Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə gənc şair Nemət Kamranın şeirlərini təqdim edirik. 

 

Nisbilik

 

Xoşbəxtlik andır,

Bədbəxtlik isə zaman.

 

 

Kimyəvi reaksiya

 

Partlayışa hazır ən xırda zərrəcik -

məişət qayğılarının sıxdığı insan.

 

 

Saatlar

 

Uzunçuluğa hövsələm qalmayıb,

Cansıxıcıdır saatlar.

Necə də dəyərli imiş, sən demə,

qısa cümlələr,

qısa sevgilər,

qısa həyatlar.

 

 

İsinmə hərəkətləri

 

Əsgər idik,

İdmanda iki qol arası seyrəlməyi öyrəndik

bir-birimizə toxunmamaq üçün.

Praktikamız isə çətin keçdi.

Haradan biləydik,

Mülkidə iki qol arası ayrılmaq var imiş

sevdiklərimizdən.

 

 

Sıra hazırlığı

 

Qarışqalar buğda dənlərini daşıyırdılar

təntənəli marşla.

 

 

Quş dili

 

Göyərçinlər doluşmuşdu

            təzə şumlanmış əkin sahələrinə.

Sanki bununla demək istəyirdilər -

            "Sülh əməkdən başlayır".

 

 

Tibbi sığorta

 

"Heç kim keçmişinə görə sığortalanmayıb"

            - dedi tibb bacısı.

"Bağışlayın, mənəvi yaralarınızı

            biz sağalda bilmərik".

 

 

Təsadüflər və determinizm

 

Xoş təsadüflərə ehtiyacım var.

Universitet bufetində baxışdığım qızla

qarşılaşmalıyam kafelərin birində,

            ya da kitab sərgilərində.

Sevdiyim mahnıları eşitməliyəm

            manatlıq taksilərdə.

Heç nəyə marağım olmayanda

            zəng etməlidir köhnə bir dost,

Görüşməliyik hərdən.

Xoş təsadüflərə ehtiyacım var,

Buralar isə olduqca deterministdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Rəsm qalereyası: Aytac Suanverdiyeva, “Kişi portreti”

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ayın 16-sı qeyri-iş gününə düşdüyündən, mən də 16 mart yazısını 18 martda təqdim etməli oluram. Qəhrəmanım kasıb bir ailədə doğulub boya-başa çatıb. Ailənin ehtiyacı o qədər böyük olub ki, on yaşında işləməyə məcbur qalıb, evə maddi kömək etməyə çalışıb.  Bu acı təcrübə onu bacarıqlı bir insan kimi yetişdirə bilib. Və bu bacarıqla o, həyatda çox şeyə heç bir arxa-dayağı olmadan nail olub...

 

Martın 16-cı günü dünyaya bir sıra görkəmli şəxsiyyətlər bəxş edib. Ümumiyyətlə, bu tarixdə dünyaya gələn insanların arasında oxşar xüsusiyyətlər çoxdur. Bu gün sizə martın 16-da anadan olan iki insan haqqında söhbət açmaq istəyirəm;

Onlardan birincisi Ceyms Medisondur. 1751-ci il martın 16-da ABŞ-ın Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində dünyaya gəlib. Boyu 1 metr, 62 santimetr olan Ceyms Medison parlaq düşüncəli, dəmir iradəli, kübar bir şəxsiyyət idi. 1809-cu ildən 1817-ci ilədək Amerika Birləşmiş Ştatlarına rəhbərlik edib, ABŞ-ın 4-cü prezidenti olub...

Ağalar İdrisoğlu isə Ceymsdən yüz doğsan doqquz il sonra- 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Azərbaycan yazıçısı, dramaturqu və rejissorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür...

Bu insanları təkcə doğum günləri birləşdirmir. Həm də iti zəka, duyğusallıq, dərin təfəkkür, əzmkarlıq hər ikisinə də məxsus olan xüsusiyyətlərdəndir. Ən böyük oxşarlıqları isə daim hərəkətdə olmaq, cəmiyyətə fayda vermək xüsusiyyətləridir...

Nə isə, Ceyms Medison uzaq keçmişdə qaldı. Bu gün bizimlə eyni dövrdə yaşayan, yazıb yaradan Ağalar İdrisoğluya Allah Ceyms Medisondan da çox müsbət xüsususiyyətlər bəxş edib, sadalamaqla bitməz. Heç sadalamaq istəmirəm də. Çünki dostları bu xüsusiyyətlərini çoxdan kəşf ediblər...

Bəli, martın 16-sı gözəl günlərdən biridir, Novruz bayramına saylı günlər qalır. Bu ərəfədə dünyaya gələn insanlar da gözəl olurlar...

Hörmətli Ağalar müəllimin ad günündən  xəbər tutub qələmə aldığım bu kiçik təbrik yazısı qoy onun 74 yaşına SÖZ ərmağanım olsun!

Yeni yaşı mübarək!

 

Şəkillərdə: Yox, qapaq şəklindəki Ceyms Medisondur. Ağalar İdrisoğlu bax burada, iç fotodadır.  

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Bazar ertəsi, 18 Mart 2024 13:15

Günün fotosu: Hamus möcüzəsi

Günün fotosu: Hamus möcüzəsi

 

Təqdim etdi: Əkbər Qoşalı

 

Qardaş Türkiyədə - Hamus çayında (Osmaniyə) sular çəkilincə ortaya çıxan mənzərə: 

SU İÇƏN ƏSGƏR qayası!.. 

Doğa hadisəsimi, yoxsa, qaya insan əliyləmi şəkillənib? - qəti fərq etməz.

MÖHTƏŞƏMDİR!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yeni yetişən gənclik o dövrdə baş verən hadisələri görməyiblər deyə, bundan istifadə edən bəzi müxalif qüvvələr yanlış arqumentlərlə gəncləri xəyal qırıqlığına sürükləyirlər. 

 

Ötən əsrin 90-cı illərində Azərbaycan büsbütün təlatümlər məngənəsində boğulurdu. Bir yandan Sürət Hüseynovun qiyama cəhdi, siyasi hərc-mərclik, yarıtmaz idarəçilik, digər tərəfdən ermənilərin torpaqlarımızı işğal edə-edə irəliləməsi ölkəni əməlli-başlı sarsıtmışdı. Necə deyərlər, müstəqilliyimiz təhlükə altında idi. Belə bir vaxtda az qala başını itirən respublikanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy məcbur qalıb Naxçıvana zəng vurdu və Heydər Əliyevi mərkəzə, ölkəni xaosdan xilas etməyə yardım üçün dəvət etdi. Bu dəvəti qəbul edən Ulu Öndər 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəldi. Altı ay Azərbaycan Ali Sovetinə rəhbərlik edəndən sonra, növbəti seçkilərdə Azərbaycan Respublikasının prezidenti seçildi. Və az qala məhv olan Azərbaycanda dövlətçiliyi bərpa etdi... 

 

Aydındır ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə əlaqədar, ailə üzvləri Bakıya döndülər. Bax, elə o zamandan indiki prezidentimiz İlham Əliyev cənabları zəngin tərcübəsi olan bir şəxs, iqtisadiyatı dərindən bilən bir mütəxəsis kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə vitse-prezident təyin edildi və çox keçmədi ki, şirkətin birinci vitse-prezidenti oldu. O, bu vəzifədə ölkənin iqtisadi vəziyyətinin dirçəlməsində əhəmiyyətli rol oynayaraq, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etməyə başladı. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifi oldu. Siyasi elmlər doktoru kimi onun bu istiqamətdə xidmətləri çox böyükdür...

Bəli, hazırda müstəqil respublikamıza rəhbərlik edən İlham Əliyev cənabları ölkəmizdə əmək fəaliyyətinə 1994-cü ildə, məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən başlayıb. Ötən otuz ildə Azərbaycan çox dəyişib. Abadlıq-quruculuq işləri göz qabağındadır. İşğal altında olan ərazilərimiz tamamilə düşmən tapdağından təmizlənib. Azad Qarabağımız bu gün inanılmaz şəkildə dirçəlir. Yeni ağıllı kəndlər, qəsəbələr tikilir, aeroportlar, müasir yollar, körpülər salınır. Bir sözlə, Azərbaycan öz bəxtəvər dövrünü yaşayır...

Deyirlər ki, dağın əzəmətini yaxşı görməkdən ötrü, geriyə çəkilmək, ona uzaqdan baxmaq lazımdır. İlham Əliyev Azərbaycan xalqının elə bir əzəmətli oğludur ki, onun qələbəsini tarix heç zaman unutmayacaq. İkinci belə bir yenilməz SƏRKƏRDƏNİ yetişdirmək üçün, Azərbaycana ən azı illər lazımdır…

Fürsətdən istifadə edib sıravi bir qələm adamı kimi, cənab ALİ BAŞ KOMANDANI Azərbycanda əmək fəaliyyətinə başlamasının 30 illiyi münasibətilə təbrik edir, tezliklə qeyd edəcəyi Novruz bayramına- MÜBARƏKDİR!- deyirəm... 

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Bazar ertəsi, 18 Mart 2024 14:00

Çin orijinal, alman və yapon - saxta?

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Əgər sənin sualının qarşısında susublarsa, bu o demək deyil ki, sənə cavab verməyiblər. 

 

2.

-Əgər sən saatlarsa başqalarını dinləyib onların ağzına baxsan, həyatda heç nəyə nail olmayacaqsan. 

-Ay ana, mən stomatoloqam, neynəməliyəm bəs?

 

3.

Mənim həyat yoldaşımın moll-da irəliləmə sürəti saatda 200 dollara bərabərdir. 

 

4.

-Çin avtomobili sürürəm. Ona ehtiyat hissələrini orijinal alım, yoxsa bənzərini?

-Nə danışırsan? Mütləq Çin istehsalı orijinal ehtiyat hissələri almaq lazımdlr. Ağlına belə gətirmə ki, Almaniyanın, yaxud Yaponiyanın bənzərlərini alasan. 

 

5.

Anekdotı.ru saytında həftənin lətifəsi:

 

Xalqa müraciətdə prezident vəd verdi ki, 3 ay müddətinə öz əməkhaqqını, müavinlərinin, nazirlərin, nazir müavinlərinin, komitə sədrlərinin və müavinlərinin əməkhaqlarının üçdə biri qədər azaldacaq və bu pulu virusla mübarizəyə yönəldəcək. O, dövlət idarə və müəssisələrinin, böyük kompaniyaların rəhbərlərini də analoji addımı atmağa səsləyib. 

Heyif ki, bu, CAR-ın prezidentidir. 

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Bazar ertəsi, 18 Mart 2024 15:00

Bir sual, bir cavab - İqbal Nəhmət ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Gəl sevgi qoymayaq bunun adını,

Eləcə biz- bizə vurğunuq deyək.

Daha savaşmayaq ayrılıq ilə,

Çəkilək kənara yorğunuq deyək.

(İqbal Nəhmət)

İqbal bəy, sevgiyə öz adı ilə müraciət edəndə ayrılıq onu məhv edir, ya da ki, etiraf edilmiş sevgilərin çoxunun mükafatı elə ayrılıq olur?

 

 CAVAB:

-Mən başqa bir şeirimdə yazmışam ki:

Səni sevmək bir ağacı sən bilərək 

gövdəsinə sarılmaqdı,

budaq -budaq qırılmaqdı,

yorulmaqdı, yox olmaqdı.

Səni sevmək 

bəlkə, bir az da ölməkdir...

 

Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Bazar ertəsi, 18 Mart 2024 12:15

Həqiqətən də, nədir axı bu Xoşbəxtlik?

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

“O gün yanvarın otuzu, fəsillərdən qış fəsli, günlərdən bazar günü idi. Hər kəs evdə öz işinin başındaydı, mən də hər zamankı kimi balaca oyuncağımla oynayırdım. Anam çöldə yağan qarı görüb yenə bikef halda danışır, atamsa sakitcə filmə baxırdı. Sanki söhbətini dinləyib təsdiqlədiyimi bəyan etsəm də, ürəyimdə qarın yağdığına necə sevindiyimi dilə gətirə bilməzdim, axı böyüklər əylənməyin nə demək olduğunu bilmirdilər, deyilmi?

Saatın keçməyini gözləyirdim atam işə getsin və mən də uşaqlarla oynamağa, soyuqdan donsam da saatlarla qarın yağmasına seyr edib dostlarımla əylənməyə gedim. Bir neçə dəqiqə anamı dilə tutduqdan sonra axır ki, icazəni alıb bayıra çıxmağı bacardım. Dostlarım da məni gözləyirdi. Qar o qədər yağmışdı ki, kəndimizdə olan balaca evlər üstlərinə qar qalaqlandığından, daha da maraqlı görünürdülər. Yalnız rəngləri ilə bir-birindən fərqlənən evlərin ən oxşar cəhəti bacadan çıxan odun dumanı idi.   O günü həyatımda ən maraqlı günlərdən biri idi".

 

-Yəni, həqiqətən də unudulmaz günlərdən biri olub, bəy? Bəs sizcə, indi xoşbəxtsiz?

- Bilirsiniz, xanım. Həyatda pulun olmağı hələ xoşbəxt olmaq demək deyil. Xoşbəxt olmaqçün  ilk növbədə sevməyi, sevilməyi, sevdirməyi bacarmaq lazımdır. Bu gün mənim hər şeyim var, amma mən özümü xoşbəxt zənn etmirəm, çünki yanımda nə mənə dəstək olan atam, nə də mənə sevgi ilə qayğını daddıran anam var. Düşünürəm, bəlkə də əlində bir çörəklə hər axşam övladının, ailəsinin yanına sağ salamat gedən insan məndən daha xoşbəxtdir, kim bilir...”

 

Bəli, xoşbəxtlik əslində bu qədər asan əldə olunacaq bir məvhumdur. Lakin biz bunu necə əldə edəcəyimizi bilmirik. Xoşbəxtliyi bəzən birinin səbəbsiz gülüşündə, bəzən bir insanın davranışında, bəzən zəhmətkeş bir atanın əlinin qabarında, bəzən övladını fərəhlə məktəbə aparan ananın işıqlı  gözlərində, bəzən də bir-birlərinə eşqlə yanaşan insanların duyğularında görmək mümkündür. Çalışaq, xoşbəxtliyi bu qədər saf, təmiz hisslərdə görməyi bacaraq. 

Belə, əziz dost. Sənə də qəlbən xoşbəxt olmağı arzu edirəm. 

Sağlıqla qal.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Bazar ertəsi, 18 Mart 2024 11:45

Komitə sədri Əməkdar artisti təbrik edib

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam” İctimai Birliyinin sədri, Əməkdar artist Nuriyyə Hüseynovanı 55 illik yubileyi ilə bağlı təbrik edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda yubilyarın sənət, pedaqoji və ictimai fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib. Təbrik məktubunu təqdim edirik:

 

“Hörmətli Nuriyyə xanım,

Sizi 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, sənətdə, ictimai və pedaqoji fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz ölkəmizin özünəxas zəngin milli-mənəvi, mədəni gələnəyinə sahib Ordubad elində boya-başa çatmış, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA-da) ali təhsil almısınız.

Siz bir müğənni, muğam ifaçısı, pedaqoq və ictimai xadim olaraq uzunmüddətli, səmərəli xidmətlərinizlə seçilirsiniz. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının solisti, AMEA-nın Folklor İnstitutunun “İrs” (“Dədə Qorqud”) ansamblının rəhbəri (2010-2023) olaraq ölkə hüdudlarından qıraqda unudulmaz çıxışlar etmiş, Azərbaycanı layiqincə təmsil etmisiniz.

Siz hələ 14 yaşınızdan beynəlxalq müsabiqələrə qatılmış, eləcə də, dövlət konsertlərində uğurla çıxış etmisiniz. Sənətə vurğulunluğunuz sənətə peşəkar bağlılıqla davam və inkişaf edib: 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA-da) Muğam ixtisası üzrə oxumusunuz. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda (indi Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecində), 1994-cu ildə Bakı Mədəni-Maarif Texnikumunda (indi ADMİU-nun nəzdindəki Bakı Humanitar Kollecində), 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, 2000-ci ildən ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olmuş, yeniyetmə və gənclərimizə sənətin sirlərini sevə-sevə öyrətmisiniz. Hazırda Milli Konservatoriyanın müəllimisiniz.

2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində keçirilən UNESCO-nun tədbirlərində “İrs” ansamblı ilə birgə yaddaqalan konsert proqramı ilə Azərbaycanı uğurla təmsil etmisiniz. “İrs”lə birgə həmçinin Düşənbədə keçirilən “Qəlblərin səsi” festivalında (2005), İstanbulda “İslam ölkələrinin mədəniyyət həftəsi”ndə yüksək səviyyəli çıxışlar etmisiniz. Doğma Təbrizdə, qardaş ölkələr – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Macarıstanda, habelə ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Hindistan, Rusiya, Rumıniya, İordaniya, İsveçrə, Kanada, Koreya, Küveyt və b. ölkələrdə təşkil olunmuş müxtəlif konsert proqramlarında Azərbaycan musiqisini uğurla təqdim, təmsil və təbliğ etmisiniz.

Akademik Teymur Bünyadovun “Sən olmasaydın”, yazıçı Rasim Gənzəlinin “Qəlbi asiman kimi” kitabları sizin həyat və yaradıcılığınıza həsr olunub.

2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə görə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüş, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmusunuz.

Sizi yaradıcılıq uğurlarınız, əlamətdar yubileyiniz və qarşıdan gələn Novruz bayramı ilə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Rubrikada bu dəfə sual bakılı tələbə Xəyal Nəcəfovdan gəlib. O, ənənəvi ‘’V Müasir Audiovizual Baxış’’ Mükafatının təqdimetmə mərasimi barədə sual edir, mükafatı kimin qazandığını soruşur. 

Həqiqətən də, gündəlik informasiya axını nəcürsə edib, bu tədbir barədə oxucularımıza məlumat vermək diqqətimizdən qaçıb. Gec də olsa səhvimizi düzəldir, Azərbaycan Respublikası Kino Agentliyindən aldığımız informasiyanı diqqətinizə çatdırırıq.

 

Sözügedən tədbir 6 gün öncə - martın 12-də baş tutub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə "AzerNyuMedia" şirkətinin hər həftənin şənbə və bazar günləri "Real FM"-də təqdim etdiyi "Cinema Radio" Kino-Radio Kanalının ənənəvi ‘’V Müasir Audiovizual Baxış’’ Mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə kanalının rəhbəri Kamran Qasımov və aparıcısı, eləcə də redaktoru RJ Yaqut ''V Müasir Audiovizual Baxış’’ Mükafatının qalibini elan edib. Mükafat bu dəfə Vətən Müharibəsi mövzusunda ‘’Mən buradayam, ilahi’’ tammetrajlı bədii, ‘’Hasar’’ qısametrajlı bədii filminin quruluşçu rejissoru Qulu Əsgərova təqdim edilib. Təqdimat mərasimində rok ifaçısı Vüsal Rzasoyun ifasında Azərbaycan filmlərindən saundtreklər də səslənib.

Qeyd edək ki, "Cinema Radio’’ Kino-Radio Kanalı 2019-cu il ildə fəaliyyətə başlayıb, 2019-2022-ci illərdə "Avto FM"-də, 2022-ci ildən isə "Real FM"-də yayımlanır. Kanalın ‘’Müasir Audiovizual Baxış’’ Mükafatı 2019-cu ildən təqdim olunur.

Biz də öz növbəmizdə yeni dalğa rejissorları arasında seçilən rejissor Qulu Əsgərovu təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.