Oğurlanmış ata yurdu – Qərbi Azərbaycan - NAZİR ƏHMƏDLİ Featured

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin məqaləsi təqdim ediləcək.

 

 

Nazir ƏMMƏDLİ

 

OĞURLANMIŞ ATA YURDU – QƏRBİ AZƏRBAYCAN

 

XVI əsrdə Səfəvilər dövlətinin vilayətlərindən biri də  mərkəzi Təbriz şəhəri olan Azərbaycan vilayəti idi və o, 4 bəylərbəyliyinə bölünürdü: Təbriz bəylərbəyliyi, Gəncə-Qarabağ bəylərbəyliyi, mərkəzi  İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyi və Şirvan bəylərbəyliyi. Nadir şahın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra bu dörd bəylərbəyliyin ərazisində 20-yə yaxın xanlıq və sultanlıq meydana çıxdı. İran coğrafiyasında uzun sürən daxili iğtişaşlar, taxt-tac qovğaları mərkəzi hakimiyyəti zəiflətdiyinə görə mərkəzdənqaçma qüvvələri güclənmiş, periferiyalardakı ərazilər nəzarətdən çıxmışdı. Ağaməhəmməd xanın əsasını qoyduğu Qacarlar dövləti möhkəmlənənə qədər keçən 50 ilə yaxın bir dövrdə həmin xanlıqlar və sultanlıqlar arasında şiddətli ara müharibələri fasiləsiz olaraq davam etmiş, xeyli insan tələf olmuş, ticarət və iqtisadiyyat tənəzzülə uğramışdı. Bu dövrü "hamının hamıya qarşı vuruşduğu" dövr kimi də qiymətləndirmək olar. Çoxdan bəri Cənubi Qafqaza göz dikən təcavüzkar Rusiya imperiyası uyğun zamanın gəldiyini görüb  1801-ci ildə tərkibindəki Qazax, Borçalı və Şəmşəddil sultanlıqları ilə birlikdə Gürcüstanı ilhaq etdi, 1804-cü ildə isə Qacarlar dövlətinə qarşı müharibəyə başladı. Keçmiş Şirvan və Gəncə-Qarabağ bəylərbəyliklərinin yerində meydana çıxan bütün xanlıqlar və sultanlıqlar Gülüstan müqaviləsi (1813) ilə Rusiyaya   ilhaq edildi.  Sərdar Hüseynqulu xan Qacarın idarə etdiyi İrəvan xanlığı hələ dirənməkdə davam edirdi. İrəvanı tutmaq üçün Rusiya iki dəfə – 1804-cü və 1808-ci illərdə cəhd etmiş, amma istəyinə nail ola bilməmişdi.  Rusların bütün şirnikləndirici təkliflərinə, vədlərinə uymayan yeganə xan Sərdar Hüseynqulu xan idi.

"Ağacı qurd içindən yeyər", – deyiblər. Satqınlığına görə Ağaməhəmməd xanın 1797-ci ildə dünya işığından məhrum etdiyi naxçıvanlı Kəlbəli xan, onun  öümündən sonra oğlanları Ehsan xan, Nəzərəli xan, Şeyxəli bəy, Vedibasarda isə Aslan Sultan Şadlinski rus işğalına kömək etmək üçün əllərindən gələni əsirgəmirdilər.

1827-ci ilin yazında  imperator I Nikolay qraf Paskeviçi İrəvanı tutmaq üçün göndərdi. General Paskeviç görkəmli sərkərdə olmaqdan başqa, həm də mahir diplomat idi, satqınları tapmağı və onların xidmətindən yararlanmağı bacarırdı. İki ay ərzində İrəvan qalasını tutmağa nail olmadıqdan sonra üzünü Naxçıvana çevirdi. Ehsan xan onu gözləyirdi. Ehsan xan guya müdafiəçisi olduğu möhkəm Abbasabad qalasında Qacarlara qarşı qiyam qaldırıb qalanı ruslara təslim etdi. Paskeviç Naxçıvanda möhkəmləndikdən, kifayət qədər taxıl və ərzaq əldə  etdikdən sonra yenidən üzünü İrəvan qalasına çevirdi və dörd aylıq gərgin döyüşlərdən sonra oktyabrın 1-də İrəvanı tutdu. Xəbəri Riqada alan İmperator I Nikolay 3 günlük bayram elan etdi. Bu, İrəvanın Rusiya imperiyası üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərirdi.

Qraf Paskeviç 1827-ci ilin iyununda öz hökumətinə yazdığı məktubda bildirirdi ki, bu böyük ölkədə Aslan Sultan Şadlinskidən başqa bizə kömək edən yoxdur. Məktubdan məlum olur ki, o, kəndxudaları rusların tərəfinə çəkmiş, Paskeviçin ordusunu aclıqdan xilas etmişdi.

Qacar hökmdarı Fətəli şahın oğlu, Azərbaycan valisi, vəliəhd, bacarıqlı sərkərdə Abbas Mirzə bu məğlubiyyətlə heç cür barışmaq istəmir və müqaviməti davam etdirirdi. Lakin cənubdakı xəyanətkarların köməyi ilə bir-birinin ardınca Xoy, Salmas, Urmiya, Ərdəbil, Təbriz itirildikdən sonra 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsini imzalamağa məcbur oldu, bu müqavilə ilə Azərbaycan türklərinin Arazın şimalındakı son qalası İrəvan və Naxçıvan xanlıqları da Rusiyaya ilhaq edildi. Qacarlar dövləti o dövr üçün misli görünməmiş miqdarda – gümüş pulla 20 milyon rubl təzminat da ödədi. Danışıqlarda Rusiyanı təmsil edən məşhur yazıçı-diplomat (həm də Psakeviçin qohumu) A.Qriboyedov aşkar həyasızlıqla Abbas Mirzəyə demişdi: ona görə sizdən bu qədər pul tələb edirik ki, bir daha müharibə aparmağa gücünüz çatmasın. Təzminat ödənilməyəcəyi halda, ruslar Təbrizi və Cənubi Azərbaycanda tutduqları digər əraziləri tərk etməyəcəklərini bildirirdilər.

Dərd şahzadə Abbas Mirzəni yıxdı, çox keçmədən, 1833-cü ildə vərəmləyib öldü.

İrəvan xanlığının süqut etməsi ermənilərin də çoxəsrlik arzusu idi və erməni keşiş Nerses Ehsan xan və Aslan Sultan Şadlinski kimi bunun üçün Paskeviçə əlindən gələn köməyi etdi. Nəticədə ermənilər torpaq qazandı, Azərbaycan türkləri isə öz ata yurdlarını itirdilər.

Türkmənçay müqaviləsinin imzalan-masından 40 gün sonra, Novruz bayramı günündə imperator I Nikolayın fərmanı ilə  İrəvan və Naxçıvan xanlıqların ləğv edilərək onların yerində Erməni vilayəti deyilən yeni qurum yaradıldı, xanlıqların yerində yaradılan İrəvan və Naxçıvan əyalətləri Erməni vilayətinin tərkibinə daxil edildi. Və qonşuluqdakı xarici ölkələr-İran və Türkiyədən İrəvan və Naxçıvan əyalətlərinə erməni axını başlandı. Müharibədə ölənləri və ölkədən qaçanları, işğalçıların hakimiyyəti altında yaşamaq istəməyənləri nəzərə almasaq belə, işğaldan qabaq İrəvan xanlığında 9.139 oturaq (26.625 kişi, 23.250 qadın qadın, cəmi 49.825 nəfər), 1.344 elat ailəsi (3.885 kişi, 3.604 qadın, cəmi 7.489 nəfər), cəmi 10.483 müsəlman ailəsi, 30.510 kişi, 26.854 qadın, cəmi 57.364 müsəlman, 3.498 erməni ailəsi, 10.450 kişi, 9.623 qadın, cəmi 20.073 nəfər erməni yaşayırdı.

Yuxarıdakı rəqəmlərdən görünür ki,  müharibədə həlak olanları, müharibədən sonra İrana və Türkiyəyə gedən Azərbaycan türklərini nəzərə almasaq belə, Rusiya işğalından əvvəl İrəvan xanlığı əhalisinin 74 %-i türk müsəlman, cəmi 26 %-i erməni idi.Ölənləri və qaçanları da nəzərə alsaq, əhalinin ən azı 80 %-i müsəlman-türklər olmuşdur.

 İşğaldan dərhal sonra, 1828-ci ildə təkcə Göyçə mahalını Nağı xanın başçılığı altında 900 qarapapaq ailəsi, yəni mahal əhalisinin yarısı tərk etmiş, Göyçə mahalında 999 müsəlman ailəsi qalmışdı. Zəngibasar mahalının köklü sakinləri olan uluxanlı tayfasının da çoxu işğalçıların hakimiyyəti altında yaşamaq istəməyib İrana və Türkiyəyə getmişdilər.

İşğaldan sonra vəziyyət kökündən dəyişdi. İşğala qədər cəmi 15 yerli erməni ailəsinin yaşadığı Göyçə mahalına 1829-cu ildə Türkiyənin Bəyazid paşalığından 1.485 erməni ailəsi köçürdülər və ermənilər sayca türkləri üstələdi. İrəvan xanlığının digər 14 mahalında və İrəvan şəhərinin özündə də vəziyyət eyni idi. İşğaldan sonra elatların da yarıdan çoxu xanlığın ərazisini tərk etmişdi.

1828-ci ilin mart ayından başlayaraq cəmi bir neçə ayın ərzində İrəvan əyalətinə İrandan 4.559 ailə (cəmi 23.568 nəfər), Türkiyədən 3.6.74 ailə (cəmi 21.639 nəfər) erməni köçürüldü  və onların sayı 20.073 nəfərdən 65.280-ə çataraq müsəlmanların sayını (57.364 ) keçdi.

Türkmənçay müqaviləsinin mürəkkəbi qurumamış ermənilərin keçmiş İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarınn ərazilərinə  köçürülməsi Rusiya imperatoru  Pyotrun yüz il əvvəlki vəsiyyətlərinə tamamilə uyğun idi. Pyotr 1722-ci ildə Bakını, Dərbəndi, Gilanı, Rəşti tutan Rusiya qoşunlarının komandanı general-leytenant Matyuşkinə yazırdı ki, tutduğumuz ərazilərdə möhkəmlənməyimiz üçün özləri də hiss etmədən müsəlmanların sayını azaldıb xristianları çoxaldın, xristianların içərisində isə ermənilərə üstünlük verin. Rus generalları belə də etmiş, erməniləri adı çəkilən ərazilərə köçürmüşdülər. İlk ermənilər də Bakıda o vaxt yerləşdirilmişdi. I Nikolay da, Paskeviç də  Türkmənçay müqaviləsindən sonra öz sələflərinin strateji planlarını həyata keçirirdilər.

Yuxarıdakı  məlumatlar kameral təsvirlərin ilk dəfə tərtib edildiyi 1831-ci ilə aiddir. Köçürülmə prosesi sonrakı illərdə də intensiv şəkildə  davam etdirildi. Türkiyədən köçürülən ermənilərin axını 1853-1856-cı və 1877-1878-ci illərdəki rus-türk müharibələri zamanı, eləcə də 1894 və 1896-cı illərdə xüsusilə gücləndi. Rus alimi N.Şavrov 1913-cü ildə yazırdı ki, hazırda Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin 1 milyonunu bu ərazilərə biz gətirmişik. Bu, bütün erməni əhalisinin 77 %-i demək idi!

1828-ci ilin martında İrandan gətirilən ermənilərin hamısını İrəvan və Naxçıvan əyalətlərində yerləşdirmək mümkün olmadığına görə rus hökuməti 1.300 ailəni Qarabağda, indiki Ağdərə rayonunda yerləşdirmişdi.

1918-ci il may ayının sonlarında Cənubi Qafqazda türklər, gürcülər və ermənilər öz dövlət müstəqilliyini elan etdikdən çox keçməmiş onların arasında torpaq mübahisələri və bunun məntiqi davamı olaraq qanlı toqquşmalar başlandı. Bu hadisələr zamanı Ermənistan daha əlverişli vəziyyətdə idi. Azərbaycan hələ ordu  yaratmağa macal tapmadığı bir vaxtda vaxtilə Osmanlı ordusunda xidmət etmiş quldur Andranik çoxminlik nizami ordu ilə Ermənistan hökumətinin yardımına gələrək 1918-ci ilin yayında Naxçıvanda, Dərələyəzdə, Zəngəzurda, Qarabağın digər ərazilərində və başqa yerlərdə kütləvi qırğınlar törətdi, ölən öldü, sağ qalanlar da baş götürüb qaçmağa məcbur oldu. Minlərlə digər ailələr kimi, Azərbaycan Respublikasının prezidentləri H.Əliyev və Ə.Elçibəyin, Xalq şairi M.Arazın ailələri də 1918-ci ildə Andranikin Zəngəzurda törətdiyi qırğınlar zamanı  labüd ölümdən xilas olmaq üçün Zəngəzurdan Naxçıvana pənah gətirdilər.  Azərbaycan türklərinin bu qeyri-bərabər döyüşlərdə göstərdikləri ağlasığmaz qəhrəmanlıqlar nəticəsində gənc respublikamız davam gətirə bildi! 1918-ci ilin mart-iyul aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada və başqa yerlərdə də kütləvi qırğınlar törətmişdilər.

1918-ci il may ayının 28-də müstəqilliyini elan etmiş Ermənistan Respublikası ermənilərin 1500 ildən sonra yaratdıqları ilk dövləti  idi. Tarixi Azərbaycan  torpaqlarında qurulan bu dövlətin ərazisi cəmi 9 min kv. km idi. Bu dövlət işğalçılıq üsulu ilə  ərazisini 29,8 min kv. km-ə çatdıra bildi. Bu işdə rus bolşevik hökuməti də onlara kömək etdi. Bolşeviklər Ermənistanı da sovetləşdirməyə hazırlaşdıqlarına görə ermənilərin rəğbətini qazanmaq üçün Azərbaycan torpaqlarının böyük bir qismini, o cümlədən Zəngəzurun yarıdan çoxunu Ermənistana verdilər. Əhalisinin əksəriyyəti türk-müsəlman olan Dərələyəz və Göyçə mahallarının taleyi də bu cür oldu. 1829-ci ilə qədər cəmi 15 erməni ailəsinin yaşadığı Göyçə və cəmi 58 erməni ailəsinin yaşadığı Dərələyəz mahalları  90 ildən sonra Ermənistan Respublikasına hədiyyə edildi. Həmin vaxt Ermənistana birləşdirilən Göyçə mahalının türklər yaşayan şimal-şərq hissəsinin və Dərələyəz mahalı əhalisinin böyük əksəriyyəti yenə də türk-müsəlman idi.

Beləliklə, indiki Ermənistan Respublikası 1828-ci iə qədər mərkəzi Təbriz şəhəri olan Azərbaycan vilayətinin   bir hissəsi, Azərbaycan Respublikasının Azərbaycan türklərindən oğurlanan qərb hissəsidir, başqa sözlə, Qərbi Azərbaycandır!

Erməni alimi S.Badalyan yazır ki, Sovet Emənistanı (Qərbi Azərbaycan-N.Ə.) Cənubi Qafqazın aşağıdakı ərazilərindən təşkil edilmişdir:

1)İrəvan quberniyasının 71,2 %-i, o cümlədən qəzalar üzrə:

2)İrəvan qəzasının 90,4 %- i və İrəvan şəhəri;

3)Aleksandropol şəhəri və Aleksandropol qəzasının 100 %-i;

4)Novobəyazid şəhəri və Novobəyazid qəzasının 100 %-i;

5)Eçmiadzin qəzasının 100 %-i;

6)Şərur-Dərələyəz qəzasına daxil olan Dərələyəz nahiyəsinin 100 %-i;

7)Naxçıvan qəzasının 5,4 %-i (Meğri rayonuna verilmiş Karçevan kəndlər icması və Mikoyan (Paşalı) rayonuna verilmiş Digin-Almalı kəndlər icması);

8)Yelizavetpol quberniyası Zəngəzur qəzasının 59,%-i: o cümlədən I polis sahəsi bütövlükdə;II polis sahəsindən Əliqulu, Geranzur, Gorus, Dığ, Xoznavar və Xınzirək kəndlər icmaları; III polis sahəsindən Arsevanik, Oxtar, Ucanis və Xələc kənd icmaları; IV polis sahəsindən Aldərə, Astazur, Vartanizur, Güdgüm, Kavart, Girətağ, Lehvaz. Meğri, Nüvədi, Oxçu və Şıxavuz kənd icmaları;

9)Yelizavetpol quberniyası, Qazax qəzasının 44,5-i (Qazax qəzası 1867-ci ildə Qazax və Şəmşəddil nahiyələrinin ərazisində yaradılmışdır);

10)Tiflis quberniyası Borçalı qəzasının 33,5 %-i; o cümlədən Borçalı nahiyəsinin Körpülü, Şınıx və Çoçkan kənd icmaları;

11)3 kiçik kənd istisna olmaqla bütün Loru nahiyəsi;

12)Qars vilayəti, Qars dairəsinin 14,7 %-i; o cümlədən Ağbaba nahiyəsi bütövlükdə, Şörəyel nahiyəsindən Qaraməmməd, Molla Muğan kəndlər icmaları və Baş Şörəyel kənd icmasından Aralıq kəndi;

Qərbi Azərbaycanın Rusiya imperiyasına birləşdirildiyi vaxtdan da onun faciəli günləri başladı. İşğaldan əvvəl bu ərazidə yaşayan əhalinin 80 %-i türk və 20 %-i erməni olduğu halda, XIX əsrin sonunda,  yəni 70 ildən sonra intensiv erməniləşdirmə siyasətinin nəticəsində 1897-ci ildə Qərbi Azərbaycanda ermənilərin sayı artıq 64 %-ə çatdırılmışdı. 

Əgər bu vaxta qədər demoqrafik vəziyyət nisbətən dinc yolla idarə edilirdisə, XX əsrin əvvəllərindən başlayaraq bölgənin türk müsəlman əhalisi silahlı təcavüzə məruz qalmağa və sıxışdırılmağa başlandı. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz kimi, 1918-ci il hadisələri öz amansızlığı və fəlakətləri ilə xüsusilə fərqlənirdi. Ədalət naminə demək lazımdır ki, Cənubi Qafqazda sovet hakimiyyəti möhkəmləndikdən sonra etnik münaqişələrin qarşısı alındı və Qərbi Azərbaycandan qaçqın düşənlərin bir hissəsi geriyə, ata yurdlarına dönə bildilər. Lakin 1948-ci ildə onları yeni sınaq gözləyirdi: Sovet İttifaqının rəhbərlərindən biri, Siyasi Büro üzvü A.Mikoyanın məkrli siyasəti ilə Livandan, Suriyadan və başqa ölkələrdən gələn erməniləri yerləşdirmək üçün qərbi azərbaycanlıları adət etmədikləri iqlim şəraiti olan Kür-Araz ovalığına köçürtdülər, onların bir çoxu xəstəliklərdən tələf oldu. İ.Stalinin 1953-cü ildə ölümündən sonra onların bir hissəsi geri qayıtsa da, ermənilərin düşünülmüş şəkildə həyata keçirdiyi siyasət nəticəsində azərbaycanlıların Qərbi Azərbaycandan köçü qarşısıalınmaz prosesə dönmüşdü. Azərbaycanlıların yaşadığı kəndlərdə erməni dili tədris edilmədiyinə görə azərbaycanlıların yalnız bir qismi erməni dilini məişət səviyyəsində bilirdilər. Ona görə də Azərbaycanın müxtəlif ali məktəblərini bitirən azərbaycanlılar geri döndükdə iş tapa bilməyəcəklərinə görə Azərbaycanda qalmağa məcbur idilər. Yalnız kəndlərdəki Azərbaycan məktəblərində müəyyən miqdarda müəllimlər və kənd təsərrüfatı mütəxəssislərinin bir qismi işlə təmin oluna bilirdilər. 1980-ci illərdə apardığımız hesablamaya görə, Əzizbəyov rayonunun Gabud kəndindən məcburi köçənlərin sayı təxminən kənddə yaşayanların sayına yaxın idi. Onlar da 1988-ci ildə Dağlıq Qarabağ ətrafında erməni separatçılarının başladığı iğtişaşlar, deportasiya nəticəsində öz vətənlərini tərk etmək məcburiyyətində qaldılar və Qərbi Azərbaycan türksüz qaldı. Həmin hadisələr zamanı xeyli insan itkisi də oldu.

Qərbi azərbaycanlılar inteqrasiya olduqları Azərbaycanın ictimai-siyasi, iqtisadi, elmi, mədəni, təsərrüfüt strukturlarında olduğu kimi, Azərbaycan torpaqlarının erməni faşistlərindən müdafiə və azad edilməsində də bütün azərbaycanlılar kimi fəal iştirak etdilər, onların arasında Azərbaycanın Milli Qəhrəmanı adını alan, vətənin azadlığı uğrunda canından keçən, yaralanan, vətənin yüksək döyüş mükafatlarını alan  xeyli qərbi azərbaycanlı var.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə 1 günlük antiterror əməliyyatı nəticəsində 35 illik Qarabağ müharibəsi Azərbaycan türklərinin tarixi qələbəsi ilə başa çatdı. Bütün dünya azərbaycanlılarının həll etməli olduqları  Qərbi Azərbaycan problemi isə hələ də qalır.

Rus havadarlarının köməyi ilə ermənilərin oğurladığı Ata yurdu – Qərbi Azərbaycan məsələsi öz həllini gözləyir!

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.