Humanitar Kollec növbəti məzunlarını yola salıb Featured

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində  fəaliyyət göstərən Humanitar Kollecdə “Məzun Günü” keçirilib. Tədbirdə Kollec rəhbərliyi, professor-müəllim heyəti, qonaqlar və cari ilin məzunları iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına kollecdən verilən məlumata görə, “Məzun Günü” Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan olunub. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrundan canından keçən Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb. 

Kollecin direktoru, musiqişünas Nərmin Qaralova bu əlamətdar gün münasibətilə məzunları təbrik edərək xoş arzularını bildirib. ADMİU nəzdində Humanitar Kollecin ölkəmiz üçün savadlı mütəxəssislər yetişdirdiyini qeyd edən direktor kollecin  fəaliyyəti, təhsil sistemi, uğurları və respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatlar haqqında məlumat verib. Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq, qeyd edib ki, bu gün məzunlarımız Azərbaycan  incəsənətinin inkişafına töhfələr verirlər. 

Məzunları təbrik edən musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru  Ceyran Mahmudova  onlara gələcək həyatında uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, son illərdə gənclər siyasətinə xüsusi diqqət yetirilir. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir aparıcı qüvvədir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. 

“Nə yaxşı ki, bizim yüksək biliyə və təcrübəyə malik pedaqoji kadrlarımız var. Bu heyət sayəsində biz bu gün savadlı, təcrübəli məzunlar yola salırıq.”

“Məzun Günü”ndə tanınmış incəsənət xadimləri, məşhur simalar – Emil Bədəlov, İlkin Dövlətov, Yaqut Xəlilzadə, Yaşar Yusub və başqaları öz ifaları ilə məzunları təbrik ediblər. Kollecin tələbələri də sənətçilərlə eyni səhnəni bölüşüblər. Onların ifasında nəğməli səhnəciklər təqdim olunub. Tədbirin aparıcısı Toğrul Artın çıxışı və DJ Hamo ZeRin səsləndirdiyi rəngarəng musiqi “Məzun Günü”nü daha da əyləncəli edib. 

Qeyd edək ki, bu tədris ilində ADMİU nəzdində Humanitar Kollecin 400-dən çox tələbəsi məzun olub.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.