Super User

Super User

Çərşənbə, 27 Mart 2024 15:00

Ənlik-kirşanlı xanım

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Bəli, mən də düşünürəm ki, məktəblərdə kameralar vacibdir. 

Biradamlıq da, ümumi də. 

 

2.

-Biznesin necə gedir?

-Əla! Böyük ofis kirələmişəm, ofis mebelləri hamısı xaricidir, iyirmi işçi işə götürmüşəm, lizinqlə iki xidməti maşın almışıq, bankdan böyük kredit götürmüşük. 

-Nə istehsal edirsiz?

-Düzü, hələ bilmirəm, ona baxacağıq. 

 

3.

-Seyfulla, sən bilmirsən, instaqram nədir?

-İnsta - qram? Dəqiq bilmirəm. Amma məncə orda söhbət süzüb gillətməkdən gedir.

 

4.

-Qardaş, burda yaşayansan?

-Ala həri. 

 - Polis idarəsinə necə getmək olar?

-Qədeş, piyada getmək uzun olacaq, sən lüçşe götür o yerdəki daşı, tolazla marketin şüşəsinə. Beş dəqiqədən sonra özləri gəlib maşınla aparacaqlar.

 

5.

Təmiz yaşamağa o zaman başlayırsan ki, çirkli yaşamağa daha pulun və gücün qalmır. 

 

6.

Həkim, mənim yuxuyla bağlı problemim var. Elə ki, budilnik çalır, yuxuma haram qatıb durmalı oluram. 

 

7.

Əlövsət üzbəüz gəldiyi xanımın sifətində tonal kremin qalınlığını görüb çeçələ barmağı ilə “məni yu” yazdı.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Yola saldığımız bayram günlərində Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aşıq Mikayıl Azaflının anadan olmasının 100-cü ildönümü oldu. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi paylaşım edib.

“Ədəbiyyat və incəsənət” portalı komitəyə istinadən bu paylaşımın mətnini təqdim edir. 

 

Azərbaycanın Əməkdar mədəniyyət işçisi

Aşıq Mikayıl Azaflının anadan olmasının 100-cü ildönümü tamam oldu. Mikayıl Cabbar oğlu Zeynalov‎ (21.03.1924, Tovuz – 12.10.1990, Tovuz) - ustad Mikayıl Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət örnəkləri yaradan, klassik aşıq gələnəklərini layiqincə davam və inkişaf etdirən sənətkarlardan biri olub. Onun yaratdığı “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbərinə dönüb.

Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX yüzilin 80-ci illərinin ortalarına qədər mətbuat üzünə həsrət qalıb. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlamışdı. Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacızadənin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verilə bildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar “Yazıçı” nəşriyyatı sənətkarın “Qocaqartal” (1987) adlı kitabını nəşr etdi. 1988-ci ildə Şərifzadə adına Aktyorlar Evində Azaflının özünün iştirakı ilə məclis keçirildi və geniş şəkildə televiziya vasitəsilə nümayiş olundu.

Azaflı 1984-cü ilin mart ayında Aşıqların IV Qurultayındakı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən yararlanaraq, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açıb. Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alınıb. Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətlər xüsusi vurğulanıb. 

NovruzBayramı şənliklərində xalqımızın müdrik ağsaqqalı DədəQorqud obrazı ona həvalə olunub. 1989-cu il may ayının 17-də Mikayıl Azaflıya ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adı verilib.

Sənətkarın bir qoşmasını paylaşır, sayğılarla anırıq:

 

QANA DÖNMƏSİN

 

Murazım, diləyim budur, ay ellər.

Dünyanın ürəyi qana dönməsin,

Zəmidə sümbüllər, bağçada güllər,

Bəşərin çörəyi qana dönməsin.

 

Qana bulanmasın yerin murazı,

Hər əsrin, hər ilin nur səpən yazı,

Şairin şeiri, aşığın sazı,

Arzusu, diləyi qana dönməsin.

 

Qana bulanmasın sülhün gülüşü,

Görməyək dəhşətli matəm görüşü,

Atanın saqqalı, ananın döşü,

Yaxası, köynəyi qana dönməsin.

 

Qana bulanmasın insan sərvəti,

Həyatın varlığı, sözün qüdrəti,

Milyon cavanların saf məhəbbəti,

Toyluğu, gərdəyi qana dönməsin.

 

Azaflı, bir olsun cəmiyyət əli,

Dağılsın, talansın fitnə əməli,

Heç kimin vətəni, heç kimin eli,

Ömrü-gələcəyi qana dönməsin.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı, ssenarist Orxan Fikrətoğlu Novruz bayramı günlərində növbəti doğum gününü qeyd etdi. Onun 58 yaşı tamam oldu. O indi öz bilik, bacarıq və təcrübəsini Azərbaycan kinosunun dirçəlişinə yönəldib, Azərbaycan Respublikası Kino Agentliyinə rəhbərlik edir. Qarşısına böyük məqsədlər qoyub: Azərbaycan kinosuna əzəlki şöhrətini qaytarmaq, kinomuzu dünya səviyyəsinə çıxarmaq. 

Amma ədəbi fəaliyyətini də davam etdirir, illərdir ki, yazıb yaradır, Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinə başçılıq edir. 

 

Orxan Fikrətoğlu (Orxan Sadıqov Fikrət oğlu) Bakıda anadan olub. İdman internatında (1973-1983), Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda (1983-1991) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında işıqçı assistenti kimi işə başlayıb. Sonra operator, rejissor assistenti olub. Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor, “Azkinovideo”da baş redaktor, “Azərbaycantelefilm”də baş redaktor, “Mir” teleşirkətinin direktor müavini, ANS televizyasının baş redaktoru, “Günay” qəzetinin direktoru, “Mozalan” studyasının direktoru və bədii rəhbəri, Milli Kulinariya Mərkəzinin direktoru (2022-2023) vəzifələrində çalışıb.

İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. “Dünya haqqında nağıl” (1989), “Səhər” (1994), “Şirvan şeşəngisi” (1998), “3-cü günün adamı” (2000), “100 ilin kitabı” (2007), “Zaman” (2008), “Rəngli hekayələr” (1990, Moskva, “Oqonyok” jurnalının mükafatını qazanıb) kitabları, çoxsaylı esseləri dərc olunub. 14 bədii nəsr kitabının, 3 publisitik kitabın müəllifidir. “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib.

Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsində dərs deyib. ANS TV-də ATV-də və İctimai televiziyada veriliş aparıcısı olub.

“Zirvə” (2001), “Qızıl Pəri” (2018), “Həsən bəy Zərdabi” (2019) mükafatları laureatıdır. Əməkdar incəsənət xadimidir (2016).

Yazıçı, ssenarist Orxan Fikrətoğlu şair Fikrət Sadıqın oğludur. Böyük və unudulmaz şairin oğlu olmaq ös sözünü deyir. Orxan Fikrətoğlu çox gözəl şeirlər də yazır, amma bunları üzə çıxarmaq istəmir. 

Filmoqrafiyası.

Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – işıqçı

8 nömrə altında (1988, sənədli film) – yaradıcı heyətin üzvü

Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – ssenari müəllifi

Qəzəlxan (1991, tammetrajlı bədii film) – redaktor

Səs (II) (1993, sənədli film) – ssenari müəllifi

Hökm (1994, tammetrajlı bədii film) – redaktor

Şəkilçi və şəkilçi (1995, film-tamaşa) – ssenari müəllifi

Ümid (II) (1995, tammetrajlı bədii film) – ssenari müəllifi

Yük (1995, tammetrajlı bədii film) – redaktor, aktyor

Solaxay (1996, qısametrajlı bədii film) – ssenari müəllifi

Ailə (1998, tammetrajlı bədii film) – redaktor

Hotdoq (1998, qısametrajlı bədii film) – ssenari müəllifi

Ağ kətandakı adam (2000, tammetrajlı sənədli film) – mətn müəllifi, aktyor (aparıcı)

Dairə (II) (2005, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi

Ərazi (2005, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi

Yalan (2005, tammetrajlı bədii film) – ssenari müəllifi

Qanadlarıma sığal çək (2008, qısametrajlı bədii film) – ssenari müəllifi

3 rəng (2010, qısametrajlı bədii film) – əsərindən istifadə olunub

Xəlvətdə qalmış müdrik (2014, sənədli film) – ssenari müəllifi

Sübhdən başlanan həyat (2015, sənədli film) – baş redaktor

Əfsanə (II) (2017, sənədli film) – ssenari müəllifi

Əliaçıq xəsis (2017, sənədli film) – ssenari müəllifi

Həyatımın notları (2017, sənədli film) – redaktor

Ölməz Murtuza (2017, sənədli film) – ssenari müəllifi

Sonuncu akkord (2017, sənədli film) – ssenari müəllifi

Üçüncü günün adamı (2017, tammetrajlı bədii film) – redaktor

Bakılı qızlar (2018, sənədli film) – redaktor

Cümhuriyyətin 9 şəkli (2018, sənədli film) – ssenari müəllifi, aktyor (Əlimərdan bəy Topçubaşov)

Dönüş (V) (2018, tammetrajlı sənədli film) – ssenari müəllifi

Xilaskar ömrü (2018, sənədli film) – redaktor

Könül nəğmələri (2018, sənədli film) – redaktor

Vətən dili (2019, sənədli film) – ssenari müəllifi

20 yanvar: Dəyişən talelər (2020, sənədli film) – ssenari müəllifi

Yeni gün (2020, sənədli film) – ssenari müəllifi

20 yanvarda doğulanlar (2023, sənədli film) – redaktor.

Sonda onu da deyək ki, yaxın günlərdə həm ədəbiyyatsevərlərə, həm kinosevərlərə Orxan Fikrətoğlu gözəl bir sürpriz edəcək. Onun kinossenari və hekayələrindən ibarət “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. 

Uğurlar, köhnə kişilərdən olan Orxan Fikrətoğlu! 

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Adəmin dövründən bu günədək insanlar həmişə həyatdan narazı olublar. Elə bu narazılıq da insanın ibtidai vəziyyətindən müasir həyat səviyyəsinədək inkişaf etməsinə səbəb olub. Bəli, mövcud olan nəsnədən narzı olmaq, insanları yenisini icad etməyə təhrik edir. Klassik poeziya ənənəsi də həmçinin belədir. Hələ ki, insanları qane edir deyə, bu ənənədən kənar, yeni üslüb, yeni bir janr yaranmır...

 

Novruz bayramı günündə ABŞ-da Dünya Poeziya Günü qeyd edildi. Axı niyə amerikalılar Azərbaycan şairlərinin şeirlərini klassik poeziya nümunəsi kimi dəyərləndirib, oxumaqdan yan keçirlər? 

 Hətta bəziləri poeziyamıza ekzotik bir xalqın yaradıcılığı kimi də baxırlar. Onların poeziyamıza bu cür baxışı məni həmişə düşündrüb. Qəribədir, əslində amerikalıların şeirlərini də biz bəyənmirik, hətta deyə bilərəm ki, həmin nümunələr adi danışıqdan heç də fərqlənmir. Nə ahəng var, nə poetika, nə də ki, qafiyə. Eləcə də, bu şeirlərdə heç bir texniki qaydaya riayət olunmur. Bəlkə onlar haqlıdırlar, sadəcə bu haqq olanı biz qəbul edə bilmirik? Əlbəttə ki, bunun bir cavabı var- onlar mürəkkəbdən sadəyə çoxdan keçsələr də, biz hələ də köhnə qəliblərlə işləməyə üstünlük veririk... 

 Nə isə, bu gün sizə əyalətdən pərvazlanan daha bir şair haqqında söhbət açmaq istəyirəm. Klassik üslubda, daha doğrusu, heca vəznində yazan şairlərdəndir...

 

Zamanın yüyəni boşalıb bir az,

Deməsəm dil yanar, desəm söz yanar.

Açıbdır ağzını əjdaha kimi,

Baxmasam ürəyim, baxsam göz yanar.

 

Kəhərə qamçı yox, bircə him bəsdir,

Çapdınsa, saxlamaq daha əbəsdir.

İlahi, çağıran görən nə səsdir,

Getməsəm diz yanar, getsəm iz yanar.

 

Göz gəzirik, göz yerində qaş qalıb,

Quru yanıb, ocaqlarda yaş qalıb.

Göylərdən yağmağa bircə daş qalıb,

Kösov tüstülənər, quru köz yanar.

 

Qəmgin, dilin bəla olar başına,

Fərman gəlsə, ölüm baxmaz yaşına.

Dəyəcəkdir başın əhlət daşına,

Əlində tazanə, telli saz yanar...

 

İlk təqdim etdiyim bu poeziya nümunəsi, onun “Yanar” adlandırdığı şeiridir. Burada şaiirin giley-güzarı öz əksini tapıb...

 

Bu dəfə haqqında söhbət açdığım şair- Zamanov Əlisa Sənham oğludur. Əlisa Qəmgin imzası ilə “Facebook” səhifəsində şeirlərini paylaşır. 1959-cu ildə Masallı rayonu Dəmbəlov kəndində anadan olub. 1974-cü ildə həmin kənddə 8 illik təhsilini başa vuraraq, indiki Şirvan şəhərindəki pedaqoji texnikumda oxuyub. Sonra sovet ordusunda hərbi xidmətdə olub. 1981-1986-cı illərdə keçmiş APi-nin filologiya fakültəsində ali təhsilə yiyələnib. 1994-cü ilə qədər doğulduğu kənddə dil-ədəbiyyat müəllimi işləyib. Daha sonra fasilələrlə Rusiyada yaşayıb. Hazırda Bakı şəhərində məskunlaşıb...

 Devizi- “Həyat gözəldir, yaşamağı bacarmaq lazımdır”- olan bu şair baharın gəlişinə sevinir və onu özünəməxsus şəkildə vəsf edir:

 

Sözlər misra-misra düzülüb yenə,

Şair qələmiylə süzgəcdən keçir.

Gözlər qədəm-qədəm seyr edir, doymur-

Dünyaya sözlərdən yeni don biçir.

 

Nə olsun, gecənin rəngi qaradır,

Nəhəng gözəlliklər gizlənib orda.

Deyəsən, qışın da ömrü azalıb,

Bahar asta-asta gəlir bu yurda.

 

İnsanı yaşadan, ona ruh verən,

Sevən ürəklərin bir baxışıdır.

Vətən dediyimiz bu gözəl dünya,

Tanrının ilahi bir naxışıdır...

 

Həyatda arzuları çox olub, elə indi də az deyil. Uşaqlıqdan ədəbiyyat vurğunu olduğundan özünü bu sahəyə həsr edib. Ədəbiyyat tədqiqatçısı və ədəbi tənqid onun yaralı yeridir. Ömrünü bu sahəyə həsr etmək istəsə də, amma amansız həyat ona imkan verməyib. Bugünkü təhsilin vəziyyətinə çox acıyır. İstəyir ki, təhsilin vəziyyəti heç olmasa bəyənmədiyimiz sovetlər vaxtının səviyyəsinə qalxsın...

 Deyir ki;- “Heç kimə lazım olmasa da, əsas məşğuliyyətim şeir yazmaqdır. Mütaliə etməyi xoşlayıram. Niyə yalan danışım, həyatda böyük uğurlarım olmayıb. Ən böyük uğurum bu günə qədər sağ qalmağım, yaşamağımdır.”

 

Yazdığım şeirlər ömür yoldaşım,

Bəzən misraları güldürür məni.

Hopub yaddaşıma olub sirdaşım,

Bəzən də hıçqırdıb ağladır məni.

 

Özüm öz dostumam düşünürəm mən,

Beləcə yaşayıb yaşa doluram.

Qənim kəsilirəm özümə bəzən,

Bəzən də özümə düşmən oluram.

 

Nəyi itirmişəm, nə olub qismət,

Barışa bilmirəm özüm özümlə.

Qəlbimdə yurd saldı bir saf məhəbbət,

Yaşadım ömrümü min bir dözümlə.

 

Ömür tariximdir yazdığım şeir,

Misralar şahidtək üzümə durar.

Deyirlər, ay şair, qarşıda xeyir,

Nə vaxtsa ömrünə möhürün vurar...

 

Bu onun “Qəribə təzad” şeiridir. Şair burada özünü, taleyini ifadə etməyə çalışır. “Azərbaycan ədəbiyyatının klassik korifeyləri toxunulmaz olmalıdır. Hər birinə onun yaşadığı dövrün gözü ilə qiymət vermək lazımdır. Tarix bundan sonra Nizamini, Nəsimini, Füzulini, Xətaini, Səməd Vurğunu, Hüseyn Cavidi, Müşfiqi, Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, Sabir Rüstəmxanlını, Musa Yaqubu və s. şairlərimizi bir daha təkrar yetirməz. Azərbaycan xalqını cəbhələrə, qruplara bölmək olmaz. Bu daxili düşmənçilik yaradır. Onsuz da düşmənlərimiz çoxdur. Başqaların çaldığı havaya oynayan müxalifət bizə lazım deyil. Mən 1988-ci ildən azadlıq hərəkatının fəal üzvlərindən biri olmuşam. Sonralar elə hadisələrin şahidi oldum ki, müxalifətdən iyrəndim və bir dəfəlik uzaqlaşdım. Mənə milləti cəbhələrə bölən partiyalar yox, milli birlik lazımdır.”- söyləyir. Və hiddətini şeirlə belə ifadə edir:

 

Göy altının hər yerinə

Vətən, düzlük toxumu ək.

Bir günahı olan kəsi

İsa kimi çarmıxa çək.

 

Doğulanda tək doğulduq,

Zül(ü)m ilə əkiz olduq.

Səsim çatmadı heç yana,

Nə “Mən” oldum, nə “Biz” olduq.

 

Sözdən uca heç nə yoxdur,

Sözdür dünyanın sərvəti.

Səcdə edək, pozulmasın,

Yerlə Tanrının vəhdəti…

 

Dilə gəlsin lal baxışlar-

Ürəklərə sevinc dolsun.

Nə dünyadan bezən olsun,

Nə də zülmət gecə olsun…

 

Qəribədir, gözəl poeziya nümunələri yaratmağı bacaran, bu filoloq-şairin yaradıcılığı barədə sosial şəbəkələri ələk-vələk etsəm də, heç bir yerdə məlumat tapa bilmədim. Yalnız “Facebook” platformasındakı səhifəsində paylaşdığı şeirlərə rast gəlmək mümkündür. 

Demirəm, o, poeziyaya qeyri-adi bir nəfəs gətirib. Amma adamın başının üstə Allah var, o, ŞAİRDİR. İnanıram ki, Azərbaycan Yazıçılar Birliyinin(AYB) qəbul komissiyasında əyləşən, içində “Allah Xofu” gəzdirən qardaşlarımızdan biri, bu il 65 yaşını qeyd edəcək Əlisa Qəmgini AYB-yə dəvət edib yaradıcılığı ilə maraqlanacaq. Axı hər bir istedadın "bələdçiyə" ehtiyacı var...

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Çərşənbə, 27 Mart 2024 12:30

Uğursuz insanların 4 tipi

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Yer Kürəsində milyardlarla insan var, hər bir insan üçün də ailə – iş yeri – cəmiyyət üçbucağında bir yer müəyyənləşdirilib. Amma bəzən elə olur, kimsə öz yerini tapa bilmir. İnsanlığın faciəsi bax budur, öz yerini tapa bilməməkdir. Uğursuz, sənə xoşbəxtlik gətirməyən ailə (ailəli olmayanlar üçün sevgi münasibətləri), fayda verə bilmədiyin və bəhrəsini ala bilmədiyin iş (işsizlik, təhsil ala bilməmək də həmçinin), səni qəbul etməyən cəmiyyət – əsas uğursuzluq üçlüyü budur. Bəzi uğursuzlar bu üçlüyün hər hansı birində qərarlaşır, belələrini gəlin şərti olaraq nisbi uğursuz adlandıraq (NU). Belələri həyatda böyük əksəriyyətdir, elə əhatəmizdə hər 10 nəfərdən ən azı 3-4-ü nisbi uğursuzluqdan əziyyət çəkir. Bu tip insanlar bədbin olsalar da, onlarda bu bədbinlikdən tezliklə qopacaqlarına inam böyük olur. Onlar bir sahədəki uğursuzluğu digər sahələrdəki qənaətbəxşliklə neytrallaşdıra bilirlər haradasa. NU kateqoriyasının özündə bir müvəqqətilik, ötərilik, keçərilik kəsb etməsi bu insanlarda mübarizlik əzmini tam yox edə bilmir, onlar sabahkı günün işıqlı olacağına inanır, bu inamla yaşayır, çabalar göstərirlər. NU-ların motivasiyaya böyük ehtiyacı olur, çünki bu tip insanlar xırdaca bir təkanla öz uğursuzluqlarını dəf edə bilirlər. Öncədən qeyd edək ki, həyatda özlərini uğursuz sayanların böyük bir qismi yeniyetməlik və gənclik illərində uğursuz sevgiyə məruz qalanlar olur, bir də ki, ali təhsil almaq arzusuna yetişə bilməyənlər. (Hər iki mövzuya kitabımızda ayrıca toxunacağıq).

Üçbucağın birdən birə iki bucağında düzgün yerləşə bilməyənlər artıq tam uğursuzdurlar, bunları elə bu cür də adlandıraq (TU). Belələri xeyli azdır, NU-lardan sayca xeyli az olduqları kimi, problemlərinin xarakterinə görə də onlardan xeyli fərqli görünürlər. TU artıq həyatdan ikitərəfli zərbə almış insan olduğu üçün onun bədbinlik dərəcəsi də hədsiz yüksək, hətta ayrı-ayrı hallarda depressiyaya düşmək səviyyəsində olur.

TU-lar get-gedə özlərinə qapanır, ətrafdan təcrid olunurlar, mübarizədən yorulur və yayınmağa başlayırlar. TU-ların həyat tənəzzülü get-gedə sağlamlıqlarına zərbə vurur, özünə inamsızlıq müəyyən əsəb xəstəlikləri ilə müşayiət olunaraq çox ağır fəsadlar törədə biləcək kombinə yaradır. Sonucda intihara cəhdədək uzanan bu yoldan pasienti geri döndərmək çox çətin, əksərən qeyri-mümkün görünür. Odur ki, vacib məqamda – narazılıq hələ rüşeym halında olarkən TU-ların üzərində işləmək, onları «hər şeyin düzələcəyinə» inandırıb buna kökləmək olduqca vacibdir.

Ailə-iş-cəmiyyət uğursuzluğu üçbucağının hər üç küncündə qərarlaşan insan tipləri çox azdırlar, belələrini mütləq uğursuzlar adlandıraq (MU). Belələri haqqında ilk baxışda yalnız bunu söyləmək olar: «Tanrının üz döndərdiyi adamlar».

MU sonucda ya psixi pozğunluq həddinə gedib çıxır, ya da intihar edir, amma dəstəyə (istər maddi olsun, istər mənəvi, fərq etməz) hədsiz ehtiyac duyan bu insanların da motivasiyaya daim ehtiyacları olur. Ailə üzvü, dost, qohum, qonşu, tanış, tanımadığı birisi – insan zəncirinin hər bir halqası MU-ya düşdüyü dərin quyudan çıxmağa kömək göstərməklə, əl uzatmaqla onun həyat nağılının erkən bitirməsinə mane ola bilər. Amma əksər halda MU bu uzanan əlləri görə bilmir, ətrafın biganəliyinin qurbanı olur.

Və ən nəhayət, təsnifatımızda 4-cü tip uğursuzlar da yer alır ki, bunların uğursuzluq səbəbi ailə-iş-cəmiyyət üçbucağından kənarda dayanır. Problemləri hər hansı sağalmaz xəstəlikdən, əlillikdən, yaxud xoşagəlməz adət və vərdişdən, yaxud yaxın bir adamın vəfatından və bu qəbildən olan digər nəsnələrdən qaynaqlanan bu sayaq həyatdan küskünlər isə təsnifatımızda xüsusi uğursuzlar (XU) kimi yer alacaqlar. Belələri də ətrafımızda çoxdurlar, bizim qayğı və nəvazişimizə, təsəllimizə ehtiyacı olan bu tip insanlarla hər gün görüşür, ünsiyyətdə oluruq. Sadəcə, düşünməyimiz gərəkdir ki, belələrinə xırdaca bir diqqət göstərməyimiz, onlarla həmdərd olduğumuzu nümayiş etdirməyimiz çox vacibdir.

Beləliklə, biz uğursuzluqlarla üzləşib həyatdan inciyən və küsənlərin 4 tipini müəyyənləşdirdik.

Kitab boyunca burada sadaladığımız uğursuzluq səbəblərinin hər biri üzərində ayrıca dayanacaq və bu səbəbləri aradan götürmə yollarından geniş bəhs edəcəyik.

Hər xəstəliyin öz dərmanı, hər qıfılın öz açarı olduğu kimi hər problemin də öz həlli var, unutmayaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı-  Salatın Əhmədlinin “Qardaşımı arzusu” adlı hekayəsini təqdim edir. Hekayə 44 günlük müharibədə şücaət göstərmiş Azərbaycan əsgərlərindən bəhs edir.

 

Mən anamın qucağında uşaq olarkən yurdundan di­dər­gin düşən qaçqın ailələrindən birində doğulub böyü­müşəm. Atam, anam gözümü açandan, dünyanı dərk edəndən hiss etdim ki, yaralıdırlar, torpaq həsrətlidirlər. Evdə dörd uşağıydıq. Böyük qardaşım hərbçi olmaq istəmişdi, evdən icazə verməmişdilər. Çünki Zəngilandan çıxarkən əmim və dayım kənddən çıxmamışdılar. Onların bu günə qədər ölüsü, dirisi barədə belə məlumat ala bilməmişdik. Bu illər ərzində onları gördüm deyən olma­mışdı. Onlar da hərbçi olmuşdular. O zaman camaatı kənddən çıxarıb, əli silah tutan kişilər onların komandanlığı altında günlərlə kəndi qoruyub saxlaya bilmişdilər. Sonra arxadan kömək gəlmədiyindən düşmən qüvvələri hücuma keçərkən ancaq bir neçə adam sağ qayıtmışdı. Son dəfə onları əlisilahlı kənddə döyüşən görmüşdülər. Sonralar bir daha dayım və əmimlə yanaşı kəndin ondan çox adamı geri dönmədi. Onların taleyi qaranlıq olsa da atam həmişə deyirdi ki, düşmən onları heç vaxt sağ qoymazdı, çünki onlar kəndə girmək istəyən xeyli erməni dığasını məhv eləmişdilər.

Nənəmin ürək dağlayan bayatılarını dodağının altında zümzümə edə-edə, gizlin-gizlin tökdüyü göz yaşlarını görmüşdüm. Anam da bunu görürdü, “dəyməyin, ağlasın, içini boşaltsın, yüngülləşsin” – deyərdi, bizi yanından uzaqlaşdırardı.

Yaşa dolduqca bildik ki, qaçqınıq, yurdsuzuq, kəndlərimiz, gülüstan ellərimiz düşmən tapdağı altındadır. Taxtadan silahlar düzəldərdik, bu cəhətdən qardaşım daha bacarıqlı idi, oynayanda da elə müharibə oyunu oyna­yardıq, özümüzə bayraq düzəltmişdik, müharibədə “qalib” gəlirdik, bayrağımızı sancırdıq... Nağıl dolu ömrün içində necə bir həqiqət yaşanmış olduğunu uşaq təfəkkürümüz sonralar dərk etməyə başladı. Qardaşım mütləq hərbçi olacağını deyirdi: kəndə birinci mən girəcəyəm, onların gözlərini ovacağam, kəndimiz, evimiz yadımdadır. Hələ bir gedim, görüm, orda erməni yaşamış olsa, onun donuz iyi verən nəfəsini o evdə hiss etsəm, yerli-dibli söküb, süpürüb, eynən eləsini yenidən tikdirəcəyəm. Hələ bir gedim hərbçi olum... 

Qardaşım doqquzuncu sinifdə oxuyurdu. Naxçıvanski adına hərbi mək­tə­bə getmək istədiyini bildirəndə atam qoymadı:

-     Otur yerində, yaralarımız sağalmamış sən də başımıza bəla açma.

-     Onsuz da gedəcəm, belə qoymazsınız, hərbi xidmətdən sonra qalacağam orda.

-     Sən cılızsan, uşaqlıqdan da revmatizman var, qalan sağlamlığını da o soyuq səngərlərdə, ağır təlimlərdə itirərsən.

Doğrudan da qardaşımı həmişə müalicə etdirirdilər. Atam ona görə narahatlığını gizlətmədi:

-     Elə olmasaydın, bir söz deyəməzdim. O torpaqlar nə qə­dər qalacaq donuzların ayağının altında? Yaxşı bir ordu olmalıdır ki, alaq...

Qardaşım təslim olmurdu:

-     Mən yaxşıyam, heç yerim də ağrımır.

Qardaşım nə qədər təkid etsə də, onu hərbi məktəbə göndərmədilər. İdman müəllimimiz Yaşar bizi idman ya­rışlarına hazırlayırdı, cəld, çevik uşaqları, özü dediyi kimi, “gözaltı” eləmişdi:

-     Fərqlənənləri gələcəkdə xüsusi yetişdirilən hərbi məktəbə göndərə bilərik.

Onların arasında mənim də adımı çəkdi.

9-cu sinifi bitirəndə Yaşar müəllim məktəbdən beş şagirdin sənədlərini Naxçıvanski adına hərbi məktəbə göndərdi. Mən də onların arasındaydım... Onda qardaşım Neft akademiyasında 2-ci kursda oxuyurdu. Bakıya gəlirdik. Sentyabrda dərslər başladı. Mən ancaq bazar günləri qardaşımı görə bilirdim, təpədən dırnağa od tutub yanırdı:

-     Heyf, heyf məni qoymadılar. İndi Ali Hərbi mək­təbdə artıq üçüncü kursda olardım...

Hirslənib atamgilin arxasınca danışırdı. Mən ona təs­kinlik versəm də nəticəsi olmurdu. Qardaşım elə bil doğu­landan bu hisslə doğulmuşdu...

Neft Akademiyasını bitirən kimi Səməd hərbi xid­mətə yollandı... Sonra qayıtmadı, ömrünü hərbə bağ­ladı. Xüsusi kurslara getdi.

Mən təhsilimi başa vurub XTQ-ə qəbul olundum. İnsan doğrudan da böyüdükcə torpaqların düşmən tapdağı altında qaldığını görüb qeyrət hissi içini yeyirmiş... Gecə-gündüz fikrimiz-zikrimiz Qarabağı, ümumən işğal altında olan torpaqlarımızı öz gücümüzlə qaytarmaq idi... 15 aprel hadi­sələrində demək olar ki, qüvvələrimiz qan-qan deyirdi. Rəhbər hərbi komandanlıq bizi ipə-sapa yatırda bilmirdi... Sonra generalımız Polad Həşimovun öldürülməsi... O gecə bütün taborlar qalxmışdı, Ali Baş Komandandan döyüşə girmək üçün əmr tələb edirdik...

Bizi dəliqanlı, düşüncəsiz hərəkətlərə yol verməmək üçün lazım gələndə tənbeh də elədilər. Bilirdik ki, özü­müzə qalsa, bir həftəyə bütün Qarabağı o şərəfsiz­lərdən təmizləyə bilərik. Amma ermənipərəst beynəlxalq qüvvə­lər vardı... Bu reallıqları da bilirdik.

-     Dövlət başçısı hər şeyə nəzarət edir. Bizim artıq güclü, vahid qüdrətli ordumuz var və hər birimiz gene­ralından tutmuş sıravi əsgərinədək bu döyüşə hazırıq. Amma zaman yetişməyib, gözləməliyik, səbrli olun, – komandir bunu deyirdi.

 

***

Müharibə başlayan gün sübh tez­dən əmr aldıq. Bizim böyük bir qrup hərbçimiz – mən də onların arasın­daydım – Kəlbəcər-Tərtər istiqamətindəki mövqe­lər­də yerləşdirilmişdik. Biz Camışdağ zirvəsini tutmalıy­dıq. Burada birinci biz hərbi əməliyyatlara girməli, arxadan gələn qoşunun təhlükəsizliyini təmin etməli, onların irəli yeri­məsi üçün şərait yaratmalıydıq.

Verilən əmrləri hücum əməliyyatı ilə xüsusi təyi­natlılarımız çox gözəl, uğurlu şəkildə yerinə yetirirdi. Si­lahlı qüvvələrin giziriydim. Biz qələbələri əfsanəvi igid­lik­ləri ilə döyüş tapşırıqlarını yerinə yetirən əsgərlərimizlə əldə edirdik.

Müharibə başlayan gün səhər 8-ə qalmış Camış­dağ zirvəsi uğrunda döyüşə atıldıq. Biz o zirvəni almalıy­dıq. Murovdağın yüksəkliyindən erməni postlarına doğru en­dik.

Dumanlı, çiskinli havada hər şeydən xəbərsiz düş­mən postlarını ələ keçirmək üçün mövqelərimizi qurduq... Düşmənin hücumunun qarşısını almaq üçün hər şeyə hazır idik, qüvvələrimiz erməni postlarını dağıtsa da onlar müqavimət göstərirdilər, güclü əks-hücuma keçmişdilər.

Biz Camışdağ yüksəkliyi uğrunda döyüşərkən qurduğumuz mövqelər ermənilərin tanklarından atılan top atəşləriylə toz-dumana bürünmüşdü. Bir tərəfdən duman, çiskin, o biri tərəfdən tanklardan aramsız atılan top mərmilərinin yağışı altında vuruşurduq. Düşmən gəldi­yimiz istiqamətdən xəbər tutmuşdu, ona görə də Camışdağ istiqamətində o dumanda, çiskində yerimizi tam bilməsələr də güllə, top, tank, mərmi atəşinə tut­muşdular, tutduğumuz mövqelərdən bir addım belə kənara ayaq basmağa imkan vermirdilər. Camışdağ istiqamətində düşmən mövqelərini əlində saxlamaq üçün sanki bütün artilleriya ilə hücuma keçmişdilər. Onların isə xəbəri yoxuydu ki, biz artıq onların postlarının 400-500 metr­liyindəyik. Onlar bizdən yuxarını gülləbarana tutmuşdular. Atılan toplardan dağılan daş, qaya parçaları başımıza düşməsin deyə özümüzü qorumağa çalışırdıq.

Biz posta yetişməyə nail olduq, o tərəflərdə yerləşən qüvvələrimiz də hərəkətə keçdiyindən təmizlənmiş postlarda yerləşmiş­dilər. Silah, top, artilleriya atəşindən dağlar lərzəyə gəlmişdi. Bizim getdiyimiz istiqamətdə düşmən məlumat aldığından zərbə endirməkdə davam edirdi. O qədər top, mərmi yağışı altında Camışdağ zirvəsinə gəlib çatdıq, o yüksəkliyi aldıq və zirvəni aşdıq, oradan da maşınlara minməliydik. Amma dəhşətli müharibə od-alovu içində ətrafımız gülləbarana tutula-tutula üzərimizə düşən və­zifəni yerinə yetirdik...

Düşmənin çayqırağı ərazilərdə basdırdıqları minalar­dan xəbərsiz olan şəxsi heyətimizin digər qrupları arasında şəhidlərimizin, yaralılarımızın olduğunu görüb onların da köməyinə getdik. Döyüşdə deyil, düşmənin basdırdıqları minalardan həlak olan dostlarımızın itkisi bizi daha da qəzəbləndirirdi, intiqam hissi, erməni vandallarına qarşı kinimiz coşub-daşırdı.

 

***

Düşmən hər vasitəylə itirdiyi postları geri qaytar­maq üçün əlavə qüvvələr çağırırdı... Mənim də olduğum postlar ermənilərdən təmizləndikdən sonra hərəkət istiqa­mətimiz müəyyənləşdi. Arxadan gələn qüvvələri post­lar­da yerləşdirib yola çıxdıq. Getdiyimiz yol açıq yol deyildi, oradan rahat çıxa bilməzdik, çünki ətraf minalanmışdı. Bir addım göstərilən istiqamətdən kənara çıxmaq ölümə bərabər idi. Bir yandan üstümüzdəki yük, digər tərəfdən düşmən güllələri, top, atəş içində biz o yüksəkliyi aşdıq...

Bu işin nə qədər ağır, nə qədər təhlükəli olduğunu bilsək də, biz şüurlu şəkildə növbəti yüksəklik uğrunda da döyüşdük, o yüksəkliyi də aldıq... Verdiyimiz şəhidlər, yaralılarımızı döyüş meydanında qoymamaq da borcumuz idi və biz bu işin öhdəsindən də gəlirdik və gəlməliydik. Bu döyüşdə Mikayıl kimi oğlu itirdik.

Növbəti əməliyyatı uğurla yerinə yetirib irəliləmək əmri alan zaman mərmilərin dağlarda verdiyi əks-səda dağlardan, daşlardan qopan qəlpələr, mərmi atəşləri içində əmrə əsasən maşınlara minib oradan uzaqlaşmağa çalışdıq. İki KamAZ-la yaralı və digər döyüşçülərimizi oradan çıxar­dıq, şəhid vermədən, itkimiz olmadan çıxdıq. Yerdə qalan xüsusi təyinatlılarımız piyada, bir sutka sonra mövqeyə gəlib çatdı. Biz istəyimizə nail olmuşduq, o yüksəklikləri alıb, erməni postlarını məhv edərək Beyləqan – Füzuli istiqamətində yola düşdük.

Axşam evimizlə əlaqə saxlamaq istəsəm də, nəsə bir qüvvə imkan vermirdi. Nəhayət, qonşumuz Həsən dayıya zəng elədim. Anamı soruşmaq, Səlimdən xəbər tutmaq istə­yirdim. Həsən dayı Səlimin şəhid olduğunu deyəndə sarsıldım. Telefonda donub qalmışdım. Həsən dayı isə Səlimin qəhrəmanlıqla şəhid olduğunu deyirdi.

-Səlim qırxdan çox ermənini təkbaşına məhv edib, əsir düşməmək üçün sonuncu qumbaranı onu əhatəyə alanların üstünə atıb, özü də şəhid olub. Nəşini döyüş meydanından çıxara bilməyiblər. Çadırlar qurulub... gözlə­yirik...

Başım dumanlanmışdı, qulaqlarım uğuldayırdı, Səli­min uşaqlığı, hərbə olan sevgisi, şəhidliyi – hər şey elə bir-birinə qarışmışdı ki, axan göz yaşlarımı silən dostlarımın təsəllisini belə dərk edə bilmirdim...

 

***

Mən Səlimin yas mərasiminə gedə bilmədim.

Füzuli istiqamətinə gedərkən bizim dəstənin bir his­səsi Lələtəpənin postlarını ermənilərdən təmizləmək üçün yola düşməli oldu. İki dəstəyə bölündük. Əmrə əsasən bi­zim dəstəmiz qarşıdakı birinci postu götürüb Cəbrayıl isti­qamətində irəliləməliydi.

Ermənilərin hərbi texnika və canlı qüvvə ilə yaxşı təchiz olunmuş 1-ci post uğrunda döyüşlər gedirdi. 1-ci postu düşməndən azad etmək çox çətin, ağır idi, orda düş­mən mövqeləri çox möhkəm idi, hər cür silahlarla təmin olunmuşdular.

Biz dəstələrə ayrılıb, üstümüzdəki bəsit silahlarla, düşmənin gözləmədiyi yerlərdən keçərək irəliləyirdik. Nə­ha­yət ki, posta çatdıq. O post uğrunda döyüşlərdə şəhidlər verdik, yaralılarımız oldu, bununla belə, postu aldıq, onların 30 il bundan əvvəl işğal etdikləri ərazisinə girdik.

Sübh tezdən gələn qüvvələrə postu təhvil verib, onları gətirən maşınlarla oradan ayrıldıq.

Maşınlarımız qaranlıqda irəliləyirdi. Düşmən bizi görməsin deyə işıqların söndürmüşdük. Çox çətin şəraitdə, qaranlıqda yeriyən maşınları idarə edən sürücülərimizin də şücaəti böyük idi.

Biz üzü Cəbrayıl istiqamətinə olan postları götürür, Füzulinin kəndlərindən keçib Cəbrayıla doğru gedirdik. Anidən düşmən hücumuna məruz qaldıq, vurulanlarımız oldu. Musayev Kamil şəhid oldu.

Qarşıda solda düşmənin xeyli canlı qüvvəsi və tex­nikası olduğu haqda məlumat aldıq. Komandir Heydərov əmri bizə çatdırdı:

–Düşmənin canlı qüvvəsi də, texnikası da çoxdur. Biz ye­ridiyimiz dərə istiqamətindədirlər – orada da meşəlik başlayır – onları görmək olmur. Ona görə də ehtiyatla hərəkət etməliyik.

–Komandir, icazə verin kəşfiyyat aparaq, – dedim.

Komandir:

–İtkimiz ola bilər.

–Komandir, mən tək gedim.

–Mən də onunla gedim. – Əliyev Rüstəm komandirə yaxınlaşdı.

Komandir:

–Başqa çarəmiz də yoxdur. Düşmənin planını bil­məliyik. Çalışın ətraflı məlumat gətirin.

–Oldu, komandir.

Rüstəmlə mən onlardan ayrıldıq. Sürünə-sürünə irəliləyirdik. Düşmənlər orada möhkəm yerləşmişdilər, səngərlər qazmışdılar, meşəlik olduğundan texnikalarını da yaxşı gizlətmişdilər. Biz yüksəkliyin arxasında olduğumuzdan onların meşədə gizləndikləri ərazini təxmin etmək çətin idi. Yaxşı ki, gəldik. Birdən onların “Ural” maşınlarından birini gördüm. Rüstəm bir az da irəli sürünüb geri döndü:

–Dərənin dibində tankları, BTR-ləri də var...

–Bunlar özləri hanı bəs?

–Yəqin buralarda haradasa yeraltı məkanları var.

–Hamısı burada gizlənə bilməz. Məncə, bunları burada ehtiyat qoyublar. Haradasa meşənin içindədirlər.

–Sən burada gözlə. Mən irəli gedəcəyəm. Bir şey olsa arxamca gəlmə, geri dön və xəbər ver.

–Fikrin nədir? Bir yerdə gəlmişik, bir yerdə dönə­cəyik.

Ətrafı yaxşıca yoxladım. Yaxında kimsə yox idi. Eh­tiyatla, sürünə-sürünə gördüyüm “Ural” maşınlarından birinə ya­xınlaşdım. Fikrimdən keçirdi ki, düşmən əlində qoy­maq­dansa onları qənimət kimi də götürmək olar. Yaxşıca yoxladım, mina-zad təhlükəsi olmaması üçün diqqətlə hərəkət edirdik. Əliyev Rüstəm – istehkamçı yanımdaydı, maşının birinə qalxdım, yoxladım, rolun arxasına oturdum, o da yanımda, hər cür çaşqınlıq, hər cür gərginlik içində maşını düşünmədən irəli sürdüm, postumuza gətirdim... Komandir hirslənmiş olsa da, gətirdiyimiz qənimətlər hərbi cəhətdən çox dəyərli idi. Maşında xeyli qiymətli əşyalar varmış, gecəgörmə cihazları, koordinat cihazları, arxasında qrantamyot, minamyot, xeyli sayda silah-sursat vardı. Bununla belə komandir narahat idi:

–Maşının yoxa çıxmasından anlayacaqlar ki, yaxın­dayıq. Ehtiyatı əldən verməyin.

 

***

Bizə irəliləmək əmri verilmişdi, əməliyyat apardığı­mız ərazilərdə 300-400 canlı qüvvə və hərbi texnikası olan postlar vardı. Bizim isə silahımız sadə, soyuq silahlarıydı.

Cəbrayılın içinə girəndə dairəvi bir yer gördük. Orada bir hərbi hissə tikmişdilər, şəhər isə yoxuydu, darmadağın etmişdilər. Biz həmin hərbi hissəni almalıydıq, gizləndiyimiz yerdən düşmən xəbərsiziydi. Ağıllarına da gətirmirdilər ki, biz tam postun qabağındayıq, gecəni də orada qaldıq. Düşmən gözətçisi o dağın üstündən gəlib beş-altı güllə atırdı, güllələr gəlib başımızın üstündən keçirdi, ora-bura dəyirdi. Ətrafımız güllə yağışına məruz qalsa da, yerimiz bəlli olmamalıydı. Odur ki, heç kəs cınqırını belə çıxarmırdı. Düşmən əsgəri elə-belə atırdı ki, birdən kimsə ola bilər... Düşmən sadəcə olaraq bilirdi ki, gəlirik. Ona görə elə irəliyə atırdılar... Dağın üstündən BK-yla atırdılar, qayıdıb düşürdülər posta. Murovdakı kimi gəlmə istiqamətimizdən xəbərdar idilər və atırdılar...

 

***

Hərbi hissənin qabağında çay yatağı vardı, onu keç­dik, qruplara ayrıldıq. Biz hərbi hissəyə dumanlı sübh çağında girdik. Postda möhkəmləndik. Kəşfiyyata gedən Cəfərov Sabir xəbər verdi ki, əlavə qüvvələrlə hücuma keçiblər, tanklar, BTR-lər, 300-400 nəfərlik canlı qüvvə var.

Bütün postu almışdıq. Əlavə qüvvəylə yenidən hücuma keçən erməni dəstəsiylə bağlı arxaya - mərkəzə xəbər vermək istəsək də, ratsiyanın enerjisi qurtardığı üçün əlaqə saxlaya bilmirdim.

Düşmən hücuma keçmişdi. Bizim kiçik hissəmiz irəlidəydi, əsas qüvvə arxadaydı, onlara məlumat verə bil­mirdim. Dəhşət içindəydim, dəstəni qoyub gedə də bilmir­dim, hər tərəfdən od yağırdı. Başımı itirmişdim, verdiyim itkilər də məni dəhşətə gətirmişdi, heç kimə yardım edə bilmirdim. Dərə yatağıyla arxaya xəbər verməliydim, verə bilmirdim. Düşmən önümüzdə mövqeyini qurmuşdu, bizi biçməyə başlamışdı.

O dağı aşıb məlumat verməli olduğumu artıq qarşıma məqsəd qoyub dağ yuxarı güllə yağışı altında, üstümdəki yüklə birlikdə qalxırdım. Bir tərəfdən dəhşətli  dərəcədə yorğunluq, dağ yuxarı sürünə-sürünə irəliləməyim, bir yandan bir əlimlə yerə dirənərək, o biri əlimlə güllə ata-ata, “ya Allah”– deyib irəli gedirdim. Atılan minamyot mərmisi qabağıma  düşərək dərin çuxur yaratdı. Minamyotun  yaratdığı dalğa məni yaratdığı çökəyə saldı. Mən orada bir az mövqelənə bildim. Kazımov Kamran vuruldu. Artıq hər şey bitmişdi, ətrafımda, aşağıda gördü­yüm şəhidlərimiz, yaralılarımız da məni ruhdan salırdı, yenə də qüvvə topladım, yeridim, güc-bəla ilə özümü yüksəkliyə salıb ordan – yuxarıdan özümü burax­dım, daşa-qayaya dəyə-dəyə yuvarlandım. Dizim yaralı halda, bütün gücümü toplayaraq, iki kilometrə qədər yolu qaça-qaça özümü əsas məntəqəyə salıb mühasirəyə düşdüyümüzü xəbər elədim.

Döyüş əmri verildi. Biz yenidən hücuma keçdik. Üç yüz-dörd yüz əsgərli, hərbi texnikalı erməni cinayətkarlarının kolonunu məhv elədik, bir nəfərinə qədər biçdik, şəhidləri­mizin intiqamını aldıq...

O döyüşdə biz Cəbrayıl ərazisində olan digər erməni hərbi qüvvələrini də darmadağın etdik. Mühasirəyə düşərkən müxtəlif qruplar arasından seçilmiş şəxsi heyətimizin şə­hid oğullarının intiqamını aldıq. O qanlı döyüşlərdə bəra­bər olmayan qüvvələrlə mübarizədə ölümün gözünə dik baxaraq xüsusi təlim görmüş vətən oğullarımızın göstərdiyi mərd­lik, şücaət yaddaşıma əbədi yazıldı. Filmlərdə gördüyüm dəhşətli döyüş səhnələrindən də dəhşətli mübarizə meyda­nında olduq... Başqa zaman olsaydı, mənə nağıl kimi gələr­di; düşmənin zirehli texnikalarını igidlərimiz düşmə­nin əlindən alıb, hərbi qənimət kimi necə sahib çıxdığı­mıza, on-on beş nəfərlik dəstələrlə düşmənin iki yüz-üç yüz nəfərlik dəstələrini necə məhv etdiyimizə, düşmənin alınmaz bildiyi ən hündür yüksəklikləri necə ələ keçirdi­yimizə... bu döyüşün içində olmasaydım inanmazdım.

Bizim şəxsi heyət ondan sonra da dəfələrlə postları alarkən mühasirəyə düşdü, mühasirəni yarıb düşməni məğ­lub etdi, ən təhlükəli istehkamları dağıtdı, ələ keçirdiyimiz hərbi qənimətlər vətənin müdafiəsi üçün lazımlı oldu...

Mən o döyüşlərdə qazi oldum, çıxdığımız qanlı döyüşlərin birində qrantamyotun zərbəsi məni götürüb başqa yerə atdı. Rabitəçi Sahibin üstünə düşən mərmi onu parça-parça eləmişdi. Partlayış məni götürüb dərənin digər istiqamətinə atanda heç nədən xəbərim olmadı. Təsadüfən gizir Səfərov məni görür – ölüm ayağındaymışam. Mən də can verirdim, gözlərim görmürdü, qəlpə parça-parça eləmişdi, ayaqlarımı hiss eləmirdim. Əliyev Qismət mənə kömək edib qurtarmağa çalışırdı... Döyüşün ortasıydı, kömək gözləmirdik. Cəfərli Sabirin üz-gözü dağılmışdı. Mənim bir az yaralarımı sarıdılar, sağ yerim yoxuydu. Artıq burada şəhid olacağımı fikirləşirdim.

Qismətə: –Qoy məni, get, –  deyə yalvarırdım.

Özümü düşmənə sağ verəcək deyildim. Huşumu itir­dim. Amma Qismət və döyüş dostlarım məni oradan çıxa­raraq ilkin yardım ediblər, oradan KamAZ-a qoyub Əhməd­bəylidəki hərbi qospitala çatdırırlar.

Mən hərbi qospitalda uzun müddət yatdım, müalicə olundum. Qardaşım da sən demə müharibədə ölməyibmiş, ağır yaralanıbmış. Hərbi qospitalda yanıma gələndə mə­nim vəziyyətim ağır olduğundan reanimasiyaya buraxma­mışdılar.

Bir müddət sonra dəliqanlı qardaşımı yatağımın böyründə görüb güc-bəla ilə gülümsədim, üz-gözüm yara içində idi. Başımı sığalladı, qolumdan öpüb qulağıma pıçıldadı:

-Sən demək, saman altdan su yeridirsənmiş, cənab komandir. A kişi, mən hər gün “hərbçi olacağam” deyib bağırırdım. Sən demək elə anamızın qucağında olarkən hərbçi kimi doğulub, hərbçi kimi böyüyüb, geri dönüb, düşmənə qan uddurub, yurdumuza da baş çəkib gəlib­sənmiş... Ay sənin gözünə dönüm...

Qardaşımın sağ olduğunu görüb itirdiyim bir gözümü belə unutmuşdum...

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

 

 

 

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 ili martın 22-də tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısının 105  illik yubileyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, virtual kitab sərgisində İsmayıl Şıxlının həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında geniş məlumat verilir, Ulu Öndər Heydər Əliyevin,  Prezident İlham Əliyevin, akademik Nizami Cəfərovun və digər görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər təqdim edilir. Materialda müəllifin “Dəli Kür”, “Ayrılan yollar”, “Ölən dünyam”, “Namərd gülləsi”, “Cəbhə yolları”, “Namus qaçağı” kimi əsərlərinin qısa annotasiyası, İsmayıl Şıxlının layiq görüldüyü mükafatlar, yazıçının foto qalereyası da sərgilənir.

Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyi münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/ismayil-sixli-105 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Bu günlərdə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, dizayner, dekorator, dekorativ tətbiqi sənət ustası, jurnalist, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı və qurumun bölmə rəhbərləri qardaş Türkiyə Respublikasının səfirliyində səfir Prof. dr. Cahit Bağçı və mədəniyyət atteşesi Prof. Dr. Mühittin Macit tərəfindən qəbul edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Görüş zamanı əvvəlcə səfir həm Novruz Bayramı münasibətilə, həm də yuxarıda adıçəkilən İctimai Birliyin  "Turan yolu-Zəngəzurum"  adlı əsərlər toplusunun Türkiyədə tanıdılması ilə bağlı layihələrinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqədə uğur qazanması münasibətilə təbrik edərək onlara işlərində müvəffəqiyyətlər arzulamışdır. Daha sonra Cahit Bağçı Sərdarlı ailəsinin yaradıcılığını yaxından izlədiklərini, onların zamanla unudulmuş xalq sənəti nümunələrinin günümüzə qaytarılması yolundakı çalışmalarını təqdir etmiş, böyük Türk dünyasının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və təbliği istiqamətində vətəndaş cəmiyyəti olaraq həyata keçirdikləri layihələrin diqqətəlayiq olduğunu bildirmişdir. QHT rəhbəri Lalə Sərdarlı da öz növbəsində qardaş Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin, Yunus Əmrə İnstitutunun, TRT kanalının hər zaman onlara göstərdikləri mənəvi dəstəyə, Türkiyə Yunus Əmrə İnstitunun başkanı  Prof. Dr. Şərəf Atəşin, Türkiyə Cumhuriyyəti Cumhurbaşkanlığı Dövlət Arxivləri Başkanı Prof.Dr.Uğur Ünalın, Yunus Əmrə İnstitunun Kültürel Diplomasi Akademiyasının kordinatoru Prof. Dr. Melih Barutun Sərdarlılar ailəsinin yaratmış olduqları dünyada yeganə sandıq muzeyinə baş çəkib burda gördüklərinə yüksək dəyər verdiklərinə, səfirliyin mədəniyyət attaşesi Prof. Dr. Muhittin Macitin mütəmadi olaraq sayğı və qayğıyla Sərdarlı ailəsinin fəaliyyətini, yaradıcılığını diqqətdə saxlamasına, Bakı Yunus Əmrə İnstitutunun Başkanı Səlcuq Karakılıçın göstərdiyi qayğıya, TRT kanallarının dəfələrlə Sərdarlı ailəsinin yaradıcılığı və həyat hekayəsi ilə ilgili hazırladığı süjetlərin yayımlanmasına görə səfir Prof. Dr. Cahit Bağçıya dərin təşəkkürlərini bildirdi. Sərdarlılar tərəfindən hazırlanmış, özündə Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrinin, zəngin mədəni irsinin incilərini şərtləndirən elementlərin təzahürünü ifadə edən dekorativ tətbiqi sənət nümunələrinin qardaş Türkiyədə tanıdılması ilə bağlı müzakirələrdən sonra səfir qonaqları xüsusi hədiyyələrlə təltif etdi. 

QHT rəhbəri Lalə Sərdarlı isə Sərdarlılar ailəsi tərəfindən hazırlanmış Azərbaycan, Türkiyə qardaşlığını tərənnüm edən "Bizim qardaşlıq” adlı (mücrü) əsəri cənab səfirə təqdim etdi. Görüş təəssüratlarını mətbuatla bölüşən Lalə Sərdarlı bildirdi ki, istər Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin İnaqurasiya çıxışında xüsusi önəm verdiyi Türk dünyası dövlətləri ilə qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi, müqəddəs ailə institutumuzun, milli mənəvi dəyərlərimizin qorunması, bu dəyərləri zaman zaman formalaşdıran mədəni irsimizin dərindən öyrənilərək geniş təbliğ edilməsi ilə bağlı məqamlar, bizi zəfərə aparan ölkə başçımızın ortaya qoyduğu iradə və mövqe, eyni zamanda qardaş Türkiyəmizdə İstiqlal marşının 103-cü ildönümü ərəfəsində Cumhurbaşqanı cənab Pəcəb Tayyib Ərdoğanın Sebilurrəşad Kültür və Sənət Mərkəzinin açılışı zamanı söylədiyi tarixi nitqində "Ruhunu kaybetmiş bir millətin cəsəddən ibarət qalacağı anlayışıyla mədəniyyətimizin, tariximizin, kültürümüzün köklərinə enməyi qayə edən hər çabayı dəstəkləmək boynumuzun borcudur" deməsi biz sənət,bilim adamlarını daha inamla səfərbər edir, fəaliyyətimiz üçün qarşımızda yeni üfüqlər açır. Axı indi böyük Türk dünyası bizim ümumi evimizdir. İndicə hörmətli cənab səfir, Cahit bəyin bizə təqdim etdiyi hədiyyə sıradan bir hədiyyə deyil. Bizə görə bu sənətimizə, ortaq dəyərlərimizə göstərilən ehtiramın, rəğbətin təzahürüdür. Bu həm də bir mukafat, böyük etimaddır. Bilirsinizmi Osmanlının şanlı tarixində özünəməxsus yer alan "Lalə dövrü"  adlanan bir dönəm var. 1718-1730-cu illəri əhatə edən bu dövrdə əvvəlcə ölkəboyu gülçülük mədəniyyətinin tərəqqisi başlayır. Bununla yanaşı digər sahələrdə mədəni pərvəriş, sənətə rəğbət, sənətkarlara ehtiram sürəkli şəkildə çoxalır. Bax bizə təqdim edilən o qiymətli əl işinin üzərindəki təsvirlər  məhşur  "Lalə dövrünün"  əsas elementlərini sərgiləyir. Qardaş Türkiyə sənətkarının yüksək zövqlə hazırladığı bu gözəl əl işinin bizə  təqdim olunması sanki bir xüsusi törən idi mənim üçün. Və bu məni çox duyğulandırdı. Ümumilikdə görüşümüz çox məhsuldar oldu. Gələcəkdə ortaq mədəni irsimizin qorunması, öyrənilməsi və təbliği ilə bağlı birgə fəaliyyətimizin təməl prinsipləri əməli qaydada müəyyənləşdi.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

 

                                               \

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Samir Qəfərliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.

         

 

SAMİR MÖHLƏT OĞLU QƏFƏRLİ

(01.11.1994.-30.10.2020.)

 

Ucar rayonunun Bərgüşad kəndindən olan, ADMİU-nin məzunu,  Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

QORXMAZ, QƏHRƏMAN SAMİR

 

Vətənə qala oldun,

Sevimli bala oldun,

Yağıya bəla oldun,

Qorxmaz, qəhrəman Samir.

 

Sevirdin Qarabağı,

Deyirdin,  “- kimdir yağı? -

Sönər düşmən çırağı,”

Qorxmaz, qəhrəman Samir.

 

İki bacıya qardaş,

Yaxşı dost, yaxşı yoldaş,

Qoçaq oğul, vətəndaş,

Qorxmaz, qəhrəman Samir.

 

Kiçik yaşından hələ

Döndün şimşəyə, selə.

Vuruldun doğma elə,

Qorxmaz, qəhrəman Samir.

 

Böyüdün ləyaqətlə,

Vətənə məhəbbətlə,

Elinə sədaqətlə,

Qorxmaz, qəhrəman Samir.

 

Kamillik dərsi aldın,

Aktyortək ucaldın,

Xatirələrdə qaldın,

Qorxmaz, qəhrəman Samir.

 

Adın çağrıldı  “Əsgər!”,

Yerin, məkanın səngər,

Oldun düşmənə çəpər,

Qorxmaz, qəhrəman Samir.

 

Döyüşdün şeytanlarla,

Demərəm, insanlarla,

O ruhsuz canlarla,

Qorxmaz, qəhrəman Samir.

 

Ədalət savaşında,

İyirmi altı yaşında.

Şəhid oldun Laçında,

Qorxmaz, qəhrəman Samir.

 

Ucarın, Bərgüşadın,

Ucalda bildin adın.

Yurd unutmaz övladın,

Qorxmaz, qəhrəman Samir.

 

Adın Azərbaycanın

Tanınır hər yerində,

Şair də vəsf eyləyir

Hünərini  şeirində,

Qorxmaz, qəhrəman Samir.

 

“Ədəbiyyat və incəsənətz”

(27.03.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Lütfəli Abdullayev boyda bir nəhəngin 110 illiyi oldu, fəqət, sanki bu hadisə kölgədə qaldı. Ay başınıza dönüm, Lütfəli Abdullayev üç nəsil azərbaycanlıların sevimli xalq artisti olub. Bizim, atalarımızın və babalarımızın. Hələ retro filmləri sevən gəncləri demirəm...

Yaxşı, deyək, onun yubileyi tətil günlərinə düşdü. Amma əlamətdar tarixi günlər bazara, çərşənbəyə baxmamalıdır axı? 

Yox, inanın, əlbəttə deyən tapılacaq ki, kişinin yubileyi bayram günlərinə düşüb.  Deyən də olmayacaq ki,- "Ay pir olmuşlar, bütün dünya belə tədbirləri istirahət, bayram günlərində də edir. Ona görə ki, insanlar asudə vaxtlarında mədəni istirahət edə bilsinlər.” 

Bir də ki, amerikalıların sözü olmasın; “Mədəniyyət heç vaxt istirahət etmir, o həmişə ayaq üstədir…"

Bəlkə elə belə də lazımdır? 

Bəşir Səfəroğlunun sözü olmasın: "Ölünün də qıdığı gələr? Öldü, qurtardı, vəssalam…"

Ay kişilər, Lütfəli Abdullayev aramızda olmasa da, çəkildiyi filmlərdəki yaratdığı obrazlarda hələ də yaşayır və insanların zövqünə sığal çəkir...

"Əhməd haradadır?"- filmində dediyin kimi: "Olmaz! Rəis məşğuldur, elə mən də məşğulam. Zülümov dedi, qurtardı!"

...Hə, yoldaş "Zülümov", 110 yaşın mübarək!..

Qeyd edək ki, onu azərbaycanlı Çarli Çaplin adlandırırdılar. O, dövrünün canlı əfsanəsinə çevrilmişdi, xalq onu hörmət əlaməti olaraq sadəcə adı ilə çağırırdı. Komediya aktyoru rolunu mükəmməlliyə çatdıran, hər kəsin sevimlisi, eyni zamanda, əhəmiyyətli ictimai xadim olaraq qalırdı. Lakin hər şeydən əvvəl o, həyat yoldaşı, ata, dost, insan idi… Lütfəli Abdullayev doğmalarının xatirələrində məhz belə qalır.

Unudulmaz aktyorun qızı Gülnarə Lütfəliqızının məqaləsindən parçaları oxudum ötən gün, sizlərə də paylaşmaq qərarına gəldim:

“İllər keçir, kino və televiziya ilə bağlı peşədə olarkən başa düşürəm ki, Lütfəli Abdullayevi ilahi istedada malik aktyorlara aid etmək olar. Atam olduğuna görə deyil, tamamilə heç bir məktəbə aid olmayan fantastik bir aktyor olduğuna görə deyirəm. Kino tarixində həmişə “fitri istedad” kateqoriyasına aid edilən inanılmaz istedada malik insanlar olub. Atamın adının yer aldığı yerli kino dünyamız da istisna deyil. Lakin təhsilin olmaması onun savadsızlığı demək deyil. Atam sadəcə olaraq kiril əlifbasını bilmirdi və yazıda ibtidai məktəbdə öyrədildiyi kimi ərəb hərflərinə əsaslanan əlifbadan istifadə edirdi.

Bakıya gələndə onun on dörd yaşı var idi. Bundan əvvəl o, Şəkidə "Arşın mal alan" tamaşası ilə qastrol səfərində bir qrup aktyorla tanış olmuşdu. Orada Lütfəli Əhməd Anatollı ilə tanış olub və onu digərləri ilə birlikdə dərhal nənə və babasının evinə qonaq dəvət edib. Orada o, ən böyük arzusunun aktyor olmaq istədiyini etiraf edib. Ona dərhal deyildi ki, istədiyini həyata keçirmək üçün təhsil lazımdır. Beləliklə, Bakıya gəlib tövsiyə aldıqdan sonra atam Konservatoriyaya daxil olur. Hara?! Valtorna sinfinə! Vəziyyət artıq komik səslənir: atam və valtorna! Düzdür, təhsil prosesi uzun çəkmədi - bu alətlə "münasibətlər" baş tutmadı. O, Azərbaycan Opera və Balet Teatrının xorunda işləməyə başladı və burada böyük Üzeyir Hacıbəylinin diqqətini çəkdi. "Arşın mal alan" filminin çəkilişlərində iştirak heç də təsadüfi deyildi. Bu, Maestronun özünün şəxsi dəvəti idi.

"Səhəri gün məşhur oyandım" dedikləri bir vəziyyət yarandı. Lütfəli Abdullayevin aktyorluq yolu belə başladı.

Atam təkcə rollarda istedadlı deyildi. Onun istedadı səhnədən kənar həyatla əlaqəli hər şeyə şamil olunurdu. O, qeyri-adi bir insan idi. Şəhərdə heç kimə kömək etməkdən imtina etməməsi ilə tanınırdı. Eyni zamanda, müraciət edən şəxsin ona tanış olub-olmaması atam üçün vacib deyildi.

Lütfəli Abdullayevin səhnədə və ekranda təcəssüm etdirdiyi personajların yumoristik obrazlarının arxasında haradasa, ən dərinlikdə kədərli bir şeyə yüngül işarə olduğunu görməmək olmaz. Bunun da izahı var.

Onun anamla sevgi hekayəsi. O, onun həyatında iz buraxmaya bilməzdi. Sevdiyin qadını on beş il gözləmək – çox dəyərlidir. Hər kişi buna qadir deyil. Həm də onun aktyor kimi yüksəliş dövründə. O nə qədər çox sevsə də, daxilində böyük bir kədər vardı. Bütün ruhu ilə mənsub olduğu qadını ona vermirdilər. Dəfələrlə elçiləri göndərsə də, cavab mənfi idi. Yalnız 44 yaşında sevdiyinə qovuşaraq xoşbəxtlik tapdı. Buna görə də uşaqlar gec dünyaya gəldi: mən atamın 48 yaşı, böyük bacım isə atamın 46 yaşı olanda anadan olmuşuq.

Bəli, mən ekranda atamı görə bilirəm. Lakin bu, əhvali-ruhiyyəmdən asılıdır... Bəzən həyatda narahat olanda və atamın səsini eşitmək, üzünü görmək istədiyim zaman. Olur ki, yazıya baxıram və sadəcə olaraq həzz alıram. Buna daim müraciət edirəm, çünki mənə köməklik edir. Mən başa düşürəm ki, həyatda iki heyrətamiz şəxsiyyətin – Sevda Pepinova və Lütfəli Abdullayevin ailəsində dünyaya gəldiyimə görə inanılmaz dərəcədə şanslıyam. Eyni zamanda, bu, həddindən artıq məsuliyyət idi. Tərbiyəmiz həmişə nümunələrə əsaslanırdı. Lakin anamın dediyi bir cümlə var idi: "Həyatda nə etdiyinizdən asılı olmayaraq, həmişə kimin qızları olduğunuzu xatırlayın". Bu, yəqin ki, həmişə yeganə "təkan" olub. Bu nəsihət bu gün uşaqlarımıza da keçib. Heç bir halda endirilə bilməyən hündürlükdə müəyyən edilən bir istiqamət var”.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.