Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ  İKİSİNDƏ layihəsində bu gün sizlərə ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI LAUREATLARI silsiləsindən Tomas Eliot barədə məqaləni təqdim edəcəyik. Məqalənin müəllifi İlham Abbasovdur.

 

1923-сü ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, ingilis dilli irland şairi Uilyam Yeytsin vəfatından sonra bu sənətkarı bütün dünyada ingilis dilində yazan şairlərin ən yaxşısı sayırdılar. Onu və Yeytsi birləşdirən əsas cəhət onların hər ikisinin bədii yaradıcılığının ilk növbədə lirik poeziya əsasında formalaşması idi. O bu günə qədər də dünyada ən çox çap olunan və ən çox oxunan şairlərdən biridir. Şeirləri dünyanın, demək olar, bütün mədəni xalqlarının dillərinə tərcümə olunub.

 

Söhbət 1948-ci ildə “müasir poeziyanı dəyərli novatorluqla zənginləşdirdiyinə görə” ədəbiyyat üzrə 43-cü Nobel mükafatına layiq görülmüş ingilis şairi Tomas Eliotdan gedir. Mükafata namizədliyi müzakirə olunanda İsveç Akademiyasının üzvü Andres Esterlinq onun yaradıcılığını xarakterizə edərək demişdi: “Tomas Eliotun şeirləri insanların yaddaşına almaz  itiliyi və sərtliyi ilə həkk olunur”. Özü isə mükafata layiq görülməsinə belə reaksiya vermişdi: “Mən şairlərə Nobel mükafatı verilməsini poeziyanın ümumbəşəri dəyərinin daha bir təsdiqi hesab edirəm. Mənə verilən mükafatı şəxsi xidmətlərimin qiymətləndirilməsindən daha çox, poeziyanın əhəmiyyətinin rəmzi etirafı kimi qəbul edirəm”.

          Onun mükafata layiq görülməsi haqqında Nobel Komitəsinin qərarında ingilis şairi kimi göstərilsə də, Tomas Sternz Eliot 1888-сi il sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Sent-Luis şəhərində zəngin sənayeçi ailəsində dünyaya gəlmişdi. Atası Henri sahibkar, anası Şarlotta yazıçı idi. Görkəmli adamların bədii bioqrafiyalarının müəllifi kimi tanınmışdı. Tomas yeddi uşaqlı ailənin sonbeşiyi idi.

          T.Eliot mükəmməl təhsil almış, Harvard Universitetini magistr diplomu ilə bitirmişdi. Yeniyetməlik çağlarından bədii yaradıcılığa meyil salan gələcək şair, qədim Şərq mədəniyyətinə maraq göstərərək ilk şeirlərini böyük fars şairi Ömər Xəyyamın rübailərini təqlid edərək yazmışdı. Həmin qələm təcrübələrini 1909-1910-cu illərdə Harvardda nəşr olunan “Harvrad vəkili” jurnalında dərc etdirdikdən sonra təhsilini davam etdirmək üçün Avropaya gedən Tomas 1910-1911-сi illərdə Fransada Sorbonna Universitetində fəlsəfə ixtisası üzrə təhsil alır, o cümlədən 1927-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, görkəmli Fransa filosofu Anri Berqsonun mühazirələrini dinləyir, fransız dili və ədəbiyyatı üzrə məşğələlərə gedir. Ədəbiyyata gəldiyi ilk dövrdə o zaman Avropada aparıcı rol oynayan simvolizm ədəbi cərəyanı və simvolist yazıçıların yaradıcılığı ilə maraqlanır.

          Lap erkən yaşlarında dünyanın ən nüfuzlu universitetlərindən ikisinin diplomunu qazanan və dərin biliklərə yiyələnən gənc yazıçı ABŞ-yə qayıtdıqdan sonra poetik yaradıcılıqla paralel, elmi araşdırmalarla da məşğul olur. Onun tədqiqat işləri ədəbi yaradıcılığın fəlsəfi problemlərinin öyrənilməsinə həsr olunmuşdu. İlkin olaraq görkəmli ingilis filosofu Frensis Bredli haqqında dissertasiya üzərində işləyir.

          Həmin illərdə T.Eliot qədim Şərq mədəniyyətinə marağını davam etdirərək qədim hind – sanskrit dilini və ədəbiyyatını öyrənməyə cəhd edir, həmçinin buddizmlə ciddi şəkildə maraqlanır. Elmi tədqiqatlarına görə Harvard Universitetindən aldığı təqaüdü Almaniya elmi dairələrində bu ölkənin klassik fəlsəfəsini (Kant, Hegel, Şellinq, Feyerbax, Nitsşe) əsaslı şəkildə öyrənməyə sərf edir. Onu Harvard universitetində professor kürsüsünə dəvət etsələr də, poetik yaradıcılıq yolunu davam etdirməyə üstünlük verərək, bu yüksək etimaddan imtina edir. 1915-ci ildə Universitetin nəşriyyatında ilk şeir kitabını nəşr etdirir. Bir neçə il burada nəşr olunan ədəbi jurnalın baş redaktorunun müavini vəzifəsində çalışır. Əsasən ümidsizlik və ruh düşkünlüyü ovqatına köklənən lirik şeirlərini müxtəlif ədəbi nəşrlərdə dərc etdirərək bir şair kimi tanınmağa başlayır. Onu ilk dəfə məşhurlaşdıran “Alfred Pruforkun məhəbbət nəğməsi” (1917) poemasında gənc şairin bədii istedadının tam mənada üzə çıxması oldu. Mütəxəssislər bu əsəri XX əsr Amerika poeziyasının başlanğıc nöqtəsi sayırlar.

          Maraqlıdır ki, ədəbi tənqiddə həmişə ingilisdilli poeziyanın klassiki olaraq  dəyərləndirilən şairin əsərlərinin ingilis ədəbiyyatında nə kimi yer tutduğuna heç zaman bu cüt konkret qiymət verilməyib. O, Birinci Dünya Müharibəsi başlayandan İngiltərəyə köçür və ömrünün qalan hissəsini bu ölkədə yaşayır. T.Eliotun əcdadları XVII əsrdə İngiltərədən Amerikaya köçmüşdülər. Şair ABŞ-də doğulduğu, böyüdüyü, təhsil aldığı üçün özünü amerikalı sayırdı. Amma xarakterinə, mental xüsusiyyətlərinə, həyat və düşüncə tərzinə görə T.Eliot amerikan yox, məhz ingilis idi. Hələ tələbəlik illərindən yoldaşları onun ləhcəsindən və vətəndaşlığından başqa hər şeydə amerikan yox, məhz ingilis olduğunu vurğulayırdılar.Və bu mənada, onun lap əvvəldən ingilis şairi kimi ad çıxarması da anlaşılan idi. Buna görə də şairin yetkinlik çağında – 39 yaşında ABŞ vətəndaşlığı ilə yanaşı, Britaniya vətəndaşlığını da qəbul etmək fikrinə düşməsi onu yaxşı tanıyanlardan heç kəsi təəccübləndirmədi. 1927-ci ildə əksər amerikalılar kimi doğuluşdan xristianlığın protestant məzhəbinə mənsub olan T.Eliot İngiltərə üçün daha səciyyəvi sayılan anqlikan təriqətinin qaydalarına uyğun olaraq, xaç suyuna çəkilmə mərasimini yenidən keçir və yeni məzhəbi ilə Britaniya təbəəliyini qəbul edir. Həyatında baş vermiş bu mühüm hadisələr barədə düşüncələr şairin 1930-cu ildə yazdığı “Küllük içində” poemasında öz əksini tapır.

          Bədii yaradıcılığında əsas diqqəti, əvvəldə qeyd etdiyimiz kimi, insanın keçirdiyi mənəvi böhran və mənəvi dəyərlərin itirilməsi mövzusuna həsr olunmuş lirik poeziyaya verən şair 30-cu illərdən başlayaraq qələmini dramaturgiyada da sınamağa başlayır. Onun dram əsərləri sırasında ilk teatr uğuru qazanan dini mövzuda yazdığı “Kilsədə qətl” (1934) pyesi ABŞ və Avropanın bir çox nüfuzlu teatrlarında tamaşaya qoyulur. Bundan sonra qələmə aldığı “Ailənin birləşməsi” (1939), “Axşam kokteyli” (1950), “Şəxsi katib” (1954), “Yaşlı dövlət xadimi” (1954) pyeslərini oxucu və tamaşaçılar rəğbətlə qarşılaslar da, bu əsərlər birinci pyes qədər yüksək qiymət qazana bilmir.

          Epik növdə yazdığı poetik əsərlərin sırasını “Bəhrəsiz torpaq “ (1922) poeması ilə qoyan T.Eliot 40-cı illərdə poeziya yaradıcılığını əsasən bu janrda yazılmış əsərlərlə davam etdirir. Ədəbi tənqidin mükəmməl əsər kimi qiymətləndirdiyi “İst Koker” (1940), “Byornt Norton” (1941), “Balaca Ciddinq” (1942), “Dörd kvartet” (1943) və s. poemalarının hər biri müəllifin insan mənəviyyatı və zaman haqqında düşüncələrini əks etdirir. Xüsusən “Dörd kvartet” poemasını vurğulamaq lazımdır. Bu əsərin çapından sonra T.Eliot ingilisdilli ən nüfuzlu şair kimi məşhurlaşır və onun şeirlərini çağdaş modernist poeziyanın ən yaxşı nümunələri kimi qiymətləndirirlər.

          T.Eliot 1915-ci ildə Viven Heyvud adlı balerina qadınla ailə qurur, lakin tezliklə  ruhi xəstəlikdən əziyyət çəkdiyi məlum olan xanım ömrünün qalan hissəsini psixiatrik xəstəxanada keçirməli olur.

          T.Eliot 1922-ci ildə özünün ən dəyərli poetik əsərini – “Bəhrəsiz torpaq” poemasını nəşr etdirir. Bu əsərdə o, mənəvi dəyərlərdən uzaqlaşmış müair gəncliyi “itirilmiş nəsil” adlandırır. Maraqlıdır ki, ötən onilliklər ərzində dünyanın müxtəlif yerlərində, müxtəlif xalqların mədəniyyətində (o cümlədən bizdə) gənc nəsil haqqında bu ifadəni dönə-dönə işlədiblər. 1925-ci ildə şair özünün ən məşhur əsərlərindən biri olan və “ingilisdilli poeziyanın ən dəyərli nümunəsi” adlandırılan “İçiboş adamlar” şeirini yazır və burada həmin mövzunu uğurla davam etdirir.

          T.Eliot 1925-ci ildən başlayaraq 1965-ci ilə (ömrünün sonuna) qədər bütün Avropada tanınan “Faber and Faber” nəşriyyatında redaktor vəzifəsində çalışmış, sonralar isə onun direktoru olmuşdu.

          Peşəkar yaradıcılıq yolu 1905-1965-ci illəri əhatə edən T.Eliot bütün dünyada şair, dramaturq, novellaçı, esseist, ssenariçi, jurnalist kimi tanınsa da, poeziya ilə yanaşı, əsas yaradıcılıq fəaliyyəti ədəbi tənqidlə bağlı idi. O, görkəmli tənqidçi kimi nüfuz qazanmışdı. 1910-cu ildə ədəbi-tənqidi esselərindən ibarət “Müqəddəs meşə” adlı ilk elmi kitabı nəşr olunur. Bu kitabda o, ingilisdilli çağdaş poeziyanın Con Donn, Endrü Marvell, Con Vebster kimi nümayəndələrinin yaradıcılığını xüsusilə yüksək qiymətləndirir.

Ümumiyyətlə, T.Eliotun ədəbi-tənqidi yaradıcılığına aid olan məqalələr onun nəzəri-estetik görüşlərindən daha çox Avropa ədəbiyyatının müxtəlif dövrlərinə və cərəyanlarına mənsub olan sənətkarların yaradıcılığının praktik cəhətlərini əhatə edirdi. Bu, onunla bağlı idi ki, müəllif özü nəzəriyyəçi olmaqdan daha əvvəl ilk növbədə şair idi. Və bu əsərlər bir sənətkar və mütəfəkkir kimi onun ədəbi kredosunu bədii əsərləri qədər geniş və dərindən əks etdirə bilmirdi. Bununla belə, onun elmi-tənqidi yaradıcılığı qaldırılan məsələlərin səciyyəsinə və həlli  yollarına görə məntiqi və estetik baxımdan bir sistem şəklində dəyərləndirilməlidir. Ədəbi tənqidin bu yeni cərəyanını İngiltərədə “Kembric məktəbi”, Amerikada isə “yeni tənqid” adlandırırdılar.

          Bu sistemi xarakterizə edərkən onun banisi T.Eliotun bir ədəbiyyatşünas olaraq ilk əvvəl dövrünün yaradıcılıq tərzində nəzəri və praktik cəhətdən aparıcı rol oynayan formalist inikas üsullarına qarşı çıxdığını, çağdaş yaradıcılıq prosesində klassik ədəbiyyatdan gələn ifadə üsullarının kor-koranə təkrarlanmasını qəbul etmədiyini, yeni, modernist ifadə tərzinin tərəfdarı  olduğunu vurğulamaq lazım gəlir. Bu yanaşma ilk növbədə onun bir şair kimi düşüncə azadlığı və yaradıcılıq sərbəstliyinə üstünlük verməsi, ehkamçılıqdan uzaq olmağa çalışması ilə izah edilə bilər.

          Müasir poeziya barədə fikirlərini ifadə edərkən T.Eliot onun klassik poeziyadan daha yüksək məziyyətlərə malik olduğunu vurğulayır. Çünki klassik poeziya insanın duyğu və düşüncələrini bir-birindən təcrid olunmuş şəkildə əks etdirir. O, lirik poeziyada subyektivizmi etalon səviyyəsinə qaldırmağın, obyektiv gerçəkliyin inikasından qaçmağın əleyhinə idi. Onun fikrinə görə, şeirdə duyğuların əks etdirilməsi düşüncələrin ifadə olunması ilə obyektiv tarazlıq şəklində verilməlidir.

          Ancaq onun nəzəri görüşləri ilk baxışda görünə biləcəyi qədər də birmənalı deyildi. Bu prinsiplərlə hətta onun öz bədii yaradıcılığına yanaşdıqda belə, cavabı aydın olmayan suallar meydana çıxır. Çünki onun nəzəri-estetik baxışları donuq ehkamlardan uzaq, daim hərəkətdə və inkişafda olan mühakimələr şəklində mövcud idi. Onları canlı ədəbiyyata tətbiq edəndə bu amilləri mütləq nəzərə almaq lazımdır.

          O, poeziyanı həm onu yalnız estetik material kimi, götürənlərdən, həm də bədii düşüncəni formal məntiq nümunəsi kimi qəbul edənlərdən qoruyurdu. Onun mövqeyi böyük fransız yazıçısı Qustav Floberin Avropa ədəbiyyatşünaslığında sənətə yanaşma etalonu kimi qəbul edilən fikrinə əsaslanırdı: “Yazıçı əsəri öz duyğularının təzahürü nümunəsinə çevirməməlidir. Müəllif yaratdığı əsərdə özünü Allahın Özünü yaratdığı dünyada əks etdirdiyi kimi ifadə etməlidir”.

          İndi incəsənətə bu cür baxış ümumi qəbul edilmiş yanaşma normasıdır. Lakin o zaman bu yanaşma tərzinə görə T.Eliot yaradıcılığı maarifləndirmə və tərbiyə vasitəsi saydığı üçün öz ünvanına sənəti fəlsəfə, yaxud din kimi qiymətləndirənlərin dilindən daim qınaq sözləri ittihamlar eşitməli olurdu. Opponentləri onun incəsənətdə irəli sürdüyü “fərdisizləşdirmə” prinsipini yanlış olaraq “şəxsiyyətsizləşdirmə” tələbi kimi qələmə verərək inkar edirdilər. Şeirin müəllifin düşüncə prosesindən asılı olmadan “öz-özünə yarandığını”, “mistik vəhy kimi gəldiyini” iddia edənlər T.Eliotun poeziyadan tələb etdiyi duyğu ilə düşüncənin vəhdəti, harmoniyası prinsipini sona qədər anlaya, dərk edə bilmirdilər.

          Nəhayətdə T.Eliot bu barədə düşüncələrini “Poeziyanın və tənqidin vəzifələri” kitabında şərh etməli oldu. Şair bu traktatda göstərirdi ki, duyğu və düşüncənin xaotik “sintezindən” incəsənət üçün xilasedici rol oynayan harmonik nizam meydana gələ bilməz. O, hesab edirdi ki, poeziya insanın real dünyanı qavramasına hiss olunacaq qədər təsir göstərir. Poeziya bu funksiyanı yalnız insanın düşüncə tərzinin spesifik (obrazlı) bir forması olaraq yerinə yetirə bilər. T.Eliotu dəfələrlə klassik poeziyanı qəbul etməməkdə günahlandıraraq ədəbi ənənələri dəyərləndirməməkdə, onların canlı inkişafını görməməkdə ittiham etmişdilər. Amma nəzərə almaq lazımdır ki, həmin dövrdə Avropa ədəbiyyatı və estetikasında biz başa düşən mənada ənənə anlayışı, ümumiyyətlə, mövcud deyildi. Müasir poeziyanın dəyərləndirilməsi zamanı heç kim Avropa şeir sənətinin Homer, Vergili, Dante, Şekspir, Höte kimi klassik nümayəndələrini, onların bədii və estetik irsini yada salmır, müqayisələr aparmırdı.

          Bunu ilk dəfə edən məhz T.Eliot olmuşdu. O da klassik irsi ideallaşdırmadan, apardığı müqayisələrdə yeni-modernist ədəbiyyatın xeyrinə nəticələr çıxararaq fikir bildirmiş, ötən günlərin ideyaları ilə yaşayan klassik ədəbiyyatdan fərqli olaraq, çağdaş poeziyanı canlı, yaşayan, zamanın çağırışlarına cavab verən bir hadisə kimi qiymətləndirmişdi. Eləcə də onun yaradıcılığı – şeirləri, pyesləri və tənqidi məqalələri müasir dünya ədəbiyyatına çox güclü təsir göstərmişdir. Onu da vurğulamaq lazımdır ki, Nobel mükafatına layiq görülmüş yazıçıların çoxundan fərqli olaraq, T.Eliotun yaradıcılığı Azərbaycanda diqqəti daha çox cəlb etmiş, nəşr və tədqiq olunmuşdur. Əvvəlki onilliklərdə olmasa da, müstəqillik dövründə onun ayrı-ayrı lirik şeirləri müxtəlif şairlərin tərcüməsində Azərbaycan mətbuatında dərc edilmiş, “Seçilmiş əsərləri” kitabı ədəbiyyat üzrə Nobel mükafatı laureatları seriyasından 2011-ci ildə Bakıda nəşr olunmuşdur. Kitabın tərcüməçisi, eyni zamanda tərtibçi və ön sözün müəllifi dosent Vahid Ərəbovdur. Ölkəmizdə T.Eliotun elmi-nəzəri yaradıcılığının tədqiqatçılarından biri istedadlı şair Qismət Rüstəmovdur. O, 2020-ci ilin 12 iyulunda “kulis.az” saytında T.Eliotun tənqidçi görüşlərini əks etdirən “Tənqidin sərhədləri” məqaləsini dərc etdirmişdir. Həmin məqalədən Nobel mükafatçısının tənqidçi konsepsiyasını anlamaq üçün gərəkli olan kiçik bir parçanı oxucuların diqqətinə çatdırmaq istərdik: “Hər nəslin öz ədəbi tənqidi formalaşmalıdır; çünki hər yeni nəsil sənətə öz meyarları, öz sənət tələbləriylə birgə gəlir və mədəniyyətin içində sənətə verdiyi əhəmiyyəti bunlara görə müəyyənləşdirir. Bu hökmü verəndə, əminəm ki, zövqdə və dəbdə olan dəyişikliklərdən daha artığına eyham vurmaq istəyirdim: ən azı bunu nəzərdə tuturdum ki, keçmişin şedevrlərini öz perspektivi içində dəyərləndirən hər yeni nəslin davranışları sələflərindən tamam fərqli təsirlər altında formalaşır”. Qismət T.Eliotun yaradıcılığı üzərində çalışmalarını davam etdirərək 2021-ci il yanvarın 20-də “kultur.az” saytında Nobel mükafatçısına həsr etdiyi “T.Eliotun poetikası” adlı araşdırmasını dərc etdirmişdir.

          Azərbaycan filologiyasında T.Eliotun yaradıcılığı ilə bağlı daha ciddi, akademik səciyyəli tədqiqat əsərlərinə də təsadüf etmək mümkündür. 2015-ci ildə Raisa Əlizadə magistr elmi dərəcəsi almaq üçün “Tomas Eliotun poeziyasında mifologizmlər” mövzusunda; 2021-ci ildə isə Nurlana Axundova fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Tomas Eliotun poemalarının poetik xüsusiyyətləri” mövzusunda dissertasiyalar müdafiə etmişlər.

          Bunlardan əlavə, professor Asif Hacılı “Yeni tənqid hərəkatı və Tomas Eliot” adlı tədqiqatında; professor Vaqif Sultanlı isə “Azərbaycan ədəbi tənqidi” kitabının “Yazıçı tənqidi” bölümündə T.Eliotun tənqidçilik fəaliyyətini nümunəvi örnək kimi götürərək ədəbi tənqid tarixindəki rolunu yüksək qiymətləndirmişlər.

          Nəşr və oxunma sayına görə dünya miqyasında rekordçu olsa da, T.Eliot elitar şair idi, onun şeirləri heç zaman ümumi oxucu kütləsi arasında geniş populyarlıq qazanmamış, həmişə yüksək zövqlu poeziya xiridarlarının maraq dairəsində olmuşdu. Onun yaradıcılığı hələ sağlığında yaşadığı ölkələrdə və Avropanın digər dövlətlərində yüksək qiymətləndirilmiş, nüfuzlu mükafatlararla təltif olunmuşdu. O, dünyanın çox prestijli 16 universitetinin fəxri doktoru seçilmiş, Nobel mükafatından əlavə, İngiltərə və Fransanın ali dövlət mükafatlarına, Almaniyanın ədəbiyyat üzrə ən nüfuzlu ödülü sayılan Höte mükafatına layiq görülmüşdü.

          T.Eliot 1957-ci ildə 68 yaşında ikən ikinci dəfə ailə qurmuşdu. 1965-ci il yanvarın 4-də Londonda beyninə qan sızmasından vəfat etmiş, öz vəsiyyətinə uyğun olaraq, əcdadlarının vətənində – İngiltərənin Somerset əyalətinin Koker kəndində dəfn olunmuşdur.

          Vəfatından sonra, demək olar ki, tamam unudulan bir çox Nobel mükafatçılarından fərqli olaraq, onun əsərləri bu gün də bütün dünyada diqqət mərkəzində saxlanılır, böyük sevgi və hörmətlə tərcümə və nəşr olunur, tədqiq edilir.

          1993-cü ildən başlayaraq şairin özünün 1953-cü ildə təsis etdiyi "Poetik kitablar Cəmiyyəti" hər il yeni nəşr olunan ən yaxşı şeir kitabının müəllifini Böyük Britaniyanın əsas ədəbi ödülü sayılan Tomas Eliot adına beynəlxalq mükafatla təltif edir.  

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(01.04.2024)

 

 

Əkbər Qoşalı yazır

 

“Ədəbiyyat və incəsənət” portalı şair, publisist və siyasi icmalçı Əkbər Qoşalının 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə yazdığı “Nəhs illərin nəsillərdəki ağrısı…” məqaləsini təqdim edir. 

 

Xalq şairi Səməd Vurğun dillər əzbəri “Azərbaycan” şeirində böyük keçmişi olan doğma vətənə müraciətən deyir:

 

“...Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,

Nəhs aylara, nəhs illərə.

Nəsillərdən nəsillərə

Keçən bir şöhrətin vardır;

Oğlun, qızın bəxtiyardır”...

 

Əlbəttə, yurdumuzun oğul-qızlarının əsl bəxtiyarlığı müstəqil, qalib Azərbaycanla bağladır. Mən “Azərbaycan”ın yuxarıdakı misralarına uğursuz dillərin, nəhs ayların, nəhs illərin ağrısını xatırlatmaqçün üz tutmuşam. Üz tutmuşam deyəm ki: “Nələr çəkmiş başın sənin”, Vətən!?.

Başımız çəkənlər yetməzmiş kimi, xalqımız XX yüzilin əvvəllərindən başlayaraq yeni – daha dəhşətli aktla üzləşdi: bu, bəşəriyyətin üzləşə biləcəyi ən böyük dəhşət idi. Onda hələ nə İkinci Dünya müharibəsi olmuşdu, nə də “Xolokost” (Yəhudi soyqırımı) baş vermişdi...

31 Mart soyqırımı yalnız Azərbaycan tarixində deyil, ümumən insanlıq tarixində ən dəhşətli hadisələrdəndir.

Soydaşlarımız, həmvətəndlərimiz qərinələr boyu yalnız azərbaycanlı (türk, müsəlman) olduqları üçün öz dədə-baba torpaqlarından didərgin salınıb, kütləvi qətllərlə, qırğınlarla üzləşib. Görün necə yaratılıqlarla üz-üzə qalmışıq, insanlar bir yana, minlərlə tarixi, mədəni abidəmizi, yaşayış məskənlərimizi belə dağıdıb, ev-eşiklərimizi yandırıb, viran qoyublar. Yaşıl ağacımızı kəsib, gur bulağımızı qurudub, altıbalalı heyvanlarımızı öldürüb –  bir sözlə, flora-faunamızı sıradan çıxardıb bu yaratılıqlar...

*

Erməni millətçilərinin bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi ilk soyqırımından 106 il ötür. “Erməni millətçiləri” deyirik, guya erməninin solçusu, liberalı, başqa siyasi-ideoloji xətdə olanı qatı millətçilərdən fərqlənir(di)mi? Ona qalsa, “Daşnaksutyun”un ideoloji spektri solçuluqdu, hazırda da “Sosialist İnternasionalı”nın üzvüdür... “Daşnaksutyun” hara beynəlmiləlçilik hara?.. Allah eşqinə, onlar demokratiyadan, sosial demokratlıqdan, ədalətdən, bərabərlikdən nə anlar? – Qandıqları bir şey var: qan-qada, öldürmək, dağıtmaq, mənimsəmək, özgələşdirmək, özününküləşdirmək...

Belə idbar xasiyyətləri üzündən də Ermənistan hazırda dünyanın nadir ölkələrindən biri – bizim bölgədəsə yeganə monoetnik ölkədir. Belə ölkə olar? O gözəllikdə torpaqları cəhənnəmə döndəriblər. Bax, bu faktın özü belə Qərbi Azərbaycanın Ermənistan Respublikası adı altında gələcəyini mübahisələndirməyə ciddi əsas deyilmi?

*

1918-ci ilin mart soyqırımlarından qərinələr ötüb; lakin ermənilər qabıq qoyaraq, libas dəyişdirərək və fərqli formalar bularaq öz bəd əməllərini ən müxtəlif səviyyələrdə davam və “inkişaf” etdirib. “Müttəfiq respublika” olduqdan sonra da respublikamıza, xalqımıza qarşı edə bildiklərini ediblər; özəlliklə, deportasiyalar, ayrı-seçkiliklər, türkofobiya, azərbaycanafobiya... onların soyqırım törətmə “usta”sı olduğunu bir daha, bir daha göstərib. Onlar harada olubsa (Bakıda, Tiflisdə, İrəvanda, Moskvada və b. şəhərlərdə), fərq etməz, həmişə bəlli bir planı ardıcıl surətdə həyata keçirib.

Bu ardıcıl bəd əməllərin acısını ölkəmizin dinc, silahsız əhalisinin demək olar, hər bir üzvü dadıb... – Minlərlə ləzgi, avar, tat, yəhudi, kürd, tatar, talış və b. xalqların nümayəndələri də ermənilərin qəddarlığından can qurtara bilməyib. Quba Soyıqım Memorial Kompleksi dediklərimizin monumental təsdiqidir... – Bəlli olduğu kimi, 2007-ci ildə stadion təmiri ilə bağlı aparılan qazıntı işləri zamanı Qudyalçayın sol qıyısında üzə çıxarılmış Quba soyqırımı məzarlığında 500-dək insan kəlləsi mövcuddur. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı işgəncə ilə öldürüldüyü sübuta yetirilib.

Bəli, Qafqaz xarakterindən uzaq ermənilər uşaq, qadın, qoca demədən, etnik mənsubiyyətə baxmadan, erməni və erməni havadarı olmayan hər kəsi gücü yetdiyi, əli çatıdğınca qətlə yetirib.

SSRİ dağıldıqdan sonra “soyqırım yaddaşı” yenidən – daha gur canlanmağa başlayan ermənilər – XX yüzilin sonlarında azərbaycanlılara qarşı Ağdaban, Bağanis Ayrım, Ballı Qaya, Başlıbel, Qaradağlı, Quşçular, Malıbəyli, ən dəhşətlisi Xocalı və b. soyqırım aktlarını törədib. 4 minə yaxın əsir-girov soydaşımızın telyinə hələ də aydınlıq gətirməyən, Qarabağda, o torpaqlardan zorla didərgin saldıqları azərbaycanlıların sayından daha çox mina basdıran Ermənistan (və havadarları) 1918-ci ildə soyqırım törətmiş əcdadlarının zehniyyətindən bircə addım qurtula bilibmi? – Əsla!

44 günlük II Qarabağ müharibəsi dönəmində Gəncənin, Bərdənin qadağanolunmuş raketlərlə atəşə tutulması (hərçənd qadağanolunmamış raketlərin də bəraəti yoxdu), mülki əhalinin qətlə yetirilməsi nədən xəbər verir? – Yəni, həmin zəhərli, zərərli zehniyyət tam qüvvədədir. Təsəvvür edin: tarixdəki ilk (və inşallah son!) erməni dövlətinin ən “demokrat”, ən “ılımlı”, “tərəqqipərvər” başçısı sifətiylə tanıdılan Paşinyanın hökuməti belə əcdadlarının zərərli, zəhərli adətlərindən qurtula bilmir ki, bilmir...   

Bəli, biz nəhs aylara, nəhs illərə düşə-düşə yaşamışıq. Milli hisslərdən uzaq, bacarıqsız, qorxaq və səriştəsizlər, Kremlin, onun-bunun siyasi oyuncağı qismində çıxış edənlər ölkəmizin, xalqımızın çıxarlarına uyğun fəaliyyət göstərməyib. Etiraf edək, müsibətlərin çoxu güclü hakimiyyətimizin, qətiyyətli rəhbərimizin olmaması ucbatından başımıza gəlib. – Xalqımız illər uzunu ağır məhrumiyyətlər, məşəqqətlərlə üzləşib...

Məhz Ümummilli lider Heydər Əliyev yenidən ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliği, o cümlədən erməni vəhşiliyinin ifşa olunması yönündə ciddi işlər görüldü. Heç təsadüfi deyil ki, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktlarının araşdırılması, öyrənilməsi işi Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi sayəsində başlanılıb. Ümummilli liderin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman o hadisələrə hüquqi-siyasi qiymət baxımından tarix önəm daşıyır. Alimlərə, ictimai-siyasi fəallara yol xəritəsi cızmaq, dostu da, düşməni də düşünməyə vadar etmək, beynəlxalq ictimaiyyətin gözündəki pərdəni aralamaq və s. baxımından da bu Fərmanın önəmi əvəzsidir. Fərman əsasında 1918-ci ilin Mart soyqırım aktlarına dair çoxsaylı tədqiqat əsərləri yazılıb, onların bir çoxu xarici dillərə çevrilib.

Ümummilli lider özü deyirdi: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması haqqında, 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamları da unudulmazdır.

Xalq Cümhuriyyəti dönəmində Soyqırımın araşdırılması yönündə (Fövqəladə İstintaq Komissiyasının xətti ilə) ciddi iş başlansa da, o işin tam başa çatdırılması mümkün olmayıb. Bunu nəzərə alsaq, Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və Sərəncamların dövlətçilik irsi, əcdadın ruhunu şad etmək və gələcək nəsillərə yol göstərmək baxımından daha fərqli bir dəyər daşıdığını vurğulamalıyıq.   

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə həqiqətlərin (ümumən Azərbaycan həqiqətlərinin) öyrənilməsi, onun ölkə və dünya ictimaiyyətinə daha ətraflı çatdırılması müstəqil Azərbaycan Respublikasının dövlət siyasətində önəmli yer tutur.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət sonucunda  həm Ermənistanın dövlət səviyyəsində yürütdüyü terrorçuluq, hərbi təcavüz siyasəti ifşa olunub, həm də işğalçılar ölkəmizdən iti qovan kimi qovulub.

Qalib dövlətimiz, şanlı Ordumuz bütün dönəmlərdəki şəhidlərimizin, günahsız qurbanlarımızın qanını yerdə qoymayıb.

Tarizi Zəfərə imza atmış müstəqil, güclü Azərbaycan Respublikası şəhidlərimizin ruhunu şad edən əvəzsiz nemətimiz, ən böyük təsəllimizdir.  

Biz soyqırım törətmirik, daha heç kim də bizi soyqırımla üz-üzə qoya bilməz!

Ağlayıb-sızlamaq yox, yad etmək,

mərsiyə demək yox, gələcəyə baxmaq! – Yol budur!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2024)

 

Hazırda mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi Bakının təşəbbüsləri təsdiqlənməlidir, bu çox vacib məsələdir. Bu təşəbbüslərdən biri də “Bakı Prosesidir”

 

Mayın 1-dən 3-dək Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. “Bakı Prosesi”nin tərkib hissəsi olan bu Forum İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə ICESCO-nun saytı məlumat verib. Məlumata görə, forumda yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirakı gözlənilir.

Forumun plenar sessiyalarında və panel müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı bir sıra aktual qlobal çağırışlar müzakirə ediləcək.

Forum çərçivəsində mədəniyyətlərin müxtəlifliyini vurğulamaq, əməkdaşlıq və anlaşma ruhunu təşviq etmək üçün konsertlər, festivallar və yaradıcı tamaşalar da daxil olmaqla bir sıra mədəni tədbirlərin keçirilməsi gözlənilir.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Uğurlu olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2024)

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin yayımlanacağı “Turk Discovery” YouTube platforması yaradılıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. 

Məlumata görə, genişmiqyaslı layihə türk xalqlarının milli-mədəni sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək məqsədilə həyata keçirilir.

Layihənin rəhbəri tanınmış qazaxıstanlı jurnalist Maya Bekbayevadır. Maya Bekbayevanın komandası uzun illərdir tarixə dair sənədli filmlər hazırlayır.

“Turk Discovery” layihəsinin ilk buraxılışı “Novruz – qədim türk bayramının dirçəlişi” sənədli filmidir. 

 

(Filmə “Turk Discovery” layihəsinin rəsmi YouTube kanalında https://youtu.be/XhtnEcaG4hA?si=LsKqnUKY5A_5Tlw5 linkindən baxmaq olar).

 

Filmin elmi rəhbəri və ssenarisinin həmmüəllifi Azərbaycanın dövlət və siyasi xadimi, diplomat, alim, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş qrupu Özbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərin əksəriyyəti Bakı şəhərində və Azərbaycanın əhəmiyyətli tarixi yerlərində aparılıb. Filmdə hər bir Türk dövlətlərinin Novruz bayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. Layihənin məqsədi türk xalqları arasında həmrəyliyi daha da gücləndirməkdir.

Layihəni reallaşdıran komanda hazırda Mahmud Kaşqarinin türk ləhcələrinin toplusu olan "Divani lüğət it-türk" adlı əsərindən bəhs edən sənədli film hazırlanır.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teatr və kino aktyoru Rahib Əliyevi  (12.07.1945, Bakı - 28.03.2024) vəfatı münasibətilə başsağlığı verib. Başsağlığı mətnində deyilir: 

 

Rahib Seyidağa oğlu Əliyev hələ məktəbli illərindən dram dərnəklərində fəaliyyət göstərib, xalq teatrlarında səhnəyə çıxıb.

O, M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU-nun) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən, Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. Ömrünün sonunadək bu mədəniyyət-sənət ocağında çalışan aktyor, ümumilikdə 70-dən artıq obrazda çıxış edib. 

Əməkdar artistin Markone (“Ovod”, E.Voyniç), Fərzəli bəy (“Nəsrəddin”, Y.Əzimzadə), Qazı (“Danabaş kəndinin məktəbi”, C.Məmmədquluzadə), Bəkdəmirov (“Şirinbala bal yığır”, S.Qədirzadə), Cəbi (“Hacı Qəmbər”, N.Vəzirov), Mirzə Salman (“Mahmud və Məryəm”, Elçin), Babaşov (“Sağlıq olsun”, İ.Məlikzadə), Molla Xudaverdi, Kərəməli (“Hacı Qara”, M.F.Axundzadə), Fərəcov (“Sən həmişə mənimləsən”, İ.Əfəndiyev), Ancelo, Mer (“Səhvlər komediyası”, “III Riçard”, U.Şekspir), Şeyx Əbuzər (“Şeyx Sənan”, H.Cavid), Mister Sauyrberi (“Oliver Tvistin macəraları”, Ç.Dikkens) və b. obrazları tamaşaçıların marağına səbəb olub.

Rahib Əliyev səhnə xadimi kimi tanınsa da, o, ondan artıq filmdə də (“Ulduzlar sönmür", “Yol əhvalatı”, “Yaramaz”, “Qətl günü”, “Güllələnmə təxirə salınır”, “Cavid ömrü”, “Axırıncı dayanacaq” və b.) çəkilib.

Sənətkar 2006-cı ildə “Əməkdar artist” fəxri adına, 2018-ci ildə “Tərəqqi” medalına layiq görülüb, dəfələrlə Prezident mükafatçısı olub.

Uca Tanrı rəhmət eləsin.

Sənətkarın ailə üzvlərinə, bütün doğmalarına başsağlığı verir, səbr diləyirik!

 

Azərbaycan Respublikası 

Milli Məclisinin Mədəniyyət Komitəsi

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Beş yaşınadək keçmiş “Sovetski”də- “Həmşəri palanı” küçəsində, 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Daha sonra orta məktəb, institut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…

 

Deyir ki,- “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”...

Nikbin, məğrur, zəmanəylə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir. Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…

Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindən olub. Azərbaycanın tanınan yazıçılarından biri idi. Eyni zamanda jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda qalıb...

Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini gipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir. 

Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə, çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…

Deyir ki,- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-60 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub, Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur”…

Güclü yumor hissinə malikdir. Şən və gülərüzdür. Atmacaları ilə aranı qarışdırıb, müzakirə meydanına çevirməyi bacarır. Şəhər uşaqlarına məxsus jestləri var. Necə deyərlər, əsl centelemendir. Nəvaziş göstərməkdən zövq alır. Ana dilimizin məftunudur. Lazım gələrsə, onun uğrunda mücadiləyə girə bilər...

El arasında belə bir ifadə var- "Canlara dəyən adam." Bir sözlə, İlqar Əlfioğlu doğrudan da canalara dəyən adamdır və bu canlara dəyən qardaşımızın 69 yaşı tamam oldu, keçdi 70-ə...

Nədənsə 69 rəqəmini baş-ayaq rəqəmlərdən biri hesab etdiyim üçün, hətta öz ömrümdən də tez gəlib getməsini arzulayıram. İnşəallah 70 yaş öz gəlişiylə İlqar Əlfioğlunun həyatına xoş xəbərlərlə gəlsin.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu layihəni mən də oxucularım da maraqla izləməkdədir. Layihənin davamı gəlib. Növbəti təhsil ocağında. 

 

Martın 27-də Elm və Təhsil Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində “Sazlı-Sözlü Kəlağayı Günləri'' çərçivəsində "Anam - Kəlağayıdı, Kəlağayı - anam" adlı tədbir keçirildi. 

 

Tədbiri giriş sözləri ilə həmin kollecin ana dili-ədəbiyyat müəllimi Sədaqət Əsgərova açıq elan edərək qonaqları salamladı. Tədbirdə Azərbaycan Kəlağayısının yaranmasından, əhəmiyyətindən, bu günkü vəziyyətindən söhbət açıldı. Mirvarid Dilbazi 

Poeziya Məclisi İctimai Birliyinin sədri və Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı Kəlağayı gününün qeyd olunması ilə bağlı tələbə və müəllimlərə məlumat verdi  və qeyd etdi ki,  kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu əlamətdar hadisənin 10 illiyidir. Bu münasibətlə ''Sazlı Sözlü Kəlağayı Günləri''- layihəsi Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, ölkəmizin bütün bölgələrində keçiriləcək. 

Sonra Prezident təqaüdçüsü və əmək qəhrəmanı Tərlan Musayeva , "Dövlət və Qanun" qəzetinin redaktoru Yasəmən Möhübbətqızı maraqlı çıxışlar etdilər. Tələbələrin ifasında şeirlər, mahnı və rəqslər rəğbətlə qarşılandı. Gənc şair və sazəndə Aişə Səyyadqızının, aşıq Nərmin Cəlalzadənin ifaları alqışlar qazandı. 

Sonda kəlağayı təkcə baş örtüyü deyil, ismət, abır-həya, qeyrət rəmzi kimi səciyyələndirildi, elə bu da tədbirin leytmotivi oldu. 

Tədbir xatirə şəkilləri çəkilməsi ilə yekunlaşdı. 

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Daim ən müxtəlif tədbirlərlə ictimaiyyəti və istifadəçilərini sevindirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasındakı növbəti tədbir gözlənilən idi. 

Belə ki, kitabxananın adını daşıdığı görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyini ölkəmiz qeyd edirdi, bu yubileyə, təbii ki, kitabxana biganə qala bilməzdi. 

Növbəti xəbərim bu barədədir. 

 

Anons edim: Kitabxanada keçirilən yibiley tədbirində görkəmli dramaturqun həyat və yaradıcılığı haqqında geniş söhbət açıldı. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, kitabxananın görkəmli dramaturqun yubileyi ilə əlaqədar həyat keçirdiyi tədbirlər – kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası, biblioqrafiya, ənənəvi və virtual kitab sərgiləri, videomaterial haqqında geniş məlumat verdi.

Professor Asif Rüstəmli Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq, görkəmli dramaturqun xatirəsinin onun ev muzeylərində və Gənclər Kitabxanasında yaşandığını söylədi. 

Professor Tahirə Məmməd Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən, amalından dönmədiyini bildirdi. 

Professor İsmayıl Məmmədov Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunlu olduğunu dedi. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” kitabı haqqında məlumat verdi, lüğətdə verilən hər bir sözün dramaturqun dilində əks etdiyi mənaların doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək baxımından dəyərli olduğunu söylədi. 

Cəfər Cabbarlı adına ev-muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının 125 illik yubileyi çərçivəsində keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq tədbirlər, layihələr, səhnələşdiriləcək tamaşalar haqqında məlumat verərək, “Cəfər Cabbarlı mükafatı”nın verilməsinin bu ildən bərpa olunacağını qeyd etdi. 

Tədbirdə Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin Cəfər Cabbarlının şeirlərindən ibarət kompozisiyası və kitabxana əməkdaşları tərəfindən hazırlanan “Varlığında bir dünya çırpınan sənətkar” adlı videomaterial nümayiş etdirildi.

Bir sözlə, kitabxanada böyük dramaturqun adına layiq bir tədbir baş tutdu.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

ADPU-nun Filologiya fakültəsində "Qərbi Azərbaycan: Yurd həsrəti" mövzusunda esse müsabiqəsi keçirilmişdir.

15 mart 2024-cü il tarixində təşkil olunan müsabiqə Xarici dil müəllimliyi (ingilis), Xarici dil müəllimliyi (fransız), Rus dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələr arasında baş tutmuşdur. 

Müsabiqədə ümumilikdə 26 tələbə iştirak etmişdir.

 

Mən - Zəhra Allahverdiyeva 2-ci kurs Xarici dil müəllimliyi (Fransız dili) ixtisasından müsabiqəyə qoşulmuşam. Müsabiqədə 2-ci yerə layiq görülüb, ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent - Könül Nəriman qızı Həsənova tərəfindən Həsən Mirzəyevin 2 kitabı ilə və sertifikat ilə təltif edilmişəm.

Sizə həmin essedən nümunənin Azərbaycan dilində tərcüməsini təqdim etmək istərdim:

 

Qərbi Azərbaycan torpaqları qədim Azərbaycan torpaqları olmuşdur. Qərbi Azərbaycanın çoxlu rayonları var. Məsələn: Vedibasar, Zəngibasar, Dərələyəz, Dərəçiçək, Sisyan, Masis, Gərnibasar, Ələyəz, Basarkeçər və s. Mənim əcdadlarım Vedibasardandır. Babam Vedibasarda musiqi və Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirdi. O, həm də şairdir. Qərbi Azərbaycan ədəbiyyatı çox zəngindir. Babamın çoxlu şeirləri var. Məsələn: "Bilmirəm", "Qalmayib", "Şitti"(“Ədəbiyyat və İncəsənət „portalından oxuya bilərsiz) və s. 

Bölgənin bir sıra özünəxas musiqiləri də var. Məsələn, "İrəvanda xal qalmadı". 

Bölgədə “Aşıq” sənəti geniş inkişaf etmişdir. Hər bölgənin öz ənənəsi və ləhcəsi var. Burada müxtəlif adətlər var. Məsələn: Novruz şənlikləri, toylar və s. Toylarda oynadığımız “Yallı” bir başqadır. “Duvaq qapma”, “Şax bəzəmə” kimi toy adətlərimiz var. Novruz bayramında “Baca-baca”, “Hıdır Nəbi” və s. adətlər var. 

Qərbi Azərbaycanın zəngin mətbəxi var. Məsələn: “Əriştə şorbası”, “İrəvan kətəsi”, “Eləyiz aşı”, “Qovurma” və s. Mən “Əriştə şorbası”nı çox  sevirəm. Çünki tərkibində “Əvəlik„ otu var . Əvəlik  suyun kənarında yetişən bitkidir. Əvəlikdən dolma da bükürlər. O çox faydalı xüsusiyyətlərə malikdir, minerallarla zəngindir. 

Qərbi Azərbaycan bizim doğma vətənimizdir!

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) “Kinematoqrafiya haqqında” Qanunun təkmilləşdirilməsi və yenilənməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib. 

 

İşçi qrupu kino xadimlərinin və kinematoqrafiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin Kino Forumunda, eləcə də müxtəlif tədbirlərdə səsləndirdiyi təkliflərin təhlili, ümumiləşdirilməsi və hüquqi bazasının yaradılması istiqamətində işlər aparacaq.

 

Mərhələli şəkildə həyata keçiriləcək fəaliyyət proqramı çərçivəsində kino xadimlərinin, təcrübəli mütəxəssislərin və hüquqşünasların da işçi qrupuna cəlb olunması, uğurlu hesab olunan dünya ölkələrinin təcrübəsinin öyrənilməsi planlaşdırılır. Kinematoqrafiya haqqında Qanunun yenilənməsi üçün geniş kino ictimaiyyətinin rəyinin öyrənilməsi və bununla bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.