Bakı koloriti başqırd kətanında Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hər bir rəssamın uğur yolunu onun mənsub olduğu xalqın mədəniyyət zənginliyi şərtləndirir. Bu, boğazdan yuxarı sözlər deyil, reallıqdır. Dahi rəssam Toğrul Nərimanbəyovun bütün yaradıcılığı xalqımızın milli-mənəvi-mifik təfəkkürü müstəvisində formalaşmayıbmı? Mən istedadlı və çox bəyəndiyim rəssam Eldar Babazadə barədə danışanda onu məhz Toğrul Nərimanbəyov məktəbinin davamçısı hesab edirəm. 

 

İyulun 18-28-də Rusiya Federasiyasının Başkortostan Respublikasında “Tura-xan” etnik-bədii simpoziumu keçiriləcək, Eldar Babazadə də simpoziumda iştirak etmək üçün dəvət alıb. Demək, “Köhnə Bakı”, “Bakı”, “Natürmort”, “Etnik mənzərə” kimi milli koloritli tablokarı ilə Azərbaycanımızı qardaş türk respublikasında təmsil edəcək. 

Eldar Babazadə simpozium çərçivəsində xalq adət-ənənələri mövzusunda öz eskizlərini təqdim edəcək. Rəssamın iştirakı xalqlar arasında mədəni dialoqun inkişafına və Azərbaycan incəsənətinin beynəlxalq aləmdə populyarlaşmasına töhfə olacaq.

Simpozium ənənəvi təsviri sənət növlərinin aktuallaşdırılması və Avrasiya Köçəri Sivilizasiyalar Muzeyinin yaradılması mövzularına həsr olunub.

Rəssamın açıqlamasına görə, “Tura-xan” etnik-bədii simpoziumu Rusiya Federasiyası Başkortostan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəni İrsin Daşınmaz Əmlak Obyektlərinin Mühafizəsi və İstifadəsi üzrə Elmi-İstehsalat Mərkəzi və “Şulqan-Taş mağarası” Tarix-Mədəniyyət Muzey-Qoruğunun dəstəyi ilə “Avrasiya Köçəri Sivilizasiyalar Muzeyi” qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunur.

Yaradıcılığında etnik və folklor mövzularına toxunan peşəkar rəssamlar üçün maraqlı olacaq bu simpozium mühüm cazibə mərkəzləri olan Tura-xan məqbərəsində və Şulgan-Taş mağarasında keçiriləcək. Avrasiyanın coğrafi mərkəzi olan Başkortostan regionun zəngin mədəni irsini və adət-ənənələrini nümayiş etdirərək, həmçinin dünyanın hər yerindən iştirakçıları qəbul etməyə hazırdır.

“Tura-xan” etnik-bədii simpoziumu Avrasiyanın köçəri xalqlarının incəsənətini və mədəni irsini təbliğ etmək məqsədi daşıyan illik tədbirdir.

Rəssamımızın simpoziumda iştirakını “Arts Council Azerbaijan” təşkilatı reallaşdıracaq. Bu təşkilat Azərbaycanın müasir və ənənəvi incəsənətinin beynəlxalq arenada dəstəklənməsi, onun təbliği ilə məşğul olan aparıcı təşkilatdır.

Bu gün portalımızın Rəsm qalereyasında da Eldar Babazadənin bir rəsm əsəsrini yerləşdirmişik. “Köhnə Bakı” adlı rəsm zövqünüzü oxşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.