Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Sosial mediadan iqtibas” rubrikasında bu gün tanınmış şair Cəlil Cavnşir öz “Cəlil Cavanşirin insanlığa mirası” qeydləri ilədir. Pessimist ruhda olan bu qeydlər bir istedadlı Azərbaycan şairinin həyatına güzgü tutur. 

Beləliklə: 

 

Cəlil Cavanşirin insanlığa mirası: 

1. Xırdalanda bir ev, dövlətdən kirayə. 

2. Səmada bir parça bulud.

3. Meyvələrdən üç meyvə.

4. Bir neçə platonik sevgili.

5. Tək-tük müştərisi olan bir barın ayağı qırıq taburetkası.

6. Fitlə çala biləcəyim 4-5 mahnı, biri meyxanadır.

7. 3 metrəlik kəndir, paltar asmağa.

8. 5-6 yüz kitab, rəfləri doldurmağa.

9. Həftənin tək günləri.

10. Tükənmiş zaman.

11. İtmiş iman.

12. Sonsuz məkan.

13. Marsda xəyali villa.

14. Ayda 3 krater.

15. Boş viski şüşələri.

16. Bir külqabı dolusu siqaret kötüyü.

17. 20-25 söyüş. 2-si rusca, 1-i ingiliscə, 4-ü almanca olmaqla.

18. 5-6 ədəd market paketi.

19. 40 cüt geyilmiş corab.

20. Sevənlərin qəlbində qurulmuş taxt.

21. Limitsiz saç-saqqal, tük, pambıq, sintafon.

22. Müxtəlif parklarda yerləşən üç skamya.

23. Bir ədəd dabankeş, sarı rəngdə.

24. Böyrək daşı, kiçik ölçüdə.

25. Bir neçə dibçək, dibçəkdə çiçək.

26. Ağac kölgəsi, quş səsi, otlar üstə uçub qaçan kəpənək.

27. Ayaqda döyənək.

28. Sahibsiz küçə itləri, pişiklər və ağcaqanadlar.

29. Bir ədəd Xəzər dənizi.

30. Laçında Həkəri çayı.

31. Cıdır düzündə bir qaya parçası.

32. Dönər bıçağı, qayğanaq tavası, bir ton ədviyyat.

33. Zibil torbası, kompyuter masası, bir ədəd laptop.

34. Köhnə daraq, təzə qayçı, bir kilo alça çəyirdəyi.

35. Balaca balkon, böyük ürək, sağlam can, yarım şüşə tut arağı.

36. 20 manat nağd pul. Kredit kartları. Bank borcları.

37. Ata-anadan qalma yarısından çoxu yaşanmış həyat.

38. Omba sınığı. Qara ciyərdə piy. Balkonvari qarın.

39. Yazılmamış şeirlər, oxunmamış kitablar.

40. Parka mənzərəsi olan kafedə bir masa.

 

(Metin Üstündağ  Can Yücəl haqqında belə bir şey yazmışdı. Dekonstruksiya elədim).

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

“Ədəbiyyat və incəsənət” şair Yusif Nəğməkarın kəlamlarını diqqətinizə çatdırır. 

 

 

*Zəhmətini çəkənin-şumunda haqq əkənin...

 

*Düzgün seçməsən hədəfi,

Tapa bilməzsən sədəfi...

 

*Hər yetənə söyləsən bəy "əfəndi",

Ariflər deyəcək:- Bu söz səhvəndi...

 

*Dostluğunda ol sərbəst,

Düşmənçilikdə sərməst...

 

*Qaranlıq gecədə necə Ay yatır,

Sükut içində də bir haray yatır...

 

*Saxtakarlıq-bəxtə karlıq...

 

*Çox demə ki, "səndən yoxdur",

Bir gün görərsən ki, yoxdur...

 

*Dəmşalaq cahilə versən də aman,

Cavab sormalısan ondan bir zaman...

 

*Ən qatı sislik yoxuşluq imiş,

Ən batı pislik yaxşılıq imiş...

 

*Hər qonağa qınaq gəlməz,

Hər qınağa qonaq gəlməz!..

 

*Qarğıyanda çığırar,

Ağrıyanda çağırar...

 

*Aldatmağa başlayar...

Aldanmağı xoşlayar...

 

*Susqun, dolu, xoşhaldın,

Bağırmaqla boşaldın...

 

*Peşmanlıq acısı hər nədən olur-

Ürək də onunla zər-zədən olur...

 

*Adamı dinləyə bilməyən adam

Yalan qoltuğunda qovrular müdam...

 

*Qəzəblə verilən qərardan həzər,

Olmayan vicdanı, o, sıxıb əzər!..

 

*Düzü gizlətməkçün, bir bax namərdə,

"Qardaş", "bacı" deyər özgə dillərdə...

 

*Biri sevib, dərdin zoruna düşər,

Biri öz hiyləsi toruna düşər...

 

*Nəylə oynasan da, az-maz, oyunçu...

Qürurla oynamaq olmaz, oyunçu...

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Belarusun məşhur Polotsk şəhərində şəhər günü münasibətilə hər il “Avropanın Mərkəzi” adlı ədəbiyyat forumu keçirilir. Bu il 1162-ci ildönümünü qeyd edən Polotskda forum 6-7 iyul günlərinə təsadüf edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyat forumunun Münsiflər Heyətinin sədri Aleksandr Ratkeviçə istinadən xəbər verir ki, forumda Poeziya nominasiyasında türk dünyasını təmsil edən 3 şair final mərhələsinə yüksəliblər:

-Əli Çağla, (İran. Cənubi Azərbaycan);

-Altınbek İsmailov, (Qırğızıstan);

-Xuraman Muradova, (Azərbaycan).

 

Finalçılar (onların sayı 15-dir) Polotsk şəhərində iyulun 7-də 1-3 yerlər uğrunda mübarizə aparacaqlar. Eyni zamanda onlar şəhər günləri tədbirlərinə qatılacaq, bütün mərasimlərdə iştirak edəcəklər.

Mükafatçılara qiymətli hədiyyələr, digər finalçılara isə Fəxri Diplomlar təqdim ediləcək. Polotska yollanıb finalda iştirak edə bilməyənlərin isə diplomları ünvanlarına göndəriləcək. 

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Bu dəfə bir az fərqli baxmaq istədim çox  sevdiyim sözə. Həmişə ərkyana döydüyüm  qapıya bir ayrı məqamla gəlmək istədim bu  dəfə. Dostluğu, yoldaşlığı da qoydum bir  kənara. Sözün işığı çağırdı məni.  Axı  külün  altında qoru görənlərdənəm. Odu  söndürüb  külüylə  oynayanları sevmirəm. Ürəyimin  istisinə bütün dünya qızına bilər  deyə elə bütün ürəklərin də günəş tərəfində dayanmaq istəmişəm həmişə. Sazaq  mənlik  deyil.

 

..Zaur Ustac ürək qızdırdığım, günün hansı  vaxtında olur olsun, ərklə qapısını (simvolikdi) çaldığım dostlardandı.   Baxmayaraq  ki, dostluğumuzun yaşı elə də  çox deyil, bununla belə aramızda min illik  hörmətimiz və ehtiramımız var.  Arxalandığım şair həmkarlarımdandı.  Sözündən tanıyıram. Hər yazar özünü  sözüylə ələ verir.  Zaur Ustacın sözü heç vaxt adamı incitməz. Qorxar incitməkdən.

Şairliyi də özünə bənzəyir. Hay -küysüz,  utancaq.. 

Adam onun böyük səmimiyyətindən utanar. Göndərdiyimiz bütün materialları öz balası  kimi əzizlər, qoruyar, muğayat olar. Hələ  ürəkdolusu minnətdarlığı ilə adamı özünə  borclu etməyi də var.

Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən  demirəm. Zənnimcə onu tanıyan hər kəs  mənim dediyimlə razılaşar.  Bu ürəklə yaşamağa nə var ki..

Layk (bəyənmə) azarkeşi deyil. Öz  hücrəsində, öz səssizliyindədi həmişə. Sakitliyində də özüdü. Kiməsə bənzəməyi  də sevməz. Qəribə nizam -intizamı var. Verdiyi sözü həmişə tutar. Bəlkə bu onun  vaxtilə ordu sıralarımızdakı xidmətindən irəli  gəlir. Axı uzun illər Zaur Ustac vətənə  sədaqətlə xidmət edib. Bəlkə sözə bu qədər  sadiqliyi də burdan başlayır:

 

Yurdumun dörd yanını

Hürr görmək istəyirəm  

- deyən şairin arzuları yavaş -yavaş çin  olur..  

Bundan böyük, müqəddəs arzumu var? 

Kim bilir adam bu arzuya çatmaqçun neçə  qat göynəkdən keçib bu çağacan:

 

Vətəndə əbədi nəğməyə döndün ,

Xudayar, zəfərli çağın mübarək  ...

Payızda Vətənə bahar gətirdin,

Şəhadət ətirli bağın mübarək.

 

Bu sətirlərdə sevinci dolu-dolu yaşaya  bilməyən şair ürəyinin həsrətini duyursan.. 

Olumla ölümün, həqiqətlə yalanın mübarizəsində İlahi qələbənin nəfəsi  duyulur bu sətirlərdə. Bu qalibiyyətdən, bu  zəfərdə şairin də böyük payı var. Qanın, qadanın içindən keçmiş qalibiyyət özü  də. Amma özü bu narahatlığından heç nə  demir. Sadəcə yazır.  

Ütüsüz, boyasız, rəngsiz. Ağ -qara   yazılarında bir özüdü, bir də çox sevdiyi  azadlığı. 

 

Üstündən yüz Araz axsın

Torpaq bizim torpağımız.

Güney, Quzey - fərq eləməz,

Oylaq bizim oylağımız.

 

Canı torpaq, amalı bütöv Azərbaycandı  Zaur Ustacın. Tanrı muradını versin.

Bütün yazılarına ürək qoyan yazardı. Hər  sətrində qəlbinin odunu, alovunu duyursan.  Şeirlərində qızına bilirsən şairin. Bu da bir  ayrı bəxtəvərlikdi.

 

"Dünya bir pəncərədir", pəncərən olsa, qardaş,

De, heç vaxtın oldumu, pəncərədən  baxmağa

 -deyir Zaur Ustac.

Yorğunluğunu sözündən tutursan Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şair  dincəlməyə vaxt tapmasa da qələmi yerə  qoymur.

Onun şeirləri əhvaldan doğan şeirlərdi. Ağına, bozuna baxmadan yazanlardandı  həm də.  Söz əhvalının hansı səmtinə tuş  gəlirsə elə də yazır. Əsas odu ki, hamısında   qəlbinin çırpıntıları var.  Əsl şeirlər də  səmimiyyətdən doğan şeirlərdi.

 

Gəzdim qarış-qarış doğma torpağı,

Hər dağda, dərədə izim var mənim.

Hələ keçilməmiş uca dağların 

Uca zirvəsindı gözüm var mənim! 

 

Vətənə əsgər sevgisi var bu sətirlərdə. Üstəgəl vətəndaş sevgisi. Əsas ürəyindən  keçənləri dilə gətirməkdi. Bir də söz deməyə  cəsarət də lazımdı.  Şeir cəsarətlə yazılmalıdı. Sözü buxovlamaq olmaz. 

Bəzən baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı- hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə ölü şeirlər deyirəm. Amma Zaur Ustacda həmişə bir cəsarət  görürəm. Düşündüyü kimi yazır. Sözü  boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də  qaçmır. Bilir ki, uğura gedən yol tənqiddən  keçir. Əlbəttə əsl tənqiddən. Qərəzdən  uzaq . 

Zaur Ustacın bir  "Yazarlar"  yükü  də var. Yazılarımızı onun rəhbərlik etdiyi  jurnalın  səhifələrində görmək xüsusi zövq verir bizə.  Çox vaxt özümüzdən xəbərsiz dərc  olunuruq. Bu sarıdan da böyük ürəyi var  Zaur Ustacın. Çalışqanlığı və yeniliyi ilə  seçilənlərdəndi. Həm də sözə məqsədsiz  yanaşanlardan.   

Zaur Ustac özünə və sözünə arxalanan  yazardı. Tanrı qorusun!

Bu yazı da belə doğuldu.  Birnəfəsə .  Boyasız, bərsiz, bəzəksiz. Elə şairin özü və  sözü kimi.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Folklor tarixin keşməkeşlərini əks etdirən əsas vasitə sayılır. Belə ki, illər boyu xalqımız çox zaman öz sevincini də, kədərini də bədii dillə təsvir etmişdir. Çünki daxili dünyamızda yaşadıqlarımızın ən gözəl əksi məhz elə ədəbiyyat və təsvir formalarıdır.

 

Tarixin ən qarışıq və kədərli məqamlarından biri öz doğma yurd-yuvasından, təbiətindən, dağ-dərəsindən məcburi ayrı düşən Qərbi azərbaycanlıların taleyidir. Qərbi Azərbaycanla bağlı apardığım araşdırmalarda və öz ailəmdən, qohumlarımdan eşitdiklərimdən əldə etdiyim məlumatları bu yazıda bir yerə toplamağı özümə borc bildim. Çünki mən o torpaqlarda böyüməsəm də, uşaqlıqdan daima oranın mühitinin, təbiətinin təsvirini nənə-babamın danışdığı nağıllarda, bayatılarda hiss etmişəm. Bir gün nənəm - Xanəliyeva Güleyxa Əbülfət qızı öz məktəb illərindən danışarkən sonda belə bir bayatı səsləndirdi: 

                               

Canımda bir sazaq var,

Yaxın yoxdu, uzaq var.

Nə Nüvədi, Qaçaran,

Nə də ki, Ağbulaq var.

 

Apardığım bir sıra araşdırmalarda deportasiya ilə bağlı diqqətimi çəkən məqamlara rast gəldim. Belə ki, mənfur düşmən hər zaman öz vəhşiliklərinin üstünü yalanlarla örtməyə çalışsa da, ədəbiyyatın tozlu səhifələrində qalan nümunələr həqiqətləri göz önünə sərir. İrəvan çuxurundan toplanmış aşağıdakı bayatı sovet dövründə xalqımızın başına gətirilən ağrı-acıların, Qazaxıstan çöllərinə sürgünün xatirəsini daşıyır:

 

Çöllərdə sonam mənim,

Dəhnəzdə binam mənim.

Cambul əziz olsa da,

Vedidi anam mənim.

 

Bu bayatıda adları keçən Dəhnəz (Vedibasarda kənd), Vedi və Cambul (Qazaxıstan) kimi yer adlarından da göründüyü kimi burada söhbət azərbaycanlıların 1930-cu illərin repressiyası zamanı Qazaxıstana sürgün edildiyi illərdən gedir. 

1930-cu illərin kütləvi qırğın repressiyası zamanı Qərbi Azərbaycan torpaqlarından da xeyli ziyalı sürgünə göndərilmişdir.

Bundan bir müddət sonra 1948-1953-cü illərdə ermənilər SSRİ rəhbərliyinin qərari ilə dövlət səviyyəsində azərbaycanlıların öz tarixi torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiyasına nail olmuşdular. Aşağıdakı bayatılarda da sürgün və deportasiya illərinin acı xatirəsi yaşamaqdadır:  

 

Əziziyəm ay keçər, 

Vedidən bir çay keçər.

Qayıdarıq Vediyə,

Bu qış ötər, yay keçər.

 

Mən aşıx kəsən ağlar,

Bəxtinnən küsən ağlar.

Qərib yerdə ölənin,

Gözünü basan ağlar.

 

Nəhayət, 1988-1989-cu illərdəki sonuncu kütləvi deportasiyanın, Vətən itkisinin kədər və ağrıları da bölgənin bayatılarına hopub sanki: 

 

Mən aşıx Ağbulağa.

Yol gedir Ağbulağa.

Düşmənə girov qalan,

Ağla sən Ağbulağa.

 

Eləmi çətən yolu,

Tutufdu Vətən yolu.

Düşmənin gözü çıxsın,

Bağlanıf Vətən yolu.

 

Bu yerdən ötən hanı

Cığırı itən hanı?

Mənə qərib deməyin

Bəs, onda Vətən hanı?

 

Aşıq yaradıcılığının əsas nümayəndələrindən biri olan Dədə Ələsgərin yaradıcılığında fərqli illərdə yazılmış iki “Dağlar” qoşması vardır ki, diqqəti xüsusi cəlb edir. Belə ki, ilk qoşma şən əhval-ruhiyyədə yazılsa da, ikinci şeirdə bədbinlik və məyusluq ovqatı oxucunu təsirləndirir. Bunun səbəbi isə 1918–1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Kəlbəcərdə qalmışdır. Bu yerlərdə  aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi.  Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, bu zaman ikinci “Dağlar” qoşmasını qələmə almışdır. Şeirə nəzər yetirək:  

 

Hanı mən gördüyüm qurğu-büsatlar!?
Dərdməndlər görsə, tez bağrı çatlar;
Mələşmir sürülər, kişnəşmir atlar,
Niyə pərişandı halların, dağlar?!

Hanı bu yaylaqda yaylayan ellər!?
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir köksündə türfə gözəllər,
Sancılmır buxağa gullərin, dağlar!

 

Gözəllər çeşməndən götürmür abı,
Dad verə dəhanda Kövsər şərabı.
Xaçpərəstlə düşdü Bund inqilabı,
Onunçün bağlandı yolların, dağlar!

 

Elə ki, şər gəldi, qaraltdı qaşı,
Dumana qərq olur dağların başı.
Düşəndə gürg ilə kəlbin savaşı,
Uzun çəkir qi(y)lü-qalların, dağlar!

Halıyam Eldarın var cümləsindən,
Gecə yatmır bir-birinin bəhsindən.
İyid nə'rəsindən, güllə səsindən
Dəyməmiş tökülür kalların, dağlar!

Həsənnənə, Həsənbaba qoşadı,
Xaşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!

 

Hər bir misrada yurdunun talandığını görən şairin, el ağsaqqalının kədəri duyulur. “Arsız aşıq elsiz niyə yaşadı?!” cümləsi bəlkə oxucu üçün bəzən şeirin adi bir parçası kimi görünsə də, canı el-obasında olan, ürəyi dogma torpaqla döyünənlər üçün qəlb yanğısını əks etdirən ifadədir. Çünki insanı yaşadan dəyər verdiyi məfhumlar, varlıqlardır.  

Əslən İrəvanın Təzəkənd kəndindən olan Əliyeva Sona Yaqub qızının dediyinə görə kənddən ayrıldıqları vaxtda qeyd edəcəyim şeiri bədahətən söyləmiş sonra isə övladları tərəfindən qələmə alınmışdır: 

 

Ayrıla qəmnən, kədərdən,

Ağlımı alma əsərdən.

Çox demirəm, hərdən-hərdən,

Sevincə qatıl, a könül.

 

Çıxax Şuşa qalasına,

Uçan Laçın yuvasına.

Düşmanların qafasına

Xənçər tək taxıl, a könlüm.

 

Ata-ana qulluğunda,

Etibarlı dost uğrunda,

Ana Vətən uğrunda,

Ocax tək çatıl, a könlüm.

 

Vətənimin torpaxları,

Kaş bir gün qayıda geri.

Eşidəm müjdə xəbəri,

Çiçəy tək açıl, a könlüm.

 

Mənə uşaqlıqdan bəri Qərbi Azərbaycanı, tarixini, təbiətini və Vətən həsrətinin çətinliyini söyləyən babam- Xanəliyev Mürvət İbrahim oğlu bu dəfə də yadında qalmış bir neçə bayatını mənimlə bölüşdü:

 

Eləmi, neynir məni?

Ney çalan neynir məni?

Gedin deyin Qafana,

Ölürəm, neynir məni?

 

Ay dağlar, qoşa dağlar,

Mənsiz ha yaşa dağlar.

Dədə-nənə elindən,

Tüşmüşəm haşa, dağlar

 

Dağlar marala qaldı,

Sular Sarala qaldı.

Soyux bulax, şehli yaylax,

Hamısı gavıra qaldı.

 

İrəvanın yasdı yolu,

Su gəldi, kəsdi yolu.

Gəlirdim sizdərə,

Kafir kəsdi yolu.

 

Açıx qoy pəncərəni,

Gözüm görsün bu gələni.

Necə deyib ağlayarlar,

Bu qəriblikdə öləni.

 

Bostanımız əkili qaldı,

Çəpərimiz çəkili qaldı.

Hər nə zəhmət çəkmişdihsə,

Hamısı tökülü qaldı.

 

 Uşaqlıqdan daima Qərbi Azərbaycan haqqında eşitdiklərimlə xəyalən sanki oranın dağ-dərəsini, çəmənlərini gəzib gözümdə, ağlımda canlandırmağa çalışmışam. Mənim fikrimcə, insan həqiqətən parlaq yolda addımlamaq istəyirsə, mütləqdir ki, öz tarixi köklərinə sahib çıxsın. Mən inanıram gənc bir filoloq kimi tezliklə öz dədə-nənə yurdumda öz elmi fəaliyyətimi davam etdirəcəm.

 Ulu Öndərin vəsiyyətini gerçəkləşdirən, Öndər yolunun layiqli davamçısı Cənab Ali Baş Komandanın sayəsində bu gün şeirlərdəki baharı, çiçəkli, təravətli günləri biz Qarabağda və yurdumuzun bütün guşələrində görürük. Qoy Vətən daim gül açan yaşıl çəmənlər kimi şad və xürrəm olsun. Və ümid edirəm ki, Cənab Prezidentin də dediyi kimi biz tezliklə Aşıq Ələsgər şeirindəki süsənli, sünbüllü, lalalı dağları olan Zəngəzur, Göyçə kimi tarixi torpaqlarımızda da Qarabağda olduğu təki yaşıllaşan, çiçəklənən sübhləri görəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

“Ədəbiyyat və incəsənət” portalı Güney Azərbaycan şairləri ilə sizlərin tanışlığınızı davam etdirir. Bu gün Səhər Baraninin şeirləri təqdim edilir. 

Layihənin müəllifi portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağladır. 

 

 

I.

Gecələr,

Bir yalqız bayquşun aşiqanələridir

Dustaq arzularla dolu

Bəyaz həsrətlərlə

Sözcüklər düşünürlərmi?

Çərçivəsiz kəlmələrin inamı

Uduzulur sətirlərin arasında

Savaşı sevgilər kimi

Bakirədir

Kəpənəklərin toxunulmazlığı...

Çağırsam adını

Güllərin dilində

Bütün dağlardan

Uçuş qoxusu alacaq dünyanı.

Dünən bir ölü xortladı qəbirdən

Bu gün sevirəm səni!

Səhər...

Səhər kəpənəkmi olacaqmış?

Təsadüflə uzanıbmı saçları?

Harda qaldı günəşim

Bir addım qaldı dünyanın sonuna

Kəpənəklərin qorxusunda...

Amma,

Ulduzlar

Bir ovuc atəş böcəyidir

Nigaran anaların

Qayğı boğçasına düyünlənmiş

Azmasın yolunu

Nişansız gəlinlər!

Qulaq as,

Çənli beldən qılınc səsi gəlir

Təbrizdə devrim ehtirası artır.

 

II.

Yalqız qaldığın saatdan başlayır gecə

Soyununca al donunu oyunbaz günəş

Solunca güllərin yanağı

Saatlar boyu ekrandan sonra bağçanın səhnəsində

O saatlardan başlayır

Özümün özümlə göz-gözə gəlişim!

Buz yarağın ətəyində

Silinir pomada rəngli gülüşlər dodağımda.

Bom-boşluğumun dəhşət gerçəkliyində

Nə birinin qəhvə rəngi gözləri açır düyününü fal fincanlarının

Nə mənim quru bir salama susamışlığım

Çalır dünyanın qapılarını

Yəni necə baxsan

Ən gərəksiz olaydır yaşam

Sonra qurtulacaq bu şeir

Elə bu şeirin sonundan başlanır.

Aynalardan küsmüşlüyüm

Bu şeirin sonu

Dörd divardır hörülüb əynimə

Və divarların boğazında qalan bir cüt pəncərə

Dans edir yalqızlıq bütün iqtidarıyla.

Divarların bu əlində heç nə yox

O biri əlində bir xiyaban var

Qucaqlayır gəlməmişlikləri.

Silir ehtimal addımlarını fal fincanlarının taleyindən, bilirsən.

Gecənin yaddaşından qaçış yox

Hayana baxsam

Dprd divardır

Və divarların boğazında ilişən o qəhər olmuş pəncərələr

Açılır tənhalığına bu şəhərin...

 

III.

Hövləsək keçirirdilər

Yolları cənnətə doğru.

Və yarpaq, hər halda

Payızın sonu idi.

Baharın andı olsa da...

Ağ,

Birlikdə,

Əl-ələ kölgələrimizlə, -

Ki, tərk edirdilər bizi hübuta neçə addım qala

Və biri özbaşınalığımdan gileyli,

O biri isə,

Məzlumluğumu özü ilə bərzəx hicləsində daşıyan

Kişilərlə

Ayaq bir,

Qapısını açdığımız dünyann

Gəlinliyi idi...

Mən

Tanrının dörd fəslini lilit;

Qaranlıq,

Gecə uçağanlığımın üsyanı idi.

Və dərələr

Qadınlıq ağrılarım...

Mənlə sən bilirik sadəcə!

Şeytanın heç günahı yox idi

Tanrı bütün ayələri

Öz nəfinə cəlb eləmişdi!

 

IV.

Artıq demək olmur “Sevirəm səni”!

Dil dönmür!

Və barışa çağırır bizi, sap-sarı bir prezident

Boğur Arpa çayı gəlinliyimi

Boğulur Tehran havasında ümidim

Və düşünürəm heç biri yoxdur məndə

Yaşamağı da yadırğayan bir yadam özümə,

Göz açmağım ehtimal

Və səhər

İnanılmaz qədər gizəmli!

Ən acısı da

Ortadoğuda bir qadınam

Ya ən önəmsiz bəhanəyə töküləcək qan!

 

V.

Açınca gözlərini

Dik atılınca varlıqdan

Ögey görüncə gər şeyi

Ömür boyu yaşadığını sandığın həyat yoldaşını,

Divarları,

Yastığını,

Yığıb ölü saniyələri bir çantaya

Qaçmağın gəlir durduğun yerdən

Verirsən özünü xiyabanlara

İtirir xiyabanlar

Tanımadığın adreslərdə səni.

İtir adın itirdiyin saniyələrin qalabalığında

Sonra baxırsan səsin də silinib dünyanın qulağından

Baxırsan əllərinə

Çəkirsən barmaqlarını üzünə

Yabancıdır hər şey tanımırsan dodaqlarını

Sevdiyin adamın gözlərinin rəngini

Qorxu dolur hüceyrələrə

Dalı-dalı qayıdırsan

Evlərin cəsədinə toxunur addımların.

Dönürsən

Dayanıb nəfəsini dərməyə bir divar da qalmayıb

Kölgən ətəyindən aslanır

Sonra qorxunu da yadırğayır indiki sən

Avara qalırsan başı boş küçələrin bənzərliyində

Sonra

Ayaqlarını bir qarğaya borc verirsən

Əllərini

Yarpaqlarını qusan ağaclara

Əlsiz qalırsan, ayaqsız

Dolanırsan qarış-qarış tanımadığın tənlərin dolaylarını

Tanımadığın kimi aynadan baxanın əslində kim olduğunu

Bütün adlarla çağırırsan özünü

Bütün kəlmələri sınayırsan xatırlamaq üçün həyatın kod adını

Daha da dərinləşir unutqanlığın

Daha da batır gövdən boşluğa

Qocaman qara dəliyə dönüşür beynin

Xatirələrinlə birlikdə udur indini də keçmişin kimi

Sonra...

Dünyanın yaddaşı bir balıq qədər qısadır

Yəni doğulduğu an ölür zaman

Və sən

Tanımadığın yaradılmışların qalabalığında anasını

(Doğuluşunu) itirən uşaq qədər çarəsiz

Deşməyə başlayırsan qəbirləri bir-bir

Çıxıb gələsən bəlkə birindən özünə

Doğulmamış zamanların darvazasında

Bir iz,

Bir baxış,

Bir gülüş,

Yox!

Sən zamanın sonsuz boyutu

Və hər nə

Random tiktaklarda yoxa çıxır

Sonra yumursan gözlərini

Qəbirlərin birindən çıxan özünü geyirsən əyninə

Başlayırsan yaşamağa!

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Təranə Turan Rəhimlinin yeni şeirlərini təqdim edir. 

 

 

YORULDUM, İNANMADILAR

 

Nağıl sevgilərdə qaldım,

Məni gerçək sanmadılar.

Elə yerdən yaralandım, 

Yara bilib sarmadılar.

 

Ağrılar içimdə dağdı, 

Zirvəsinə alov yağdı.

Hər dərdə körpəm tək baxdım,

Gəlməkdən usanmadılar.

 

Söz olub Haqqa deyildim,

Söz üçün ölüb dirildim.

Həyatı yanmaqda bildim,

Ondan mənə yanmadılar. 

 

Tutundum qələm-silaha,

Yenə də pənah Allaha...

Gücümdən yoruldum daha,

Yoruldum, inanmadılar.

 

 

HÜNƏR ODUR...

 

Haqqa getməyən yolun

Bilinməz düzü, tərsi.

İnsan dərs almadıqca

Bitməz Allahın dərsi.

 

Ömür boyu tükənməz

Bu taleyin sınağı.

Qaya kimi dayanar 

Yol üstündə qınağı.

 

Bəzən təbiətin də

Üzü dönər, sərt durar.

Yağışı döyəcləyər, 

Dolusu qırmanc vurar.

 

Kəsər fələk ipini

Gözləmədiyin yerdə.

Bir az böyütmək üçün

Tanıdar səni dərdə.

 

Həyat - sonsuz  imtahan,

Hamı keçər birtəhər.

Qorxma, qatı zülmətin 

İçindən doğar səhər.  

 

Hünər odur  gecəyə

Qəlbindən nur verəsən.

Dərdə baxıb Allahın

Böyüklüyün görəsən.

 

 

ƏRİK AĞACLARI ÇİÇƏKLƏYƏNDƏ

 

Nənəmin çöhrəsi güllər açardı,

Babamın üzündən kədər qaçardı,

İlk bahar aləmə ətir saçardı,

Ərik ağacları çiçəkləyəndə.

 

Hər ağac ağ gəlin, üzündə düvaq, 

Bir ömrün yazına bəzək hər budaq.

Sanardıq bir də qış qayıtmayacaq,

Ərik ağacları çiçəkləyəndə.

 

Torpaq ağ ləçəkdən xal-xal olardı,

Qəlbimə dağ boyda fərəh dolardı.

Hissimi, ruhumu məndən alardı,

Ərik ağacları çiçəkləyəndə.

 

Qaçışardıq bağda kəpənəklər tək,

Səpilərdi telimizə ağ çiçək.

Evə qayıdardıq elə sevincək…

Ərik ağacları çiçəkləyəndə.

 

Yarı soluxardı, yarı qalardı,

Yağış döyəclərdi, külək yolardı,

Əl yetəni qızlar dərib talardı,

Ərik ağacları çiçəkləyəndə.

 

Yadımda o doğma bağçanın ətri, 

Neçə bahar ötüb o vaxtdan bəri,

Biri də verməyib o yazın yerin.

Mənə o bağçanı, o yazı verin 

Ərik ağacları çiçəkləyəndə.

 

 

BİZ BİR-BİRİMİZÇÜN YARANMAMIŞIQ

 

Biz iki dünyanın adamlarıyıq,

Birində zülmətdi, birində işıq.

İki fərqli baxış, iki yad ürək,

Biz bir-birimizçün yaranmamışıq.

 

Mənim arzularım yelkənsiz gəmi,

Sənin dalğaların  aparmaz  məni.

Bu sevda dərd olar ayrılıq kimi,

Biz bir-birimizçün yaranmamışıq.

 

Qıymaram köksümdə yanan günəşə,

Sən çətin dözəsən oda, atəşə.

Nə zaman görünüb yay-qış birləşə?!

Biz bir-birimizçün yaranmamışıq.

 

Mənim yolum üstdə hər kəs mələkdi,

Sənin nəzərində hamı kələkdi.

Özünü aldatmaq nəyə gərəkdi?

Biz bir-birimizçün yaranmamışıq.

 

Hərəmiz bir ruhda. İkiləşməyək,

Ömür qatarında itələşməyək,

Bu sonu görünən yola düşməyək,

Biz bir-birimizçün yaranmamışıq.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bugünlərdə bioloq alim, yazıçı Sadıq Qarayevin 50 illik yubileyi qeyd edildi. Yubileydə yazarın özünə töhfəsi isə yeni kitabı oldu. 

 

“Azərbaycançılıq məfkurəsi” Sadıq Qarayevin sayca beşinci kitabıdır. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv, “N” saylı qəhrəmanlıq”  elmi-fəlsəfi və tarixi janrlarında yazılmış iri həcmli romanlar, “Sarvansız Zamanlar” isə hekayə və esselerdən, müxtəlif janrlarda yazılmış əsərlərdən ibarət kitabdır. 

 

 “Azərbaycançılıq məfkurəsi” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu, elmlə bədiiliyin vəhdəti baxımından yeniliklər yarada bilmişdir. 

Müəllifin “Düzülüş və mövcudluq”, “Zidiyyətin çalarları”, “Bağban və yol” hekayə və esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada təzahür nümunəsi olmaqla yanaşı, bu əsərlərdə cəmiyyət və təbiətin harmoniyası, insanın bəndə, bəşər övladı və vətəndaş kimi daxili aləmi, onun müqəddəs vəzifələri bir sıra fəlsəfi baxış nöqtələrindən müzakirə edilir. 

II fəsildə Azərbaycançılıq məfkurəsinin milli dövlətçiliyimizin, yeni milli hədəflərimizin işıqlı yolunun zəfərlərimizin hərəkətverici qüvvəsi olduğunu izah edən,  əsaslandıran elmi-fəlsəfi, bədii yazılar yer almışdır.

III və IV fəsillərdə  müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən, müxtəlif janrlı yazılar yer almışdır. Bu fəsillərdə yer alan yazıların da mahiyyətində milli və bəşəri dəyərlərin, problemlərin mahiyyətinə baxış, Azərbaycan xalqının milli dövlətçilik idealları, azərbaycançılıq məfkurəsinin mahiyyət elementləri, hər bir vətəndaşın dövlətçilik, vətən qarşısında  müqəddəs   hüquq və vəzəfəlirinə işıq salmaq dayanır.

 V fəsildə yazıçının sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır.

VI fəsildə oxucu “Ömür lövhələri” adlanır və bir insanın - bioloqun yaşadığı, müşahidə etdiyi ətraf aləmin, ömür yolunun   yazıçı təxəyyülündə əks olunan xatirələri ilə tanış olur. 

Kitabın Redaktoru Sima Cəfərova, Korrektor: Esmira Fərəcova, Dizaynı: 10-cu sinif şagirdləri: Nəzrin Qarayeva, Əli Qarayev, Məmizadə Fatimə, Şabanova Rəyyandır.

Bakı: “Tiçprint”, 2024, - səh. 418

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Əbədi yazıçımız Əzizə Cəfərzadə  “Aləmdə səsim var” kitabında Şirvanın 1000 illik paytaxtı olmuş Şamaxını belə təsvir etmişdi: “Şamaxı yollardan başlayır...”

Böyük yazıçımız öz əsərlərində Şamaxıda mövcud olan Azərbaycanın qədim dövlətçilik tarixini yollarla başlamaqda məqsədi o yollardan gəlib keçən insanları, mədəniyyətləri və savaşları göstərmək idi... O yazdıqları da bizdən əvvəl yaşanan tarixlərin açılı və şərəfli səhifələridir.

Həmişə belə olub, Yaradanın bu gözəl məkanının - Azərbaycanın torpağına, suyuna göz dikənlər çox olub. Gəliblər, dağıdıblar, viran qoyub gediblər...

Lakin bu müqəddəs torpaqlarda  qəhrəman və qeyrətli analarımızın dünyaya gətirdiyi ər oğullar, hünərli qızlarımız yenidən əkib- becərib, tikib-qurub yurd yeri edib doğma Vətənimizi. Biz bu Vətəndən ayrılmamışıq. Harada olsaq da torpaq həsrəti bizi rahat buraxmayıb.

....Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” və “Yaşıl dünya naminə həmrəylik ili” adlı tədbirlərdə iştirak etmək üçün Zəngilan şəhərinə yola düşdük.

Mən də “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İB-nin sədri kimi nümayəndə heyətində idim. 

Cəbrayıl rayonundakı postu keçəndən sonra, yenə diqqətimi ermənilərin işğaldan əvvəl qazdıqları üstünü ot basmış bəzi səngərləri çəkdi... Bir az da keçəndən sonra  viran qoyduqları evlərin təməllərinin yerinə yeni təməl döşəndiyini, yeni tikiləcək evlərin təməlinin bir-iki daş qalxdığını görürəm. Yenidən tikiləcəyini gözləyən daş divarlar, daş sütunlar isə mənə əllərini göyə qaldırıb Tanrıdan aman diləyən anaları-ataları, uşaqları xatırladır. O vəhşi xislətlilər bu gözəl yurdlarımızı viran qoyandan sonra yaralı evlərimiz, divarlarımız, binələrimiz düz 30 il bu yurdlarda qollarını göyə qaldırıb, Tanrıdan aman dilədilər. Tanrıdan bu yurdların sahiblərinin gəlib oz ocaqlarını isitmələrini istədilər.

Heç bilirsinizmi ki, daşların da yaddaşı vardır? Uzun illərdir ki, yaponlar daşların  dərin və görünməyən yaddaşında qalan səsləri, fikirləri öyrənmək üçün çalışırlar. Və inanıram ki, buna nail olacaqlar. Sözümün mübtədası odur ki, həmin evlərin, yurdların, qayaların, dağların daş yaddaşında səsimiz, söhbətimiz ruhumuz qalıb. Onu bizim çoxumuz görmürük. Bilənlər isə bilirlər ki, daşlar heç nəyi unutmurlar.

Qolları göyə dikili qalan daşlarımızın harayını, səsini Tanrının öz hökmü ilə başda Ali Baş Komandanımız, Xaqan İlham Əliyev olmaqla, onun şadları, alpları, qazilərinə yetişdirdi və onlara aman verdi. Daşların ruhu və səsi onların cisminə çökdü... O səslərlə, o ruhla qələbə əzmi yüksəldi. Torpaqların, yurdların öz sahibləri qayıdan kimi, burada çəmənlər, ağaclar, çiçəklər başqa hava, başqa naz ilə çiçəkləndilər.

Cəbrayıldan Zəngilana qədər uzanan yol boyu şüşə kimi hamar yollar üzərindən keçdikcə, dünənə qədər sağımızda- solumuzda viran qalmış kimi görünən yurdlarımızda aparılan quruculuq işləri ürəyimiz dağa döndərir... Gəlib Zəngilanın ağappaq evlərlə süstlənmiş zümrüd damlı  Ağalı kəndinə yetişdik.  

“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” və “Yaşıl dünya naminə həmrəylik ili” adlı panel iclaslarda Agentlik və QHT rəhbərlərinin çıxışlarından gəldiyim nəticə bu oldu ki, ölkəmin nə qədər dəyərli ziyalı və savadlı övladları var ki, bu Vətəni vətən kimi, can kimi sevirlər. Forumda məruzə və çıxışlarda azad olunmuş tarixi torpaqlarımızda və Naxçıvanla həmsərhəd ərazilərdə, dövlətimizə və yurdlarımıza , təbiətimizə ermənilərin vurduqları ziyan və talanlar sadalandı. Eyni zamanda bu ekoloji   fəlakətdən çıxış yolları izah olundu. 

Həmin çıxışlarda ermənilərin Azərbaycan torpaqlarında ekoloji tarazlığı pozması ucbatından dağ mədən sənayesinin  istismarı nəticəsində yaranan ekoloji fəsadlar, ərazimizdəki mina çirklənməsi, Oxçu, Bərgüşad, Araz çaylarına düşmən qonşularımız tərəfindən axıdılan zəhərdən bəhs edildi. O çaylara axıdılan zəhərli suları insanlar tam fərqinə varmadan öz təsərrüfatlarında işlətməyə məcburdurlar. O çirklənmiş sulara görə torpaq, əkdikləri məhsul zəhərlənir. Əgər yoncadırsa, heyvandarlıq yemidirsə- yoncanı yeyən heyvanın südü, buğdadırsa- buğdadan çörək bişirən insanın qanı zəhərlənir. Bir görün ki, 30 il ərzində və bu gün də bu insanlığın və bəşəriyyətin qənimi olan, bizim 1918-ci ilin 27 may tarixində verdiyimiz 9 min kv.m ərazidə -İrəvanda yaşayan ikiayaqlı canlılar təbiətə necə qənim kəsiliblər. Əlbəttə ki, mən inanıram ki, vətəndaş cəmiyyətini təmsil edən QHT nümayəndələrimiz “Yaşıl dünya naminə həmrəylik ili” adlı böyük COP29 topantısında dünya ictimaiyyətinə bu ekoloji fəlakət həqiqətlərini çatdıra biləcəklər.

Panel müzakirələrində iştirak edən məruzəçilər ermənilərin işğal dövründə 60 min hektar yaşıllıq ərazimizi yandırıb viran qoyduqlarını, yaşı min ildən çox olan nadir ağaclarımızı kəsib İrana, Rusiyaya satdıqlarını, xarici investorların əli ilə yerin altındakı sərvətimizi taladıqlarını bildirdilər. O da məlum oldu ki, bu talan edilən sərvətimizdən Ermənistan büdcəsinə çox az miqdarda, investorların qazandıqlarının 6 faizi qədər gəlir gəlirmiş. İndi azad etdiyimiz torpaqlarımızda yerləşən 45 ədəd metal mədənimizdən taladıqları qızıl və digər bahalı sərvətlərimizin əvəzində isə mina, silah və sursat alıb, bizə qarşı istifadə edirdilər.

O çıxışların içərisində yadımda qalanlardan biri də həmin hadisələrin canlı şahidi  Umud Rəhimoğlunun dedikləri oldu:

“1992-ci ildə Bərgüşad, Həkəri, Oxçu , Araz çaylarının ətrafı insan ah-naləsi, uşaqların göz yaşı ilə dolu idi. Araz çayında nə qədər uşağın, qocanın, gəncin gülüşləri boğuldu...”.

… Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatındakı çıxışlarının birində dedi ki: “Biz hamımız türk ailəsiyik!”. On illərlə ürəyimizdə gəzdirdiyimiz, yazdığımız, uğrunda savaşdığımız, ideya davalarında səsləndirdiyimiz, qarşımıza qoyduğumuz hədəfimizi  Prezident İlham Əliyevin təsdiq etməsi “Qızıl alma” hədəfimizə aparan yolun görünməsi idi.

Bax, biz Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ailəsi olaraq, iyunun 24 və 25-ində həmin o türk ailəsinə, türk dövlətlərinə məxsus olan Zəngilan rayonunda –Zəngilana və Zəngəzur yolunun üstündə yerləşən yurdlarımıza qarşı edilən müsibətdən danışdıq, lakin bu danışıqlarda daha ağlamaq, ümidsizlik yox idi. Bizi belə əmin edən tikintisinə şahid olduğumuz Zəngəzura gedən yol idi.

Əlbəttə, işğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq işlərinə baxdıqca qürür duyuruq. Və bu boyda xərabətin  nə zamansa GÜLÜSTANA dönəcəyi günün çox yaxında oilduğuna inanırıq.  Lakin bu inamın içərisində bir həqiqəti də unutmamalıyıq ki, hər şeyin fövqündə İNSAN dayanır. Ağacları əkən də, torpağı becərən də insandır, insan övladıdır.

Zəngilan forumunda da buralarda yeni ağaclar əkəcəyimiz, evlər tikəcəyimiz haqqında arzularımızın reallaşması barədə fikirlər səsləndirildi.

Zəngilan, Zəngəzur və Zəngi Ata... -- türk torpaqları... O yerləri göprməyənlərə deyim ki, Daşkəndin Zəngi Ata adlı bir rayonu vardır. O rayonda da çinarlar boy-boya düzülüb. Torpaq çinarlara güvəndiyi kimi, insanlar da övladlarına, ailəsinə güvənir.

Daşkənd şəhərinin cənub girişinin 15 kilometirliyində yerləşən Zəngi Ata rayonu və Zəngi ata Mavzoley Mədrəsəsini xatırladım. Bir-birindən bu qədər uzaqlıqda yerləşən hər iki yaşayış məskəninin adının “Zəngi” sözü ilə başlaması isə yəqin ki, qədim “Zəngi” adlı türk tayfalarının adı ilə bağlıdır.  Daşkəndin Zəngi Ata rayonunda yerləşən Zəngi Ata ocağı bu gün müsəlman dünyasının ziyarət yeridir. Zəngilanda yeni inşa olunan məscidimiz də bu gün yenə inanclı insanlara öz qapısını açıb. Onun yanında isə, 1717-ci ildə Zəngilanın nəcib bəylərindən olan Həsənalı bəy sultan Nəsr oğlunun inşa etdirdiyi məscidin işğal illərində dağıdılmış görünüşü bərpa olunmaqla yaddaş üçün saxlanılıb. İçəri keçib həmin məscidin divarlarına çəkdim əllərimi. Daşlara inananlar bilirlər ki, daşın yaddaşı vardır. Yaponiyalı alimlər daşların yaddaşına yazılmış səsləri və təmasları oxumağı öyrəndiyini yuxarıda qeyd etmişdim. Yəqin ki, biz də bir gün bu daşlara hopmuş o səsləri, bu daşlarda sevgisi, ağrısı qalan insanların nə düşündüklərini ağıllı kənd modeli Ağalı kəndində oxuyan uşaqların intellekti  sayəsində biləcəyik.

Bu işləri görmək üçün də xalqımızın sayının çoxalması gərəkdir! Nəinki Azərbaycanın, türk ailəsinə mənsub olan bütün xalqların sayının çoxlaması şərtdir. Lakin gəlin görək, Azərbaycanda yaşayan irqindən, rəngindən, dindindən asılı olmayaraq əhalisinin çoxalması üçün gördüyümüz işlər, irəli sürdüyümüz təkliflər yetərincədirmi? Əfsuslar olsun ki, XEYR!!!

Mən çox istəyirəm ki, ölkəmizdə çoxuşaqlı ailələrin sayı çoxalsın. Bunun üçün dövlət proqramı hazırlansın. Bakıda iş tapmayan, özünü işsiz hesab edən yeni ailələrə və yaxud da iş axtaran gənclərə işğaldan azad olunmuş torpaqlarda iş təklifləri çoxalsın. İş istəyənlərin qarşısına maneələr çıxarılmasın. Gəncləri torpaqdan və vətəndən küsdürməsinlər. Şərtlərdən biri də o olsun ki, həmin yurdlarda çoxuşaqlı ailə sahibi olmaq istəyənlərə əlavə kompensasiyalar ödəniləcək.

Mən onun əleyhinəyəm ki, gənclər buraya tam rahat mənzillərdə yaşamaq üçün köçsünlər. Gəlin ağır sınaq qarşısında olan dövlətimizə belə şıltaqlıq və ərköyünlük nümayiş etdirməyək. Gözünüzün qabağına gərtirin ki, çoxdan yaşadığınız eviniz təbii fəlakət nəticəsində uçulub, dağılıb. (İraq olsun!) Və siz onu yenidən tikməlisiniz. Bilirsiniz də nə qədər əziyyətdir, o evi yenidən qurub-tikmək. İndi bir fikirləşin ki, viran edilmiş yurdlarımızda, təməli və divarları torpağa çevrilən o yerləri tikib-qurmaq üçün nə qədər hövsələ və güc, inam lazımdır. Ona görə də dövlətimizin quruculuq işlərində ona kömək edən vətəndaş olaq. Bu vətənin daşı olarıqsa, dövlətin orada təməl üçün qoyduğu daşın üstündə özümüz də daş ola biləcəyiksə, o zaman, Qarabağda və digər işğaldan azad  edilən ərazilərdə vətəndaşlarımızın sayı artacaq, abadlığımız tez başa gələcək. Əlbəttə ki, bu məsələlərdə məmur vicdanı və xalqa sevgisi əsas şərtdir!

Mən , Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən xahiş edirəm ki, QHT təşkilatları bu gündən etibarən həm də gənclərimiz arasında  çoxuşaqlı ailə olmağın Vətən üçün, Dövlət üçün, ailənin özü üçün nə qədər əhəmiyyətli olduğunu təbliğ etsin. Ailələrdə uşaqların sayının artırılması üçün Təşəbbüs qruplaraı yaradaq. Dövlət və hakimiyyət orqanları qarşısında çoxuşaqlı ailələrin təminatı üçün öhdəlik götürmələrini təklif kimi qəbul etdirək. Bundan sonra isə yenidən qurmağa başladığımız ərazilərə köçüb gəlmək arzusunda olan müəllim də, həkim də, dərzi də, montyor da, quyu qazan da, xalça toxuyan da... bütün sənət sahiblərini inandıraq ki, qoy gəlib müasir vaqon evlərdə yaşasınlar, öz evlərini özləri tiksinlər. Dövlət burada onların yaşaması üçün ilkin ehtiyaclarını hər gün təmin etsin. Kiçik dükanlar ərzağı baha qiymətə satmasınlar. Ərazilərin davamiyyətli ərzaq və məişət əşyaları təminatı olsun ki, hər ay vaxtlı-vaxtında əmək haqlarını alan ailələr alış-verişlərini də təmin edə bilsinlər. Həm də dövlətin tikmək istədiyi bütün obyektləri, müəssisələri bu gənclər özləri inşa etsinlər. Burada sevib-seçdikləri ilə evlənsinlər. Yeni möhkəm ailələrin təməli atılsın. O zaman həmin gənclər bu torpaqlara daha möhkəm köklərlə bağlanacaqlar. Əziyyətlə başa gələn, tikilən evini heç kim dağıtmaq istəməz axı. O zaman boşanmaların da sayı azalacaq. Bir uşaqlı, iki uşaqlı ailələr deyil, bu torpaqlarda, bu yurdlarda 1992-ci ildə olduğu kimi dörd, beş, altı... uşaqlı ailələr yaşayacaq. O uşaqlar böyüyüb , etrmənilərin qətl etdiyi vətəndaşlarımızın ürəklərində qalan arzuları yaşadacaqlar, indi əkmək istədiyimiz 100 mindən artıq çinarları böyüdəcək, sevəcəklər. O çinarların altında sevgi nəğmələri oxuyacaq, artıb-çoxalacaqlar.

Əgər yadınızdadırsa, möhtərəm Prezidentimiz İlham Əliyev Zəngilanda demişdi: “Qoy burada körpə gülüşləri çoxalsın!”.

Gəlin əl-ələ verək, Arazda boğulan körpə gülüşlərini , buralardan göylərə ucalan ah-nalə səslərini toy-bayramla əvəz edək. 1992-1993-cü ildə buralardan qopan, Tanrıya, Kainata ucalan vahiməli səslər göyün yaddaşına yazılıb. O səslər heç vaxt itmir. Kainatda bütün cisimlər öz formasını dəyişdiyi kimi, səs də bir formadan digər formaya keçə bilir. Əgər bu torpaqlarda  uşaq gülüşləri ucalarsa, çoxalarsa, 1992-ci ildən Tanrı dərgahında nigaran yaşayan o səslər yeni uşaq gülüşlərinə çevrilib geri dönəcəklər.

...Zəngəzur yollardan başlanır... Mən inanıram ki, Zəngəzurda  yeni doğulan bir oğlan, və ya bir qız böyüyüb nə vaxtsa kitab yazacaq.  Onun kitabı da  Əzizə Cəfərzadənin yazdığı “Şamaxı yollardan başlayır...”, cümləsinə bənzəyən belə bir cümlə ilə başlayacaq: “Zəngəzur yollardan başlayır... Bu yolu quran , tikən, türk dünyasına qaytaran  İlham adlı bir Xaqan var...”.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Memarlarımızı tanıyaq” rubrikası altında Azərbaycan memarlıq tarixində respublikanın ilk qadın Əməkdar memarı olan Şəfiqə Zeynalovanın  həyat və fəaliyyətindən bəhs edən geniş məqalə hazırlayıb. “Ədəbiyyat və incəsənət” portalı həmin məqaləni təqdim edir. 

 

XX əsr Azərbaycan memarlığının parlaq simalarından olan Şəfiqə Zeynalova təkcə maraqlı layihələrin müəllifi kimi yox, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi yadda qalıb.

1922-ci il iyunun 26-da ziyalı ailəsində dünyaya göz açan Şəfiqə sovet hakimiyyətinin qəti əleyhdarı olan Mikayıl Zeynalovun üç qız övladından biri idi. M.Zeynalov 1937-ci ildə repressiya siyasəti nəticəsində həbs edilsə də, doğmaları ilə əlaqəsini heç bir halda kəsməmiş, övladlarının gələcək taleyində önəmli rol oynamışdır. Gənc Şəfiqə də atasının mütərəqqi ictimai-siyasi baxışlarından güc almış, cəmiyyətdə milli ruhlu və bəşəri düşüncəli sənətkar kimi özünü təsdiq edə bilmişdir.

1942-1943-cü illərdə orta məktəbdə riyaziyyat müəllimi işləyən Ş.Zeynalova memarlıq sənətini də elə atasının məsləhəti ilə seçmişdir. O, ilk ali təhsilini Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsində almış, oranı bitirəndən sonra “Azərdövlətlayihə” İnstitutunda memar kimi fəaliyyətə başlamışdır. Şəfiqə xanımın yaradıcılıq epoxasının ən sanballı nümunələri də məhz ömrünün sonuna qədər çalışdığı “Azərdövlətlayihə”də ərsəyə gətirilmişdir.

İstedadlı azərbaycanlı qadın memar kimi 24 yaşında ikən SSRİ Memarlar İttifaqı üzvlüyünə qəbul edilən Ş.Zeynalova 1949-cu ildə Moskva Memarlıq İnstitutuna daxil olmaqla Azərbaycan tarixində bir ilkə imza atmışdır.

İncə zövqə və geniş dünyagörüşünə malik memar kimi Şəfiqə Zeynalova layihələri hazırlayarkən ətraflı araşdırma aparır, yaradıcılığında milli koloritləri daha çox canlandırırdı. Bununla yanaşı, o, yalnız zahiri elementlərlə, məsələn, daş üzərində oyulmuş milli naxışlar və freskalarla kifayətlənmirdi. Şəfiqə xanım qədim Azərbaycan memarlıq tikililərinə dair əsərləri dərindən öyrənir, abidələrin forma və quruluşunu, məkan kompozisiyasını dərk etməyə çalışırdı. Və zaman keçdikcə milli özünəməxsusluğu qabartmaq istəyi onun memarlıq layihələrində geniş nəzərə çarpırdı.

Ş.Zeynalovanın həyata keçirilmiş ilk layihəsi uşaqlara həsr olunmuşdur. 1946-1948-ci illərdə tikilmiş Uşaq dəmir yolu memarın ən uğurlu layihələrindən biri idi və o bu işindən xüsusi zövq alırdı. Qəlbi Vətəninə və xalqına qarşı hər zaman böyük sevgi ilə çırpınan müəllifin uşaqlara hədsiz sevinc bəxş edən həmin estakadanın yanından keçəndə sonsuz fərəh hissi keçirdiyi deyilirdi.

Görkəmli memar Şəfiqə Zeynalova qısa ömründə paytaxtımızın estetik görünüşünü formalaşdıran bir çox binaların layihəsini işləyib-hazırlamış və tikintisinə rəhbərlik etmişdir. “Bakı Soveti” (“İçərişəhər”) metrostansiyasının, Azadlıq prospektində Sov.İKP-nin Arxivinin və Sənaye Tikintisi Nazirliyinin binaları onun zəngin irsinin seçilən nümunələridir. Bundan başqa, Bakı, Sumqayıt, Mingəçevir, Lənkəranda bir sıra yaşayış binalarının, eyni zamanda Sevil Qazıyeva, Mikayıl Müşfiq, Həzi Aslanovun heykəllərinin layihəsi də onun məsuldar fəaliyyətinin nəticəsidir.

Ş.Zeynalovanın müasirliyi ilə diqqətçəkən ən uğurlu işlərindən biri də paytaxtın mərkəzində ucaldılan 17 mərtəbəli göydələndir (“Nizami” metrostansiyasının yaxınlığındakı “Azad qadın” heykəlinin arxa tərəfində yerləşir). Dövrünün nadir memarlıq nümunəsi olan bu bina Bakının mərkəzində ucaldılmaqla vaxtilə paytaxtın müasir simasının zənginləşdirilməsində öz unikallığı ilə seçilmişdir. Dəmir konstruksiyalardan və şüşəli elementlərdən ibarət olan bu göydələn görkəmli alman memar və konstruktor Lüdviq Mis Van Der Roenin yaradıcılığından ilhamlanan Şəfiqə Zeynalova tərəfindən son dərəcə peşəkarlıqla düşünülmüşdür.

Memar Şəfiqə Zeynalovanın son əsərləri indiki Xarici İşlər Nazirliyinin və Bakı Dəmir Yolu Vağzalı binalarının layihəsidir. 28 Aprel (indiki 28 May) küçəsi onun peşəkar karyerasının zirvəsi olmalı idi. Memar həmin küçədə çoxmərtəbəli binaların tikilməsi üçün layihələr hazırlamaq barədə düşünürdü.

Təəssüf ki, ömrünün ən məhsuldar çağında tutulduğu ağır xəstəlik ona ideyalarını sonadək həyata keçirməyə imkan vermir. Şəfiqə Zeynalova 1979-cu il may ayının 1-də 57 yaşında dünyasını dəyişdiyi üçün bir çox layihələri kağız üzərində qalır.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.