Kino salnaməsi fotolarda Featured

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Həyatın anlarını lentə köçürmək istəyən insanları həmişə çox yaxşı başa düşmüşəm. Yalnız bu yaradıcı şəxslər anı tutmaq və onu əbədiləşdirməyə qadirdilər. Qalan heç bir qüvvə bunu bacarmir. Ömürdən insanlar gəlib gedir…

 

Sintetik incəsəsənət növlərinin içində Kinematoqrafiya sənəti qədər maraq doğuran və sevilən ikinci bir sahə yoxdur. Kinematoqrafiya ikinci dünyadı və yaradıcı qüvvələr bu gözəl və gərəkli sənət dünyasının inkişafında çox böyük əmək sərf edir.

Bu gün mən sizə ömrünün 60  illini kino rəssamı, fotoqrafı kimi çalışan, fəaliyyət göstərən gözəl insan Pərviz Quliyevdən söz açacam. O, Kinostudiyanın çəkdiyi filmlərin əksəriyyətinin foto sınağında çəkiliş meydanında olan fotoların müəllifidir, demək ki, O, kadrlardan boylanan və gülümsünən,  kədərlənən sənətkarların işığını, nurunu öz göz nuruna qatan bir qocaman sənətkarımızdır. Bir ömrü yaradıcılığa, sənətkarlığa pay vermək, fəda etmək nə deməkdir?

İş əsnasında çəkdiyi fotolar diqqətimi çəlb etdi.

Pərviz Quliyevin  ötən illərdə 80 illik yubileyi qeyd olunub. Yubileydə sənət adamları, aktyorlar, rejissorlar iştirak edib. Eyni zamanda həmin gün nadir fotolardan ibarət fotosərgi də olub. Bir neçə dəfə film fondda Pərviz Quliyevin çəkdiyi nadir fotoların sərgisi olub. Bu barədə Film fondun rəhbəri Cəmil Quliyevın çıxışını da dinlədim. Ömrünün nə az, nə çox, 60 ilini kino sənətinə bağlayan Pərviz Quliyev Azərbaycan Kinosu dedikdə gözümüzün önünə gələn və adını çəkdiyimiz, indi kino sərvətimiz olan filmlərimizin rəssam fotoqrafı olub.

Və Pərviz Qiliyev bu filmlərdə heç yerdə görünməyən, montajda itib batan səhnələri  və kadrarxası çəkilmiş əsərlərini yığaraq Film Fonda hədiyyə edib. 

Bu canlı ensiklopediya olan insanı kino sənətı aləmində tanımayan və onun səmimi, məzəli, maraqlı söhbətlərini sevməyən yoxdur.

Pərviz Quliyev xatirlərində deyirdi: "Məktəbdən gəlib çantamı atıb qaçırdım film çəkilişlərinə baxmağa. Bu sənəti ta uşaqlıqdan sevirdim". 

Onun bu sənətə gəlməyində qonşusu, kino rəssamı Nadir Zeynalovun da rolu olub. O  zamanlar "O olmasın bu olsun" filmi üzərində işləyən rəssam balaca Pərvizdə kinematoqrafiya sənətinə böyük maraq yaradıb. Kino elə bir sevgidir ki, ona tuş gələn insan heç zaman bu möcüzəli dünyadan əl çəkmir.

Pərviz Quliyev bu barədə deyir. "Artıq böyük marağımı görüb, mənə film çəkilişlərinə baxa bilmək üçün propusk yazmışdılar. O zaman yaxşı yadımdadır ki, “O olmasın bu olsun" filminin qonaqlıq səhnəsi çəkilirdi".

Arif Babayev haqqında da gözəl xatirələrini bölüşən sənətkarımız bütün bu xatirələrin  içində tez- tez Ceyhun Mustafayevdən söz salır. Onu ilk "Ögey ana" filmində gördüyünü vurğulayır və bir ömür onunla dost olduğunu, son "Fəryad" filmində də birlikdə işlədiklərini dilə gətirir.

Pərviz Quliyev canlı əfsanəyə çevrilmiş bir sənətkar fotoqrafıdır.

Ta balaca yaşlarından kinoya bu möcüzəli sənət növünə marağı onu foto sənətinə gətrdi. Düşünürəm ki, balaca Pərvizin gördüyü həmin təkrarsız, möhtəşəm, əvəzedilməz anları dondurmaq, sənətkarları və tarixi görüntüləri xatirəyə çevirmək arzusu buna vadar edib. 

- "O zaman ilk fotolarımı atam beşinci, ya altinci sinifdə oxuyanda mənə aldığı "Smena" fotoaparatıyla çəkirdim" deyir artıq o günləri bir xoş yuxu kimi xatırlayan qocaman sənətkar.

Həyatından keçən kinematoqrafiya haqqında böyük sevgiylə tükənməz maraqla yenidən söz açır.

O filmfonda özünün ilk kameralarını da hədiyyə edib. 1961-ci ildən bu sənətlə məşgul olan Əməkdar Mədəniyyət İşçisi Pərviz Quliyev bu sənəti çox sevib. Bütün yaradıcılığının əvvəlindən ta indiyə qədər bu sevgiylə gəlib. Azərbaycan Kino tarıxındə böyük əməyi olan gözəl sənətkarımızın Azərbaycan incəsənətində, kinematoqrafiyasında rolu danılmazdır. Kino sahəsində uzun illər çalışan aktyorlar, rejissorlar onun haqqında sevərək söz açır. Onu hamı sevir. Belə ki, görkəmli kinorejissorlardan Şamil Mahmudbəyov, Muxtar Dadaşov, Tofiq Tağızadə, Arif Babayev, Eldar Quliyev və digər kinorejissorlarla çalışan fotoqraf rejissorların ideyasını, təfəkkürünü, operatorların baxış bucağını həssaslıqla duyub, filmlərə aid olan kadrları və kadrarxası məqamları fotoların yaddaşında əbədiləşdirib.

Pərviz Quliyev 40-a yaxın bədii filmdə  “Yaşamaq gözəldir, qardaşım”, “Şərikli çörək”, “Arşın mal alan” (1965), “Cazibə qüvvəsi”, “Birisigün, gecəyarısı…”, “Biri vardı, biri yoxdu”, “Bizi bağışlayın”, “Gün keçdi”, “Mən ki gözəl deyildim”, “Fəryad”, “Ləqəbi “İKA”dır”, “Tərsinə çevrilən dünya”, “Sübhün səfiri” və digər ekran əsərlərində rəssam-fotoqraf kimi çalışıb. Kinostudiyada çalışdığı illər ərzində şəxsi təşəbbüsü ilə zəngin fotoarxiv yaradıb. Həmin arxivdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərin fotokadrları və neqativləri bu gün də qorunub saxlanılır. Bu onun Kinoya olan böyük marağ və sevgisinin təzahürüdür.

2008-ci ildə kino sahəsindəki xidmətlərinə görə Əməkdar mədəniyyət işçisi fəxri adını alıb. Kinoda və ümumiyyətlə Azərbaycan incəsənətində əvəzedilməz rolu olan Pərviz Quliyevin yaradıcılığı və xidmətləri daha yüksək qiymətləndiriləcək. Çünki uzun illər kinomuzu lentlərdə əzizləyib saxlayan Azərbaycan kino tarıxının yaşadılmasında müstəsna rolu olan sənətkarımızı  bizlər qorumalı və dəyərləndirməliyik. Sənətkarlarımızın qədrini bilək. Azərbaycan olaraq mədəniyyət sahəsində tanınmaq və bu sferada inkişaf etmək kökümüzü, tariximizi, sənət fədailərini unutmamaqdan keçir.

Qocaman və gözəl sənətkarımız Pərviz Quliyev. Bu yazını təsadüfən sizin foto sərginizi internet səhifələrinin birindən izləyərkən yazıram. Siz Azərbaycan Mədəniyyətinə və  İncəsənət işçilərinə o qədər doğmasız. Düşünürəm ki, bunu bilməyiniz çox vacibdir. Sizə daha gümrah yaşamağınızı diləyirəm. Kino tarixini fotolarda yığıb qoruyan adam - Əməkdar Mədəniyyət İşçisi Pərviz Quliyev.

Dünyann ən gözəl foto anı.

Hər kəs bura baxsın.

An Çəkildi. 

Təşəkkürlər.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.