Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası tərəfindən həyata keçirilmiş işlər müzakirə edilib

 

İyulun 8-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurasının iclası keçirilib.

 

AzərTAC xəbər verir ki, Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova iclas çərçivəsində Şura tərəfindən həyata keçirilmiş işlərə və qarşıda duran məsələlərə dair məlumat verib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva gündəlikdə duran digər məsələləri diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Abidələrin qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov müzakirə üçün təqdim olunan materiallara baxılma müddətləri və bu istiqamətdə operativliyin artırılması məsələsi barədə danışıb.

O, müvafiq siyahıya daxil edilməsi üçün müzakirəyə çıxarılan mədəni irs dəyərinə malik obyektlərin işğaldan azad olunmuş ərazilərdə və Bakı şəhərində yerləşdiyini deyib.

P.Nəcəfov bildirib ki, 3 mərhələdə cəmi 145 abidə və tarixi, memarlıq və arxeoloji əhəmiyyətli obyekt daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq addımların atılması məqsədilə şura üzvlərinin müzakirəsinə təqdim olunub.

"Bakı şəhəri üzrə 6 və işğaldan azad edilmiş ərazilər üzrə 51 obyektlə bağlı şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına göndərilib. Akademiya tərəfindən 48 obyektin siyahıya daxil edilməsinə müsbət rəy verilib. Abidələr siyahısına daxil edilməsi üçün Qərar layihəsi hazırlanıb və razılaşdırılması üçün müvafiq orqanlara göndərilmə mərhələsindədir", - deyə P.Nəcəfov diqqətə çatdırıb.

O qeyd edib ki, dövlət qeydiyyatında olan 9 abidənin adı, tarixi və ünvanlarında dəqiqləşdirmə aparılaraq siyahıda düzəliş olunması təklif olunub, 12 tarixi-memarlıq əhəmiyyətli tikiliyə dair məlumatlar hazırlanaraq Şura üzvləri tərəfindən baxılıb. 8 obyektin abidələr siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunub. Şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına göndərilib.

P.Nəcəfov, həmçinin 63 binaya dair hazırlanmış materiallara da Şura üzvləri tərəfindən baxıldığını bildirib. Qeyd edib ki, onlardan 49-nun abidələr siyahısına daxil edilməsi məqsədəuyğun sayılıb. Beləliklə, Şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına məktub hazırlanıb.

Sonra şura üzvlərinin həyata keçirilən işlərlə bağlı irad və təklifləri dinlənilib.

Qeyd edək ki, Ekspert Şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub. Şurada Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.