Səmimiyyətdən yoğrulan şeirlər - TƏRANƏ DƏMİR YAZIR Featured

Bu dəfə bir az fərqli baxmaq istədim çox  sevdiyim sözə. Həmişə ərkyana döydüyüm  qapıya bir ayrı məqamla gəlmək istədim bu  dəfə. Dostluğu, yoldaşlığı da qoydum bir  kənara. Sözün işığı çağırdı məni.  Axı  külün  altında qoru görənlərdənəm. Odu  söndürüb  külüylə  oynayanları sevmirəm. Ürəyimin  istisinə bütün dünya qızına bilər  deyə elə bütün ürəklərin də günəş tərəfində dayanmaq istəmişəm həmişə. Sazaq  mənlik  deyil.

 

..Zaur Ustac ürək qızdırdığım, günün hansı  vaxtında olur olsun, ərklə qapısını (simvolikdi) çaldığım dostlardandı.   Baxmayaraq  ki, dostluğumuzun yaşı elə də  çox deyil, bununla belə aramızda min illik  hörmətimiz və ehtiramımız var.  Arxalandığım şair həmkarlarımdandı.  Sözündən tanıyıram. Hər yazar özünü  sözüylə ələ verir.  Zaur Ustacın sözü heç vaxt adamı incitməz. Qorxar incitməkdən.

Şairliyi də özünə bənzəyir. Hay -küysüz,  utancaq.. 

Adam onun böyük səmimiyyətindən utanar. Göndərdiyimiz bütün materialları öz balası  kimi əzizlər, qoruyar, muğayat olar. Hələ  ürəkdolusu minnətdarlığı ilə adamı özünə  borclu etməyi də var.

Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən  demirəm. Zənnimcə onu tanıyan hər kəs  mənim dediyimlə razılaşar.  Bu ürəklə yaşamağa nə var ki..

Layk (bəyənmə) azarkeşi deyil. Öz  hücrəsində, öz səssizliyindədi həmişə. Sakitliyində də özüdü. Kiməsə bənzəməyi  də sevməz. Qəribə nizam -intizamı var. Verdiyi sözü həmişə tutar. Bəlkə bu onun  vaxtilə ordu sıralarımızdakı xidmətindən irəli  gəlir. Axı uzun illər Zaur Ustac vətənə  sədaqətlə xidmət edib. Bəlkə sözə bu qədər  sadiqliyi də burdan başlayır:

 

Yurdumun dörd yanını

Hürr görmək istəyirəm  

- deyən şairin arzuları yavaş -yavaş çin  olur..  

Bundan böyük, müqəddəs arzumu var? 

Kim bilir adam bu arzuya çatmaqçun neçə  qat göynəkdən keçib bu çağacan:

 

Vətəndə əbədi nəğməyə döndün ,

Xudayar, zəfərli çağın mübarək  ...

Payızda Vətənə bahar gətirdin,

Şəhadət ətirli bağın mübarək.

 

Bu sətirlərdə sevinci dolu-dolu yaşaya  bilməyən şair ürəyinin həsrətini duyursan.. 

Olumla ölümün, həqiqətlə yalanın mübarizəsində İlahi qələbənin nəfəsi  duyulur bu sətirlərdə. Bu qalibiyyətdən, bu  zəfərdə şairin də böyük payı var. Qanın, qadanın içindən keçmiş qalibiyyət özü  də. Amma özü bu narahatlığından heç nə  demir. Sadəcə yazır.  

Ütüsüz, boyasız, rəngsiz. Ağ -qara   yazılarında bir özüdü, bir də çox sevdiyi  azadlığı. 

 

Üstündən yüz Araz axsın

Torpaq bizim torpağımız.

Güney, Quzey - fərq eləməz,

Oylaq bizim oylağımız.

 

Canı torpaq, amalı bütöv Azərbaycandı  Zaur Ustacın. Tanrı muradını versin.

Bütün yazılarına ürək qoyan yazardı. Hər  sətrində qəlbinin odunu, alovunu duyursan.  Şeirlərində qızına bilirsən şairin. Bu da bir  ayrı bəxtəvərlikdi.

 

"Dünya bir pəncərədir", pəncərən olsa, qardaş,

De, heç vaxtın oldumu, pəncərədən  baxmağa

 -deyir Zaur Ustac.

Yorğunluğunu sözündən tutursan Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şair  dincəlməyə vaxt tapmasa da qələmi yerə  qoymur.

Onun şeirləri əhvaldan doğan şeirlərdi. Ağına, bozuna baxmadan yazanlardandı  həm də.  Söz əhvalının hansı səmtinə tuş  gəlirsə elə də yazır. Əsas odu ki, hamısında   qəlbinin çırpıntıları var.  Əsl şeirlər də  səmimiyyətdən doğan şeirlərdi.

 

Gəzdim qarış-qarış doğma torpağı,

Hər dağda, dərədə izim var mənim.

Hələ keçilməmiş uca dağların 

Uca zirvəsindı gözüm var mənim! 

 

Vətənə əsgər sevgisi var bu sətirlərdə. Üstəgəl vətəndaş sevgisi. Əsas ürəyindən  keçənləri dilə gətirməkdi. Bir də söz deməyə  cəsarət də lazımdı.  Şeir cəsarətlə yazılmalıdı. Sözü buxovlamaq olmaz. 

Bəzən baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı- hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə ölü şeirlər deyirəm. Amma Zaur Ustacda həmişə bir cəsarət  görürəm. Düşündüyü kimi yazır. Sözü  boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də  qaçmır. Bilir ki, uğura gedən yol tənqiddən  keçir. Əlbəttə əsl tənqiddən. Qərəzdən  uzaq . 

Zaur Ustacın bir  "Yazarlar"  yükü  də var. Yazılarımızı onun rəhbərlik etdiyi  jurnalın  səhifələrində görmək xüsusi zövq verir bizə.  Çox vaxt özümüzdən xəbərsiz dərc  olunuruq. Bu sarıdan da böyük ürəyi var  Zaur Ustacın. Çalışqanlığı və yeniliyi ilə  seçilənlərdəndi. Həm də sözə məqsədsiz  yanaşanlardan.   

Zaur Ustac özünə və sözünə arxalanan  yazardı. Tanrı qorusun!

Bu yazı da belə doğuldu.  Birnəfəsə .  Boyasız, bərsiz, bəzəksiz. Elə şairin özü və  sözü kimi.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.