Super User

Super User

Poetik Qiraətdə bu gün yenə də Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nuridir. 

“Qarabasma” bir sevgi şeiridir, həyat sevgisi, ağrı, əzab sevgisi.

 

Təzə qəm istəyirəm nazını çəkmək üçün,

Təzə qəm isdəyirəm- əl çəkim bu boyatdan.

Min əzabın içində çətin imiş tək üçün

İndi ölümdən deyil, hamı qorxur həyatdan, -

 

deyən şair yenə də təkrarsızdır, yenə də mükəmməldir. 

Xoş mütaliələr!

 

 

Yaxınlıq uzaqdadır- daha qovuşmarıq biz,

Var olanlar içində indi bir "yox"da vardır.

Dünya bir dağ kimidi, ətəyində qarıq biz

Bir də baxdıq- əridik... bir də gördük bahardı.

 

Həm yandıran, həm yanan o nəğməni oxuma,

Bəlkə son mənzil özü elə mənzil başıdı?

Mən dünyaya gələndən bir qız girir yuxuma

Bəlkə elə o qızdı yaddaşımın yaşıdı?!

 

...Sən də qapı bağladın, qovdun məni bu axşam-

Uzaqdan əsib gələn yad küləklər kimiyəm.

Bir sevginin başına neçə dövrə vurmuşam-

Çiçəklərə aldanan kəpənəklər kimiyəm...

 

Təzə qəm istəyirəm nazını çəkmək üçün,

Təzə qəm isdəyirəm- əl çəkim bu boyatdan.

Min əzabın içində çətin imiş tək üçün

İndi ölümdən deyil, hamı qorxur həyatdan.

 

Məni nələr çəkdisə, mən də ondan çəkindim,

Tək sevdiyim ölümə yar olmağa gedirəm.

Bu dünyaya gələndə şəkil kimi çəkildim-

İndi torpaq-alboma saralmağa gedirəm...

 

Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Cümə, 21 İyun 2024 17:05

Afrika yığması Avropa çempionatında

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Ay bacı, siz nə qəşəng süfrə açmısız, bütün nazu-nemətləri düzmüsüz.

-Ona görə ki, sizin qonaq gələcəyinizi bilmirdim.

 

2.

Çin gəlinciklərə süni intellekt quraşdırıb. İndi gəlinciklər sizinlə söhbət edə, hirslənə, qazanı başınıza çırpa, küsüb anasıgilə gedə bilirlər.

 

3.

Avropa çempionatında çıxış edən Afrika yığması Fransa geyimində meydançaya çıxır. 

 

4.

Məşhur cibgir Səməd heç vaxt plyaja getmədi. Bilirsiniz niyə? Çünki cibsiz insanları həzm edə bilmirdi.

 

5.

Bizim deputatlar kardinal qərarlar qəbul etməkçün gözləyirlər ki, kardinal olsunlar. 

 

6.

Elə yaşa ki, öz nekroloqunu oxuyanda utanmayasan. 

 

7.

-Sizin vicdanınız var?

-Var. Amma istifadəyə yararsızdır. 

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət arasında müzakirələrə yol açıb. Bu narahatlıq bəzi tarixi bina fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi ilə bağlıdır. Aparılan abadlıq işlərinin səbəbi- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxt ərazisində bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işlərinin həyata keçirilməsidir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Məlumatda deyilir: “Bir daha xatırladırıq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Hazırda həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq, yaranan problemləri yerində həll etmək məqsədilə sözügedən təşkilatların əməkdaşlarından ibarət olan işçi qrup yaradılıb.

 

Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirir, görülən işlər nəzarətdə saxlanılır. Sözügedən tədbirlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə müvafiq işləri həyata keçirən “Bakı Abadlıq Xidməti” MMC ilə koordinasiyalı şəkildə təmin edilməsi üçün tədbirlər görülüb.

 

Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalmışdır - qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənmiş, balkon və eyvanlar şüşələnmiş, fasadlarda müxtəlif naqillər və borular çəkilmiş, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənmiş, kondisionerlər və reklamlar quraşdırılmışdır və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verdi. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilmiş, tikililərə bərpası mümkün olmayan ziyan dəymişdir. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub.

 

Uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların görkəminə qaytarılması, eyni zamanda qopmuş, qırılmış yerlərinin bərpası, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə salınması həyata keçirilir.

 

Qeyd olunanlarla bağlı uzun illər öncə görkəmi dəyişdirilən və ona uyğun olaraq yenidən rənglənən fasadların təmizlənməsi təmin olunur. Fasadların daş hissələri, o cümlədən son illərdə rənglənmiş daş fasadlar təzyiq altında su ilə təmizlənir. Lakin əvvəlcədən daşla üzlənməyən binaların hissələri tikinti zamanı istifadə olunan orijinal rəngə mümkün qədər uyğun gələn rənglə boyanacaq. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur”.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Qurama Festivalına start verilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Şirvanşahlar Sarayında keçirilən tədbirdə dövlət rəsmiləri, Milli Məclisin üzvləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan qurama sənətkarları iştirak ediblər.

 

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Məclisin üzvü Fazil Mustafa və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev çıxış edərək festivalın əhəmiyyəti, Türk dünyasının qədim irsini yaşadan qurama sənətinin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb, festival iştirakçılarına uğurlar arzulayıblar.

 

Bildirilib ki, unudulmaq təhlükəsi yaşayan quramanın təbliğinə xidmət edən festivalın Bakı ilə yanaşı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini də əhatə edəcəyi nəzərdə tutulur. Beynəlxalq Qurama Festivalı çərçivəsində quramanın ekoloji təmiz tətbiqi sənət növü kimi əhəmiyyətinə həsr olunmuş beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, XX əsr təsviri sənətinin görkəmli nümayəndələrindən biri Vəcihə Səmədovanın 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimi olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə çıxış edən Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova rəssamın geniş mövzu dairəsini əhatə edən əsərlərinin tematika üzrə bölünmüş zallarda təqdim olunduğunu diqqətə çatdırıb.

 

O bildirib ki, sərginin ekspozisiyasına daxil olan mənzərə əsərlərində müəllifin canlı müşahidələri əsasında fırçaya aldığı Azərbaycan torpağının əsrarəngiz təbiəti, qeyri-adi gözəllikləri canlanır. "Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın rəngkarlıq və qrafika əsəri yer alır.

 

Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunu, Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədova seçilən dəst-xətə malik rəssam kimi özündən sonra dəyərli irs qoyub. Bolqarıstana yaradıcı səfərindən xatirə qalan əsərləri isə bu ölkənin təbiəti, memarlığı, insanlarına həsr olunmuş rəngarəng kompozisiyaları nümayiş etdirir.

 

Rəssamın “İmtahandan qabaq”, “Xəbər gözləyərkən”, “Kəşfiyyatçı qocalar”, “Azərbaycan toyu” və digər tematik tabloları mükəmməl kompozisiya həllinə malik olmaqla canlı hiss və duyğuların təsviri ilə fərqlənir. Qeyd edilən bədii həll prinsipi müəllifin 1950-1960-cı illər yaradıcılığına aid qrafik əsərləri üçün də xarakterikdir. 1961-ci ildə yaratdığı və sanki öz bədii-estetik axtarışlarının zirvəsinə çatdığı “Kürün sahilində” tablosu ekspozisiyada xüsusi yer tutur. Bu əsərdə o bir daha böyük kolorist-rəssam qabiliyyətini, istedadının qüdrətini, dəst-xətinin özəlliyini sübut edir. Multimedia vasitələrindən istifadə edilən sərgidə həmin tablonun vizuallaşdırılmış maraqlı təqdimatı da yer alıb. Vəcihə Səmədovanın sevimli ömür-gün yoldaşı, Azərbaycanın digər tanınmış təsviri sənət ustası Lətif Feyzullayevin fırçaya alınmış füsunkar obrazı, eyni zamanda, onun sənətkar kimliyi və yaradıcı dünyası haqqında videosorğu sərginin konsepsiyasına xüsusi məna çaları qatır", - deyə Ş.Məlikova əlavə edib.

 

Sərgidə nümayiş olunan tanınmış elm, sənət insanlarının obrazları, eləcə də rəssamın avtoportreti onlara xas individual aləmin özünəməxsus ifadəsi ilə seçildiyini vurğulayan Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı Səlhab Məmmədov deyib: "Ekspozisiyanın xüsusi hissəsini Vəcihə Səmədovanın özünü sənətkar kimi təsdiq etdiyi aparıcı janrlardan olan portret əsərləri təşkil edir. Burada, həmçinin savadlı, iradəli, öz gücünə güvənən müasir qadın xarakterlərindən görkəmli aktrisa “Leyla Bədirbəylinin portreti”, “Geoloq M.Məmmədbəylinin portreti”, “Memar Solmaz Səmədovanın portreti”, pambıqçı “Şamama Həsənovanın portreti” və digər portretlərdə dolğun şəkildə əksini tapıb".

 

Əməkdar incəsənət xadiminin nəvəsi Akşin Feyzullayev Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinə tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün minnətdarlığını bildirib. "Azərbaycan mədəniyyət ocağıdır. Nəticədə incəsənət və mədəniyyətimizdə dahi şəxsiyyətlər saysız-hesabsızdır. Onların xatirəsini əbədi olaraq yaşadan isə dövləti və xalqıdır. Bu gün Vəcihə Səmədovanın işığına toplaşıb, onun xatirəsini yad edirik. Mən düşünürəm ki, bu sahədə sənətsevərlərin rolu danılmaz faktdır".

 

Qeyd edək ki, sərgi noyabrın 25-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Çin Xalq Respublikasının Çindao şəhərində Asiya Mədəni İrs Alyansının (ACHA) 2-ci Baş Assambleyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı və mədəni irs sahəsində tanınmış ekspert Rizvan Bayramov təmsil edib.

 

Çinin Prezidenti Si Cinpinin təşəbbüsü ilə yaradılmış Alyansın ötən il keçirilmiş ilk Baş Assambleyasında ölkəmiz bu beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib.

 

Mədəniyyət Nazirliyinin ilk dəfə iştirak etdiyi 2-ci Baş Assambleya iştirakçıları əvvəlcə Çinin ənənəvi incəsənətində Pekin cərəyanı adlı sərgi ilə tanış olublar.

 

İclasda çıxış edən Şandon vilayətinin qubernator müavini Denq Yunfeng, Çindao şəhərinin meri Jao Haoji, ACHA Şurasının sədri, Çinin mədəniyyət və turizm nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri Li Çun, Tailand-Çin əməkdaşlıq şurasının sədri, Tailand Baş nazirinin keçmiş müavini Finij Yarusombat, Hondurasın mədəniyyət naziri xanım Qloria Annarella Velez Osejo, Mədəni İrsin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) direktoru xanım Aruna Franceska Maria Gujral, Şuranın Baş katibi, Kamboca Mədəniyyət və İncəsənət Nazirliyinin dövlət katibi Konq Vireak və digər yüksək səviyyəli rəsmilər açılış nitqi ilə çıxış ediblər.

 

İclasın gedişində cari gündəlikdə duran məsələlər, o cümlədən ötən dövr ərzində görülən işlərin hesabatı, 2024-2025 dövrü üçün Fəaliyyət Planları və s. məsələlər üzrə məruzələr dinlənilib.

 

Assambleya çərçivəsində Alyansın Elmi Şurasına seçkilər keçirilib, Azərbaycanın namizədliyini irəli sürdüyü ekspert Rizvan Bayramov komitənin üzvlüyünə seçilib.

 

Assambleya gündəliyi çərçivəsində müzakirə edilən digər önəmli məqam isə ölkələrin təqdim etdiyi layihələrin müzakirəsi idi. Müzakirələrin nəticəsində Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihənin təşkilat tərəfindən dəstəklənməsi qərarı ölkəmizin təşkilatla əməkdaşlığının genişlənməsi baxımından növbəti vacib uğuru olub.

 

Tədbirin sonunda Çindao Tövsiyələri adlı sənəd qəbul edilib.

 

İyunun 20-də Alyansın təşkilatçılığı ilə “Müstəmləkəçilik kontekstində çıxarılan mədəni obyektlərin mühafizəsi və qaytarılması” üzrə beynəlxalq konfrans öz işinə başlayıb. Çin Mədəni İrs Assosiasiyasının sədr müavini Xie Bing konfransda çıxış edib.

 

Konfransda Şandon Universitetinin prezidenti Li Sucai, Çinin Şandon vilayətinin vitse-qubernatoru Deng Yunfeng, Çindao şəhərinin vitse-meri Jao Yanın açılış nitqləri, Beynəlxalq Muzeylər Şurasının (ICOM) direktoru Emma Nardinin videomüraciəti dinlənilib.

 

Daha sonra ACHA Şurasının sədri, Çinin mədəniyyət və turizm nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri cənab Li Çun müstəmləkə kontekstində Asiyadan daşınmış mədəni irsə dair geniş təqdimat edib və təşkilatın bu istiqamətdə hədəflərindən danışıb.

 

Sonra Norveçin məşhur KODE Art muzeyindən Çinə qaytarılan mərmər fiqurlara dair film izlənilib. Mövzu üzrə təqdimatlarla Pekin Universitetinin professoru Li Kinq, Çikaqo Universitetinin professoru Lotar fon Falkenhausen, Kaliforniya (UCLA) Universitetinin professoru Donald Harper, Böyük Britaniyanın “The Art Loss Register” təşkilatının rəhbəri Olivia Vitney və digər tanınmış ekspertlər çıxış edib. Tədbirin sonunda iştirakçılara Çindao şəhərinin tarixi-mədəni irs obyektləri ilə ətraflı tanışlıq turu təşkil olunub.

 

Tədbir iyunun 20-də öz işini başa çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Cümə, 21 İyun 2024 16:32

Zarafat

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

 

Xeyrəddin Qoca səhər tezdən evini təmir edən ustaya zəng vuraraq zarafatla deyir:

-Usta, mənə iki milyon dollar lazımdır.

Usta yuxulu-yuxulu sanki həmin məbləğin bir hissəsini verəcəkmiş kimi, soruşur:

-Çox deyil?

Xeyrəddin Qoca dillənir:

-Yaxşı, milyon yarım olsun!

Usta zarafatı başa düşüb xeyli gülür...

 

Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Təranə Turan Rəhimli, şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün

 

Klaudia Piççinno zəngin italyan ruhunu hər çaları ilə bütün dünyaya sevdirən şairdir. O, ailə dəyərləri ən ümdə milli-mənəvi özəlliklərinin önündə gələn, dünya mədəniyyəti tarixinə böyük qatqısı olan, Dante, Rafael, Mikelancelo, Vuvaldi, Berlioz, Paqanini... kimi dahi sənətkarları şöhrətinə şöhrət qatan, əzəmətli keçmişinin bütün dünyaya səpələnən izləri ilə heyranlıq doğuran istiqanlı Avropa xalqının nümayəndəsidir. Və bütün mənəvi aləmiylə, sahib olduğu daxili zənginliklə mənsub olduğu millətin layiqlu övladıdır.

Klaudia Piççinnonunu Taranto şəhərində, İtaliyanın Pablo Neruda Mədəniyyət Mərkəzinin və KİBATEKin birlikdə düzənlədiyi 39-cu Uluslararası Ədəbiyyat Festivalının qala gecəsində tanıdım. İtaliya, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İraq, Hindistan, İrlandiya, Kanada, Rumınya, Hollandiya, Almanya, Albaniya, Belçika, Filippin, Çili, Bosniya-Hersoqovina ədəbiyyatçılarını, ziyalılarını İtaliyada bir araya gətirən festivalda beş gün ərzində tanıdığım yaradıcı insanlar, söz adamları məndə italyan mehribanlığının və milli-mədəni dəyərlərə sədaqətinin hüdudsuzluğu haqqında dərin təəssürat yaratmışdı. Ona görə də qarşımdakı bu gülərüzlü, xoş simalı, mehriban qadın əlində tutduğu kitablarını mənə təqdim edərkən ölkəmin ədəbiyyatını tanımaq, əlaqələrimizi davam etdirmək istəyini dilə gətirəndə bu ədəbi dostluğun uzun ömürlü olacağına bütün qəlbimlə inanmışdım. Klaudianın mənə bağışladığı kitablar italyan dilində olduğu üçün onları oxuya bilməmişdim (Bilirəm ki, o da mənim kitabımı əziz bir xatirə kimi saxlasa da, məzmunu ilə tanış ola bilməmişdi). Lakin zamanla onun ingilis, türk, rus dillərində oxuduğum şeirləri, eləcə də birgə iştirak etdiyimiz çoxsaylı beynəlxalq ədəbi layihələr, şeir müsabiqələri, festivallar mənə çağdaş italyan poeziyasının bu istedadlı nümayəndəsini daha yaxından tanıtdı və sevdirdi. Beləcə təməli ədəbiyyatla, şeirlə başlayan dostluğumuz bu günlərə gəldi. Bir-birini şeirindən, sözündən, sənət sevgisindən tanıdıq, bir-birinin əsərlərini tərcümə etdik, ölkələrimizdə dərc etdirdik, tanıtdıq. İtaliyada nəşr edilən “Ho amato persino la pietra” (“Məndə daşa da sevgi var”) adlı şeirlər kitabım Klaudianın tərcüməçi əməyi sayəsində ərsəyə gəldi. Dəfələrlə Avropanın “Mugella”, “Ossi de Seppia”, “Galaktika Poetike Atunis” və başqa nüfuzlu beynəlxalq poeziya layihələrinin birlikdə iştirakçısı, qalibləri olduq. Beləcə sənət əlaqələrinin yaradıcı şəxslərin həyatında nə qədər önəmli olduğuna dönə-dönə əmin olduq. Dünyanı bizim şair qəlblərimizin, söz dünyamızın xilas edəcəyinə inandıq... inanırıq...

Klaudia Piççinno beynəlxalq ədəbi mühitdə çağdaş italyan ədəbiyyatını ən fəail şəkildə tanıdan, ölkəsinin söz sənəti haqqında dolğun təsəvvür formalaşdıran şairlərdəndir. Dünya ədəbi əlaqələrinə böyük töhfələri yalnız onun öz əsərlərinin təbliği – İtaliya, Fransa, Polşa, Türkiyə, Serbiya, Makedoniya, Almaniya, Səudiyyə Ərəbistanı, Rumıniya, Albaniya və İspaniyada 2016-2023-cü illər ərzində nəşr edilən kitabları ilə məhdudlaşmır. O, həm də çoxsaylı beynəlxalq şeir antologiyalarının tərtibçisi və naşiri, uluslararası ədəbi mükafatların münsiflər heyətinin üzvü kimi xidmətləri ilə çağdaş dünya poeziyasının ən istedadlı simalarını tanıtmağa nail olub. İtalyan dilinə tərcümə etdiyi, ölkəsində nəşrinə əmək verdiyi onlarla kitab şair-tərcüməçi istedadı ilə yanaşı, yorulmaz bir sənət sevgisinin bariz örnəyidir. Ərəb şairləri Raed Aljişinin “Qanlı qağayılar”, “Yaddaşın genezisi”, Ali Al Hazminin “Döyməli kəpənək”, türk şairləri Hilal Karahanın “Gecənin küncündə”, Osman Öztürkün “Mənim adam”, Mesut Şenolun “Xəyalımız gerçəkləşsin”, serb şairləri Militsa Liliçin “Penelopanın andı”, Maja Herman Sekuliçin “Böyük layihə”, rumın şairi Nikulina Opreanın “Yalnız mən və kölgəm”, Kubalı şair Yuray Tolentino Hevianın “Qapılar, balerolar və küllər”, alman şairi Gino Leineveberin “Bunlar hamısı gerçəkdir”, bu sətirlərin müəllifinin “Məndə daşa da sevgi var”” kitablarının italiyan dilinə tərcüməsi və İtaliyada nəşri Klaudia Piççinnonun dünya ədəbi əlaqələrinə önəmli bir qatqısıdır.

Klaudianın özünəməxsus poetik dünyası, yaradıllışa, reallığa, hadisələrə fərdi, orijinal sənətkar münasibəti var. Onun bir-birindən fərqli mövzulara müraciət etməsi, sənətdə özünü təkrarlamaması da bu orijinallıqdan irəli gəlir. Şairin poetik “mən”i siyasi xaoslar içində boğulan dünya üçün, müharibələrin məngənəsində sıxılan ölkələr, qarışıq sferası ilə həyəcan təbili çalan cəmiyyət üçün daim narahatdır. Elə buna görə də Klaudianın şeirlərində onun öz şəxsi yaşantıları, duyğular aləminin təsvirindən daha çox dünyanı dərkə yönəlmiş bədii ifadə tərzi ilə qarşılaşırıq. Sevgidən, məhrəm duyğulardan yazdığı şeirlər belə sonda bəşəri məzmunla birləşir. Klaudianın Azərbaycan dilində ilk kitabı olan “Səssiz haray” bütün poetik mahiyyəti ilə bu fikri təsdiqləyir.

Şair yer üzündə ədalətin bərqərar olmasını, insanlıq qanunlarının bütün idarəetmə qanunları üzərində hökmranlıq etməsini, rəhbərlərin dəyrimi masasında sülh və əmin-amanlığın daimi bir məsələ olmasını arzulayır. Bir şeirində o, bütün insanlığa inananlar adından sülh üçün “yalvarır”:

 

Sülh və əmin-amanlıq –

budur mənim

dua etdiyim pərilər,

Oğlumun sabah hər kəsin

gözündə sülhü görməsi,

Yer üzündə,

insanlığın təbii krallığında

bəxtəvər ömür sürməsi.

 

(“Sülh üçün yalvarıram”)

 

İnsanlıq, humanizm, hər cür saxtakarlıqdan və xeyirxahlıq nümayişindən uzaq ədalət duyğusu Klaudia Piççinnonun şeirlərində bəşəriyyətin ən çox ehtiyac duyduğu keyfiyyətlər kimi davamlı olaraq dilə gətirilir. O, ədalətli cəmiyyətdə nə qaçqın düşərgələrinə, nə də siyasi sığınacaqlara yer olmadığını düşünür. Buna görə də qaçqın düşərgələrini insana mərhəmət adı altında saxtakarlıq kimi görür, “sivil Avropanın ölümcül ixtirası” adlandırır:

 

Getməkmi çətin, qalmaqmı?

Yoxsa geri qayıtmaqmı?

Sivil Avropanın

ölümcül ixtirası:

Qaçqın düşərgələri –

Öyrəşdirmək üçün hamımızı

Diasporasına quzuların,

Duyğusuzluğuna qalın qafalarımızın,

Misli-bərabəri görünməyən cəsarətinə

İtirənlərin.

 

“İtirənlərin cəsarəti”

 

Şair müharibənin Avropanı yıxıb keçdiyi bir vaxtda İngilis Kindertransportun rüzgar qatarına gecikən, yollarda əsir-yesir qalan üç məsum uşağın taleyindən bəhs edir. Şeirdə təkcə hər şeyə laqeyd savaş ab-havasında “kömək üçün uzanmayan əllərin ciblərdə olması”, heç kimə fərq qoymayan “keşikçi çubuğu”, yoxsulluq, aclıq və xəstəlik gətirən müharibə fəlakətinin yaratdığı biganəlik tənqid olunmur. Həm də itirənlərin cəsarətinə – müharibə uşaqları İsmayıl, İkram və Əzizin misli-bərabəri görünməyən cəsurluğuna, sağ qalmaq uğrunda həyatla təkbaşına mübarizədə qorxmazlığına insanlığın öyrəşməyi, vərdiş etməyi də tənqid edilir.

Klaudia Piççinnonun şeirləri italyan tarixinin və milli mədəniyyətinin etibarlı poetik yaddaşıdır. “Sabbiuno düzü abidəsində” şeirində şair Bolonya tarixinə səyahət edir. 1944-cü ilin Sabbiuno di Paderno qırğınında nasist-faşistlər tərəfindən güllələnmiş 100-ə yaxın partizan və siyasi məhbusun unudulmaz xatirəsini əbədiləşdirən məşhur abidəni xatırladır. Təpə boyunca sıralanan daşlar səltənəti – Sabbuino abidəsi... Adları 53 qaya daşı üzərinə həkk olunan İtaliya şəhidlərinin və kimliyi məlum olmayan qırx yeddi şəhidin xatirəsinə 54-cü daşın qoyulduğu məşhur abidə... Klaudia Piççinno bu abidədəki 34 ada, 1944-cü ilin 14 oktyabrında güllələnən şəhidlərə diqqəti çəkir:

 

Apardım oraya şagirdlərimi,

Sabbiuno düzü abidəsinə,

Çətin gündə əllərimizdən tutan

O 34 adı oxumaq üçün.

 

Məqsəd italyanların qəhrəman keçmişini, 34 şəhidin adını yeni nəslə tanıtmaq olsa da, şair onların 36 nəfər olduğunu, biri polyak, digəri alman olan iki şəhidin sənədləri tapılmadığı üçün adlarının tarixdə qalmadığını xatırladır. Şair böyük bir məktəb olan ölkənin bu günkü azadlıq və xoşbəxtliyində xidməti olan bütün insanları sevgi və ehtiramla yad edir.

Klaudianın şeirlərinin hərəsi bir ovqatın məhsuludur. Və bu şeirlərdə həmin ovqatın təbiiliyinə sədaqət, duyğuların obyektinə sevgi və dərin ehtiram var. Bəzən bu ehtiram böyük alim Pifaqora, italyan şeirinin atası Dante Aligeriyə, bəzən də heç kimin tanımadığı outizmli uşaq Davuda, limandakı kimsəsiz qızcığaz Nevala, müharibə qurbanları İsmayıl, Əziz, İkrama.. ünvanlanır. Oxucu şairin italyan tarixi və mədəniyyətinin görkəmli şəxsiyyətinə qarşı heyranlıq və rəğbəti ilə yanaşı, “bir bütünü görməməkçün parçalarına düşən” outizmli uşağa da həssas və sevgi dolu sənətkar münasibətini müşahidə edir:

 

Sən mənimçün bir diaqnoz deyilsən,

Fərqli biri, ya genetik bir memarılıq

qüsuru da deyilsən.

Bir diqqətsizlik əsəri,

Erkən və ya geçikmiş bir müdaxilə,

Yanlış bir beyin şəkli,

pozulmuş bir spektrum deyilsən.

 

“Davud sənin adın”

 

Şair üçün outizmli Davud sadəcə “detalları sevən uşaq”dır. Əslində ona bu şəkildə yanaşmaq – outizmli uşağı bir diaqnoz, genetik xəta kimi görməməyin özü ali varlıq olan insanı real durumuyla qəbul etməkdir, onu konkret bir çərşivəyə salan, həyatını məhdudlaşdıran baryerləri, sərhədləri yıxmaqdır. Klaudia Piççinno Davudu (Davudları!) “bir otağa həbs edən məsafəni qısaltmaqçun dərinə enməyə” hazırdır.

Klaudianın poeziyasında insanın özü bir şeirdir, və bu “şeir-insanın” da öz şeiri var. Həyatın ritmi həmin şeirdə döyünür. “B” planı düşünmədən yaşayan, azad ruhu öz arzusuna görə yolunu tapan, xain mərmi düşüncələrə qəlbinin qapıları bağlı olan, saxta təriflərdən uzaq, yalnız güvənc və hörmətin qədir-qiymətini bilən şair o şeirlə həyata tutunur. Adəmlə Həvvanın itirilmiş cənnətindən səsi gələn şeirin sehri, əfsunu isə Klaudia Piççinonun səssiz harayını hələ çox-çox uzaqlara aparacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə akademik Nizami Cəfərovun Azər Turanın "Alp Ər Tonqa" kitabı barədə qeydlərini təqdim edəcəyik. 

 

Azər Turanın "Alp Ər Tonqa" kitabı Atatürk Mərkəzi tərəfindən nəşrə hazırlanıb. Akademik, Millət vəkili Nizami Cəfərovun kitaba yazdığı Ön sözü təqdim edirik.

 

Azər Turan Azərbaycanın müstəqillik dövründə yetişmiş o görkəmli ziyalılardandır ki, keçən əsrin sonlarından başlayan ideyalı, xüsusi  üslubi imkanları ilə seçilən və kifayət qədər məhsuldar yaradıcılığı milli dəyərlərimizin aşkarlanması, dərin tarixi kökləri, əhatəsi ilə bir yerdə analitik təhlili və milli-tarixi (etnik) yaddaşın bərpası işinə xidmət edir. Gəncliyində yeni (və ən yeni) dövrün hadisələri ilə maraqlanan tədqiqatçı-mütəfəkkirin tədricən tarixin daha qədim qatlarına nüfuz etməsi ona görə təbii sayılmalıdır ki, Azər Turan nə üzərində düşünürsə-düşünsün, onun məqsədi mənsub olduğu milləti, sözün həqiqi mənasında, millət edən strateji əlamətləri, epik miqyası mümkün qədər mükəmməl bir sistem halında ortaya çıxarıb onun intellektual istifadəsinə verməkdir.

Hər bir xalqın etnik-mədəni tarixinin əsasları ən mükəmməl şəkildə onun daxili mənəvi tələbatının təsiri ilə müxtəlif süjetlər, epizodlar və qəhrəmanlar törətməyə qadir olan Eposunda təzahür etdiyindən, hansısa səbəblərə görə həmin epos stixiyası  (və nəticə etibarilə etnik-mədəni tarixi!) zədələnmiş xalqlar bu və ya digər dərəcədə elmi tarix yaratmaq qabiliyyətlərini də itirirlər. Təsadüfi deyil ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində - milli özünüdərk enerjisinin qarşısıalınmaz bir vüsətlə özünü göstərdiyi illərdə türk xalqları öz böyük şəxsiyyətlərinin simasında "biz kimik", "kimlərdən ibarətik" kimi zəruri olduğu qədər də xeyli gecikmiş suallara cavab axtararkən, ilk növbədə, epik yaddaşının epizodikliyi üzündən son dərəcə ciddi tərəddüdlər keçirdilər. Və etiraf etmək lazımdır ki, həmin epizodiklik, əslində, türk xalqlarının, demək olar ki, hamısının öz epik keçmişinə əsasən dini, siyasi (bunun ardınca isə mənəvi!) müstəmləkəçilikdən irəli gələn laübalı və ya laqeyd münasibəti onların elmi tarixini biri digərini inkar edən hər cür saxtakarlıqlarla doldurmuşdur ki, bu xaosdan ən etibarlı çıxış yolunun yenə də yalnız epos yaddaşının bərpası olduğu, əlbəttə, şübhə doğurmamalıdır. Xüsusilə, ona görə ki, türk, o cümlədən də, Azərbaycan tarixini yağmalamağa çalışanların bir "metod"u həmin yaddaşı ziddiyyətli məlumatlarla "simasızlaşdırmaq"dırsa, ikinci (və daha təcavüzkar) "metod"u yad epos təfəkkürü texnologiyalarını xalqa təlqin etməkdir. Azər Turanın da kəskin tənqid hədəfinə çevrilmiş belə cəhdlərdən ən əsası odur ki, akademik İqrar Əliyev uzun illər ərzində Azərbaycan tarixinə "Avesta" (İran eposu) ideyalarını elə bir "səy"lə (mən burada onun türklər haqqında işlətmiş olduğu məsuliyyətsiz ifadələrindən birini işlətmək istəmirdim, ancaq məcburam deyəm ki, əsl həyasızlıq, əslində budur) yeritmişdi ki, bu tarixdə xalqın öz eposuna - "Dədə Qorqud"a yer qalmamış, nəticədə etnosun həqiqi qəhrəmanları "gəlmə köçərilər" elan edilərək tarixin mənfi personajları qələminə verilmişlər.

Azər Turanın "Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)" kitabı həcmcə elə də böyük olmasa da, əhatə etdiyi məsələlərin genişliyinə, ehtiva olunan fakt, mülahizə və mövqelərin rəngarəngliyinə, ən başlıcası isə, əsaslandığı elmi-metodoloji prinsiplərin mükəmməlliyinə görə kifayət qədər fundamental əsərdir. Və bu daxili fundamentallıq özünü, hər şeydən əvvəl, onda göstərir ki, müəllif nə ayrı-ayrı rəqəmlərin dəqiqləşdirilməsinə, nə bu və ya digər coğrafi koordinatın ora-bura çəkilməsinə, nə də etimoloji janqlyorluğa meyil göstərmədən, birbaşa mötəbər  epik miqyaslarla işləməyə üstünlük verir: qədim (ümum) türk eposu "Oğuz kağan" - Herodotun "Tarix"i - Firdovsinin "Şahnamə"si - "Oğuznamə"lər xətt-xronologiyası ilə Madiva - Franxrasyan - Madyes - Əfrasiyab - Alp Ər Tonqanın tərcümeyi-halını elə panoramlı ölçülərlə bərpa edir ki, tarixdə möhtəşəm rol oynamış bütöv (və hər cəhətdən əzəmətli!) bir Etnosun bioqrafiyası dövrdən-dövrə təhrif olunmuş şəkildə yox, necə varsa, elə görünməyə başlayır. Mahiyyətcə, epos mənşəli "Avesta", "Tövrat" kimi bu və ya digər etnosun maraqlarını əks etdirən dini-ideoloji əsərlərə gəldikdə isə, Azər Turan onları da diqqətdən kənarda saxlamır. "Tövrat"a Nuhdan başlayan şəcərənin konteksti olaraq (əgər belə demək mümkünsə, problemin "tarixəqədər"ki dövrünə aid "neytral" mənbə timsalında) baxırsa, "Avesta"nı, əksinə, aşırı İran təəssübkeşliyi ilə Alp Ər Tonqaya (və Turana) qarşı etnik-ideoloji cəbhə açan "konyuktur" əsər hesab edir. Və həmin münasibətin nəinki min beş yüz il sonra İslam kimi qüdrətli bir dinin əhəmiyyətli redaktəsinə məruz qalmadan bütün aqressivliyi ilə "Şahnamə"də təzahürü, hətta ondan da min il sonra "Azərbaycan tarixi" çoxcildliyinin birinci cildinə (Bakı, "Elm", 1998) təcavüzü göstərir ki, türk, o cümlədən, Azərbaycan ziyalıları sadəlövhcəsinə bu cür təzahür (və təcavüz)lərin bitdiyini gözləməməlidirlər.

"Türkün atası"nda Azər Turan dramatik-analitik üslubuna (təhkiyəsinə) sadiq qalaraq vaxtaşırı ritorik suallar verir, istinad etdiyi milli epos məntiqi ilə cəmiyyəti bu suallar üzərində (və tələb olunan epik miqyaslarda!) düşünməyə, illərlə, əsrlərlə ona təqdim olunmuş "Tarix"ə milləti millət edən qürurlu metodoloji mövqedən baxmağa çağırır ki, həmin mövqe, ilk növbədə, milli Eposa əsaslanır. Odur ki, kitabda Alp Ər Tonqanın (onun özünün, ailəsinin, törəmələrinin) tərcümeyi-halı "türkün çətiri" (Əl Biruni) kimi açılaraq Millətin bioqrafiyasına (milli Tarixə) çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə rubrikamda Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti, 2009-cu ildə isə Nobel Sülh mükafatçısı olmuş, akademik, hüquqşünas, memuarçı Barak Obamadır.

 

“Oxumaq vacibdir. Oxumağı bilirsənsə, bütün dünya sənin üzünə açılır”

Barak Obama

 

Qeydlər:

Məqdəsimiz kitabı daha çox sevdirmək, mütaliəni daha da artırmaqdır...

Onlar oxumaqla zirvələrə ucaldı...

Bəs biz kifayət qədər oxuyuruqmu?

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.