“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Araz Asifin şeirlərini təqdim edir.
*
Sən divardakı şəklimin çiynindən,
Mən divardan düşürəm.
Qışda qızılgül ehtimalı olmaz,
Sadəcə şeir yazıla bilər sənsizlikdə.
Sənsizlik, şeirin qızıl variantıdır bəlkə də,
Yazılanlar yoxluğun dadında çatmır.
Ölüm havasını bevaxta salır sadəcə
Bizdən düşənlər,
Bizə düşmən kimilərdir.
Bunun son günü və ilk günü yoxdur
Hər günü var.
Bucaqlarımda al arvadı qorxusu yaşanandan başa düşdüm bunu.
Sonra bir ögey oğlan uşağı idi
Xəyanətlərini sənədləşdirən.
İçimdə leş, leş üstə düşdü
Sənin etdiklərinin də son günü və ilk günü yoxdur sanıram,
Hər günü var
Və hər gün divardakı şəklimin çiynindən düşəcəksən.
Mən necə də gül ağızmışam?!
Sənə deməyəcəklərimi şeirə etiraf edirəm.
Diri gözlükdə ölmüş kimiyəm
Bunu atam dedi son vaxt:
- Mənə bu tümcənin[1] son vaxtlığı var təkcə.
Sonra başımı aşağı dikib ölənlərimə nə zümzümə elədim.
Fatihə...
Ölənlərin də son vaxtı, ilk vaxtı yoxdur,
Bunu hamı bilir.
Sadəcə dedim, unudulmasın ölüm.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)