işləyəndə də, vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olanda da, o, haradan biləydi ki, taleyi onu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləməyə aparır və çox keçməyəcək ki, ədəbiyyatşünaslığın, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın, bir neçə tədris proqramının müəllifi olacaq? 

O, haradan biləydi ki, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, həmçinin DTX-nın Heydər Əliyev adına Akademiyasının fakültə rəisi işləyəcək və polkovnik rütbəsinədək yüksələ biləcək?..

Akademik Nizami Cəfərov onu xatırlayarkən deyir:- “Filologiya elmləri doktoru, professor Cəlal Qasımovun təxminən iyirmi beş illik bir dövrü əhatə edən ardıcıl araşdırmaları haqqında cəsarətlə deyə bilərəm ki, bunlar Azərbaycan ədəbi ictimai fikir tariximizin öyrənilməsində ən mötəbər qaynaqlardan birini təşkil etməkdədir. Cəlal Qasımov özünün növbəti kitabını- “Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər”i hörmətli oxuculara təqdim edərkən bu qədər zəngin faktları ortaya çıxarmaq üçün nə qədər böyük tədqiqatçı zəhməti çəkib, nə qədər toz basmış sənədləri vərəqləyib, nə qədər mübhəmləri aşkar edib öz yerində, ancaq mənsub olduğu xalqın taleyində hansı haqsızlıqlar olduğuna, onun intellektuallarına münasibətdə hansı kobud, vəhşi hərəkətlər edildiyinə, bağlı qapılar arxasında hansı qansız qərarlar çıxarıldığına da dözüb. Və Cəlal müəllimi yaxından tanıyan, onun tədqiqatçı obyektivliyi ilə yanaşı, milli təəssübkeşliyinə də yaxşı bələd olanlardan biri kimi, heç bir tərəddüdsüz deyə bilərəm ki, nə şahidləri “dinləmək”, nə də şəhidlərin halına acımaq ona asan gəlməyib...”

Bəli, o, Azərbaycan xüsusi xidmət orqanlarında çalışan ilk professor, eyni zamanda bu sahədə ilk polkovnik rütbəsi alan alim-zabit olub.

Təhlükəsizlik xidmətində çalışdığı müddətdə dövlətə və dövlətçiliyə sadiq vətəndaş mövqeyi ilə diqqəti cəlb edib. Bu təşkilatın tam məxfi və sirli arxivlərindən repressiya  qurbanı olan görkəmli şəxsiyyətlərin sənədləri arasından toz basmış həqiqətləri üzə çıxarmağı bacarıb. O vaxt hələ bəzi “detekaçı”ların həzm edə bilmədiyi bu addıma görə qınansa da, xidməti zərurətlə bağlı qarşılaşdığı, uzun müddət əlçatmaz olan  materiallar əsasında dövrü mətbuatda maraqlı yazılarla çıxış da edib, respublika arxilərində gecəli-gündüzlü gərgin tədqiqatlar aparıb və məzmunlu kitablar ərsəyə gətirə bilib...

“Böyük qürur hissi ilə vurğulamaq istərdim ki, Calal Qasımovun Hüseyn Cavid, Mikayıl Müşfiq, Bəkir Çobanzadə, Salman Mümtaz, Əli Rza Şəmsizadə kimi Azərbaycan ədəbiyyatının korifeyləri, Nağı Şeyxzamanlı, Məhəmməd Şeyxzamanlı, milli generallarımız Naxçıvanski, Mehmandarov, Şıxlinski və başqaları haqqında həqiqəti əks etdirən qovluqların tozunu udaraq yeni bir faktı ortalığa qoyduğu zamanlarda onun sevinc hissinin ilk şəriki olmuşam. Deməyə çəkinməyəcəm, xudpəsəndlərin tikanlı atmacalar atdığı vaxtlarda bu böyük ürək sahibinə mənəvi dayaq durmağı özümə borc saymışam. Calal Qasımov bütün ömrü boyu heç nəyə baxmadan, heç kimə fikir vermədən öz işində olub. İkinci Dünya Müharibəsi illərində alman əsirliyində olan həmvətənlərimizlə bağlı mülahizələrində də, mühacir ədəbiyyatı mövzusunda araşdırmalarında da oxucusunu pafos və ehtiraslara yox, real düşüncəli vətəndaş mövqeyinə kökləyə bilib.”- bu kəlmələr isə, təqaüddə olan polkovnik Mahir Cavadlıya məxsusdur...

Martın 27-də Azərbaycanda elm və təhsil, martın 28-də isə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd edildi. Haqqında söhbət açdığım Cəlal Qasımov həm elm adamı idi və həm də DTX-nın yüksək çinli zabiti. Artıq üç ildir ki, aramızda yoxdur. Necə deyərlər, bu dünyaya gəldi, öz təyinatını icra etdi və getdi. Ruhu şad olsun!..

Bəli, bəlkə də dünən yanımızdan ötüb keçən, o sadə kişi, iki yüz il bundan sonra bəşəriyyətə yenilik gətirəcək bir adamın ulu babasıdır? Bəlkə də iki yüz il bundan əvvəl yaşamış xeyirxah bir insanın kötücəsidir, kim bilir? Axı bu dünyada təsadüfi adam yoxdur, hər kəs öncədən varlığına yazılan təyinatını icra edir...

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Nassim Talebin «Qara qu quşu» kitabı barədə söhbətimizi yekunlaşdırırıq. Onun  açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Gəlin bu gün onlara diqqət yetirək.

 

Məsələn, o yazır ki, əgər məşhur italiyalı kinorejissor Lukano Viskontinin kino çəkilən pavilyonunda aktyorlar süjetə görə içində brilliant olan ağzı bağlı mücrü ilə nəsə bir iş görürdülərsə, rejissor mücrünün içində həqiqətən də brilliant olmasını təmin edirdi. Viskonti deyirdi ki, bu vasitə aktyorların öz rollarını duymalarına kömək edir. Viskonti onu da əlavə edirdi ki, tamaşaçıları aldatmaq da yaxşı deyil.

Başqa bir fəsildə Nassim Taleb yazır ki, yazıçı Umberto Eko çox az ziyalılardan idi ki, geniş təhsili olmaqla yanaşı, həm də darıxdırıcı deyildi. Onun 30 min (!!!) kitabdan ibarət kitabxanası vardı. Və o, insanları evinə gəlmiş qonaqları böldüyü təsnifata görə iki yerə bölmüşdü: Birincilər – qonaq gələndə təəccüblənən, «Sizin nə qədər kitabınız var!!! Bunların nə qədərini oxumusunuz?», - deyə haray qoparanlardır. İkincilər isə kitabxananı adi qarşılayan, şəxsi kitabxananı imic göstəricisi deyil, iş aləti hesab edənlərdir.

Əslən livandan olan müəllif Livanda gedən vətəndaş müharibəsi ilə bağlı da bir fakt gətirir. Paytaxt Beyrutda işıqları söndürərmişlər. Şəhərin müharibə zonasından xeyli uzaqda olan bir hissəsində səma o qədər işıqlı, aydın imiş ki, orada o qədər ulduz toplaşıbmış ki, zülmət gecədə onu seyr etmək adama fərəh gətirirmiş. Televizorlardan, digər asudə vaxt təminatçılarından məhrum olan insanlar risk edərək  şəhərin həmin hissəsinə yollanırlarmış ki, səmanı seyr etsinlər. Demək insanları raket zərbələrinin altına düşmək darıxdırıcı gecə keçirməkdən daha az qorxudur.

Qaçqınlıq fəlsəfəsinə aid gətirilən fakt da çox maraqlıdır: 1960-cı ildə Kastro rejimi hakimiyyətə gələndə kubalı qaçqınlar müvəqqəti, bir neçə günlük Mayamiyə köç etmişdilər, çamodanlarının üstündə oturmuşdular ki, bu gün-sabah geri dönəcəyik. Onlar, onların sonra doğulan nəsilləri hələ də Mayamidədirlər. Və yaxud, 1917-ci ildə Rusiyadakı bolşevik inqilabı zamanı ölkəni tərk etmiş bir çox rus mühacirlər dərhal geri dönəcəklərini zənn edirdilər. Yazıçı Vladimir Nabokov geriyə dönüşü çox da uzun olmasın deyə yaxın Berlin şəhərini özünə məskən seçmişdi, daimi mənzil də almırdı, kirayə mənzillərdə, otel otaqlarında yaşayırdı. Beləcə o, geriyə dönüşü olmadan bütün həyatını başa vurdu, «Montre-Palas» hotelində gözünü əbədi yumdu. Ümidlər insanların gözlərini bəzən bax beləcə kor edir.

Yeri gəlmişkən, mən özüm şəxsən Qarabağ müharibəsinin evsiz-eşiksiz qoyduğu 800 min nəfərə yaxın qaçqın ordusunun neçə-neçə nümayəndəsində bu «uğursuzluq sindromu»ndan gec-tez qurtulacağına, vətəninə dönəcəyinə olan 25 illik inamın hələ də öləzimədiyinin şahidi olmuşam.

Nassimin gətirdiyi başqa bir fakt – qeyri-adiliyin, gözlənilməzliyin, yeniliyin təntənəsi barədədir. O, öz qəhrəmanını – Yevgeniya Nikolayevna Krasnovanı təqdim edir. Beş il öncə heç kimin tanımadığı bu xanım - fəlsəfəyə böyük marağı olan nevroloq öz düşüncələrini müxtəlif avtobioqrafik şərhlərlə zənginləşdirib vərəqə köçürməyə başladı. Bunları çap etdirmək istəyəndə heç bir nəşriyyat onu ciddiliyə almadı, hətta bəziləri belə cızma-qaralar yazdığına görə onu təhqir də etdilər. Nəhayət, Yevgeniya «Rekursiyanın tarixi» adlandırdığı kitabını internet şəbəkəsində yerləşdirdi. Orada bu xanımın kiçik bir oxucu auditoriyası peyda oldu. Aralarında olduqca kiçik bir nəşriyyatın sahibinə də rast gəlindi ki, həmin nəşriyyat sahibi də Yevgeniyaya kitabını çap etdirmək təklifini verdi. Beş il ərzində öz məqsədyönlülüyü, əməksevərliyi ilə silahlanan Yevgeniyanin kitabı populyarlıq qazandı, ədəbiyyat tarixinin ən gözlənilməz müvəffəqiyyəti hesab olundu, milyon tirajlarla satıldı, ədəbi tənqid tərəfindən vəsf edildi. Kitab 40 dilə tərcümə olundu, Yevgeniyanın şəkilləri küçələri bəzədi. Həmin o kiçik nəşriyyat isə böyüyüb nəhəng korporasiyaya çevrildi. Və həmin nəşriyyatın belə bir devizi də yarandı: «Kitab oxumağı sevən uzun məsafələrə iri yük maşını sürənlər (dalneboyşiki) heç vaxt məhz yük maşını sürənlər üçün yazılan kitabları oxumurlar».

Müəllifin həyatından gətirdiyi bu fakt isə insan büdcəsinin durumunu müəyyənləşdirən bədxərcliklə qənaətçillik barədədir. O yazır:

«Mən xatırlayıram ki, treyder kimi çalışdığım gənclik illərində – 20-25 yaşım olan vaxtlarda pullar çox asan qazanılırdı. Mən taksidə gəzməyi sevirdim və sürücüyə bəzən bəxşiş (çayevoy) olaraq yüz dollar verirdim. Yalnız onun xatirinə ki, o, hədsiz dərəcədə təəccüblənsin. Bu, adi bir gedonistik təcrübə idi: insanı 100 dollar kimi mənasız, boş bir şeylə bütün günü xoşbəxt etmək. Amma zaman keçdikcə mən bu dəcəlliyimi dayandırdım. Biz hamımız varidatımız artdıqca və pula daha ciddi münasibət bəslədikcə xəsis, qənaətçil oluruq».

Kitabdakı xüsusi diqqət tələb edən bir fakt isə məşhur «Titanik» gəmisinin kapitanı E.S.Smitlə bağlıdır. Kapitan 1907-ci ildə söyləmişdi: «Bütün peşəkar fəaliyyətim dövründə mən bircə dəfə də olsun hər hansı ciddi qəzaya uğramamışam. Dənizdə keçirdiyim uzun illər ərzində mən heç vaxt qəza törətməmişəm, faciə təhlükəsi olan şəraitə düşməmişəm».

Bildiyiniz kimi, 1912-ci ildə beş il öncə bu cür qürrələnmiş Smitin gəmisi bəşəriyyət tarixindəki ən böyük qəzaya uğradı.

Bu isə taleyin insana qarşı ən böyük ironiyasının təcəssümüdür.

Və sözügedən bestsellerdə Nassem Talebin naməlumluqların, qeyri-müəyyənliklərin cövlan etdiyi bir zamanda oxuculara təlqin etdiyi hər bir gözlənilməzlikləri təxmin edə bilmək instiktinin formalaşması zərurəti ilə yanaşı, əsas məsləhəti də var: insan təbiətən doğmalara, yaxınlara, tərəfdarlara böyük ehtiyac duyan bir varlıqdır. Əgər siz həyatınızı qarışdırmaq istəyən qara qu quşları ilə mübarizə aparmaq fikrindəsinizsə, onların çəkdiyi qara pərdəni yarıb öz uğur hədəfinizə doğru irəliləyirsinizsə, onda mütləq özünüzə tərəfdarlar tapın, tək qalmayın!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalı üçün

 

 

Mütaliə insanların həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir.

Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Sokrat  mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar."

  Təəssüf ki, ölkəmizdə ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir.

  ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur. 

  Halbuki mütaliə şəxsiyyətin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.   Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın, fiziki, zehni və hissi inkişafında vacib tədris vasitəsidir.

 U. M. Tekkerey kitab  barədə  deyirdi  ki, ... kitab insanın ruhunu  qidalandırır,  onu  ucaldır    möhkəmləndirir.

Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox  aparıcı  klinikalarında  yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

 Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verilib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb    gənclərin  mühakimə  yürüdə  bilmək  qabiliyyəti  sürətlənib.

Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar .

Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effektitelevizorvəkompyutervermir, əksinətelevizoronlarıitirir... Cəmi 6 dəqiqəkitaboxumaqstressinsəviyyəsini 30 %-ə qədərazaldabilirki, bu da musiqiterapiyasındanvəyagəzintidəndahasəmərəlidir. 

Amerika alimləri 7 yaşdan 14 yaşakimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrətellərinə (neyron) və bundan irəl igələn nəticələrə malikdirlər.

London və Uels universitetlərinin alimləri isə San - Fransiskoda  53-75 kişi və qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanların telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir.

Mütaliə həmçinin uşaqların nitqinin,  lüğət ehtiyatlarının, ümumiyyətlə,  nitq mədəniyyətlərinin formalaşmasında,  insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.

 Ona  görə də mənəvi-əxlaqi dəyərlər aşılaması və harmonik şəxsiyyətin formalaşmasındakı rolunu və əhəmiyyəti,  tibbi baxımdan oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini nəzərə alaraq mütaliəni vərdişə çevirmək lazımdır. Bu işdə yaşlılar uşaqlar və gənclər üçün nümunə olmalıdırlar. 

Çünki uşaq və gənclərin təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşaq və gənclərin mütaliəsi onların həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır. Uşaqlıqda və gənclikdə oxunan bir kitab, demək olar,  adamın bütün ömrü boyu hafizəsində qalır və onun sonrakı inkişafına təsir göstərir. 

Oxunan səhifələrin sayının çoxluğu kimsənin yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma,  sözlərin mənalarının nə olduğuna qərar vermə və bu sözlərin mənalarının dərk edilməsi kimi bir çox bacarığı tələb edən olduqca kompleks bir əməliyyatdır.  Çoxdan sübut edilmişdir ki,  adını oxuduğu obyektin nə olduğunu bilən insan oxuma və anlamada daha sürətli olur.

Sürətli oxu səmərəli mütaliənin əsas şərtlərindəndir.   Bunun üçün oxucu fasilələrlə oxuya,  "sözləri deyil, fikirləri görməyə" (yənitək - tək sözləri deyil,  söz qruplarını oxumağa),  səhifə ilə  (monitorla)  göz arasında  normal  məsafə saxlamağa və səhifəyə dikbucaq altından baxmağa,  yalnız gözlərdən istifadə etməyə,  nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə,  oxu texnikası qaydalarına əməl etməyə çalışmalıdır. Ənənəvi qiraət zamanı dərk olunmanın (qavramanın)  dərəcəsi  60 %,  sürətli qiraətdə isə,  80 %  təşkil edir.  Orta qiraət bacarığı  (və ya adəti)   olan insanın gözləri bir kitab sətrində  12-16,  sürətlə qiraət edənin isə  2-4  duruşedir.   Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur.

Hazırda həyatımıza elektron kitablar və elektron mütaliə də daxil olmaqdadır. Birmənalı olaraq bunu rədd etmək və qarşı çıxmaq mümkün deyil. Amma bir məsələ var ki, bu gün heç də bütün kitabların elektron versiyası yoxdur. İnternet olmayan kəndlər var. Ən vacibi şair S.Rüstəmxanlının da dediyi kimi, elektron kitablar və elektron mütaliə heç vaxt ənənəvi kitabı və ənənəvi mütaliəni əvəz edə bilməz. “Ənənəvi formada kitab oxumağa üstünlük verənlərin bir sıra tutarlı dəlilləri var. Onlar kitabla fiziki təmasdan, kağızın qoxusundan, vərəqlərin çevrilməsindən, sətirlərin altından xətt çəkib qeydlər aparmaqdan, səhifə kənarlarını qatlamaqdan, ümumiyyətlə, kitabla qurulan psixoloji-mənəvi, emosional əlaqədən və bu zaman yaranan atmosferdən zövq aldıqlarını bildirirlər. Hətta araşdırmalara görə, yaponlar uşaqlarına hələ körpə vaxtlarından kitab qoxladırlar ki, gələcəkdə qoxu yaddaşının təsiri ilə mütaliəyə meyillənsinlər.

Neyrobioloqlar da bildirirlər ki, yaddaşımız assosiativ olduğuna, yəni beyinə ötürülən məlumatları başqa şeylərlə əlaqələndirməyi sevdiyinə görə, hətta kitabın üz qabığı, vərəqlərin saralıb-saralmaması, müxtəlif şriftlər oxuduqlarımızın hafizədə saxlanmasında önəmli rol oynayır, əsər yaddaşa hopub xatirədə çox güclü, qalıcı izlər buraxır”. Hər nə olsa da, elektron kitablardan və elektron mütaliədən imtina düz deyil.

İstər ənənəvi, istərsə də elektron mütaliədə  kitab  seçimi  xüsusi  əhəmiyyət   kəsb  edir.  Başqa sözlə, düzgün kitab seçimi mütaliədə əsas şərtdir.

 

1. İndi dünyada sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir

edən, “nə mənsəbə qulluq etdiyi” hətta müəllifləri tərəfindən belə bilinməyən, “söz yığınından ibarət olan“, kriminal və pornoqrafik səciyyəli kitabların sayı

xeyli artmışdır. Ona görə də təsadüfi (səhv) kitab seçimi xeyirdən çox ziyan gətirə bilər. Mütaliədə səhv seçimlər isə bir sıra fəsadlar yaradır: oxucuda fikir qarışıqlığına səbəb olur, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir.

2. Müxtəlif səbəblərdən bəzən uşaq və gənclər bilik və yaşlarına uyğun olmayan kitabları oxumağa girişirlər. Aydın məsələdir ki, 8-10 yaşında olan bir uşağın gənclik romanını və yetişkinlər üçün nəzərdə tutulan kitabları oxuyub anlaması mümkün deyil. Çünki bu zaman kitab və uşaq “eyni dildə” danışa bilmirlər. Aydın məsələdir ki, onlar belə kitablardan zövq ala bilməyəcək və mütaliədən soyuyacaqlar. Bir maraqsız kitab isə insanı ömürlük kitablardan uzaq sala bilər.

3. Təsadüfi seçilən bəzi əsərlər oxucunun psixologiyasına mənfi təsir

edir. Məsələn, şiddət və qorxu məzmunlu kitabları oxuyanlar digərlərinə görə çox dalaşqan, üsyankar və aqressiv olurlar .

4. Bəzən oxucular heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə

edirlər ki, həmin kitablarda dilimizin nitq normaları və üslubi xüsusiyyətləri

gözlənilmir, yersiz arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə

(xüsusən tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab dilimizin zənginliyini və gözəlliyini nümayiş etdirməli, anlaşıqlı və axıcı bir dildə olmalı və oxucunun lüğət ehtiyatını artırmalı, onların nitq mədəniyyətini formalaşdırmalıdır.

5. Bəzi əsərlərdə ana mövzu qeyri-müəyyən olur, hadisələr ləng şəkildə cərəyan edir, çoxlu sayda obrazlar olur, onların bəziləri həddindən artıq idellaşdırılır (təbiilikdən çıxarılır), zaman xronologiyası tez-tez pozulur (keçmişə və gələcəyə gəliş-gedişlər çox olur). Uzun təhkiyələrə yol verilir. Bunlar isə ikili və yalnış anlamalara səbəb olur, gənc oxucuları çaşdırır, onların canlarını sıxır. Nəticədə onlar usanır və bezirlər. Onlara elə gəlir ki, kitabların hamısı belədir.

6. İndi kitab bazarında tərtibatı və dizaynı müasir tələblərə cavab verməyən kitablarla da tez- tez rastlaşırıq. Bu kitabların düzgün seçilməyən rəngi, kağız və şrift formatı, məzmunla uyuşmayan üz qabığı və illüstrasiyaları onu oxumaq üçün alanların estetik zövqünü korlayır.

Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv şrift və düz olmayan sətirlərarası interval gözlərin nurunu da korlayır..

Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitablar insanların gözlərinə zərəri var.

Zənn edirik ki, kitab seçiminin zəruriliyini əsaslandırmaq üçün yuxarıda göstərilənlər yetərli sayıla bilər. Düzgün seçilməyən hər hansı ayaqqabı insanın ayaqlarını incidib şikəst etdiyi kimi, düzgün seçilməyən kitab da oxucuların insani duyğu və dəyərlərinin formalaşmasını ləngidir, mənən şikəst edir .

Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan da çox asılıdır. Ona görə də münasib mütaliə vaxtının təyin edilməsinə (şərti olaraq) xüsusi fikir verilməlidir. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda mütaliə etmək məsləhət görülmür.

Mütaliə  salonu  olduqca  sakit,  mümkün   qədər   bər-bəzəkdən  uzaq  olmalıdır.  Atmosfer  temperaturu    işıqlandırma  sistemi  münasib,  mütaiə  vasitələri - stol    stul,  həmçinin  digər texniki   avadanlıqlar  mütaliə  üçün  əlverişli  olmalıdır.

Mütaliə  ilə  məşğul  olan  gün  ərzində  konkret  istirahət  saatlarının  müəyyən edilməsi,  mütaliəarası  fasilələr,  düzgün  qidalanma,   zehnə  xeyirli  qidaların  qəbulu  da  diqqət mərkəzində   saxlanılmalıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

 

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Dünən Azərbaycan xalqının ömür təqviminin daha bir qara səhifəsi idi. Amansızlığına və miqyasına görə bəşər tarixinin ən qanlı faciəsi olan 31 Mart –Azərbaycanlıların Soyqırımı Günündən 106 il ötürdü. Təbii ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının da bu günlə bağlı təbliğat-təşviqat planları var idi. Burada soyqırım günü ilə əlaqədar silsilə materiallar-elektron məlumat bazası, ənənəvi və virtual kitab sərgisi hazırlanmışdı. Axı biz tariximizi nə qədər ki, dərindən bilməyəcəyik, ona səthi yanaşacağıq, öz bugünümüzü, sabahımızı da düzgün müəyyənləşdirə bilməyəcəyik. Xüsusən, gənc nəslə çatdırılası çox mətləblər vardır. Elə Gənclər Kitabxanasının da missiyası budur.

 

Elektron məlumat bazasında diqqət edib görürük ki, bazada 31 Mart hadisələrinin tarixinə xronoloji ardıcıllıq ilə nəzər salınır, soyqırımın acı nəticələri haqqında tarixi faktlar, rəsmi sənədlər təqdim edilir.

Məlumat bazasında Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında bu hadisələrə siyasi qiymətin verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasının ilk dəfə rəsmi sürətdə bəyan edilməsi və 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün  hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi haqqında məlumat, Prezident İlham Əliyevin Quba Soyqırımı Memorial Kompleksinin açılışında söylədiyi nitqin tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən səylə hazırlanmış elektron məlumat bazasında Mart hadisələrinin yer aldığı bədii əsərlər haqqında məlumat verilir, bu mövzuda qələmə alınan kitab və dövrü mətbuat məqalələri təqdim edilir. Elektron bazada Soyqırım hadisələrinə həsr edilən “Soyqırım yaddaşlarda”, “Kütləvi repressiyalar”, “Filmoqrafiya”, “Foto və videoqalereya”, “Virtual kitab sərgisi ” bölmələri də mövcuddur.

“31 Mart unudulmayan tarix” adlı virtual kitab sərgisində “31 Mart tariximizin faciəli səhifəsi”, “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırım”, “Şamaxı: 100 il “Tam məxfi qrif”i altında”, “1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə”, “Qanlı günlərimiz” kimi kitabların qısa annotasiya ilə yanaşı dövrü mətbuat nümunələri də sərgilənir.

Şəxsən mən bilmədiyim çox şeylərdən hali oldum. Fürsətdən istifadə edərək oxucularımı bildirmək istəyirəm ki, “31 Mart –Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası və “31 Mart unudulmayan tarix” adlı virtual kitab sərgisi ilə tanış olmaq istəyirlərsə, kitabxananın rəsmi saytında bu linklə keçid edə bilərlər:

 

https://ryl.az/melumat-bazalari/Mart_Soyqirimi_el_melumat_bazasi/index.html

https://ryl.az/multimedia/31-mart-unudulmayan-tarix

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

31 Mart – Azərbaycanlıların Soyqırımı faktı uzun müddət Sovetlər dönəmində yaşayan Azərbaycan xalqının bir neçə nəsli üçün gizlin qalıb, şahidlər bunu növbəti nəsillərə danışıb dildən-dilə daşınmasına rəvac verdikləri halda mətbuat, ədəbiyyat üçün bu mövzu qapalı mövzu hesab edilib. Axı bu qətliamın başında hakimi-mütləq Kommunist partiyasının sələfi olan bolşevik partiyası dayanıb, icra edənlər isə “bir bayraq altında yaşayan 15 qardaş xalq”dan biri – ermənilər olub.

Ən yaxşı halda 12 min azərbaycanlının öldürülməsi, yüzlərlə kəndin yandırılaraq yer üzündən silinməsi faktlarına “bolşevizmin əksinqilabi ünsürlərlə mübarizəsi” damğası vuraraq bizə öz faciəmizi xoşbəxtlik kimi sırımaq istəyiblər. Yalnız Azərbaycan Sovet İmperiyasından qopduqdan sonra tarixin ağ ləkələri araşdırılmağa başlanılıb və bu dəhşətli qətliam faktları da üzə çıxıb.

Yaxşıdır ki, çağdaş yazıçılarımız da bu mövzuya müraciət etməyə cəsarət tapırlar. Yazıçı Varisin “Qızıl cib saatı” romanında 18-ci ilin qətliam mənzərəsi Azərbaycan Xalq Cumhuriyyəti Fövqəladə İstintaq Komissiyasının, eləcə də Britaniya arxivlərinin sənədləri əsasında, tam real boyalarla əks etdirilib.

Konstantinopolda (indiki İstanbul) yaşayan, milliyyətcə erməni olan bir gəncin Daşnaksütun Partiyasında işə düzəlməsi, elə ilk iş günündə də ailəsinə xəbər belə verə bilmədən etnik ermənilərlə yerli türklər arasında milli ədavətlər baş verən Van, Ərzurum bölgələrinə göndərilməsi, daha sonra da oradan Azərbaycana gəlib çıxması, Bakı qırğınına canlı şahidliyi romanın əsas süjet xəttini təşkil edir.

Yazıçı etiraf edir ki, Bakı qırğını epizodları birəbir şahid ifadələri əsasında yazılıb, tam realdır və o özü bu materiallarla tanış olanda həqiqətən də sarsılıb.

İnsan insana bunca zülm edə bilməz. Bu vəhşilikdir, rəzillikdir. Bu, dünyanın özünü sivil sayan toplumuna ermənilərin iç üzünü açmaq üçün ən gözəl bir tutalqadır.

Yazıçı dünən sosial şəbəkə hesabında paylaşım edərkən yazıb:

 1918-ci ildə daşnak-bolşevik müttəfiqlərinin azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınların miqyasını Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının arxiv sənədləri əsasında, eləcə də 1913-15-ci illərdə daşnakların Osmanlı İmperiyası ərazisində həyata keçirdikləri terroru Britaniya arxivlərinə istinadən bədii ədəbiyyata gətirmək və qısa müddət ərzində bestsellerə çevrilən bir roman ərsəyə gətirmək əlbəttə ki, çox ağır və gərgin əməyin nəticəsidir.

Və əlbəttə ki, onu da unutmaq lazım deyil ki, bu romanın xeyir-duasını Azərbaycanın Xalq Yazıçısı Kamal Abdulla verib: “Roman Azərbaycanın haqq səsini dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir. Mən belə bir romanın ərsəyə gəlməsi münasibətilə Varisi təbrik edirəm”.

Heç bir cinayət cəzasız qalmır.

Nə yaxşı ki, Azərbaycan ərazi bütövlüyünü tam təmin edərək tarix boyu mənfur düşmənimizə verdiyimiz şəhidlərimizin qanlarını yerdə qoymadı.

İndi də sizi “Qızıl cib saatı” romanının bir hissəsi ilə baş-başa buraxırıq.

 

------------

 

 

 

“İstəyirsiniz, mən göyləri, yerləri şahid çəkim ki, qələm əsla cansız deyil, canlıdır. O, yazdıqlarının mahiyyətinə varır, sevincindən bəhs edəndə özü də sevinir, kədərdən bəhs edəndə isə dərdə, qəmə, batır.

Artıq tam olaraq Bakıda mənim millətimin müsəlmanlara qarşı qətliam həyata keçirdiklərinə əmin olduqdan, “erməniləri müsəlmanlardan qorumaq”, “bolşevizmi qəbul ermək istəməyənlərə bolşevizmi qəbul etdirmək” kimi cəfəngiyyatlardan dolayı yalan pərdəsinin küçələr boyu qalaqlanmış günahsız, dinc müsəlmanların eybəcər hala salınmış meyitləri reallığıyla tam yırtılmasından sonra mən həqiqətən bir utanc hissi keçirirdim. And olsun o müqəddəs Yaradana ki, yer yarılsaydı yerə girərdim.

Martın 25-də - onda ki, martın 24-də 36-cı Türküstan polkunun tələbi, matrosların hədə-qorxusu və Çaparidzenin müdaxiləsindən sonra bizimkilər qətliamı dayandırmışdılar, tərəflər arasında barışıq elan olunmuşdu, gec də olsa Fəhlə, əsgər və matros deputatları Soveti Bakıda asayişi bərpa etməyə başlamışdı, həmin məqamda bir iş də o olmuşdu ki, Sovetin müsəlman üzvü Kazım Axundova şəhərin dağlıq hissəsini – Çəmbərəkəndi mümkün ola biləcək erməni basqınlarından qorumaq üçün 10 silahlı matros verilmişdi. O vədədə tanış olduğum bu fədakar insan öz işini təkcə Çəmbərəkəndi qorumaqla bitmiş hesab etmirdi, küçələrdə qalaqlanmış meyitlərin yığılmasının təşkili ilə də məşğul olurdu.

Haşıyədən kənara çıxıb söyləyim ki, bütün şəhər üzrə həm bolşeviklərin, həm də müsəlman komitələrinin təşkilatçılığı ilə meyitlər yığılırdı, “Vulkan” cəmiyyətinin istifadəsiz qalmış limanına 6748 meyit yığılmışdı, sonra onlar Petrovsk və Jeleznodorojnıy limanlarından barajlarla Bibi Heybətə daşındı. Ən azı altı baraj meyit aparmışdılar, and olsun Yaradana. Meyit yığılması düz 31 marta kimi davam etmişdi. Bunlar hələ meyitlərin hamısı deyildi. Sonradan bəzi meyitlərin Sabunçu, Suraxanı və Binə kəndlərində quyulara basdırılması aşkar ediləcəkdi, Poxlu Dərədə isə elə təkcə bir quyudan qulağı, burnu, cinsiyyəti kəsilmiş, qarnı yırtılmış 57 qadın meyiti aşkarlanacaqdı.

Hə, Axundov Nikolayevsk küçəsindən meyitlər daşınanda gözlərindən bildır-bildır yaş axıdaraq üç və beş yaşlı uşaqların, gimnaziya şagirdlərinin meyitlərini mənə göstərib soruşurdu ki, Allah heç bu zülmü götürərmi.

Mərkəzi Türmənin yanında 400 müsəlman meyiti saydım. Hamısı soyundurulmuşdu, başları Qərb istiqamətində qoyulmuşdu. Niyə? Bilmədim.

Qeyri-ixtiyari gözlərim meyitlərin arasında üç müsəlman tanışımın meyitini axtarırdı, əzabla öldürülmüş insanların hamısının gözlərinə, burunlarına, ağızlarına dəhşət ifadəsi necə qonmuşdusa, sanki hamısı bir-birinin oxşarı idi, kimin kim olmasını çətin ayırd edərdin.

Mən bu yazımın əvvəlində qələmin canlı olmasından, yazdıqlarının mahiyyətinə varmasından boşuna söz açmadım. Zira, yazdığım qeydlərin həcmcə çox böyüməməsi, belimə şələləyib özümlə eldən-elə gəzdirdiyim rükzakımı tam zəbt etməməsi üçün onsuz da çox mətləbləri qeyd etməkdən vaz keçir, bir növ qənaət rejiminə əməl edirəm. Həmin gün Kazım Axundovun bir insaflı qəzetəçi sayaraq məni və həvəskar fotoqraf olan rus Vladimir Sokolovu Kərpicxana deyilən yaşayış məskəninə dəvət etməsi Sokolovdan tarix üçün üç-dörd foto çəkməsi xahişi səbəbindən doğmuşdu, amma o anlarda bax məhz dediyim qələmlə bağlı hadisə baş verdi. Necə ki, bir vəhşət görəndə insanın damarında qanı donur, bax eləcə də, mənim qələmimin mürəkkəbi dondu, nə illah elədim, qeydlərimi başa çatdıra bilməyib titrək əlimlə birtəhər qələmimi və qeyd dəftərimi rükzakıma dürtüşdürüb gözümlə gördüyüm, insanlıqla bir araya gəlməyəcək səhnəni beynimə yazası oldum.

Bir mənzildə Sokolov ilk fotosunu çəkdi, iki yaşlı körpəni yeddi-səkkiz verşka uzunluqlu kazaçkov mismarıilə daş divara pərçimləmişdilər. İkinci mənzildə növbəti fotosunu çəkəsi olan Sokolov içini çəkərək “heyvanlar” söylədi, bu sözün, sandım ki, bizlərin hər birinə, o cümlədən mənə də aidiyyatı var, özü də çoxdur.

Yataqda 13-14 yaşlı çılpaq qız uzanıqlı vəziyyətdə əbədi yuxuya dalmışdı, bədəni qançır-qançır idi, ayaqları aralıydı, ayaqlarının arasında qan gölməçəsi yaranmışdı, iki-üç milçək vızıltılyla qan içirdi. Biçarəni onlarca şəxs sıra ilə zorlamışdı, elə bu təcavüzdən də dünyasını dəyişmişdi, olduqca ürəkdağlayan mənzərə idi.

Daha bir neçə mənzili gəzəndən sonra növbəti mənzilə yetişəndə birinci otaqda yerdə 23-24 yaşlı lüt qadının və altı-yeddi yaşlı oğlan uşağının meyitini gördük. İkinci otağa keçəndə isə... Mən bilmirəm, vallah bilmirəm, müqəddəs xaç haqqı bilmirəm, insan hansı anında bütün insanlıq deyilən xüsusiyyətlər cəmini itirib Ali Yaradanın iradəsinin ziddinə olaraq ən yırtıcı, ən vəhşi heyvandan belə yırtıcı və vəhşi xislətə düşə bilər. Yerdə südəmər körpə meyiti vardı, sifətindəki gülümsər ifadə ondan xəbər verirdi ki, kürəyinə süngü soxularkən şipşirin yuxudaymış. Bilmirəm, uşaqlar yuxu görə bilirlərmi, ancaq həmin an onun gözəl yuxu gördüyü şəksiz idi. Bəlkə də yuxusunda o böyümüşdü, xoşbəxtlik, bəxtəvərçilik dənizinə baş vurmaqdaydı... Körpənin əl-ayağını isə içəri soxulmuş kirli-paslı küçə itləri gəmirib didişdirirdi.

Sokolov necə dəhşətə gəldisə foto çəkməyi dayandırıb hövlnak oradan qaçdı, mənsə Axundovun fasiləsiz yağdırılan “Bunu Allah götürərmi” suallarının şillə kimi üzümə-gözümə çırpılan şiddətindən qurtulmaq üçün mıxlanıb yerdə qalmış zalım ayaqlarımdan tərpənib getməyi acizanə surətdə rica edə-edə qaldım...

Bu hadisə məni necə əzmişdi, qəlbimi necə inlətmişdi, söyləyə bilmirəm. Dəfələrlə o yataqda qan-içində ölüb qalmış kütləvi zorlanmaya məruz qalan qızın yerində bacım Noranı, nişanlım Anuşu təsəvvür edib ürəyimin çırpıntılarından köksümü yarıb çölə çıxacağı və gərilən damarların tab gətirməyərək partlayıb yaşadığım evin ağappaq divarlarını al qırmızı qanla bulaşdıracağı təəssüratı yaşamışdım həmin gecə.

Hələ o körpə!!! Aman Allah!

Çox sarşılmışdım. Nəyin bahasına olursa olsun geriyə qayıtmaq istəyirdim, amma dezertir damğası alacağımdan, valideyinlərimin incildilməsindən hədsiz ehtiyat etməyim yenə də mənim şərin qoynunda duruş gətirib qalmağımı diktə edirdi.

 

                                                  ***

 

Bakı qətliamı xırda-para epizodları çıxmaq şərti ilə yatırılmışdı, “İrəli” daşnak qəzeti yazırdı ki, bu son xoşagəlməz günlərdə Erməni Milli Şurası müsəlman əhalini bacardıqca müdafiə edir, onları himayəsi altına alırdı. Bu boyda yalanmı olardı?

Müsəlman komitələri isə qırğının, ziyanın miqyasını hesablayırdı. Təkcə elə 19-21 mart tarixlərində - üç gündə Bakıda 11 min müsəlman öldürülmüşdü, əhaliyə 400000000 rubl ziyan dəymişdi. Bakının müsəlmanlar yaşayan Məmmədli, Poxlu Dərə və Kərpicxana adlı hissələri büsbütün dağıdılmış, əhalisi güllələnmiş, süngüdən keçirilmişdi. Şəhərin mərkəzindəki əksər binalar, mehmanxana və mağazalar qarət edilmiş, yandırılmışdı. Bir də təkrarlayım ki, Bakının qürur rəmzi olan, arxitektura şedevri İsmailiyyə binası da həmçinin.

Ara azacıq sakitləşən kimi vahimə və panika içində olan bəzi Bakı sakinləri canlarını qurtarmaq üçün Biləcəri dəmir yolu stansiyasına (Bakı stansiyası quldurların tam nəzarətində idi) gedir, ordan faytonla 50 rubl ödəməklə Sumqayıt stansiyasına yollanır, ordan yük vaqonu ilə Xaçmaza, ordan da atlarla Qubaya pənah aparırdı. Halbuki, mənim əlimdə səhih məlumat var idi ki, müsəlman qırğını tək Bakı ilə məhdudlaşmayacaq, böyük dəmir yolu stansiyalarında – Yevlax, Ucar və Kürdəmirdə, ən əsas coğrafi nöqtələrdə - Quba, Lənkəran və Gəncə quberniyasında, xüsusən Şamaxıda daha azğınlıqla davam etdiriləcək.

Bakı qırğınından keçən növbəti günlərdə mən əzab və səksəkə içində əvvəlki ünvanımda yaşamaqda davam edir, hər günümü bir şüşə vodka ilə bitirməklə növbəti gündə Poqosovdan xidmətimi bitirməyim və geriyə - vətənə qayıtmağım müjdəsini gözləyirdim. Amma bu gözləntim elə gözlənti olaraq da qalır, qurğuşun ağırlığında olan ümidlərim polad ağırlığında olan reallıq yükünün altında çabalayıb inləyirdi.

Otaq yoldaşlarım yaxşı ki, mürəxxəs olub getmişdilər. Yoxsa bu ağır durumda onların mövcudiyyatına sadəcə tab gətirə bilməyəcəkdim. Şəhərə çıxır, Poqosovun, yanına gedib-gəlir, bu şəhərdə yeganə həmdəmim olan Yakov Smirnovu ziyarət edib saatlarca söhbətləşir, Bakının talanmış, xarabalığa çevrilmiş baş küçələri ilə dərdli-dərdli gəzişirdim.

Poqosovun yanına gedib-gələndə də, digər erməni komitələrinə baş vuranda da, küçələri gəzəndə də fikrim-zikrim həm də onda olurdu ki, birdən Hamleti görərəm, ondan bir xəbər bilərəm. Hesabla o da bu vədələr Zaqafqaziyada olmalıydı, tale bizi kaş ki, yenidən görüşdürəydi, keçmiş o xoşbəxt həyatımın yeganə yadigarı ilə bircə an baş-başa qala bilməyim mənə bu iztirablı aylardan, illərdən qat-qat dəyərli olardı. Amma Hamletdən yox, Qriqori Melkumyandan xəbər tutdum – Qriqori əmimdən, atamın dostundan. O şəxsdən ki, 1912-ci ilin günəşli və küləkli bir günündə Üsküdərdəki evimizə qonaq gəlib anamın bişirdiyi yaşıl lobya soyutmasını sarımsaq-qatıqla bəh-bəhlə yediyi zamanda atamın məni işə düzəltmək xahişini məni bax bu bəlaya – bu oküz boyunduruğuna salmaqla həll edərək yaxşılıq etdiyi halda əslində görünməz bir pislik eləmişdi. Sonradan, necə ki mənəvi ölümümə bu cür səbəbkar olmuşdusa, eləcə, Vanda alçaq Mesrop Ülgüc tərəfindən həbs edilərək zülmət zirzəmiyə salındığımda da xilaskarıma çevrilmişdi, xəbərimi eşidib dərhal Vana gəlmiş, əlaqələrinin köməyi ilə məni fiziki ölümün pəncəsindən qoparmışdı. Parapet yanındakı Erməni kilsəsindən əzizlərimçün dua etmək ritualını bitirib çıxanda Konstantinopolda atamla Qriqori əminin müştərək dostları olan Vartaz əmini gördüm. Tanrım, özgə vaxtı heç salam vermədiyim, çox da xoşlamadığım bu adamı burada görcək necə sevindim, ona sarmaşıb necə ağladım?! Vartazdan  Konstantinopolun, hətta atamın belə qoxusunu da aldım həmin anda. Bax onda hal-əhval tutmağımızın sonunda Qriqori əmimin edam edilməsi xəbərini eşitcək sarsıldım. Deməzsənmiş, Qriqori Melkumyan 1915-ci ilin 17-18 iyulunda Diyarbakırın Ziyer kəndində 500 qiyamçının, 29 iyulda Maraşda 400 qiyamçının, 2-3 avqustda Sivasda da yenə də 400 qiyamçının üsyanlarının təşkilatçılarından biri kimi Dendil yaxınlığında həbs olunaraq edam edilibmiş.

Onunla Muşda olanda – 1915-ci ilin yanvarında son dəfə telefon əlaqəmizi xatırladım. Göz yaşı içində tam yorulduğumu, usandığımı, hətta intihar edəcəyimi söyləmişdim. O da demişdi, “Ağlını başına yığ, uzağı apreldə müharibə bitəcək. Bəxtin gətirsə müstəqil Ermənistanın fədaisi kimi, gətirməsə isə zəngin təcrübəyə malik bir qəzetəçi kimi Konstantinopola dönəcəksən, atan da səni evləndirəcək. Toyunda da Qriqori əmin musiqiçiləri özü dəvət edəcək, aşıq Şeram və aşıq Avasını çağıracağam, bir erməni “Tərəkəmə”si də oynayacağam”.

Sona qədər millətçi, sona qədər qərəzli oldu. Hətta son sözlərində də türkün “Tərəkmə”sinə erməni “Tərəkmə”si dedi. Eh. Həyat. Sənin dolanbac yollarında azmamaq bəlkə də mümkünsüzdür.

 

                                                  ***

 

Bir də bilirsiniz, 1918-ci ilin martında Bakı küçələrində nəyi müşahidə etmək acınacaqlıydı? Sadəlövh müsəlmanlar onlara dəyən ziyana görə Şaumyanın, onun əlaltılarının qəbuluna düşmək üçün uzun-uzadı növbələr yaratmışdılar, xırda qaniçənlərin vurduqları ziyana görə böyük qaniçənlərdən pənah umurdular. Belə bir hadisənin də şahidi olmuşdum: qırğın zamanı ayağından güllə dəyib amputasiyaya məruz qalan Serkovnıy, 18 ünvanında yaşayan binəva birisi - Məmməd Əliyev əsalara dirənərək iki sutka gecə-gündüz növbə gözləmiş, nəhayət Şaumyanın kabinetinə düşəndə gözlərindən yaş axıdaraq ailə üzvlərinin güllələndiyini, bütün əmlakının talandığını söyləmiş, çarəsiz duruma düşdüyünü vurğulayaraq imdad diləmişdi. Şaumyansa üz-gözünü turşudub: “Allahına şükür elə ki, özün sağ qalmısan. Get burdan!” – hədəsi ilə onu qovmuşdu.

Həmin dönəmlər Bakıya ürək dağlayan bir mənzərə hakim idi. Erməni mənzillərində şadyanalıq, yeyib-içmə, qələbə təntənəsi öz epogey halına çatmışdı. (Bir gün qapımı döyüb, erməni mühəndis Adamovun həyat yoldaşı mənə bir ovuc şirinlik qənd də gətirib vermişdi, müsəlmanların Novruzunu qara gətirib qanlarına susandığını görcək evlərə şəkər paylayacağını əhd etdiyini dilə gətirmişdi). Erməni komitələri, daşnak bürosu məclislər, ballar keçirir, əldə etdikləri milyonlarla pulun, daş-qaşın işığında qopardıqları ton-ton ərzaqdan israfcasına dadır, oxuyur, rəqs edir, əylənirdilər. Doğmalarını itirən, ev-eşiyi yandırılan sağ qalmış müsəlmanlar isə (şikəst qalanı, yaralı olanları da kifayət qədər idi) çəkdikləri dəhşətli əzabla bahəm bütün maddiyyatlarını, ərzaq ehtiyatlarını itirdiklərinə görə indi də aclıq təhlükəsinə tuş gəlmişdilər. O günlərdə gözlərim şəhər zibilliklərində yemək axtaran, acından küçədə yıxılıb qalan müsəlmanları görməyə alışmışdı. Zəngin neft səltənətinin aborogen millətinin bu hala salınması, fikrimcə, çox böyük ədalətsizlik idi. Amma bu ədalətsizliyi bir erməni kimi etiraf etməyim kimə lazım idi? Poqosov və Poqosovkimilər “vətən xaini” damğası ilə dərhal mənim məhvimə fərman verər, ailəmi belə təqibə məruz qoyardılar. Müsəlmanlar üçünsə mənim – sıravi bir erməni yazarının, sözü sözlər yanında milçək vızıltısı qədər belə eşidilməyəcək bir məğmun, aciz, gücsüz bəndənin söylədikləri yaralarına məlhəm, dərdlərinə təsəlli ola bilməyəcəkdi. Mənim millətim xristian olması – xristian güclərə arxalanması hesabına bu mücadilədə güclü tərəf idi, müsəlmanları tam yenmişdi - əsas həqiqət bax buydu.

O ki Əhməd İzzət Paşanın əmriylə yaş senzinə görə ordudan kənarlaşdırılmış Maraş komantanı Süleyman Paşa təsəlli üçün atlı qarışqaları döyüşdürərkən təqribən eyni ölçülü-biçimli, eyni güclü qarışqalardan birinə qahmar çıxaraq yoğun barmağıyla digərini daim aşağı itələyirdi, eynən o cür də bolşevizmin yoğun barmağı erməni – müsəlman münaqişəsinin müqəddəratını həll etməkdəydi.

Qaranlıq düşəndə qarabasmalarım başlayırdı, ağlımı get-gedə itirmək üzrə olduğumu ehtimallarım, fərziyyələrim daha aydın isbatlayırdı. Bu şəhərin hər gün təkrarlanan küləklərinin vıyıltısı pəncərəni çərçivə qarışıq qoparmaq, damı laxladıb uçurmaq çabalarıyla çıxardıqları səs-sədayla mənə lap sarımı uddururdu. Bir yandan da, çox güman, ev sahibəsinin yanına gələn erkəklərin gecə yarı belə usanmadan taxta pillələri cırıldadaraq aşağı-yuxarı çıxmaları içimə vəlvələ salırdı. Gözlərim yuxusuzluqdan alışıb yansa belə onları yuman kimi gah bu lənətə gəlmiş səslərin qorxu-hürküsü, onlar imkan verəndə isə həmin o qarabasmaların basqısı (daha çox qaynar su ilə dolu qazan başıma əndərilir, ərşə çatan tonqalda heyvan kimi ətim şişə taxılıb qızardılır, xəncərlə gözüm ovulub xırçıltıyla yerə tökülürdü) məni yataqdan dik atılmağa, işığı yandıraraq su qrafinini başıma çəkməyə, yanğımın söndürülməsi prosesinin bir belə uzun çəkməsindən sonra da təngnəfəs halda ciblərimi axtararaq papiros və kibrit tapıb ciyərlərimin məhvini labüdləşdirən papirosçəkmə cəzasına sövq edirdi.

Belə vaxtlar “bəlkə mən lənətlənmişəm” deyə düşünür, bu düşüncənin öldürücü təsiri əvvəlki vəziyyətimi bunun yanında lap toyagetməli edirdi. Özümü hamam otağına salıb başımı soyuq suyun altına tutur, fınxırıb burnumu təmizləməklə kəsilməkdə olan nəfəsimi bərpa edəcəyimi düşünür, bir də alüminium tübikdəki mentol dadı verən pasta ilə ciddi-cəhdlə, var-gücümlə dişlərimi sürtürdüm.

Haçansa hardansa oxumuşdum ki, ruhi sarsıntı keçirən insanların özəl qəribəlikləri olur, gecə yarısı dişimin mina qatının indicə qoparılıb aparılacağı təəssüratı yaradan çox kobud təmasla diş fırçalamağım, şübhəsiz, mənim ruhi sarsıntımı isbatlayan özəl qəribəliyim sayıla bilərdi.

Tarix ona görə tarix olur ki, güclüyə xidmət edib zəifi aşağılayır. Tarixin qələmini, kağızını güclülər ayırır, onu yazan mirzələri güclülər seçir, bir tikə çörəyini, bir içim suyunu verir ki, otur yaz. Onlar da yazır. Qaraya ağ, ağa qara deyə-deyə yazdıqlarını üst-üstə qalaqlayırlar.

Şərəfin tarixi əsla mümkün olan şey deyil. Məncə, yalnız şərəfsizliyin tarixi mövcuddur!”

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

 

Bazar ertəsi, 01 Aprel 2024 10:45

“Bahar oğlu” Lənkəranda anıldı

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”        

 

Bölgələrimiz içində ədəbi prosesə təkan verməsi, istedadlı yazarlar üzə çıxarması baxımından daim fərqlənən, ön mövqelərdə olan Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsi bu istirahət günlərində növbəti bir tədbiri ilə yadda qaldı. Belə ki, AYB Lənkəran Bölməsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, dramaturq, tərcüməçi Cəfər Cabbarlının 125 illiyi ilə əlaqədar "Bahar oğlu" adlı tədbir keçirildi.

Təbii ki, məkan olaraq Lənkəran Dövlət Dram Teatrı seçilmişdi. Tədbiri izləməyə bölgə yazarları, teatr xadimləri, ictimaiyyət nümayəndələri təşrif buyurmuşdular. Xüsusən, AMEA Ədəbiyyat İnstitutunun ədəbi-tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusiflinin iştirakı tədbirə rəng qatırdı.

 

ANAR BABALI

 

Tədbiri teatrın baş rejissoru Anar Babalı açdı. O, Cəfər Cabbarlının  ədəbiyyatımızda, xüsusən dramaturgiya sahəsində, milli teatr sənətinin inkişafındakı müstəsna xidməti barədə qısa məlumat verdikdən sonra tədbiri aparmaq üçün sözü AYB Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərliyə verdi.

 

QAFAR CƏFƏRLİ

 

Qafar Cəfərli ədəbiyyatımıza "Bahar oğlu" kimi qədəm qoyan böyük ədibin həyat yoluna nəzər saldı. Bildirdi ki, cəmi 34 il ömür sürən Cəfər Qafar oğlu Cabbarlı özündən sonra əsrə sığacaq bir ədəbi irs miras qoymuşdur. Yaradıcılığa çox erkən yaşlarından başlayan böyük ədibin həyatı həmin vaxtı ölkədə mövcud olan  Rusiya imperiyası, Azərbaycan Xalq Cumhuriyyəti və Sovet  dövrünə düşdüyündən, ədəbi yaradıcılığı da üç dövrlə xarakterizə olunur. Cəfər Cabbarlı yaradıcılığının hər üç dövründə məşğul olduğu sahənin hər birində möhtəşəm nümunələr yarada bilmişdir.

 

VAQİF YUSİFLİ

 

Sonra Q. Cəfərli yubilyarın yaradıcılığı haqqında danışmaq üçün sözü Vaqif Yusifliyə verdi. Vaqif Yusifli Cəfər Cabbarlının yaradıcılığı haqqında ətraflı çıxış etdi, ortaya əsl tənqidçi baxışı qoydu. Cabbarlının poeziya, nəsr, dramaturgiya, tərcüməçilik, kino, jurnalistika sahəsindəki fəaliyyətindən tədbir iştirakçılarına  məlumat verdi, C. Cabbarlının Allahın bəxş etdiyi böyük istedad sahibi olduğunu və qələmə aldığı hər bir əsəri ilə  bunun  təsdiq olunduğunu xüsusilə vurğuladı.

 

DİGƏRLƏRİ

 

Daha sonra yazıçı Hafiz Mirzə, şahmat üzrə Əməkdar məşqçi İdrak Dadaşov, şair Məmməd Əvəzoğlu çıxış edərək Cabbarlı yaradıcılığının müxtəlif məqamlarına  toxundular.

Teatrın tanınmış aktyorlarından respublikanın əməkdar artisti Sücəddin Mirzəyev, Aynur Əhmədova və Allahverən Babayev çıxışlarında  görkəmli dramaturqun  sənətinə olan sevgilərini bir daha dilə gətirdilər, onun qələmindən çıxan, dramaturgiyamızda xüsusi bir era təşkil edən əsərlərinin bu gün də aktual olduğunu bildirməklə həmin dram əsərlərin səhnə taleyindən, bu əsərlərdə oynadıqları rollardan söz açdılar. Aynur Əhmədova və Allahverən Babayev yubilyarın bir neçə şeirinə yeni həyat verərək yüksək sənətkarlıqla ifa etdilər.

Tədbiri yekunlaşdıran Qafar Cəfərli Bölmə ilə Teatrın birgə işindən böyük məmnunluqla danışaraq bu işgüzar əlaqələrin bundan sonra da daha sıx olacağına əminliyini ifadə etdi. Tədbirin keçirilməsinə verdiyi dəstəyə görə teatrın rəhbərliyinə, təşkilatçılara  və iştirakçılara  minnətdarlığını bildirdi.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

Beləcə, AYB Lənkəran bölməsi növbəti tədbirini başa vurdu, qarşıda isə Azərbaycanın Mədəniyyət, habelə Elm və Təhsil nazirliklərinin təşkilati dəstəyi ilə Azərbaycan Nəşriyyatlar Assosiasiyasının 5-7 aprel tarixlərində Heydər Əliyev Mərkəzində keçirəcəyi 2-ci Lənkəran Kitab Sərgisində iştirak var. Bölmə sərgi çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun təşkil edəcəyi “Bölgə ədəbiyyatı. Problemlər və perspektivlər” dinləməsinə təşkilatı dəstək verəcək.

 

 “Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

 

 

 

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Həlisənin hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Hinduşka və ya toyuq əti – 117 qr

§ Soğan – 17 qr

§ Yarma və ya buğda – 25 qr

§ Yağ – 20 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Hinduşka və ya toyuq bişirilir. Sümükdən ayrılır, işgənəyə yarma (2-3 saat əvvəldən isladılmış), ət əlavə olunub, həlim alınanadək qaynadılır.

Arzu Bağırova (Dərələyəz mahalı, Heşin kəndi) eyni nüsxədə hinduşka və ya toyuq əti əvəzinə qovur- malıq ət, əlavə olaraq ələyəz istifadə etmişdi.

Buğda isladılır, 2-3 saat saxlandıqdan sonra süzülür. Qurudulur və daş dübəkdə döyülür. Qabığı çıxarılmış, ağarıb düyüyə oxşar vəziyyətə düşmüş buğda qabığından ayrılır. Yenidən yuyulur. Qovurmalıq ət və soğan qovrulur, üzərinə işgənə və ya su əlavə olunur. Hazırlanan yarma çölməyə tökülür və duvağı (qapağı) örtülür. Təndirə, vam közün üzərinə sallanır. 2-3 saat bişdikdən sonra (təndirin də ağzını örtmək şərtilə) çıxarılır.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Bazar ertəsi, 01 Aprel 2024 00:01

Günün fotosu: ƏRDOĞAN ÜÇÜN QARA XƏBƏR

Türkiyədə keçirilən bələdiyyə seçkilərində dünən axşam saat 19.00-a olan xəbərə görə səslərin 30 faizi hesablanıb. 

 

Euronews mövzu ilə bağlı baş xəbərini “Türkiyə prezidentinə ciddi zərbə” adlandırıb. Belə ki, İstanbulda, İzmirdə və Ankarada - ölkənin 3 əsas şəhərində Ərdoğanın hakim partiyası fiaskoya uğrayıb, böyük üstünlüklə müxalifət - kamalçılar öndədirlər. 

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.