“Ədəbiyyat və incəsənət” portalı Güney Azərbaycan şairləri ilə sizlərin tanışlığınızı davam etdirir. Bu gün Səhər Baraninin şeirləri təqdim edilir.
Layihənin müəllifi portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağladır.
I.
Gecələr,
Bir yalqız bayquşun aşiqanələridir
Dustaq arzularla dolu
Bəyaz həsrətlərlə
Sözcüklər düşünürlərmi?
Çərçivəsiz kəlmələrin inamı
Uduzulur sətirlərin arasında
Savaşı sevgilər kimi
Bakirədir
Kəpənəklərin toxunulmazlığı...
Çağırsam adını
Güllərin dilində
Bütün dağlardan
Uçuş qoxusu alacaq dünyanı.
Dünən bir ölü xortladı qəbirdən
Bu gün sevirəm səni!
Səhər...
Səhər kəpənəkmi olacaqmış?
Təsadüflə uzanıbmı saçları?
Harda qaldı günəşim
Bir addım qaldı dünyanın sonuna
Kəpənəklərin qorxusunda...
Amma,
Ulduzlar
Bir ovuc atəş böcəyidir
Nigaran anaların
Qayğı boğçasına düyünlənmiş
Azmasın yolunu
Nişansız gəlinlər!
Qulaq as,
Çənli beldən qılınc səsi gəlir
Təbrizdə devrim ehtirası artır.
II.
Yalqız qaldığın saatdan başlayır gecə
Soyununca al donunu oyunbaz günəş
Solunca güllərin yanağı
Saatlar boyu ekrandan sonra bağçanın səhnəsində
O saatlardan başlayır
Özümün özümlə göz-gözə gəlişim!
Buz yarağın ətəyində
Silinir pomada rəngli gülüşlər dodağımda.
Bom-boşluğumun dəhşət gerçəkliyində
Nə birinin qəhvə rəngi gözləri açır düyününü fal fincanlarının
Nə mənim quru bir salama susamışlığım
Çalır dünyanın qapılarını
Yəni necə baxsan
Ən gərəksiz olaydır yaşam
Sonra qurtulacaq bu şeir
Elə bu şeirin sonundan başlanır.
Aynalardan küsmüşlüyüm
Bu şeirin sonu
Dörd divardır hörülüb əynimə
Və divarların boğazında qalan bir cüt pəncərə
Dans edir yalqızlıq bütün iqtidarıyla.
Divarların bu əlində heç nə yox
O biri əlində bir xiyaban var
Qucaqlayır gəlməmişlikləri.
Silir ehtimal addımlarını fal fincanlarının taleyindən, bilirsən.
Gecənin yaddaşından qaçış yox
Hayana baxsam
Dprd divardır
Və divarların boğazında ilişən o qəhər olmuş pəncərələr
Açılır tənhalığına bu şəhərin...
III.
Hövləsək keçirirdilər
Yolları cənnətə doğru.
Və yarpaq, hər halda
Payızın sonu idi.
Baharın andı olsa da...
Ağ,
Birlikdə,
Əl-ələ kölgələrimizlə, -
Ki, tərk edirdilər bizi hübuta neçə addım qala
Və biri özbaşınalığımdan gileyli,
O biri isə,
Məzlumluğumu özü ilə bərzəx hicləsində daşıyan
Kişilərlə
Ayaq bir,
Qapısını açdığımız dünyann
Gəlinliyi idi...
Mən
Tanrının dörd fəslini lilit;
Qaranlıq,
Gecə uçağanlığımın üsyanı idi.
Və dərələr
Qadınlıq ağrılarım...
Mənlə sən bilirik sadəcə!
Şeytanın heç günahı yox idi
Tanrı bütün ayələri
Öz nəfinə cəlb eləmişdi!
IV.
Artıq demək olmur “Sevirəm səni”!
Dil dönmür!
Və barışa çağırır bizi, sap-sarı bir prezident
Boğur Arpa çayı gəlinliyimi
Boğulur Tehran havasında ümidim
Və düşünürəm heç biri yoxdur məndə
Yaşamağı da yadırğayan bir yadam özümə,
Göz açmağım ehtimal
Və səhər
İnanılmaz qədər gizəmli!
Ən acısı da
Ortadoğuda bir qadınam
Ya ən önəmsiz bəhanəyə töküləcək qan!
V.
Açınca gözlərini
Dik atılınca varlıqdan
Ögey görüncə gər şeyi
Ömür boyu yaşadığını sandığın həyat yoldaşını,
Divarları,
Yastığını,
Yığıb ölü saniyələri bir çantaya
Qaçmağın gəlir durduğun yerdən
Verirsən özünü xiyabanlara
İtirir xiyabanlar
Tanımadığın adreslərdə səni.
İtir adın itirdiyin saniyələrin qalabalığında
Sonra baxırsan səsin də silinib dünyanın qulağından
Baxırsan əllərinə
Çəkirsən barmaqlarını üzünə
Yabancıdır hər şey tanımırsan dodaqlarını
Sevdiyin adamın gözlərinin rəngini
Qorxu dolur hüceyrələrə
Dalı-dalı qayıdırsan
Evlərin cəsədinə toxunur addımların.
Dönürsən
Dayanıb nəfəsini dərməyə bir divar da qalmayıb
Kölgən ətəyindən aslanır
Sonra qorxunu da yadırğayır indiki sən
Avara qalırsan başı boş küçələrin bənzərliyində
Sonra
Ayaqlarını bir qarğaya borc verirsən
Əllərini
Yarpaqlarını qusan ağaclara
Əlsiz qalırsan, ayaqsız
Dolanırsan qarış-qarış tanımadığın tənlərin dolaylarını
Tanımadığın kimi aynadan baxanın əslində kim olduğunu
Bütün adlarla çağırırsan özünü
Bütün kəlmələri sınayırsan xatırlamaq üçün həyatın kod adını
Daha da dərinləşir unutqanlığın
Daha da batır gövdən boşluğa
Qocaman qara dəliyə dönüşür beynin
Xatirələrinlə birlikdə udur indini də keçmişin kimi
Sonra...
Dünyanın yaddaşı bir balıq qədər qısadır
Yəni doğulduğu an ölür zaman
Və sən
Tanımadığın yaradılmışların qalabalığında anasını
(Doğuluşunu) itirən uşaq qədər çarəsiz
Deşməyə başlayırsan qəbirləri bir-bir
Çıxıb gələsən bəlkə birindən özünə
Doğulmamış zamanların darvazasında
Bir iz,
Bir baxış,
Bir gülüş,
Yox!
Sən zamanın sonsuz boyutu
Və hər nə
Random tiktaklarda yoxa çıxır
Sonra yumursan gözlərini
Qəbirlərin birindən çıxan özünü geyirsən əyninə
Başlayırsan yaşamağa!
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)