İyulun 9-da Azərbaycan Dövlət Kukla Teatrında Əməkdar artist, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçiriləcək.
Teatrdan AzərTAC-a bildirilib ki, bəstəkarın yubiley görüşündə onun uşaq və yeniyetmələr üçün yazdığı mahnılar səslənəcək.
Populyar estrada mahnıları səhnəmizin tanınan simaları ilə yanaşı “Oyuq” Sənət Məktəbi yetirmələrinin ifasında solo və xor nömrələri kimi təqdim olunacaq.
Yubiley gecəsi E. Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşasının nümayişi ilə bitəcək.
Xatırladaq ki, Mikayıl Müşfiqin yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi (2017) təqdim olunub. Teatrın baş rejissoru Anar Məmmədovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Ümumilikdə 12 mahnının yer aldığı tamaşanın ifaçısı Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevadır.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)