“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin RzasoyunQərbi Azərbaycanda aşıq yaradıcılığı: milli yaddaş və tarix” məqaləsi təqdim ediləcək.
Seyfəddin RZASOY
QƏRBİ AZƏRBAYCANDA AŞIQ YARADICILIĞI: MİLLİ YADDAŞ VƏ TARİX
Folklor – bütün tarix və zaman boyunca onu yaradan, yaşadan, qoruyan, nəsillərdən-nəsillərə ötürən xalqın yaddaşıdır. O, fərdin, etnosun, millətin və bütöv xalqın yaddaş səviyyələrindən təşkil olunan ənənəvi düşüncə sistemidir. Bir xalqın bütün söz və sənət kodları folklor yaddaşında inikas olunur. Folklor xalqın tale yoludur və hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından birbaşa asılıdır. Yaddaşını qoruyan və zamanla ona qayıda bilən xalq onu millətlər içərisində millət edən zirvəyə qalxa bilir.
Hər bir xalqın folklor yaddaşının daşıyıcı tipləri var: onlar yaddaşın qoruyucuları və yaşadıcılarıdır. Azərbaycan folklor yaddaşının daşıyıcıları içərisində əlahiddə yerdə duran, milli yaddaşın bütün poetik yükünü və tarixi-mədəni məsuliyyətini daşıyan sənətkar aşıqdır. Milli yaddaş sistemini bir orqanizmə bənzətsək, aşıq sənəti və yaradıcılığı həmin sistemin onurğa sütununu təşkil edir. Aşıqlıq ənənəsinin zəiflədiyi müasir qloballaşma şəraitində onun qorunması, qayğı göstərilməsi bizləri biz edən, millət edən, milli kimliyimizi itməyə qoymayan genetik yaddaş sistemimizin yaşaması deməkdir. Milli tarix, milli kimlik, milli özünüdərk, milli özünü yaratma kimi bütün dəyərlər aşığın varlığında kəsişməklə onu milli mövcudluğumuzun tarixi diskursu statusunda göz bəbəyimiz kimi qorumağı bizlərdən tələb edir. "Aşıq" demək – "millət", "xalq", "dövlət" və "milli tarix" deməkdir. Milli kimlik tariximizin banisi Şah İsmayıl Xətai Azərbaycan dövləti və kimliyini aşığın sazı və sözü ilə qurdu. O, milli dövlətçilik ideologiyasının xalqın ruhunu passionarlaşdıran bütün dəyərlərini insanlara aşıqların və el şairlərinin sazı, sözü, nəfəsi ilə çatdırıb onları vahid milli dövlətdə birləşdirə bildi. Azərbaycanın bir xalq kimi tarixi taleyinin "yazıldığı" həmin dövrdə Xətainin yanında bir tərəfdə əllərində qılınc tutmuş qazi-ərənlər, o biri tərəfində sinələrində saz və dillərində "Vətən" sözü olan aşıq-ərənlər durmuşdular. Məhz XVI əsrdə Şah babamızın sərkərdəliyi ilə aşıqlar, el şairləri ilahi-irfani dəyərləri tərənnüm edən sənətkar mərtəbəsindən milli kimlik və dövlətçilik ideyalarını tərənnüm və təbliğ edən, vətənçilik, yurdçuluq idealları uğrunda savaşan eşq ərənləri məqamına qalxdılar. Bu ruh, bu ali məqam əbədi olaraq aşıqların yaddaşında yaşamaqla xalqımızı tarixin ən çətin günlərində məhv olmağa qoymamış, milli varlıq və kimliyimizi qorumuşdur. Qafqaza ayaq açan rus işğalçıları və onların iyrənc xislətli nökərləri olan ermənilər hər vəchlə Azərbaycan-türk milli kimliyini məhv etməyə çalışanda aşıqların sözündə və sazında yaşayan milli yaddaş xalqımızın milli-mənəvi düşüncə sistemini dağılmağa, məhvə məruz qalmağa qoymadı. Saz və söz xalqımızın daim milli ruhunu oyatmış, ona milli kimliyini xatırlatmış, qanını və genini cuşa gətirərək milli kimlik savaşına ruhlandırmışdır. Heç təsadüfi deyildir ki, Qərbi Azərbaycanda ermənilər Rusiya imperiyasının çirkin demoqrafik siyasətini həyata keçirərək türk əhalini təcrid, inkar, deportasiya və s. antimilli təqiblərə məruz qoyanda aşıqlar erməni ideoloqlarına "güldən-bülbüldən", "aşiq-məşuqdan" nəğmələr oxuyan "təsirsiz", "zərərsiz" ünsürlər təsiri bağışlasa da, məhz onlar milli varlığımızı ayaqda saxlamağa nail oldular. Çünki ana etnosdan siyasi, inzibati, linqvistik, mədəni və s. cəhətlər baxımından ayrı düşmüş etnik toplumlarda etnoqrafik özünəməxsusluqlar milli özünüqoruma və özünüyaşatma mexanizmlərinə çevrilir. Bu cəhətdən, Qərbi Azərbaycan aşıqlarının yaradıcılığının bütün funksional-milli mahiyyəti məhz bu amilə – Azərbaycan-türk kimliyinin yaşadılmasına müncər olunmuşdur.
Qərbi Azərbaycan aşıq yaradıcılığı sənət göstəriciləri, mədəni-coğrafi ölçüləri, fəlsəfi-poetik dəyərlər sistemi, sənət və yaradıcılıq xüsusiyyətləri, funksional mahiyyəti ilə ümumtürk şifahi sənət və yaradıcılıq sisteminin üzvi tərkib hissəsidir. XX əsr sovet inzibati-siyasi ərazi bölgüləri onu Şimali və Cənubi Azərbaycan aşıq yaradıcılığından təcrid etməyə çalışsa da, Qərbi Azərbaycan aşıq sənəti və yaradıcılığı nə özünün tarixi köklərindən, nə də ümumtürk mədəni ənənələr sistemindən heç vaxt ayrı düşmədi. Bunun əsas səbəblərindən biri Qərbi Azərbaycanda XIX əsrdə parlamış Aşıq Ələsgər adlı sənət günəşi idi.O, Azərbaycan ozan-aşıq sənəti tarixinin bütün bədii-estetik, mədəni-milli yaradıcılıq və ifaçılıq ənənələrini öz varlığında təcəssüm etdirərək Qərbi Azərbaycan folklor arealını bütün Azərbaycan aşıq sənəti və yaradıcılığının ən mühüm ocağına çevirdi. Aşıq Ələsgər özünün ilahi-ecazkar istedadı sayəsində sənət möcüzəsi yaratmaqla öz yaradıcılığını, əslində, çox nəhəng fiziki və mədəni coğrafiyanı əhatə edən Azərbaycan aşıq sənəti və yaradıcılığının bütün qollarını vahid məcrada birləşdirən konsentrasiya mərkəzinə çevirməyi bacardı.
Aşıq Ələsgər sənətinin möcüzəsi həm də onda idi ki, onun cismində və ruhunda təkcə özünün sazı və sözü deyil, eyni zamanda sənətin bütün tarixi yaddaşı dilə gəlirdi. Ələsgərin sazında və sözündə Şah İsmayıl Xətainin ideoloji-mənəvi silahdaşı Miskin Abdalın, Göyçəli Ağ Aşığın, Aşıq Alının poetik ruhu səslənirdi. Bu, türkün milli-mənəvi və dini-irfani dəyərlərlə süslənmiş, dünyanı və insanı onu yaradan Allaha, Allahı isə yaratdıqlarına xatir sevən Azərbaycan türkünün milli ruhunun səsi idi. Aşıq Ələsgər "dünya binə olandan""Ələst" məclisindən yol alıb gələn türkün mənəvi varlığını tərənnüm edərək onu özünə və bütün dünyaya sevdirməyi bacarmışdır:
Ələstidən "Bəli!" deyən Sübhana baş endirir,
Məhəmmədə nazil olan "Quran"a baş endirir.
Özü birdir, adı min bir, vəhdətu əl-laşərik,
Əhli-mömin görə bilməz, Pünhana baş endirir.
Aşıq Əlsəgərin sənətkar taleyinin naxışı onda idi ki, o, Qərbi Azərbaycanın aşıq mühitlərinin nüvəsi, ocağı olan Göyçə "sənət məbədində" pərvəriş tapmışdı. Ona qədər bu mühitdə XVI əsrdən üzü bəri Miskin Abdal, Aşıq Əliqulu, Ağ Aşıq, Aşıq Alı kimi nəhəng sənət korifeyləri olmuş, aşıq sənəti və yaradıcılığı ənənələrini daim sənət inciləri ilə zənginləşdirmişlər.
Qərbi Azərbaycan aşıq sənəti və yaradıcılığı Göyçə, Dərələyəz, Qaraqoyunlu, Dərəçiçək-Loru-Pənbək, Ağbaba kimi mühit və mədəni-inzibati arealları əhatə edir. Göyçə aşıq mühiti sənət və sənətkarlıq miqyası, yaradıcılıq dinamikası və poetik ehtiyatlar sisteminin tutumu baxımından mərkəz rolunu oynamış, Qərbi Azərbaycanın və ümumən bütöv Azərbaycanın aşıq mühitləri arasında körpü funksiyasını həyata keçirmişdir. Bu mühitin yaranmasında böyük rol oynamış Miskin Abdalın yaradıcılığında tərənnüm olunan milli-irfani ideyalar əsrlər boyunca aşıq yaradıcılığının bədii-estetik ənənələrini qidalandırmışdır:
Məğribdən Məşriqə səf çəkib durub,
Qüdrətdən çəkibdi baş-başa dağlar.
Qoynunda mehmandı Şahi-mərdanım,
Yanaşı qarıyın siz, qoşa dağlar.
Şeirdə işlənmiş "qoşa dağlar" ifadəsi XVI əsrdə Azərbaycan milli yaddaş sisteminin ən mühüm bədii-estetik, ideoloji-poetik konseptini ifadə edir. Şeirdəki iki dağın – irfani "Şahi Mərdan" dağı (Həzrət Əli ə.) və Oğuz türkünün əcdad kimi sığındığı "qarşı yatan Qara dağın" əbədi yaşaması haqqındakı arzu-dilək sazı və sözü ilə dövlət quran ərənlərdən olmuş Miskin Abdalın öz xalqına və sənət sələflərinə etdiyi vəsiyyəti idi. Azərbaycan aşıq şeirinin bütün tarixinə nəzər saldıqda bu "qoşa dağlar" hər tərəfdən ən uca məqamlar kimi boy verir. Nə Azərbaycan xalq poetik yaddaşı, nə də Qərbi Azərbaycan aşıqları heç vaxt bu "qoşa dağlar"dan ayrı düşməmiş, hər zaman onu milli yaddaşlarında gəzdirmiş və saz-sözləri ilə günümüzədək yaşatmışlar. Azərbaycan xalqı məhz həmin qoşa dağların eşqindən irfanlandığı üçün özünü bir xalq, millət, dövlət olaraq günümüzə qədər yaşada bilmişdir. Təsadüfi deyildir ki, "torpaqdan yaranmışlıq" fəlsəfəsi "dünya binə olandan" fitrətində yaşayan, torpağı öz əcdadı sayan oğuz türkləri hər səhər günəş boylananda "qarşı yatan Qara dağ"a salam verdikləri kimi, Oğuz Xatunu Mahirə Nağı qızı da Qarabağda dağlara sığınan "mehmedciyə" salam verir:
Nağıqızı, az de, deyin,
Qardaş verər dərdə çiyin.
Kəlbəcərdə mehmedciyin
Salamına salam olsun.
Şah babamızın Miskin Abdalın dilindən bizlərə ünvanlanan "qoşa dağlar" vəsiyyəti, sadəcə, bir poetik bənzətmə olmayıb, türklüyün özünüqoruma, özünütəşkil və özünüyaşatma formuludur. Və çox maraqlı və çox əlamətdardır ki, türkün milli kimlik fəlsəfəsinin formulları Azərbaycan milli yaddaş sistemində həmişə poetik sözlə deyilib və qılıncla gerçəkləşib. Bu cəhətdən, Mahirə Nağıqızının "Qardaş verər dərdə çiyin" poetik kəlamı Miskin Abdalın "Yanaşı qarıyın siz, qoşa dağlar" kəlamının bütün yükünü özündə daşımaqla Şah babamızın dövlətçilik fəlsəfəsinin özəyini, mayasını, cövhərini təcəssüm etdirir. Məhz "qoşa dağlar" Qarabağda "çiyin çiyinə verərək", Azərbaycan kimliyinin qüdrəti və zəfərini əbədi olaraq təmin etdi. Bu, ilk baxışdan, bəlkə də, gözə dəyməsə də, milli zəfərimiz həm də aşıqların yaddaşında yaşayan milli kimlik ruhunun təcəssümü və təntənəsidir.
İri sənət və yaradıcılıq coğrafiyasına malik olan Göyçəni Aşıq Ələsgər dövründən günümüzədək Şair Məmmədhüseyn, Məhərrəm Alçalı, Aşıq Əziz, Aşıq Aydın, Musa Ağkilsəli, Aşıq Şirin, Çoban Məhəmməd, Nəcəf Daşkəndli, Usta Abdulla, Qurban Göyçəli, Aşıq Talıb, Aşıq Mehdi, Zodlu Aşıq Ağayar, Aşıq Savad, Mahmud Ardanışlı və s. kimi çoxsaylı aşıqlar və el şairləri təmsil edir.
Dərələyəz Qərbi Azərbaycanın nəhəng aşıq bölgələrindən biridir. Özünəməxsus sənət və ifaçılıq ənənələri ilə seçilən Dərələyəz mühiti XIX əsrin görkəmli sənətkarı Aşıq Cəlildən başlamaqla Aşıq Qəhrəman, Aşıq Nəbi Əhmədoğlu, Aşıq Xanlar, Aşıq Məhəmməd, Axtalı Aşıq Qafar, Qulu Bayramoğlu, Bəhmən Sallılı, Aşıq Fətulla, Aşıq Behbud, Aşıq Əli Fərmanoğlu, Aşıq Şükür, Aşıq Talıb, Aşıq Abdulla və başqaları kimi sənətkarlarla təmsil olunur.
Qərbi Azərbaycan aşıq sənəti və ifaçılıq ənənəsində görkəmli rol oynamış Sallı Aşıq Cəlilin şeirlərində ümumən Azərbaycan aşıq poeziyası üçün səciyyəvi olan ənənələr öz əksini tapdığı kimi, onun özünə məxsus olan poetik nəfəsi, bədii-estetik dünyaduyumu da təcəssüm olunmuşdur. Aşıq Cəlilin şeirlərində tərənnüm olunan Gözəl obrazı ilahi dəyərlərlə süsləndiyi kimi, dövrün milli-siyasi ədalətsizlikləri də öz əksini tapmışdır. Məsələn, sənətkarın "Hardasan" qoşmasında rus antitürk və antimüsəlman siyasətini amansızcasına həyata keçirən ermənilərə qarşı kəskin etiraz ifadə olunur:
Yapon bu yerlərdə meyvə sulayır,
Nijdə belimizdə ocaq qalayır,
Yurdumda-yuvamda bayquş ulayır,
Sönür od-ocağım, közüm, hardasan?
Sənətkarın bu şeiri milli yaddaşın poetik-fəlsəfi sistemi baxımından qatbaqat quruluşa malikdir. Şeirin üst qatında haray, fəryad, çağırış var. Aşıq Cəlil ermənilərin xalqımıza qarşı törətdiyi amansız və qanlı faciələri göz yaşları içərisində misralara çevirməklə milli yaddaş tarixi yaradır:
Kafir süngüsünə keçir qız-oğlan,
Arpa qayasından qan süzülür, qan!
Qalmadı mahalda ər, sənə qurban,
Şahid olur oğlum-qızım, hardasan?
Civə, Sallı, Ərgəz oda qalandı,
Leyliqaçan, Bülbülölən talandı,
Arpa qan ağladı, sular talandı,
Açılmaz baharım, yazım, hardasan?
Aşıq Cəlil yurdun talanmasını təsvir etməklə, əslində, oğuz türkünün yaddaşını oyatmağa çalışır. Bu cəhətdən, şeirin misralarında yağı düşmən, kafir tərəfindən talanmış yurdunun qarşında durub qız-gəlinin fəryadını gözləri qarşısında canlandıran, öz qəzəbini, nifrətini, qisas duyğularını haraylayan Salur Qazan da boy verir:
Kəsdilər yağılar bərəni-bəndi,
Odlara qalandı Əmağu kəndi.
Bütün Dərələyəz ağlayır indi,
Bu dərdə mən necə dözüm, hardasan?
Və son dərəcə əlamətdardır ki, sənətkar şeirin son bəndində "qoşa dağlar"ı – Xan Abbası, telli sazı səsləyir:
Cəlil deyər, gözlərimiz qan ağlar,
Viran oldu abidələr, saraylar,
Sinəm üstə gecə-gündüz haraylar,
Xan Abbasım, telli sazım, hardasan?
Şeirin son misrasındakı "Xan Abbas" özünün real kimliyindən asılı olmayaraq, adının "Həzrət Abbas" semantikası ilə "Şahi-Mərdan" dağını, telli saz isə "qarşı yatan Qara dağı" təcəssüm etdirir. Telli saz ulu əcdadla sənətkar, övliya ilə bəndə arasında mediativ vasitə, ilahi-kommunikativ ünsiyyət mexanizmi kimi çıxış etməklə milli yaddaşı oyadır. Aşıq Cəlil öz himayəçi əcdadlarını, mədətkar ruhları davulu ilə çağıran qam-şamanlar, qopuzu ilə səsləyən ozanlar kimi "Xan Abbas"ı telli sazı ilə səsləyir.
Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsi Əsəd Rzayev, Məhəmməd Rzayev, Cahad Qaraqoyunlu, Səlim Abdullayev, Kərəm Bəkiroğlu, İxtiyar Qocayev və bu kimi sənətkarlarla təmsil olunur.
Əlamətdardır ki, Qərbi Azərbaycan aşıq yaddaşı ozanların adlarını da qoruyaraq günümüzə qədər yaşatmışdır. Bu cəhətdən, XV əsrdə Dərəçiçək mahalının Ozanlar kəndində yaşayıb-yaratmış Ozan Heydərin, yenə də həmin kənddən olan Ozan İbrahimin (XVI əsrin sonu – XVII əsrin əvvəlləri) yaradıcılığından bəzi incilər hələ də Qərbi Azərbaycan folklor yaddaşında yaşamaqda davam edir:
Ozan İbrahim:
Sübh ikən Sübhana düşdüm,
Baş qoydum ocaq üstündə.
Dəryayi-ümmana düşdüm,
Şam gördüm çıraq üstündə...
Ozan İbrahim:
Bar İlahim, bu nə işdi,
Haqq işim divana yetməz?
Öz-özünü adil bilən
Günahsız qurbana yetməz...
Sufi-irfani dəyərlərlə süslənmiş bu poeziya nümunələri Qərbi Azərbaycan aşıq yaradıcılığının bütün hallarda ilahi dəyərlərə bağlı olduğunu, bədii-fəlsəfi sisteminin mayasında ilahi dəyərlərin durduğunu, bölgə insanı və onu təmsil edən sənətkarın dəyərlər dünyasının ilahi mizanlara söykəndiyini təsdiq edir.
Qərbi Azərbaycan aşıq yaradıcılığında Ağbaba bölgəsi sənətkarlarının da böyük rolu vardır. Bölgə Azərbaycan aşıq sənəti və yaradıcılığına Xəstə Hasan, Qarani, Çıldırlı Şenlik, Çorlu Məhəmməd və s. kimi sənətkarlar bəxş etmişdir. XVIII-XIX əsr sənətkarı Xəstə Hasan aşıq yaradıcılığının klassik poeziya ənənələrini, əsrlərin sınağından çıxmış bədii-estetik mizanlarını yaşatmaqla yanaşı, özünəməxsus poetik kimlik çalarlarını da şeirlərində təcəssüm etdirməyi bacaran sənətkar olmuşdur. O, bir el ağsaqqalı, el adabının qoruyucusu kimi, milli-mənəvi dəyərlərin də keşiyində durmuş, onların aşınmasına dünyanın ilahi nizamının pozulması kimi baxmışdır:
Geyinib-kecinib toya gedənlər,
Amandı, amanat qız oynamasın.
Cavandı, oynamaq ona xoş gələr,
Yüngüllük eyləyib tez oynamasın...
Bölgənin daha bir sənətkarı Çıldırlı Aşıq Şenliyin (1853-1912) şan-şöhrəti təkcə bölgə ilə məhdudlaşıb qalmamış, o, özünün yüksək estetizmə malik şeirləri və yaratdığı dastanlarla digər aşıq mühitlərində də tanınan və sevilən ustad aşıq olmuşdur. Səciyyəvidir ki, Aşıq Şenlik də başqa ustad sənətkarlar kimi, saz-söz vergisini ilahi aləmdən almış, bütün yaradıcılığı boyunca ilahi dəyərlərdən ayrı düşməmiş, dünyanı və insanı, Allahın yaratdığı bütün gözəllikləri dini-irfani ülgülər baxımından bədiiləşdirmiş və tərənnüm etmişdir:
Düşmüşəm qəm dəryasına, ümmanda üzən mənəm,
Röyada çərxi-aləmi dövr edib gəzən mənəm.
Dərsim aldım Pünhandan, əyana çıxmaz sirrim,
Əhli-mərifət, xoş nəsihət, cəvahir lisan mənəm...
Eşqin qəm dəryasına düşən, ilahi eşq ümmanında üzən, buta yuxusunda varlıq aləmini seyri-süluk edən Aşıq Şenlik dərsini Panhandan aldığı üçün sirrini hamıya bəyan edə bilmir. Şenliyin təsvir etdiyi bu hal "aşiqlikdən aşıqlığa" gedən yolun sxemi, düsturu, irfani-psixoloji mexanizmidir. İnsanda təcəlla edən Allaha "aşiq" olmadan "aşıq" olmaq mümkün deyildir. Aşıqlıq ilahi butadan başlanır. Bu cəhətdən, Qərbi Azərbaycanın ilahi vergili aşıqlarının yaradıcılığı başdan-başa ilahi dəyərlərlə süsləndiyi üçün əsrarəngiz gözəlliyə və intəhasız cazibəyə malikdir. Aşiqlərə dərs verən Pünhan ilahi aləmi təmsil edən varlıq – övliyadır. İlahi eşqə düşüb "çərxi-aləmi" seyri-süluk edən "Aşiq" elə ilahi sirlərə şahid olur ki, onları bəyan edib aşkara deyə bilməz. Bu – aşiqlik məqamıdır: Aşiq öz Məşuqunun camalında gördüyü ilahi sirri bir kimsəyə bəyan edə bilməz. Çünki eşqin sirri buta olaraq yalnız onun özünə verilmişdir. Bu məqamdan "aşiq"in "aşıq"lığı başlanır: Pünhandan dərs alan, sirrini bəyan edə bilməyən "aşiq" mərifət əhli, xoş nəsihət verən, danışdığı ləl-cəvahir olan "aşığ"a çevrilir. Ona görə də təkcə Qərbi Azərbaycan aşıq yaradıcılığında deyil, ümumən, Azərbaycan aşıq yaradıcılığında "dədə aşıqlar" ilahi aləmin qasidləridir. Onlar nə deyirlərsə, nə oxuyurlarsa, Pünhanın təlqini ilə oxuyurlar. Ona görə də sazları və sözləri sirli-sehrlidir; insanları ovsunlayır, onları ilahi mizanlardan yayınmağa qoymurlar. Bu – aşıqların insan, cəmiyyət, xalq, millət və ümumən, bəşəriyyət qarşısında ilahi-tarixi missiyalarıdır. Erməni faşistləri Qərbi Azərbaycan aşıqlarını yer-yurdlarından qoparıb didərgin salsalar da, onlar öz tarixi-mədəni missiyalarından ayrı düşməyib, vətən, yurd, el-oba, dövlət və dövlətçilik, insan sevgisini tərənnüm etməyə davam etdilər. Elə bu sevgi də bizləri yağı düşmən üstünə aparıb tarixi zəfərimizə qovuşdurdu.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)