Digər finalçıların şeirləri - CEYHUN ÖTKƏM Featured

“Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsi başa çatdı, qaliblər mükafatlandırıldılar. 

 

“Ədəbiyyat və incəsənət” portalının da xəbər verdiyi kimi, müsabiqənin mükafat yerləri aşağıdakı kimi bölüşdürüldü:

I yer: 

Cavid Qasımov;

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

III yer: 

Eminquey, 

Seyyidəli Sübhi, 

El Roman

Beləliklə, 10 finalçıdan 6-sı mükafatlandırıldı. Amma digər 4 finalçının da şeirləri diqqətçəkən idi və ən azından portalımızda dərc edilərək geniş oxucu kütləsinə təqdim edilməyə dəyər. 

Bu gün Ceyhun Ötkəmin şeirlərini təqdim edəcəyik.

 

Ceyhun Ötkəm 

 

“Noyabr səhəri”

 

Yenə qəddar bir noyabr səhəri...

Saat altıya qalır, zar-zor...

Səhərin bu qərib,

Şəhərin bu qərib soyuğu...

Vücudum işə gedir,

Könlüm sənə...

Günlük ritualım-dayanacaqda durmaq,

Siqaret çəkmək,

Düşünmək...

Canımda doğma bir üşümək...

Bu üşüməyi hardansa xatırlayıram...

ən son məhz, belə üşümüşdüm...

şütümüş

asfalta yapışmış

pişik cəsədi üzərindən maşınlar...

xəzəl süpürə-süpürə deyinir arıq bir ana:

xəzəl kimi sovrulur aldığımız maaşlar...

əlində kitab, avtobus gözləyən qız

gələcəyə ümidlə baxır

eynəyinin altından...

soyuq isə yeddidən-yetmişə,

keçir hər kəsin yeddi qatından...

“isti perajki” satan xala görünmür hələ...

Perajkiləri soyuq olsa da,

Yeyəndə adamın canı isinir...

“pozqazan” pozan o dayı bir daha

“Bismillah” deyərək bəxtini “sınır”...

Bu şəhərin bitməz şıltaqlıqları...

Bəlkə də, ən gözəl musiqini pıçıldayır

Satıcı oğlanın manatlıq qulaqcıqları...

 

Yenə qəddar bir noyabr səhəri...

Səhərin bu qərib,

Şəhərin bu qərib soyuğu...

Canımda doğma bir üşümək...

 

 

“Sənsizlik”

 

Bilirəm ki, “sənsizlikdi”

Deyirəm ki, “ömürdü!”

Sənsiz doğan günəşin

Doğduğu kömürdü...

Bir gün məni soruşsalar

Deyərsən ki,

Deyərsən ki,

Sahibini itirmiş eynək kimiydi-

Görmürdü...

 

Sənsizliksə-çiçəklərin,

Böcəklərin,

Küləklərin qarşısında üzüm yoxdur...

Qollarımın əlindən al məni,

Üstümdə bu boyda boşluğa lüzum yoxdur...

Kəpənək nə istəyər ki,

Təkcə hüzurdan başqa?!

Səndən heç nə istəmirəm,

Təkcə üzrdən başqa...

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.