Super User

Super User

Cümə, 29 Mart 2024 10:15

Bir ananın harayı - KÖMƏK EDƏK

“Ədəbiyyat və incəsənət” portalının redaksiyasına Kürdəmirdə yaşayan Lyudmila Şahbazovadan məktub gəlib. 

Şahbazovlar ailəsinin 5 yaşlı övladı ağır xəstədir. Və dərdli ana göz yaşları içində bizə müraciət edərək bu xahişini portalımız vasitəsilə insanlara çatdırmağı diləyib. 

 

“Hamıdan bir ana kimi xahiş edirəm, səsimə səs verin. Kürdəmirdə yaşayırıq. Balam Ümüd 5 yaşındadır. 2 ildən çoxdur ki, onkoloji əməliyyat olub və kombinə olunmuş immun catışmazlıgı xəstəliyindən əziyyət çəkir. Həyatda qalması üçün hər 21 gündən bir bahalı Panziga iynəsi vurulur. Uşağın bu iynədən asılı olmaması üçün də sümük iliyi köçürülməlidir. Allaha xatir gücünüz nəyə çatırsa, yardım edin. Sığortaya və digər qurumlara müraciət etmişik, nəticə yoxdur. Yoldaşım fəhlədir. Uşaq gözümüzün önündə əzab çəkir. Nə olar, bizə yardım edin. Görüb keçməyin. Kimin ürəyində azca da şübhə varsa əlaqə nömrəsi ilə əlaqə saxlayib, gəlib yaxından görə, uşağa baş çəkə bilər. Xahiş edirəm hər yerdə paylaşın dost-tanışlarınızla."

 

Dəstək göstərmək istəyənlər üçün hesabları təqdim edirik:

 

Kart hesabları:

1. Kapital Bank 4169-7385-1708-9706 (Teymur Əliyev)

2.Rabitə bank 5261-6333-3540-1098  (Habil Şahbazov)

 

3.Xaricdən göndərmək ucun. Avro hesabı 

Kapital Bank. - 5404-0852-3834-3711

4. Rusiyadan dəstək olmaq istəyənlər üçün : SberBank hesabı 4279 3806 7570 7881 

 

Əlaqə: +994 77 542 30 68

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

“Ədəbiyat və incəsənət” portalı sizlərə Şamil Ənvəroğlunun şeirlərini təqdim etməkdədir. Bu gün sizlər üç poetik boxçadan sonuncu ilə tanış olacaqsınız.

 

 

Heç bilirsən, necəyəm?

Bir az məsum uşağam,

boyumu aşıb hələ həyatla oynayıram...

Ümid özümdən böyük, inad özümdən ağır,

hələ də biz tərəfə aramsız kədər yağır.

İndi daha inam yox uşaq nağıllarına,

Indi hamı böyüyüb bir “səhvsiz” adam olub.

Mənsə yanlış tuturam, öz içimi yeyirəm,

nəsə tərs gedən kimi  "günah məndə" – deyirəm.

Hələ də doğma sayıb sevirəm adamları.

Yıxılsam da, dururam, tutunuram sabaha,

hələ də ümid sürtüb sarıram yaraları... 

 

Heç bilirsən, necəyəm?

bir az sönən ocağam,

tüstüsü başdan çıxan,

yanmış arzularının külündə çabalayan

bir soyuyan közəm mən,

gərək bir səbəb tapıb beş-on il də dözəm mən... 

 

Heç bilirsən, necəyəm?

Tərtəmiz bir sevgiyəm,

dumduru bulaq kimi qaynayıram içimdə,

Ha cəhd etsəm, alınmır,

sözlər hey yarım qalır,

qıyıb yaza bilmirəm sevgimi sətirlərə,

deyirəm ki, bəlkə də,

heç gərək yox sözlərə? 

 

Heç bilirsən, necəyəm?

Bir az müdrik qocayam,

həyatın hər üzünü təsbeh çəkib yorulan,

ancaq yenə ayaqda, sarsılmayan, dik duran.

Bir az çılğın yanım var, tufanlı dəniz kimi.

Bir az səssiz yanım var, ölü bir bəniz kimi...

Tənhalığın çətrini tutmuşam başım üstə,

dünyamıza nə vaxtdır ağrı yağır aramsız.

Ey yağışda islanan,

gəl bu çətri paylaşaq,

dost olaq, doğma olaq,

bir gözləyək Günəşi.

Qəlbimdə ümidi gör,

gözlərimdə atəşi... 

 

Heç bilirsən, necəyəm?

rotasız səyyah kimi hara gəldi, gedirəm.

Xəyalımda xoşbəxtəm,

gerçəyimdə ölürəm...

Hələ bir də arzular...

Bir bilsən, arzuların necə boğulmağı var,

usanıb gözləməkdən gəlib bir kənarına,

bir bilsən, uçurumdan necə atılmağı var... 

 

Heç bilirsən, necəyəm?

neçə ağrı yaşamış bir darısqal otağam,

mənsə elə bilirdim,

bu qədər ağrılara ünvan deyil, qonağam...

elə dar otağam ki,

nə sevgimə yer çatır,

nə də sonsuz duyğuma.

Ha deyirəm sus, ruhum,

bəsdir, artıq ağlama... 

 

Heç bilirsən, necəyəm?

Bir az üzgün keçmişəm,

səssizcə kövrəlirəm...

Bir az narahat bu gün,

nəyisə gözləyirəm.

Bir az da gözəl sabah

gələcəyin bilirəm...

Elə bir sabah gələ,

gülə hər təmiz ürək...

Ürək də qəribədir,

bu qədər parçalanır,

sonra isə deyir ki,

Yaxşı olar, döz görək.

 

 

OXŞANMAYAN SAÇLAR TEZ AĞARAR... 

 

Öncə düşüncələr yorular insanda,

“niyə?”lərin ölüm cəzası edama sürükləyər düşüncəni...

Sonra sözlər asar özünü udqunan boğazda...

Dili susqun olar ən çox sözü ölənlərin,

ən çox gözlər yetim qalar gözləməkdən.

Ən dəhşətli yoxluq bir üzdə xoş təbəssümün itkin düşməyidir.

Ən çox əllər qəribsəyər yad əllərə toxunduqca,

ən çox qollar bezər səndən bir boşluğa sarıldıqca.

Və insan nə vaxtsa itirməkdən yorular... 

 

Hər gündəliyin göz yaşından saralmış bir neçə səhifəsi var, əlbət,

Ya da məktubların yaddaşında gizlədər göz yaşı öz şəklini...

Bütün uzaqlara dikilən gözlərin bir gedib dönməyəni var,

yanan arzular içində bir tam yanıb sönməyəni var...

Yorğun ürəklərin yuxusu olmaz, qadası,

qorxusu olar-ayıq qalmaq qorxusu...

Yatmaq dincəlmək üçün deyil bəzən,

unutmaq üçündür,

bütün ağrıları unutmaq üçün...

Hər keçmişin bir duz basılmış yarası var,

ağrıdar için-için.

Və insan nə vaxtsa ağrımaqdan yorular... 

 

Hər qabarlı əlin bir yalnızlıq tərəfi var,

həm də heç kimə əyilməyən bir qürurlu tərəfi...

Əllər, bəlkə də, daha xoşbəxtdir,

darıxanda o biri ələ sarılıb təsəlli tapır deyə...

Gözlərin xoşbəxtliyi ağlayıb boşala bildiyi qədərdir,

çıxıb gedə bildiyi qədərdir ayaqların xoşbəxtliyi,

dodaqların xoşbəxtliyi sevgidən öpə bildiyi qədərdir.

Və heç kimə yük olmadan qəfil ölə bildiyi qədərdir bir insanın xoşbəxtliyi...

 

 

***

 

Dönsəm ümid-ümid axan sözlərə,

axıb ürəyinə dolsam, yetərmi?

Sevsəm o ürəyi canımdan artıq,

səninlə bir bütöv olsam, yetərmi? 

 

İnansam həyatın bu naxışına,

vurulsam o şirin, xoş baxışına,

dönsəm bulud-bulud eşq yağışına,

bir ömür ruhuna yağsam, yetərmi? 

 

Hopsam varlığına, səndə "sən" olsam,

dolsam o ürəyə, ölüncə qalsam,

ömürlük yoldaşın, sirdaşın olsam,

canımdan daha çox sevsəm, yetərmi? 

 

Bəzən atan kimi oxşaya bilsəm,

bəzən oğlun kimi qayğını çəksəm,

bəzən dostun kimi dərdini bölsəm,

sənin hər bir kəsin olsam, yetərmi?

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

 

 

 

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Nassim Talebin «Qara qu quşu» kitabı barədə söhbətimizi davam etdiririk. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.

 

Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən növbəti seçdiklərimi diqqətinizə çatdırıram:

- Tarix və cəmiyyətin irəli hərəkəti sürünməklə deyil, çapmaqla baş verir.

 - Mən qəfil dərk etdim və indi də bu təəssüratla yaşayıram ki, biz hamımız retrospeksiya üçün əla bir maşınıq, insanlar hamısı isə özünüaldanışın böyük ustalarıdır.

 - İnsanları kateqoriyalara bölmək vacibdir, amma vacib olduğu qədər də iki kateqoriyanın sərhədində mövcud olanların yerləşdirilməsi üçün problemlidir.

 - Müəyyən hissə kapital bizi varlıya çevirə bilməz, düzdür, amma güzəranı düşünmək qayğısına qalmadan bir işlə rahat məşğul olmağa imkan yaradır. O, bizi beyin fahişəliyindən, daxili təzyiqlərdən azad edir.

 - Bizə çətindir ki, incəsənət əsərini tək gözəlliyinə görə yox, həm də özümüzün cəmiyyətə aid olmağımızı hiss etməkçün yaratdığımızı etiraf edək.

 - Təqlidetmə bizi digər insanlara yaxınlaşdırır. O, tənhalıqla mübarizədir.

 - Çəkməyə dizayn vermək çəkmə istehsal etməkdən daha gəlirli sahədir. «Nayk», «Dell» və «Boinq» firmaları ideya verməklə və öz nou-haularını təşkil etməklə pul qazanırlar, bu zaman inkişaf etməkdə olan ölkələrin subpodrat fabrikləri isə qazanmaqçun ağır qul əməyinə qatlaşırlar.

 - Əgər siz insanlara desəniz ki, uğurun açarı həmişə səriştəlilik olmur, onlar düşünər ki, siz səriştəliliyin heç nəyi həll etmədiyini, uğurun açarının bəxtigətirmədə olduğunu iddia edirsiniz.

 - Bizim qənaətlərimiz spesifikdir, iki yönlüdür. Bəzi problemlərin həllini bizə həyat dərsliklərdən daha yaxşı öyrədir, amma bəzilərini isə nəzəriyyədə praktikadakına nisbətən daha aydın başa düşmək olur.

 - Cəmi bir bədxassəli şişin üzə çıxması sübut edir ki, sizdə xərçəng var. Amma bu şişin üzə çıxmaması imkan vermir ki, yüz faizlik inamla deyilsin ki, sizdə xərçəng yoxdur. Bizi həqiqətə təsdiqedici nümunələr deyil, inkaredici nümunələr yaxınlaşdırır.

 - Fakt fakt olaraq qalır: siz nəyinsə səhv olması barədə qərar verə bilərsiniz, amma nəyinsə düzgün olması barədə qərar verə bilməzsiniz.

 - İstənilən qaydanı ya birbaşa yoxlamaq olar: onun işlədiyi hallara baxmaqla. Ya da dolayı yolla yoxlamaq olar: onun işləmədiyi halları nəzərdən keçirməklə.

 - Yaddaş dinamik, öz-özünə yenilənən mexanizmdir. Biz hadisənin özünü xatırlamırıq, onun barəsindəki son xatirəmizi xatırlayırıq. Və fərqinə varmırıq ki, hər yeni xatırlama ilə süjeti daha çox dəyişirik.

 - Cins, sosial vəziyyət və peşə insan davranışını mili mənsubiyyətə nisbətən qat-qat artıq müəyyənləşdirə bilir. İsveçli kişi isveçli qadından çox toqolu kişiyə bənzəyir. Perulu filosofun perulu dalandardan daha çox şotlandiyalı filosofla ümumi dəyərləri var.

 - Əgər səbəb aydın deyilsə o səbəb yox kimidir.

 - Təkrar biliyin anasıdır. Hələ olmayan bir şey barədə isə biz nəsə bilməyi heç arzulamırıq.

 - Dünya çox sürətlə dəyişir və bizim genetik strukturumuz onun ardınca çata bilmir. Biz öz yaşayış mühitimizdə özgəyə çevrilirik.

 - Xoşbəxt olmaq üçün müntəzəm xırda müsbət affektlər almaq lazımdır. Yəni ki, çoxlu yaxşı xəbərlər bir əla xəbərdən daha yaxşıdır. Və ya əksinə, bir böyük bədbəxtliyi yaşamaq illər uzunu kiçik bədbəxtlikləri yaşamaqdan daha yaxşıdır.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Yeni nəsil ədəbi tənqidi nümumələrinin dərcini davam etdiririk. Bu dəfə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın (Qasımlı)Ramil Mərzilinin qadağan olunmuş şeirləri” məqaləsi təqdim ediləcək.

 

 

 

 

 

Ramil Mərzili poeziyası sözün düzünə də, düzəngahına da söz düzür. Sözün düzü, bu, onun öz yöntəmidir. Hətta bir misrasında deyir: “Yalanlara boyun əymə, Sözün düzü qorxsun səndən”. Sözün nəinki düzünü, heç özünü də qorxutmaq asan iş deyil. Sözü yalandan mühafizə etmək yalanı sözsüz söyləmək kimi bir şeydir. Yalan olmasa da, söz olur. Amma söz olmasa, yalanın ifadə vasitəsi qalmır. Bəlkə də, sözün yalana daha çox ehtiyacı var, nəinki yalanın sözə. Söz özünü həqiqətdə necə ifadə edirsə, yalanda da o cür ifadə edir. Bəzən yalanın yaratdığı gözəlliyin qarşısında mat qalırıq: “Bu işıqlı dünyada Zülmət gözümü deşir” – misralarında olduğu kimi. İşıq və zülmət antitezaları Məlikməmmədin dövründən üzü bəri nağılbazlığındadır. Nağıllar gerçəkləşdikcə insan öz işığını – elektrikini kəşf etdi. Gecələrin zülməti insanın yaratdığı işığa təslim oldu. Nəticə etibarı ilə “işıqlı dünya”nın biri də artdı. Buna baxmayaraq, şair zülmətin göz deşməsindən gileylənir. Əslində, dilimizdəki ifadə “işıq gözümü deşir” formasındadır. Ramilin bu metaforasında zülmət işığın əlamətlərini oğurlayıb. ZÜLMətə göz yummaq olmaz. Gözqamaşdırıcı işıqlar isə çox şeyə göz yummağımıza şərait yaradır.

 

         Ramilin şeirlərində özü ilə mübarizənin çalarları kifayət qədərdir. “Qürurum dolaşır ayaqlarıma, Qalxıb sənə doğru qaça bilmirəm” – misralarında  məğlubiyyətin qələbəsi obrazlı şəkildə verilmişdir. “Xəfif pıçıltımda da – ömrü boyu kar olan, Şeytanın qulaqları gəlib səsimə çatır” – ifadəsi isə maraqlı söz düzülüşündən yaranıb. Əslində, “Səsim gedib şeytanın qulaqlarına çatır” – formasında olan söz sırası elə bir inversiyaya məruz qalmışdır ki, şeytanın belə ağlına gəlməz.

 

         Ramil Mərzili ritorikadan da bacarıqla istifadə edir. “Ayrılıqlar səmimi, Həsrət niyə rəsmidir?” – sualına hərənin öz cavabı vardır. Lakin ayrılıq və həsrət sözlərinə səmimi və rəsmi təşbehlərini layiq bilmək yenilik əlamətləridir. Bu əlamətlərə başqa bir bəndə də rast gəlirik:

 

 

 

Dörd yandan savaba bürünsən belə,

 

Bilməzsən ölüsən, dirisən belə.

 

Ömrü girov qoyub çürüsən belə,

 

Ən gözəl qadınlar – günahlarındı. –

 

 

 

Maraqlı mühakimələrdir. Qadın gözəlliyinin vəsfinə saysız bənzətmələr qurban verilib. Lakin gözəlliyin günahkarlığını boynuna qoyan başqa bir şeir ağlıma gəlmir. Oxşar mövzunun Ramil şeirlərində fərqli təqdimi tez-tez müşahidə olunur. “Bir də bizə yaxın düşməsin deyə, Bir “kağız al” sənsizliyin dilindən” – fikirləri öz planlarına zəmanət verməkdir. Məqsəd sənsizliyi zərərsizləşdirməkdir. “Kağız almaq” ifadəsi isə ədəbi dil üçün keçərli söz deyil, daha çox şifahi nitq forması kimi istifadə olunur. Ramil həmin sözü şeirə müəllif məsuliyyəti ilə sənədləşdirib. Onun şeirlərində yaşamın fəlsəfəsindən də söz düşür:

 

 

 

Bu ömür müəmma “OL”dan “ÖL”ədək,

 

Gah ürək ağrısı, gah sinə dağı.

 

Qəm, kədər boyunu aşan dünyada

 

Sevincin topuğa çıxar uzağı.–

 

 

 

Bənddə diqqət çəkən əsas fikirlər sevincin ölçü vahididir. Sevincin azlığını və ya çoxluğunu göstərmək üçün ədəbiyyat çox icadlara imza atıb. Lakin onun topuğa qədər boy atmasını bu şeirin orjinallığı kimi qəbul etmək olar. Başqa misralarında da yaşamağın zaman kəsiyi hüdudlandırılır: “Gözü yumub, açdın – çiyinlərdəsən, Gözü açıb, yumdun – yuxusan artıq”. Əslində, həyatımızda ən vacib hadisələr bir göz qırpımında baş verir. İyirmi dörd saatdan ibarət olan bir günün hansısa bir saniyəsi özəl olur. Digər saniyələr dəqiqələri yaratmaqdan başqa bir işə yaramır. Ramilin şeirlərində mənatutumlu misralar kifayət qədərdir: “Gözümdə intihar eyləyər zaman”, “Ayağım altına kədər yığmışam, Kənardan baxanlar ucadır deyir...”, “Arzular tökülür, bağrımmı dəlik?!”, “Çatmağıdım arzuların qismət qoydum adını mən” , “Bir gün gələr, mən gedərəm, mən gedəndə gün gələrmi?!” misraları onun sözünün iç üzüdür. Bəndlərində də eyni mənzərəni müşahidə edirik:

 

 

 

Qısılar dodağa sözün,

 

Bürünər kədərə üzün.

 

Bulud kimi dolan gözün

 

Sıxdıqca leysan ələrmi?

 

 

 

İlk misranın heyrətamizliyi danılmazdır. Sözün dodağa qısılması onu qoruyur. Üz kədərə bürünübsə, gözlər bulud kimi dolubsa, dodağını tərpədib sözünü deyə bilmək hünər istər. Sözmü aciz olar, yoxsa onu ağuşuna alan dodaqmı, bunu ayırd etmək çətinləşir. Lakin şairin bu ifadəni peşəkarlıqla işlətməsi danılmazdır. “Qadağan olunmuş şeirlər”dəki başqa ifadələr kimi.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(29.03.20240

 

 

 

 

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasını yekunlaşdırır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyəndiniz.

 

E P İ L O Q

 

Gecə saat 2 idi. Daxili İşlər Nazirliyinin üçüncü mərtəbəsindəki otaqlardan birinin pəncərəsindən baxan ağsaçlı general şəhəri seyr edirdi. Dünən səhər saatlarında hər şey bitmişdi. Paytaxt şəhərinə yönəlmiş böyük təhlükənin qarşısı alınmış, güclü partlayışla arxa cəbhədəki sabitliyi pozmağa çalışan düşmən niyyətini həyata keçirə bilməmişdi.

İkibaşlı əjdahanın günahsız qurbanlarını udmağa hazırlaşdığı gün, oktyabr ayının 2-si geridə qalmışdı. Artıq təqvimdə oktyabr ayının 3-ü idi. Olduqca yorğun görünən general bu gecə də evə getməmiş, kabinetindəki divanda da dincəlməyə tələsmirdi. Əməliyyat uğurla başa çatsa da, müharibə hələ davam edirdi. O, son günlərin gərginliyini şəhərin pəncərəsindən görünən mənzərəsinə baxmaqla unutmağa çalışırdı. Sevdiyi şəhərin… Sakinlərini qoruyacağına and içdiyi şəhərin…

Həmin mərtəbənin baş tərəfində yerləşən pəncərədən eynilə gecə Bakısını seyr edən başqa bir zabit də var idi. Bu zabit son əməliyyatda olduqca ciddi tapşırıq almış məxfi qrupa bilavasitə rəhbərlik etmiş, bu əməliyyatın ağırlığını və məsuliyyətini çiyinlərində hamıdan çox daşımış polis polkovniki Mahir Vəliyev idi. Yorğun və yuxusuz olsa da, o da evə getməmişdi. Hərdən bir əlində tutduğu siqaretə, o biri əlində tutduğu alışqana baxıb yenə nəzərlərini pəncərəyə yönəldirdi.

Dalğın idi. Stepan Bondaryovun xahişi ilə onun qrupuna daxil edilmiş, qısa müddətdə dostlaşdığı istefada olan polis mayoru Bəxtiyar Nəzərli əməliyyat zamanı ağır yaralanmışdı. O, öz həyatını təhlükəyə atmaq bahasına ən azı üç əməkdaşın həyatını xilas etmişdi. Daxili orqanları zədələnməsə də, özünü maşının qarşısına atarkən iki qabırğası sınmış, partlayış zamanı başından aldığı zərbədən isə beyni silkələnmişdi. Axşam saatlarında onu ziyarət edərkən bu tərs adam təkidlə hospitalda qalmayacağını bildirmiş, birlikdə ziyarətinə getmiş generalın zəmanəti ilə həkim nəzarətində qalmaq şərtilə evə buraxılmışdı.

Yaxınlığında dayandığı hündür istinad divarı onun özünü partlayışın zərbəsindən qorumuşdu. Ancaq partlayışın dalğasından şüşələri çilik-çilik olan maşındakı əməkdaşlar və Solomin bir neçə yüngül xəsarət almışdılar.

Solominin qaldığı ilk mənzilin Sultan Muradovun Amerika Birləşmiş Ştatlarına köçmüş dayısı oğluna məxsus olduğu müəyyən edildikdən sonra onun başqa adamın adına rəsmiləşdirdiyi bir evinin də olduğu məlum olmuşdu. Qısa müddətdə Sultanın da həmin evdə gizləndiyi müəyyən edilmişdi və günorta saatlarında evə girən xüsusi təyinatlılar onu götürmüşdülər. Heç bir müqavimət göstərməyən Sultan hər şeyin necə baş verdiyini danışmışdı. Onun ailəsindən gizlin saxladığı ikinci arvadı var imiş. Həmin qadın cinayət aləmində «şokoladçı» kimi tanınan qadınlardan olmuş, Sultan onu bu yoldan çəkindirib ailəsi kimi saxlayırmış. 

Cinayət aləmində «şokoladçı qadın»-keçmiş məhbuslardan olan, bu aləmin qaydalarına yaxından bələd olan fahişələrə deyilir. Onların cinayət aləmində xüsusi yerləri var. Belə qadınlar başqaları üçün bağlı bir sandıqdırlar. Onları fərqləndirən əsas cəhətləri həmişə dodaqlarına parlaq şokolad rəngində olan pomada sürtmələridir. Bu cür fahişələrdən cavan vaxtı təyinatı üzrə, yaşlaşdıqda isə avtoritetli cinayətkarların gizli yazışmalarını daşımaq üçün istifadə edirlər: Belə işlərdə qadın daha az şübhə doğurur. Onların bir vəzifəsi də həbsxanadan qaçmış axtarışda olan cinayətkarları bir müddət, o getməyə yer tapanadək evində gizlədib onları yedirib-içirməkdir. Kifayət qədər gözəl olan İnarə adlı qadını bu işlərdən uzaqlaşdıran Sultan fahişə keçmişinə görə utandığı üçün onu hamıdan gizli saxlayırmış. Bundan xəbər tutub onların intim görüntülərini gizli yolla qeydə alıblar və Sultanı bu yolla əməkdaşlığa məcbur ediblər. Üç qız atası olan Sultan belə bir biyabırçılığı qəbul etməməklə yanaşı, aşkara çıxacağı təqdirdə qızlarının da taleyini məhv edəcəyini düşünüb onlara kömək etməyə razılıq verib.

Bundan sonra şübhələr İnarə adlı qadına yönəlmişdi. Saxlanılan İnarə təcrübəli müstəntiqlərin sualları qarşısında cəmi iki dəqiqə tab gətirə bilmişdi. İnarənin dediklərindən belə məlum olmuşdu ki, onu bu yoldan qaytardığına görə əvvəllər Sultana minnətdar imiş. Amma sən demə Sultan İnarəni bir cəhənnəmdən çıxarıb başqa bir cəhənnəmə gətiribmiş. Fahişə keçmişinə görə onu hamıdan gizlədir, evdən kənara çıxmağa qoymurmuş. Belə həyatdan bezən, evini satdığı üçün gedəcək bir yeri olmayan İnarə çoxdan tanıdığı, hərdən telefonla əlaqə saxladığı Tərxanla söhbətlərində dərdini danışır. Bu söhbətlər zamanı Tərxan Sultan haqqında ondan hər şeyi öyrənir. Ən sərt kişilərin də yataqda bütün sirlərini sevgililərinə danışmaları barədə məlum deyim bir daha öz təsdiqini tapır. Sultanın xaricdə olan dayısı oğlunun iki mənzilini ona əmanət etməsindən ailəsinin rayonda olmasına qədər hər şeyi Tərxana danışır. Həmin vaxt artıq məlum tapşırığı almış Tərxan üçün onun əlində iki boş mənzilin açarlarının olması barədə İnarənin dedikləri göydəndüşmə olur. Çünki Koramal üçün Bakıda etibarlı bir mənzil və sonrakı tapşırıqlar üçün bir nəfər də inanılmış adam tapması da bu tapşırığın bir hissəsi olub.Tərxan bir güllə ilə iki quş vurmağı qərara alır. Ancaq şəxsən tanımadığı Sultanı elə-belə razılığa gətirə bilməyəcəyini də gözəl başa düşüb. Ona görə də İnarəni Sultanla intim görüntülərini qeydə almaq üçün dilə tutur. İnarə əvvəlcə razılaşmasa da, o görüntüləri cəmi iki nəfərin görəcəyini və sonra silinəcəyini, yalnız bundan sonra Sultanın əlindən qurtaracağını deməklə onu razı salıb. Burada maddi maraq yox, yalnız bir qadının əzazil birisindən canını qurtarmaq istəyi rol oynayıb.

Miniatür kameranı evin pəncərəsindən gizlicə İnarəyə ötürən Tərxan hər şey hazır olanda gəlib həmin yolla ondan götürür. Sonra bu görüntülər dəstənin üzvlərindən birinə, bəlkə də rezidentə verilir və Sultan bu yolla şantaj edilir.

Bu işlərə məcburiyyətdən gedən Sultan saxlanılandan sonra heç nəyi gizlətməmişdi. Onun nişan verdiyi evə gedən xüsusi qrup özünü çatdırsa da, adamı sağ götürmək mümkün olmamışdı. Ünvana yaxınlaşan qrup onu evi tərk edərkən görüb və saxlayıb. Ancaq düşmən tərəfin Bakıdakı rezidenti olduğu ehtimal edilən adam pencəyinin yaxalığına tikdiyi zəhər dolu kapsulu dişləməyə imkan tapıb. Hazırda morqda saxlanılan meyitin şəxsiyyəti müəyyən edilir.

Qarşı tərəfin planının pozulması növbəti qurban olan Sultan Muradovun sağ qalmasına səbəb olub. Partlayışdan sonra o da aradan götürülməliydi. Sultan Mahmud Səmədovu öldürüb meyitini şəhər kənarındakı göldə batırdığını, Tərxan Nağıyevi qəbiristanlıqda qətlə yetirdiyini etiraf edib. Tərxanı öldürərkən bütün başına gələnlərin baiskarını öldürdüyündən onun xəbəri yox imiş.

Partlayıcıları lazımi yerlərə yerləşdirdikdən sonra elə həmin gecə aradan götürülən Mahmud Səmədovdan fərqli olaraq, Tərxanın hələ iki ay sağ qalmasının səbəbi də İnarənin danışdıqlarından sonra təxmini bilinmişdi. Sultan kimi birini tapıb dəstəyə cəlb etməsi ilə bir çox işləri asanlaşdırmış Tərxan bacarıqlı biri olduğunu sübut etmişdi. Ayrıca o, dəstənin İnarəylə əlaqəsi olan yeganə üzvü, İnarə isə Sultanın zəif yeri idi. Tərxanı zorla bu işə cəlb edilmiş Sultanla baş verə biləcək fors-major hallar zamanı istifadə etmək üçün müvəqqəti sağ saxlayıblar. Əməliyyat əsas fazasına daxil olanda isə daha lazımsız olub. 

Hər şey başa çatan kimi Moskvadakı, Solomin kimi xüsusi hazırlıq keçib qayıtmış iki nəfər də dərhal götürülmüşdü. Onların da maraqlı məlumatlar verəcəyi gözlənilirdi.

Televiziya kanallarında gedən «Xəbərlər»də qaz sızması nəticəsində Alov Qüllələri yaxınlığındakı kanalizasiya quyularından birində partlayış olması barədə məlumat getmişdi. Belə lazım idi.

Solomin isə əvvəlcə danışmaq istəməsə də, ona təqdim olunan faktlar qarşısında naəlac qalıb bəzi şeyləri etiraf etməli olmuşdu. Xüsusilə ona verilmiş çəliyin təkcə partlayıcıları işə salmaq yox, həm də onun özünü məhv etmək funksiyası daşıdığı məlum olduqdan sonra. Çəlikdəki düymə işə salınandan on dəqiqə sonra avtomatik işə düşən ikinci funksiya məhz Solomini aradan götürməyə hesablanıbmış. O, özü də şahidi olduğu partlayış zamanı hər şeyi gözəl başa düşmüşdü. Ancaq «Koramal»ın iradəsini əsas sındıran xəbər sevgilisi Anuşun Ermənistan xüsusi xidmət orqanlarının zabiti və bu əməliyyatın sonunda onun öləcəyi barədə məlumatlı olması xəbəri olmuşdu. Bu xəbərdən sarsılan «Koramal» tək bir sual vermişdi:

-Mən harada səhv etdim?

Bu suala Mahir Vəliyevin cavabı belə olmuşdu:

-Səni rəsm çəkməyə olan həvəsin ələ verdi. Ancaq ən böyük səhvin bu deyil. Ən böyük səhvin heç bir qeyri-milləti qəbul etməyən yalançı ermənilərə inanıb onlarla dostluq etməyin olub.

Solomin susub daha heç nə deməmişdi. 

Növbəti dəfə əlindəki siqaretə baxan Mahir Vəliyev masasına yaxınlaşıb orada gizlətdiyi siqaret qutusunu götürüb əzdi və zibil qutusuna atdı. Sonra əlində saxladığı tək siqaretə baxıb öz-özünə dedi:

-Bu gün başqa bir gündür, bu gün olar. Qoy bu axırıncı olsun.

Otağındakı kresloya oturan polkovnik siqareti yandırıb çoxdan həsrətində olduğu tüstünü sinəsinə çəkdi. Ardıcıl bir neçə qullab vurduqdan sonra buraxdığı tüstünün tavana millənən dillərinə baxıb pıçıldadı:

-Hər şeyə görə sağ ol, Bəxtiyar.

* * *

Həmin şəhərin bir başqa küçəsində bu iki zabit kimi eyni hissləri keçirən, yuxuya gedə bilməyən başqa bir polis zabiti də var idi. Gecənin qaranlığında evindən çıxıb heç kimin olmadığı küçənin ortasında dayanan Bəxtiyar əvvəlcə başını yuxarı qaldırıb baş verə biləcək fəlakətin qarşısın ala bildikləri üçün Allaha dualar etdi. Onun sinəsinə xüsusi korset geyindirilmiş, partlayış zamanı başına dəyən iri daş parçasının açdığı çapıq tikilib sarğılanmışdı. Hərdən başı gicəllənir, ürəyi bulanırdı. Buna əhəmiyyət verməyib bir qədər də küçənin ortasında hərəkətsiz dayandıqdan sonra qapı qonşusu Şıxların həyətinin divarına yaxınlaşdı. Əlini divarın daşlarına sürtdü. Şıxların iyirmi bir yaşlı oğlu iki gün əvvəl Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Onun üçrəngli bayrağa bürünmüş tabutunu məhəllənin, ətraf məhəllələrin kişiləri «Şəhidlər Xiyabanı»na qədər çiyinlərində aparmışdılar. Təkcə Bəxtiyar bu dəfndə iştirak edə bilməmişdi. Bunun səbəbini də Şıxlara açıqlaya bilməyəcəkdi. Buna ixtiyarı yox idi. İndi bu soyuq divar daşlarına toxunmaqla uşaqlıqdan bir yerdə böyüdüyü Şıxlardan üzr istəyirdi o. Bir də ki, gənc şəhidin ruhuna olan ehtiramını bildirirdi bu yolla. Bu, arxa cəbhənin oddan-alovdan çıxmış əsgərinin, sinəsini düşmən gülləsinə sipər edən gənc ön cəbhə əsgərinə olan ehtiramının ifadəsi idi.

Bu toxunuşla o, həm də sevdiyi, qoynunda boya-başa çatdığı doğma şəhərinin bütün daşlarına, divarlarına toxunurdu. İçərişəhəri, Qız Qalasını, bu şəhərin insanlarını qucaqlayır, bağrına basırdı…

Çiyninə toxunan təmasdan çönüb geriyə baxdı.

-Gedək evə, sənə hələ gəzmək olmaz.

Axşam saatlarında baş verənləri eşidən Gülanə birlikdə olduqları neçə ildə ilk dəfə onun evinə gəlmiş, gecəni yanında qalmışdı. Əlini divardan ayıranda başının gicəlləndiyini hiss etdi. Bunu görən Gülanə tez onun qoluna girdi və birlikdə evə tərəf addımladılar. Qaranlıqda sevimli qadınının əlinin arxası ilə gizlicə gözünün yaşını sildiyini gördü.

* * *

Ağsaçlı generalın da, polkovnik Mahir Vəliyevin də, məxfi əməliyyatda onunla çiyin-çiyinə gecəni gündüzə qatıb dincəlmədən axtarışlar aparan digər zabitlərin də son qəhrəmanlığı haqqında heç kim, heç nə bilməyəcəkdi. Belə lazım idi. Cəbhədə şiddətli döyüşlər getdiyi bir vaxtda paytaxtda sakit həyat davam etməliydi. Bu sabitliyi təmin edən insanlar, arxa cəbhənin əsgərləri gördükləri işə görə heç bir mükafat gözləmir, bir əməliyyatı başa vurduqdan dərhal sonra bütün diqqətlərini başqa təhlükələrin qarşısının alınmasına yönəldirlər. Bu insanlar belə həyata öyrəşmiş, bundan zövq alanlardır. Onların ən böyük mükafatı bu gün səhər həyatlarını xilas etdikləri, heç nədən xəbərləri olmadan indi sakitcə öz evlərində yatan insanların şirin yuxusudur.

Müharibə nə vaxtsa bitəcək. Hər şey köhnə axarına qayıdacaq. Ancaq onların mübarizəsi bitməyəcək. Çünki bu xeyirin şərə qarşı olan əbədi, heç zaman bitməyən mübarizəsidir. Heç kim tanımasa da, onlar aramızdadırlar. Onlar rahatlıqlarını, şirin yuxularını başqalarının şirin yuxusu naminə qurban verən insanlar-polis zabitləri, arxa cəbhənin görünməyən əsgərləridirlər…

S O N

 

 “Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Səid Bayramova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

SƏİD ELDƏNİZ OĞLU BAYRAMOV

(20.11.1999.-01.11.2020.)

 

Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən olan Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

ƏBƏDİ CƏNNƏTƏ KÖÇMÜSƏN         

 

Adının mənası – xoşbəxt, uğurlu,

Çöhrən, üzün- gözün  necə də nurlu,

Yaşadın ömrünü, qısa, qürurlu,

Şəhidlik şərbətin içmisən, Səid,

Əbədi cənnətə köçmüsən, Səid.

 

 Elimin sevimli balası oldun,

 Yağının qənimi, bəlası oldun,

 Yurdumun sipəri, qalası oldun,

 Bu yolu qorxmadan seçmisən, Səid,

 Əbədi cənnətə köçmüsən, Səid.

 

Kafirlər bu yurdda qalammaz  dedin,

Tülküdən şir, aslan olammaz  dedin,

Mərd oğul rahat yatammaz  dedin,

Düşməni məhv edib, biçmisən, Səid,

Əbədi cənnətə köçmüsən, Səid.

 

Çöl-Ərəbin fəxri, vüqarı oldun,

 Söhbəti, ülfəti, ilqarı oldun,

 Tükənməz dövləti, həm varı oldun,

Qızılgültək ətir saçmısan, Səid,

Əbədi cənnətə köçmüsən, Səid.

 

Bizim ordumuzdur qələbə çalan,

Düşmənin ordusun eylədik  talan,

Azaddır Füzuli, Şuşa, Zəngilan,

İşıqsan, nur, şəfəq saçmısan, Səid,

Əbədi cənnətə köçmüsən, Səid.                 

 

“Ədəbiyyat və incəsənətz”

(29.03.2024)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Biz bundan əvvəlki yazıda 29 mart gününə düşən bayramlar barədə danışdıq. Bəs bu günə hansı tarixi hadisələr düşür? Baxdım və müəyyənləşdirdim ki, tarixi hadisələr çoxdur, xüsusən onlardan 3-ü – Putinlə, Tolstoyla və Bethovenlə bağlı olanı diqqətşəkəndir.

 

1999-cu ilin 29 martını bu gün – Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda hamı təəssüflə xatırlamalıdır. Çünki həmin gün Rusiya prezidenti Boris Yeltsin Rusiyanın Təhlükəsizlik Şurasına heç kəsin tanımadığı Vladimir Putin adlı bir şəxsi sədr gətirdi, ilin sonunda da çox yorulduğunu bəyan edib onu öz yerinə prezident təyin elədi.

Sovet dönəmləri filmlərini xatırlayırsınızmı, onlardan biri – Vladimir Vısotskinin çəkildiyi “Görüş yerini dəyişmək olmaz” çox populyar idi. Odessa kinostudiyasının çəkdiyi həmin filmin premyerası 1979-cu ilin bu günündə baş tutmuşdu.

Sovet xalqından gizlədilən gerçəklikləri 1933-cü ildə uelsli jurnalist Qaret Jons üzə çıxararaq dünyaya bəyan etmişdi. O, ukrainlərə qarşı həyata keçirilən dəhşətli qolodomordan, insanların aclıqdan qırılmasından bəhs etmişdi.

1910-cu ilin bu günündə Marseldə tarixdə ilk dəfə səmaya hidroplan qaldırılıb, pilotu Albert Fabr olub.

Kolasevərlər, məlumunuz olsun ki, bu gün sevimli içkinizin 136 yaşı tamam olur. 1886-cı ilin bu günündə Atlantada Con Pemberton hazırkı Coca Cola-ya “müalicəvi içki” adı altında patent alıb.

1847-ci ilin bu günündən Lev Tolstoy gündəlik tutmağa başlayıb.

1795-ci ildə isə dahi alman bəstəkarı Lüdviq van Bethoven Vyanada ilk konsertini verib.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün, martın 29-da təqvimdə bir sıra bayramlara, əlamətdar hadisələrə rast gəlmək olar. Məsələn, bu gün Ümumdünya Fortepiano Günüdür. Musiqi xadimi Nils Framın təşəbbüsü ilə ilin 88-ci günündə bütün dünya bu sirli-sehirli, ecazkar çalğı alətinin gününü bayram edir. Niyə 88? Çünki fortepianonun məhz 88 dili var. 

“Ədəbiyyat və incəsənət” potrtalı bildirir ki, Tüstü və güzgü bayramı adlı bayram da bu gün qeyd olunur. Əslində, günün sadə adı ilyuzionist, yəni gözbağlayıcı günüdür. Bu maraqlı sahədə çalışanların da öz peşə bayramları var imiş.

Bir dəfə bulvarda bir səhnəyə şahid olmuşuq. Bir gözbağlayıcı bir nəfərdən bir manatlıq alıb manatlığı ovcunda saxladıqdan sonra ona əvəzində iki dənə manatlıq qaytarmışdı. Xoşbəxt olan şəxs bu dəfə ona yüzlük vermişdi. Ovucdan iki yüzlüyün çıxacağını gözləyən biçarə ordan ümumən pul çıxmadığını görəndə gözbağlayıcının üzərinə yerimişdi. O da demişdi ki, bayaq alındı, indi alınmadı, neynəmək olar?

Necə deyərlər, artıq tamah baş yarar.

Niaqara şəlaləsi quruyan gün – təsəvvür edin ki, bu günün belə bir qeydolunma təyinatı var.

Aətən saniyədə 3160 tonn su keçən Niaqara şəlaləsi 1848-ci ilin 29 martında buzlaqlar səbəbindən qurumuş, şəlalə funksiyasını itirmişdi. İnsanlar dəhşətə gəlmiş, bunu Allahdan gələn bəla hesab etmişdilər. Sonrakı günlər su tədricən axmağa başlamışdısa da insanların suyun yenidən quruya biləcəyi qorxu-hürküsü bitməmişdi. O vaxtdan da bu gün, bir növ, “faciə qaşla göz arasındadır” anlamında qeyd edilməkdədir.

O kı qaldı ayrı-ayrı ölkələrdə qeyd olunan bayramlara, məsələn, dünyanın lider dövləti ABŞ-da bu gün 3 bayram bir-birinə qarışacaq. Vyetnam müharibəsi veteranları günü. Kiçik biznes sahiblərinin bayramı. Və təbii ki, bir də qida bayramı – milli şifon biskviti günü.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

 

Əkbər Qoşalı yazır

 

“Ədəbiyyat və incəsənət” portalı şair, publisist, siyasi şərhçi Əkbər Qoşalının 5 aprel 2024-cü ildə baş tutacaq ABŞ-Avropa Birliyi-Ermənistan görüşü barədə fikirlərini diqqətinizə çatdırır.

 

2016-cı il Aprel döyüşlərinin 8-ci ildönümündə - 5 aprel 2024-cü ildə baş tutacaq ABŞ-Avropa Birliyi-Ermənistan görüşü nəyə xidmət edir, nə vəd edir, görüşdən sonra nə olacaq?

Aprel döyüşlərini təsadüfən xatırlatmadım, o günlərdə əl-ayağa düşən, barış anlaşması üçün danışıqlara hazır olduğunu açıqlayan Ermənistan başbilənləri atəşkəsdən sonra köhnə metodlara qayıtdı, ən yaxşı halda, sürünən və sonu görünməyən müzakirələrlə başımızı qatmaq istədi. Paralel olaraq, işğal olunmuş ərazilərimizdə daha da möhkəmlənməyə başlayan işğalçılar özlərini isti qucaqda hiss etdi. O vaxtkı Prezident Serj Sarkisyan öz ağlınca guya hiyləgərlik edir, sağlam, nəticəyönümlü danışıqlardan “ustalıqla” yayınırdı. Biz isə danışıq xatirinə danışıq istəmirdik, konkret mövqe, dəqiq cədvəl, ədalətli sülhü təmin edəcək addımlar istəyirdik.

Sarkisyan getdi, Paşinyan gəldi, o da biricik oğlunu Qarabağa hərbi xidmətə yolladı, az qala hər ay Qarabağa qanunsuz səfərlər etdi, Cıdır düzündə özünü günə verdi, kabab yedi, oynadı; bunlar azmış kimi, Xankəndidə “Qarabağ – Ermənistandır və nöqtə” deyə bağırdı da... Sonrası bəllidir. 2018-ci ildə Naxçıvan yüksəkliklərində Günnüt əməliyyatı, 2020-ci ilin iyulunda Tovuz döyüşləri, nəhayət 27 sentybarda 44 gün sürəcək ll Qarabağ müharibəsi baş tutdu... İndi – 8 il sonranın aprelində Ermənistana yalançı “ürək-dirək” vermək lazım deyil, hələ-hələ revanşizmdən qurtula bilməyən bir cəmiyyətçün hər hansı dəstək bölgədə yeni döyüşlərə gətirib çıxarda bilər. Bu kimə lazımdır? – Kimə lazımdırsa da, əslində, “baş tutmamış dövlət” olan Ermənistana heç lazım deyil. Ancaq bunu bizmi düşünməli, bu barədə bizmi uyarıda bulanmalıyıq? Əgər kiminsə başı bizim Dəmir Yumruğumuz üçün giyişibsə, Dəmir Yumruq heç yerə getməyib, yerindədir (daha doğrusu, daha üstün mövqedədir, indi daha güclüdür)!

 

Əlbəttə, biz nə ABŞ-ı, nə Avropa Birliyini xəfifə almırıq; ancaq onlar da bizi, Güney Qafqazda durumu xəfifə almamalıdır. ABŞ və Avropa Birliyi Qafqazla həmhüdud deyil, onlar bu coğrafiyanın gerçəkliklərini bizdən, qafqazlılardan yaxşı bilə bilməz (hələ bir halımıza da yanalar)... ABŞ,  Avropa Birliyi, özəlliklə Fransa Ermənistanı boyundan yuxarı hoppanmağa şirnikləndirməməlidir – çün, “kiçik bacı” bu dəfə ömürlük şikəst qalar... Onsuz da 105 yaşlı (tarixdəki ilk və inşallah son!) erməni dövləti (Paşinyan demiş) kadastrsızdır; üstəlik, bu monoetnik yapıya sahib ölkənin əhalisi aybaay azalır və ilmüdam qıraqdan dəstək axtarışındadırlar. Bəlkə Zəngəzur dəhlizi işə düşsə, beynəlxalq daşımalardan büdcəsinə pul-para gələrdi, lakin belə getsə, o dəhliz Ermənistan nəzərə alınmadan işə salınmalı olacaq. İrəvandakılar ağlı salim davranmasa Ermənistançün yol xəritəsi zatən bəllidir: “...indi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”. – Prezident İlham Əliyevin 20 noyabr 2020-ci ildə, Ağdamın azad olunması ilə bağlı Xalqa müraciət edərkən dediyi sözlər öz güncəlliyini saxlamaqdadır. 

Bəli, 30 illik işğal Ermənistana heç bir üstünlük vermədi, tam tərsinə, onları bölgəsəl inkişaf proseslərindən qıraqda saxladı, müstəqil ölkə standartları doğrulmadı və budur, biz işğala son vermişik, müharibədən 4 il keçir, onlarsa yenə və yeni ağa(lar) axtarır...

Əlsiz Ermənistanın əli ilə bölgədə münaqişə ocağı yaratmağı planlaşdıran (Fransa öncüllüyündəki) Avropa və ABŞ düşünməyə ehtiyac duymur bəlkə, 

o zaman Ermənistan siyasi-hərbi rəhbərliyi düşünsün:

XX yüzilin əvvəllərində də Ermənistandan vasitə kimi istifadə edilib. Ömrü boyu vasitə olmaqla çox uzağa getmək olmaz. Bu, 105 il sürübsə, o demək deyil ki, daha 5-10 il də sürə bilər. Dövlətə də xarakter lazımdır, xarakter!.. – Daxili imkanlar lazımdır, qonşularla adambalası kimi rəftar lazımdır, dürüst olmaq lazımdır...

XX yüzilin əvvəlində “Böyük Ermənistan” – Vudro Vilson planı vardı – cəhənnəmə getdi yoxsa, yox? XX yüzilin sonlarında Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi üçün Ermənistana hərtərəfli dəstək verilir, “907-ci düzəliş” qəbul edilirdi. – Nəticə etibarı ilə ermənilər “ikinci erməni dövləti”ni qura bildi, yoxsa, ilk (və son!) erməni dövləti də iri bir sualın altına itələnir?

Biz Avropa, ABŞ deyərkən, ATƏT-in gorbagor “Minsk qrupu”nun digər həmsədri Rusiyanı unutmuş deyilik. Rusiyanın Azərbaycan torpaqlarının işğalındakı rolu unudulmamalıdır. – Hər şey bir yana - Ermənistana 1 milyard dollarlıq silah-sursatın (əvəzsiz) verilməsi hansı kitab-dəftərə sığırdı? Bax, indi ABŞ və Avropa Kremlin uğursuz ssenarisini təkrarlamaqdadır. İnşallah bu da ötər, bu da keçər...

ABŞ-Avropa Birliyi-Ermənistan görüşü barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması mövzunu sağlam şəkildə açır. Biz o açıqlamanı təkrar etmədən, vurğulamaq istərdik ki, rəsmən elan olunmasa da, 5 aprel görüşü faktiki olaraq hərbi paktın yaradılması kimi bir olayın xəbərçisidir. Belə bir pakt erməni revanşizminin güclənməsinə xidmət edər, bununla da bölgədə sabitliyə, sülh quruculuğuna qarşı akta çevrilər. Bölgəni yeni istiqrarsızlığa, fəlakətə sürükləmək bəlkə, ABŞ və Avropa Birliyinin elanolunmamış maraqlarına xidmət edər lakin cırtdan Ermənistan illa ayaq altda qalar. Qafqazda “ikinci Ukrayna” ssenarisinin gerçəkləşdirilməsi, yaxud (daha anlaşılan şəkli ilə desək), “ikinci cəbhə”nin açılması, (Ukraynadan iraq), Ermənistanın sıfırlanması olar.

Biz başa düşürük ki, ehtimal olunan üçlü hərbi pakt “Ermənistanın təhlükəsizliyinin gücləndirilməsi” adı altında olsa da, Azərbaycana qarşı təzyiq və hərbi müdaxilə planının tərkib hissəsi sayılmalıdır.

Biz onu da başa düşürük ki, ABŞ və Avropa Birliyi başbilənləri Azərbaycanın öz ərazilərini azad etməsi faktı ilə hələ də barışmaq istəmir.

Əlbəttə, onu da anlayırıq ki, 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı – baş tutmadı. – Bu söz havadan deyilmir, gəlin son 3 il içində nələr olduğunu birlikdə xatırlayaq:

- “Ermənilərin humanitar fəlakəti” bəhanəsi ilə Azərbaycan Respublikasına, şəxsən Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparıldımı? - aparıldı;

-  Avropalı siyasətçilərin Qarabağa qanunsuz səfərləri təşkil edildimi? - edildi;

-  Qərbin müxtəlif dairələrinin açıq-gizli maliyyələ dəstəyi ilə yaradılmış informasiya resursları gücləndirildimi? – gücləndirildi;

- Bütün cəhdlərə baxmayaraq, günbəgün güclənən Azərbaycana qarşı planlar bir sonuc vermədikcə, indi budur, apaçıq şəkildə hərbi planlar qurub, aktı pakta çevriməyə çalışırlarmı? - çalışırlar...

Sözügedən Pakt Azərbaycanla yanaşı, ümumilikdə bölgə ölkələrinə - vİrana, Rusiyaya, qardaş Türkiyəyə qarşı da yönəlib. Məsələn, vaxtı ilə bölgəyə xarici qüvvələrin gəlişinə qəti etirazda bulunan, bunu özü üçün “qırmızı xətt” elan edən vİran niyə susur? Nə oldu da, vİranın Ermənistandakı səfiri Fransa səfiri ilə birgə Qərbi və Paşinyan rejimini tərənnüm etməyə başladı?

Bəs Rusiya niyə susur Rusiya? Proseslər sonda Ermənistandakı Rusiya hərbi bazasının çıxarılmasını nəzərdə tutursa, Moskva isə ciddi reaksiya vermirsə, torbada pişik var, bəlkə?.. Biz Rusiyanın Ermənistanda qalması qayğısına qalmırıq, biz heç Ermənistanın bir dövlət kimi qalmasının da qayğısına qalmırıq; amma görürük, izləyirik, bilirik. Həncəri deyərlər, bəyəm, siz bilmirsiniz, biz bilirik, siz bilirsiz?

Suallar çoxdur və sualın çox olduğu dönəmlərdə daşlar ətəkdən tökülmür, bəlkə ətəyə daş yığılır... Əslində, biz əl ilə daşın başqa konfiqurasiyasını təklif edirdik. Deyirdik ki, hər kəs əlini daşın altına aparsın...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Cümə axşamı, 28 Mart 2024 18:00

Rəssamlar rinqə çıxmışdılar… - ÇOX MARAQLI

Könül, “Ədəbiyyat və incəsənət”

 

Düzü, yenilikləri sevən insanam, incəsənət sahəsində yeniliklər isə xüsusən maraq dairəmdədir. Kinoda ən son xüsusi effektlərin tətbiqi, teatrda interaktiv səhnələr, rəssamlıqda 4D texnologiyanın zəfəri, musiqidə ultra səs harmoniyası, romanlarda non-fiksion bolluğu - hamısı günümüzün reallığıdır. Amma beləsi…

 

Novruz tətilinin son günündə - martın 26-da Bakıdakı “Café Maurice” məkanında inanılmaz bir şouya şahidlik etdik. Burada “Rəssamların döyüşü” adlı müəllif layihəsi təqdim edilirdi. 

 

 

Şounun təşkilatçısı ofisi İçərişəhərdə yerləşən “ARTs Council Azerbaijan” təşkilatı idi. Şouya keçməzdən öncə sizi məlumatlandırım ki, “ARTs Council Azerbaijan” - Qeyri Hökumət Təşkilatıdır. Onlar Azərbaycan mədəniyyətinin həm ölkə daxilində, həm də xaricdə təbliğinə kömək edən qeyri-adi və kreativ layihələri həyata keçirirlər. Xüsusən YUNESCO-nun qeyri-maddi irs siyahısına salınmış bizə aid nümunələrin təbliğındə bu QHT əvəzsiz rol oynayır. “Rəssamların döyüşü” də belə layihələrdən biridir. Layihənin ideya müəllifi və kuratoru Sona Quliyevadır. Demək, “Rəssamların döyüşü” rəsm əsərlərinin necə yaranmasına qeyri-trivial nəzər salınmasını ehtiva edir və iki istedadlı rəssam şərti rinqdə yarış formatında “döyüşür”.

Döyüşən rəssamlar iki ecazkar xanım idi, rinqin göy küncündə Röya Həsən və qırmızı küncdə Roza Murad qərarlaşmışdı.

 

 

“Döyüşün” şərti belə idi: boksdakı kimi burda da 3 raund keçirilir, hər raunda müəyyən vaxt ayrılır və bu müddətdə iştirakçılar öz rəsm əsərlərini yaradırlar. 

Azarkeşlər isə həm zəngin süfrə arxasında ləziz təamlardan dadır, həm öz kumirlərini alqışlayırlar. Əlbəttə ki, real vaxtda vizual əsərlərin necə yaradıldığını müşahidə etmək qeyri-adi əyləncə və zövqdür.

Çox gərgin, həyəcanlı bir mübarizəyə şahidlil edirik. 

Röya Həsən daha fəal görünür, çəkdiyi rəsmi həvəslə şərh edir. O, sirli-sehirli yarı balıq, yarı meduza çəkir. 

 

 

Roza Murad isə daha çox kətana və fırçaya qapılıb, qarışıq natürmort işləyir. 

Amma rəsmlər möhtəşəm alınmaqdadır.

 

 

Nəhayət, son raund yetişir. Tamaşaçılar qalibə səs verirlər. Röya Həsən kiçik fərqlə qalib gəlir. Əslində isə, qalib incəsənətdir, təsviri sənətdir. 

 

 

Bu arada onu da qeyd edim ki, rəsm “döyüşünə” baxmaqla yanaşı, biz istedadlı sənətçi-vokalçı Mələk Abbaszadənin ifasında canlı və DJ Azadın səsləndirdiyi hit musiqini də dinlədik, müxtəlif əylıncəli müsabiqələrdə də iştirak etdik.

 

 

Bir sözlə, bolluca dincəlib əyləndik.

Sonda mən şounun təşkilatçısı “ARTs Council Azerbaijan” təşkilatına bu cür gözəl təşəbbüslərini davam etdirməyi diləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.