Super User
Hədsiz uğurlu olmaqçün fasilələr seçməyi bacarmalısınız - Uğura doğru kreativ irəliləmənin Xakamada yolu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).
Gəlin bunlara diqqət yetirək:
9.Hədsiz uğurlu olmaqçün fasilələr seçməyi bacarmalısınız. Bəzən hiss edirsiniz ki, bir yerdə dayanmısınız. Bu o deməkdir ki, öz potensialınızı xərcləmisiniz, beyninizi «cari məsələlərlə» doldurmusunuz. Belə vəziyyətdə pauza götürmək, necə deyərlər, «valı dəyişmək» lazımdır. Bağa getmək, kitab oxumaq, tam gərginlikdən çıxmaq lazımdır. Təklik çox faydalıdır. Bax belə bir pauza prosesində siz düzgün yolu seçə bilərsiniz.
Bu isə öncəki gün paylaşdığımdır:
1.
Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
2.
Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.
3.
Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.
4.
Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.
Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.
5.
Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.
6.
İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli, klassik ədəbiyyatı oxumalısınız.
7.
İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.
8.
Əgər siz sonsuz dərəcədə varlısınızsa, amma həm də qulsunuzsa, xoşbəxtlik duyğularınız itəcək. Amma siz tam azad şəkildə karyera üstünlükləri qazanmısınızsa bundan həzz duyacaqsınız. Karyera xoşbəxtliyinin bax belə bir metodikası var: drayv, kayf və karyera.
Bazar ertəsi davamı olacaq.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
İrəvan şəhərindəki azərbaycanlılara məxsus maddi-mədəni irs və onun aqibəti - NAZİM MUSTAFA
“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün
tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafanın “İrəvan şəhərindəki azərbaycanlılara məxsus maddi-mədəni irs və onun aqibəti” məqaləsi təqdim ediləcək.
Bu məqalədə İrəvan şəhərinin tarixi coğrafiyasına, onun etnik mənzərəsinə və şəhərdə mövcud olmuş maddi-mədəni irsimizin aqibətinə nəzər salınır.
Hər hansı arealda, hansısa xalqa məxsus maddi-mədəni irs qatının formalaşması üçün əsrlər, bəlkə də, minillər lazım gəlir. İrəvan şəhəri bütün yönləri ilə azərbaycanlıların zəngin maddi-mədəni irsinin formalaşdığı qədim Azərbaycan şəhərlərindən biridir.
2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə İrəvanın tarixi Azərbaycan şəhəri olması haqqında fikirlərini bir daha diqqətə çatdırmış və şəhərin azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin ermənilər tərəfindən dağıdıldığını bildirmişdir. Prezidenti İlham Əliyev İrəvan şəhərinin tarixi mərkəzinin aqibəti haqqında demişdir: "İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə – Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb".
İrəvan şəhərinin tarixi keçmişinə qısa ekskursiya etdikdə məlum olur ki, İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif dövrlərdə Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir.
Coğrafi mövqeyinə görə İrəvan şəhəri 40°08' şimal en dairəsi və 44°10' şərq uzunluğunda, Ağrı vadisinin şimal-şərq hissəsində yerləşir. Dəniz səviyyəsindən təqribən 900-1000 metr yüksəklikdə salınan İrəvan şəhəri hər tərəfdən bağlarla əhatə olunmuşdur.
Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmış, 1936-cı ildə Yerevan adlandırılmışdır.
Erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adının Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Lakin Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan əlaqəsi olmuşdur. Qədim yaşayış məntəqəsi olan, orta əsrlərdən şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə, 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlı təpəni də şəhərətrafı əraziyə daxil etmişlər. Urartulular dövrünə aid tapılan mixi yazılardan aydın olmuşdur ki, e.ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır [2, 423].
İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. Urartuluların süqutundan ərəb xilafətinin bərqərar olmasınadək keçən təqribən 1200 il ərzində heç bir mənbədə bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi obyektiv erməni tarixçiləri də etiraf edirlər.
İrəvan şəhəri bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir. Yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhər eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur.
Zəngi (indi Hrazdan adlandırırlar) və Gedər çaylarının arasında yerləşən İrəvan şəhəri orta əsrlərdə şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə, cənub və cənub-qərb tərəfdən isə əkinə yararlı vadi ilə əhatə olunmuşdu. İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. Coğrafi baxımdan strateji əhəmiyyət kəsb etdiyi üçün İrəvan şəhəri daim müharibələr meydanına çevrilmiş, dəfələrlə əldən-ələ keçmişdir. Müharibələr və zəlzələlər nəticəsində böyük dağıntılara məruz qalan şəhər hər dəfə qısa müddətdə yenidən bərpa edilmişdir. Çox məşhur olan İrəvan qalası və bağları şəhərə gələn bütün səyyahların diqqət mərkəzində olmuş, onlar haqqında geniş məlumatlar verilmişdir.
Quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri olduqca münbit və bərəkətli torpaqlarla əhatə olunmuşdur. Məşhur İrəvan bağları və bostanları İrəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri kanallarla suvarılmışdır. Zəngi çayından şəhərdəki və ətrafdakı bağları suvarmaq üçün 4 kanal – Mamrə, Abuhəyat, Dəlmə və Təzəkənd kanalları çəkilmişdi.Şəhərin cənubundakı bağlar isə (Qırxbulaq) çayından çəkilən kanal və arxlarla suvarılırdı. İrəvan torpaqlarından ildə 2-3 dəfə məhsul götürülürdü. XX əsrin əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən – Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər (Qırxbulaq) çayının şəhər bağlarından keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi. XX əsrin əvvəlində İrəvandan təqribən 19 km uzaqlıqda Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində şəhərin imkanlı azərbaycanlılarının müstəsna xidmətləri olmuşdu.
Xanlıqlar dövründə İrəvan şəhəri dörd kvartaldan – Qala, Şəhər (Şəhri), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olmuşdur. Sayca çox az olan ermənilər yalnız şəhərin ətrafındakı bəzi qəsəbələrdə yaşayırdılar. Şəhər (Şəhri) massivi İrəvanın ən qədim hissəsi olmuşdur. Şəhərin qərbində yerləşən Təpəbaşı massivində (hazırda Kond adlanır) Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailəsi (boşalar) məskunlaşmışdı. Təpəbaşı massivini Şəhər massivindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Şəhərin cənubunda yerləşən Dəmirbulaq massivində (hazırda Karanki Tağ adlanır) yalnız azərbaycanlılar yaşayırdılar.
Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdi.
Fransız səyyahı Jan Şardən "Parisdən İsfahana səyahət" əsərində 1673-cü ildə İrəvanda gördüklərini geniş şəkildə təsvir etmişdir. İrəvan qalasını, Xan sarayını təsvir edən Şardən yazır ki, təxminən 800 evdən ibarət olan qala kiçik bir şəhərdən böyükdür, orada ancaq təmizqanlı səfəvilər yaşayırlar. Təmizqanlı səfəvilər dedikdə müəllif İrəvanın şiə məzhəbli türk qızılbaş əhalisini nəzərdə tuturdu.
Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 250 ildən artıq bircə dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.
İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur.
Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.
Şəhərin mərkəzi hissəsində Böyük Meydan adlanan 400x400 m ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi Pənah xan meydanı adlanırdı. Hazırda bu meydan Saxarov meydanı adlanır. Zal xan meydanı isə hazırda Şarl Aznavur meydanı adlanır.
İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim (sonuncu İrəvan xanının qardaşı Həsən xanın qızı), Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Hazırda İrəvanın mərkəzindəki Respublika meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, muğamat məclislərinin keçirilməsi üçün xüsusi otaq ayrılmışdı.
XIX əsrin sonları, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.
Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox-çox uzaqlara yayılmışdı. İrəvan bağlarının bəzi məhsulları qurudulmuş şəkildə Avropaya ixrac edilirdi.
Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanları şəhərin ən böyük dəyirmanları olmuşdur.
Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Rəcəb paşa, Şah Abbas, Təpəbaşı, Zal xan (yaxud Şəhər), Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İmamverdi məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır. Cənubi Qafqazın ən böyük məscidi olan Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz məqsədinə xidmət edirdi, hazırda həmin məscid də yer üzündən silinmiş, onun yerində hündürmərtəbəli bina ücaldılmışdır. Şəhərdə məscidlərlə yanaşı mövcud olan Poğos-Petros və Katoğke kilsələri vaxtilə xristian missionerlərinin vəsaiti hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınını təmin etməkdən ibarət idi.
Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etdi, əksinə, həm Azərbaycan Respublikasının ərazilərini işğal etməyə davam etdi, həm də keçmiş İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətini davam etdirdi.
XX əsrin əvvəllərinədək İrəvan qalası, onun içərisində yerləşən Xan sarayı, Abbas Mirzə məscidi şəhərin tarixi-memarlıq incilərindən hesab olunurdu. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. 1924-cü ildə Aleksandr Tamanyanın rəhbərliyi ilə İrəvanın baş planı hazırlanmışdır. Həmin plan Köhnə şəhər hissəsindən başlayaraq həyata keçirilməyə başlanmışdır. Sovet hakimiyyəti illərində şəhərdə mövcud olan, azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələri bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər. Ermənilər İrəvanda XIX əsrin əvvəllərindən etibarən məskunlaşdıqları üçün erməni məhəllələri azərbaycanlı məhəllələrini üzük qaşı kimi əhatələmişdi. XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələrin əksəriyyəti mövcudluğunu qoruyub saxlayırdı. 50-60-cı illərdə azərbaycanlıların kompakt yaşadıqları məhəllələri, Təpəbaşı məhəlləsindəki azərbaycanlı qəbiristanını yeni inzibati binalar inşa etmək bəhanəsilə yerlə-yeksan etdilər.
İrəvan şəhərinin rekonstruksiyası, əslində, azərbaycanlıların izini silməyə xidmət edirdi. Bunun nəticəsidir ki, İrəvan şəhərində Göy məsciddən savayı, bu gün yaşı 250 ildən yuxarı bircə dənə də olsun tarixi-memarlıq abidəsi qalmamışdır.
1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin İrəvandakı "Edelson" mətbəəsində "İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitabçası" çap edilmişdir. Həmin kitabda göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir.
Ermənistan hökuməti 2007-ci ildə ölkə ərazisində dini və milli azlıqlara məxsus olan və Ermənistan hökuməti tərəfindən qorunan məbədlərin və tarixi abidələrin siyahısını Avropa Şurasına təqdim etmişdir. Həmin siyahıya Mesrop Maştos küçəsi-12 ünvanında yerləşən Göy məscidin və Xorhrdarani küçəsi-40 ünvanında yerləşən məscidlərin adları daxil edilmişdir. Qeyd edilən siyahıda Göy məscid İran məscidi kimi təqdim edilmiş, Abbas Mirzə məscidinin isə qəfəsinin (skeletinin) qorunduğu qeyd edilmişdir. Halbuki təqdim etdiyimiz şəkildən də göründüyü kimi, hazırda Sərdar məscid-kompleksindən yalnız onun bir divarının 2-3 metr enində, 3-4 metr hündürlüyündə kiçik bir parçası qalmışdı. Həmin ərazidə "Qlendale Hills" tikinti şirkəti 14 mərtəbəli, 18 bloklu yaşayış kompleksi inşa etmişdir. 2014-cü ilin payızında erməni vandalları bir gecənin içində Sərdar məscidinin qalıqlarını da yox etmişlər.
1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li Azərbaycan məktəbinin binasını yandırmışdılar.
Ermənilər İrəvandakı ibadətə açıq olan yeganə Dəmirbulaq məscidini sökmək üçün mitinqlərin birində şayiə yaymışlar ki, guya azərbaycanlılar Bakıda erməni kilsəsini sökmüşlər. Bakıda söküldüyü söylənilən erməni kilsəsinin əvəzini çıxmaq üçün mitinq iştirakçılarını qızışdıraraq Dəmirbulaq məscidini sökməyə göndərmişdilər. Üç gün ərzində erməni vandalları Allahın ibadət yerini yerlə-yeksan etmişdilər.
1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra 1932-ci ildən qapıları ibadətçilərin üzünə bağlanan Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. Əvvəlcə məsdid kompleksində yerləşən Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən, İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın "Bünyad-e Müstəzəfan və Canbazan" (Müharibə veteranları və şəhidlər") xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırıldı. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdı. Göy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdi. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara "fars məscidi" kimi təqdim edirlər. 2015-ci ildə Göy məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq İran İslam Respublikasının 99 illiyinə Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil verilmişdi.
Bütün bunlar həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irsinə olan düşmən münasibətinin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə ritorik sual səsləndirdi: "İndi göstərin görək İrəvanın tarixi mərkəzi haradır?" Cavabını da özü verdi: "Bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb".
2003-cü ildə İrəvanın Mərkəzi Respublika Meydanında aparılan qazıntı zamanı Zal xan hamamının və qədim karvansaranın qalıqları meydana çıxdı. Tələsik üstünü örtdülər ki, bu tikililərin bizlərə məxsus olduğu aşkarlanmasın.Təpəbaşı məhəlləsindəki izimizi silmək üçün Ermənistan hökuməti hazırda xarici investorları cəlb etməklə yeni proqram həyata keçirir.
2022-ci ilin iyul ayında Azərbaycanın 102 nəfər elm və ictimaiyyət xadimi İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə şəhərin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllələrdə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasına və onların xüsusi qorunma altına alınmasına kömək göstərilməsi xahiş edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Qarabağ münaqişəsi həll olunandan sonra indi qarşıda duran əsas məsələnin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin olduğunu, bu konsepsiyanın sülhsevər konsepsiya olacağını, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaların əsasında öz hüququmuzu tələb etməli olduğumuzu, bu işə beynəlxalq hüquqşünasların cəlb edilməli olduğunu bildirdi.
Prezident İlham Əliyev Qərbi Azərbaycanda, o cümlədən də İrəvan şəhərində dağıdılan irsimiz haqqında və Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələr barəsində də öz fikirlərini ifadə etmişdir. Dövlətimizim başçısı demişdir: "Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Məsələn, indi bunu artıq dünyada da bilməyə başlayırlar və sual olunur, – bu sualı biz qoymuşuq, Azərbaycan nümayəndələri, bu məsələ ilə məşğul olan insanlar qoyublar, – indi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Haradadır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir. Haradadır bunun tarixi mərkəzi?
Dövlətimizin başçısının tapşırığı əsasında Qərbi Azərbaycan İcmasının Azərbaycan, ingilis, rus və ispan dillərində saytı yaradılıb. Prezident Kitabxanasında Azərbaycan və rus dillərində Qərbi Azərbaycan elektron kitabxanası yaradılıb. Bir sıra sənədli filmlər istehsal edilib, virtual sərgilər təşkil edilib. Bütün bunlar İrəvanın qədim azərbaycanlı şəhər olmasını nümayiş etdirməyə xidmət edir. Ermənilər də tədricən bu reallığı qəbul etməyə başlamışlar. Bəzi erməni memarları bugünkü İrəvan şəhərinin 100 illik yubileyini qeyd etmək üçün çağırış edirlər. Onlar hesab edirlər ki, bugünkü İrəvan şəhəri 1924-cü ildən etibarən formalaşıb.
Azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınları, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyaları İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. rəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izlərini silən, ardınca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail olan ermənilər indi də tarix kitablarından, dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar.
Ermənilərin mövqeyi belədir ki, İrəvan ərazisində mövcud olan və bu günədək gəlib çatan azərbaycanlılara məxsus abidələr tarixi saxtalaşdırmaq yolu ilə qoy "fars", "türkmən", "monqol" abidəsi adlandırılsın, bununla da həmin abidələrin əsl sahiblərinin kimlər olduğu ört-basdır edilsin.
İndiki Ermənistan – Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus tarix-memarlıq abidələrinin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və yaxud özününkiüləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır.
Qapaq şəklində İrəvandakı Göy Məscid. İç şəkildə Sərdar Məscidinin 2012-ci ildə divarları.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Barbara Vansın uşaq şeiri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir. Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.
Bu gün tanış olacağınız şeir Barbara Vansa aiddir. O, Amerika şairidir.
Barbara Vans
(1971)
ABŞ
Qar dənəsi
Qar yağanda yuxarı bax,
Gözün olsun göy üzündə.
Düşüb narın qar dənəsi
Öpər sənin üz-gözündən.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
Gəncə ETERNO qrupunu coşqu ilə qarşıladı
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yenilikləri sıralamaqdadır. Bu dəfə yeni yaradılmış ETERNO qrupunun təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, konsert proqramında müasir janrlarda musiqilər (Rock, Rep, Pop) və xalq mahnıları mix olaraq səsləndirilib.
Qrup Gəncə gəncləri tərəfindən hərarətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
Şəhidlər barədə şeirlər – XANSU QURBANOV
“Ədəbiyyat və incəsənət” portalı bu gündən etibarən gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə esse və şeirlərini təqdim edir.
Şəhid Xansu Qurbanov
Qurbanov Xansu Elsevər oğlu 2000-ci il sentyabrın 23-də Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci il oktyabrın 1-dən 2020-ci ilin martın 1-nə kimi Naxçıvan şəhərində N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq orduda qalıb. Kəşfiyyatçı olaraq hərbi təlimlərə davam edib. Xansu 2020-ci ilin oktyabrın 6-da Qarabağa yola düşən ilk könüllülərin cərgəsinə qatılır.
Naxçıvandan Bakıya, oradan da cəbhə bölgəsinə yola düşməmişdən qabaq bəzi əşyalarını götürmək üçün iki günlüyə evə gəlir, anası, bacıları ilə vidalaşır. Anasının sözüylə desək sanki vəsiyyətini edir:
-“Ana, mən gedirəm. Hər şey ola bilər, şəhid ola bilərəm. Nə olur olsun, sən ağlama… Onu bil ki, sən ağlasan, sanki mənim qol-qıçımı qırıb yenidən tabuta yığırsan. Sevin ki, mən Qarabağı azad etməyə gedirəm...” Yəmən xanım oğlunun bu sözlərinə ürəyində çox sıxılsa da, onu deyə-gülə yola salıb. Zarafatla da deyib ki, Qarabağı otuz ildi heç kəs ala bilmədi, elə olar, sən alarsan.
Xansunun ürəyində çox arzusu vardı. Onu canlarından əziz bilən bacılarının ali təhsil almasını istəyirdi. Hər iki bacı-qardaş istəyini yerinə yetirmək üçün səylə çalışdılar. Böyük bacı Xatun Qurbanova Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası və metodologiyası” fakültəsinin magistr üzrə birinci kurs tələbəsidi. Aysu bacısı isə Naxçıvan Tibb Kollecinin ikinci kursunda oxuyur. Xansu kiçik yaşlarından əlindən gəldiyi qədər işləyib, anasına dayaq durub. Ali təhsil almaq arzusu ürəyində qalsa da, ailəsi və öyrəndiyi hərbi biliklər onun üçün vətən, vətənpərvərlik məktəbinə çevrilib. Ən böyük istəyi isə Qarabağı düşməndən almaq olub.
Xansunun son telefon danışığı 27 oktyabrda olur. Bacısı Xatunla danışır: “Yolumuz Şuşayadır, bacı, tezliklə qələbə xəbəri ilə gələcəyəm”, - deyir. Bacısı ondan gələndə Xarıbülbül çiçəyi gətirməsini istəyir. “İnşallah, bacı, siz anamdan muğayat olun, darıxmağa qoymayın. Daha zəng vurmaq mümkün olmayacaq. Getdiyimiz yerdə telefon çəkmir”, - deyir…
Kəşfiyyatçı olduğu üçün hər zaman öndə gedən, cəsurluğu, qətiyyəti ilə əsgər yoldaşlarına örnək olan Xansu Qurbanov Hadrutdan başlanan döyüş yolunda addım-addım qələbə qazanaraq ən ağır döyüşlər gedən Qırmızı Bazar qəsəbəsinə yoldaşları ilə bir yerdə çatır. Hər gün neçə yoldaşı yanında yaralanır, şəhid olur. Şuşaya gedən yüz iyirmi nəfər könüllü arasında ön sırada durur.
Şuşanın alınması Vətən Müharibəsinin qəhrəmanlıq dastanının ən şərəfli, ən qürurlu və ən ağrılı səhifəsidir. Noyabrın 8-i Şuşa şəhəri azad edilir. Və səhərisi gün müharibənin dayanmasına saatlar qalmış Xansu əsgər yoldaşları ilə birlikdə düşmənin xain gülləsinə tuş gəlir.
Salam, ey gedən adam!
Salam, ey qalan şəhid!
Sən iyirmi yaşında,
Şuşanı alan şəhid!
Necəsən, gözüm nuru?
İçimdən ötən adam,
Yaraların necədir?
Qələbə, vətən adam.
Anan ilə danışdım,
Dərdi üyüdən ana.
Hamımızın anası,
Səni böyüdən ana.
Danışdım sənin kimi,
Hayına hay deyirdi,
Səni əzizləyirdi,
Sənə laylay deyirdi.
Deyirdi, mənim balam,
Dağ başında dumandı,
Deyirdi, mənim balam,
İgiddi, qəhrəmandı.
Bilirəm, qəhrəmansan,
İyirmicə yaşında.
Taleyin üzü dönsün,
Yox atan, qardaşın da.
Qəti narahat olma,
Doğmaların bil bizi,
Hamımızın doğması,
Hamımızın əzizi.
Bircə burda sinəmin,
Yarası tək göynədin,
Atasız böyümüşdün,
Anasız böyümədin!
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
Gəncədə “Sevgi Meksidadadır” adlı konsert
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub. Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə keçən konsertdə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, xanım Kabalyero Azərbaycan və Meksika xalqlarının qədim tarixə, güclü dövlətçilik ənənələrinə malik olduğunu deyib, Meksikalı ifaçıların konsertinin maraqlı olacağını bildirib. Həmçinin səfir Gəncə Dövlət Filarmoniyasına təşəkkürünü bildirərək, bu cür layihələrin Azərbaycan-Meksika mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Meksikalı tenor Luis İtzkoatl və pianoçu Maurisio Duran maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə Meksikanın milli vokal musiqi nümunələri və gənc bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertin sonunda ifaçılar Müslüm Maqomayevin “Azərbaycan” əsərini ifa ediblər. Meksikalı ifaçıların bu jesti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
“StartupFest Naxçıvan” proqramı başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Naxçıvan Muxtar respublikasında “StartupFest Naxçıvan” proqramının final tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Dövlət Agentliyindən verilən məlumata görə, agentliyin sədr müavini Ceyhun Salmanov iştirakçılara və komandalara innovasiyaların, startapların inkişafı, bu istiqamətdə həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.
2 ay davam edən “StartupFest Naxçıvan” proqramı çərçivəsində startap ideyaları olan komandalara müxtəlif mövzularda akselerasiya proqramı keçirilib. Modullar çərçivəsində komandalar təlimlərdən əldə etdikləri bilikləri startap ideyaları üzrə prototiplərin hazırlanmasında istifadə ediblər.
Tədbirdə startap komandaları ideyalarını təqdim edib və jürilər tərəfindən qiymətləndiriblər. Jürilərin səsverməsi nəticəsində qalib seçilən komandalara hədiyyələr təqdim edilib.
Proqramda yaşılenerji, kəndtəsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startaplar iştirak edib. Munsiflərin yekun qiymətləndirməsinə görə “Easy Agriculture” komandası 1-ci yeri tutub. Onların irəli sürdüyü startap layihəsi kənd təssərüfatında çalışanlara torpaq və bitki sağlamlığına dair daha dəqiq məlumata sahib olmağa, habelə baş verən dəyişikliklərə real vaxtda nəzarət etməyə imkan verəcək. Proqramın digər qalibləri isə “ScappMart” və “FAYDA” komandası olub.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
VI “Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib
“YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün VI “Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, şəhidlərimizin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən layihənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, "Azərkontrakt" ASC-nin sədr müavini Güləddin Dadaşov, “Neftçi” Peşəkar Futbol Klubunun nümayəndəsi Emin Əfəndi və digər qonaqlar iştirak ediblər.
İyunun 29-dək davam edəcək layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan "Bilim Bakı" mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb.
Agentlikdən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, “Deneyap” proqamı gələcək dövrün ehtiyaclarını nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks, fərqli bir təhsil modelidir və ödənişsiz həyata keçirilir.
Laboratoriyada keçirilən təlim proqramı gələcəyin texnologiya istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Proqram 36 aylıq dövrü əhatə edir, ilk 24 ay layihə əsaslı tədris və son 12 ay komanda dövrü olmaqla, 2 fərqli hissədən ibarətdir.
24 ay tədris dövründə iştirakçılara 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçiriləcək. Hər təlim proqramının sonunda iştirakçılar komanda şəklində layihə üzərinə işləyərək onu nümayiş etdirəcəklər. 12 ay komanda dövründə isə 24 aylıq tədris müddətini başa vuran şagirdlər uyğun olduqları sahələr üzrə formalaşdırdıqları komandalarla mütəxəssislərdən mentor dəstəyi alaraq milli və beynəlxalq yarışlarda iştirak edəcəklər.
Proqrama Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 2023-2024-cü tədris ilinin 4,5,6 və 7-ci sinfini bitirən şagirdlər qoşula bilərlər. Seçim imtahanının hər iki mərhələsində ən yüksək bal toplayan şagirdlər proqramda iştirak edəcəklər.
Texnologiyanı inkişaf etdirən gənclərin sırasında olmaq istəyən məktəblilər 22 iyun 2024-cü il tarixinədək deneyap.az saytına keçid etməklə “Deneyap” texnologiya laboratoriyasına şeçim imtahanı üçün qeydiyyatdan keçə bilərlər.
“Deneyap” texnologiya laboratoriyasına ilk imtahan 2022-ci ildə keçirilib. Proqramın birinci - yazılı imtahan mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Bu gün “Füzuli” kantatasının müəllifinin - CAHANGİR CAHANGİROVun doğum günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq Artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun bu gün ad günüdür, anadan olmasının 103-cü ildönümüdür. İlk öncə bu dahi şəxsiyyətdən danışarkən onu qeyd edim ki, onun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. Bir də başlığa çıxardığımız kimi, o, “Füzuli” kantatasının müəllifidir. Daim zirvələrdə olan bu musiqi əsəri barədə ayrıca danışacağıq. Və ən nəhayət, milyonların sevimlisi olan “Dəli Kür” və “Yenilməz batalyon” kinofiımlərindəki mahnılar da onundur.
Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar.
Sadalanan əsərlərdən xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.
1949-cu ildə “Arazın o tayında” vokal simfonik poemasını yaradıb və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə “Arazın o tayında” poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib.
1962-ci ildə - Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün “Sabir” oratoriyasını yazıb.
Cahangir Cahangirov “Azad” və “Xanəndənin taleyi” adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəylinin sənət ənənələrini davam etdirib.
“Xanəndənin taleyi” operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir.
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı əsəri əsasında bəstələdiyi “Azad” operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və s. mahnıları dillər əzbəridir.
Cahangir Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan “ayrılaraq” xalq arasında yayılmışdır. Bu mənada “Yenilməz batalyon” filmindən “Teymurun mahnısı”nı, “Koroğlu” filmindən “Xanəndə qızın mahnısı”nı, “Dəli Kür” filmindən “Ana kür” və “Bayatılar” mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.
Cahangir Cahangirovun mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Cahangirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.
Cahangir Cahangirov 1992-ci il martın 25-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)