“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əlisəfa Azayevin hekayəsini təqdim edirik.
Xudat Kəlbiyev Rusiyadan təqaüdə çıxıb gələndə hələ əlli yaşı tamam deyildi. Mayor bilmirdi ki, bekarçılıqdan nə etsin. Nə qədər yeyib-yatmaq, gəzinmək olardı. Tanışlar hesabına Vəkillər Kollegiyasına yol tapdı.
Ancaq əvvəl çox çətinlikləri oldu ha. Hərdən özünü sanki lap çıxılmaz meşədə, qarışıq, gizli cəngəlliklər aləmində hiss edir, qəlbən sıxılırdı. Bəzən yanına gələn, ondan, işindən narazı olan müştərilərinin incik, xoşagəlməz söz-söhbətlərini eşidirdi:
- Bu ki, lap keyin biridi, ə...
- Savadsızdı...
- Necə vəkil olub, ey?
- Adamı var da...
- Bundansa elə özüm öz hüquqlarımı müdafiə edərəm.
- Deyirsən də.
- Görmürsən, yazdıqlarını da oxumaq olmur.
- Polisdə işləyib də.
- Polisdə işləyənlərin hamısı belə savadsızdır?
- İşlərində var da.. Elə bunun kimi.
Həqiqətən də, cüssəli, iri şaqqalı bir adam olsa da, bir az kal, yöndəmsiz, işinin adını bilməyən bir hüquqşünas təsiri bağışlayırdı. Özü demişkən, o, Polis Akademiyasını qurtarmışdı axı. Orada da bu kimi ixtisaslar versələr də, formal işlər idi də.
Onun çətinlik çəkdiyi, xüsusilə mülki hüquq idi. Bu sahədə az-çox səriştəsi olanların lap zəhləsini tökmüşdü. Bir bəhanə ilə gündə onalara baş çəkər, soruşardı:
- Tı znayiş, çto takoy...
Belə suallar isə qurtarmaq bilməzdi. Özü də daha çox əmlak məsələlərinə aid olardı. Məhkəmədə isə son vaxtlar daha çox elə belə mübahisələrə baxılar, Xudatı çox pis vəziyyətdə qoyardılar. Bəzən onun işdən, həyatdan narazı səsi eşidilərdi:
- Umirayu... Daha işlədiyim bəsdir. Bu gün hökmən ova getməliyəm.
Müştəriləri gülümsəyər, qımışardılar:
- Bəxtəvər başına... Mağıl heç olmasa vaxtını öldürməyə məşğuliyyət tapırsan.
- Hə...
- Bizi tərəfdə yaxşı dovşan var. Oynaqlaşırlar ha...
- Donuz necə?
- Onlardan da görmüşəm. İçlərində də iri bir qaban vardı,
- Bir beləsi mənə rast gəlmir də...
O gün Xudatın bəxti onda gətirmədi də. Tərs kimi bir balaca yeyib-içmiş, kefli idi. İri bir dovşanı nişan almaq istəyirdi ki, ayağının altındakı daş qaçdı, sürüşdü, yerə yıxılıb, yamac boyu top kimi dığırlandı. Lap körpə uşaq kimi sızladı, ufuldadı:
- Ax... çort... işə bax da...
Tanımadığı bir çoban ona yaxınlaşdı:
- Yavaş da... Ölmüşdün... Səndə baş var?..
Ona çəpəçi baxaraq soruşdu:
- Nu xvatit! Sən kimsən?!
- Mən... pastux!
- Oçen xoroşo...
- Dovşan vuran deyildin, qoyunları hürkütdün.
- Ölməzlər...
Çoban onun sözünə başını bulaya-bulaya gedəndə gileyləndi:
- Ova gəlib... Özü də dəm... Bu zəhrimarı bir az az içərəm də..
- ...
- Yaxşı ki, gülləni mən tərəfə tuşlamadı.
- ...
- Bədbəxt adamdı da.
Arxadan Xudatın gileyli səsini eşitdi:
- Ey dost adam, mən vəkiləm... Advokat... Tanıdınmı məni?!.
Həmişə yeni tanışlarına beləcə müraciət edərdi.
- Heç tanımaq da istəmirəm.
- Tupoy! Cındır! Sənin kimlər nə bilir hüquq vəkilləri nə deməkdir? İşin düşəndə deyərəm sənə!.. İlan dili çıxararsan!..
Bu vaxt zəng gəldi. O telefonu cibindən çıxarınca xeyli vaxt keçdi, sonra da çaşıb, açmaq əvəzinə söndürdü... Zəng ikinci dəfə gələndə soyuq səs eşidildi:
- Ay əbləh, bu telefonu aç da!
Vəkil ona bozardı:
- Ey, əclaf kimdi?!
- Elə sən, telefonu niyə açmırsan?!
Vəkil bu adamın qatı bir qatil olduğunu bildiyi üçün sakitləşdi, gülümsədi:
- Yaxşı, ağ eləmə, sözünü de... Çaşdım, telefon söndü...
Həmin adam tanışlıq verdi:
- Bilirsən də, mənəm... Vor zakon Valik...
Onun adı Vəli olsa da, belə çağırırdılar.
- Alə, tanıdım, xalası göyçək.
- Xalamla işin yoxdur!
- Anladım...
- Mənim vəkilim olacaqsan...
Mayor onun meşədə şikəst, kimsəsiz bir qızı zorladığını eşitmişdi. Ancaq Valikin dirənməsini görüb dedi:
- Yaxşı... Mən razı.
- Sənədləşdir... Pulunu da köçür. Görüşəndə haqqını verəcəyəm.
Vəkil and-aman elədi:
- Belə yox axı, dost adam...
- Ə, mən indi səninlə necə görüşüm? Həbsdəyəm axı...
- Hə, doğrudan...
- ...
- Sən de, əmanəti gətirsinlər, dost adam.
- Pul öldürməsin səni, verəcəklər də!
Borc belədi də... Vəkil bir neçə dəfə prosesdə, prokurorun yanında, müstəntiqin otağında Valiklə görüşsə, onu dindirsə, sorğu-sual etsə də, pul barədə bir söz demirdi. İşarə vuranda da, alnını turşudur, onu acılayır, deyirdi:
- Sən nə iş görmüsən ey?! Hələ bir təmənna güdür, pul istəyirsən?.. Tələsmə, verəcəyik də...
- ...
- Birdə ki, bu nə vəkillikdi?! Sən məni necə müdafiə edirsən?!. Edəcəksən?!.
Xudat incik halda dilləndi:
- Dost adam, bəyəm bu elə dəmir yol xəttidir ki, elə düz getsin?! Əyri-üyrüləri, dolanbac yolları var da...
- Məsələn...
- Zəif nöqtə axtarıram sənin işində...
- Baho!
- Ziddiyyətli fikirlər də ola bilər...
- Hə?!
- Bəli, dost adam, işdə səhv də ola bilər.
Valik xəstə adam kimi ona qabardı, çığırdı, bağırdı:
- Sən nə çərənləyirsən?! Mən qadınam ki, zərif, zəif... Axtarırsan?!
- Yox ey, məni başa düş, dost adam. Yəni incə yeri də...
- Yenə danışdı, dedi də! Məni cin atına mindirmə ha!
- İşdə ziddiyyətli fikir ola bilməz məgər?!
- Çərlətmə məni, daha qurtar.
- Səhv hər işdə ola bilər!
Qanuni oğru xəstə adam kimi inlədi, isterikcəsinə donquldandı:
- Ay əclaf, sən bunları neyləyirsən?. Mənə alibi şəraiti yarat.. Sübut elə ki, mən heç o gün meşədə olmamışam.
Məhkəmə günü isə hər şey lap gərginlik dərəcəsinə çatdı. Axı bir tərəfdən də hələ də vəkilin pulunu verməmişdilər. Yenə də cibinə bir şey qoysaydılar, "özünü" ələ alar, səbirli olardı. Pul xəstələrindən biri idi də... Onun üçün peşə marağı çox az idi. Daha çox elə dolanacaq, yeyib-içmək üçün çalışır, maddi vəsait əldə etməyə çalışırdı.
Belə olanda işləmək çox çətin olur. Yaxşı deyirlər ki, işindən zövq alan insanın həmişə üzü gülər, ürəyi şad olar. Vəkilin isə üz-gözündən lap zəhər tökülürdü. Çox vaxt həmişə belə olardı.
Düzdür, bu keyfiyyətlər daha çox onda elə polislikdən qalma idi. Ancaq xidməti müddətində həmişə belə olmamışdı axı. Əməliyyatçı kimi üz ağartdığı vaxtlar da olmuşdu. Neçə qulduru, cinayətkarı həbs eləmişdi. Birinə isə yazığı gəlib, himayədarlıq etmiş, o da sonradan bu oğurluq cinayətindən xəcalət çəkmiş, intihar etmişdi. Mayor yaxşı xatırlayır o xanımı - Yelenanı... Bir yastığa baş qoyanda necə də məzələnərdilər. Poçtda işləyirdi. Oradan xeyli pul çırpışdırmışdı. O isə ilk gündən bu sarışın xanıma vuruldu. Elə düzüb-qoşdu ki, bu oğurluqda, guya ki, onun təqsiri yoxdur. Otağa bir başqası girmişdi. Bəli, onda həmin xanım üçün əsl mənada alibi şəraiti yaratmışdı.
Bir də itkin məktəbli qızı tapması. Onda da ağır işdən sonra həvəslənib ova getmişdi. Son vaxtlar möhkəm içkilərdən - spirtdən, araqdan imtina edib, çaxıra, konyaka yamanca aludə olmuşdu. İndi də yanında bir şüşə yaxşı şirin çaxır vardı. Dovşandan, meşə xoruzlarından birini vurandan sonra kabab çəkmək fikrində idi. Bəxtinə dovşan düşdü. Elə yenicə dovşanı soyub, ətini doğramış, meşə ağaclarından düzəltdiyi şişə kabab tikələrini çəkirdi ki, inilti səsi eşitdi. Ətrafına nə qədər diqqətlə baxsa da gözünə bir şey dəymədi. Tərs kimi bu xoş payız günündə hava da bir qədər soyuq idi, qar yağırdı... Birdən altında əyləşdiyi gur budaqlı küknar ağacından bir qoza yerə düşdü. Yuxarı baxanda yerində donub qaldı. Ağacların budaqları arasında bir qaraltı görünürdü. Elə bildi ki, ayıdır. Tərs kimi şirin çaxırdan bir qədər içmiş, başı dumanlı idi... Yox, bu heç də ayıya oxşamırdı. Zəif, inilti səsi eşitdi:
- Dya...dı...ya...
- ...
- Mən itmiş qızam...
- ...
- Göbələk yığmağa gəlmişdim...
İlahi, bu qəsəbə sakinlərinin neçə gün bundan əvvəl axtardıqları altıncı sinif şagirdi Veroçka idi. Səsləndi:
- Doçka, qorxma, düş aşağı.
- Düşə bilmirəm axı...
Cəld onu oradan düşürəsi oldu. Qız neçə gün ac-susuz qaldığı üçün zəifləmiş, üzgün bir vəziyyətdə idi. Dərhal ona şirin çaxırdan verəsi oldu. Etik qaydalara zidd olsa da. Sonra kababdan qarşısına qoydu.
- Xleb... Çörəyiniz yoxdur?
- Var, bu dəqiqə...
- Məni axtarırdılar?..
- Bəli...
Qəsəbədən xeyli uzaqda idilər. Həmin gecə tonqal başında, demək olar ki, meşədə gecəliyəsi oldular. Hərdən qız söz-söhbəti ilə onu qorxudur, diksdindirirdi:
- Dyadya, smotri... O parlayan gözlər nədir?..
- İşıldaquşdur.
- Yox, canavardır...
- Çaqqal da ola bilər...
- Ujas!..
- Bəlkə də, tülküdür...
Səhər tezdən qəsəbəyə tərəf gedəndə qızı arxasına almışdı. Hərdən onun yıxılmasından ehtiyat edir, deyirdi:
- Boynumdan yapış...
Qız onu öpür, oxşayır, nazlanırdı... Onu tərifləyir, öyürdü:
- Tı xoroşiy dyadya.
Qəsəbədə ilk dəfə keşişlə qarşılaşdı. Qızın valideynlərini tanımırdı axı. Onu düzbir kilsəyə gətirmişdi. Yol üstündə, qəsəbənin mərkəzində olduğu üçün bir andaca simsiz teleqraf öz işini gördü. Valideynləri də gəldi.. Bilmirdilər ki, ona necə təşəkkür etsinlər. Anası onu qucaqlayıb üzündən öpdü: "Sən mənim qızımın xilaskarısan!".
Bu isti münasibət sonralar da davam etdi. Qadın iş yerinə gedib-gəlirdi. Bir gün də təsadüfən çimərlikdə rastlaşdılar. Özünü günə verirdi. Ondan əl çəkmədi. Birlikdə çaya baş vuranda soruşdu: "Sən mənə düzünü de, qızıma toxunmamışdın ki? Onun sözlərinə əsəbiləşmiş halda başını buladı: "Sən nə danışırsan?! Mən polisəm, məktəbli qıza təcavüz edəcəkdimmi?". "Şeytan insanı yoldan çıxaranda, çıxarır da, - dedi. - Sənin mükafatını mən verəcəyəm..."
Beləcə, o gün suyun içindəcə öz borcundan çıxsa da, ərinin soyuqqanlılığını görüb, ondan uzaqlaşdı. Ərli qadın idi də... Ailə münaqişəsinə yol vermək istəmədi. Ancaq qızı bu xeyirxahlığı unutmur, ona xoş, şirin sözlü məktublar yazar, görüş vəd edərdi.
...Məhkəmə günü həyətdə xeyli adam, xüsusi, yaddaqalan bir qələbəlik, canlanma vardı. Bəlkə də, oğru dünyasının bütün adamları burada idi. Məhkəmənin gedişində yenə də Valik sarsaqladı, lap ağ elədi. Onu söydü, təhqir elədi:
- Svolıç! Adını vəkil qoymusan da. Niyə dillənmirsən?! "Dost adam - dost adam..." Belə müraciətinlə zəhləmi tökmüşdün...
- Ədəbli ol!..
- Ədəbsiz sənsən!.. Niyə bir iş görə bilmirsən?! Kişinin oğlu polisdə işləyib, əməliyyatçı olub, mayordu!.. Cinayət aləminin cikini-bikini bilir!..
- ...
- Yox, hamısı yalandı! Sən adicə bəbəsən, yaramazsan...
İçəridəkilər onun bu sözlərinə gülməkdən uğunub gedəndə, hakim sakitliyi bərpa etmək üçün əlindəki taxta çəkicini altlığına çırparaq dilləndi:
- Sakit olun da! - Sonra müttəhimə üz tutdu, görürsən də! Elə sənin haqqında haqlı cəza seçiblər! Vəkilinə niyə bu sözləri deyib, onu təhqir edirsən?!
Müttəhim qımışdı:
- Ona görə ki, o məni aldatdı. Pul versəydim belə etməzdi!.. Puldu, verəcəm də!..
Adam ölümüdü, gözləyə bilməzdi?!
Prokuror pıkkıldadı:
- İşə bax ha... Razborka gedir ki... Bunlar ki, dost idilər.
Müttəhim hiddətləndi:
- Biz də uşaq deyilik də!.. Belə işlərdə baş ağartmışıq!.. Neçə il stajımız var!.. Bir alibi şəraiti yarada bilərdi də?! Mən həmin gün orada olmamışam axı...
- Bayaqdan onun beləcə yersiz söz-söhbətinə dözən vəkil, daha özünü saxlaya bilmədi:
- Alçaq, əbləh, vicdansız özünsən, əbəjdadındı! Qatilsən də! Nə çərənləyirsən?!
Hakim səsləndi:
- Sakit! Mən hələ sənə söz verməmişəm!
- Mən də danışmalıyam, ya yox?!
- Bəli, indi danış! Sən vəkilsən, müdafiəçisən, bir qədər hövsələli, səbirli ol!
Vəkil incik halda qeyzləndi:
- Bu yaramazın, qatilin dediklərini eşitmədiniz?! Elə bilir ki, buraya bir neçə dələduz yığılıb, dünya onundur... Cinayətkarsan da? alçaq, binamus! Şikəst qıza tamah salıb, onu korlamış, bədbəxt etmisən!
Prokuror bu sözləri eşitcək gülməkdən uğundu, başını buladı, hakim ona xəbərdarlıq etdi:
- Cənab vəkil, bu nə hərəkətdi?! Siz vəkilsiniz axı. Sizin bütün səyləriniz müdafiə etdiyiniz şəxsin hüquqlarını qorumağa yönəldilməlidir.
Vəkil ağlar bir səslə dilləndi:
- Bilirəm! Hakim, mən artıq cana doydum.
- Siz xəstəsiniz?!
- Yox, bu bişərəfin təhqirlərinə dözə bilmədim! Bir də ki... Halbuki mən Rusiyada meşədə azmış məktəbli qızı tapıb, xilas edib, evlərinə gətirsəm də, ona toxunmamışdım... Gecəni də birlikdə keçirmişdik...
Beləcə, vəkil andına xilaf çıxdığı üçün Xudat bu işdən uzaqlaşdırıldı. Yuxarılara bunu kim çatdırmışdı, qaranlıq idi. Prokuror, yoxsa hakim?! Polis rəisi də ondan narazı idi. Ondan incik düşmüş adamlar da vardı... Özü isə eşidəndə, tövrünü pozmadan dedi:
- Hə, lap yaxşı oldu. Onsuz da lap cana doymuşdum. Camaatın dərdini çəkmək elə mənə qalıb? Əsəblərim də pozulub... Kifayət qədər pensiya alıram da... Birtəhər dolanarıq...
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)