Onbaşı İzzət– Orxan Fikrətoğludan tammetrajlı filmin pilot layihəsi Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

“ONBAŞI İZZƏT”

 

Filmdə 1918-23-cü illərdə Azərbaycanda baş vermiş tarixi hadisələr fon kimi təsvir olunacaq. Heç bir tarixi hadisəyə müəllif qiyməti verilməyəcək. Onbaşı İzzətin həyat dramı vasitəsilə ideolojisiz insanın gözüylə hadisələrə baxılacaq. Filmin qəhrəmanları Nuru paşanın atı və bu atı rus ordusu tərəfindən işğal olunmuş Azərbaycandan Türkiyəyə keçirməli olan onbaşı İzzətdir. At onbaşı İzzətin və ümumilikdə türkçülüyün ram edilməyən ruhunun simgəsidir. Sərhədin bağlanması, milli dövlətçiliyin süqutu, sovet və daşnak birliyinin silahları və atları kəndlilərin əlindən zorla alıb kolxozlara qatması, repressiyalar, onbaşı İzzətin ölümlə üz-üzə qalması filmin ilk kadrlarından “dramaturji özülə” aid alternativ faktor mexanizmləri kimi gərginliyi artıracaq. Atını zirehli qatarın yandırılmış “yüklüyünə” qaldıra bilməyən Nuru paşa onbaşı İzzətə onu sərhəddən “süvari” olaraq keçirməyi əmr edir. Onbaşı bu tapşırığı alandan iki gün sonra XI qırmızı ordu Azərbaycanı işğal edib sərhədləri bağlayır. Milli hökumət süqut edir. Qətllər, həbslər başlanır. Onbaşı İzzət belə bir şəraitdə kimə və necə sığınacaq? Sərhədi necə keçəcək? Bir neçə ay kəndlilərin köməyi ilə sovetlərdən gizlənəndən sonra onbaşı İzzət “kilimçilər”ə qoşulmaq qərarına gəlir. Kilimçilər səyyar sirkin Azərbaycan variantıdır. Onların heyəti aşıqdan, kəndirbazdan, ravidən, mövsümi və dini tamaşalar göstərən, üzünə və başına “kilim maska” keçirən oyunbazlardan ibarətdir. İzzətin arıq, çəlimsiz bədəninə yaraşmayan şahanə atı əvvəlcə kilimçiləri bir obraz kimi daha çox maraqlandırır. Sonra isə sərhəd tanımayan kilimçilər İzzətin özünün də mərdliyinə və qorxmazlığına heyran olurlar. Altı-yeddi ölkəni coğrafiya olaraq vətənləşdirən kilimçilər də get-gedə İzzət üçün Türkiyə sərhədinə yaxınlaşmağın yeganə yoluna çevrilirlər. Yolda və dəyişkən məkanlarda baş verən epizodlar tamaşaçıya zamanın absurd gerçəkliyini, dövrün reallıqlarını açmalıdır. Kilimçilərin köməyi ilə Acara, Axıska, Borçalı türklərinin də ozamankı həyatı dəqiq tarixi dəlillərlə filmdə bəlirlənir. Kilimçiləri sərhədlərdə saxlamırlar. Onlar sərhəd tanımır. Rus əsgərlərinə belə tamaşalar göstərə bilirlər. Onlar İzzətə də oyun modeli düşünürlər. O, dini tamaşalarda və şəbehlərdə at belində olan zalım Yezidin, baharın gəlişinə aid mərasimlərdə və toylarda isə at belində oturmuş Xızır İlyasın kilim maskalarını geyinir. Onbaşı İzzət türkcə danışdığına görə ona tamaşalarda söz vermirlər. Nuru paşanın qalibiyyətlərinin, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin, mücadilə savaşlarının xatırlanması isə İzzətin fləşbək xatirələri kimi zaman-zaman kilimçilərin tamaşaları zamanı xatırlanır. Kilimçilərin göstəriləri də süjetə bağlıdır. Sovetlər Azərbaycanı işğal edən kimi ideoloji və iqtisadi baxımdan zorlanan Azərbaycanda aclıq başlayır. Kilimçilər filmdə aclığı quraqlıq mərasimlərində oxunan ayin nəğmələriylə kəndlilərə çatdırırlar. Onlar milli ruhun öldürülməsinə, atların quyruqlarının kəsilməsinə və baş verən digər real basqılara yerindəcə şəbehlər vasitəsilə cavablar verirlər. Çox keçmir, onbaşı İzzət də bu prosesin fəal iştirakçısına çevrilir. Süngünü oyunla, qurğuyla əvəz edir. Eyni zamanda, onbaşı İzzət Nuru paşanın şəxsi qəhrəmanlıqlarını da zaman-zaman xatırlayır. Nuru paşanın 1919-cu ildə Batum qalasından Nağı bəy Şeyxzamanlı və dəstəsi tərəfindən qaçırılmasını, Nuru paşanın Gəncəyə gəlişini, Bakıya qalib paşa kimi at belində girişini, Bakı milyonçusu Tağıyevin Bakının azad olunması şərəfinə filarmoniyanın binasında verdiyi ziyafəti, Nuru paşanın 1921-ci ildə Qarabağı işğaldan azad etməsini də zaman-zaman xatırlayır. Naxçıvan, Ərzurum savaşları da onbaşının fləşbək xatirələrində görünür.

Kilimçilərin tamaşaları onun yaddaşında həmişə real olaraq yaşanan bir tarixi gerçəkliklə davam edir. Və bu xatirələrdən biz Nuru paşa və Qafqaz İslam Ordusunun real şücaətlərini bir daha xatırlamış oluruq. Kilimçilər isə artıq Türkiyə sərhədinə yaxınlaşırlar. Fləşbəklərin birində Nuru paşanın atının doğulan təki anasından alınıb döyüş atlarına qatılması səhnəsi də var. Onbaşı İzzət bu atı doğulandan tanıyır. Onun anasından ayrılması səhnəsi də onbaşının gözünün qabağından heç zaman getmir. Nəhayət, kilimçilər onbaşı İzzət Türkiyəyə keçsin deyə Gürcüstan–Türkiyə sınırında, sərhəd dirəkləri basdırılan yerin lap yaxınlığında sərhədçilərə tamaşa göstərirlər. Bu tamaşada onbaşı İzzət “Ölüm mələyi” rolunu oynamalıdır. Tamaşa kilimçilər tərəfindən elə yazılıb ki, sonda o, sərhəd dirəklərini aşıb göz işlədikcə Türkiyənin dərinliklərinə doğru atını çapmalıdır. Kefli əsgərlər ancaq onbaşı İzzət Türkiyə sərhədini aşdıqdan sonra məsələnin nə yerdə olduğunu anlayırlar. Və onların atdığı güllələrdən biri onbaşı İzzətə dəyib onu öldürür. Gerçək bir mələk kimi artıq ruha çevrilmiş onbaşı İzzət, nəhayət ki, vətən torpağına qədəm qoyur. Xatirələrdən savayı film boyu çox az danışan onbaşı İzzətin son sözü “Paşam, əmanətinizi qəbul edin” deyimi olur. Filmin finalında onbaşı İzzətin xatirələrindən tanıdığımız ana atın kiçik bir təpəciyin başında durub sərhədə tərəf baxdığını görürük. Nuru paşanın atının sərhədi keçməsini də ən əvvəl o ana at görür. Və atlar bir-birinə tərəf qaçırlar. Və rus əsgərlərinin atdığı güllələrin heç biri ilahi müdaxilənin köməyi ilə Nuru paşanın atına dəymir... Və sonda at onbaşı İzzətin əvəzinə sərhədi keçir...

Mondros sazişinə rəğmən Bakını tərk etməli olan Nuru paşa 1920-ci ildə yenidən Dağıstandan Qarabağa keçib bolşeviklərin qurduğu hökuməti çökdürür.

 

1918-ci ilin Qasım ayı...

General Tomsonun komandanlığı altında ingilis, fransız və amerikan ordusu Bakını işğal etdi.

Mondros müqaviləsi sonrası...

İstanbula sahiblənmiş ingilislər Nuru paşanı tutuqlayıb 1918-ci ildə Batuma götürürlər. Onu erməniləri qətlə yetirdiyinə görə edam etmək istəyirlər. Xəbər Bakıya çatır. İclas keçirilir. Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanova Nuru paşanı Batumdakı həbsxanadan qurtarmaq əmrini verir. 1919-cu uldə Azərbaycan türklərindən ibarət kiçik qrup Nuru paşanı Batum həbsxanasından qaçırır. 10 min türk əsgərindən 1200-ü Azərbaycanda ölmüş.

1920-ci ildə Qarabağda, Şuşada Nuru paşa vuruşur.

25 may 1918-ci ildə Nuru paşa Gəncəyə girir.

1918-ci ilin avqust ayı. Göyçay ətrafında savaş.

 

15 iyul. Nuru paşa Bakıya girir...

Filarmoniyanın binası... Tağıyev Nuru paşanı qonaqlayır...

Ekim ayı Qarabağ azad olunur...

11-ci Qızıl ordu 27 aprel 1920-ci ildə Bakıya girir...

 

“TÜRK VƏ İSLAM TARİHİ BU HİZMETLERİ UNUTMAYACAQDIR. GAZİLERİMİZİN GÖZÜNDƏN ÖPER, ŞEHİDLERİMİZE FATİHELER İTHAF EDERİM”.

OSMANLI TÜRKİYESİNİN SAVUNMA BAKANI ENVER PAŞANIN HALİL PAŞAYA VƏ NURU PAŞAYA GÖNDERDİYİ TEBRİK TELEQRAMINDAN

 

Mondros Mütarekesini müteakip başta Nuru paşa olmaq üzere Kafkaz İslam Ordusu askerleri Azerbaycanı tahliye zorunda kaldı. Bu tahliye sonrası Kasım 1918-de General Thomsonun Komandanlığındakı İhgilis, Fransız və Amerikan birliklerinden oluşan askeri gücler Baküyü işğal etdi.

27 Nisan 1920 gecesi 11.Kızıl Ordu olaraq da bilinen Rus ordusunun ani saldırısı ile Azərbaycan Xalq Cumhuriyeti sona ermişdir. Rus ordusunun Nisan ayından sonra Nuru paşa bir qrup Türkiyeli askerle beraber Dağıstandan keçerek Dağlıq Karabağın Şuşa iline gelir ve Bolşeviklere karşı vuruşur. Nuru paşa burda Bolşevik idaresini devirir, irelileyen bolşeviklere kayıblar verdirir.

 

 “Ədəbiyyat və incəsənət”

(28.06.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.