“TÜLU” – Orxan Fikrətoğlunun fantastik hekayəsi (2-ci paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

TÜLU

 

 

Fantastik hekayə

 

Atama ithaf

 

– Bəs sənə nə var?

Ayağa qalxıb ucadan: – Bəsdirin! – qışqırdı.

Dalaşanlar qorxub bir-birinin yaxasını buraxdılar.

– O kimdir?.. Bu, nə səsdir? – dedilər.

Yaxınlaşıb dalaşanların qolundan tutdu: – Axırıncı dəfə almanı haçan görmüsüz? – soruşdu.

Dalaşanların ikisi də bir ağızdan: – Biz heç zaman alma görməmişik, – dedi.

– Bəs onda niyə dalaşırsız? – soruşdu.

– Məsələ almada deyil ki, – dalaşanlardan biri dilləndi.

– Bəs nədədir? – xəbər aldı.

– Məsələ dalaşdığını özünə tabe etməkdədir.

– Axı niyə?

– Necə yəni niyə? Mən dünyanın yiyəsi olmaq istəyirəm. İstəyirəm bütün insanlar ayaqlarımın altından öpsün!

O bir şey demək istərkən digər dalaşan çəmkirdi:

– Dünyanın yiyəsi mənəm! Dünya mənimdir! Mənim də olacaq!

Dalaşanlar yenə bir-birinin yaxasından tutub söyüşə-söyüşə qaranlığın içinə qayıtdılar. Gördüklərinin yuxumu, gerçəkmi olduğunu heç cür anlaya bilmirdi. Axı onun zirzəmisində bu qədər adam neynirdi? Bəlkə onu qara basır? Zəlzələ olduğunu dəqiq xatırlayırdı. Ondan sonra özünə gəlməsi də yadındaydı. Külünglə zirzəminin dəmir qapısını açmağını da unutmamışdı. Ondan sonra baş verənlərin doğru olub-olmadığını isə bilmirdi. Ətraf zülmət qaranlıq olduğundan səsləri gələnlərin üzləri görünmürdü. Onlar ilğım kimiydilər. Varlıqları, yoxluqları seçilmirdi. Vaxtı, zamanı qarışdırmışdı. Bilmirdi hardadır. Ölçülər də gözündə dəyişmişdi. Uzağı, bir evin altı boyda olan zirzəminin ucu-bucağı görünmürdü. Nal tappıltısı eşidildi. Tappıltı get-gedə yaxınlaşıb qənşərində səngidi. Qaranlığın içindən sıyrılmış qılınc kimi sərt adam səsinə diksindi: 

– Qarşımda baş əy!

– Sən kimsən ki? – soruşdu.

– Mən fatehəm. Buranı qılıncımla fəth etmişəm!

– Fəth etdiklərinin üzünü görmüsən? – soruşdu.

– Onların üzü də var? Mən elə bilirdim, onlar ancaq mənə tabe olmaq üçündür! Onların üzü məni maraqlandırmır!

– Onlarla heç olmasa bir dəfə danışmısan?

– Nəyə görə danışım?

– Bax gör bir kimdilər də. Nə danışırlar, nə düşünürlər? Səni sevirlər, sevmirlər?

–Düşünmək və danışmaq olmaz. Fəth etdiklərin düşünməməlidirlər.

– Düşünməsələr, sənə necə tabe olacaqlar?

– Qorxuyla... ancaq qorxuyla. Onlar məndən qorxurlar. Onların yaltaqlıq, tamah, nəfs və kiçik fateh olmaq istəklərindən istifadə edirəm. Onlar bir-birinin qənimidir. Hərəsinin qabağına bir tikə şörək atdın, bəsidir. Düşünmək nədir? Onlar düşünə-düşünə yaşamaq üçün çox qorxaqdırlar.

– Fateh olmaq sənə nə verir?

– İstədiyimi edirəm!

– Mənim zirzəmimdə?

– Səltənətim gözünə zirzəmi kimi görünür?

– Heç səltənətini görmüsən?

– Xeyr, görməmişəm. Mən buranı fəth etmişəm!

– Bəs özünü necə, görmüsən?

– Özümü də görməmişəm. Məni öyənlər deyir ki, ayaqlarım at ayaqlarıdır. Başım isə məğrur adam başıdır. Əlimdə sıyrılmış qılıncım var. Qəddar və ağıllıyam. Gözələm. Kəsəsini desəm, fatehəm də!

– Sən kentavrsan! Dastan qəhrəmanısan! Çoxdan mənim zirzəmimdə yaşayırsan?

– Burda doğulmuşam!

– Daha haranı fəth etmisən?

– Ancaq buranın siçanlarını! İki dənə də it fəth etmişəm. Bir də səni!

– Arvadın var?

– Öldürdüm!

– Neynəmişdi?

– Taxt-tacımı əlimdən almaq istəyirdi. Xəbər tutan kimi qılıncı soxdum qarnına. Qarnında uşağı var idi. Onu da öldürdüm.

– Sənin uşağın deyildi?

– Elə ona görə öldürdüm də. Başa düşmədin?

– Yox.

– O da böyüyyb mənim kimi fateh olmaq istəyəcəkdi. Sən qan zəhirmarı az bilmə. O, məni öldürməsin deyə, doğulmamışdan başını kəsdim. İndi anladın mən kiməm?

– Bəlkə doğulandan sonra uşağını sevəcəkdin?

– Sevmək qadağandır. Sevən də, sevilən də öldürüləcək. Qılıncımın altından keç! Səni “suküt naziri” təyin etdim. Bu gündən zirzəmidə sevgi haqqında danışmağı qadağan edirəm!

Ayağa qalxıb sıyrılmış qılıncın altından keçdi.

Əlini uzadıb at adamın sinəsinə toxundu.

At adam təmasdan şahə qalxdı.

– Bəlkə mənə kömək edəsən yuxarı qayıdım? Nazir olmaq istəmirəm.

– Sənin yuxarın buradır!

At adam toz qaldıra-qaldıra qaranlığa doğru çapdı.

İşıqlı divar tərəfdən səs eşidildi. Elə bil kimsə iri çəkiclə divarı döyəcləyirdi. Bəlkə onu xilas etməkdən ötrü divarı yarırlar?! Karın könlündəki. Acmışdı. Yeməyini bıçaqlı aparandan heç nə yeməmişdi. İşığa doğru süründü. Bir qədər sürünmüşdü ki, başı kiminsə yumşaq dizinə dəydi. Diz sahibi divara söykənib oturmuşdu. Dodaqlarının altında nəğmə oxuyurdu.

– Burda niyə oturmusuz? – diz sahibi ilə tanış olmaq istədi.

– Mən burda yaşayıram, – yumşaq dizin sahibi qadın imiş.

– Tənha? – soruşdu.

Qadın ağrılı-ağrılı: – Ərim öləndən sonra tənha! – cavab verdi.

– Cavan idi?

– Eyni yaşda olardıq!

– Onun üçün darıxırsan?

– Darıxıram! Sən bura necə düşmüsən? Səsini birinci dəfədir eşidirəm!

– Yuxarıda zəlzələ oldu. Evim baışıma uçdu. Bura mənim zirzəmim idi. Daşların altında qalmayım deyə aşağı düşdüm. İndi yuxarı çıxa bilmirəm. Sən heç yuxarıda olmusan?

– Orda nə itim azıb. Ora öləndən sonra qalxırlar.

– Siz ölülərinizi torpağa basdırmırsız?

– Biz ölülərimizi yuxarı qaldırırıq!

– Təsadüfən telefonun yoxdur?

– Var, niyə yoxdur?! Danışmaq istəyirsən, verim. Amma bir nəfərlə danışa biləcəksən. Daşı zəifdir.

Qadın çantasından çıxartdığı əl telefonunu ona uzatdı.

Bir xeyli düşünəndən sonra polisi yığdı. Növbətçi dəstəyi qaldırıb: – Altmış yeddinci polis bölməsi, serjant Allahyarov, – dedi.

– Cənab serjant, sizinlə danışan Məxfi sənədlərin mühafizəsi idarəsinin rəisi Niyazi Namazovdur. Əlibəy Hüseynzadə küçəsi, əlli doqquz ünvanında bir neçə gün bundan qabaq zəlzələ olub. Mən bu ünvandakı evin dağıntıları altındayam. Xahiş edirəm dediyim ünvana xilasedicilər göndərəsiniz. Səbrim, gücüm daha qalmayıb. Acam, susuzam. Nə olar məni xilas edin!

– Bura polis idarəsidir, cənab! Sizdən xahiş edirəm, dəstəyi yerinə qoyasınız! Axırı yaxşı olmaz. Rəsmi dövlət idarəsinə zəng edib ələ salmağa görə Cinayət Məcəlləsində xüsusi maddə var, – polis serjantı çox quru danışırdı.

– Nə ələ salmaq... Mən burda ölürəm e..., – deyib bağırdı.

– Cənab Namazov, dediyiniz o zəlzələ doqquz il bundan qabaq olub. Şəhər əhalisinin əlli faizi həmin o zəlzələdən çıxmadı. Dediyiniz ünvanı mən yaxşı xatırlayıram. Rəhmətlik babam orda yaşayırdı. Onu da daşların altından çıxara bilmədik. Hələ də ordadır. Babam çox hörmətli adam idi. Keşişdi. Kilsəsi qarışıq yerin altına batdı!

– Belə çıxır ki, mən doqquz ildir bu zirzəmidəyəm? – soruşdu.

Polis serjantı hirslə: – Danışığınızı bu dəqiqə kəsməsəniz, yaxın doqquz ili tamam başqa bir zirzəmidə keçirəcəksiniz! – dedi.

Telefonu söndürüb qadına uzatdı.

Qaranlıq olsa da, qadın ağladığını anladı. Araya sükut çökdü. Toxtayandan sonra sakit səslə qadından: – Mənimlə evlənmək istəmirsən? – soruşdu.

Qadın ayağa qalxıb: – İstəyirəm, – dedi.

Qadını qucaqlayıb bağrına basdı: – Səni də itirəcəyimdən qorxuram! – söylədi.

Qadın əllərindən tutub: – Daha yuxarı getməyəcəksən? –soruşdu.

– Məni orda gözləyən olmaz! – cavab verdi.

Qadının boyu balaca idi deyə barmaqları ucunda dikəlib onun dodaqlarından öpdü. Öpüş bircə anda içini dəyişdi. Yuxarıda tapa bilmədiyi sevgini qadının dodaqlarında tapdı. Balaca boylu qadının boynunu-boğazını öpə-öpə döşəməyə çökdü. Balaca qadının böyük sevgisi varmış. Altı-yeddi gün döşəmədə “bal ayı” yaşadılar. Bu altı-yeddi günün içində zirzəmiyə tam öyrəşdi. Qaranlığın soyuğu da qadının sevgisindən isindi. Qadının mehri qaranlığı yumşaltdı. Ayağa qalxandan sonra qadın qaranlığın bir hissəsini süpürgəylə süpürüb: “Bura bizim evimiz olacaq”, – dedi. Və onlar qaranlığın bir küncünə yerləşdilər. Qadın onu puluna, adına görə deyil, özünə görə sevirdi. Onu yaşadan da bu idi. Onun üzünün olmasını qadın ağlına belə gətirmirdi. Adamın üzü necə ola bilərdi? Qaranlıq sevgisinin içində rəngbərəng çaylar, yaşıl meşələr, cik-cik cikkildəyən sarı quşlar necə ola bilərdi? Üzünün olması qadını çaşdırardı. İnsan ancaq sevdiyini düşünməlidir. Ondan savayı heç nəyi, heç kimi görməməlidir. Hətta sevdiyinin üzünü belə görməməlidir! Qadın ondan başqa heç kimi, heç nəyi görmürdü. Ancaq onunla nəfəs alıb, onunla düşünüb, onunla sabahlarını açırdı. Beləcə, onlar altı il bir dam altındakı qaranlıqda yaşadılar. Qadın onu qaranlıqda görürdü. O da qadını qaranlıqdan seçirdi. Sən demə, zirzəmidə də tale varmış. Onların bu qaranlıq tənhalığı uzun çəkmədi. Günlərin bir günü əli qılınclı At adam qara bəxt kimi çapa-çapa qaranlığa qayıdıb onları sevgidən oyatdı. “Sükut naziri” təyin etdiyi adamın danışa-danışa kimisə sevməsi ona yer eləmişdi. Çox həyəcanlıydı. Dırnağı ilə qaranlığı eşirdi. At adam sevgililəri divara söykəyib əl-qollarını qalın kəndirlə bağlayandan sonra qılıncını sivirib qadını qarnındakı uşağıyla birlikdə öldürdü. Sonra da peşman olub: – Sən daha sükut naziri deyilsən. Get, ürəyin istədiyi qədər danış! – dedi. Və onu qaranlıqda tənha qoyub yenə haranısa fəth etməyə getdi.

İçini didən fikirləri ilə yenə baş-başa qaldı. Daha yemək yemirdi, su içmirdi. İçini didən ancaq düşüncələriydi. Zamandan, vaxtdan çıxmışdı. Heç kim üçün narahat deyildi. Sabahından qorxmurdu. Zirzəmidə zaman bölgüsü yox idi. Nə dünən vardı, nə sabah. Burada bütöv bir ömür yaşayırdın. Buranın təqvimi yox idi. Zaman aya, ilə, günə, saata bölünməmişdi. Kimi gözləyirdin ki, gəlib-gəlməyəcəyindən narahat da olasan. Burada heç kəs yox idi. Görəsən, onun “yuxarıdakı” ömrünü kim aylara, günlərə, illərə bölmüşdü? Niyə özünü çərçivəyə salmışdı? Yuxarıda nəylə öyündüyünü xatırladıqca özündən nə qədər uzaq düşdüyünü də anlayırdı. Qadının sevgisi onu dəyişmişdi. Sən demə, insana ancaq sevgi gərək imiş. İndi qaranlığın qarasını belə sevirdi. Görəsən, yuxarıda sevgisiz necə yaşamışdı? Yuxarını düşünən kimi yuxarıdan səs gəldi. Kim isə elektrik külünglə beton döşəməni deşirdi. Qazılan betonun tozu saçlarına töküldü. Yəqin, xilasedicilərdir. Onu axtarırlar. Yuxarı qayıdacağını anladı. Geri qayıtmaq istəmirdi. Özünə təzəcə öyrəşmişdi. Tapdıqlarını yenə orada itirəcəkdi. Sevdiyi qadının xatirəsini yuxarı çıxara biləcəkdimi? Haradansa lap yaxından quş səsi eşidildi. Səsə doğru qaçdı. Zirzəmidə bitmiş kiçik çinar ağacının koğuşunda qaranquş yuva qurmuşdu. Cikkildəyən də yuvadakı balasıydı. Yaxınlaşıb quşcuğazın başını tumarladı. Dimdiksizdi. Caynaqsızdı. Qayğısına qalınmalıydı. Quşcuğazı yuvadan götürüb geri döndü. Onun üçün içməyə su, yeməyə dən tapdı. Ayla, günlə quşu sevə-sevə yedirib böyütdü. Sevgisini quşa saldı. Quşu quşa qondu. Sevgi həm də kiminsə qayğısına qalmaqdır. Qayğısına qalınmalı dimdiksiz, caynaqsız quşdan yaxşı nə ola bilərdi?

Günlərin bir günü At adam gəlib quşu da öldürdü. Yenə tənha qaldı. Sevgisi qəribsədi. Beləcə, bir neçə gün üzü yuxarı sevgisiz oturdu. Sonra birdən-birə anladı ki, At adam sevə bilmədiyi üçün belə qəddardı. Zirzəmini ondan, onu özündən qurtarmaq üçün At adama sevməyi öyrətmək lazımdır. O, zirzəmiləri deyil, sevgini fəth etməlidir. Özü də yazıqdır axı. Belə nə qədər yaşamaq olar?! Ayağa qalxıb At adamın qaranlığın harasında yaşadığını öyrəndi. Fatehin qaranlığına gəlib onu səslədi. At adam qarşısına qılıncla çıxıb: – Niyə gəlmisən? – soruşdu.

– Sənə sevməyi öyrədəcəm! – dedi.

At adamın hirsindən rəngi avazıdı. Əlini qılıncına atıb: – Sevgi sözünü söylədiyin üçün səni öldürəcəm! – dedi.

– Sevgidən niyə belə qorxursan?

– Fəth etdiklərim sevəndə məni unudurlar!

– Özünü qayğınla, şəfqətinlə sevdirə bilsəydin, səni də sevərdik! Qorxu olan yerdə sevgi olmur!

– Olanları unudub məni sevə bilərsən?

– Mən o qadından sonra hamını sevirəm!

– Məni də?

– Hətta səni də!

– Səni alçaldıb üzünə tüpürsəm də, məni sevəcəksən?

– Mən başqa cür yaşaya bilmirəm!

At adam: – Sevilənləri öldürəcəyimə söz vermişdim! – deyib qılıncını öz qarnına soxdu. Nəhayət, özü özünü fəth edib öldürdü. Bir həftə qaranlıq “qılıncsız” qaldı. Bir həftədən sonra qaranlıqda ara qarışdı, məzhəb itdi. Hamı təzə At adam olmaq istədi. Di gəl, qaranlıqda heç kəsin At adam olmaq üçün qılıncı yox idi. Qılıncsızların hamısı özü üçün At adam oldu. Amma heç kimin “At adamlığı” uzun sürmədi. Sonda qaranlıq adamları belə qərara gəldilər ki, hər gün biri At adam olsun. Bir gün də onun At adam olmaq növbəsi gəldi. Qaranlığın ən hündür yerinə qalxıb: – Mənimlə işiniz olmasın. O siz, o da sizin qaranlığınız. Mən hamınızı sevmək istəyirəm! At adam olmaq istəmirəm! – qışqırdı.

Üç gündən sonra qaranlığın ən dərin yerində yaşayan şair yoluna çıxıb qarşısında diz çökdü. Bir ay ağır-ağır nəfəs alandan sonra qucağında tutduğu sarışın “söz”ün başını tumarladı. Ondan sonra ayağa qalxıb yeni misrasını dedi.

– Qara qaranlığın səssizliyini gördünmü?

Şairdən: – Sən səssizliyi görürsən? – soruşdu.

Şair: – Əlbəttə görürəm! – dedi.

– Mənim səssizliyim hansı rəngdədir?

Şair sualını cavabsız qoyub: – Yuxarıdan gəlmisən! Mənə orda gördüyün işıqdan danış! – söylədi.

– Nə danışım?

– İşıq necə olur?

– İşıq olmayanda heç nə görünmür.

– Sən mənə işığı göstərə bilərsən?!

Yadına düşdü ki, soyuducunun altından kibrit çöpü tapmışdı. Şairi sevindirmək üçün çöpü sürtgəcə çəkib alışdırdı. Yanan çöp bircə anda zirzəmini işıqlandırdı. İşıq altında adam bildiyi şair gözünə hörümçək kimi göründü. Bir nəfərin güclə yerləşdiyi darısqallıqda At adamın cəsədi də çürüyürdü. Zirzəminin amansız fatehi adicə yaşıl çəyirtkə imiş. Ondan bir qədər kənarda sevib evləndiyi yumşaq dizli qadının “ağ qanadlı mavi kəpənək” bədəni ağarırdı. Kibrit çöpünün işığı sönən kimi şair ayaqlarını qucaqlayıb:  – Sən Allahsan? – soruşdu.

Qolundan tutub şairi ayağa qaldırdı. Hörümçək olsa da, şair qaranlıqda yenə insan kimi danışırdı.

– Sən Allahsan!

– Allah-zad deyiləm! – dedi.

– Məndən gizlənmə, Allahım! Sən möcüzə göstərdin! Bunu ancaq Allah edə bilərdi!

Şair əsasına söykənə-söykənə qaranlığın dərinliyinə qayıtdı. Kibrit çöpünün işığı altında şair qədər o da möcüzə görmüşdü. Demə, zirzəmidə ondan başqa heç kəs yox imiş. Bəs keşiş? Bəs bıçaqlı adam? Axı yumşaq dizli qadının həniri, mehri, şəfqəti vardı. Hər gecə bu qadını qucaqlayıb yatan zaman isti canını hiss edirdi. Bunu necə anlasın? Axı o qadın var idi. Onlar sevgiliydilər. Yəni bütün bunlar ilğım idi? Yalan görüntü idi? Bəs yaşadığı hisslər? Bəs bəsirət gözüylə gördükləri? Zirzəmidə gördüklərini ağlıyla dərk edə bilmirdi. Yəqin, yuxarıdakı insanlar da haçansa gördükləri möcüzəni anlaya bilməyəndə Allahı uydurublar. Onda belə çıxır ki, Allah insana gördüyünü anlaya bilməyəndə görünür? Ən düzü Ona kor-koranə inanmaq imiş. Onda lazımsız suallar beynini yormur. Nəyi başa düşmürsən, atırsan Allahın üstünə. Deyirsən, mən bilmirəm, O bilir. Şairin onu Allah bilməsi də həmin məntiqlədir. Axı şair işıq görməyib. Allahı da tanımır. Heç zaman görmədiyi işıq onun üçün ağlının kəsmədiyi möcüzədir. Möcüzə edə bilən isə ancaq Allahdır. Allahı dərk etmək üçün şairin başqa dəlili yoxdur. Allah ancaq möcüzə göstərən zaman Allah ola bilər. Yəqin, Məsihin möcüzələri də bizdən “yuxarı” aləmlər üçün kibrit çöpü qədər adidir.

Şair ona Allah deyəndən özünü xilaskar sanırdı. Zirzəmidəkiləri özüylə birgə “yuxarı” çıxarıb onlara möcüzə göstərmək istəyirdi. “Qaranlıq adamları” hələ özlərini görməmişdilər. Tanımırdılar. Onlara özlərini tanıdacaq yolu göstərməyin vaxtıydı. Qəfil canında yorğunluq hiss etdi. Xatırladı ki, zirzəmiyə düşəndən fərli-başlı yatmayıb. Dincəlmək üçün başını dizinin üstünə qoydu. Haçansa özünün gördüyü möcüzə gözünün qarşısına gəldi. Altı yaşı vardı. Babası onu dənizi “seyr etməyə” aparmışdı. Bir az sahildə gəzişəndən sonra babası əlini qayalığa uzadıb: “Göydə bitən ağaca bax!” – demişdi. Sərt daşların çiynində kökü açıq havada gözlə görünən əncir ağacı bitmişdi. Kötüyü torpaqdan qidalanmayan ağacın bu qədər bəhər verməsi möcüzə idi. Həmin ağaca illərlə su verilməmişdi. Kökü torpaqdan qidalanmırdı. Bəs necə olmuşdu ki, budaqlarında meyvəsi bitmişdi? Uşaq vaxtı gördüyü möcüzəni, nəhayət ki, anladı. Həmin ağac kimi, o da kökündən uzaq düşmüşdü. Yuxarı ilə təmasda deyildi. Bununla belə, gözünə ancaq oranın təsvirləri görünürdü. Həmin ağacın da torpaqla eyni cür “yaddaş bağlılığı” varmış. Ağacın kökü gözlə görünməyən bağlarla yadında qalmış torpağın dadından qidalanırmış. Deməli, harada olursan-ol, gördüklərin səninlədir. Səninlə əbədi yaşayacaq ruh dedikləri də həmin bu təsvirlərdir. Gözünün içindəkilərdir.

 Qəfil qaranlığın içindən keşişin tanış səsi eşidildi.

– Hardasan, ey müqəddəs ruh?

Başa düşdü ki, şair “kibrit məsələsi”ni zirzəmiyə yayıb.

Keşiş: – Hardasan, ey yeri, göyü altı günə yaradan İlah. Gözümə görün. Məni bir də sınağa çəkmə! Özümü anlayandan Sənə ibadət etmişəm! Niyə mənə deyil, o hərdəmxəyal şairə göründün? – deyib ayaqlarına yıxıldı.

– Mən Allah deyiləm, müqəddəs ata. Tövbə elə! – dedi.

Keşiş qarşısında diz çöküb dua oxumağa başladı: – Müqəddəs ruh, nəhayət ki, hakimiyyətin qaranlığa gəldi. Gecə-gündüz sənə ibadət edirdim ki, sevdiklərini işığa çıxarasan. Nurunu üzümə çilə. Doğrudan da sənin nə etdiyin qabaqcadan bilinməz. Ağıllara sığmazsan. Axı kim deyə bilərdi ki, sən Allahsan?

Keşişin qolundan tutub qaldırmaq istəyirdi ki, qulağının dibindən bıçaqlının xırıltılı səsi eşidildi: – Bağışla məni, Allahım, vallah, Səni tanımamışam! Soyuducunu geri qaytarıram. Yediyim alman sosislərini halal elə. Pendirə toxunmamışam. Baxa bilərsən. Mənə əzab vermə. Xəbərim olmayıb ki, Sən Allahsan. Bilsəydim, Sənin soyuducunu heç oğurlayardım? Tövbəmi qəbul et. Qarnına soxduğum o bıçağı da özümə qaytar. Özümü onunla öldürəcəm. Taxsır din adamlarındadır. Sənin gələcəyini bizə başqa cür tərif eləmişdilər. Məni də onlar çaşdırıb. Qulaq günahkarıyam.

– Mən Allah deyiləm!

– Allahsan, Allahsan. Bizi çaşdırma, – deyən bıçaqlı ona yaxınlaşdı.

Əlində tutduğu bıçağını qarnına dayayıb: – Allah olmasan da, olacaqsan! Başa düşdün sənə nə deyirəm? Allah oldun, olmadın, fərqi yoxdur. Möcüzə göstərmisənsə, bu gündən Allah ol! Bizə Allah lazımdır! – dedi.

Səslərini ilk dəfə eşitdiyi “qaranlıq adamları” onun şərəfinə ucadan dualar edirdlər.

Bıçaqlının bıçağını əlindən alıb “qaranlığa” atdı. Özünü toparlayıb bərkdən: – Susun! – qışqırdı.

Qaranlıq adamları susdular.

Həzin səslə: – Mən sizi işığa çıxaracam. Arxamca gəlin! – dedi.

Zirzəmidəkilər sevinə-sevinə: – Bizi xilas edir! – qışqırdılar.

Bıçaqlı hönkür-hönkür ağladı.

Keşiş səsi əsə-əsə: – Bizə “yuxarı”dan danış, – dedi.

Gözlərini yumub: – Yuxarı”ya gedən yol beyninizdən başlayır. Oranı qaranlıqda ikən düşünməyi öyrənin. Yuxarı işıqlıdır. İşıq altında hər şey sizə möcüzə kimi görünəcək. Orada insan adlı mələklər yaşayır. Onlar da sizin kimi nə etdiklərini bilmirlər. Özlərini tanımasalar da, onların üzü var. Görünürlər! Bir-birini tanıyırlar. Bunun özü də bir möcüzədir. Mən onları bir-bir sınağa çəkirəm. Yaxşısını bir tərəfə, pisini başqa tərəfə göndərirəm, – pıçıldadı.

Bıçaqlı: – Yaxşı nədir? – soruşdu.

– Yaxşı – yaxşı düşünəndir. Pis – pis düşünəndir, – dedi.

– Mən orda yaşaya biləcəm! – deyən bıçaqlı “yuxarı”nı bəyəndi.

 

 “Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.