Super User

Super User

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

ABŞ-da yaşayanda, o vaxt işimlə bağlı ətrafımda gənclər çox olurdu. Və bu gənclərin hamısı rep musiqisini dinləməkdən yorulmurdular. Həmin gənclər, bir gün bir məclisə məni də dəvət etmişdilər. Yeyib-içib, deyib-gülüb ancaq repə qulaq asırdılar. Məclisin ortasında gənclərdən xahiş etdim ki, mümkündürsə bir caz musiqisi tapıb səsləndirsinlər. Elə ki, cazın sədası otağa yayıldı, hamı cibindən çıxardığı telefonla məşğul olmağa başladı. Gördüm ki, aralarında narazılıq edənlər də var. Ayağa qalxıb maqnitafona yaxınlaşdım. Musiqinin səsini azaldıb dedim:

-Dostlar, görürəm ki, cazı xoşlamırsız. Axı rep küçə uşaqlarının mahnısıdır, caz isə yüksək zövqlülər üçündür. Bütün dünyada da belə qəbul olunub. Hansınız mənə izah edə bilər ki, niyə Amerika gənclərinin musiqi zövqü küçə səviyyəsindədir?

Gənclərdən biri bilirsiniz nə cavab verdi? Dedi ki, ser, sən lap atamız evdə bizə söylədiyi kimi danışdın. Caz Amerikada XX əsrdə dəbdə olub və keçmişdə də qalıb. Rep isə XXI əsrin musiqisidir. Küçə musiqisi adlandırılsa da, xalqın içindən gəlib və qısa müddətdə sevilib...

 

Bu hadisəni niyə xatırladım? Axı bu gün Azərbaycan repçisi Hüseyn Dərynın anım günüdür. Düz on il bundan əvvəl, 2014-cü ilin, mart ayının 15-də haqqa qovuşub. Onun vəfatından bir il, beş ay sonra ABŞ-a köçmüşük. Yəni artıq Amerikaya köçməmişdən qabaq repdən məlumatım var idi...

Hüseyn Dəryayla isə Sumqayıtda, iş adamı Mərdan Seyidbəylinin dəniz sahilindəki kafesində tanış olmuşdum. Hər axşam kafeyə gəlir, özünün bəstələdiyi rep mahnılarını oxuyurdu...

O vaxt onu narkoman sayıb bəyənməyənlərdən biri də mən idim. Amma ABŞ-da görüb tanıdığım repçilərin də narkotikdən istifadə etdiyini görəndən sonra Hüseyn Dəryaya rəhmət oxudum. Narkomaniyanın qurbanı kimi... 

Allah Hüseyn Dəryanın günahlarından keçsin, ruhu şad olsun!

Onun bu repi isə ən populyar repi sayılırdı:

 

Nə qədər ki sağsan, 

nə qədər ki vardır 

dörd yanında qızlar

 keyf elə!

Nə qədər ki pul var, 

nə qədər ki keyf var, 

nə qədər ki varsan 

keyf elə!

 

Maraqlıdır, nə qədər ki, sağıq, kef edək. Bəs onda qurub yaratmağı, ucalmağı, xeyirxah əməllər eləməyi nə vaxta saxlayaq? 

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

Mədəniyyət Nazirliyi martın 11-dən 14-nə kimi Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən Beynəlxalq Film və Televiziya Bazarında (FILMART) təmsil olunub.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Məlumatda bildirilir ki, Honkonq Ticarət İnkişafı Şurası (HKTDC) tərəfindən təşkil olunan və Honkonq Konqres və Sərgi Mərkəzində keçirilən FILMART Bazarında 41 ölkədən və regiondan istehsal, distribusiya, satış agentləri, xidmət təminatçıları, investorlar və 7300-dən çox sənaye mütəxəssisi iştirak edib.

 

Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq bu nüfuzlu kino konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.

 

Tədbir çərçivəsində Azərbaycanın film çəkilişi məkanı olaraq təbliğ olunması, birgə istehsal üçün imkanların araşdırılması məqsədilə müxtəlif ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Cümə, 15 Mart 2024 08:30

Fazil Mustafa ANARı təbrik edib

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANARı doğum günü və qarşıdan gələn Novruz bayramı ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” portalı 

Təbrik məktubunu təqdim edir:

 

“Hörmətli ANAR müəllim,

Sizi doğum gününüz və qarşıdan gələn Novruz bayramı ilə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı diləyirəm!

Siz Xalq yazıçısı, tərcüməçi, ssenarist kimi zəngin ədəbiyyatımızın, mədəni irsimizin gələnəklərini qayğı-sayğı ilə davam və inkişaf etdirib, ədəbiyyatımızı, ictimai-mədəni həyatımızı, #sənət dünyamızı daha da zənginləşdirmisiniz.

Siz görkəmli ictimai və sənət xadimi, ustad yazıçı olaraq ölkəmizdə, Türk dünyasında sevilir, oxunur, öyrənilirsiniz.

Əsərləriniz bir çox dilə çevrilərək, ayrı-ayrı ölkələrdə yayınlanıb və bu iş günümüzdə də davam etməkdədir.

Siz 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin üzvü seçilmiş, o cümlədən Mədəniyyət Komissiyasının sədri olmusuz. Sizin Mədəniyyət Komissiyasına rəhbərliyiniz dönəmində mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, dil, kinematoqrafiya haqqında və b. vacib qanunlar parlament tərəfindən qəbul edilib.

Siz müstəqil Azərbaycanın yüksək dövlət təltiifləri – “Şöhrət”, “Şərəf”, “İstiqlal”, "Əmək" ordenləri, “Heydər Əliyev Mükafatı”, Prezidentin Fəxri diplomu ilə, bir sıra digər mükafatlarla təltif olunmusunuz.

Sizi doğum gününüz, yaradıcılıq uğurlarınız və qarşıdan gələn Novruz bayramı ilə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu müqəddəs cümə günündə, üstəlik, bu müəddəs Ramazan ayında bir savab da teatra getməkdir. Din xadimləri məni qınamasınlar, mədəniyyət insanın dini və imanının da bir xüsusiyyəti sayıla bilər.

 

Bəs bu cümə günü hansı tamaşaya getmək olar? Mən şiddətlə Dövlət Akademik Rus Dram Teatrına getməyi tövsiyə edirəm. Bu gün orda “Və bir qadın gəldi...” tamaşası oynanılacaq. 

Maqsud İbrahimbəyovun romanı əsasında hazırlanan “Və bir qadın gəldi...” tamaşasının premyerası 2022-ci il martın 26 və 27-sində təşkil olunub. Quruluş Maqsud İbrahimbəyov və rəssam Tahir Salahovun xatirəsinə həsr olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Səhnələşdirmə Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur.

Tamaşada hadisələr uydurulmuş Buqurda şəhərində XX əsrin 80-90-cı illərində cərəyan edir. Qəsəbənin başçısı seçilən balıqçı Cavanşir sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində aktiv fəaliyyətə başlayır. O, vicdanlı, alicənabdır. Lakin faciəli hadisə - həkimin təsadüfi qətli onun illər ərzində yaratdıqlarını alt-üst edir. Dəhşətli sirlər aşkara çıxır.

Bu sirlər hansılardır?

Lütfən suala cavab tapmaq üçün tamaya baxın.

 

Şəkildə: Tamaşadan səhnə

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Faiq bəy,  həyatın "ərköyün uşaq", "qəddar şah", "amansız düşmən", "deyingən qoca qarı" obrazları ilə qarşılaşanda səbrinizi "qalxan" edə bilirsinizmi?

 

CABAB:

- Səbr Tanrının adlarından biri kimi iradəmizi təmsil edir. Həqiqəti dərk edən, ədaləti təmsil edən biri kimi şair, qeyd etdiyiniz obrazlarların qarşısında öz fəlsəfəsini ortaya qoyur. Problemlərin həlli yolunu təklif edir. Texnoloji inkişaf qarşısında ekoloqlar yüz il, min il sonra dünyada baş verəcək iqlim dəyişmələrinə qarşı bu gün necə mübarizə aparırlarsa, şairlər də dünənki, bugünkü milli şüuru sabahlara təhlükəsiz şəkildə ötürməkdə görəvli şəxslərdir. Tarixin bəzi məqamlarında şahların vəzirləri, məsləhətçiləri elə şairlər olub. Hətta bu yerdə yenə də şair Şah İsmayılın adını vurğulamaq istərdim. Qılınc və Qələm paralelliyi Dədə Qorquddan, Koroğludan, Şah İsmayıldan bu günümüzə qədər öz aktuallığını qoruyub saxlamaqdadır. "Amansız düşmən"dənsə, mehriban dostluğu, sevgini tərcih edərdim. Qocalıq məhfumunu yaşla əlaqələndirmirəm. İndi o qədər zamanədən gileyli gənclərimiz var ki... Bu bir az da sosial vəziyyət ilə bağlı olsa da, ədəbi yaşantıya çevrildiyi məqamlar da olur.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Böyük qırğız yazıçısı Çingiz Aytmatov haqqında kitab üzərində işləyərkən bu mütəfəkkir yazıcı haqda eşitdikərimi də yazıya aldım. 1985-ci il oktyabrın 23-ü idi. Həmim gün atamla (dövrünün tanınmış ədəbiyyatşünası İmamverdi Əbilovla - red.) Bakıda idik. Atamın nəsə işi var idi. Telefonla Bəxtiyar müəllimlə - Xalq şairi Bəxtiyar Vahabzadə ilə danışdı və Bəxtiyar müəllim atamı evlərinə dəvət etdi. Axşam onlara gəldik. Bəxtiyar müəllim Çingiz Aytmatovdan danışırdı:

-Çingizə zəng etmişdim. Mənimlə görüşmək istədiyini dedi. Frunzeyə getdim. Onunla görüşərkən məlum oldu ki, Çingiz bir gündən sonra təçili Moskvaya getməlidir. Əvvəlcədən planlaşdırılmayan xariçi səfəri var imiş. Bütün gecəni yatmayıb Çingizlə söhbət etdik..

Bəxtiyar Vahabzadəni tanıyanlar, görənlər bilir. Həyəçanlananda qəfil, ani çəkən əsməsi, titrəməsi olardı. Bütün varlığı bir anlıq titrəyərdi. Bir də qəribə siqaret çəkməyi vardı. Həyəcanlı olanda yandırdlğı siqareti 2-3 nəfəs alandan sonra külqabında söndürər, az qədər keçməmiş yenisini yandırardı. Əgər həyəcanı keçməyibsə həmin siqareti də bir neçə nəfəs alandan sonra külqabında söndürərdi.

Çingiz Aytmatovla görüşündən danışan Bəxtiyar müəllim həyəcanlı idi. Az keçməmiş onun həyəcanının səbəbi bizə də məlum oldu. Bəxtiyar müəllim atama müraciətlə:

-Çingiz Sovet dövlətinin tezliklə çökəcəyini deyir- söyləyib təzə siqaret yandırdı- Cingiz deyirsə, demək, o hadisə baş verəcək...Bunu Çingiz deyirsə, demək nə isə bilir ki deyir....O heç vaxt boşuna söz deməz...Bir də onlarla (Sovet rəhbərlərini nəzərdı tututdu) yaxındı axı...

Təsəvvür edin. 1985-çi il. Sovet dövlətinin mənəm vaxtları. Azərbayçanın böyük şairi Bəxtiyar Vahabzadə o vaxt üçün ağla batmayan söhbət edir. Və o bu sözü ölkənin, yəni SSRİ-nin ən böyük mədəniyyət xadimlərindən biri olan, dünyanın ən böyük yazıçılarından biri kimi dəyərləndirilən Çingiz Aytmatovdan eşidib. Və bu təhlükəli söhbəti ən yaxın doslarından biri hesab etdiyi atama danışır.

...Bəxtiyar müəllim nə qədər həyəcanlıdırsa bir o qədər də ruhən, qəlbən məmnundur. Nifrət etdiyi bir quruluşun tezliklə məhv olacağına tam inanır. Hardasa, əvvəlcədən o günün xöşbəxliyini yaşayan kimi görünür.

...Yenə də Cingiz Aytmatovdan danışır. Kitab dolabının qarşısına Çingizlə Frunzedə çəkdirdiyi şəklini qoyub. Mən şəkli Bəxtiyar müəllimdən istəyirəm. Şəkli götürüb mənə verir. İmzalamasını xahiş edirəm. Onu da edir... İndi olsaydı elə etməzdim, amma o vaxt gənc idim. Bəzən iştəklərim sərhədi keçirdi. Bunu ona görə yazıram ki, Bəxtiyar müəllimdən xahiş edirəm, bu nadir şəklin arxasına adlı (yəni mənim adıma) avtoqraf yazsın. Bəxtiyar müəllim yazır. Amma mənim adımdan əvvəl, özünün dediyi kimi, əqidə dostu olan atamın adını yazır...

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əgər gəlib desələr ki, Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru kimdənsə rüşvət alıb, hətta and içsələr belə, inanmaram. Çünki o, elə bir ailədə böyüyüb ki, həmin ailənin süfrəsində heç zaman haram tikə olmayıb. Atası Çoban kişi öz qabarlı əllərinin zəhməti ilə balalarını boya-başa, ərsəyə çatdırıb... 

 

Bu gün sizə filologiya üzrə fəlsəfə doktoru, dosent Əliş Ağamirzəyevdən söhbət açmaq istəyirəm. O, 15 mart 1973-cü ildə Yardımlı rayonunun Köryədi kəndində dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. 1994-1998-ci illərdə hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetini kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə (bakalavr), 2004-cü ildə isə Bakı Dövlət Universitetinin magistraturasını fərqlənmə diplomu ili bitirib. 2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyat işi və redaktəetmə kafedrasında müəllim, 2007-2019-cu illərdə Bakı Slavyan Universitetində Jurnalistika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Eyni zamanda 1998-2014-cü illərdə "Mütərcim" Tərcümə, Nəşriyyat-Poliqrafiya Mərkəzində redaktor, icraçı direktor, 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorunun məsləhətçisi vəzifəsində işləyib. Hazırda dediyim kimi, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosentidir...

Onu “Mütərcim” nəşriyyatından tanıyıram. O qədər saf adamdır ki, hətta buna şübhə etmək belə insafsızlıq olar. Mehribanlığına, qayğıkeşliyinə də söz ola bilməz. Səbrli və təmkinlidir. Rəftarında o qədər mədənidir ki, kübarlıq iliyinə kimi işləyə bilib, varlığına hopub...

2010-cu ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildən filologiya üzrə elmlər doktoru proqramı üzrə BSU-nun dissertantıdır.

Ali məktəblər üçün 1 dərs vəsaitinin, 3 fənn proqramının, 50-dək elmi məqalənin müəllifi, 2 kitabın tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, əsərləri Rusiya, Qazaxıstan və Ukraynada çap olunmuşdur.

"Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" və "Kitabşünaslıq və redaktor sənəti" elmi məcmuələrinin redaksiya heyətinin üzvüdür...

Qəribədir, Yardımlı rayonundan indiyədək hər hansı bir ali elm ocağında prorektor vəzifəsinədək çox az adam yüksələ bilib. Səhv etmirəmsə, professor Mircəfər Həsənli Müəllimlər İnstitutunun, professor Telman Vəlixanlı isə Slavyan Universitetinin prorektoru olublar, vəssalam- şüttamam. Əliş Ağamirzəyev bu sırada üçüncü və hələ ki, sonuncudur…

Bu gün Əliş müəllimin doğum günüdür, 51 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Çox yaşa, HALAL ADAM!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi tanınmış ədəbiyyatşünas, tənqidçi, professor Şirindil Alışanlının vəfatı münasibətilə başsağlığı paylaşıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, başsağlığının mətnində deyilir:

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu "XX əsr ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib (Şirindil Həsən oğlu Alışanov; 28.10.1952, Əhmədli kəndi, Laçın - 14.03.2024, Bakı).

Ünlü Azərbaycan filoloqu Şirindil Alışanlının əsas elmi uğurları humanitar fikrin nəzəri-metodoloji problemləri, çağdaş ədəbi prosesin inkişaf problemləri,

XX yüzil ədəbiyyatının tarixi və nəzəri məsələləri sayılır.

“Romantizm: mübahisələr, həqiqətlər”, “Sözün estetik yaddaşı”,

“Ədəbi-bədii düşüncənin sərhədləri”,

“Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı, “Nəzəri fikrin tarixiliyi və müasirliyi” - professor Alışanlının ünlü əsərlərindəndir.

Uca Tanrı rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Elə insanlar var ki, doğulduqları gündən son nəfəslərinədək Allahın nəzərləri üzərlərində olur. Onlar ucaldıqca ucalırlar. Deyirlər ki, Allah iki dəfə gülür- Onun qaldırdığını yıxmaq istəyənlərə, bir də Onun yıxdığını qaldırmağa çalışanlara...

 

Xalq yazıçısı Anar Allahın qaldırdığı adamlardandır. Zəngin təcrübəsi, nüfuzu, işgüzarlığı rəhbərlik etdiyi qurumun uğurlu fəaliyyəti üçün mühüm rol oynayır. Nə qədər yaşayırsa, nə qədər vardırsa ondan yararlanmaq, bəhrələnmək gərəkdir. İkinci bir Anarı yetişdirməkdən ötrü, bu millətə bəlkə də yüz il vaxt lazım olacaq… 

 

Deyir ki,- “İllər boyu bir neçə mətbuat orqanı və bəzi saytlarda mənim ünvanıma, Yazıçılar Birliyinin ünvanına olmazın böhtanlar, yalanlar, təhqirlər yağdıranlar nədən küsüblər və bizdən nə umurlar? Məhz onlar kimi düşünməyimizi, hadisələri ancaq onlar kimi qiymətləndirməyimizi, heç vaxt, heç kəsdən asılı olmayan öz müstəqil mövqeyimizi, münasibətimizi bir qırağa qoyub onların dediyini deməyimizimi istəyirlər?! Adını belə çəkmək istəmədiyim birisinin işi-peşəsi yazıçılara çirkab atmaqdırsa, “Yazıçılar Birliyinə tüpürürəm” demək tərbiyəsizliyindən belə çəkinmirsə və qəzet də bu xuliqanlığa öz səhifələrində yer ayırırsa, sizcə biz buna cavab verməməliyik? Deməsinlər, eşitməsinlər. Çörəkləri Yazıçılar Birliyinə sataşmaqdan çıxanlar tipik mafioz qanunlarıyla hərəkət edir. Nəinki özləri hər cür iftira və yalanlar uydurur, hətta Birliyimiz haqqında az-çox obyektiv söz deyənləri, yaxud hətta adicə məndən müsahibə alanları da dərhal qaralamağa, vurub sıradan çıxarmağa tələsirlər. Buna da hər kəs tab gətirmir, geri çəkilir, hədə-qorxu gələnlərdən “qəbahəti” üçün üzrxahlıq eləyir. Hər fürsətdə qəsdimizə duranlar sonra da şikayətlənirlər ki, niyə bizi müdafiə etmirsiniz. Lap Məşədi İbad yada düşür: “Aç qapını, gələk səni öldürək”. Qəti fikrim budur ki, müxalifətə ən böyük ziyanı məhz bu sayaq yazılar - başqa cür düşünən, başqa mövqedə olan ziyalıları təhqir edən, pisikdirən, onları itələyib uzaqlaşdıran yazılar vurur. Demokratiyadan dəm vuran bu adamların tolerantlıq, fərqli fikrə dözümlülük haqqında sanki heç təsəvvürləri yoxdur. Obyektivlik naminə onu da deməliyəm ki, belə yazılar, təəssüf ki, iqtidar mətbuatında da yer alır. Kiminsə siyasi baxışlarıyla razılaşmamaq təbiidir, amma buna görə onun bütün fəaliyyətinin, hətta başqa sahələrdə xidmətlərinin üstündən qələm çəkmək düz deyil. Belə yazılar da ilk növbədə iqtidara zərər gətirir. Demokratiya o deməkdir ki, siyasi rəqibini opponent kimi görəsən, düşmən kimi yox…”

 

Xalq yazıçısı daha sonra əlavə edir:- "Mən 1987-ci ildə, hələ Sovet dövründə, amma yenidənqurmanın havası əsməyə başlayanda o vaxtkı Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişiylə deyil, yazıçıların öz təklifiylə bu təşkilata rəhbər seçilmiş ilk şəxsəm. Yazıçıların üç qurultayında yekdilliklə yenidən Birliyin sədri seçilmişəm və yenə də yazıçıların əksəriyyəti bu vəzifədən getməyimi təklif etsə, həmin gün istefa ərizəmi verməyə hazıram. Amma desinlər görək, axı küsənlər nədən küsüblər və umanlar nə umurlar? Bir dəfə də olsun bu barədə aydın-açıq bir söz eşitmədim. Yaxın dostlarımın rəhbərlik etdiyi başqa Yaradıcılıq təşkilatları haqqında deyəndə mən məhz bunu nəzərdə tuturdum. Yazıçılar Birliyinin rəhbərliyindən başqa heç bir siyasi, ictimai ya elmi idarənin rəhbərliyi müzakirə olunmur. Niyə? Bilmirəm.

Həm də gördüyümüz mühüm işlərə göz yumaraq mütləq qurdalayıb tərs məlumat verməyə çalışırlar. Mən Birliyin rəhbəri işlədiyim Sovet dövründə yüzdən artıq yazıçı ev aldı. İndi quruluş, şərait tamamilə dəyişib, əvvəlki imkanlar yoxdur, amma yenə də hörmətli prezidentlərimizә, əvvəlcə rəhmətlik Heydər Əliyevə, sonra da İlһam Әliyev cənablarına müraciət edәrәk yazıçılar üçün bir neçə mənzil düzəldə bildik. 34 nəfər razı, iki-üç nəfər narazı qaldı və mətbuatda əlüstü bunun ətrafında qalmaqal yaratdılar. Yazıçılar Birliyinin mükafatlarını təsis etdik. İsa Muğanna kimi böyük yazıçımızı mükafatlandırdıq, yaratdığımız Münsiflər heyəti katibliyin heç bir müdaxiləsi olmadan layiqli müəllifləri mükafatlandırdı. Bunu da tərs yozdular, əleyhimizə çevirdilər. Hətta təqdimatlar, yubileylər keçirməyimizi də bizə irad tuturlar. Heç onu demirlər ki, bəzən elə yazıçıların yubileylərini keçiririk ki, başqa heç yerdə bu yubileylər keçirilmir. İdarə heyətimizdə, redaksiya heyətlərimizdə müxalifət partiyalarının üzvləri də təmsil olunub. Birlikdə heç bir yerliçiliyə, əliəyriliyə imkan verilmir. Bütün bunlar məgər naqis cəhətlərdir ki, bizə bu qədər daş atırlar? Təəssüf ki, Yazıçılar Birliyinə sağmal inək kimi baxanlar belə inəyin üstünə qonan milçəkləri qovmağa təşəbbüs göstərmir. Əksinə, peşmansan birini fəxri ada, mükafata, ordenə təqdim edəsən, onu-on beşi inciyəcək ki, bəs mən niyə yada düşmədim. Heç kəs heç nə almayanda isə hamı sakit oturur yerində. Bizim təklifimizlə hörmətli prezidentimiz 50 yaşlı və 20 gənc yazıçıya illik təqaüdlər təyin etdi. Bilsəniz hər il bu təqaüdlər müəyyənləşən zaman başımız nə ağrılar çəkir. Bəziləri məsələni belə qoyur ki, bu təqaüdü məhz bu il almasam, yaşaya bilməyəcəm. Əzizim, bu təqaüdü almadığın və bir ildən sonra almayacağın vaxtda necə yaşayırdın və necə yaşayacaqsan bəs? Yox, kimə deyirsən? Mütləq bu il almalıyam, almasam dünya dağılar. Hədə, böhtan, təhqir… Ən iyrənc iftiralara əl atırlar. Elələri də var ki, təqaüdün yalnız bir dəfə verildiyini bildiklərinə görə təqaüd aldıqları müddətdə Yazıçılar Birliyindən razı, təqaüd müddəti qurtaran günün səhəri dərhal narazı olurlar, hətta o qədər hirslənirlər ki, Birliyin üzvlüyündən çıxırlar. Çıxsınlar. Birlik könüllü təşkilatdır, heç kəsi bura dəvət etmirik və heç kəsin də getdiyini ürəyimizə salmırıq…"

 

Bəli, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ölkəmizin ictimai-siyasi həyatında, Azərbaycan ədəbiyyatında xidmətləri olan görkəmli şəxsiyyətlərdən biridir. Necə deyərlər, uca bir dağdır. Onun böyüklüyü ilə barışa bilməyənlər, bir az kənara çəkilib, bu dağın harasında olduqlarının fərqinə varsalar, öz yerlərini tapacaqlar...

Dünən bu “QOCA QARTALIN" 86 yaşı tamam oldu. Ona cansağlığı, ağrı-acısız günlər arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Ölüm bir evə girəndə sağ qalanları da bir az öldürür"

Peyami Safa 

 

Düşünürəm ki, hər bir xalqın mədəniyyəti və mədəniyyətin müxtəlif sahələrinə aid olan əsərləri özündə bir az həmin xalqın ailə-məişət və cəmiyyət həyatını, bir az milli ruhunu, bir az soykökünü, bir az dünyagörüşünü də ehtiva edir. 

Necə ki, milli kinolarımızın mövzu və məzmununa diqqət yetirəndə görürük ki, müharibə (istər ön, istər arxa cəbhə), insanların məişət həyatı, soykökü, qəhrəmanlıq mövzularında çəkilmiş filmlərimiz üstünlük təşkil edir.

Biz milli kinolarımızda daha çox hər zaman ön cəbhələrdə cəsarətlə vuruşmuş Mehdi  Hüseyzadə, Həzi Aslanov, İbad Hüseynov kimi qəhrəman, söhbət müharibədən, cəbhədəki əsgərlərdən gedəndə əlindəki varını-yoxunu  cəbhəyə gedənlərə paylayan Cəbiş müəllim kimi insan, tək 

başına evindən çıxıb cəbhəyə yollanan balaca Murad, məişət qayğıları ilə yanaşı kolxozlarda, çay və pambıq plantasiyalarında, fermalarda çalışan zəhmətkeş, həkimə ehtiyacı olan bir yaralıya tibbi yardım göstərmək üçün fırtınalı gecədə dağ döşünə qalxan fədakar Azərbaycan  qadını obrazlarını izləyirik.  

Bu gün də məhz sujet xəttinin əsasını müharibə motivlərinin təşkil etdiyi və Azərbaycan kino tarixinə ən faciəli film kimi iz salan "Mən ki gözəl deyildim"  tammetrajlı bədii filmindən söz açacağıq. 

"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan film 1968-ci ildə xalq yazıçısı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılıb.

Quruluşçu rejissorlar Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, operator Aleksey Polkanov, rəssam Kamil Nəcəfzadə, bəstəkar Fikrət Əmirovdur. Filmin ssenarisini Bayram Bayramov, Ağarza Quliyev və İqor Strekov birgə yazıblar.

Rollarda Xuraman Qasımova, İsmayıl Osmanlı, Şahmar Ələkbərov, Eldar Əliyev, Sadıq Hüseynov, Ələddin Abbasov və başqaları çəkilib.

Filmin çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində, həmçinin Gəncədə və Lənkəranda baş tutub. 

Ekran əsərində hadisələr Böyük Vətən müharibəsi illərində  Azərbaycanın dağ kəndlərinin birində cərəyan edir. 

Burada qəhrəmanımız Səidənin taleyinin fonunda biz müharibənin insan həyatına təsirlərini izləyirik. 

Fəxrəddin Manafovun qonaq olduğu bir verlişdə Yusif obrazından danışarkən söylədiyi "Müharibədən qayıtmırlar, müharibədən qayıtmaq mümkün deyil. Yəni fiziki olaraq əlbəttə ki, şükür, qayıdanlar var, amma düşüncə, ruh olaraq onlar ordadırlar."-, sözləri gəlir ağlıma.

Xalqların azadlıq hərəkatlarını müharibələrdən ayırıb düşünəndə məncə müharibədə heç qazanan da olmur. Bir tərəf işğalçılıq edərkən, digər tərəf özünü müdafiəyə keçir. Çünki insan həyatının, dahası insan ruhunun itirildiyi bir yerdə heçnəyi qazanmaq mümkün deyil.

Və əgər düşünürsüzsə ki, müharibə sadəcə cəbhədə əli silah tutanlar arasında gedir, yanılırsız.

Müharibə də bir növ ölüm kimidir. Necəki ölüm bir evə girəndə sağ qalanları da bir az öldürür, eləcə müharibə də vuruşan tərəflərdən xəbərsiz, onların arasından soxulub cəbhədən insanların evlərinə, məişət həyatlarına, hətta onların ruhlarına qədər girir.

Müharibə fədakarlıq tələb edir, müharibə çoxlu qurban tələb edir.. Çoxlu günahsız qurban...

Kiminin əzizləri, kiminin ruzisi, kiminin həyatı və kiminin də taleyi olur bu qurban... 

Film gənc qızın atasını cəbhəyə yola salmas səhnəsi ilə başlayır.

Uşaq ikən anasını itirən Səidə yeniyetmə çağında atasını da cəbhəyə yola salır. 

Müharibə həm də çətin bir dövr deməkdir.  Ön cəbhədə ordu düşmənlə savaşarkən, arxa cəbhədə də xalq müharibənin gətirdiyi bəla və çətinliklərlə mübarizə aparır. İnsanlar sadəcə özləri üçün deyil, başqaları üçün də yaşamalı olduqlarını anlayır, sadəcə özlərini deyil başqalarını da düşünməyə başlayırlar.

Çingiz və Məzahir obrazları insanların aclıq dərdinin, ərzaq probleminin həlli üçün çalışarkən, mütəmadi olaraq atası ilə məktublaşan Səidə obrazı cəbhədən gələn məktublarla insanları sevindirmək arzusu ilə poçtalyona məktub paylamaqda kömək etməyə başlayır.

Axı müharibə dövründə insanlar sadəcə yeməyə ac olmurlar. Onlar həm də daim bir xəbər intizarında olurlar. Cəbhədən gələn xoş bir xəbərin intizarında.

Lakin Qurbanın da dediyi kimi, belə bir vaxtda camaatı yedizdirmək asan məsələ deyil, nədə ki, cəbhədən gələn bütün məktubları sevinc hissiylə paylamaq.

Məktublarla sevinc paylamaq arzusunda olan Səidənin çiynləri qəfil bir yükün ağırlığı ilə çox bərk əzilir. Axı məktublar sadəcə şad xəbərlərin deyil, bununla bərabər həm də qara xəbərlərin müşdəçisidir.

Səidə içində qara xəbər daşıyan məktubları sahiblərinə verməkdə çətinlik çəkərkən hələ bilmirdi ki, Şərif də ona atasının ölüm xəbərini verməkdə belə çətinlik çəkir.

Müharibə dövründə insanların əzizləri müharibədə həlak olanların dərdinə şərik çıxması, camaatın qayğısını çəkərkən fədakarlıq etmək, çətin bir dönəmdə insanları əlindən gələn qədər sevindirməyə çalışmaq kimi bəşəri dəyərlər filmdə ön plana çəkilir.

Atası son məktubunda Səidəyə belə yazırdı:

"Biz təyyarə ilə qalxırıq, sakitcə uçuruq. Dan yeri söküləndə düşmən arxasına keçdik, paraşutlarla atıldıq. Mən ömrümdə yeri bu qədər gözəl görməmişdim. O sübh şəfəqlərinə boyanmış  şəkilə oxşayırdı. Məni hər şeydən çox heyran edən kəndləri, obaları, evləri birləşdirən yollar, cığırlar idi. Onlara baxanda fikirləşirsən ki, adamları bir-biri ilə birləşdirən bu yollar, bu cığırlardır. Qızım, biz ondan ötrü vuruşuruq ki, insanları birləşdirən bu möhkəm bağlar qırılmasın. Səidə, qızım, tezliklə müharibə qurtarar,  görüşərik."

İnsan müdriklik təyyarəsi ilə mənən yüksələrkən evləri, obaları birləşdirən yollar, insanları birləşdirən bağlara çevrilirdi. Və Çingizlər, Səidələr, Məzahirlər isə məhz bu bağların qırılmaması, əksinə daha da möhkəmlənməsi üçün mübarizə aparırdılar.

Səidə obrazı taleyi müharibənin ağır qanunları ilə kəsişərək mənən böyüyən, həssas, duyarlı gəncləri, Çingiz obrazı insanların qayğısını çəkərkən lazım gəldikdə fədakarlıq edib üzərinə məsuliyyət götürməyi bacarmağı, Məzahir obrazı isə bütün çətinliklərə rəğmən nikbin olmağı və ümidi itirməməyi təmsil edir.

“Mən ki gözəl deyildim” müharibə mövzusunda çəkilən ən yaxşı ekran əsərləri sırasına daxil edilib. 1969-cu ildə Kiyevdə keçirilən kinofestivalda mükafat qazanan ekran əsərində Xuraman Qasımova “Qadın rolunun ən yaxşı ifası”na görə birinci yerə layiq görülüb 

Əvvəldə də qeyd etdiyim kimi film həm də Azərbaycan kino tarixinə ən faciəli film kimi iz salıb. Bunun səbəbi isə çəkiliş zamanı baş verən dəhşətli bədbəxt hadisədir.

Belə ki, Lənkəranda Dneprin alınması səhnəsi çəkilərkən çaya iki qayıq buraxılır. Qayıqların birində aktyorlar, digərində çəkilişin texniki heyəti olur.

Pirotexnikin partlayıcı qurğunu səhv salması nəticəsində baş verən dəhşətli partlayış  zamanı rejissor Ramiz Əliyev, Arif adlı operator və daha iki kino işçisi həlak olur. Döyüş səhnələrində yaradıcı heyətə kömək edən rus əsilli polkovnikin isə ayaqları kəsilir. 

Hadisədən sonra filmin çəkilişi dayandırılır. Aktyorlar və yaradıcı heyətin bir qismi, eləcə də Rasim Ocaqov operator kimi filmdən imtina edirlər. Sonradan başqa tərkib cəlb olunur və filmi Tofiq Tağızadə başa çatdırır.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.