Super User

Super User

 

Dünya Azərbaycanlıları Konqresinin başqanı Dr. Asif Kurbanın təşkilatçılığı ilə İzmirin siyasi-ictimai və elmi elitası "Azərbaycanın könül dostları iftar süfrəsində" adı altında bir araya gəlib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ictimai fəal Elnur Eltürk məlumat verib. 

 

Dr. Asif Kurban ilk öncə qonaqları salamladıqdan sonra iki qardaş ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və  bu kimi tədbirlərin münasibətlərimizin inkişafına böyük təsir göstərdiyini  diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən qonaqlar qarşılıqlı əlaqələrin davamlı olması üçün belə tədbirlərin önəmini bildiriblər. 

Qeyd edək ki, tədbirdə İzmir valisinin müavini  Fatih Kızıltoprak, Ege Universiteti Prof. Dr. Mehmet Ersan, Ege Universiteti Türk Dünyası Araşdırma İnstitutu SES kafeterya müdiri Prof. Dr. Vəfa Kurban, Ege Universiteti Prof. Dr. Afiq Bərdəli, Yaşar Universiteti Prof. Dr. Şahlar Məhərrəm, Dokuz Eylül Universitetindən Prof. Dr. Əfəndi, Prof. Dr. Ülviyyə Sanılı, Türk Ocakları İzmir şöbəsinin rəhbəri Alper Erdem, Karabağlar bələdiyyə sədrinin müavini və Konyalılar Fondunun rəhbəri Mehmet Ərdoğan, Krım Dərnəyi rəhbəri Nuran Çağatay, Sivaslılar dərnəyi başçısının müavini Faysal Çaygöz, Əhdə Vəfa Dərnəyinin rəhbəri Ali Manav, Birlik Təhsil Birliyinin İzmir şöbə müdiri, İzmir Milli Təhsil Müdirliyinin şöbə müdiri Ramazan Türk, İzmir Univertetlərində çalışan azərbaycanlı müəllimlər, həkimlər, tələbələr iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105-ci ildönümü tamam olacaq. Ədəbiyyat tariximizə “Dəli Kür”, “Ölən dünyam” kimi möhtəşəm romanlar  bəxş etmiş İsmayıl Şıxlı həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqillik hərəkatında müstəsna fəaliyyət göstərmiş, fəal ictimai-siyasi xadim olmuşdur. 

 

Martın 18-də İsmayıl Şıxlının anadan olmasınln 105 illiyi münasibətilə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin təşkilati dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir təşkil edib. Tədbirdə tanınmış ədəbiyyat və elm xadimləri, eləcə də İsmayıl Şıxlının ailə üzvləri iştirak ediblər. 

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirin aparıcısı - Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Azərbaycan nəsrində İsmayıl Şıxlının müstəsna rolundan bəhs edib, öz timsalında böyük ədibin gənclərin ədəbiyyata gəlişinə göstərdiyi dəstəyindən bəhs edib. 

Xalq yazıçısı Anar İsmayıl Şıxlı yaradıcılığının bədii və ictimai əhəmiyyətindən danışıb, yazıçının “Ölən dünyam” romanı barədə ilk resenziyanı necə yazması, romanda haqqında bəhs edilən ana babası Xudadat bəy Rəfibəyov barədə arxiv sənədlərinin əldə edilməsində necə köməklik göstərdiyini yada salıb. 

“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov Qazax mahalından çıxan böyük ədiblər pleadasından söz açaraq burada İsmayıl Şıxlı zirvəsini ayrıca qeyd edib, hər il martın 21-də ictimai birliyin  təşkilatçılığı ilə Səməd Vurğunun, İsmayıl Şıxlının, Mehdi Hüseynin və digər görkəmli söz ustalarının Fəxri Xiyabanda anım mərasiminin keçirildiyini diqqətə çatdırıb. 

İsmayıl Şıxlının tələbəsi olmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı öz çıxışında böyük ədibin həm də böyük pedaqoq olduğunu, tələbələrə necə həssaslıqla, qayğıyla yanaşdığını qeyd edib. 

Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid İsmayıl Şıxlının ədəbiyyatda qoyduğu ənənələrdən, eləcə də onun sərgilədiyi vətəndaş mövqeyindən danışıb. 

“Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşüb, jurnalda birgə çalışdıqları dönəmdə onun necə tələbkar olduğunu, boz ədəbiyyatın dərc edilməməsi naminə kimlərlə üz-göz qaldığını dilə gətirib. 

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı İsmayıl Şıxlının əsərlərinin türk dünyası ədəbiyyatında əks-sədasından bəhs edib, onun nəsrini vətəndaş və vətənpərvər nəsrin ən gözəl nümunəsi adlandırlb. 

İsmayıl Şıxlının tədqiqatçıları - professorlar Təyyar Salamoğlu və Mahmud Alamanlı, eləcə də ədəbiyyatşünas Məti Osmanoğlu, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu ədibin yaradıcılığının xarakterik xüsusiyyətlərindən söz açaraq onun ədəbiyyat tariximizdəki xüsusi rolunu qeyd ediblər. 

Xalq artisti Həmidə Ömərova “Dəli Kür” romanının yeni nəslə düzlük, comərdlik, mübarizlik kimi xüsusiyyətləri aşılamasından danışıb, professor Qulu Məhərrəmli “Ölən dünyam” romanını İsmayıl Şıxlı yaradıcılığının kulminasiyası hesab edib. 

İsmayıl Şıxlı yadigarı - Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ailələri adından tədbirin təşkilatçılarına və gələn qonaqlara minnətdarlıq bildirib, atasının ömür yolundan, ömrünün son günlərindən danışıb, onun çox ağır xəstə olmasına rəğmən “Ölən dünyam” romanını necə bitirməsini və son nöqtəni qoyduqdan sonra “indi rahat ölə bilərəm” kəlmələrini söyləməsini kövrək notlarla dilə gətirib. 

Tədbirdə həm də böyük yazara həsr edilmiş şeirlər səsləndirilib, 105 illik münasibətilə elan edilmiş ən yaxşı esse müsabiqəsinin qalibi Nurəddin Ədiloğlu mükafatlandırılıb. 

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 13:29

“Ulduz” jurnalının yanvar sayı işıq üzü görüb

 

Uzun gözləntidən sonra, nəhayət ki, “Ulduz” jurnalının yanvar sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Ulduz” jurnalının yanvar sayı filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Postmodern poetika: “Əlahəzrət mətn” yazısıyla açılır. 

 

İlham Abbasov “Nobel mükafatı laureatları” rubrikasında ingilis ədəbiyyatının amerikalı nümayəndəsi Tomas Eliotun həyat və yaradıcılığını incələyir.

“Yeni nəsil: tənqid” rubrikasında filologiya üzrə fələsfə doktoru Gülnar Səma Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”ini təhlil edir.

“Tribuna”da Mirzə Fətəli Axundovun “Nəzm və nəsr haqqında” yazısı yer alıb.

Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” əsərində mif və gerçəklik”dən yazır.

“Tribuna”da akademik Kamal Talıbzadə “Firudin bəy Köçərlinin Abdulla Şaiqə məktubları”ndan söz açır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz İsmayılova ““Bir qış gecəsi əgər bir yolçu” və postmodernizm” yazısını  təqdim edir.

Cəlil Nağıyev ““Paris üçbucağı” romanı haqqında düşüncələr”ini oxucularla bölüşür.

Filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoy “Yenis nəsil: tənqid”də “Alma”dan yazır.

“Ulduz” jurnalı ilə “525-ci qəzet”in birgə layihəsi olan “Gənc yazarlar üçün nəzəriyyə dərsi”ndə “Əsərmi, mətnmi?” dərsiylə Məti Osmanoğludur.

Fəridə Rəhimli “Sevgisini, kədərini şeirə çevirən...” Əbülfət Mədətoğlu yaradıcılığından söhbət açır.

“Dərgidə kitab”da “Lirik şeirlər”lə Mirzə Şəfi Vazehdir.

Bunlar hamısı deyil, “Ulduz” jurnalının bu sayında azruladığınız xeyli maraqlı müsahibələr, yazılar var.

Xatırladaq ki, “Ulduz” jurnalının yanvar sayı “Yeni nəsil: tənqid” “”Ulduz” jurnalıyla C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 16:30

"KİNOTƏHLİL"də "Səssiz haray" filmi

Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"

 

Mənə görə, insanlar dünya ilə olan mübarizələrini cisimləri ilə deyil, ruhlarıyla verirlər. Həddindən artıq fiziki ağrı cana, həddini aşmış mənəvi ağrı isə ruha əzab verər. İnsanlar üzümüzdəki göy qurşağını görüb, içimizdəki yağışlardan xəbərsiz qalar. Biz isə, bu hala özümüzü unudacaq dərəcədə öyrəşərik. 

İnsana nəyisə qəbul etdirmək üçün, onu ilk öncə həmən şeyə öyrəşdirməlisən. Öyrəşən, qəlbi zülmətə məhkum olmuş biri üçün gündüz və ya gecə olduğunun bir önəmi qalmaz. 

Uşaq ikən biz öz etirazımızı ağlayaraq göstərərdik. Böyüdükcə, dəfələrlə həyatımız qaraldı, bizim isə ağaran saçlarımız oldu. Yaşımız artdıqca, həyat bizə "səssiz haray"ı öyrətdi.

Həyatın acı gerçəklərini üzümüzə şillətək vuran, adı ilə izləməyə sövq edən "Səssiz haray" filmindən bəhs edək. 

Sədaqət Kərimova bu filmin ssenari müəllifi və quruluşçu rejissorudur. Həmçinin "Soyuq Günəş" və "İtən gündəlik" filmlərinin də yaradıcısı odur. 

Quruluşçu operatoru Elxan Rüstəmov, Sevda Məmmədova isə filmin rəssamıdır. Baş rollarda Fariz İlyas, Ədalət Abdulsəməd, Qəmər Məmmədova, Elçin Əfəndi, İlhamə Əhmədova, Elşən Rüstəmov, Mirzə Ağabəyli, Aygün Fətullayeva, Zemfira Abdulsəmə, Dilarə Fərəcullayeva, Zümrüd Qasımova və digərləri çəkilmişdir. Çəkilişlərin əksəriyyəti Qusar Peşə liseyində həyata keçirilmişdir.

 Filmdə dərdin yaşı olmadığını, hər yaşın bizi üzləşdirdiyi çətinliklər tam şəffaflığı ilə izləyicilərə çatdırılmışdır.

 

-Ağıllı qız ol, burada otur, məni gözlə, mən də gəlim.

-Yaxşı, bax, gecikmə ha, söz verirsənmi?

Anasının başını təsdiqləyərək:

-"Darıxma, tez gələcəyəm" deyib, bir daha heç gəlməməsi ilə filmin baş rollarından biri olan Sənubərin elə uşaq ikən yaşadığı və bundan sonrakı həyatına təsir edəcəyi pisliyi anası tərəfindən görmüş, bununla da film bizə həyatda doğma dediyimiz insanların, bəzən ən böyük sağalmaz yaralara yol açacağını öyrədir. 

Həmçinin onun 18 il sonra böyüyüb boya-başa çatdığı yetimxanaya gələrək, öz otağına keçməsi və onunla eyni taleyi paylaşan Teymuru görməsi bizə, həqiqətən bu dünyada fərqli insanların, eyni çətinliklərdən keçə, bir çox yüzlərlə ruhun, eyni bədbəxtliklə mübarizə apardığını görmək imkanı yaradır, tək olsaq da, tale dostlarımızın olduğunu göstərir.

Sənubərin qayğı görməməsinə rəğmən, illər sonra qayğı göstərən biri olmasını işlədiyi qocalar evində olan yaşlılara göstərdiyi qayğıdan, "yaşadıqlarım məni pis biri edib" cümləsinin sadəcə zəiflik olduğunu görə bilərik. 

Filmin bu hissəsinə qədər tənqidimiz, övladından uşaqlığı əsirgəyən valideynlər idi. Filmin növbəti hissələri, həyatın digər üzlərini göstərir. Gəlin, indi də vəfa ilə böyüdülüb, vəfasız övladlardan danışaq. Bəzi cavanların rahat yaşamaq üçün, cavanlıqlarını qurban edən varlığa, ana-ata deyilir. 

Sarıyad içdən içə övladlarına ehtiyac duymasına rəğmən, onların rahatlığını, öz narahatlığı ilə əvəzləyirdi.

Məgər dünyadakı ən böyük rahatlıq, sənə rahatlığı bəxş edənin rahat olduğunu görmək deyildi?!

Sarıyadın xəstələnib, yaş alıb gücdən düşməsi və övladlarını narahat etməmək üçün xəbər verməməsi həssas ana ürəyinin göstəricisi idi. 

"Övlad qayğısına həsrət bəzi ahıl adamlar, ömürlərinin qalan illərini qocalar evində keçirməyə məhkumdurlar". 

Bəli, artıq çarəsiz qalan Sarıyad bu cümlənin mənasını bütün ruhu ilə dərk edir və qocalar evinə yerləşir. Həyat iki yaralı insanı - ana qayğısından məhrum qalan Sənubəri və övlad qayğısına möhtac olan Sarıyadın yollarını kəsişdirir. 

Daha bir təsirli dialoq, Sarıyadın qocalar evində yaşlı kişi ilə etdiyi söhbətdə, qocanın işlətdiyi həmin o cümlələr idi. 

-Həyat yoldaşım 10 il bundan qabaq vəfat edib. Çox gözəl xasiyyəti var idi. Amma gəl ki, onu incitməkdən həzz alırdım. Deyirdi ki, mənim qədrimi öləndən sonra bilərsən. Sözlərini zarafata alardım, elə bilərdim ona heçnə olmaz. Bir gün quş kimi uçub getdi. Həmən gün başa düşdüm ki, arxamda dağ dayanmışdı. Onun getməsilə dağıldı.

 Təəssüf ki insanoğlu nankordur. Bir şeyi ən çox artıq ona sahib olmayanda yox, artıq ona sahib olmadığını "anlayanda" onun qiymətini anlayır.

-Ömürlük getmirəm ki, birdə gördün, müharibə qurtardı, mən də qayıdıb gəldim. 

Müharibə qurtardı, amma Sarıyadın yarı gəlmədi. 

Daha bir təsirli dialoq anası olmayan Teymur ilə müdirin dialoqu idi. 

-And iç.

-Anamın canı üçün...

Anasız biri üçün bu cümlə, həyatının ən ağrılı, ən yaralayıcı cümləsi ola bilərdi bəlkə də. Axı bu andı anası olanlar işlədir və Teymurun anası yox idi?! Var idimi? Bəlkə də, hə. Hə, hə, var idi. Anası Teymurun yanında deyil, qəlbində idi. Teymur anası var imiş kimi, bu andı içmişdi...

Sarıyad obrazının qocalar evindəki zibilliyi bostan yeri etməsi, həmçinin ona atılan şər-böhtanlara rəğmən təmiz qalması, inci daşının palçıqda belə parlayacağı gerçəyi ilə üst-üstə düşür. 

Qocalar evində illər sonra Sənubərin yazdığı mahnının səslənmə səhnəsi, insanın bir-başa ruhuna işləyirdi...

-Nə mən Zübeydəni, nə də sən İbrahimi əvəz edəcəksən. 

Bu cümlə isə bizə, əsl sevginin insanın qəlb qapısını bir dəfə döydüyünü, ondan sonrakıların sadəcə qonaq kimi, gəlib getdiyini göstərir...

Filmin sonlarında əslində doğmaları varkən yetim qalan Sarıyad, Sənubər və Teymur birlikdə yaşamağa qərar verirlər. Bu isə bizə onu göstərir ki, insanın həyatdakı yaxınları, qan bağı olanlar deyil, can bağı olanlardır. Əsas məsələ könül, qəlb, ruh yaxınlığı imiş...

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yaşı az olmasa da ölkədə təzə-təzə tanınır. 1957-ci ildə indiki Şirvan şəhərində anadan olub. Necə deyərlər, zahirən vahiməli görünsə də, daxilən çox həssas adamdır…

 

Son illərin müxtəlif filim və seriallarında ona tez-tez rast gəlmək olar. Yaratdığı rəngarəng obrazlar bir-birindən çox fərqlənir. O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy rollarını ifa edir…

Az müddətdə pərəstişkarlarının sayı xeyli artıb. Şöhrəti yavaş-yavaş ölkəyə yayılır. Necə deyərlər, deyib gülən, sanki ətrafına şəfəq saçan adamlardandır. O olan yerdə isə darıxmaqdan söhbət gedə bilməz... 

Deyirəm, adımın çox yox, bir nəfər belə bir dostu ola, Vallah dünyanın xoşbəxti olar. Xoşbəxtlikdən söhbət düşmüşkən, onu da deyim ki, bahar ətirli insandır. Novruz bayramında dünyaya gəlib...

Bəli, sabah - martın 20-si aktyor Midhəd Aydının doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Təranə Dəmir bu dəfə sizlərin qarşınızda öz yeni yazdığı şeiri ilə dayanır. 

Dünyanı bürüyüb od, ocaq iyi,

Deyəsən ürəklər şişə çəkilib.

Maraqlı poetik ifadədir. Şairin dünyamızın bu  günündən nigarançılığı başadüşüləndir. 

 

Bir  həsrət üşüyür indi hardasa,

Əsir yarpaq -yarpaq  sazağın altda.

Bir çiçək bahara açır gözünü, 

Bir çiçək can verir torpağın altda. 

 

Bir arzu aldanır payız yelinə,

Bir arzu köz olur odsuz, oçaqsız.

Bir ümid asılır dar ağacından,

Bir ümid doğulur əlsiz, ayaqsız.

 

Bir sevgi yol gedir sabaha sarı,

Bir sevgi asılıb gümanda qalıb.

Bir öpüş qovuşub azadlığına,

Bir öpüş hələ də damanda qalıb.

 

Bu gedən sevdalar, gələn sevdalar,

Görən hansı yoldan, bərədən keçir? 

Görən neçə qeybət, qal bazarından,

Neçə cür qanundan, törədən keçir?

 

Hardasa ağlayır bir qız ləpiri,

Baxırsan üstündə göz yaşı donub.

Bir yarpaq üzülüb öz budağından

Uçub bu ləpirin üstünə qonub.

 

Kimsə ulduz-ulduz sayır saatı,

Kimsə kirpiyiylə döyür gecəni.

Bir sürü yalavaç küçə itləri

Söhbətə tuturlar yoldan keçəni.

 

Bir səhər taxtından yıxılır indi,

Bir səhər taxtına çıxır hardasa.

Kiminsə könlündən keçən məhəbbət

Kiminsə baxtına çıxır hardasa.

 

Bir qadın saçını darayır bəlkə,

Paltarı səadət, sinəsi həsrət.

Açılıb örtülür dərdə, sevincə,

Bir qapı işıqdı, bir qapı zülmət.

 

Bir yuxu tökülür göyün üzündən,

Bir yuxu nə vaxtdı ərşə çəkilib.

Dünyanı bürüyüb od, ocaq iyi,

Deyəsən ürəklər şişə çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 17:15

POETİK QİRAƏTdə Yusif Nəğməkarın “Bitər-bitməz”i

Poetik Qiraətdə bu gün sizlərlə yenidən şair Yusif Nəğməkar görüşür. “Bitər-bitməz” adlanan şeiri şair bəxtinə müraciətlə yazıb. Giley-güzar motivləri olsa da, sonda hər şey nikbin notlarla bitir:

Üz-üzə dayandım gülər üzünlə,

Bəxtəvər elədin bəxtimi, bəxtim!...

 

BİTƏR - BİTMƏZ?!.

 

Ən dərin yoxsulluqdur sənsizlik,

Ən böyük haqsızlıqdır sənsizlik...

            (Y. Nəğməkar)

 

Qanadlanıb uçdim "bitdi" sözünlə,

Sağ ol, uca tutdun təxtimi, bəxtim!

Ulaşdı üzülən üzüm üzünlə,

Bəxtəvər elədin bəxtimi, bəxtim!..

 

Çağdaş ümid şaxələndi hər çağa;

Nələr vəd etmədi çəkdiklərimiz?!.

Qoşa toxum səpdik qara torpağa,

"Bitdi" yox, bitibdir əkdiklərimiz!..

 

Haqdan muştuluqdur, müjdədir mənə

Dilinin "bitdi"ylə dinib - ötməsi...

Oyadıb ruhumu, yetirdi şənə

Uzun bir həsrətin belə bitməsi...

 

Sinəmiz dağ yeri, qoy o dağların

Vaxtsız qara çəni,  göy sisi bitsin.

Düyünü açılsın müşkül bağların;

Dünyanın inciyi, küsüsü bitsin...

 

Eşq ilə isinib, boy vermək-rəhmət,

"Bitdi", behişt oldu sevgi ormanı...

Könül zəmisini becərmək-zəhmət,

Bitişi, məhsulu-büsat xırmanı.

 

Bitən butan batən batan deyil ki?!.

Can cəhrə, qəlp iyi iplik əyirməz...

Bitənəkli bitən bu tən deyil ki,

Bitməz "bitən", bitməyənlər göyərməz...

 

Nə vaxt qəlb yuvada çatıldı ocaq-

Bilmədik, o günün rəqəmi yoxdur.

Hər şeyi bitirə bilərik, ancaq

Sevginin bitəcək məqamı yoxdur.

 

Bir var, günün, ayın yaddaşı sola-

O da illər sona yetsin ki, bitsin.

Bir də var, aşiqlik "limit"i dola,

Gərək xatirələr bitsin ki, bitsin!..

 

Qanadlanıb uçdum "bitdi" sözünlə,

Sağ ol, uca tutdun təxtimi, bəxtim!

Üz-üzə dayandım gülər üzünlə,

Bəxtəvər elədin bəxtimi, bəxtim!...

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 15:30

Uçuşan göyərçinlərin əhatəsində

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Adətim üzrə tanınmış şəxsiyyətlərin ad günləri olanda məqalələr yazır, sosial şəbəkə dostlarımın ad günlərini təbrik edirəm. Hər gün hər iki zümrədən bir neçə nəfərin ad günü olur. Və ötən günlərin birində facebook dostlarımdan cəmi bir nəfərin- Leyla Həsənlinin doğum günü olanda, düzü, təəccübləndim. Cəmi bir?

 

Səhifəsinə daxil olub araşdırıram, deyəsən, xaricdə yaşayır. Gəncdir. Şəkillərindən görürəm ki, şən və gülərüz xanımdır. Yaxşı fəlsəfəsi var. Yazır ki,- "Sevgi müharibə kimidir, başlamaq asan, bitirmək çətin, unutmaq isə mümkünsüzdür..."

Daha sonra- "Bir nəğmə var xəyal qurmağıma kömək edir, bir nəğmə var məni xəyallarımdan uzaqlaşdırır. Bir şeir var orda özümü tapıram, bir şer də var orda özümü itirirəm. Bir hekayə var mən yazıram, bir hekayə də var orda məndən yazırlar. Bir həyat var orda gerçəklər danışır..."- yazır...

 

Şəkillərindən boylanan gözlərində məna axtarıram. Xəyallarımda təmiz, aydın bir səma canlanır. Uzaqda, lap uzaqda, səmanın ənginliklərində sülh göyərçinləri uçuşur, sanki rəqs edirlər. Bu, əminamanlığın nişanəsidir, nikbinliyin təzahürüdür. Əhvalınız həmin səmada rəqs edən göyərçinlər kimi həmişə nikbin olsun, Leyla xanım! Ad gününüz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 15:00

“Sayğac” - Yeqzar Cəfərlinin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə gənc yazar Yeqzar Cəfərlinin “Sayğac” hekayəsini təqdim edirik. 

 

Payızda yarpaqlar saralır, solur, ağacdan düşür, ömürdən gedən saatlar, günlər, aylar kimi. Payızın xoş sədaları ağac qıtlığı olan yerlərdə öz qoxusunu divarlardakı nəmişlikdə göstərir. Bunun başqa bir səbəbi də Bakının əksər ərazilərində kürəbənd sisteminin olmamasıdır.

Evə yaxınlaşar-yaxınlaşmaz hasarımız gözümə qəribə görünür. İlk olaraq hasardakı nəm qoxusundan təəccübləndiyimi zənn edirəm, yanılıram. Hasarın yola tərəf olan hissəsində yeni qoyulmuş sayğacı görəndə dodaqlarım bir-birini qucaqlayır.

Həyətimizin yanında köməkçi bir yol da var. Görünür, kimsə həyəti bölüb satanda arxa tərəfdə yaşayacaq adamlar üçün açıb həmin cığırı. Məndən bir neçə il əvvəl bura köçən arxa qonşum, yəqin ki, sözügedən yol sənədsiz olduğuna görə sayğacı yapışdırıb bizim hasara.

Evin arxa hissəsində tikdiyim hində bir neçə toyuq-cücə saxlayıram. Evin aşağı hissəsi zirzəmi kimi nəzərdə tutulsa da, hündürlüyü onu gələcəkdə ev kimi istifadə etməyə imkan verir. Qonaq otağının altındakı yeri qaraj etməyi düşünürəm. Toyuqları yemləyib, hində olan yumurtaları götürürəm.

Oğluma "toyuqlar sənə hədiyyə göndərib, bax" deyən kimi gözləri işıqlanır, beləcə, bayaqkı hadisəni də unuduram.

Bir neçə gün də eləcə, beləcə keçir. Bir də görürəm ki, qonşunun həyət qapısını taqqıldadıram. Qonşunun ikimərtəbəli evi sahəsi təxminən sot yarım olan həyətin içindədir. Köhnə bir dəmir parçasını da kiçik darvaza əvəzinə istifadə edirlər.

Bir neçə saniyə çağırandan, qapını taqqıldadandan sonra cırıltı səsi gəlir, qapı açılır.

- Salam, qonşu, bu sayğacı siz qoymusuz qapıma?

Qadın üzünü turşudur, sifəti rəng alıb, rəng verir. Elə bil yaxın bir qohumunun ölüm xəbərini gətirmişəm.

Bir neçə saniyə də səssizliklə keçir.

Sükutun söyüş və ya təhqirlə nəticələnəcəyini gözləsəm də, qadın "üz verməmək" modunu dəyişdirmədən nitqinə davam edir.

- Hə, şoçciki biz qoşmuşux, nolub ki?

- Mənim hasarıma yapışdırmısız...

Bu sözü deyən kimi özümü elə qəribə hiss edirəm ki... Özümdən asılı olmadan gülmək tutur məni.

- Kişiyə demişiy evdə.

- Hansı kişiyə demisiz? Bizim evdə bir dənə kişi var, o da mənəm...

Qadın bir anlıq gülümsəmək istəyir. Bunun mənə hədiyyə olacağından ehtiyatlanır hər halda, sifətinin qırışını açmağa lüzum görmür.

Yaşadığım qəsəbədə o qədər adam yaşayır ki, tıxaca öyrəncəli olmuşuq. Düzdür, şəhərə çıxış rahatdır, bir manata Koroğluya, Qarayevə, Neftçilərə filan getmək olur. Yağış, qar olanda sürücülərin bir çoxu qiyməti qaldırsa da, avtobuslarda basabas olduğundan adamlar çarəsizlikdən bu nəqliyyata üstünlük verirlər. Sübh vaxtı raflarla yanaşı, adətən, içində istixanalarda işləyən fəhlələrin olduğu iri ekaruslar da gözə dəyir. Hər dəfə sovetdən qalma bu avtobusların səsini uzaqdan eşidən kimi dayanacaqda toplanmış adamların gözləri parıldamağa başlayır.

Qonşumuzdakı qadın da gülə-gülə bir dəstə adamla istixanaya gedən avtobusu gözləməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 13:30

Bəs, uğursuzluq nədir?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Uğurdan danışırıqsa mütləq onun antonimi olan uğursuzluqdan da danışmalıyıq. Əks təqdirdə, mövzumuz tam açılmayacağından onu mənimsəməyiniz də çətinlik törədəcək.

1988-ci ildə 15 müttəfiq respublikadan ibarət olan SSRİ dövləti – dünya siyasətinin kapitalizm və sosializm adlı iki düşmən qütbünün ikincisinin lider dövləti qəfildən dağılmağa başladı. Əlbəttə, sonradan müxtəlif tezislər, arqumentlər irəli sürüləcək, SSRİ-nin son prezidenti Mixail Qorbaçovun «perestroyka» adı altında (hərfi mənası «yenidənqurma» olan bu proses, guya, tarixin ağ ləklərini aradan götürməyə, insanların ideoloji asılılığını yox etməyə, şüur və təfəkkürdə inqilab etməyə, kommunizm diktaturalı idarəetməni demokratik idarəetməylə əvəzləməyə, olduqca qapalı cəmiyyəti açıq etməyə, bütün qara pərdələri götürərək hər şeyi şəffaflaşdırmağa xidmət edirdi) məhz digər güc mərkəzi sayılan ABŞ-ın təhriki ilə quruluşu dağıtması iddia ediləcəkdi. Amma söhbətimizin mövzusu bu istiqamətdə olmadığı üçün biz sadəcə SSRİ-nin dağıdılması faktı üzərində dayanacağıq. 1988-ci ildə, hətta bəzi iddialara görə artıq 1987-ci ildən başlayaraq SSRİ-nin dağılmağa meyillilik tendensiyaları 1991-ci ildə tam olaraq öz labüd sonucunu tapdı. Bir-birinin ardınca bütün müttəfiq respublikalar, o cümlədən də mənim vətənim olan Azərbaycan öz dövlət müstəqilliklərini elan etdilər. SSRİ-nin dağılması ilə Avropa və Asiyanın xəritəsinə 15 yeni dövlət artırıldı, amma bu proses tək bir imperiyanın süqutu kimi yox, bütöv bir sistemin çökməsi kimi tarixə düşdü, Avropanın bütün sosialist ölkələri sosializm kabusundan – dolayısı Kreml asılılığından qurtuldular. Almaniya Demokratik Respublikası adlandırdığımız Şərqi Almaniyanın süqutu ilə Almaniya birləşdi, Çexoslovakiya Çexiya və Slovakiyaya parçalandı, Yuqoslaviya Federasiyasının tək bayrağı birdən-birə Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina, Makedoniya, Kosovo, Çernoqoriya kimi bir neçə bayrağa çevrildi. Beləcə Avrasiya materikinin ərazisində milyonlarla insanın yaşadığı nəhəng bir iqtisadi formasiya digəri ilə əvəzləndi, sosializm kapitalizmə təslim oldu.

Təbii ki, bəşər tarixində ən böyük kataklizmlər məhz formasiya əvəzlənmələri dövründə meydana çıxır. Bir Azərbaycan xalqı olaraq biz də bu kataklizmaların caynağına düşəsi olduq. Oturuşmuş, sabit bir dövlət, tam təminatlı güzəran sanki bizlərə özümüzü okenda etibarlı bir gəminin sərnişinləri ampluasında hiss etdirirdi, qəfildən okean lərzəyə gəldi, çaxnaşdı, gəmini atıb-tutmağa, sərnişinləri də ora-bura çırpmağa başladı.

Bu gözlənilməzlik həyatımızın hər bir sahəsinə sirayət elədi. Əlbəttə, müstəqil bir dövlətin vətəndaşı olmaq şərəfi kimi müsbət çalar gəldi həyatımıza və bu, ən vacib şərtdir. Amma formasiya dəyişkənliyinin yaratdığı konkret çətinliklər, problemlər dalğasının həmləsi qarşısında tab gətirmək də asan deyildi. Formasiya dəyişkənliyi ilk öncə həyatımıza maddi olanın mənəvi olandan daha dəyərdə olması anlayışını gətirdi, adında «kapital» sözünün əks olunduğu bir formasiyada kapitala səcdə qılmaq məcburiyyəti, şübhəsiz, mənəvi olanın ideologiya şəklində hakim olduğu bir cəmiyyətdən çıxan insanları çətinə, dolaşığa saldı. Cəmiyyət qanunları, əxlaq kodeksi, davranış normaları bir andaca bünövrəsi dağılan binalar kimi büsbütün uçub yerə gəldi. Üstəlik pulun dəyişilməsi, istiqrazların dəyərini itirməsi insanları bütün həyatları boyu yığdıqları maddiyyatdan da məhrum etdi.

İnsan adicə bir ölkədən başqa bir ölkəyə gedəndə, yaxud hansısa bir xəstəliklə bağlı qida rasionunu dəyişəndə, yaxud adicə, bir mənzildən digərinə, bir iş yerindən başqa birisinə köç edəndə uzun müddət bu yeniliyə adaptasiya oluna, alışa bilmir, onun fəsadlarını çəkir. İndisə birdən-birə milyonlarla insanın həyatı siyasi, iqtisadi, sosial, mənəvi kontekstdə büsbütün dəyişirdi. Bu da təbii ki, yeni bilik və bacarıqlar, vərdişlər, şablonlardan çıxma, çərçivələri dağıtma tələb edirdi, ən əsası da bir formasiyadan digərinə transfer dözüm, mübarizlik, kreativ düşünmə, adaptasiya bacarığı tələb edirdi. Şübhəsiz, bizlər – keçmiş sosialist düşərgəsinin sakinləri hamılıqla bu keçidi etdik, amma şəraitə uyğunlaşa bilməyib, sadəcə, «uğursuzlar qatarının» sərnişininə çevrilənlərimiz də az olmadı.

Sosiologiyada, iqtisadiyyatda belə bir termin var, «qara qu quşu». Sorbon Universitetinin məzunu olan Livan əsilli Amerika vətəndaşı, maliyyə bilicisi Nassim Tallibin gətirdiyi bu ifadə onun eyniadlı məşhur bestsellerindən götürülüb. Mənası da təqribən bu cürdür: Avstraliya kəşf olunana qədər Köhnə Dünyanın əhalisi əmin idi ki, bütün qu quşları ağdır. Onların bu qənaəti təcrübələrinə əsaslanırdı. İlk qara qu quşu ilə rastlaşma ornitoloqları bərk təəccübləndirdi. Deməzsənmiş, onların quların yalnız ağ olmaları barəsindəki qənaətləri tam yanlış imiş.

Amma bu hadisə başqa bir səbəbdən olduqca əhəmiyyətlidir. Bu hadisə, göstərdi ki, bizim aldığımız təlimlər, biliyimiz necə də dar çərçivəyə sığınıbmış. Cəmi bircə müşahidə – qu quşları ilə bağlı bu hadisə sübut etdi ki, min illərlə yaşı olan aksiomlar yanlış ola bilər. Bircə eybəcər quş hər şeyi çox rahatca alt-üst edə bildi.

Nassim Taleb öz təlimində «Qara qu quşu» anlayışına üç cür xarakteristika verir: birincisi, Qara qu quşu – anomaldır, onu heç kəs gözləmir, gəlişi heç təxəyyülə belə sığışmır; ikincisi, o, nəhəng təsiretmə gücünə malikdir; üçüncüsü – o, insan təbiətinin bizə sürpriz kimi gələn bir hadisə baş verdikdən sonra onu adiləşdirib gözlənilən və izah edilən xarakterdə bəyan etməyə məcbur etməsini özündə ehtiva edir.

Əlbəttə kitabımızın növbəti hisslərindən birində mütləq Nassim Talebin «Qara qu quşu» adlı ölməz əsərinə yenidən toxunacaq, bestsellerin oxuculara fayda verə biləcək əsas məziyyətlərindən bəhs edəcəyik. Amma indilikdə məhz onu vurğulamaq istəyirəm ki, gözlənilməyən, öncədən təxmin edilməyən, gəlişi ilə həm bütövlükdə cəmiyyətlərdə və həm də hər bir ayrıca fərddə fərqli tendensiyalara təkan verən, onları tərpədən bütün hadisələr «Qara qu quşları» adlandırıldığından, təkcə elə bu son dönəmdə biz azərbaycanlıların rastına çıxan quşların sayına diqqət etdikdə adamı soyuq tər bürüyür.

İqtisadi formasiya, onun gətirdiyi dəyişikliklər hətta ailədə və cəmiyyətdə yeni münasibətlərin formalaşması lüzumuna qədər təfəkkürümüzdə yer elədiyi halda Azərbaycanla qonşu Ermənistan arasında olan Qarabağ müharibəsi adı altında növbəti «Qu quşu» təşrif buyuraraq həyat axarımızı büsbütün pozdu. Formal olaraq 1994-cü ildə atəşkəs sazişi imzalanana qədər uzanan, amma realda hələ də davam edən, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı, Xocavənd, Xankəndi, Əsgəran, Hadrut kimi 14 rayonun timsalında 20 faiz Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən, 30000-ə yaxın hərbçinin, 800-ə yaxın mülki şəxsin həyatını alan, 11 min nəfəri əlil edən, rəsmən 4210 nəfərin itkin düşdüyü, 724000 nəfərin məcburi köçkünə çevrildiyi bu müharibə müstəqil Azərbaycanın inkişafına çox ağır zərbələr vurdu, hər bir azərbaycanlının həyatından qapqara izlər buraxaraq keçdi.

2015-ci ildə neft gəlirlərinə hesablanmış büdcə ilə yaşayan, get-gedə çiçəklənən Azərbaycanımıza dünyada baş verən qlobal böhranın, daha çox isə geosiyasi gedişlərin təsiri ilə növbəti «Qara qu quşu» uçub gəldi. Neftin qiymətinin süni olaraq, heç bir proqnozlara gəlməyəcək dərəcədə kəskin ucuzlaşması büdcə kəsirləri yaratdı, yerli valyuta iki devolvasiya ilə dəyərini xeyli itirdi, inflyasiya, iqtisadi böhran ölkəyə zor etməyə çalışdı.

Hər bir ailənin, insanın müəyyən maddi sıxıntısı ailədə, kollektivdə insanlarla münaqişəsindən, ziddiyyətindən doğan problemi, səhhətiylə bağlı rahatsızlığı, doğma və yaxınını itirməyinin dərdi, çin olmayan arzuları ola bilər, bütün bunlar uğursuzluq narazılıqları yaradan fərdi nəsnələrdir. Amma Qara qu quşunun gətirdiyi isə ümumi nəsnələrdir ki, onlar hər bir şəxsin gündəlik həyatında özünü göstərir.

Bəhs etdiyimiz detallar cəm halda bir narazılıq, həyatdan küskünlük əmələ gətirirlər, sonucda da bu narazılıq və həyatdan küskünlük uğursuz insan anlamını formalaşdırır. Bizim qətiyyətimiz azalır, diqqətimiz yayılır, məqsədyönlülüyümüz itir, zərbələrimiz kəsərdən düşür.

Obyektiv və subyektiv səbəblər məcmusu olan uğursuzluq – kitabımızın baş mövzusu olan uğurun antonimi olaraq, əvvəldə qeyd etdiyim kimi, mütləq haqqında bəhs etməyimiz zərurətini yaradır. Arzuladığımız və planlaşdırdığımız məqsədə döğru yolda bizi büdrədən şərait, fiziki vəziyyət olan uğursuzluq barədə təbii ki, xüsusi təlimlər, hansısa düstur və aksiomlar yoxdur. Uğursuzluq – daha çox subyektin dünyagörüşündən asılı olan bir anlayışdır, bəzi adamlar üçün uğursuzluq kimi qəbul edilən bir hadisə, vəziyyət başqası üçün adi hal da ola bilər. Amma istənilən halda qarşıya qoyulan məqsədə çata bilməmək, hədəfi vura bilməmək uğursuzluq kimi qəbul edilir. Abiturient qəbul imtahanından lazımi qədər bal toplaya bilmədi, idmançı çempion ola bilmədi, müəllim attestasiyadan keçə bilmədi, şirkət rəhbəri tenderdə qalib gələ bilmədi, müəssisənin yeni məhsulu bazara girə bilmədi, gənc öz sevdiyinə qovuşa bilmədi və s. və i. – onlarca bu cür uğursuzluq misalları çəkmək olar ki, bu misallar da paritet qaydada həm subyektin özündən, həm də obyektiv reallıqdan qaynaqlanır.

Amma uğur qazanmaq düsturunda subyektin özünün uğura maksimum köklənməsi əsas yer tutur. O, özündən asılı olan, öz əlində olan hər bir şeyi qeydsiz-şərsiz eləməlidir, bunun üçün lazım olan bütün qüvvəsini, imkanlarını səfərbərliyə almağı bacarmalıdır. İdmançıların təbirincə desək, sən həyatının ən həlledici döyüşünə tam hazırlaş. Bəxt həmişə güclünün üzünə gülür. Belədə qələbə mütləq sənin olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.