“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
ALDATDI MƏNİ
İtirdi dumanda, çəndə,
Yollarım aldatdı məni.
Qucaq açdı hər yetənə,
Qollarım aldatdı məni.
Düşdüm zamanın dalınca,
Kaşın, gümanın dalınca,
Baş qoymadım gül balınca,
Kollarım aldatdı məni.
Ruhumu görən olmadı,
Könlümü dərən olmadı,
Dərdimdən ölən olmadı,
Ollarım aldatdı məni.
Adam çıxmadı rastıma,
Qəlb qızdırmadım “dost"uma,
Duam qayıtdı üstümə,
Əllərim aldatdı məni.
Sevdim, həsrətə tuş oldum,
Çiçəkdim, döndüm daş oldum,
Nə tez payıza qoşuldum,
İllərim aldatdı məni.
BU AXŞAM DƏYMƏYİB HƏLƏ
Bu axşam dəyməyib hələ,
Ulduzu kal, ayı kaldı.
Buludu kal, yağışı kal,
Sükutu kal, hayı kaldı.
Hər tərəf həsrət içində,
Hər yan töhmətin altında.
Yuxu da qaçıb gizlənib
Göyün yeddinci qatında.
Yarı işıq, yarı zülmət,
Bilmirsən hardan baxasan.
Yoxdu qapısı, bacası
Durub gecədən çıxasan.
SEVGİLİLƏR GÜNÜNƏ
Sevməyin yüz yolu, bərəsi varmış,
Qaydası, qanunu, törəsi varmış,
Alçağı, çökəyi, dərəsi varmış,
Biz keçə bilmədik bu imtahandan.
Gah qaçıb gizləndik, gah üzə çıxdıq,
Gah sükut axtardıq, gah səsə çıxdıq,
Bütün qaranlıqlar gündüzə çıxdı,
Biz keçə bilmədik bu imtahandan.
Qınaqdan qaçdıqca günaha düşdük,
Yaxına gəldikcə uzağa düşdük,
Yalan həqiqətdən qabağa düşdü,
Biz keçə bilmədik bu imtahandan.
Yordu sazaq bizi, yordu qar bizi,
Yordu abır bizi, yordu ar bizi,
İtirib batırdı qorxular bizi,
Biz keçə bilmədik bu imtahandan.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)