Mənəvi dünyamıza yeni töhfə

Lalə İsmayıl, “Ədəbiyyat və incəsənət” üçün

 

Araşdırmaçı, yazar, ədəbi təhlilçi Vaqif Osmanlının yenicə çapdan çıxmış “Sözün, sazın kəlağayılı Güllüsü” kitabı xalqımızın əsrlərdən bəri keşiyində dayandığı, saflığını qorumağa çalışdığı, bəzən bu yolda qanına qəltan olduğu çağdaş dünyamızda üzərində bəzi xoşagəlməz çatlar görünməyə başlayan Türkün mənəvi dünyasını yad nəfəslərdən xilas etməyə hesablanmış bir söz töhfəsidir. 

 

Müəllif əslində xalqımızın dünənindən bu gününə, bu günündən sabahına körpü salmağı qarşısına məqsəd qoyub. Mənə elə gəlir ki, bunu uğurla edib, məqsədinə çatıb.

Kitabın redaktoru kimi çox fərəhliyəm ki, bu kitaba mənim də imzam düşüb. Onu da deyim ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən bu nəfis və qiymətli kitabın rəyçisi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğludur.

Yeni kitabın Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 10 illiyi ərəfəsində işıq üzü görməsi də əslində kəlağayını başa tac edənlərə dəyərli hədiyyədir. Kəlağayının təbliğində, milli dəyər kimi dünyaya tanıdılmasında Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeyevanın Azərbaycan mədəniyyətinə misilsiz xidməti danılmazdır. 2024-cü ildə  Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyinin  “Azərbaycan Kəlağayılarının təbliği” layihəsi çərçivəsində   Vətənimizin müxtəlif bölgələrində, ən ümdəsi, işğaldan azad olunmuş Şuşada tədbirlər keçiriləcək.

“Sözün, sazın kəlağayılı Güllüsü” şair, publisist, fəal ictimai insan, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, ilk şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, hamımızın sevimlisi Güllü Eldar Tomarlının ömür yoluna bir baxışdır. Həmin ömür  yolunun anlaqlı hissəsində Güllü xanımın fəaliyyəti hamımıza örnəkdir. Güllü xanımın yeniyetməlik, gənclik dövründən bu günə kimi yorulmaz fəaliyyəti ayrı-ayrı bölümlərdə  çox maraqlı və səlis dillə təhlil olunur,  Güllü xanımın özünün, anası Gülüstan ananın, onu yaxından tanıyanların söhbətləri, xatirələri ilə oxuculara çatdırılır. 

Hər bölümün başlanğıcında Güllü xanımın şeirlərindən seçilmiş bir bənd bölümə güzgü tutur, onun məqsədinə aydınlıq gətirir. Bu, müəllifin uğurlu yanaşması kimi təqdir olunmalıdır.

Hər bölümdə Güllü xanımın sözə, saza, mənəvi dünyamızın ayrı-ayrı dəyərlərinə vurğunluğu təkrarolunmaz fakt və dəlillərlə yanaşı, təxəyyülünün söz inciləri ilə təsdiqlənir.

Güllü xanımı tanıyanlar yaxşı bilir ki, onun bir dünya ana sevdası var - Gülüstan ana dünyası. O, Gülüstan ana ilə nəfəs alır, o ana onun zəngin mənəvi aləminin, uğurlarının memarıdır. Kitabda Gülüstan ananın bəzən kövrək, bəzən də baməzə söhbət və xatirələrinə tez-tez müraciət olunması oxucunu yormur, əksinə, əhvalını təravətləndirir. 

Güllü xanım Vətən qızıdı, anadı, nənədi, Türk xanımıdı. Həm də şəhid analarının, bacılarının, bütün şəhid ailələrinin kədərinin ortağıdır, təsəlli verənidir. Bu yaxınlarda bizimlə birlikdə Zəngilana getməyi də özünə borc bildi. Zəngilanda biri mənim qardaşım İsmayıl olmaqla yeddi məzarsız polisin şəhid olduğu yeri ziyarət etdik, ruhlarını şad etdik.

Vaqif Osmanlı Güllü xanımın  vətənpərvərliyini, insansevərliyini, qədirbilənliyini, qayğıkeşliyini  məhz buna görə önə çəkir ki, Vətənə belə analar, bacılar lazımdır. Vətən belələrinin sayəsində ana Vətənə dönür. Vətənin dar günündə də, şad günündə də ömrünü xeyirxahlığa, mərhəmətə xərcləyən Azərbaycan xanımıdır Güllü xanım. Güllü xanımın rəhbərlik etdiyi İctimai Birliyin  keçirdiyi şəhidlərin anım tədbirləri, qazi yazarların kitab təqdimatları, “Sazlı, Sözlü Kəlağayı Günləri”, respublikada ilk “Kəlağayı Festivalı” qazi və şəhid oğulların tanıdılmasına, Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliğinə xidmət edir. Kitabın müəllifi də belə tədbirlərin mənəvi, tərbiyəvi önəmini xüsusi vurğulayır. Çünki Vaqif müəllim də Vətən , millət, yurd, el-oba, mənəviyyat məsələlərinə həssas yanaşan  söz, fikir adamıdır.

Kitabın adı çox incə anlamlardan xəbər verir: “Sözün, sazın kəlağayılı Güllüsü”. Saz, söz ulu Türk yaranan gündən onunla birgədir, onun yaşam və fəlsəfi düşüncə tərzidi. O ki qaldı kəlağayıya, bu milli baş örtüyü Türk xanım-xatınlığının, abır-həyasının, ismətinin, namusunun, bir sözlə mənəvi aləminin  qədim-qayım rəmzidir. Nənələrimizdən bizə miras qalan zərif baş örpəyini sandıqlardan çıxarmaq, başımıza tac etmək Güllü xanımın işinin əsas məqsədidir.

Gəlin “Sözün, sazın kəlağayılı Güllüsü” kitabını oxuyaq, nəticə çıxaraq, gələcək nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsinin təməlinin möhkəmlənməsinə nənə, ana, bacı töhfəmizi əsirgəməyək. Vaqif müəllimin  yeni çapdan çıxmış kitabı bunları bizə aşılayır.

Vaqif Osmanlını və Güllü Eldar Tomarlını təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.