BİTMƏYƏN ÖMRÜN AKKORDLARI – Varis (Tam mətn) Featured

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin görkəmli dövlət xadimi Musa Əliyev barədə sənədli povestini təqdim edir. Bir müddət öncə povestin bir hissəsi portalımızda dərc edilmişdi. İndisə tam mətni diqqətinizə çatdırırıq.

 

 

 

“Ən çətin şey hərəkət etmək qərarına gəlməkdir. Qalanları əzm məsələsidir”.

 

                                                                                                   Ameliya Erhart

 

 

 

Sizə onun barəsində danışmaq istəyirəm. Onun – Musa Əliyevin.

 

İlk baxışda bu ad çoxunuza heç nə demədi. Bəzən tarixi ardınca daşıyan insanlar olur ki, gördükləri çox böyük, nəhəng işlərin müqabilində heç vaxt öndə görünməyə can atmır, özləri barədə əfsanələr qoşulmasını istəmirlər. Sakitcə öz işlərini görür, dövlət və xalq mənafeyi üçün hər şeylərindən keçməyə hazır olurlar. Görkəmli Azərbaycan alimi, ictimai və siyasi xadim, akademik Musa Əliyev də belə bir şəxs olub.

 

İlk olaraq ondan başlayım ki, əfsanəvi Neft Daşlarının istismarı layihəsinə məhz o həyat verib və tək elə bu fakt da onun tarixdə qalmasını təmin edir. Neçə-neçə faydalı qazıntı yatağını üzə çıxaran, paleontologiya və stratiqrafiyanın naməlum təbəqələrini kəşf edən, Yura dövrünün elmə məlum olmayan molyuska növünü  aşkarlayaraq onu Vətənimizin şərəfinə seramus-azerbaycanius adlandıran, Azərbaycan Sənaye İnstitutunda rektorluğu zamanı “O illərdə aldığım təhsil, tərbiyə, intizam, biliklər həyatımda çox böyük rol oynadı” deyən Heydər Əliyev kimi bir dahi məzunla öyünə bilən,Azərbaycan Elmlər Akademiyasına prezidentlik edərkən akademiyanın qızıl dövrünün müəllifinə çevrilən, 350-yə yaxın elmi əsərin müəllifi olan, 60-dan artıq elmlər doktoru və fəlsəfə doktoru yetişdirən, Dövlət Plan Komitəsinin sədri ikən Bakının simasına olduqca mükəmməl arxitekturası ilə seçilən binalarla, o cümlədən Bakı Metrosu ilə gözəllik qatan, Qırmızı terrordan Səməd Vurğun, Mirzə İbrahimov kimi dahilərimizi qoruyan, Mir Cəfər Bağırov tərəfindən həbslə, sürgünlə hədələnsə belə, daim satqınlıqlarla, xəyanətlərlə üzləşsə belə, bir an da olsa ümumxalq mənafeyindən geri çəkilməyən, məcburən qürbətə gedib bu dəfə ruslara geologiyanın sirlərini açan, daha sonra Əlcəzair prezidentinin neft məsələləri üzrə müşaviri işləyərək neftlə zəngin Saharanı kəşf edən, ömrünün sonlarında vətən həsrəti ilə qovrulan, görmə qabiliyyətini büsbütün itirən, amma vətən sevgisi bir an belə azalmayan, sözün həqiqi mənasında adı böyük hərflərlə yazılan bir azərbaycanlı olub Musa Əliyev.

 

Bizim bu çür şəxsiyyətləri unutmağa haqqımız yoxdur.

 

 

 

1.

 

ANA HƏSRƏTİ

 

O, bir bahar günündə - 1908-ci il aprelin 11-də Şamaxı şəhərində anadan olub. Atası Mirzə Mahmud zəngin iş adamı, əmisi Məmmədtağı Əliyev tanınmış maarifçi imişlər. Əmisi hətta bir müddət Sankt-Peterburqda yaşamış, I Dövlət Dumasının deputatı olmuşdu. Əlbəttə ki, insanın formalaşmasında nəsil şəcərəsi əhəmiyyətli rol oynayır.

 

Musa bir yaşından gəzməyə başlayanda artıq duyulurdu ki, bu uşaq fərqli uşaq olacaq. Sakit, həlim, yaraşıqlı, gur qara saçlı, saatlarla öz-özüylə oynayan bir oğlan imiş. Uşaqlıqdan yaşayış yerləri taleyin hökmü ilə Şamaxıdan Bakıya, ordan Aşqabada, sonra yenə də Bakıya dəyişilmişdi.

 

Uşaqlıq xatirələrində həmişə başda anası Nabat – çox erkən itirdiyi, dünyada ən çox sevdiyi şəxs dayanırdı. Anası çox gözəl, zərif, incə bir xanım idi. Onun Avropa və Şərq tərzində bahalı geyimləri, çox sayda qızıl-zinyət əşyaları vardı, atası anasını çox sevir, daim dəbdəbə içində saxlayırdı. Balaca Musa anasının dalınca gəzər, başını onun dizləri üstünə qoymaqdan, ona sığınmaqdan rahatlanardı. Gecələr anası ona nağıl kitablarından nağıllar oxuyardı, onun sonrakı ziyalılıq ümmanının ilk damlaları bax bu cür yaranırdı.

 

Nabat xanım Musanın tək tərbiyəçisi, himayəçisi deyildi, həm də uşaq qəlbinin sirdaşı idi, ona təbiətin gözəlliklərindən – çiçəklərin ətrindən, günəşin qürubundan, quşların cəh-cəhindən vəcdə gəlməyi, mənəvi ünsiyyətdən zövq almağı öyrədirdi.

 

1913-cü ildə - Musanın 5 yaşı olanda anası qəfil xəstələndi, həkimlər ona ağciyər vərəmi diaqnozu qoydular. Anasının sağalması üçün atası hər şeyə əl atırdı, daha geniş, bol havalı, bol işıqlı yeni mənzil, çox sayda qulluqçular, Rusiya İmperiyasının ən dəbdəbəli Samara xəstəxanasında müalicə - əfsus ki, bunların heç biri anasına kömək olmadı. Müalicə aldığı Samaradan Aşqabada dönəndən sonra o lap zəiflədi, çəkisini itirdi.

 

O dönəmdə Musa həyətdə uşaqlarla oynamağa belə getməz, anasının yanında bitərdi. Vərəm yoluxucu xəstəlik olduğundan, bu hal çox təhlükəli idi. Nəticədə atası məcbur qalıb Musanı gimnaziyaya hazırlıq bəhanəsi ilə pansiona yerləşdirdi, altı yaşlı uşaq bir anda evdən, ailədən, ən əsası, ayrı qala bilmədiyi anasından uzaq düşdü.

 

Kədərdən, həsrətdən əzab çəkir, gecələr ağlayırdı. Anası da bu möhnətə dözə bilmədi, tezliklə Musanı evə qaytartdı. Balaca Musa gəlib anasının yanında oturarmış, ona kitabdan şeirlər oxuyarmış ki başını qatsın, ağrılarını unutdursun:

 

Öndə Bayan adası, Çar Saltanın qalası,

 

Əynində qızıl bafta, Saltan əyləşib taxtda

 

Başda tac, üzdə kədər, onu nə qəmli edər?

 

Atası anasını hətta uzaq yol qət edib müalicəvi suya malik olan bulağa, Məşhəd ziyarətinə belə apardı, amma yenə xilas edə bilmədi. Bir gün Musa dərsdən gələrkən həyətlərində izdiham gördü, hövlnak evə cumdu, anasını yataqda gözüyumulu, gülümsər sifət ifadəsi ilə gördü. Onun üzünə toxundu, gördü ki, bumbuzdur. Və kimsə deyəndə ki, anan ölüb, hüşunu itirdi. Onda 1917-ci il idi...

 

Çox-çox sonralar – 70 yaşında oturub xatirələrini yazanda Musa Əliyevin anası barədə olan hissəni göz yaşları içində yazması dərhal duyulacaqdı. Bu qədər illər keçməsinə baxmayaraq anası onun gözü önündən əsla çəkilməmişdi. Və bu xatirələrin ən təsirli hissəsi 8-9 yaşlarının hafizəsindən qopub gələn anasının geyindiyi libasın, taxdığı zinyət əşyalarının rəsmini 70 yaşında ikən çəkməsi idi...

 

 

 

2.

 

ŞAMAXI QIRĞINI

 

1918-ci ildə Musa həyatdan ikinci zərbəni aldı. Bu dəfə qardaşı İsa vəfat etdi. Atası bu dərdə tab gətirməkdə çətinlik çəkərdi, gizlində zülüm-zülüm ağlayardı, Musa da heç cür doğmalarını itirməsi ilə barışa bilmirdi. Amma 1918-ci il tək qardaşını öldürməklə kifayətlənmədi, onlara növbəti zərbəni vurdu. Ermənilər Şamaxıya basqın edib misli görünməmiş qırğın törətdilər. Məhz bu hadisə Musanın uşaq yaddaşına bu qonşu millətin əsl simasını hopdurdu. Sonradan özü də dəfələrlə erməni tələsinə düşəcəkdi, amma tədbirli çıxıb qurtula biləcəkdi.

 

Əmisi Məmmədtağı Əliyev həmin dönəmdə Sankt-Peterburqdan ata yurdu Şamaxıya köçmüşdü, ailəsi ilə birgə orada yaşayırdı. Təpədən dırnağadək silahlanmış erməni qəsbkarları hücum edəndə çaxnaşma düşür, əliyalın insanlar evlərini, mal-dövlətlərini atıb qaçmağa başlayırlar, Məmmədtağı Əliyev isə qaçmır. Onun olduqca zəngin kitabxanası varmış – orada ən dəyərli kitablar, unukal tarixi sənədlər, hətta Nizami Gəncəvinin əlyazması toplanmışdı. Belə bir sərvəti qoyub necə qaça bilərdi axı? Evinin qarşısında durub düşmənə müqavimət göstərir. Və vəhşicəsinə öldürülür...

 

Qardaşının öldürülməsi xəbərini alanda Musanın atası həyatını riskə atıb Aşğabaddan gəlir, salamat qalmış əzizlərini, o cümlədən də qardaşının qızı Sonanı ölümün ağuşundan qopararaq xilas edə bilir və özüylə Aşqabada aparır.

 

Mən bu epizodu boşuna xatırlatmadım. Çünki sonradan Sona Musanın həyatında ən əsas yeri tutacaqdı...

 

1918-ci il faciələri bununla da bitmədi. Aşqabadda dəmiryolçular tətil etdilər, özbaşnalıqlar başladı, soyğunçuluq, qətl hadisələri kütləvi hal aldı. Musagilin evləri bir neçə dəfə gülləbaran da edildi. Zəngin adamlar hədəfə alınmışdılar, xüsusən də əcnəbi olanlara burada qalmaq mümkünsüz idi. Atası qərar verdi və gecəylə Aşqabaddan qaçdılar, min bir zülmlə Bakıya yetişdilər.

 

Artıq Mirzə Mahmud zəngin adam deyildi, demək olar ki, bütün varidatından məhrum olmuşdu, üstəlik, bu qədər başsız qalmış qohum-əqrəbanı dolandırmaq yükü də onun üzərində idi. Bakı dönəmi bax bu cür məhrumiyyətlərlə dolu bir dönəm oldu...

 

O illərdə Musanın uşaq yaddaşına bir də Azərbaycan Cumhuriyyətinin rəsmən tanınması münasibətilə İçərişəhərdə düzənlənən parad qalacaqdı. Bu, adi parad deyildi, illərlə çarizm boyunduruğu altında inləyən bir xalqın şirin azadlığı dadması idi, bundan başgicəlləndirici sərməstlik duyması idi.

 

Tarix tək onu görüb yaşamaq deyil ki. Tarix həm də ondan öyrənmək, ibrət dərsi almaq üçün ən böyük müəllimdir.

 

1920-ci il bolşevik istilasından sonra Musagil yenidən Aşqabada qayıdası oldular, anasının, qardaşının qəbri olan bir məkana dönmək onların tale yazısı imiş. Amma ürək ağrısı ilə evlərinin zəbt olunduğuna, mal-mülklərinin talan edildiyinə şahidlik etdilər.

 

Ağır keçən günlər davam edirdi. O dönəmdə Musaya anasının aşıladığı kitab sevgisini ədəbiyyat müəlliməsi Olqa İlyiniçna davam etdirir, ona oxuması üçün müxtəlif kitablar verirdi. İlk verdiyi Mayn Ridin cildləri olmuşdu. Sonradan Musa əlinə pul keçən kimi Aşqabad bazarındakı bukinistdən kitablar almağa başladı. Cek Londonu, Uilyam Lokkanı, Viktor Marqeriti uşaq yaşlarında maraqla oxudu. Beləcə, onun şəxsi kitabxanası formalaşırdı, Bakıya təhsil almağa yollananda bu kitabxananı da özüylə aparacaqdı.

 

Kitablar onun üçün asudə vaxtını keçirmək üçün vasitə deyildi, o, kitablardan yaxşı, gərəkli insan olmağı, paxıllıqdan, eqoizmdən uzaq qaçmağı, xeyirxahlığı, humanizmi, vətən sevgisini öyrənirdi. Həm də liderlik keyfiyyətlərini.

 

Çox-çox sonralar ən yaxın dostuna çevriləcək Xalq şairi Səməd Vurğunun “Vaqif” pyesini əzbər söyləməsi ilə hamını təəccübləndirəcəkdi. Çünki bu tarixi pyesdə hər bir misra onun yaşadığı dövrlə səsləşirdi:

 

-Şair, hökmdarın hüzurundasan

 

-Bunu sizsiz belə düşünürüəm mən.

 

-Bəs baş əymədiniz.

 

-Əymədim, bəli.

 

 Əyilməz vicdanın böyük heykəli.

 

Bəli, o, hökmdarlara baş əymədən 77 illik vicdanlı və şərəfli bir ömür yaşayacaqdı...

 

 

 

3.

 

BİR ADDIM ÖNDƏ

 

Yeddinci sinifdə oxuyanda Musanın təşəbbüsü ilə SİVREN adlı qrup yaradıldı. Bu abreviatura rus dilindən tərcümədə güc, zaman, enerji sözlərinin birləşməsindən yaranmışdı. Daha sonra Musa hamını növbəti dəfə təəccübləndirdi, ikisilindrli mühərrikli təyyarə konstruksiyası yaratdı. Ona birinci dərəcəli diplom və otuz manat da pul mükafatı verildi.

 

Məktəbi bitirəndə ona fizika-riyaziyyat, bir də təbiət-biologiya sahəsindəki biliklərinə görə fərqləndirici sənəd – çıxarış verilməli idi, amma məktəbin rəhbəri olan Rublyov bir şagirdə birdən-birə iki sahə üzrə fərqlənmə verməyin əleyhinə getdi, dedi, bu ki əksinqilabçı ünsürün, keçmiş tacirin oğludur.

 

Üstəlik, Musanın Moskvaya gedib ali təhsil alması üçün lazım olan arayışı da vermədi. Nəticədə, Moskvada Musanın sənədləri qəbul edilmədi və o, Bakıya yollanası oldu. Sənədlərini Azərbaycan Politexnik İnstitutunun Energetika fakültəsinə verdi. Əminliklə qəbul oldu.

 

 O zamanlar Bakıda tələbə az idi, tələbə furajkası qoyanlara hər kəs, xüsusən qızlar həsədlə baxırdı. Musa bu xoşbəxtliyi daddı, üstəlik, aldığı 25 manat təqaüd ona xərclik üçün gen-bol bəs etməkdəydi. Məmmədtağı əmisinin Bakıdakı evində yaşayırdı. Ağır və məşəqqətli həyatın zülməti arxada qalmışdı, ömrünə günəş doğmuşdu...

 

Təhsil alır, acgözlüklə kitablar oxuyurdu. Teatra xüsusi marağı vardı, bir tamaşa belə buraxmırdı.

 

 

 

4.

 

SONALI GÜNLƏR

 

Ömür ağ və qara zolaqların fasiləsiz olaraq bir-birini əvəzləməsi deyilmi? Qəflətən Musa qarın yatalağı xəstəliyinə tutuldu. Xəstəlik sonradan quru plevrit kimi daha dərin fəsad verdi. 15 kilo çəkisi itdi, gün-gündən gerilədi. Hətta ölüm ayağında olduğu deyilirdi. Atası xəbəri eşidib Aşqabaddan gəldi, bulud kimi tutqun halda övladının xilası üçün əlindən gələni əsirgəmədi.

 

Musa ev şəraitində müalicə alırdı. Həmin vaxt Tibb institutunda təhsil alan əmisi qızı  Sona onun müalicəsi ilə özü məşğul olurdu. Həkimin verdiyi dərmanların vaxtı-vaxtında içilməsi, necə qidalanma, necə yatıb-durma – hamısına nəzarət edirdi. Bəlkə də, Musanı həyata məhz Sonanın bu fədakarlığı qaytardı. Məhz o dönəmdə onların arasında qırılmaz ülvi bağlılıq yarandı. Sevginin ilk baxışdan cücərdiyini deyənlər sadəcə utopistlərdir. İlk baxışdan yalnız bəyənmə mümkündür. Sevgisə daha mürəkkəb bir prosesdir. Onun yaranışı tək baxışlardan şərtlənmir, beyin, ürək, ən əsası da ruh birləşdikdə sevgi yaranır.

 

...Sonaya çox imkanlı bir yerdən elçi gəlsə belə o, gələnləri əliboş qaytardı. Sonradan Musa məhz Sona ilə ömür-gün yoldaşı olacaqdı. Bu, 1930-cu ilin 30 sentyabrında baş verəcəkdi...

 

 

 

5.

 

 UÇURUMLA ÜZBƏÜZ
1928-ci ildə Palentologiya və tarixi geologiya kafedrasının müdiri elm sahəsinin əfsanəsi sayılan Vladimir Boqaçov idi. Əlaçı olan Musanın istedadını kim də görməsəydi məhz o görməliydi. O, Musanı öz köməkçisi təyin etdi, ardınca isə öz kafedrasına laborant. Təqaüddən əlavə 60 manat maaş da almaq Musanın işinə lap yaradı. Ən əsası isə tələbənin bu cür yüksələ bilməsi üstünlüyünün avantajı idi ki, bu da Musaya qol-qanad verirdi.

 

O, geoloji ekspedisiyalara gedir, hətta ən təhlükəli olanları seçir, biliyi, intuisiyası sayəsində zəngin qızıl, kobalt, molibden yataqları kəşf  edirdi. Bir dəfə hətta  qayadan yıxıldı, uçuruma yuvarlanarkən bir təsadüf onu həyatda saxladı, sıldırımda bitmiş tikan koluna ilişib qaldı, onu xilas etdilər.

 

Sonradan hər dəfə həyatına təhlükə duyulanda, hər dəfə faciə onu ağuşuna alanda bir sehirli əl onu çəkib çıxarır, bir sehirli qüvvə onu hifz edirdi. (Rəvayətə görə, Gözəgörünməz öz seçilmiş bəndələrinə həmişə göz qoyur, onları güdaza vermir).

 

Musa Əliyev 1931-ci ildə Azərbaycan Politexnik İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdi, sonra aspirantura oxuyacaqdı,  27 yaşında namizədlik dissertasiyası müdafiə edəcəkdi. İnanılmaz bir yüksəlişlə karyera qurmaqdaydı.

 

O dönəmdə Sona ilə İçərişəhərdə yaşayırdılar, Musa Aşqabadda yaşayan atasının da Bakıya köçüb onlarla yaşamasını təmin etmişdi. Atasına iş də tapmışdı. Amma bir gün evlərinə milis soxuldu, xeyli axtarış etdilər, atasını da Aşqabada deportasiya elədilər. Guya o, Aşqabadda ikən gizlincə İranla alver edirmiş. Atasını sadəcə qurama işlə şərləmişdilər. İş yerindən qopa bilməyən Musa özü gedə bilməsə də Sona Aşqabada getdi, neçə-neçə qapı döyüb əmisinin günahsız olduğunu sübut edə bildi, ona bəraət aldı.

 

1933-34-cü illər çox ağır dönəmlər idi, kollektivləşmə dövrüydü, ərzağın qiyməti sürətlə qalxır, pul dəyərdən düşürdü. Musanı Leninqrada ezam etmişdilər, ailənin güzəranı lap pisləşmişdi, körpə övladları Ömər Xəyyamı böyütmək, ailəni dolandırmaq Sonanın boynunda idi. Musanın atasına iş də tapa bilmirdilər, sovet rejimi keçmişinə görə bu dürüst insanı təqib etməkdən əsla usanmırdı.

 

Musa Bakıya qayıdanda vağzalda üstünə gələn arıqlamış, qocalmış xanımı əsla tanımadı. Bu, həyat yoldaşı Sona imiş, maddi sıxıntı onu bu hala salıbmış...

 

O dönəmdə insanların aqibəti bax bu idi: maddi sıxıntı, azadlıqların tam məhdudlaşması, yersiz təqiblər...

 

 

 

6.

 

 SÜRƏTLİ YÜKSƏLİŞ

 

Çox savadlı, çox istedadlı, təşəbbüskar, əzmkar olması, geoloji ekspedisiyalarda özünü ən yaxşı şəkildə göstərə bilməsi tezliklə öz sözünü dedi, 1935-ci ildə Musa Əliyev Mərkəzi Komitənin təqdimatı ilə Zaqafqaziya Geologiya Trestinin nəzdindəki Azgeolbüroya rəis təyin olundu. İdarədə əsl inqilab etdi, ora ən layiqli kadrları topladı, geoloji ekspedisiyaların sayını otuz dəfəyə qədər artırdı.

 

İdarə üçün avadanlıq almaq bir ayrı çətinlik törədirdi. O, artıq millətçi damğasına da tuş gəlmişdi, Gürcüstana gedən avadanlıqların daha vacib olan Azərbaycana gətirilməsi üçün dəridən-qabıqdan çıxmış, buna nail də olmuşdu. Nüfuzu qalxdıqca  köhnələr daim ondan şikayət yazır, onun işdən getməsini arzulayırdılar. Elə bu avadanlıq məsələsi də onun üzərinə Moskvadan yoxlama gətirilməsinə səbəb oldu. Amma yoxlamanın başında duran Rıbin soyadlı şəxsin ədalətlilik prinsipi güclü imiş. O, Musa Əliyevin elm üçün nələr etdiyini görüb də “Sənin kimi oğullarla Azərbaycan batmaz” deyərək Moskvaya onun xeyrinə rəy vermiş oldu.

 

1936-cı ildə Musaya daha bir vəzifə verildi. Azərbaycan Sənaye İnstitutunda fakültə dekanı. 28 yaşında bu institutda dekan olmaq o dövrdə heç kəsə müyəssər olmamışdı. Sonradan institutun rektoru vəzifəsinə də çəkiləcəkdi. Və məhz həmin dönəmdə Azərbaycanın ümummilli lideri Heydər Əliyev orada təhsil alacaqdı. Heydər Əliyev həmin dönəmi sonradan bu cür xatırlamışdı:

 

“Nizam-intizam çox ciddi idi. Tələbələr çalışırdılar ki, dərsə gecikməsinlər. Qapıda həmişə tıxac əmələ gələrdi. O illərdə aldığım təhsil, tərbiyə, intizam, biliklər həyatımda çox böyük rol oynadı. Ona görə də həmin illəri həmişə dərin məmnuniyyət hissi ilə xatırlayıram.

 

O dövrdə burada rektor Musa Əliyev idi. O, sonradan görkəmli alim, akademiyanın prezidenti oldu.”

 

Musa Əliyevin bu cür yüksəlişi anonim məktubların, şikayətlərin, qurma işlərin yeni dalğasının başlamasına rəvac verdi, üstünə komissiya dalınca komissiya gəldi. Onun institutdan kənarlaşdırılması məsələsi gündəmə gələndə haqqında daim tərif eşidən respublika rəhbəri Mir Cəfər Bağırov “Əliyev kimi mühazirəçiləri biz institutdan kənarlaşdıra bilmərik” deyərək işinə davam etməsini məqsədəuyğun saydı.

 

 

 

7.

 

REPRESSİYA DALĞASI

 

Kim eşitməyib 1937-ci il barədə?  Repressiyalar onsuz da dözülməz şəraiti son həddə çatdırdı. Bu qanlı aktın Azərbaycan üzrə əsas cəlladlarından biri – Qriqoryan soyadlı erməninin əli ilə minlərlə insan həyatını itirdi. Azərbaycanın ən işıqlı şəxsləri güllələnirdi, sürgün edilirdi. Musa Əliyevin çevrəsindəki adamlar da həmçinin. Ardıcıl olaraq Sənaye institutunun direktoru Axundzadə, Azneftin bütün müdiriyyəti həbs olunmuşdu. Qriqoryan növbəti bir edam hökmündən sonra anasına belə bir məktub yazmışdı ki, sənin qardaşının, mənim dayımın ölümünün yüz dəfə artıq intiqamını aldım.

 

Musa Əliyevi az qala hər həftə sorğu-suala çağırırdılar, hər gedəndə bir daha qayıtmayacağı təhlükəsini duyub Sonayla, oğluyla vidalaşırdı. Onu silmək istəyirdilər, amma əlləri gəlmirdi. Ölkəyə bu qədər fayda verə biləcək kadrı hardan tapmaq olardı axı?

 

Qeyd etdiyim kimi, 1938-ci ildə Musa Əliyev institut direktorluğu (rektorluğu) vəzifəsinə təyin edildi. Qısa bir müddətdə islahatlar apardı, əyrilikləri düzəltdi. 1940-cı ildə artıq Sənaye institutu neft sahəsi üzrə SSRİ ali təhsil ocaqları arasında birinci yeri tutdu, nüfuzlu və məşhur Moskva Neft institutunu qabaqlayaraq keçici qırmızı bayrağa layiq görüldü. Şərqin ən nüfuzlu təhsil ocaqlarından birinə çevrilən bu institutun adı bütün dünyaya yayıldı...

 

Qapının kəndarındasa bir ayrılıq vardı, bir qürbət yolu dayanmışdı. Bəzən eyni bir yol həm sevindirir, həm də kədərləndirir...

 

1941-ci il – Böyük Vətən müharibəsi ərəfəsi Musa Əliyevin Moskvaya çağırılması ilə yadda qaldı. Ona Moskva Neft İnstitutunun “Paleontologiya və tarixi geologiya” kafedrasının dosenti və  SSRİ Xalq Sənayesi Komissarlığının Tədris müəssisələri baş idarəsinin müdiri vəzifələrində işləmək təklif olundu. Bakı ilə vidalaşmaq əlbəttə ağır idi, həm də artıq 3 uşaq atası idi. Vətən, sevimli Sonası, uşaqları, atası, institut, təhqiqat işləri – bunların hamısını necə qoyub getmək olardı? Amma daimi təqiblər, 37-ci ilin xofu, ətrafdakıların donosbazlığı, bir-birini güdaza verməsi onu çox yormuşdu, “bəlkə Moskvada fərqli mühit olacaqdı” deyə düşünürdü.

 

Siz belə bir şey eşitmisinizmi, bir kadr uğrunda idarə və təşkilatlar o yana, respublikalar mübarizə aparsınlar? Musa Əliyev Moskvaya lazım idi, amma Bakı da onu buraxmayacaqdı, ona görə də Kreml onun Moskvaya gedişini Mir Cəfər Bağırovla yox, ikinci katib Çeplakovla razılaşdırdı...

 

 

 

8.

 

MÜHARİBƏ

 

Moskva həyatına hələ alışmamış müharibə başladı. İkinci dünya müharibəsinin taleyini Qafqaz nefti həll edirdi, Musa Əliyev də ölkə başçısı İosif Stalinin mandatı ilə gənc neftçilərin yetişdirilib artıq Mozdoka qədər gəlmiş faşistlərin üzərinə şığıyan texnikanı cana gətirmələri ilə şücaət göstərirdi. Onun tabeçiliyində 25 neft məktəbi var idi.

 

1941-ci ilin oktyabrında – İkinci dünya müharibəsinin ən həlledici məqamında, onda ki faşistlər Moskvanın həndəvərinə çatmışdılar, Hitler Kremldə toy-bayram etmək tədarükü görürdü, moskvalılar evakuasiya olunurdu, sovet qoşunlarının şəhəri tərk edəcəyi barədə şayiələr yayılmışdı, onda ki şəhər fasiləsiz olaraq mərmi yağışına tutulurdu, bir çox yüksək postlu məmurlar belə şəhərdən çıxdılar, amma Musa Əliyev çıxmadı, haradasa 1918-ci ildə ermənilərin qarşısında duruş gətirmək istəyən rəhmətlik əmisi Məmmədtağı kimi hərəkət etdi. Yaşadığı bina bombalandı, dağıdıldı, yenə də şəhəri tərk etmədi. Hətta noyabr ayında  Moskva Neft İnstitutunu Ufaya köçürəndən sonra Moskvaya qayıtmaq demək olar ki, mümkünsüz olanda – almanlar artıq Mojaysk şossesində, Moskvanın 10 kilometrliyində olan Ximkidə yerləşmişdilər – yenə də yol tapıb Moskvaya qayıtdı. Onda rus, azərbaycanlı söhbəti deyil, ümumi vətən söhbəti gedirdi axı, Moskva onun xalqının da daxil olduğu bir böyük ailənin paytaxt şəhəri idi.

 

O dönəmdə Bağırov dəfələrlə Kremllə əlqə yaradır, israrla Musa Əliyevi Bakıya qaytarmaq istəyirdi. Stalindən mandat almış və Moskvada xidmət göstərən bu cür uğurlu bir azərbaycanlının mövcudiyyatı Bağırov kimi xudbin bir lider üçün təhlükə mənbəyi sayılmaqdaydı.

 

 

 

9.

 

BAĞIROVUN TƏQİBİ

 

Əslində Sovetlər İttifaqının bütün tarixində həbslər, sürgünlər və edamlar, aclıq, kartoçka ilə ərzaq almaq üçün kilometrlərlə növbələrin fonunda “Yaşasin dahi rəhbər”, “kommunizmə doğru irəli” kimi qırmızı şüarçılıq təzad təşkil edirdi.

 

Belə bir hadisə baş veribmiş. O dönəmdə ailəsinin Bakıda çox ciddi sıxıntı çəkdiyini bilən Musa Əliyev Azərbaycan xalq ticarət komissarlığına müraciət edibmiş ki, atasından, üç övladından ibarət ailəsi əlavə təminat alsın. Komissarlıq Bağırova məlumat veribmiş, o da deyibmiş ki, əlbəttə imtina edin, qoy o kəs ailəsini də yanına aparsın.

 

Gözünü açandan ailə dəyərlərinin nə olduğunu gözəl bilən Musa Əliyev məhz o zaman Bağırov kimi bir adamın hökmranlığı altında qalan ailəsinin taleyindən tam narahat olur, Bakıya qayıtmaq qərarı verir. Bu böyük imtiyazından  və vəzifələrdən imtina edib Bakıya qayıdır və xeyli aşağı vəzifədə - Sənaye institutunda dosent vəzifəsində fəaliyyətini davam etdirir. Dərhal da ona xəbər çatdırılır ki, bəs Bağırov səni görmək istəyir. Gedir və Bağırov özündənrazı halda söyləyir: “-Elə bilirdin, mənim yanımdan getmək belə asandır? Gördün, yenə mənim tabeliyimə düşdün? “ Və onu öz sahəsi olmayan Energetika şöbəsinə müdir müavini təyin edir. Bu, Bağırovun ona tor qurması deyildi, onun bacarığı və işgüzarlığı sayəsində bərbad vəziyyətdə olan respublika energetikasını dirçəltmək istəyi idi. Çox qısa müddətdə Musa Əliyev bu sahədə inanılmaz nəticələrə imza atır, tezliklə Azərbaycan KP MK-nın Baş energetiki təyin edilir. İşlər nizama salınan kimisə yenidən vəzifəsi dəyişdirilir, bu dəfə onu öz sahəsinə qaytarırlar, Geologiya İdarəsinin müdiri qoyurlar. Daha bir il keçməmiş bu dəfə MK-nın Təhsil şöbəsinin müdiri təyin olunur. O, hər bir sahəyə gərəkli idi, o, tək idi, sahələrsə çox idi. Bura qoyurdular, işləri sahmana salırdı, dərhal yerini dəyişirdilər.

 

35 yaşı var idi, artıq saçları ağarmağa başlamışdı...

 

Bu amansız iş rejimindən yalnız 1947-ci ildə bərk xəstələnməsi səbəbindən qopa bildi. Kislovodska müalicəyə getdi. Amma heç iki həftə keçməmiş təcili Bakıya çağırıldı. Onu MK-nın sənaye üzrə 3-cü katibi təyin etmiş, respublika Ali Sovetinə deputat seçmişdilər. Bir neçə aydan sonra da Nazirlər Soveti Sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri təyin edildi. Bu, başgicəlləndirici bir yüksəliş idi. Amma daha yüksəkliklərdən yıxıldıqda sağ qalmamaq ehtimalı da böyük idi.

 

 

 

10.

 

NEFT DAŞLARI EPOPEYASI

 

Musa Əliyev ətrafındakılardan fərqli olaraq ali vəzifə kürsüsünə başqa gözlə baxır, rüşvətxorluqla, korrupsiya ilə mübarizə aparır, bütün neqativlərin üstünə şığıyırdı. Xalqı üçün, respublikası üçün bacardıqca Moskvadan daha böyük imtiyazlar qoparmağa çalışırdı.

 

Plan Komitəsinə rəhbərlik etdiyi dönəmdə onun təşəbbüsü ilə paytaxtın simasına gözəllik, insanlarına hədsiz fayda gətirən Respublika Kitabxanasının, Dram Teatrının, Akademiya şəhərciyinin, metronun, Astrofizika rəsədxanasının inşasına başlanıldı. Moskvadan bu qədər böyük tikintilərə vəsait qoparmaq inanılmaz dərəcədə çətin idi. Elə həmin dönəmlərdə Musa Əliyev Azərbaycan üçün ən taleyüklü bir məsələnin ağır yükü altına çiynini qoydu. O, Dəniz Neft İdarəsi təşkil etmək, Neft Daşlarının Istismarını həyata keçirmək kimi bir möhtəşəm layihə hazırladı. Moskvadakı Neft Nazirliyinə gedərək məqsədini açıqladı, kifayət qədər dürüst tərzdə tezisləri izah etdi. Və layihəsi təsdiqləndi, Neft Daşları epopeyası beləcə başladı.

 

Bakıya dönən kimi dənizə ilk desant çıxarıldı, köhnə gəmilər neftçilərin ilk sığınacağı oldu, polad estakadalar qurulmağa başladı. Tezliklə iyirmibeş metrlik ilk estakada istifadəyə verildi. İlk neft tankeri ilk nefti daşıdı. Musa Əliyev sevincindən uşaq kimi ağlayırdı. Bir şəxs öz xalqı, vətəni üçün bundan artıq daha nə edə bilərdi ki? Amma haqsızlıq, ədalətsizlik cövlan edirdi. Dənizdə neft kəşfiyyatının banisi olan Musa Əliyev dənizdə ilk neft hasilatına görə təltif olunmuşlar siyahısında öz adını görmədi. Üstəlik, Bağırov idarəyə rəhbərliyə öz qohumunu gətirdi. Bu, diktatorun növbəti qisası idi.

 

1950-ci ildə isə...

 

 

 

11.

 

HEYDƏR HÜSEYNOV FACİƏSİ

 

Gözlənilmədən Musa Əliyevi Azərbaycan SSR Elmlər Akademiyasına dəvət etdilər. Həqiqətən də o qədər işlər görür, o qədər sevilirdi ki, hər sahədə ona ehtiyac var idi. O cümlədən akademiklər də Akademiyanın itmiş nüfuzunu qaytarmaq üçün onu öz sıralarında görmək istəyirdilər. Beləcə, elmlər namizədi olduğu halda birdən-birə ona  akademik statusu verdildi. Və az sonra o, Akademiaynın prezidenti vəzifəsinə təyin edildi. O dönəmdə Akademiyanın vəziyyətini Musa müəllim öz xatirələrində belə şərh edəcəkdi:

 

“Mən akademiyanı şox acınacaqlı vəziyyətdə qəbul etdim. Akademiya, sözün əsl mənasında çəkişmələrdən və qarşıdurmalardan partlayırdı. Keçmiş prezident və vitse-prezident ölüm-dirim düşmənçiliyi aparırdılar. Bütün institutlar da iki əks cəbhəyə bölünmüşdü”

 

Elə ilk dönəmdəcə Musa Əliyev həyatdan daha bir zərbə aldı. O zamanlar akademiyanın vitse-prezidenti görkəmli filosof  Heydər Hüseynov idi. Bu işıqlı şəxsiyyətlə dərhal dostlaşmış, işbirliyi qurmuşdular. Hüseynovun doktorluq dissertasiyası otuz il çar rejimi ilə vuruşaraq vətənini ekspansiyadan azad etmək istəyən Dağıstanın məşhur qəhrəmanı Şeyx Şamil barədə idi. O zaman bu şəxsə əksər dairələrdə böyük rəğbət vardı. SSRİ Elmlər Akademiyasının tarix institutu azərbaycanlı alimin mövqeyini dəstəkləmiş, onun işini Stalin mükafatına layiq görmüşdü. 1950-ci ildə Hüseynov həmin mükafatı aldı. Bağırov xəbəri eşitcək  qəzəbləndi. Necə yəni, mənim xəbərim olmadan belə şey baş verib? Dərhal mətbuatda Şeyx Şamili xalq düşməni, Hüseynovu isə ona mədhiyyə yazan antisovet ünsür adlandırdılar. Bağırov Musa Əliyevə “bu özbaşnalıq sənə baha başa gələcək” xəbərdarlığı edərək məcbur etdi ki, Hüseynov mükafatdan imtina etsin. Çarəsiz qalan Hüseynov imtina etdi də. Amma bu, Bağırova az oldu, onu vəzifədən də götürdü. Halbuki, kimisə seçkili orqandan vəzifədən götürmək MK katibinin səlahiyyətində deyildi. Baş verənlərə etriaz əlaməti olaraq Hüseynov kabinetində damarlarını kəsdi. Musa Əliyev bu hadisədən bərk sarsıntı keçirdi, al-qana bulaşmış Hüseynovu xəstəxanaya götürərək həyatını xilas etdi. Amma Bağırov yenə əl çəkmirdi. Hüseynov xəstəxanadan çıxan günü onun evinə zəng gəldi ki, Bağırov sabah səni gözləyir. Və xalqın ən işıqlı simalarından biri olan Heydər Hüseynov gecəynən bağ evinə gedib özünü asdı.

 

Bu olay Musa Əliyevlə Bağırov arasındakı münasibəti lap pisləşdirdi. Musa Əliyev çox sarsılmışdı, bir daha əmin olmuşdu ki, fərdləri inkubator cücəsi kimi eyniləşdirmək istəyən, fərqlənənləri məhv edən bir rejimin əsirliyindədir.

 

O dönəmlərdə onun başı artıq qar kimi ağappaq idi. Eynən özündən iki yaş böyük olan dostu Səməd Vurğunun başı kimi...

 

 

 

12.

 

GÖZDƏNSALMA KAMPANİYASI

 

Musa Əliyevin taleyində Akademiyadan getmək, Azərbaycanı yenidən, bu dəfə əbədi tərk etmək də var imiş.

 

Sonradan yazacaqdı: “Hərdən düşünürəm ki, görəsən, düzgün edib Bakıdan getmişəm? Əgər o zaman Elmlər Akademiyasının prezidenti kimi qalsaydım, respublikanın elmi üçün nə qədər gərəkli və faydalı işlər görə bilərdim! Digər tərəfdən də, fikirləşirəm ki, düzgün edib Bakıdan getmişəm. Bəlkə də indi sağ qalmağıma səbəb Bakıdan getməyim olub.

 

Amma bu gediş, hələ bir qədər sonra olacaqdı...

 

Ağır illər idi, insanlar zorən sovetləşdirilirdi, milli dəyərlər ucdantutma yox edilməyə məhkum olunmuşdu. Belə bir vaxtda təpədən dırnağa milli olan Musa Əliyev tutduğu məsul vəzifələrin hamısında xalqına fayda gətirməyi düşünür, karyerasını, həyatını riskə atırdı.

 

Onsuz da elektrik stulunda əyləşmisən. Naqili cərəyana əvvəl-axır qoşacaqlar. Barı, xalqına faydalı ol!

 

1952-ci ildə Bağırovla növbəti dəfə toqquşası oldu. Erməni geoloq Laçınyan Bağırova yalan məlumat vermişdi ki, respublikanın Qərbində - Alabaşlıda 5 milyon tonluq hematit yatağı aşkarlayıb. Bağırov da dərhal bu barədə Kremlə məlumat verib bir “çox sağ ol” almışdı. İndi dövlətin milyonlarla vəsaitini dağıdıb o yatağı istismar etmək fikrində idilər. Musa Əliyev dərhal buna qarşı çıxdı, müşavirədə Bağırova bildirdi ki, Alabaşlıda cəmi 250 min ton, özü də yarasız, kvarslaşmış hematit var. ”Laçınyan kəmsavad geoloqdur, səkkiz dəfə çökən bir layı səkkiz lay hesab edir” deyə erməni geoloqu da susdurdu, bu iş üçün çəkiləcək məsrəfin özünü doğrultmayacağını iddia etdi. Amma MK-ya məlumat verib özünə tərif qazanan Bağırov Musa Əliyevi tənqid edib, “xalq düşməni” çıxarıb şiddətli töhmətlə cəzalandırdı. Guya o - əksinqilabçı tacir oğlu sovet Azərbycanının nailiyyətlərinə kor imiş.

 

Münasibətləri lap pisləşdi.

 

Onu gözdənsalma kampaniyası başladı, qəzetlər onu guya kabinetinə xalça, soyuducu almaqda ittiham edirdilər, onu Laçınyanın uğuruna kölgə salmaqda suçlayırdılar. Musa Əliyev bilirdi ki, daha təhlükəlisi hələ qabaqdadır. Çox güman ki, Heydər Hüseynovun aqibəti kimi bir aqibət də onu gözləyirdi.

 

Bu ittihamlar MK-nın növbəti iclasında da səsləndi. İnsanlar sıra ilə çıxış edərək onun üzünə durur, ona böhtan atırdılar. Hətta duz-çörək kəsdikləri, salamlaşarkən öpüşdükləri kəslər də belə edirdilər. Bağırov öz çıxışında həm onu, həm də Akademiyanın vitse-prezidenti təyin edilən Səməd Vurğunu aşağıladı, ən qaba sözlərə tuş elədi.

 

Və o, ürək ağrısı ilə bu vəhşiliyi, ədalətsizliyi süzürdü. Ona söz veriləndə hətta nə deyəcəyini belə bilmədən tərəddüdlə tribunaya doğru yol aldı. İnsanların rejimə xidmət etməsi hardasa başadüşüləndir. Amma aşkarca şərə xidmət etmələri, ağa qara demələri, öz dost-tanışlarına, həmkarlarına çamur atmaları əsl rəzalətdir.

 

Bəzən meydanda tək olanda qarşı tərəfin hücumları qarşısında qaldırmağa qalxanın olmur. Belədə heç olmasa bir dəstəkçiyə, tərəfkeşə ehtiyacın olur. Tribunaya doğru qətiyyətsiz halda irəliləyən zaman bir şəxs onun çiyninə toxunaraq  “Biz sizin xətrinizi çox istəyirik, ürəkli olun” söylədi. Bu, MK-nın üzvü Əliş Ləmbəranski idi. Və elə bu toxtatma da öz sözünü dedi. Musa Əliyev dərhal toparlandı, çıxıb kəskin şəkildə özünü müdafiə edərək gördüyü işlərdən, əldə etdiyi nailiyyətlərdən danışdı, xalq təsərrüfatına verdiyi milyonlarla gəlirdən söhbət açdı. Onun çıxışı gurultulu alqışlar qazandı. Bağırov bir dəfə də olsun onun sözünü kəsmədi. Bilirdi ki, bu sonsuz hiddət içində olan şəxsin sözünü kəssə, camaatın içində qaba cavab ala bilər.

 

Daha sonrakı illərdə - Akademiya şəhərçiyi tikiləndə memari Mikayıl Useynov olan bu tikilini milli kolorit və elementlərlə zənginləşdirməyi qarşısına məqsəd qoymuş Musa Əliyev divar üzlükləri üçün şəxsən özü gedib Xarkovdan qranit gətizdirmişdi. Bina yarıyacan hazır olanda milli kadrların bu cür özbaşınalığını həzm edə bilməyərək Stalindən sonra ölkə rəhbərliyinə gətirilmiş Nikita Xruşov “tikintidə memarlıq bəzəklərinin həddən artıq çox olması” barədə məruzə etmişdi, “Pravda” qəzetində memarı və akademiya prezidentini  tənqid edən məqalə çıxmışdı. Nəticədə binanın dörd qülləsi kompozisiyadan çıxarılmışdı. Bununla belə, qranit üzlük qalmış, binaya həddən artıq gözəllik bəxş etmişdi. Günü bu gün də bakılılar və şəhərin qonaqları bu möhtəşəm tikiliyə heyranlıqla tamaşa edirlər.

 

 

 

13.

 

SƏMƏD VURĞUNUN VƏ MİRZƏ İBRAHİMOVUN XİLASI

 

Tale elə gətirmişdi ki, Bağırov rejiminin sərt təpkiləri dönəmində Musa Əliyevin ən yaxın dostu, sirdaşı Xalq şairi, milyonların sevimlisi Səməd Vurğun olmuşdu.  Şair həm də Akademiyanın vitse-prezidenti kimi onun əqidədaşı, məsləkdaşı idi. Səməd Vurğunun taleyini həll edən məqamda Musa Əliyev heç nəyi düşünmədən dostluq etdiyi şairin müdafiəsinə qalxdı, buna görə Mir Cəfər Bağırov ona xəbərdarlıq edərək dedi: “Belə getsə, sən o ağarmış başını Solovkidə qoyacaqsan”. Solovki sürgünü ziyalıların aqibətini təyin edən ən dəhşətli sürgün sayılırdı o zamanlar. 1953-cü ilin fevralında isə Bağırov səhər saatlarında Musa Əliyevə zəng vuraraq dərhal Səməd Vurğunla Mirzə İbrahimovun Akademiyadan xaric edilməsi əmrini verdi, “tapşırığımı yerinə yetirməsən özündən küs” dedi. Bu, iki böyük şəxsiyyətin yalnız Akademiyadan xaric edilməsi deyildi, onların vurulma prosesinin başlanğıcı idi. Gerisi nə olacaqdı, aydın duyulurdu.

 

Musa Əliyev tam çıxılmaz vəziyyətə düşmüşdü. Belədə, Allah özü onun köməyin yetişdi. Ölkə rəhbəri İosif Stalinin vəfatı xəbəri gəldi, Mir Cəfərin başı qarışdı, verdiyi ultimatum bir müddət yadından çıxdı. Amma sonradan Bağırov yenidən bu məsələnin üstünə qayıtdı. Onun emissarı Musa Əliyevin yanına gedib ertəsi gün saat 11-ə kimi ona məsələni həll etməyi tapşırdı.

 

Musa Əliyev səhərədək gözünü yuma bilmədi. O, xalqın ən öndə olan ziyalılarını güdaza verə bilməyəcəkdi, buna onun kişiliyi, ləyaqəti yol verməzdi, demək, özü qurban gedəcəkdi.

 

Allah böyükdür, bu dəfə də gözlənilmədən Musa Əliyev xilas oldu. Həmin dönəmdə o, Akademiya prezidentliyi ilə yanaşı, SSRİ Ali Soveti deputatı kimi ağır sənaye seksiyasının sədri də idi. Və saat 11-ə sayılı saatlar qalanda Kremldən onun adına teleqram gəldi ki, təcili Moskvaya gəlsin, Ali Sovetin növbədənkənar iclası keçiriləcək. O, Moskvaya uçası oldu, bir həftə davam edən iclaslarda iştirak etdi. Amma təbii ki, fikri Bakıda qalmışdı, orada Mir Cəfər onun hökmünü çıxarmağa hazır vəziyyətdə yolunu gözləyirdi.

 

Möcüzə bəzən insanın bütün ümidləri üzüləndə, hətta yapışmağa saman çöpü belə qalmayanda gəlir, həftənin tamamına bir gün qalmış – iyulun 12-si səhər ertə bir xəbər ildırım kimi çaxdı, gündəmi zəbt etdi. SSRİ rəhbərliyinin elitasında qərarlaşmış ən mənfur şəxs, Mir Cəfər Bağırovun da havadarı Lavrentiy Beriya həbs edilmiş, Bağırov da işdən qovulmuşdu.

 

Dünyada bir vəfa borcu, bir kişilik deyilən anlayış da var, onları yerinə yetirəndə hər şeyi, ölümü belə göz altına alırsan. 1954-cü ildə Bağırovun yerinə yeni birinci katib seçilməsi üçün Mərkəzi Komitənin plenumu keçirilirdi. Moskvadan məxsusi gəlmiş Kremlin nümayəndəsi öz namizədlərinin adını şəkmişdi – MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş İmam Mustafayev Azərbaycanın yeni rəhbəri olacaqdı. Seçki-filan, bunlar çox formal şeylər idi, təklif gəlirdi və yekdilliklə hamı deyilən şəxsə səs verirdi. Amma bu dəm gözlənilmədən plenum üzvü Səməd Vurğun yerindən qalxıb tribunaya yaxınlaşdı və dedi ki, bu şəxsi seçməkdənsə mən daha layiqli şəxsin – akademik Musa Əliyevin namizədliyini irəli sürürəm.

 

Bu gözlənilməz addımdan hamı şaşırdı, hamı təəccüb içində qaldı. Səməd Vurğunun şair qəlbi dostunun ona etdiyi yaxşılığa yaxşılıqla cavab vermək, bununla belə özünü misilsiz bir təhlükəyə atmağa vadar etmişdi. Necə olacaqdı? Hamı qorxulu bir sonluq gözləyirdi.

 

Bu dəm dostunu xilas etmək üçün Musa Əliyev yerindən qalxıb söylədi ki, mən öz namizədliyimi geri götürürəm...

 

İndi arxaya boylandıqda, tarixin saralmış səhifələrini vərəqləyəndə görürük ki, biz necə insanları itirmişik. Musa Əliyev, Səməd Vurğun kimilər həqiqətən də xalqın kisəsindən gediblər.

 

Musa Əliyev 8 il Akademyaya prezidentlik etdi. O, işə başlayanda akademya əməkdaşlarının sayı 1050 nəfər idi, bunların da cəmi 30 faizi azərbaycanlılar idi. O işdən çıxanda isə artıq burada 2500 nəfər çalışırdı və bunların da 70 faizi azərbaycanlı idi.

 

O dövrdə daim üzdə olmaq, böyük vəzifə daşımaq, əyilməmək, sınmamaq, qürurunu qorumaq, bir də milli ləyaqət hissini saxlamaq demək olar ki, mümkünsüz idi, səni tutacaq, sürgün edəcək, güllələyəcəkdilər, bunların heç biri olmasa da, ən azından, ürəyini partladacaqdılar.

 

 

 

-Bəs baş əymədiniz.

 

-Əymədim, bəli.

 

 Əyilməz vicdanın böyük heykəli.

 

 

 

Musa Əliyevi tək Allahmı qoruyurdu? Tək talemi ona qarşı ədalətli mövqe tutmağa and içmişdi? Yox. O, SSRİ-yə lazım idi, onun bildiklərini başqaları bilmir, bacardıqlarını bacarmırdı. Ona görə də onu sıxma-boğmaya salsalar, hədə-qorxularla yamanlasalar belə zərərsizləşdirə bilmirdilər.

 

1956-cı ildə, mayın 24-də Musa Əliyev taledən növbəti zərbəni aldı - cəmi 50 yaşında Səməd Vurğun vəfat etdi. Ən yaxın dostunu, sirdaşını, arxa-dayağını itirmək çox əzablıdır. Bir-birilərini bir baxışdan başa düşərdilər, bir-birilərinə təsəlli verməyi bacarardılar. Səməd Vurğun gənclərin kumiri, bütün SSRİ-nin sevimlisi, Azərbaycanın mədəniyyət siması idi. Bir dəfə Səməd Vurğun ona demişdi: “Mən gecələr yatmıram, çamadanla divanda otururam. Gözləyirəm, onlar nə vaxt dalımca gələcəklər. Yaxınlarım üçün problem yaratmaq istəmirəm. Gəlsələr, ləngimədən onlarla gedəcəyəm”

 

Səməd də repressiya qurbanı idi. Nə fərqi var, səni gülləylə ödürələr, ya çərlədib öldürələr.

 

 

 

14.

 

İMAM MUSTAFAYEVİN ATLA GEDİŞİ

 

Dostunun ölümü Musa Əliyevi tamam ruhdan salmışdı, tamam sarsıtmışdı. İmam Mustafayevlə isə heç yola gedə bilmirdi. İmam Mustafayev xalqın gözündə ucalmaq üçün milli inqilab etmək istəyirdi, dərhal rus dilindən imtina, bütün yazışmaların azərbaycanca aparılması kimi təkliflər irəli sürürdü.

 

İllər öncə akademiyanın bütün institutlarının fəaliyyətini rus dilindən Azərbaycan dilinə çevirmiş, Azərbaycan dilində mühazirə oxuyan ilk şəxslərdən biri kimi tanınmış, nəticədə də millətçi damğası almış Musa Əliyevsə bunları dərhal yox, tədricən etməyin mümkünlüyünü isbatlayır, əks təqdirdə Kremlin qəzəbinə düçar olacaqlarını və xalq üçün daha heç nə edə bilməyəcəklərini israr edirdi. Nəticədə aralarında ciddi ixtilaf yaranmışdı. Və Mustafayevin onu antixalq mövqedə suçlamasına, ittiham etməsinə də əsla dözə bilmirdi. Bu, böyük bir haqsızlıq, ədalətsizlik idi.

 

1957-ci ildə Musa Əliyev işdən getməsi barədə Mustafayevə ərizə yazdı, əvəzində özü yaratdığı Paleontologiya və Strafiqrafiya İnstitutunda çalışmaq istədiyini bildirdi. Uzun müddət Mustafayevdən cavab gəlmədi. Yalnız 58-ci ildə, Musa Əliyevin 50 illiyində Mustafayevdən ona iki cavab birdən gəldi. Öncə respublikanın rəhbəri onun istefa ərizəsini qəbul edirdi, ardınca isə Paleontologiya və Strafiqrafiya İnstitutunun ləğv edilməsi qərarını verdiyini bildirirdi. Beləcə, Musa Əliyev havada qaldı. Əməyinə öz vətənində bu cür qiymət verilməsi, öze də yubiley ilində, gözləntilər ilində bu cür münasibət ona sillə kimi dəydi.

 

Həmin il ona daha bir zərbə atasının ölümü oldu. Tam depressiya halında, tam ruhdan düşmüş halda ikən xilas teleqramı aldı. Onu Moskvaya çağırırdılar...

 

 

 

15.

 

QÜRBƏT DÖNƏMİ

 

Vətənin qəribə bir cazibəsi olur. Onu tərk edib gedəndə heç cür bu cazibə səni rahat buraxmır. Hey çəkir, çəkir... Neft qoxulu, küləkli Bakınınsa bir ayrı cazibəsi var. Bakıdan gedib başqa yerdə yaşamaq ən ağır sınaqdır.

 

58-ci ildə Musa Əliyev ailəsiylə Moskvaya köçdü, Aşqabadda yaranmış, ordan Bakıya köçürülmüş zəngin kitabxanasını da özüylə gətirdi, ömürlərinin növbəti dönəmü başladı. SSRİ EA nəzdindəki Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlədilməsi İnstitutunun direktor müvini təyin edilmişdi, ömrünün sonunadək də bu institutda işlədi.

 

Onun elmi fəaliyyətinin coğrafiyası geniş oldu, Cənubi Qafqazdan Qərbi Sibirə, Orta Asiyaya qədər uzandı. Arada ömrünün Əlcəzair mərhələsi də oldu, Əlcəzair prezidentinin neft məsələləri üzrə müşaviri kimi çalışdı, Sahara neft yatağını kəşf etdi. Bu isə 1967-ci ildə baş verdi. Bir müqavilə müddətini işlədi, iki müqavilə müdətini işlədi, ikinci müqavilə başa çatanda Əlcəzairin iqtisadiyyat naziri  Əbdulsalam ona “Sonatrach” kəşfiyyat idarəsinin rəisi vəzifəsini və 6 min dinar aylıq maaş təklif etdi, amma o, “mən vətənimi heç bir ölkəyə dəyişmərəm” deyib bu cəzbedici təklifdən imtina elədi. Nə olsun ki, Moskva Bakı deyildi, hər halda, SSRİ idi, oradan Bakı daha əlçatan görünürdü.

 

Bakıda yaşadıqları dönəmdə 1952-ci ildə Neftçilər (ovaxtkı Stalin) prospektində, Funiklyorun yaxınlığında alimlər üçün inşa edilmiş gözəl binaya köçmüşdülər. 3-cü mərtəbədə yaşayırdılar. Dördüncüdə isə tanınmış yazıçı Mir Cəlal ailəsi ilə birgə yaşayırdı. Dərhal dostlaşdılar, uşaqları – Musa Əliyevin qızı Rəna və Mir Cəlalın oğlu Hafiz eyni sinifdə - 6 nömrəli məktəbin səkkizinci sinfində oxudular. Qeyri-adi bir şirinliyi vardı Rənanın, Hafizi dərhal cəzb etmişdi. İllər sonra Musa Əliyev ailəsi ilə Moskvaya köçəndə institutu bitirən Hafiz də seçimini etmiş, Moskvanın Kurçatov adına institutunun aspiranturasında təhsilini davam etdirmişdi. Köhnə qonşular kimi Hafiz onlara gəlib-gedirmiş. Və Musa Əliyevin Əlcəzairdə yaşamaq məsələsi çıxanda qızı Rənanı Moskvada tək qoymaq istəməyən və bunun sıxıntısını çəkən Musa müəllim üçün gənclərin bir-birini sevməsi xəbəri lap göydəndüşmə oldu. Tezliklə onların toylarını edərək həyat yoldaşı ilə rahatca Əlcəzairə yollandı.

 

 

 

16.

 

XATİRƏ DƏFTƏRİ

 

Onda sakit bir yay axşamı idi. Açıq pəncərədən əsən yüngül meh içəri ağac yarpaqlarının xışıltısını daşıyırdı. Musa Əliyev bu səsi dinləyir və düşünürdü. İstəyirdi anlasın ki, insan niyə doğulur, nə səbəbə yaşayır, məqsədi və məramı nədir.

 

Yetmiş yaşı var idi. Bir anda həyatı kino lenti kimi gözünün qabağından keçdi. Və o, özü də bilmədən bir də gördü ki, kağız-qələmə sarılıb və yazır.

 

Yazdığı ilk cümlələr də bunlar oldu: “...1978-ci il. Moskva ətrafında yerləşən Perxuşkovo Akademiya qəsəbəsi. Böyük, amma sükutlu. Elə indi də sakit bir yay axşamıdır. Pəncərəm açıqdır. İlıq, xumarlanan bir külək kollarda astaca xışıldayır. Mən bu xışıltını dinləyir və düşünürəm...”

 

Bəli, o, 1978-ci ildə memuarlarını yazmağa başladı. Yaxşı da ki yazdı. Təlatümlü bir ömrün ən vacib məqamları orada əks olundu.

 

Ömrünün axırına yaxın görmə qabiliyyətini tam itirmişdi. Bununla belə, yenə yazır, uzun, kəşməkeşli, hadisələrlə bol ömrünün məqamlarını fiksə edirdi.

 

...Düz 3 ildən sonra o, memuarlarını yazıb qurtaranda yazdığı son qeydləri bunlar olacaqdı: “1981-ci il. Payızın əvvəli. Aşağıda sakitlikdir. Hamı öz yatağına yollanıb. Deməli, gecə çatıb. Zülmət bir qaranlıq. Mən kor olmuşam. Artıq yaza bilmirəm. Yalnız səsləri ayıra bilirəm. Mən artıq böyük dünyadan ayrılmışam. Amma onun nəfəsini hiss edirəm. Hiss edirəm ki, indi yalnız içimdə kəsişən bütün zamanlar qayıtmaz olaraq keçmişə düşür...”

 

 

 

17.

 

VƏ SON

 

Biz zamanın içərisindən keçirik. Yaşadığımız illər ömür deyə bizə pərçimlənir. Amma zaman da eynən bizim içimizdən keçir. Gah öz təlatümləri ilə bizi çalxaladıqca çalxalayır, gah da öz sükutu ilə bizi rahat buraxır.

 

1985-ci ilin mayı gələndə Moskva səması sıx qara buludlarla örtülmüşdü, fasiləsiz yağışlar yağırdı. Cənublular günəşsizliklə əsla barışmazlar, israrla səmadan günəşi tələb edərlər. Ümidlənərsən ki, əvvəl-axır günəş çıxacaq, öz şəfəqləri ilə hərarət və işıq gətirəcək. Biri də var, sənin zülmətin əbədi olsun...

 

Musa Əliyev xatirələrinin son vərəqlərində övladlarından bəhs edib. Oğulları Ömər Xəyyam və İkram barədə qeydlər verib, daha sonra yazıb:

 

“Üçüncü uşağım Rəna isə ən sevimli övladımdır. Anam Nabata çox bənzəyir. O, ciddi, ağıllı və gözəldir. Moskva Dövlət Universitetinin nəzdindəki Moskva İnstitutunun Şərq dilləri fakültəsini bitirib. Ərəb, fransız, ingilis, rus və əlbəttə ki, Azərbaycan dillərini bilir. Uğurla ərəb ədəbiyyatı üzrə namizədlik işi müdafiə edib. Onun həyat yoldaşı Hafiz Paşayev Kurçatov İnstitutunun məzunudur. Tanınmış fizik, ağıllı, savadlı bir adamdır. Azərbaycan Elmlər Akademiyasının fizika-riyaziyyat institutunda laboratoriya müdiridir. Onlar çox gözəl, bir-birilərini sevən bir cütlükdürlər. Onların iki övladı var: oğulları Camal və qızları Cəmilə. Bax mənim varislərim bunlardır.”

 

O çiskinli may günləri ağır xəstəliklər güc gələndə Musa Əliyev vəsiyyətini etdi. Cəmi iki istəyi vardı. Dediyim kimi, o da əmisi kimi çox unikal kitabxana yaratmışdı, əmisinin özü də, kitabxanası da ermənilərin güdazına getmişdi, o isə öz kitabxanasını qorumaq istəyirdi, bir vəsiyyəti bu oldu ki, bu zəngin kitabxanası doğma Bakısının Dövlət Universitetinin Paleontologiya kafedrtasına təhvil verilsin. İkinci vəsiyyəti isə Bakıda dəfn edilməsi istəyi oldu.

 

O, 1985-ci il may ayının 3-də 77 yaşında ikən vəfat etdi, vəsiyyətinə uyğun olaraq Bakıda dəfn edildi, I Fəxri Xiyabanda.

 

Musa Əliyev böyük çətinliklə yazdığı xatirələrinin dərcini vəsiyyət etməmişdi. Qızı Rəna illərlə bu yazıları qoruyub saxladı, onları oxuduqca atasının tək onların ailələrinə deyil, bütün Azərbaycana, hətta daha böyük coğrafiyaya aid olması həqiqətini dərk etdi.

 

Rəna Əliyeva-Paşayeva atasının dövlət və xalq qarşısındakı xidmətləri barədə yazılanlara sözardı olaraq atasının şəxsi keyfiyyətlərindən birini – onun əsl altruist olmasını öz yazılarında bu cür qeyd eləmişdi:

 

“Mənim atam şox xeyirxah adam idi. Harda oluruqsa olaq – Bakıda, Moskvada, Əlcəzairdəmi, - mütləq tanımadığımız bir adam tapılırdı ki, bizə yaxınlaşaraq atamın haçansa onunçün böyük bir iş gördüyünü, çətin məqamda kömək etdiyini söyləsin və hərarətlə minnətdarlığını bildirsin. Atamsa çox vaxt nə qədər fikirləşsə də, yada sala bilmirdi ki, söhbət onun etdiyi hansı yaxşılıqdan gedir. O, çoxlarına yardım edir, dayaq dururdu...”

 

Amma çox təəssüf ki, atasının xatirələrini dərc etmək məqamı gələndə əcəl Rəna xanıma imkan vermədi. Bu missiyanı həyat yoldaşı Hafiz Paşayev həyata keçirdi. Musa Əliyevin xatirələri “Ömrüm” adlı nəfis tərtibatlı bir kitabda əbədiləşdi.

 

Qəribə məxluqdur insan. Bütün həyatı boyu əlləşir, vuruşur. Bütün çətinliklərə, əzab və ağrılara rəğmən həyatdan gedəndə yaşadıqca heç də işıqlı olmadığını duyduğu, daim gileyləndiyi həyatın sanki işığını duyur, ondan dördəlli yapışmaq istəyir. Əbədi getdiyi bu dünyadan qopmaq istəmir. Amma Musa Əliyev 1985-ci ilin 3 may günündə dünyadan köçəndə çox sakit köçdü. Çünki o, yalnız ömrünün cismani qismini itirdiyini gözəl duyurdu. O, tam əmin idi ki, tarixdə qoyduğu izlər onun ömrünün bitməsinə imkan verməyəcək.

 

Və onun ömür kitabının ömrü uzandıqca uzanacaq.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(25.06.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.