Super User

Super User

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası martın 27-dən 29-dək Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edir.

 

Filarmoniyadan AzərTAC-a bildirilib ki, üçüncü dəfə keçirilən layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunub.

Layihənin ilk günü Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbi (UMM), Samux Rayon Qarayeri qəsəbə UMM, Səfikürd UMM , Samux şəhər UMM, Rövşən Qarayev adına Xan Qərvənd kənd UMM, Samux rayon Sərkar kənd UMM, Mehman Nəzərov adına Qızılhacılı qəsəbə UMM, Goranboy rayon Düzqışlaq kənd UMM, Dəliməmmədli şəhər UMM-nin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı keçirilib. Konsert zamanı zərb və ritmik muğamlar səsləndirilib.

Görkəmli xanəndə Cabbar Qaryağdıoğluna həsr olunmuş layihənin ilk günü həmçinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaşda Heydər Əliyev Mərkəzində, Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli UMM, Ağdaş rayon Ləki qəsəbə UMM, Yevlax şəhər 1 nömrəli UMM, Yevlax Mədəniyyət Mərkəzi, Yevlax şəhər 2 nömrəli UMM, Yevlax rayon Aran qəsəbə UMM, Yevlax rayon Xaldan kənd UMM, Yevlax rayon Malbinəsi kənd UMM, Göyçay şəhər Arif Məmmədov adına UMM, Göyçay Mədəniyyət Mərkəzinin müəllim və şagirdləri muğam və təsniflər, xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi yanvarın 8-dən 14-dək simfonik muğam janrının banisi Fikrət Əmirova, fevralın 14-dən 16-dək görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

 

UNESCO-nun İcraiyyə Şurasının 219-cu sessiyası başa çatıb. Sessiya çərçivəsində 27 mart - Ənənəvi Geyim Günü qeyd edilib.

AzərTAC xəbər verir ki, Azərbaycanın UNESCO yanında Daimi nümayəndəliyinin üzvləri Şuranın son iclasına milli geyimlərdə qatılıblar. Milli geyimlərimiz zərifliyi, incəliyi, eləcə də milli bəzəkləri ilə diqqəti cəlb edib.

Qeyd edək ki, bu təşəbbüs İndoneziya və Polşanın UNESCO yanında Daimi nümayəndəlikləri tərəfindən ortaq mədəni müxtəlifliyi və irsi, eləcə də qarşılıqlı anlaşmanın təbliği və təşviqi məqsədilə irəli sürülüb. Bu təşəbbüs digər üzv dövlətlər tərəfindən rəğbətlə qarşılanıb. Bu səbəbdən də UNESCO-nun iclasında ilk dəfə daimi nümayəndələr milli geyimdə iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

 

Mədəniyyət naziri Adil Kərimli aprelin 19-da saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir. 

Məlumata AZƏRTAC-a verilən məlumata görə İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla keçiriləcək.

Vətəndaşlar aprelin 16-dək Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (021) 235-63-97 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Qəribədi , mən səni niyə bu donda, bu saçda, bu baxışda xatırlayıram?  Heç yaşlı , əldən düşmüş  vaxtın yadıma gəlmir. Niyə? Nə çox gənc qalmısan xatirimdə, nə çox yaşlı.  Beləcə hopmusan yaddaşıma. 

Yayda  kəlağayı örtərdin çox vaxt. Yel vurub yellədərdi kələğayını. Uçurardı başından. Çiynindən üzüaşağı tökülərdi saçların . Təzədən toplayıb yığardın kələğayının  altına. Sonra külək kələğayını yenə uçurardı.  Bir də, bir də...  

Bir də saçaqlı şalın vardı. Allı-güllü. Qışda da onu örtərdin. Hərdən saçaqlarını hörərdim. Hirslənərdin. Mənsə gülərdim.

Uşaqlıqda, lap uşaqlıqda nənəmi səndən çox sevərdim. Özün də bilirdin. Sən işləyirdin deyə bütün mehrimi nənəmə salmışdım. Uzun ətəkli, çullu, çuxalı nənəmə. Nənəm ürəyimdən keçənləri oxuyurdu, nazımı çəkirdi, sevirdi, oxşayırdı deyə günüm onunla keçirdi. Bəlkə bir az da sən günahkar idin tənhalığımı nənəmlə ovutduğumçun. Hələ o vaxtlar uşaq ağlımla fikirləşirdim ki, mən uşaqlarımı atıb işə getməyəcəm. Çünki  təkliyin dadını əməllicə çıxarmışdım. Anasızlığı  o ki, var  dadmışdım. Amma bir az böyüdükdən sonra səni nənəmdən çox istəməyə başladım. Nənəmə olan sevgim dəyişmədi ha. Amma sənə olan məhəbbətim böyüdü. Suyum oldun, havam, çörəyim  oldun.

Sən işdən dönənəcən bir gözüm qapıda, bir gözüm pəncərədə qalırdı. Həmişə yorğun olurdun. Sığalın, tumarın, nəvazişin olmasa da mən səni çox sevirdim. Xoşuna gəlməsə də doyunca qucaqlayıb öpürdüm səni. Fəxr edirdim sənlə. Elminlə, savadınla, gözəlliyinlə, vüqarınla, əzəmətinlə öyünürdüm. Anam idin axı. Gecələr kirimişcə qucağına girdiyim vaxtlar da az olmurdu. Əsas da yuxumu qarışdıranda. Dərsdən gələn kimi "Riyaziyyat 5", "Ana  dili 5", "İngilis dili 5"-deyə -deyə pilləkənləri çıxırdım. Bilirdim ki, sevinirsən. Mənə elə gəlir ki, elə o beşləri də səninçün alırdım. Elmin səninçün nə qədər dəyərli olduğunu gözəl bilirdim. Səni sevindirməkçün dəridən, qabıqdan çıxırdım. Nə qədər büruzə  verməsən də ürəyini oxuyurdum. Gözlərindən oxuyurdum ürəyini. 

Yeganə xoşbəxtliyin mən idim. Onu da bilirdim. Mənə verdiyin qəpikləri üst-üstə qoyub sənə nəsə alanda bilirsən necə xoşbəxt olurdum? Quruyub qaxaca dönmüş ayaqqabıların gözümə batırdı. Özünə təzə nəsə alanda çiynimdən dağ götürülürdü. Ürəyimdən keçənləri sənə demirdim. Ürəyinə salarsan deyə. İkimiz var idik sadəcə. Sən və mən. Sonra universitet illəri. Yenə sən. Sonra ailə həyatım. Sən, sən, yenə sən. Sən ürəyimdə ən uca zirvədəydin. Bəlkə də bundan heç sənin də xəbərin yox idi. Bəlkə də var idi. Həyatım dörd təkərin üstə keçirdi beləcə. Bir yerdə bərqərar olub qala bilmirdim sənə görə. Kəndlə şəhər arasında doğuldu uşaqlar, böyüdü uşaqlar. Amma mən səni sevməkdən yorulmadım. Səni itirməkdən qorxa-qorxa səni 87-yə gətirib çıxardıq Tanrıyla. Bəlkə də ömrün uzun oldu. Amma mən səndən doymadım. Hər şey gözəl olacaq deyə-deyə bir gün çıxıb getdin. Heç nə də gözəl olmadı. Xatirimdəsə elə mən yaşda qaldın. Gözlərində həsrət, ayaqlarında yol , əllərində bir ovuc dua. Bir də… Bir də lampa işığında qaranlığa düşən kölgən yadımda qaldı. Elə bunu da ay işığına yazıram:

      Ömrümü bölə bilmədim.

      Nəfəsin ola bilmədim,

      Yerinə ölə bilmədim,

      Məni bağışla, ana.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Poetik Qiraətdə bu gün sizlərlə yenidən sevilən şair Əlizadə Nuri görüşür. “Kül” adlanan şeir ilk baxışda nakam sevgi şeiridir, ilk baxışda şair ayrılıqların yandırdığı tonqalda kül olur, amma sonradan görürsən ki, elə bütün ömür ayrılıqlardan ibarətmiş. 

 

Kağızın içində yandı bu ömür-

Mən adam külüyəm, ya kağız külü?

 

Tək bu şeiri oxumaq belə deməyə əsas verir ki, Əlizadə Nuri çağdaş poeziyamızın ən mükəmməl bir neçə şairindən biridir. 

 

Xoş mütaliələr! 

 

Kül

 

Kağızın içində yandı bu ömür-

Mən adam külüyəm, ya kağız külü?

Mən yandım, canımda  o qız da yandı-

Bir az öz külümdü, bir az qız külü...

  

İndi ayrılıqlar ömürdən uzun,

Ölümlə oyunda ömür uduzur.

...Hər axşam yandırır ayı-ulduzu

Allah səhər yığır ay-ulduz külü...

  

 

Dərd çaxmaq daşıdı-daşdan yanmışam,

 Ayaqdan od alıb, başdan yanmışam.

 ...İlahi, nə yaxşı eşqdən yanmışam-

 Baha eləmişəm bu ucuz külü...

  

“Ədəbiyyat və incəsənət”

 (28.03.2024)

Cümə axşamı, 28 Mart 2024 15:30

“Bolt” və “qayka”nın əhvalatı

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Sadə insanlar sadə ədədlər kimi, yalnız özlərinə bölünə bilirlər. 

 

2.

40 yaşına çatanda Haykanuş peşiman oldu ki, gərək ismətini deyil, dişlərini qoruyayadı. 

 

3.

“Tez, yuxarı, bərk” olimpiya şüarını deyilənə görə, ilk dəfə belini qaşıtdıran bir qoca yunan söyləyib. 

 

4.

-Əzizim, istəyirsən, girək qızıl mağazasına, sənə brilyant qaşlı qızıl üzük alım.

-Yox, əzizim, istəmirəm.

Siz ideal kişi və ideal qadın barədə miniatürü dinlədiniz. 

 

5.

Belə əməkhaqqı ilə iş sadəcə xobbiyə çevrilir. 

 

6.

İndividual ağıllılıqdan kollektiv səylik daha üstündür. 

 

7.

Elan: subay “bolt” özünə “qayka” axtarır. Evli olanlar, yaxud dul olanlar narahat etməsinlər. 

 

8.

“Qu gölü” baletinin nümayişi zamanı balerinalardan biri asqırdı. Quş qripi təhlükəsini nəzərə alıb tamaşanı yarımçıq kəsərək bütün dəstəni karantinə aldılar. 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qovurma horrasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Qovurma – 119 qr

§ Un – 100 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Qovurma yağı ilə götürülür. Üzərinə un tökülür və qızardılır. Zövqə görə duz və su əlavə olunur. Konsistensiyası çox duru və ya qatı olmamalıdır (quymaqdan duru). Un tamı hiss olunmayana qədər qaynadılır. Qovurma horrası isti halda yeyilir. Müalicə əhəmiyyətlidir, öskürəyə qarşı xeyirlidir.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onu Budapeştə bir macar qızına olan sevgisi aparıb. Qırx ildir ki, orada yaşayır. İki oğlu var. Böyük oğlu Rüstəm şairdir, macar dilində yazıb yaradır, 35 yaşındadır. İndiyədək 5 kitabı işıq üzü görüb. İkinci oğlu Davidin isə 32 yaşı var, ali təhsilli mühəndisdir…

 

Haqqında söhbət açdığım Ramiz Əmirli əslən Qarabağlıdır, 1958-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində dünyaya gəlib. 1975-ci ildə orta təhsilini həmin kənddə başa vurub. 1976-1978-ci illərdə Macarıstanda hərbi xidmətdə olub. 1979-1984-cü illərdə Bakı Dövlət Universitetində kitabxanaçı ixtisasına yiyələnib. 1984-cü ildən Macarıstanda yaşayır…

Deyir ki,- „Uzun illər burada yaşasam da heç vaxt azərbaycanlı olduğumu unutmamışam. Hətta macar vətəndaşlığını qəbul etməmişəm ki, Azərbaycan vətəndaşı olaraq qalım. Bir azərbaycanlı kimi dönüb macar ola bilmədim. Buna daxili aləmim imkan vermədi. Həyatım boyu var qüvvəmlə Azərbaycana, soydaşlarımıza faydalı olmağa çalışmışam. Azərbaycanın Macarıstandakı səfirliyinin bütün tədbirlərində iştirak etmişəm. Qarabağla bağlı kitabların macar dilinə tərcümə edilməsində, işğal altında qalan torpaqlarımız, bütövlükdə Azərbaycan haqqında həqiqətlərin ölkə mətbuatında çap olunmasında xidmətlərim az olmayıb..."

Daha sonra əlavə edib bildirir ki; "1994-cü ildə „Budapeşt sammiti” zamanı Ulu Öndər Heydər Əliyevlə görüşümüzdən sonra, onun göstərişi əsasında ATƏTİN yeni seçilmiş sədri və o zaman Macarıstanın XİN-i Kovacs Laszlonun Azərbaycana səfərini təşkili etmişik. Ulu Öndərimizin 40 dəqiqəlik müsahibəni də ilk xarici media kimi Bakıda Macarıstanın məşhur „Panorama” verlişinin aparıcısı Demeter György alıbdır. O həm də Qarabağda cəbhə bölgəsində canlı çəkilişlər apararaq dəfələrlə macar mediasında yayımlamışdır. Bütün bunların təşkilatçısı olmuşuq. O zamankı ağır şəraiti nəzərə alaraq Azərbaycana 577.000 dollar dəyərində ərzaq məhsulları göndərmişik."

Ramiz Əmirli 2011-ci ildə "Macar-Azərbaycan Birgə Cəmiyyəti"ni  yaradıb. Bu Cəmiyyətin xətti ilə çox işlər görülüb. Ramil Səfərovun vətənə qaytarılmasında böyük xidmətləri var…

Deyir ki,- "Bir gün İlham Rəhimovla məşhur milyarder Qod Nisanov Macarıstana öz şəxsi təyyarələrində təşrif buyurdular. Onları ölkənin yüksək vəzifəli məmurları olan dostlarımla görüşdürdüm. İlham Rəhimovun xahişini nəzərə alaraq, onun həbsxanada zabitimiz Ramil Səfərovla 2 saatlıq görüşünü təşkil etdim. Belə bir iş halbuki həftələrlə zaman tələb edird."

Ramiz Əmirli isə bu işi bir telefon zənği ilə həll edib. Hətta, bu adam Ramil Səfərovu həbsxanada kompüterlə təchiz edib ki, bu da Macar tarixində görünməz istisna haldır. İstər macar istər azərbaycanlı dostları Ramiz müəllimi „Adsız qəhrəman” adlandırırlar...

"Azərbaycan prezidenti İlham Əliyevin göstərişini həyata keçirmək məqsədi ilə Ramil Səfərovun vətənə ekstradisiya işinin tamamlanmasına 2 il vaxt sərf etdmişik"- deyir. Onu da deyir ki, dostlarıyla birlikdə çox həyacanlı anlar yaşayıb və bu tapşırığı həyata keçirib…

Macarıstanda yaşasa da Azərbaycan dövlətinə həmişə sədaqətli olub. Macar rəsmilərinin Azərbaycana səfərlərində, Azərbaycan rəsmilərinin Macarıstanda görüşlərinin təşkil olunmasında yaxından iştirak edib. Ramiz Əmirli, Budapeştdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Əhməd Davudoğlu, Mövlud Çavuşoğlu ilə isə  dəfələrlə görüşü olub. Avropa Şurasında təmsil olunan Tökeş Laszlo, Gyöngyösi Marton, Dünya Cüdo Federasiyasının prezidenti Marius Vizer, Macarıstanın XİN-də çalışan, hal-hazırda Mongolustanda səfir olan xanım Borbala Obrusanszky ilə yaxın dostluq münasibəti var.

Mütaliə etməyi xoşlayır, milli musiqimizi dinləməkdən doymur. İstəyir ki, Azərbaycan cəmiyyəti dünyanın indi ki, ağır dövründə prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq kimi daha sıx birləşsin. Bizə düşmən münasibəti sərgiləyən xarici qüvvələrin təzyiqlərinə birgə sinə gəlməyi bacarmaq üçün.

Macarıstanda 850-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bir çox tələbənin yerləşməsində, müxtəlif problemlərinin həllində yardımçı olub.

Ramiz Əmirlinin Macarıstanda daimi yaşayış izni olsa da hər 10 ildən bir bu izni yeniləmək məcburiyyətində olub. Macar vətəndaşlığı olmadığına görə. Macar qanunu bunu tələb edir. Heç zaman ona bu iş problem yaratmayıb. Amma, bizə düşmən olan bəzi qüvvələr məhz macar qanunun bu boşluğundan məharətlə istifadə edib ona problem yaratmağı bacarıblar. Onlar 2020-ci ilin may ayında Ramiz Əmirlinin Macarıstanda yaşamaq iznini yeniləmək üçün verdiyi müraciətinə bəhanələr gətirtiməklə 5 illik deportuna nail ola biliblər. Çünki Ramiz Əmirli həmin o düşmən qüvvələrə qurşaqdan aşağı zərbəni çoxdan vurmuşdu. Çox şükür ki, doğma ailə və ikinci vətən həsrətinə tezliklə son qoyulacaq. Ramiz Əmirli gələn il yenidən ailəsinə və daimi yaşadığı Macarıstana dönəcək. Belə insanların həyatı onsuz da sürpüzlərlə dolu olur...

Bu mart günlərində xoşməramlı insanın doğum günüdür, 66-nı başa vurur. Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü və görəcəyi işlərdə yeni-yeni uğurlar arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

 

Tarixdə elə şəxslər var ki, onların yaradıcılığı, öz sahələrində Vətən naminə külüng çalmağı bütün nəsillərə örnəkdir. Atatürk deyir ki, müəllim şam kimidir, özü yanıb tükənərkən, ətrafını işıqlandırır. Bu gün özü əsrlər əvvəl yansa da, işığı hələ də indiki nəsilləri aydınladan dahi Zərdabinin yaradıcılığına toxunacağıq. Görkəmli mütəfəkkir, publisist Həsən bəy Zərdabini araşdıranlardan biri də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun professoru Rəhman Bədəlovdur. Rəhman Bədəlov “Əkinçinin” dəyərindən söz açarkən belə deyir:

 

“Zərdabidən danışarkən onu deməliyəm ki, “Əkinçi” və “Molla Nəsrəddin” yoxdursa, mən də yoxam. Bir zamanlar mənə “Zərdabi deyəsən səndən başqa heç kimə lazım deyil” deyirdilər. Amma bu gün Zərdabi haqqında çoxlu əlyazmalar, araşdırmalar var. Əlyazmaları danışdırmaq özü də böyük məharətdir. Onları dindirmək üçün insanın coşqusu, həyəcanı kifayətdir. Mənim Azərbaycanım “Əkinçi”dən Azərbaycan Demokratik Respublikasına qədərdir. Mən keçmişə, bu günə və gələcəyə oradan baxıram. Zərdabinin məndə olan şəkillərinə baxanda görürəm ki, o çox qoca görünür. Şəkillərdən birində “Qoca Zərdabi” məndən 20 yaş cavandır. Onu izlədikcə anlayıram ki, bu həyatda çox yaşamaq mümkün deyil, hələ əgər sən xalq dərdi çəkirsənsə.”

Müsahibə əsnasında Rəhman Bədəlov Həsən bəyin dəfn mərasimindən də danışıb:

“Bu gün Zərdabinin dəfni haqqında müxtəlif əlyazmalar var. Bu əlyazmalar arasında “Kaspi” və “Təzə Həyat” qəzetlərindəki yazılar da yer alır. Mən o yazıları oxuyanda Həsən bəyin dəfni kimi dəfnin olmadığının şahidi oluram. 29 noyabr 1907-ci ildə indiki Tağızadə küçəsində 9 rus-tatar məktəbinin şagirdləri, mətbuat nümayəndələri, gürcü, erməni ruhaniləri, ziyalılar binanın qarşısında toplaşmışdılar. Küçədən keçən hər kəs təəccüb edirdi ki, bir gimnaziya müəllimi üçün bu qədər insan niyə cəm olub? Şagirdlərin bəziləri Həsən bəyin çəkdiyi portretini aparır, bəziləri isə “Əkinçi” qəzetinin qızıl suyuna salınmış ilk nüsxəsini əllərində daşıyırdı. Gürcü, erməni, müsəlman ziyalıların hər biri öz dilində Zərdabini yad edirdilər. Həmin gün Həsən bəy Zərdabi görülməmiş təntənə ilə dəfn edildi. Bax insanlar Zərdabini belə sevirdilər. Bədən ölür, fikir isə yaşamağa davam edir. Həsən bəyin bir müəllim və publisist kimi irəli sürdüyü fikirlər bir ömür Azərbaycan xalqının beynində, qəlbində özünə yer tapacaq.”

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyədən müsahibələrimiz davam etməkdədir. Bu dəfə qonağım dəyərli yazar, eyni zamanda musiqiçi  Zafer Yiğitaslandır.

 

-Xoş gördük Zafer Yiğitaslan bəy! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında bizim oxuculara məlumat verərdiniz.

 

-İlk öncə bütün oxucularımıza salamlarımı və sevgimi çatdırmaq istəyirəm. 30 avqust 1983-cü ildə Balıkəsirdə anadan olmuşam. On altı ildir ki, doğma şəhərim Balıkesir Sındırgıda Təcili Tibbi Yardım Texniki olaraq çalışıram. Ali təhsilim iqtisadiyyat üzrədir. Ailəliyəm. Bu evlilikdən Yasin adlı 10 yaşlı oğlum var. Anam və atamla yaşayıram.

 

-Ədəbiyyata marağınız nə zaman başladı və ilk əsəriniz nədən bəhs edir?

 

-Ədəbiyyata marağım musiqi ilə eyni vaxtda inkişaf etdi. On beş yaşım olanda özümə gitara almışdım. Əvvəllər, belə deyək, dəli kimi gənc idim. Amma musiqi və ədəbiyyat məni saflaşdırdı. Dostumdan aldığım böyük türk şairlərinin antologiyası məni şeirə çəkdi. Bir axşamüstü emosiyalarım şiddətli olanda mən də yaza biləcəyəmmi deyə fikirləşdim və “’Bunu Sakın Unutma” adlı ilk şeirimi yazdım. Ətrafımdakı insanların, anamın, dostlarımın, müəllimlərimin reaksiyaları müsbət olduğundan yazmağa davam etdim və hələ də yazıram. Artıq dörddə bir əsr keçib. “Girdap” adlı ilk mahnımı on yeddi yaşım olanda yazdım. Əsərlərimdə sevgidən bəhs edirəm. İnsani sevgi, o biri dünya sevgisi və vətən sevgisi.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-2011-ci ildə Qazi Kitapevində “Gonca Gül’de Kör Diken”, 2022-ci ildə Mustafa Tenker Nəşriyyat Qrupuna bağlı Linza Nəşriyyatında “Kalbin Vuruşları” adlı şeir kitablarım  nəşr olunub. Bundan əlavə, beşi şeir, dördü mahnı olmaqla doqquz musiqi əsərim rəqəmsal mediada single olaraq mövcuddur. Onu da bildirmək istəyirəm ki, musiqi və ədəbi mənada yeni layihələrlə dinləyicilərimizi və oxucularımızı inşallah bir araya gətirəcəyik. Dörd şeir, bir ilahi, bir mahnı və dörd yüz aforizmi bir kitab halına gətirmək üçün ilk addımlarımızı atdıq.

 

-Ən çox sevdiyiniz yazar və ən çox sevdiyiniz əsər hansıdır? 

 

-Əslində oxuduğum çox yazarlar var, rəhmətlik Cemal Safi, Abdurrahim Karakoç. Daha da geriyə getsək, Özdemir Asaf, Necip Fazıl Kısakürək, Mehmet Akif Ersoy. Üstünlük baxımından bu müəllifləri bir-birindən ayıra bilmirəm. Mütləq dillə desək, indiyə qədər mənə ən çox təsir edən kitablar Mina Urqanın “’Bir Dinazorun Anıları” kitabı və H.C.Armstronqun Atatürkün həyatından bəhs edən “Bozkurt” kitabı olub.

 

-Türkiyədə yazarlar sizi qane edirmi, genel kitablara yoxsa digital kitablara üstünlük verirsiniz?

 

-Türkiyədə diqqət çəkən yeni qələmlər var. Mən də bəzilərini oxumaqdan zövq alıram. Ancaq Məhəmməd Peyğəmbərimizin (s) “Axır zamanda qələmlər çoxalacaq!” hədisinə düşməkdən çox qorxuram. İnternetdə üzv olduğum rəqəmsal kitab saytları var, amma bu şəkildə oxumağa alışa bilmədim.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Azərbaycan ədəbiyyatı deyəndə ağlıma Bəxtiyar Vahabzadə gəlir. Keçmişdən İmadəddin Nəsimi ağlıma gəlir. Sizin musiqinizi bizimkindən daha sürətli və inkişaf etmiş hesab edirəm. Daha çox nihavənd məqamında olan mahnılarınız şəxsən məni ovsunlayır. Məsələn, uşaqlıqdan bəri qulaq asdığım “Ayrılıq” mahnısı.

 

-Bir  yazar olaraq digər  yazarlara məsləhətləriniz nədir?

 

-40 yaşım var. Yaşlanıram və çoxlu təcrübə qazanmışam. Gənc yazarlara ilk tövsiyəm şəffaf və dürüst olmaqdır. Heç bir qorxuları olmasın. Qələmləriniz əyilib, bükülməsin. Ancaq bunu edərkən onu pozmayın. Biz təhlükəli coğrafiyada yaşayırıq. Dostumuz qədər düşmənimiz də var. Çox iti dilli olmamalıdırlar. Ən əsası, sadəcə yazmaqla yazıçı ola bilməzsən. Yazdıqlarımız reallığı əks etdirən, səmimi olduğumuz dərəcədə uğur qazanacağıq.

Bu münasibətlə əziz Azərbaycanımıza və bütün Türk dünyasına öz hörmətimi, sevgimi və ehtiramımı çatdırmağı bir məsuliyyət hesab edirəm və mənə bu fürsəti təqdim etdiyiniz üçün çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.