Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Los-Ancelesdəki Dolbi Teatrında keçirilən Amerika Kino Akademiyasının ali mükafatı olan “Oskar”ın 96-cı təqdimetmə mərasimindən tam İKİ həftə keçdi. İsti-isti fikir söyləmək, seçimin obyektiv olub olmadığını bilgiləndirmək bir az çətindir, amma indi tam düşünəndən sonra bir kinoman kimi rəy söyləmək, seçimi qiymətləndirmək mümkündür. 

 

Təbii ki, hamınız gözəl bilirsiniz, “Oppenhaimer” filmi 7, “Zavallılar” isə 4 “Oskar” qazandı. Qeyd edək ki, ”Oppenhamier” (Oppenhaymer) filmi 13, “Zavallılar” (Poor Things) 11, “Çiçəkli ayın qatilləri” (Killers of the Flower Moon) 10, “Barbi” (Barbie) 8, “Maestro” (Maestro) filmi isə 7 kateqoriyada namizəd idi.

Statistika üçün bir daha Oskar mükafatı laureatlarının siyahısını təqdim edirəm: 

 

ƏN YAXŞI FİLM

Oppenheymer (Oppenheimer)

 

ƏN YAXŞI REJİSSOR

Kristofer Nolan – Oppenheymer (Christopher Nolan – Oppenheimer)

 

ƏN YAXŞI  ORİJİNAL SSENARİ

Yıxılmağın anatomiyası (Anatomy of a Fall) – Justine Triet, Arthur Harari

 

ƏN YAXŞI ADAPTASİYA OLUNMUŞ SSENARİ

Amerika ədəbiyyatı (American Fiction) – Cord Jefferson

 

ƏN YAXŞI AKTYOR

Killian Mörfi – Oppenheymer (Cillian Murphy – Oppenheimer)

 

ƏN YAXŞI AKTRİSA

Emma Stoun  – Zavallılar (Emma Stone – Poor Things)

 

XARİCİ DİLDƏ ƏN YAXŞI FİLM

Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Rejissor: Jonathan Glazer

 

İKİNCİ PLANDA ƏN YAXŞI AKTYOR

Robert Dauni Jr. – Oppenhaymer (Robert Downey Jr. – Oppenheimer)

 

İKİNCİ PLANDA ƏN YAXŞI AKTRİSA

Devayn Coy Randolf – Tərk edilmişlər (Da’Vine Joy Randolph – The Holdovers)

 

ƏN YAXŞI MUSİQİ

Oppenheymer (Oppenheimer) – Ludwig Göransson

 

ƏN YAXŞI MAHNI

Mən nə üçün düzəldilmişəm – Barbi (What Was I Made For? – Barbie) – Billie Eilish, Finneas O’Connell

 

ƏN YAXŞI ANİMASİYA FİLMİ

Oğlan və quş (The Boy and the Heron) – Hayao Miyazaki, Toshio Suzuki

 

ƏN YAXŞI QISAMETRAJLI ANİMASİYA FİLMİ

Müharibə bitdi (War Is Over! Inspired by the Music of John & Yoko) – Dave Mullins, Brad Booker

 

ƏN YAXŞI SƏNƏDLİ FİLM

Mariupolda 20 gün (20 Days in Mariupol) – Mstyslav Chernov, Michelle Mizner, Raney Aronson-Rath

 

ƏN YAXŞI QISAMETRAJLI SƏNƏDLİ FİLM

Sonuncu təmir mağazası (The Last Repair Shop) – Ben Proudfoot, Kris Bowers

 

ƏN YAXŞI QISAMETRAJLI FİLM

Henri Şuqarın (Şəkərin) möhtəşəm hekayəsi (The Wonderful Story of Henry Sugar) – Wes Anderson, Steven Rales

 

ƏN YAXŞI TƏSVİR REJİSSORU

Oppenheymer (Oppenheimer) – Hoyte Van Hoytema

 

ƏN YAXŞI RƏSSAM

Zavallılar (Poor Things)

 

ƏN YAXŞI MONTAJ

Oppenheymer (Oppenheimer) – Jennifer Lame

 

ƏN YAXŞI SƏS HƏLLİ

Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Tarn Willers, Johnnie Burn

 

ƏN YAXŞI GEYİM RƏSSAMI

Zavallılar (Poor Things) – Holly Waddington

 

ƏN YAXŞI QRİM VƏ SAÇ STİLİ

Zavallılar (Poor Things) – Nadia Stacey, Mark Coulier, Josh Weston

 

ƏN YAXŞI VİZUAL EFFEKTLƏR

Qodzilla minus bir (Godzilla Minus One)

 

“Oppenheymer”in triumfu əlbəttə ki, gözlənilən idi, bir ilə yaxındır ki, hamı bu filmdən danışırdı. Kristofer Nolan macəranı, fantastikanı, ekşnı və dramı sintez edərək 3-cü minilliyin tələbinə uyğun film təklif edib, bu film kinoprakatın ikinci həftəsində bir milyon dollar gəlir zirvəsini aşaraq öz ambisiyasını ortaya qoymuşdu. 

Bununla belə, az qala bu filmlə dabanbadaban “Çiçəkli ayın qatilləri” və “Maestro” filmləti gedirdi. Martin Skorzesenin epik kriminal dramı, o filmdəki baş rolu da dünyaşöhrətli aktyor Leonardo di Kəprio oynayırdı, axı həqiqətən də maraqlıdır, tamaşaçını axıradək həyəcan içində saxlayır. Bu filmin mükafatdan hansı səbəbdən məhrum olunması barədə bir həftənin tamamında söhbət açmışdıq. 

Birinci Dünya Müharibəsindən sonra Ernest Berkhart böyük "oseyc" hindu qəbiləsi rezervasiyasının olduğu Oklahomaya gəlir. Bu ərazilərdə "Kral" ləqəbli əmisi Uilyam Heyl yaşayır. O, torpaq sahibi, maldar, hinduların dostu və böyük insandır. Kral Ernesti zəngin hindu ailəsindən olan Molli Kayl adlı gənc qadınla evlənməyə razı salır. İdeya budur ki, bu ailənin torpaq hüquqları nəhayət Burxarta keçəcək və bunun üçün sadəcə Mollinin anası, bacıları və özü ölməlidir…

Başgicəlləndirici bir ssenari. 

Xatırladım ki, ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən keçirilən müsabiqədə “Çiçəkli ayın qatilləri” ilin ən yaxşı filmi seçilmişdi. Bu ekran əsərinin rejissoru Martin Skorzese isə “Ən yaxşı rejissor” mükafatının sahibi olmuşdu. 

Və nominasiyalarda da 13 nominasiyalı “Oppenheymer”ə 10 nominasiyalı “Çiçəkli ayın qatılləri” elə də çox uduzmurdu. Amma o film 13-dən 7 qazandı, bu isə 10-dan 0. Necə oldu? Bir kəlmə ilə deyim, ədalətsiz, qeyri-obyektiv bir yekundur bu, mən deyərdim ki, kino zövqünün tənəzzülü də deyil, sadəcə, Skorzesedən alınan bir intiqamdır. Tək ondanmı?

Yaxşı, filmə və rejissora Oskar verilmədi, bəs necə oldu ki, ən yaxşı kişi roluna görə Di Kəpriosa mükafat ala bilmədi? Filmdə rol almış Lili Qladstoun birmənalı olaraq ən yaxşı qadın rolu ifaçısı hesab edilirdi. Amma o da mükafatsız qaldı. İndi lap təəccüblüsü: ən yaxşı ikinci kişi rolu nominasiyasında çağdaş dünya kinosunun bir nömrəlisi Robert de Nironun qalibiyyətinə hətta lisey və kollec uşaqları da şübhə etmirdi. Amma o da mükafatsız qaldı. 

Təkrar edirəm, 10 nominasiyada mükafata iddialı “Çiçəkli ayın qatılləri” bircə Oskar belə qazana bilmədi. 

İkinci zərərçəkən isə 7 nominasiyadan birini belə qazanmayan Bradley Kuperin "Maestro" filmi oldu. Bu iki rejissor öz 

rejissorluq təcrübələri ilə ən çox seçilən, ən populyar şəxslər idi, amma hər iki film bir mükafat belə almadı. Əlbəttə ki, bu, Oskar 2024-ün böyük çatışmazlığı hesab edilə bilər: "Maestro" Kuperin bütün karyerası boyunca ən yaxşı yaradıcı formada olmasının birbaşa sübutu oldu. Film vitallığın əsl təntənəsi və reenkarnasiya üçün əsl master-klass hesab edilə bilər. 

 

Şəkildə: “Maestro” filmdən kadr.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Xeyli heyranları var, onlardan biri də mənəm. Buna səbəb, təkcə jurnalist kimi peşəkarlığı deyil, həm də Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsidir... 

 

Bu yaxınlarda ömür-gün yoldaşı Həmid Herisçinin xəstəliyindən necə təşvişə düşdüyünün, təlaş, həyacan keçirdiyinin çox adam şahidi oldu. Bu, onun ailəyə-ocağa sədaqətinin, milli-mənəvi ənənələrimizə bağlılığının göstəricisi idi. Bax, elə bu xüsusiyyətlərinə görə də milli dəyərlərimizi yüksəkdə tuta bilir, insanların ürəyinə yol tapmağı bacarır. Bəli, söhbət İlhamiyyə Rzadan gedir...

 

Möhkəm iradəli, səbirli, səmimi, o cümlədən, təmkinli və kübar xanımdır. Etik normalara ciddi riayət edir. Onun üçün abır-həya insana xas olan ən vacib xüsusiyyətlərdən biridir...

Deyir ki- “Bizim vaxtımızda söyləyirdilər ki, təvazökarlıq insanın bəzəyidir, insanın baş ucalığıdır. İndi təvazökar insana bilirsiniz necə həqarətlə baxırlar? Sadədil, avam, hətta axmaq kimi baxırlar. Səmimi olduğuna görə adama səmimiyyətini irad tuturlar. Təbii ki, dəyərlərin dəyişib, dəyişməməsindən asılı olmayaraq ölçü hissinin olması çox gözəldir. Səmimiyyətdə də ölçü olmalıdır. Amma bütovlükdə biz cəmiyyətdən danışırıqsa, mən bəzən özümə hesabat verməli oluram. Düşünürəm ki, filan yerdə çox səmimi danışsam, bu mənim əleyhimə işləyəcək. Lakin vaxt vardı ki, məni səmimiyyətimə görə sevirdilər. İndi isə, misal üçün, müsahibəyə gedəndə, yaxın adamlar mənə deyirlər ki, çalış, çox səmimi olma. O vaxt müğənnilərin, sənət adamlarının şəxsi həyatı indiki qədər insanlara maraqlı deyildi. Uzaq başı onların geyimləri maraqlı ola bilərdi. İndi isə əksinədir, adamın məişəti, ailəsi, həyat tərzilə də maraqlanırlar...”

 

Adamlar arasında səmimiyyətin, sevginin get-gedə azaldığından gileylənsə də, içindəki insan sevgisi hələ də onu tərk etməyib. Hamıya xoş arzularla yanaşır. 

“Sağlam həyat uzmanları hər şeyi deyir, bircə bundan başqa: çox yaşamaq, özü də ağrı-acısız yaşamaq istəyirsinizsə, xeyirə, ədalətə, sevgiyə, dostluğa olan inamınızı itirməyin.”- söyləyir...

 

Martın 26-sında, baharın altıncı günündə dünyaya gəlib və varlığı ilə qoca dünyamıza, eləcə də seçdiyi jurnalistika peşəsinə yaz təravəti gətirib. 

Bahar ətirli, günəş kimi nurlu xanımdır, əmməllərilə sanki ətrafa şəfəq saçır…

Onu bir gün ötmüş doğum günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Çərşənbə, 27 Mart 2024 13:00

Dörd fəsil dəniz mövsümü olan şimal adası

Elnur Niftəliyev yazır

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış jurnalist, “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyevin Şimali Kiprə səyahət təəsüratlarını təqdim edir. 

 

​Gözəl antik limanları, əfsanəvi beşmarmaq dağları, dənizinin şəffaf suyu, qızıl dəyərində qumu və D vitamini deposu günəş vannası… Hətta Mart ayında (elə bizim kimi) Şimali Kiprə (Kuzey Kıprıs) gəlmisinizsə dəniz geyimlərinizi mütləq üzərinizdə götürün. Aralıq dənizi iqlimi əminliyə əsas verir. Paytaxt Lefkoşada hərarət cəmi +18 olsa da hovuza baş vurub özüm üçün mövsümü açıq elan etdim. Yay aylarında isə burda havanın hərarətininn yüksəkliyi səbəbindən bəzən nahardan sonra işlər dayandırılır, ictimai xarakterli obyektlər belə bağlanır.    

 

​Təbiət, Mədəniyyət, Tarix…

 

​Siciliya və Sardiniydan sonra Aralıq dənizinin 3-cü böyük adasıdır Kuzey Kıprıs… Əsrlərə şahidlik edən tarixi məkanları, Roma, Osmanlı imperiyalarının əsrarəngiz izləri, qalaları, muzeyləri, qədim evləri, nüfuzlu ali təhsil müəssisələri, fərqli hotel və əyləncə mərkəzləri, kazinoları, infrastruktur, ləziz yeməkləri bir yana, hər addımında portağal, naringi, həmişəyaşıl ağacları və s gözəllikləri ilə şübhəsiz cənnət adlanıdırıla biləcək bir yurd. Eşq və gözəllik tanrısı Afroditanın doğulduğu məkan, sanki məhz turizim üçün yaradılmış qeyri-adi bir ada. Təsadüfi deyil ki, Şimali Kipr Türk Cümhuriyyətini “Yavru Vətən”lə yanaşı “Yaşıl ada” və ya “Cənnət adası” kimi də adlandırırlar. Uzun müddət adada hakim olan ingilislərin də izləri aşkar müşahidə edilir. Elə ilk diqqətçəkən məqam isə yollardadır. Burada alışdığımızdan fərqli olaraq hərəkət soldandır. Sükan isə avtomobilin sağında. Ona görə də 20 ilə yaxın sürücülük təcrübəm olsa da sükan arxasına keçməyə cəhd belə eləmədim. Əmlak alqı-satqısında isə hələ də ingilis funt sterlinqindən istifadə edilir. Hətta ev kirayələri belə əsasən sterlinqlə qəbul edilir.  

 

​Şekspir və Akdeniz akşamları…

 

​Şekspirin məşhur əsərlərindən birini yazarkən kimdən təsirləndiyini öyrənəcəyinizə, məşhur mahnıda deyildiyi kimi Akdeniz akşamlarının gözəlliyini ruhunuzla duyacağınıza zəmanət verən bir torpaqdır Kuzey Kıprıs. Bütün bu anları cəmi bir dəfə yaşamaq kifayətdir ki, ömür boyu yaddaşınızdan silinməsin. Elə bu səbəbdəndir ki, paytaxtda dünyanın hər yerindən gələn turistləri görmək mümkündür.

 

Gedək, Dezdemona, gedək bir yerdə,

Bir daha xoş gördük səni Kiprdə…

 

​Bu gün də əsərləri dünya teatrlarının repertuarından düşməyən Şekspir. Onun məşhur "Otello" faciəsində hadisələrin bir hissəsi məhz Kipr adasında baş verir və yazıçı məhz burada yerləşən Liman qalasından ilhamlanaraq tarixdə iz qoyan əsərini qələmə alıb.

 

​Dünyada bənzəri olmayan paytaxt şəhər…

 

​Girne kapısı, Venedik sütunu, Selimiye Cami, Büyük Han, Arap Ahmet Cami və başqa onlarla mədəniyyət nümunəsi. Dünyanın iki hissəyə bölünmüş tək paytaxt şəhəridir Lefkoşa. Yunan tərəfi ilə adanı ikiyə bölən “yaşıl xətt” 1974-cü ildəki Kipr Sülh Hərəkatı nəticəsində formalaşdırılıb. Adanın 3/1-də yaşayan, sayları 350 mindən artıq olan (tələbələr, işçi qüvvəsi və s ilə bu rəqəm 1 milyona yaxındır) KKTC vətəndaşları qarşı tərəfə rahatlıqla keçə bilirlər. Türkiyə və digər ölkə vətəndaşları isə hətta Şengen vizasına sahib olsalar belə öncə Afinaya getməli və sonra adanın Yunan tərəfini ziyarət etmək imkanı əldə edə bilərlər. Həmin “yaşıl xətt”in yaxlnlığında yerləşən məhəllələr (arka sokaklar), tikililərlə tanış olduqca buranın mədəniyyətlərin beşiyi, Osmanlnın izlərini layiqincə daşıyan bir məkan olduğu fikri daha da qətiləşir. Osmanlı zamanında yunanlar və türklər bu məhəllələrdə birgə yaşayırdılar. Adada mehriban qardaşlıq münasibətləri, sülh bərqərar idi.

 

​Amma Osmanlı imperiyasının gedişi ilə çox şey dəyişir. Kıprıs Türk Ticarət Odası idarə heyətinin üzvü Mustafa Ergüven deyir ki, tarixə geniş nəzər salmadan yalnız onu əminliklə demək olar ki, 1974-cü il Kipr hərəkatı olmasaydı, böyük ehtimalla Kipr, türklərin təzyiq altında yaşadığı, məhrumiyyətlərə məruz qaldığı bir yunan adasına çevriləcəkdi. Ona görə də Kiprin bərabər hüquqlara malik iki xalqından biri – türk xalqı öz dövlətini yaratdı və ada iki hissəyə bölündü. Şərqi Aralıqda həm Şimali Kipr Türk Cümhuriyyətinin, həm də Türkiyənin sahil təhlükəsizliyi də xüsusi əhəmiyyətə malikdir.

 

​1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi yalnız Türkiyə Respublikası tərəfindən tanınır. Rəsmi Bakının da Şimali Kiprlə münasibətləri yaxşı səviyyədədir və paytaxtımızda rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

 

​KKTC-nin rəsmi dili türkcə olsa da, xalqın danışdığı dil Türkiyə türkcəsindən fərqlənir. Hətta bəzi sözlər tamamilə fərqlidir. Məsəl üçün Türkiyədə diş pastasına, Kıprısda isə mürəbbəyə macun deyilir.

 

​Strateji əhəmiyyəti daim aktual olan paytaxt Lefkoşa ilə yanaşı Girnə, Qazimağusa da adanın gəzməli və görməli şəhərlərindəndir.

 

​Girnə  - Kuzey Kıprısın sadaladığımız bütün xüusiyyətlərini özündə tam əks etdirən bir məkan - Burada əsrarəngiz Girnə qalası, gözəl Girnə limanı, dəniz səviyyəsindən 732 metr hündürlükdə yerləşən heyrətamiz Hillarion qalası, Bellapais manastırı əsrlər öncəyə “zaman maşını” olmadan da səyahət imkanı yaradır.

 

​Gazimağusa – bura isə sanki açıq hava altında bir muzeydir. Salamis antik şəhəri, Salamis nekropolu, Kral məzarları, Sinan paşa camisi, Venedik sarayı, Cəfər paşa hamamı, Çələbi Mehmet türbəsi, Namiq Kamal zindanı və s əhəmiyyətli tikililər tarixi tək oxumaq yox, həm də ona toxunmaq şansı yaradır. Havanın hərdən yağışlı olmasına baxmayaraq biz də bu gözəllikləri gördük və duyduq.

 

​ “Ruhlar şəhəri”ndə “kədər turizmi”

 

​Bir zamanların ən məşhur turizim məkanlarından, Hollivud ulduzlarının tərəddüdsüz seçimlərindən olan Kapalı Maraş (və ya Varoşa) isə səyahətimizin həm ən maraqlı, həm də ən kədərli hissəsi oldu. Elə Kıprıs rəhbərliyi də buranı turistlərə “dark turizm” məkanı kimi təqdim edir. “Kədər turizmi”nə ev sahibliyi edən Maraşı vaxtı ilə Aralıq dənizinin Las Veqası da adlandırırdılar. Maraş Kipr Sülh Hərəkatı zamanı Türk Silahlı Qüvvələri tərəfindən ələ keçirilib. Rəsmi Ankara dəfələrlə cəhd etsə də, Yunan tərəfinin barışmaz mövqeyi nəticəsində ərazi bağlı qalıb. Adının əvvəlinə əlavə edilən "qapalı" təyinatı nəhayət ki, 46 ildən sonra (2020-ci il) tarixə qovuşur. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin illərlə göstərdiyi səylər nəticəsində Maraş artıq turistlərin üzünə açılıb və şahidi olduq ki, şəhər yenidən canlanır.

 

​Kıprısa 2-ci səfərimiz olsa da (ilk 2018-ci ildə), yenə də onun gözəlliklərindən, enerjisi və sehrindən doymadıq. Adada həmsöhbət olduğumuz hər kəs deyir ki, ən azı bir dəfə görmək və gəzmək kifayətdir ki, Kıprısın sehrinə düşəsən. Odur ki, Kıprıs tətili hər kəsə israrla tövsiyyə olunur. Qarşıdakı aprel, may, iyun ayları isə bunun üçün ən uyğun vaxtdır.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 83 nömrəli məktəb-liseydir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR

 

Bayramova Almaz Fəttah qızı 05.12.1975 – ci ildə Bakı şəhərində anadan olmuşdur. Tam orta təhsilini Bakı şəhəri A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə almışdır.

ADPU ibtidai təhsilin metodikası və pedaqogikası fakultəsini 1998-ci ildə bakalavr pilləsində bitirmişdir.

2000-ci ildə ADPU-nun pedaqogika  nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə biritmişdir.

1997-2014-cü illərdə Nəsimi rayonu 5 N – li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır.  

2014-cü ildə “Bu günün və sabahın direktorları “ kursunu müvəffəqiyyətlə bitirmişdir.

2014-2019-cu illərdə Binəqədi rayonu 246 N – li məktəb-liseydə direktor vəzufəsində çalışmışdır.

2019-cü ildən Binəqədi rayonu 83 N – li məktəb-liseydə direktor vəzifəsində çalışır.

İşlədiyi müddətdə səmərəli fəaliyyətinə görə müxtəlif fəxri adlara layiq görülmüşdür:

2018-ci ildə “Qabaqcıl Təhsil işçisi döş nişanı“;

2016 – 2017-ci tədris ilində Fəxri fərman;

2020-ci ildə BŞTİ tərəfindən Fəxri fərman;

2020-ci ildə YAP Binəqədi rayon təşkilatı tərəfindən  Fəxri fərman;

2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;

2021 – ci ildə BŞTİ tərəfindən Fəxri fərman;

2023-cü ildə BŞTİ tərəfindən Fəxri fərman;

2022– ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;

Eyni zamanda işlədiyi müddətdə müxtəlif kurs və treyninqlərdə iştirak etmişdir:

2015-ci ildə Paris – Sorbonne Universiteti “School Based Management“ kursu I və II hissə - sertifikat;

“İnteraktiv texnolologiyalardan və elektron məzmundan istifadə“ sertifikatı;

“İnkyuziv təhsil “ – sertifikatı;

2016-cı ildə İnternational Learning Conference – sertifikat;

2016-cı ildə AMİM tərəfindən təşkil edilmiş “Direktorlar üçün strateji planlaşma“ modulunu müvəffəqiyyətlə bitirdiyinə görə“ – sertifikat;

2018-ci ildə “Yaradıcı gənclərə dəstək olaq” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə göstərdiyi dəstəyə görə - təşəkkürnamə;

2021-ci ildə “ STEAM Azərbaycan“ layihəsi çərçivəsində “Layihə Əsaslı Öyrənmə“ , “Birpalatalı platforma üzərində kodlaşdırma”, “ Modelləşdirmə və Dizayn“ modulları üzrə təlimləri müvəffəqiyyətlə bitirdiyinə görə settifikat;

2021-ci ildə “Vətəndaş məmnunluğunun idarə olunması“ – sertifikat;

2 metodik vəsaitin müəllifidir. Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV və V müsabiqələrin qalibi olmuşdur.

 

ŞAGİRD

 

Mən, Rəhimli Aylin Yalçın qızı 21 mart 2010-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2016-cı ildə 160 nömrəli Klassik gimnaziyada təhsilə başlamışam, 2021-ci ildən etibarən 83 nömrəli məktəb-liseydə təhsilimi davam etdirirəm. Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında iştirak edib uğur qazanmışam. 2023-cü ildə SASMO Olimpiadsında bürünc medal, 2023-cü ildə AMO Olimpiadasında isə gümüş medala layiq görülmüşəm.

Həmçinin RFO – olimpiadasında uğurla iştirak etmişəm. Boş vaxtlarımda mütaliə etməyi də çox sevirəm.

 

ESSE

 

“Dünyanın bircə möcüzəsi”

Dünyanın ən ali varlığı !

- Qadınla hər işi xoşdu dünyanın,

- O sənin gizli bir etiqadındır.

-“Yeddi möcüzə”si boşdu dünyanın,

-Bircə möcüzəsi var: o da qadındır!

 

“Qadın kitaba bənzəyir. Onu sevərək və diqqətlə oxumaq lazımdır.” - Emil Krepelin

 

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olmuşdur. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz samballı töhvələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər xalq Cümhuriyyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

Bu gün Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin ali orqanlarında, elm və təhsil müəssisələrində, mədəniyyət və səhiyyə ocaqlarında böyük əzmlə və yüksək məsuliyyətlə çalışırlar.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda öz zəngin fəaliyyəti, böyük bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadının nələrə qadir olduğunu beynəlxalq ictimayətə layiqincə nümayiş etdirir.

Azərbaycanın birinci xanımı deyib: “Qadın olan yerdə həmişə səmiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər.”

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adını bəşəriyyət həmişə uca tutmuşdur. Qadın tarixən dünyada ən gözəl varlıq, ən dəyərli həyat mənbəyi hesab edilmişdir. İnsanlığa həyat bəxş edən, bəşər övladını böyüdüb bəsləyən, öz varlığı ilə dünyaya bəzək verən Qadının qarşısında dahilər və müdriklər baş əymiş, onun şərəfinə dünya mədəniyyətini zənginləşdirən əsərlər yaratmış, təkrarolunmaz gözəlliyini, mənəvi aləmini vəsf etmiş, mükəmməlliyini və müqəddəsliyini israrla vurğulamışlar. Həyatı qadınsız təsəvvür etmək Kainatı Günəşsiz təsəvvür etmək kimi çətindir... Doğrusu, – mümkün deyil.

Qadına verilən dəyər gələcəyə edilmiş ən böyük yatırımdır. Hətta müqəddəs dinimiz olan islamda da qadın ən yüksək səviyyədə qiymətləndirilir. Qeyd edilir ki, “Qadın dünyaya gəldiyi zaman atasına cənnətin qapıları açılar, evləndiyi zaman  həyat yoldaşının imanının yarısı tamamlanar, ana olduğu zaman cənnət anaların ayaqlarının altına sərilər." 

Bu cür yüksək dəyərlərə malik olan qadın dünyanın səkkizinci möcüzəsi yox, mən deyərdim ki, birinci möcüzəsi olmağa layiqdir.

 

Anasan, bacısan, övladsan, yarsan...

Torpaqsan, ocaqsan, qeyrətsən, arsan...

Nə gözəl varlıqsan, nə gözəl varsan...

Haqqın var özünü öyəsən, qadın!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Gənclərin ən sevdikləri məkanlardan olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasındakı son yenilikkərdən xəbər tutmaq üçün oraya yollandım.

Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyi, Kəngərli rayonunun yaradılmasının 20 illiyi münasibəti ilə virtual sərgilər hazırlanıb, onlarla tanış oldum və elə bu zaman kitabxanaya qonaqlar gəldi. 

Novruz bayramı öncəsi Mirələkbərov İbrahim adına 153 saylı tam orta məktəbin şagirdləri idi gələnlər. Onların gəlişinə hazırlıq görülmüşdü. Kitabxana əməkdaşları balaca məktəblilər üçün Bahar bayramını simvolizə edən personajların iştirakı ilə şənlik təşkil edəcəkdi. 

Kitabxananın direktoru Aslan Cəfərov məktəbin müəllimi – Zinyət Əmirovanın rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. 

Milli-mədəni dəyərləri, xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri özündə əks etdirən Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruz bayramının bu gün azad olunmuş torpaqlarımızda təntənə ilə qeyd olunduğunu böyük qurur  hissi ilə dilə gətirdi. Məktəbilərin sinif rəhbəri Zinyət Samir insanın vətənə, cəmiyyətə faydalı fərd kimi yetişməsində, elmi biliklərə yiyələnməsində kitabların müstəsna əhəmiyyət daşıdığını, hər bir məktəblinin öz tarixini, keçmişini, mədəniyyətini, ədəbiyyatını bilməli və bu işdə onlara kitabların və mütaliənin böyük yardımçı olacağını söyləyərək, məktəbliləri kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə etdi. 

Tədbirdə balaca məktəblilər üçün yazın gəlişini bildirən və xalqımızın milli–mənəvi irsini özündə əks etdirən  Novruz bayramına həsr edilən videomaterial nümayiş etdirildi, qurama, rəssamlıq, keramika üzərindən məşğələlər təşkil edildi. 

Şagirdlərin söylədikləri şerlər, hazırladıqları əl işləri tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.

Onu da qeyd edim ki, kitabxana tərəfindən şagirdlərə kitab hədiyyələri də oldu. 

Tədbirin sonunda xatirə şəkli çəkdirildi. 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi Novruz bayramına sevinclə və fərəhlə qədəm qoyur, xalqımıza rifah, bolluq və xoşbəxtliklər arzulayır.

 

“Ədəbiyyat və incəaənət”

(20.03.2024)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Əsərdəki bumeranqı sevdim!

Frans Kafkanı ilk olaraq “Atama məktub”kitabı ilə sevmişdim. “Cəza koloniyası” kitabı ilə daha da heyran oldum. Çox qısa və çox axıcı olan bu kitab özündə bir çox dərin mənanı çulğalaşdırır. Eyni zamanda, bütün bu mənalar bizi bir o qədər də yaralayır.     

Yazar günah və cəza mövzusunu mükəmməl qələmə almışdır. Oxucu həqiqətən düşünür ki, günahı hər nə olursa olsun, həqiqətən də, bir insanın həyatı edam qədər ağır bir hadisə ilə sonlandırılmalıdırmı?! 

Mövzudan asılı olmayaraq hər oxucu kitabdan müəyyən nəticə çıxara bilər. Mənə görə isə hadisələrə başdan sona şahid olan səyyah (gezgin) əzilmiş xalqı təmsil edirdi. Yaranan bütün halları hesaba qatmadan təsir altına tez düşən yazıq və bir o qədər aciz xalqı...

 Zəncirləri əlində bərk-bərk tutan əsgər, eynilə hakimiyyəti əlinə alsa belə özünü asılı vəziyyətə salan dırnağarası başçı kimi idi. Yəni özünün ipi qırıb qaçan inəkdən bir fərqi yox idi))) 

Zabit öz əxlaqsız və vicdandan yoxsul əməllərini qanun-qayda adı altında həyata keçirməyə çalışan başbilən kimi ortada dolaşırdı. Məhkumu isə deyib özümü yormaq istəmirəm. Hər halda birdən özümü tuta bilmərəm, çiçək kimi ağzım açıla bilər. Son olaraq onu qeyd edim ki, əsərin sonluğu mükəmməl idi. Sənin mənim üçün hər zaman bir başqa olduğunu yenə söyləməliyəm, Frans Kafka!

PS. Əsər l dünya müharibəsi illərində qələmə alınmışdır. 

Xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(20.03.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105-ci ildönümü tamam olacaq. Ədəbiyyat tariximizə “Dəli Kür”, “Ölən dünyam” kimi möhtəşəm romanlar  bəxş etmiş İsmayıl Şıxlı həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqillik hərəkatında müstəsna fəaliyyət göstərmiş, fəal ictimai-siyasi xadim olmuşdur. 

Xəbər verdiyimiz kimi, martın 18-də İsmayıl Şıxlının anadan olmasınln 105 illiyi münasibətilə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin təşkilati dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir təşkil etmişdi. Tədbirdə tanınmış ədəbiyyat və elm xadimləri, eləcə də İsmayıl Şıxlının ailə üzvləri iştirak edirdilər. 

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirin aparıcısı - Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Azərbaycan nəsrində İsmayıl Şıxlının müstəsna rolundan bəhs etdi, öz timsalında böyük ədibin gənclərin ədəbiyyata gəlişinə göstərdiyi dəstəyindən bəhs elədi. 

Xalq yazıçısı Anar İsmayıl Şıxlı yaradıcılığının bədii və ictimai əhəmiyyətindən danışdı, yazıçının “Ölən dünyam” romanı barədə ilk resenziyanı necə yazması, romanda haqqında bəhs edilən ana babası Xudadat bəy Rəfibəyov barədə arxiv sənədlərinin əldə edilməsində necə köməklik göstərdiyini yada saldı. 

“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov Qazax mahalından çıxan böyük ədiblər pleadasından söz açaraq burada İsmayıl Şıxlı zirvəsini ayrıca qeyd etdi, hər il martın 21-də ictimai birliyin  təşkilatçılığı ilə Səməd Vurğunun, İsmayıl Şıxlının, Mehdi Hüseynin və digər görkəmli söz ustalarının Fəxri Xiyabanda anım mərasiminin keçirildiyini diqqətə çatdırdı. 

İsmayıl Şıxlının tələbəsi olmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı öz çıxışında böyük ədibin həm də böyük pedaqoq olduğunu, tələbələrə necə həssaslıqla, qayğıyla yanaşdığını qeyd etdi. 

Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid İsmayıl Şıxlının ədəbiyyatda qoyduğu ənənələrdən, eləcə də onun sərgilədiyi vətəndaş mövqeyindən danışdı. 

“Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşüb, jurnalda birgə çalışdıqları dönəmdə onun necə tələbkar olduğunu, boz ədəbiyyatın dərc edilməməsi naminə kimlərlə üz-göz qaldığını dilə gətirdi. Şair-publisist Əkbər Qoşalı İsmayıl Şıxlının əsərlərinin türk dünyası ədəbiyyatında əks-sədasından bəhs etdi, onun nəsrini vətəndaş və vətənpərvər nəsrin gözəl nümunəsi adlandırdı. 

İsmayıl Şıxlının tədqiqatçıları - professorlar Təyyar Salamoğlu və Mahmud Alamanlı, eləcə də ədəbiyyatşünas Məti Osmanoğlu, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu ədibin yaradıcılığının xarakterik xüsusiyyətlərindən söz açaraq onun ədəbiyyat tariximizdəki xüsusi rolunu qeyd etdilər. 

Xalq artisti Həmidə Ömərova “Dəli Kür” romanının yeni nəslə düzlük, comərdlik, mübarizlik kimi xüsusiyyətləri aşılamasından danışdı, professor Qulu Məhərrəmli “Ölən dünyam” romanını İsmayıl Şıxlı yaradıcılığının kulminasiyası hesab etdi. 

İsmayıl Şıxlı yadigarı - Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ailələri adından tədbirin təşkilatçılarına və gələn qonaqlara minnətdarlıq bildirdi, atasının ömür yolundan, ömrünün son günlərindən danışdı, onun çox ağır xəstə olmasına rəğmən “Ölən dünyam” romanını necə bitirməsini və son nöqtəni qoyduqdan sonra “indi rahat ölə bilərəm” kəlmələrini söyləməsini kövrək notlarla dilə gətirdi.

Tədbirdən sonra İsmayıl Şıxlının nəvəsi Ayxan Şıxlinski mediaya açıqlamasında babasına necə bağlı olmasından danışdı: “Hər axşam nə qədər məşğul olmasından asılı olmayaraq, məni bulvarda gəzməyə aparırdı. Mən altı yaşlı bir uşaq, babamdan avtodromdakı maşında gizlənərək, zarafat etmək qərarına gələndə onun narahat baxışını heç vaxt unutmaram. Gizləndim və beş dəqiqəyə yaxın izlədim. Babamın məni necə axtarmasını və onun necə narahat olduğunu görüb qaçdım və onu qucaqladım. Babam səsini heç vaxt qaldırmazdı, amma o ankı baxışı ömrümün sonuna qədər mənim üçün kifayət idi”.

Yazıçının nəvəsi babasının kabinetində oturan obrazını tez-tez xatırladığını dedi: “Hökumət evinin arxasında, Üzeyir Hacıbəyov küçəsində yaşayırdıq və biz bilirdik ki, qapı bağlıdırsa, deməli, babam işləyir, heç kim onu narahat etmirdi. Bir dəfə qapıdan gördüm ki, çox nadir hallarda çəkdiyi qəlyanı tüsdülədərək, dənizə və bulvara baxan açıq pəncərədən çölə baxırdı. Babam çox diqqətli idi, qəlyanı çəkib qurtardı və bir söz demədən yazmağa başladı. Yalnız uzun illər sonra öyrəndim ki, həmin gün əfsanəvi romanı olan “Ölən dünyam”ı yazmağa başlayıb”.

İsmayıl Şıxlının kitabları ilə böyüyən şair, publisist Səbinə Yusifin dediyinə görə, dahi yazıçının şəxsiyyəti ilə yaradıcılığının bənzərsiz vəhdəti onu uşaqlıqdan valeh edib: “Babam İsmayıl Şıxlı ilə dost idi, ona görə də mən özümü doğulandan tale üzünə gülən uşaqlardan hesab edirəm. Mənim ən çox heyran olduğum odur ki, İsmayıl Şıxlının hər bir əsəri mərdlik, dürüstlük və ədalətlə yoğrulub. Onun bütün əsərlərinin həmişə ədalətin təntənəsi ilə bitməsi məni inanılmaz dərəcədə heyran edir. Sözsüz ki, “Ölən dünyam” romanı məndə ən böyük təəssürat yaratdı. Bu əsəri ilə o, bizə təkcə ədəbi deyil, həm də tarixi irs qoyub getdi”.

Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru, əməkdar mədəniyyət işçisi Lətifə Məmmədova İsmayıl Şıxlı yaradıcılığının və şəxsiyyətinin pərəstişkarı olmaqla yanaşı, həm də İsmayıl Şıxlı irsini fəal şəkildə təbliğ edən bir şəxsdir: “O, təkrarolunmaz insan idi, mərd, dürüst. Mən öz aləmimdə İsmayıl Şıxlıya həmişə haqq adamı deyirəm. O, böyük həqiqət aşiqi idi. Ustadın 100 illik yubileyini Yasamaldakı Heydər Əliyev Mərkəzində geniş qeyd etdik. May ayında isə İsmayıl Şıxlının 105 illik yubileyini qeyd edəcəyik. Pandemiya dövründə İsmayıl Şıxlının “Dəli Kür” romanını bir daha oxudum və yenə xeyli təsirləndim”.

Ruhu şad olsun dahi yazıçının! 

 

“Ədəbiyyat və incəsənət”

(20.03.2024)

Çərşənbə, 20 Mart 2024 11:00

NOVRUZ: məişətdən yüksək mənaya…

Əkbər Qoşalı yazır

 

Gözləmək elə bir insan fəaliyyətidir (əgər belə demək mümkünsə), o, özündə məşəqqəti, kədəri, həsrəti, ümidi, inadı... barındırır. Məişət məzmunlu gözləntidən tutmuş ən yüksək məna-məzmundakı gözləntiyədək – hamısının öz dərinliyi, öz üfüqü vardır.

Bizim Qarabağ gözləntimiz çox uzun çəkdi, çox məşəqqətlərlə üzləşdik, dərd üstünə dərd gəldi – o dərd də batmanla gəldi – amma sınmadıq, pəs etmədik, “status-kvo”, “mövcud reallıq”larla barışmadıq. Çünki haqlıydıq; çünki işimiz haqq işiydi... Amma gücsüzdük, toparlanmalıydıq. Burada, gücsüzlük birplanlı, daranlamlı söz kimi götürülməməlidir; “içimizdəki güc”ə dayanırdıq, əlbəttə; əlbəttə, əcdadın ruhi gücünə inanırdıq; ancaq dünyadakı gedişatları, Ermənistanın arxasındakı gücləri də gözardı edə bilmirdik; elə bir qərar, elə bir anda və elə həssaslıqla, dəqiqliklə verilməliydi, o, həlledici olsun, gül və bərəkət qoxulu torpaqlarımızdakı “qara yara” kökündən qazına, qalıntıları oda verilə bilsin! Ərəb buna uhulət və suhulət deyir…

O an gəlməliydi və gəldi! Üç onillik boyunca torpağı torpaqlıqdan, suyu suluqdan, ağacı ağaclıqdan, sadə erməniləri adamlıqdan çıxarmış Ermənistan hərbi-siyasi rəhbərliyi, Dünya erməniliyi (və havadarları!) 44 gün içində pəjmürdə edildi, fizikən və fikrən pərən-pərən salındı. Bir qədər sonra, Dəmir Yumruğu unutmağa can atan, əvəzçıxma “eşq”i ilə dirçəlmək istəyən Ermənistan 2020-2023-cü illər boyu o mübarək yumruğun kəramətini tez-tez xatırlamalı oldu. 10 noyabr Üçtərəfli Bəyanatına atdığı imzanın mürəkkəbi qurumamış o sənəddə yazılanları unutmağa (yaxud təhrif etməyə) çalışanlar müxtəlif vaxt və mövqelərdə uğursuz irəliləmə cəhdlərində, Azərbaycanı daha yeni, daha qondarma reallıqlar qarşısında qoymağa cəhddə bulundu. Bax, o zaman olanlar oldu və uzun sözün qısası, 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə yığcam antiterror tədbirləri başladı. Bir sutkadan da qısa sürən antiterror tədbirləri işğalçıların son tör-töküntülərini səngərlərdən, daldalardan, “fortifikasiya qurğuları”ndan yığdı-xışmaladı və ağ bayrağa vadar etdi. İşğalçılar, separatçılar üçün yaşasın ağ bayraq!

 

*

“Azərbaycan Respublikasının Prezidenti Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.

Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib”. – Biz bu mübarək xəbəri eşitməkçün bir qərinə boyu gözləmişik...      

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dünən Xankəndidə qaladığı tonqal hər yandan göründü – təkrar edirəm, hər yandan! – Bir şəhər təsəvvür edin, Şuşa kimi dağbaşında, Kəlbəcər kimi dağlar qoynunda, Zəngilan, Qubadlı, Laçın kimi “sınırın bir addımlığı”nda, Füzuli, Cəbrayıl kimi Arazboyunda və ya Ağdam kimi düzəngahda yerləşmir amma dörd tərəfdən görünür. Çünki bu görünüş fiziki görünüş deyil; dost üçün bəsirət gözü, dost ola bilməyən (yaxud dost olmaq istəməyənlər) üçün təfriqə gözü ilə görünür... Məsələn, Parisdən Xankəndinə doğru-dürüst baxmaq lazımkən, gözlərə pərdə çəkildiyini görməkdəyik. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan digər iki ölkənin paytaxtı da, bu azmış kimi, “qorxulu Tehran” da yeri gələndə Parisdən geri qalmır.  

Ancaq tarix sübut edib ki, şər-şəbədəçilərin dediyi yox, haqq deyən dillərin, imanı kamil ustadların dediyi düz olur:

 

“Hər şey axar: su, tarix,

yıldız, insan və fikir,

Oluklar cift,

             birindən

             nur axar,

birindən kir!

 

...Rəbbim istərsə sular

büklüm-büklüm burulur,

Sırtına Sakaryanın

Türk tarixi vurulur”! (N.F.Qısakürək).

 

Rəbbim istədi, sular büklüm-büklüm buruldu və Sakaryanın özübir, sözübir qardaşı Suqovuşanın, işğal altındakı digər ərazilərimizin sırtına əbədi “Bura Azərbaycandır!” möhürü vuruldu! Bez parçaları dirəklərdən endirilərək, təyinatı üzrə istifadə olunmağa tabe tutuldu. Bəli, “hər şey axar”... çuxurunu tapar...

 

Azərbaycan dövlətinin başçısı dünən Xankəndi şəhər meydanında – yeni mübarək adı ilə Zəfər meyanında qaladığı Zəfər tonqalı önündə dedi: “Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”!

 

Bu sözlərə, daha nəsə əlavə etməyə ehtiyac yoxdur.

Bizə alqış və qutlama qalır:

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

BAYRAMIMIZ QUTLU OLSUN!

 

“Ədəbiyyat və incəsənət”

(20.03.2024)

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

“Ədəbiyyat və incəsənət” portalı Prezident İlham Əliyevin təbrikinin mətnini diqqətinizə çatdırır:

 

Əziz bacılar və qardaşlar.

Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.

Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Keçən ilin Novruz bayramı təbriklərimdə mən bu barədə danışmışdım və təəssüf hissimi bildirmişdim ki, İkinci Qarabağ müharibəsindəki onların məğlubiyyəti onlara dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası Azərbaycan xalqının iradəsinə ziddir.

Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.

Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.

Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Təbii ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq bizim əsas vəzifəmizdir. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir #gəncnəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız #Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən #xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “ZəfərMeydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır.

Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.

Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Bax, arxadakı bina Vilayət Partiya Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanındakı bina 1970-ci illərdə inşa edilmişdir, Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Nəsrullah Kəngərli idi. Bu bina isə o vaxt mehmanxana kimi inşa edilmişdir. Ondan sonra ermənilər onun xarici görünüşünü dəyişdirmişdilər. İndi bu binanın əzəli siması ona qaytarılır və bu mehmanxananın müəllifi Azərbaycan memarı Ənvər Qasımzadə idi.

Bax, təkcə bu misallar onu göstərir ki, bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Bu binalar bizim tarixi sərvətimizdir. Onlar qorunur, qorunacaq və gördüyünüz kimi, indi əsaslı təmir edilir. Durduğum yerdə isə separatçılar qondarma parlament binası inşa etmişdilər. Gördüyünüz kimi, artıq burada heç bir bina yoxdur. Bu, azmış kimi, onlar elə Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır.

Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqakı da son təmizləmə işlərini görür.

Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.

Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. 

Qarabağ Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(20.03.2024)

UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası çərçivəsində üzv ölkələrin bəyanatları səsləndirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən məlumat verir. 

 

İcraiyyə Şurasının 219-cu sessiyasının bugünkü plenar iclasında ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın milli bəyanatını təqdim edib.

 

Bəyanatda Azərbaycan tərəfindən təşkilatın gender bərabərliyi, Prioritet Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) istiqamətlərinə böyük əhəmiyyət verdiyi bildirilib. Ölkəmizin Afrikanın mədəni irsinin qorunmasına verdiyi töhfələr, eləcə də bu qitədə həyata keçirilən uğurlu layihələrdən söz açılıb. Ölkəmizin UNESCO-nun mədəniyyətlərarası dialoq və İpək yolları proqramını, eləcə də irqi ayrı-seçkiliyə qarşı mübarizədə həyata keçirdiyi layihələri dəstəklədiyi diqqətə çatdırılıb.

 

Daimi nümayəndə Azərbaycanın Ümumdünya İrs Komitəsinin 2025-2029-cu illər üzrə üzvlüyünə namizədliyi haqda da məlumat verib. “Mədəni irs bəşər tarixinin ayrılmaz hissəsidir və gələcək nəsillər üçün qorunmalıdır”, - deyən E.Abdullayev mədəni irs abidələri ətrafında minaların yerləşdirilməsinin milyonlarla insanın həyatı üçün böyük təhlükə yaradığını vurğulayıb.

 

İqlim dəyişikliyinin mədəni irsə təsiri mövzusuna toxunan E.Abdullayev ölkəmizin beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliyinə qarşı mübarizəyə fəal töhfə verdiyini qeyd edib, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladığını bildirib. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinin yekdilliklə dəstəklənməsinin beynəlxalq ictimaiyyətin ölkəmizə dərin hörmət və etimadının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

 

Ermənistan tərəfindən ölkəmizə qarşı 30 ildən artıq davam edən təcavüz və işğal müddətində Azərbaycanın mədəni irsinin tamamilə dağıdıldığı, arxeoloji abidələrin, muzeylərin və kitabxanaların talanaraq tamamilə dağıdıldığı, bu vandallıq aktlarının 1954-cü il Haaqa Konvensiyası və onun İki Protokoluna, eləcə də 1970-ci il Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu və onların kobud şəkildə pozulduğu qeyd edilib.

 

E.Abdullayev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın təhsil infrastrukturuna vurulmuş ciddi ziyandan söz açıb, 2000-dən artıq təhsil müəssisəsinin dağıdıldığını vurğulayıb.

 

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə ölkəmiz tərəfindən genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanıldığını deyən daimi nümayəndə Ermənistan tərəfindən bu ölkədə Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin tamamilə dağıdılması prosesinin davam etdiyini bildirib. Qeyd edilib ki, Ermənistanda bütün Azərbaycan toponimləri dəyişdirilib, ölkəmizin tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən məhv edilib. Bu vandalizmin əsas məqsədi əsrlər boyu həmin torpaqlarda yaşamış azərbaycanlıların izlərini o ərazilərdən tamamilə silməkdir. İrəvanın Təpəbaşı məhəlləsinin də eyni aqibətlə üzləşdiyi vurğulanıb, Ermənistan hökuməti tərəfindən həmin ərazinin tamamilə məhv edildiyi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.