Super User

Super User

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Abdulla Padarlı klassik Azərbaycan ədəbiyyatının az tanınmış nümayəndələrindəndir. O, Vartaşen (indiki Oğuz) rayonunun Padar kəndində, Çayqıraq məhəlləsində anadan olmuşdur. Şairin təxminən 1870-1875-ci illərdə burada anadan olduğunu ehtimal edən professor Ə.Cəfərzadə 1979-cu ildə onun “Seçilmiş şeirlər” kitabına yazdığı ön sözdə qeyd edirdi ki, şairin evi və şəxsi əşyaları yaşadığı kənddə mühafizə olunur.

 

Təəssüf ki, mənbələrdə Abdulla Padarlının həyatı haqqında ətraflı bilgi yoxdur. Padar kəndindəki qəbirüstü kitabədən onun təvəllüd tarixi dəqiq məlum olmasa da, 1905-ci ildə vəfat etdiyi aydın olur. Ərəbcə yazılmış həmin kitabədə oxuyuruq: «Məlumdur ki, əgər dünyada bir adam qalsa belə, o dövr edəcəkdir. Dünyada peyğəmbərlər də bir-birini əvəz edərək gəlib gediblər. Dünyada ölüm olmasına baxmayaraq, biz bu dünyada çox qalacağıq. Şeyx Hacı Abdulla ibn Dursun əl-Padari yerini təzələyərək, fani dünyadan baqi dünyaya köçdü və 22 səfər 1323 ildə (28.04.1905) vəfat etdi». (Yazını professor Məşədixanım Nemət oxuyub tərcümə etmişdir.)

A.Padarlı Şeyx Dursun ibn Əhməd Padarinin nəslindəndir. Rus şərqşünası, akademik B.Dornun qənaətinə görə, Şeyx Dursun Padar məşhur övliya olmuşdur. B.Dorn yerli əhalidən əldə etdiyi bir arayışa əsasən yazır ki, «Şeyx Dursunun nəsli Şirvan əhlindəndir. Xançobanı mahalından, Padar tayfasındandır. Şeyx Dursun ibn Əhməd Padar şərəfli bir adam olub. Ağsu rayonunun Kalaxana kəndinin qərbində vaqe olan məşhur yeddi günbəzlər Şeyx Dursunun övladlarındandır.» Onun özünün Ağsu rayonundakı  günbəzi isə bu gün də müqəddəs ziyarətgahlardandır. Gümbəzdəki iki sətirlik yazını professor Məşədixanım Nemət belə oxuyub: “Bu xoş rayihəli müqəddəs (ziyarətgah) və işıqlı məqbərə övliyaların görkəmlisi Şeyx Dursun ibn Əhməd Padarındır. Onun vəfatı haram zilhiccə ayı, səkkiz yüz birinci ildə (VIII-IX 1399) baş vermişdir”.(Maraq naminə qeyd edək ki, Azərbaycanın Xocavənd rayonunda da Şıx Dursun adlı kənd var.)

Şair ilk təhsilini atası Məhəmməd Dursun oğlundan aldıqdan sonra, Ağdaş mədrəsəsinə daxil olmuşdur. Daha sonra elmi biliklərini artırmaq üçün Dəməşq şəhərinə üz tutmuş, burada mədrəsəni bitirdikdən sonra Həcc ziyarətinə getmişdir. Ərəbistana səfəri vaxtı İranı, Türkiyəni və digər ölkələri də səyahət etmişdir. O, Dəməşqdə tarix, fəlsəfə, məntiq, tibb, poetika və nücum elmlərinə yiyələnmişdir. Hacı Abdulla Padarlı doğma ana dilindən başqa ərəb, fars, türk, erməni və avar dillərini də bilmişdir.

Mənbələr əsasında şairin zahiri görünüşü barədə də məlumatlar dəqiqləşdirilmişdir. Ə.Cəfərzadənin araşdırmalarına görə, şair Abdulla alagöz, sarışın, uca boylu qıvraq adam olmuşdur. Gözəl nitq qabiliyyəti varmış, adi söhbətlərini də çox zaman qafiyəli nəsirlə edərmiş. O, Şeyx olaraq irşad fəaliyyəti göstərmiş və tələbələr yetişdirmişdir. Təbiəti çox sevərmiş. Təmiz əxlaqlı, gülərüz, səxavətli, pak, vətənsevər insan olmuş, başqalarını da belə görmək istəmişdir. İqdisadi cəhətdən ağır həyat keçirmiş, baramaçılıqla məşğul olmuşdur. Abdulla Padarlının Pəri adlı bir qızı olmuş, sonrakı nəsli də bu qızın vasitəsi ilə davam etmişdir.

Onu da qeyd etmək lazımdır ki, Abdulla Padarlı uzun müddət Ağdaşda yaşamış, ömrünün sonlarına yaxın öz doğma kəndinə qayıtmışdır.

Azərbaycanın bir çox bölgələrində Padar adını daşıyan kəndlər və məhəllələr vardır. (Yazılı mənbələrə görə Azərbaycanda 16 Padar kəndi olub. Onların çoxu Aran yerlərində olub.) Bu səbəblə A.Padarlının hansı Padar kəndindən olması, təvəllüd tarixi, dəfn yeri barədə zaman-zaman fərqli fikirlər söylənmiş, mübahisələr meydana çıxmışdır. Məsələn, Ş. Lətifoğlu adlı bir müəllifin “Ağdaşım mənim – yaddaşım mənim” adlı kitabında şairin Ağdaşın (keçmiş Üçqovağın) Padarqışlaq kəndindən olması göstərilir. Onun burada ailəsinin, hətta Məhəmməd adlı oğlunun olması, Soyuqbulaq (Azərbaycanda bu adda da çoxlu kəndlər var) yaxınlığında dəfn edildiyi qeyd edilir.

Şairin Ağdaşda ikinci ailəsinin olduğunu qəbul etmək mümkündür. Amma bir adamın qəbrinin iki və ya üç yerdə olması absurdur. Movcud kitabələrdən ancaq biri həqiqətən qəbirüstü ola bilər. Digər kitabələrin isə xatirə lövhəsi olduğunu güman edirik. (Bizcə, A.Padarlının hansı Padar kəndindən olması o qədər də önəmli deyil. Sonda o azərbaycanlıdır, Azərbaycan xalqına mənsubdur, bizim klassik şairlərimizdəndir, hamımızındır.)

Ümumiyyətlə, A.Padarlının həyat və yaradıcılığının yeni elmi araşdırmalara, tədqiqatlara ciddi ehtiyacı var

Abdulla Padarlının gözəl sənət nümunəsi olan şeirlərindən bəziləri şairədəbiyyatşünas, orta əsr əlyazmalarının kolleksiyaçısı S.Mümtazın «El şairləri» (1927-1928) kitabında toplanmışdır. Şairin “Nəsihətnamə” adlı əlyazması AMEA Əlyazmalar İnsititunda bu günədək saxlanmaqdadır.

Professor Ə.Cəfərzadə isə onun seçilmiş şeirlərini 1979-cu ildə ayrıca kitabça şəklində Bakıda nəşr etdirmişdir. 2005-ci ildə çap olunmuş “Azərbaycan aşıq şerindən seçmələr” (II cild) və digər kitablarda da bəzi əsərləri yer almışdır.

Şairin həyat və yaradıcılığının əsas tədqiqatçısı olan Ə. Cəfərzadə onun “Seçilmiş şeirləri” kitabının əvvəlində yazır: ”XIX əsrin poeziya səmasında Q.B. Zakir, bir qədər sonra isə S.Ə. Şirvani parlaq ay olmuşlarsa, Abdulla Padarlı da o kəhkəşanın ulduzlarından biri olmuşdur.”

Dostu Məlikballı Qurban şeirlərinin birində onun haqqında yazırdı: 

 

Padarda törəyib tazə əfəndi,

Yoxdu onun kimi bir alicənab,

Puşidə niqab,

Göftgusu nab...

 

Araşdırmaçıların qənaətinə görə A.Padarlı zəngin söz ehtiyatına malik hazırcavab bir şəxs olmuşdur. Bunu onun müasiri Ş.Səmədlə deyişməsində də aydın görmək mümkündür:

 

Şıx Səməd:

Nə heyvandır əsil-nəsil yetirməz?

Nə ağacdır bəhər-meyvə gətirməz?

Hansı adam yaxşılığı itirməz,

Hansı yerin ocaqları yeddidi?

 

 

Abdulla Padarlı:

O qatırdı-əsil-nəsil yetirməz,

O söyüddür-bəhər-meyvə gətirməz,

Əsil adam yaxşılığı itirməz,

O Kəşmirdi, ocaqları yeddidir...

 

A.Padarlının geniş ədəbi əlaqələri olub. Müasirlərindən Qasım bəy Zakir,  Q.Şəkili, İ.B.Nakam, M. Qurban, Ş.Səməd, M.Şaban, həmyerliləri olan M.K.Vardani, P.Qarağani,  M.R.İltica, Q.Cəbrayıl, M.Rövşən, A.Əhməd, M.Abbas, Ə.Salami  və digərləri ilə sıx əlaqə saxlamışdır. Şairin məşhur yazıçı İ.B.Qutqaşınlı ilə ədəbi əlaqələrinin olduğu da etimal edilir. O, M.K.Vardaninin öz evində təşkil etdiyi musiqili-ədəbi məclisin fəal üzvü olmuşdur. Bundan başqa şairin Şəki və Şirvanda fəaliyyət göstərən digər ədəbi məclislərdə, o cümlədən Şamaxıdakı "Beytüs-Səfa” ədəbi məclisində iştirak etdiyi də istisna olunmur.

A. Padarlı sözə, fikrə, kəlama yüksək dəyər verən şair olmuşdur. O hər kəsin dəyərini elə sözünün dəyəri qədər sayır. Müasiri olan söz ustalarından da sözün qədrini, qiymətini bilməyi tələb edirdi. Şair dostlarına, bir-iki şeir yazıb özünü “böyük şair” hesab edənlərə qarşı tələbkar və amansız idi. A.Padarlı epiqonçu şeirə tənqidi münasibətin ilk təməl daşlarını qoyanlardan olub. Onun “Həcvi-məlih” əsərində sözü ucuz tutan, onun dəyərini bilməyən insanlar kəskin tənqid olunur və şair onlarla eyni dövrdə yaşadığına görə peşimançılıq çəkərək deyir: 

 

Dəxi qoydu yerə şairliyi bu Abdullah,

Bir də minbəd danışmaz süxəni-övzani.

 

Şairin mənbələrdə qalan 20-yə qədər şeiri müasirlərinin dilində və Şirvan aşıqlarının repertuarlarında geniş yayılmışdır.

Onun əsərlərinin çoxu xalq şeiri şəklində olan bayatı, gəraylı və qoşmalardan (təcnislərdən) ibarətdir. Türk araşdırmaçı Mujgan Cunbur şairin bu şeir şəkillərində daha başarılı olduğunu qeyd edir. A.Padarlının bayatı, gəraylı və qoşmalarının dili  təbii və səlis, səmimi və lakonik, emosional-ekspressivlik kimi xüsusiyətlərə malikdir.

Şairin əldə olan qəzəl, müxəmməs, müsəddəs, müsəbbə və həcvləri, “Həcvi-məlih” adlı əsərində S.Şirazi, Ə.Firdovsi, N.Gəncəvi, Ə.X.Dəhləvi, Ə.Nəvai, M.Füzuli və digər klassiklərin adlarını hörmətlə çəkməsi və yaradıcılıqlarını yüksək qiymətləndirməsi, “Gəl indi” qoşmasında rəddil-əcüz ələs-sədrdən istifadə etməsi, Q.B. Zakirin məşhur “Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana” misrası ilə başlayan müsəddəs-müstəzadının hər bir bəndinə  parodiyayazması, hətta sonrakı bəndlərdə  Zakirin dediklərinə əks fikirlər söyləməkdən belə çəkinməməsi və s. göstərir ki, o, xalq şeri tərzində başarılı olduğu kimi, divan ədəbiyyatına da vaqif olmuşdur.

Şair şeirlərində insanı öz adına layiq olmağa çağırır. Onun əsərləri insanın öz ləyaqətini düzgün qiymətləndirilməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu anlamasına kömək edir. Əxlaqi-mənəvi keyfiyyətlərə yüksək qiymət verən A.Padarlı insanlara özlərinə qiymət qoymağı və öz yerlərini bilməyi, düşünüb danışmağı, ətrafındakı insanları yaxşı tanımağı, haqsızlıqlara dözməməyi məsləhət görür. O, “Mən” rədifli qoşmasında bu barədə deyir:

 

Adam gərək öz-özünə düşünə,
Kimnən gəzim, necə gəzim, harda mən.
Tay-tuşlarım uyğun olsun özümə,
Danışanda utanmayım orda mən.

 

Oturanda gərək bilim yerimi,
Niyə durum görən kimi birini?
Nə danışım, nə də verim sirrimi,
Cəhl düşsün, məğlub olum zorda mən?!

 

Danışanda sərhəd çəkim sözümə,
Qiymət qoyum çünki özüm-özümə.
Qoşa barmaq uzanmasın gözümə,
Balıq kimi çabalamayım torda mən.

 

Abdullayam, haqq-hesabı qanmışam,
Haqsızlığa alışmışam, yanmışam,
Çoxlarını candan əziz sanmışam,
Çox az gördüm yaxın gələn darda mən!


A.Padarlının əsərlərində həssas oxucuları düşündürəcək mötivlər çoxdur. Bunların içərisində içtimai mötivlər üstünlük təşkil edir.

Hər şeydən əvvəl A.Padarlı vətənpərvər bir insan olub, Vətənini ürəkdən sevmişdir. Oxuduğu və səyahət etdiyi illərdə daim Vətən həsrəti çəkmişdir. Onun belə bir şeir parçası el arasında da məşhurdur:

 

Ey Vətəndən gələn el aşinası,

Mən də sənin kimi qəribəm, qərib.

Yetir bir nişanə dağdan, arandan,

Mən də sənin kimi qəribəm, qərib.

 

Vətənpərvər şairin əsərlərinin içərisində dövranın və cəmiyyətin eyiblərini, mənəviyyatsızlıqlara və zülmə etirazı, xalqın arzu və istəklərini əks etdirən əsərlər xüsusi əhəmiyyət kəsb edir. Şair “Görmədim” qoşmasında öz dövründən şikayətini belə dilə gətirir:

 

Neçə müddət könül intizar idi.
Fikrim, zikrim xəyalımda yar idi, 
Dedilər ki, yaxşı dövran var idi,
Mən çox gəzdim o dövranı görmədim.

 

Şair zarafatvari “Kəsəyən” rədifli müxəmməsində kəsəyəni xalqı soyub kovxa üçün aparan darğaya bənzədir. “Eşibən hücrəmizi döndərdi mal qazmasına” deyərək bildirir ki, ölkə natəmizlik, xəstəlik yayan “kəsəyənlərlə” doludur. Xalq bu bəlalardan xilas ola bilmir. Təsadüfi deyildir ki, müasiri M.K.Vardaniyə müraciətlə başlayan qoşmasında deyirdi:

 

Tufan oldu zülmü bizim Ağdaşın,

Fəqirlər gücilən saxlardı başın.

 

Qəzəllərinin birində “Canım üzülüb ta belə dövranın əlindən” söyləyən şair “Bəyənməz” qoşmasında zahiri gözəlliyə üstünlük verən, bəzək-düzək hesabına “gözəlləşib” özünü Züleyxa hesab edənləri, “xəlayiqi quduz kimi dalayan” bəyləri, “torbası dolu olan” və “camaatı incidən” tacirləri və hampaları, “dövran mənimdir” deyənləri kəskin şəkildə tənqid edir:

 

Ay ağalar, bir zəmanə gəlibdir,
Həmtay olan heç həmtayı bəyənməz.
Qara qızlar sürmə çəkib gözünə,
Gözəllikdə Züleyxayı bəyənməz.

Müqəddəm bəylərə verirdi qəlyan,
Xəlayiqi quduz kimi dalayan,
Ayaq üstə sini dibi yalayan,
Qohum-qardaş, əmi-dayı bəyənməz.

Namərdlərin dolu olur, torbası,
Deyir: «Mənəm tacirlərin zorbası»,
Ya bunların artıq düşüb arpası,
Düldül kimi badpayı bəyənməz.

Kor bəyənməz mütləq gözü görəni,
Kar da qulaqları darı dələni,
Hampalar inçidir çörək verəni,
İgit qudurub, qaysavayı bəyənməz.

Yəqin gündüz gəzə bilməz yarasan,
Gecələr də deyər: «Mənimdir dövran»,
Çip-çip edər alacəhrə, bitdiyan.
Oxumaqda torağayı bəyənməz.

 

Şairin “Çörmədim” və “Bəyənməz” qoşmalarında Aşıq Abbas Tufarqanlı,M.P.Vaqif və A.Ələsgərin təsiri aydın duyulmaqdadır.

Ədibin “Getdi mənim” adlı gəraylısında isə cəmiyyətdəki təbəqələşmə, sevgi azadlığının olmaması, qadın hüquqsuzluğu, mənəvi keyfiyyətlərin böhrana uğraması tənqid olunur. 


Özünün var idi meyli, 
Məcnun idim, o da Leyli, 
Gözündən tökübən seyli, 
Yar əlimdən getdi mənim.

 

Heç kimdə olmaz belə dərd, 
Həmişə mən deyərəm fərd, 
Atası çıxdı çox namərd,
Yar əlimdən getdi mənim.

 

Leylimi verdilər dula, 

Bu gecə saldılar yola.                    
Aldadıblar mala, pula,
Yar əlimdən getdi mənim

 

Abdullahın yoxdu varı, 
Əldən gedib nazlı yarı, 
Kömək edin, sizi tarı,
Yar əlimdən getdi mənim.

 

Şairin “Hələm də gəlir”,“Gül” rədifli əsərlərində,yumor və satirik məzmunlu mənzum məktublarında,“Həcvi-məlih” adlı həcvində və başqa əsərlərində də  içtimai mötivləri  aydın görmək mümkündür. Onun yumor və satirik məzmunlu şeir və  mənzum məktublarında Q.B.Zakirin təsiri duyulur.

İçtimai mötivli satirik şeirləri və mənzum məktubları ilə A.Padarlı XIX

əsrdə satira məktəbinin formalaşmasına da öz töhfəsini vermişdir.

A.Padarlının əsərlərinin xeyli qismi məhəbbət mövzusundadır. Bu mövzuda və xalq şeiri şəkillərində (xüsusən qoşmalarda) olan əsərlərdə M.P.Vaqifin, Aşıq Ələsgər gözəlləmələrinin təsiri duyulur. Bu təsir təkcə ruh, məzmun və forma yaxınlığı ilə qurtarmır, həm də ayrı-ayrı şeirlərin təsiri ilə yazılan nümunələrlə də təsdiq olunur.

Şairin məhəbbət mövzusunda olan əsərlərini şərti olaraq iki qismə bölmək olar: gözəllərin təsviri və saf məhəbbətin tərənnümü.

A.Padarlının birinci qismə aid olan şeirlərində təqdim olunan gözəlləronun şəxsən gördüyü və tanıdığı qadınlardır; bu şeirlərdə gözəlin aydın və konkret təsviri ilə bərabər, şairin özünün gözələ olan münasibəti də ifadə olunur.

Onun “Qayıtdı”, “Olsun”, “Bu nişandadır” qoşmalarında, klassik şeir şəkillərində olan “Güldü gül”,”Ey qaşı kəman”, “Ələ düşməz” və s. əsərlərində gözəllər o qədər canlı və füsünkar şəkildə təsvir olunurlar ki, həmin lirik qəhrəmanlar sanki oxucu ilə təmasdadır və onun gözü önündə canlanırlar. “Bu nişandadır” qoşmasında bunu aydın görmək mümkündür: 

 

Ey ağalar, həsrətini çəkərəm,
Bu mələkmənzərin nə zamandadır. 
Onun gözəllikdə yoxdu həmtayı,
Nə Rumu Əcəmdə, nə İrandadır.

Ənbər muyun həm pərişan edəndə, 
Rəna yeriyibən, sərxoş gedəndə,
Ağıl başda qalmaz, həm ruh bədəndə, 
Sevdası sərimdə, eşqi candadır.

Günəşdir uruyu, mahi-müşəkkəl,
Bu əsridə gözəlliyi bibədəl,
Gərdəni sürahi, zülfü müsəlsəl, 
Abdullahın yarı bu nişandadır.

 

Şairin məhəbbətin tərənnümünə həsr olunmuş əsərlərinin irik qəhrəmanları aşiq və məşuq; əsas mövzusu - problematikası isə aşiq-məşuq münasibətləridir. Hicran dərdi, vüsal həsrəti, ümid və kədər, nalə və əfqan, kəskin daxili təlatümlər, həyəcan və iztirablar bu əsərlərin ana xəttini, əsas leytmotivini təşkil edir.Şair məhəbbət mövzusunda olan şeirlərini müəyyən bir hadisə ilə əlaqələndirir ki, bu da emosionallığı xeyli gücləndirir.

Aşiq real, səmimi duyğu və düşüncələri ilə rəğbət oyadır. Bu şeirlərdə aşiq tərənnüm olunan saf məhəbbət duyğularının əsas daşıyıcısıdır.  O, son dərəcə  təmiz qəlbli bir gəncdir. Zəngin mənəvi aləmi vardır. “Gəlmişəm” rədifli qoşmasında aşiq özünü gözələ nazil olmuş bir ayəyə bənzədir. Lirik monoloqlarında özünü "xəstə", "biçarə", "yaralı" adlandıran bu gənc öz sevdiyinə qovuşmaq üçün hər çətinliyə dözür və hər fədakarlığa hazırdır. Ayrılığı ölümdən ağır hesab edir. “Bax” təcnisində deyilir:

 

Sərrafam, istərəm gərək dür mənə, 
Lütf eylə bürqəni, gərəkdir mənə.
Yar səndən ayrılsam, gərəkdir mənə 
Bir molla, bir tabut, bir də qara, bax!

 

 

Aşiqin könlü "bir gülə əsir olmuş", hər an bu gülün həvəsi, ona yetişmək arzusu ilə qovrulub nalə çəkir. Onun naləsinin səsini “Xoş gəlmisən” qəzəlində, “Ey şux, mənim yari-vəfadarımsan sən” misrası ilə başlayan cığalı müxəmməsində,  “Oldun”, “Olsun”, “Görmədim” qoşmalarında, “Gəldi mənim” gəraylısında, “A sayələndi” və “Bax” təcnislərində daha aydın “eşitmək” mümkündür.

“Xoş gəlmisən” qəzəlində vüsala çatmaq üçün aşiqin çəkdiyi əzab-əziyyət belə təsvir olunur:

 

Gör necə birəhmdir, zülmü mənə az eyləməz,

Ol səbəbdəndir mürgi-dil bu təndə pərvaz eyləməz,

Çağırıb könlüm evin bir kərrə avaz eyləməz,

Bu qədər məşuq öz aşiqinə naz eyləməz,

Dilsitan, sərvi-rəvan, əbrukaman, xoş gəlmisən.

 

“Oldun” qoşmasında isə aşiq öz monoloqunda iztirablarını belə dilə gətirir:

 

Başma döndüyüm xubların şahı,
Bir de görüm, indi kimə yar oldun? 
Kim öyrətdi səni, kimlər ayırdı. 
Hansı eşqə düşüb biilqar oldun?

Mən çəkdim yolunda cövrü-cəfanı, 
Sən sürdün qeyrilə zövqü-səfanı, 
Yenə üzdün məndən əhdü-vəfanı, 
Kimlərin sözüylə məndən zar oldun?...

Qəm çəkməkdən canım üzüldü, billah, 
Dilbəri görsəniz deyərsiz: Allah, 
Neyləmişdi sənə fəqir Abdullah, 
Əğyarə gül olub, ona xar oldun?!

 

A.Ələsgərin “Düşdü” qoşmasını xatırladan “Qayıtdı” qoşmasında isə vüsal həsrəti ilə yaşayan aşiqin “yaralı canı” təsvir olunur:

 

Mən görmüşəm gözəllərin çoxunu,

Belə olmaz amma boyu, buxunu,

Müjganından çəkdi xədəng oxunu,

Yaralı canıma çaldı, qayıtdı.

 

Gözlər ikən, gözlərimə yetişdi,

Mürdə cismim eşq oduna tutuşdu.

Şahrahdan qıya baxıb ötüşdü,

Yollarında gözüm qaldı, qayıtdı.

 

Dilimizdə elə sözlər var ki, onların kədərli notlarla səslənməsi insan qəlbindəbir nisgil yaradır. Bu mənada, Padarlı Abdullanın şeirdə “qayıtdı”, “getdi”, “döndü” və s. sözləri yerində işlətməsi və klassiklərə məxsus xüsusi məharətlə qəm-qubarı tərənnüm etməsi həm aşıq şeirindən doğan üslubdur, həm də klassiklərdən gələn peşəkarlıqdır.

Adı çəkilən şeirdə şair həm də hadisənin canlı mənzərəsini yaratmışdır. Sanki burdakı lirik qəhrəmanları – aşiq və məşuqəni, onların rastlaşmalarını, baxışmalarını  və vidalaşmalarınıcanlı olaraq görürük.

Əsərlərdəki məşuqə real insandır. O, işvə-nazı ilə aşiqi haldan çıxaran gözəl bir qızdır. Öz aşiqinə cövrü-cəfa verməkdən usanmır. Lakin məşuqənin əğyara uyması, öz aşiqinə xəyanət etməsi bağışlanmazdır. Şairə görə,  gözəl yalnız öz istəklisinə, aşiqinə diqqət yetirməli, xalq deyimində olduğu kimi, "gözüdağınıq" olmamalı, ancaq öz yarını sevməlidir.  Şair xarici gözəlliklə daxili gözəlliyin-ağlın, kamalın vəhdətdə olmasını qabartmaqla hər bir gözəldə belə bir xüsusiyyətin olmasını istəyir.

A.Padarlının şeirlərində dini-təsəvvüfi motivlər də açıq-aydın hiss edilir. Daha əvvəllər klassik ədəbiyyatda görünən Allah sevgisi və eşqi, “Yaradan ilə yarananın birləşməsi”, yaradana çığınmaq ideyası onun yaradıcılığında sanki yenidən təzahür edir. Bunu şairin Şıx Səmədlə deyişməsində də aydın duymaq olur:

 

Şıx Səməd:

 

Gəlağlama, Abdulla, birdəhərgiz,

Allahın əmrinə olginən düm-düz,

Axır ki, mətləbə yetəcəyik biz,

Sən də fikir çəkmə heç yandan, qardaş!

 

Abdulla:

 

Çevirib üzünü sən ol dərgaha,

Gəl düşmə o qədər fəryada, aha,

Sidqini bağla bir qadir Allaha,

Yan tutma sidqini Xudadan, qardaş!

 

A.Padarlının bədii irsinin az bir qismini də onun bayatıları (müəllifli bayatılar) təşkil edir. Bu bayatılar şairin poetik hünəri olub,  öz-özünə hesabatı da sayıla bilər. Onun Vətənə, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatıları vardır:


Köynəyim dardı mənim,
İşim ahu-zardı mənim,
Abdullah yalan deməz:
Kəbəm Padardı mənim.

Kür üstundə kənd olu,

Dörd tərəfi bənd olu,
Yarın acı sözləri

Abdullaha qənd olu.


Abdullah, apar indi,
Düşmanlar tapar indi,

Sən öldün, mən ölmədim,
Qiyamət qopar indi.

Bu dağları qarısın,
El-obaya yarısın,
Abdullah, yaxşı dostu,
Nə ölsün, nə qarısın.

 

A.Padarlının əsərlərinin kiçik bir hissəsi dəmüasirlərinin əsərlərinə yazdığı nəzirə, onlarla deyişmələri, qıfılbəndlər və mənzum məktublardir. Yuxarıda da qeyd etdiyimiz kimi A.Padarlı  şair Q.B.Zakirin  məşhur “Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana” misrası ilə başlayan müsəddəs-müstəzadının hər bir bəndinə ayrı-ayrı nəzirə yazmışdır. Onun həmçinin müasirlərindən Q.Şəkili, Ş.Səməd, M.Şaban, M.Qurban, M.K.Vardani və digərləri ilə deyişmələri də vardır. Hətta şairin həmyerlisi qarabaldırlı Aşıq Əhmədə ayrıca şeir həsr etdiyi də söylənilir.

Abdulla Padarlının bədii əsərlərinin yazılı ədəbiyyatımızın dil, üslub və şeir şəkilləri baxımından müasirləşdirilməsində, xalq kütlələrindən uzaqlaşmaqda olan divan ədəbiyyatı ilə xalqın mənafeyi arasında sıx bağların qurulmasında böyük polu olmuşdur. O, ədəbiyyatın şifahi və yazılı qolları arasında körpü quranlardan,divan ədəbiyyatı ənənələrini yaşadanlardan, XIX əsrdə aşıq şeirinin yazılı ədəbiyyatda inkişafına təsir göstərənlərdən, öz tənqidi-satirik əsərləri ilə içtimai satiramızın yaranmasına, beləliklə, Azərbaycan ədəbiyyatının inkişafına öz töhfəsini verənlərdən olub.

Abdulla Padarlının əsərləri, xüsusən xalq şeir tərzində yazdığı əsərlər indi də sevilə-sevilə oxunur. Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan ədəbiyyatının XIX əsrdə yaşamış, lakin az tanınmış nümayəndələrindən olan Abdulla Padarlının həyat və fəaliyyətinin dərindən araşdırılması qarşıda duran vəzifələrdəndir.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə         Nəcib Fazil Qısakürəyin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

Nəcib Fazil QISAKÜRƏK:

 

Ya Allaha baş əyər, heç kimsəyə əyməzsən,

Ya hər kəsə baş əyər, heç bir şeyə dəyməzsən.

 

***

Allahsız adamın fikrinə, Allahsız cəmiyyətin məfkurəsinə... inanmıram!

 

***

Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.

 

***

Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq… Yaşarkən təmiz qalsaydıq, öləndə yıxanmazdıq.

 

***

Əgər dadını bilsəniz, çörəyi bölüşmək çörəkdən daha ləzzətlidir.

 

***

Tövbə qapısı açıqdır dediksə, təzə günahlarmı işləməlisən?

 

“Ədəbiyyat və incəsənət”

  (03.04.2024)

 

Bu unikal sənədləri - Firidun bəy Köçərlinin Abdulla Şaiqə  məktublarını 2013-cü ildə görkəmli tədqiqatçı Kamal Talıbzadə üzə çıxarmışdır. “Ədəbiyyat və incəsənət” portalı tədqiqatçının həmin məktublar barədəki qeydlərini diqqətinizə çatdırır.

 

 

Azərbaycan mədəniyyətinin müxtəlif məsələlərinin həllində məktubdan təbliğat və təsir vasitəsi kimi istifadə etmək XIX əsrin ortalarında geniş bir şəkil almışdı. Bu, M.F.Axundzadənin fəaliyyətində daha çox nəzərə çarpırdı. Özünün bir çox qabaqcıl, inqilabi-demokratik ideyalarını böyük ədib məhz məktubları vasitəsilə də yayır və yaxşı nəticələr əldə edirdi. M.F.Axundzadənin bu ənənəsi sonralar davam və inkişaf etdirilmişdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində məktub – artıq kütləvi təsir vasitəsinə çevrilmişdi: mədəni əlaqələrin genişlənməsində mühüm rol oynayır və sürətlə məişətə daxil olurdu. Mədəniyyətin müxtəlif sahələrində çalışan ziyalılar açıq deyə və yaza bilmədikləri mülahizələri, fikirləri, arzuları çox zaman məktub vasitəsilə bir-birinə çatdırırdılar. Odur ki, həmin dövr ziyalılarının dünyagörüşlərini, müasir ictimai-siyasi hadisələrə münasibətlərini və ümumən o zamanın bəzi mübahisəli və dumanlı məsələlərini aydınlaşdırmaq üçün məktublar çox etibarlı sənədlərdir. Bu cəhətdən məktubları toplamaq, öyrənmək, nəşr etmək, oxucuların istifadəsinə vermək vaxtı çatmış mühüm mədəni tədbirlərdən biridir.

 

Dövrünün qabaqcıl, mədəni ziyalısı olan Firudin bəy Köçərlinin də fəaliyyətində müasirləri ilə əlaqəsində məktublaşma mühüm yer tutur. Onun təxminən 1884-1919-cu illəri, yəni otuz beş illik bir dövrü əhatə edən məktubları Azərbaycan mədəniyyətinin müəyyən bir dövrünün bəzi mühüm məsələlərini: təkcə Köçərlinin öz tərcümeyi-halını, ədəbi, pedaqoji fəaliyyətini deyil, ümumiyyətlə, həmin dövrün ədəbiyyatını, pedaqoji fikrini, təlim-təhsil, dil, əlifba məsələlərini öyrənmək üçün qiymətli mənbələrdir.

 

F.Köçərlinin məktublarında bəhs olunan məsələlər müxtəlif və rəngarəngdir. Ancaq ədəbiyyat və maarif məsələləri burada əsas və mərkəzi yer tutur.

F.Köçərli dövrünün, demək olar ki, bütün görkəmli azərbaycanlı ziyalıları, maarif və mədəniyyət xadimləri ilə yazışırdı. Bu yolla o, həm öz fikirlərini yayır, həm də ədəbi həyatdakı yenilikləri, mətbuata çıxa biləmyən mətləbləri, müasirlərinin "ürək sözləri"ni öyrənirdi. Bu isə çox mühüm bir məsələ idi. Şaiqə göndərdiyi məktublardan birində F.Köçərli aydın yazırdı: "Bizim bu əsrişumda ağzını açıb iki kəlmə söz danışmağa da izn vermirlər… Görək, bir vaxt olar, bizim də ağzımız açılar, dərdlərimizi açıq söyləyərik".

F.Köçərlinin arxivində müasirlərindən aldığı məktubların siyahısı saxlanılır. 1884-1919-cu illərdə yazılmış məktubların ümumi sayı 900-ə yaxındır. Siyahıdan aydın olur ki, o, dövrünün qabaqcıl ziyalılarının təxminən hamısı ilə məktublaşırmış. Aşağıdakı rəqəmlərə diqqət edək: Eynalı bəy Sultanov – 20; C.Məmmədquluzadə – 22; N.Nərimanov – 2; M.Ə.Sabir – 2; Ə.Haqverdiyev – 5; N.Vəzirov – 4; H.Cavid – 4; H.Vəzirov – 47; Ü.Hacıbəyli – 14; Y.V.Çəmənzəminli – 6; Ömər Faiq – 23 və b.

Bu rəqəmlər F.Köçərlinin müasirləri ilə nə qədər sıx əlaqə saxladığını göstərməkdədir.

 

F.Köçərli Azərbaycan ədəbiyyatı tarixinə aid əldə etdiyi materialların böyük bir hissəsini məktublarla toplamışdı. Təkcə Sultan Məcid Qənizadə ona 78 məktub göndərmişdi. A.Səhhətin isə onda şeir və tərcümələrlə dolu 27 məktubu var idi. Şair öz tənqidçi dostuna eyni zamanda 32 səhifədən ibarət tərcümeyi-halını göndərmişdi ki, hazırda əldə olmayan bu qiymətli sənəddən o, şübhəsiz, yazdığı ədəbiyyat tarixinin üçüncü cildində istifadə etmişdi.

F.Köçərli məktubları vasitəsilə ozamankı ədəbiyyata, realizmin inkişafına çox güclü təsir göstərirdi. Onun bir çox müasirlərinə yazdığı məktublar görkəmli ədiblərin yaradıcılıq inkişafına az kömək etməmişdi. Məsələn, A.Səhhət 1903-cü ildə Köçərli ilə, onun məktublarında irəli sürdüyü fikirlərlə tanış olmasını özünün və dostu Sabirin yaradıcılığındakı inkişafa, epiqonçu şeirin təsirlərindən uzaqlaşmalarına təsir edən qüvvətli amillərdən biri sayırdı. O, bir məqaləsində yazırdı ki, Sabir "şeir və şairə qiymət qoyan bir nəfəri görməklə (söhbət F.Köçərlidən gedir - K.T.) bu tarixdən ciddən çalışmağa başlayır".

 

F.Köçərlinin çox möhkəm əlaqə saxladığı, faydalı tənqid və məsləhətləri ilə yaradıcılığına təsir göstərdiyi yazıçılardan biri də Abdulla Şaiq olmuşdur.

F.Köçərli ilə A.Şaiq arasında dostluq ilk dəfə qiyabi şəkildə, təxminən 1907-ci ildə başlamışdı. Sonralar bu dostluq get-gedə möhkəmlənmiş, ailəvi yaxınlığa qədər gəlib çatmışdı. A.Şaiq 1912-ci ilin yayında bacısı Ruqiyə və bacısının əri Mirzə Tağı ilə Gürcüstanın Məngilis yaylağında F.Köçərlinin ailəsi ilə birlikdə istirahət etmişdi. Bu görüş hər iki ailəni bir-birinə xeyli yaxınlaşdırmış, F.Köçərli ilə A.Şaiq arasındakı əlaqənin daha da möhkəmlənməsinə səbəb olmuşdu.

 

Məktublardan aydın olur ki, F.Köçərli ilə A.Şaiq arasında möhkəm yaradıcılıq əlaqəsi var imiş, hər ikisi bir-birinə çox fəal yardım göstərirlərmiş. Doğrudur, A.Şaiqin F.Köçərliyə göndərdiyi 24 məktubun heç biri əldə yoxdur. Ancaq F.Köçərlinin məktublarından hər iki tərəfin qarşılıqlı şəkildə gördükləri işləri müəyyən etmək olur. A.Şaiq dostunun üç cildlik "Azərbaycan türklərinin ədəbiyyatı" kitabının nəşri ilə çox maraqlanır, ona bu işdə ciddi kömək göstərirdi. F.Köçərli öz cavan dostuna kitabın əhəmiyyətini izah edərək yazırdı: "Niyyətim pul qazanmaq deyil, ancaq ədəbiyyatımıza cüzi xidmət etməkdir".

 

A.Şaiq bunu başa düşür, həm böyük zəhmətin hesabına yaranmış ədəbiyyat tarixinin zənginləşməsi üçün yeni materiallar göndərir, həm də "toz basa-basa qalmış" əsərlərin çapı üçün Bakı naşirləri ilə əlaqə saxlayrıdı.

F.Köçərli şair dostunun ədəbiyyat tarixinə və folklora dair ona göndərdiyi materiallardan çox razı idi və bu materialların "tarix" üçün əhəmiyyətini təkrar-təkrar qeyd edirdi. 14 sentyabr 1912-ci il tarixli məktubu bu cəhətdən xüsusilə əlamətdardır.

 

A.Şaiq F.Köçərliyə böyük ehtiram bəsləyirdi, onun ədəbi-tarixi mövqeyinə yüksək qiymət verirdi. Şairin XX əsrin əvvəllərində yazılmış şeir dəftərlərində F.Köçərliyə həsr olunmuş şeirlər vardır. Bundan başqa o, 1916-cı ildə "Doğru söz" qəzetində çap etdirdiyi "İki kötük, yaxud iki familiyanın məhvi" poemasını Firudin bəyə ithaf etmişdi. Məktublarda: "Lütf edib "Doğru söz"də dostunuzu yad edibsiniz" – deyərkən o, bunu nəzərdə tuturdu. Şair dərsliklərində F.Köçərlidən tez-tez istifadə etmiş, nəhayət, 1958-ci ildə onun haqqında kiçik bir xatirə də yazmışdır.

 

A.Şaiqin arxivində F.Köçərlinin 13 məktubu vardır. A.Şaiq isə ona 24 məktub yazmışdır.

Məktublardan müəyyən etmək olur ki, F.Köçərli müasir ədəbiyyatı çox diqqətlə izləyirmiş, müasirlərinə dövrün ədəbi hadisələri haqqında mülahizələrini, tənqidi qeydlərini bildirməyi özünə borc bilirmiş. Məktubların hamısında, əsasən, ədəbiyyat, dil, maarif, ümumiyyətlə, mədəniyyət məsələlərindən söhbət gedir. Onların heç biri şəxsi səciyyə daşımır. İlk dəfə "Azərbaycan" jurnalında çap olunan məktublar F.Köçərlinin ictimai-siyasi və ədəbi görüşlərini, eləcə də onun Abdulla Şaiqin ədəbi-pedaqoji fəaliyyətinə münasibətini aydınlaşdırmaq üçün qiymətli sənədlərdir.

 

Məktublardan görünür ki, F.Köçərli cavan yazıçının mətbuatda hissə-hissə çap olunan "Əsrimizin qəhrəmanları" romanını, hekayələrini, pyeslərini və şeirlərini maraqla oxuyurmuş. Bu əsərlərdə tənqidçinin diqqətini cəlb edən cəhət onların Azərbaycana, milli həyata, xalqın güzəranına həsr olunmaları idi. 26 may 1911-ci ildə Qoridən göndərdiyi məktubda F.Köçərli bu cəhəti xüsusilə qeyd edir.

 

Realizmin əsas xüsusiyyətlərini bir müəllim kimi öz gənc müasirinə başa salan tənqidçi onu ərəb, fars və osmanlı sözlərini yerli-yersiz işlətdiyi üçün tənqid edir, canlı xalq dilini dərindən öyrənəmyə çağırırdı.

 

Başqa bir məktubunda F.Köçərli "Dağlar sultanı" şerinin müvəffəqiyyətini şairin realizmə sadiq qalması ilə, şerin "açıq dildə yazılması" və təsvirlərin həqiqətə müğayir olmaması ilə izah edir. O göstərir ki, şeirin təsirli çıxmasına səbəb şairin öz ilhamını bilavasitə həyatdan alması olmuşdur: o, gördüyü, duyduğu aləmi qələmə almış, bu isə təsvirlərin real, təbii çıxmasına səbəb olmuşdur.

 

F.Köçərli A.Şaiqin Sabirin ölümünə və "Dəftəri-hicran" adı ilə yenicə vəfat etmiş arvadına həsr etdiyi mənzumələri həqiqi şeir nümunələri kimi, "dəruni və pak hisslərin" məhsulu kimi qiymətləndirirdi.

 

Məktublarda A.Şaiqin uşaqlar üçün yazdığı bədii əsərlər və dərsliklər haqqında maraqlı fikirlər vardır. O zaman məktəb səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulan "Gözəl bahar" məktublarda "Bahar xanım" adı ilə getmişdir (görünür, ilk adı belə olmuşdur). "Gözəl bahar" pyesi haqqında yazırdı: "Qızlara bir pərdədə "Bahar xanım" ünvanında yazdığınız mənzumə bəd deyil, ondan yaxşı operetta əmələ gələr… Bu barədə Üzeyir Hacıbəyliylə məsləhət ediniz… "Bahar xanım" qızlar və uşaqlar üçün ən xoşagələn və münasib operetta ola bilər".

 

Məktublardan öyrənirik ki, A.Şaiq hələ 1908-ci ildən 3-cü və 4-cü siniflər üçün dərsliklər tərtib etmək fikrində imiş. F.Köçərli cavan müəllimin yeni təşəbbüsünü alqışlayır, ona bu işdə köməyini vəd edir, dərsliklər üçün yeni uşaq şeirləri yazdırmaq məqsədilə Mirzə Ələkbər Sabirə müraciət etməyi məsləhət görür. O yazırdı: "Onun (Sabirin-K.T.) dəxi təbi-səlim olmağı məlumunuzdur".

 

Azərbaycan ədəbi dilini əcnəbi dillərin təsirindən xilas etmək, öz təbii yolu ilə onun inkişafına nail olmaq F.Köçərlinin tənqidçilik fəaliyyətində ayrıca yer tutur. Bir demokrat kimi o, ədəbi dilimizi ümumxalq dili əsasında inkişaf etdirməyə çağırır, bu sahədə əyintiyə yol verən yazıçıları aramsız tənqid edir. F.Köçərli göstərir ki, ədəbi dil ilə oxucu arasında sıx əlaqə yaratmaq üçün onu sadələşdirmək,xalqa yaxınlaşdırmaq lazımdır. Eyni fikirlərə onun A.Şaiqə göndərdiyi məktublarında da geniş yer verilmişdir.

Məsələn, F.Köçərli A.Şaiqin 1912-ci ildə çap olunmuş "Gülzar"ını bir dərslik kimi bəyənirdi. O yazırdı: "Gülzar"da təlim və tədrisə layiq məlumat çoxdur. Belə ki, ali siniflərdə oxuyan şagirdlərə ən yarar və ən münasib kitabdır. Xüsusən onun üçüncü hissəsi mənə xoş gəldi…"

Ancaq bununla belə, F.Köçərli "Gülzar"da çap olunan bəzi bədii parçaların dilini kəskin tənqid edirdi. 10 fevral 1913-cü il tarixli məktubunda müəllifə məsləhət görürdü ki, dərsliyin ikinci çapında mütləq dil xətalarını islah etsin.

 

F.Köçərlinin dil haqqında məktublardakı mülahizələri çox səciyyəvidir: "Dünyada hər şey gündən-günə tərəqqi tapdığı surətdə dili bir halda saxlamaq olmaz. Dilə də lazımdır tərəqqi vermək" (14 iyun 1911). "Ana dilini yaxşı bilməkdən ötrü lazımdır Qasım bəy Zakir, Molla Pənah Vaqif, İsgəndər ağa Şakir kimi milli şairlərin əsərləri oxunsun" (26 may 1911).

Abdulla Şaiq dostunun və müəlliminin məsləhət və tənqidlərilə əksərən razılaşır, onların çoxuna öz yaradıcılıq təcrübəsində əməl edirdi. O, sonralar "Köç" hekayəsinin dilini xeyli sadələşdirməli olmuşdu. Bununla yanaşı, gənc ədib başqa əsərlərini də müntəzəm olaraq F.Köçərliyə göndərir və ondan lazımi göstərişlər alırdı.

Maarif sistemində nöqsanlar, bürokratizm, çarizmin milli dilləri sıxışdırmaq siyasəti, müəllimlərin vəziyyəti kimi məsələlər də məktublarda bu və ya başqa dərəcədə öz əksini tapan məsələlərdəndir. F.Köçərli A.Şaiqin təlim-tərbiyə işlərindəki fəaliyyətinə çox həssas münasibət bəsləyirdi, pedaqoji görüşlərini təqdir edirdi. O, "Gülzar"ı bir dərslik kimi bəyənirdi. A.Şaiqin tərtib etdiyi yeni proqram haqda fikri belə idi: "Proqramların cümləsindən ziyadə siz tərtib etdiyiniz mənə xoş gəldi. Əgər onda yazdığınız maddələrin cümləsinə əməl olunursa, onda sizin şagirdlər kursu tamam etdikdə türkcədə gərəkdir yaxşı savadlı olsunlar; buna da mənim şəkkim yoxdur. Hər bir peşənin və elmin təlim və tədrisində müəllimin vücudu böyük şərtdir… Bizim lisan müəllimləri şagirdlərinə heç bir şey öyrətməyib ana dilinin feyz və lətafətindən onları məhrum edirlər" (6 mart 1917).

 

Məktublarda "Azərbaycan türklərinin ədəbiyyatı" kitabının illərlə yaradılması prosesi, onun yazıldıqdan sonra necə təkmilləşdirilməsi, neçə cilddən ibarət olması, nə üçün uzun illər çap oluna bilməməsi, alimin keçirdiyi həyəcanlar da əks etdirilmişdir.

 

Məktublar F.Köçərlinin öz şəxsiyyəti haqqında da bəzi məsələləri aydınlaşdırmağa kömək edir. On üç məktubu oxuyub qurtardıqdan sonra insanın qarşısında çox mehriban, qayğıkeş, mədəni, çəkilən əməyə, zəhmətə qiymət qoymağı bacaran qədirşünas bir vətənpərvərin, bütün varlığı ilə xalqa bağlı bir vətəndaşın surəti canlanır.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə nə şeir, nə də hekayə paylaşılacaq. Bu gün çətin REPORTAJ janrına müraciət olunacaq. Və bu çətinliyin öhtəsindən asanlıqla gələn Şəfa Vəlinin reportaj məkanı Şəkidə Sabit Rəhmanın ev muzeyidir.

 

                                                        

Oxunmayan hekayələr yazırıq. Eşidilməyən çığırtılarımız var; gənziyimizdəki bitməyən öskürəklərin səbəbi soyuqdəymə deyil.  Nağıllardakı dibigörünməz quyuların başına aşiqlər gedir. Qırx arşınlıq məsafələrin ən yüyrək yolçusudur xatirələr. Və bu xatirələr bu yüyrəkliklə heç vaxt mənzil başına çatmır.  Fəlsəfi oldu yazımın girişi, bilirəm.   Yaşın elə bir dövrünə gəlib çatmışıq ki, mürəkkəbliklə sadəliyin qovşağındayıq. Bilirəm, uzağı, 5 ildən sonra hər şey daha da sadələşəcək gözlərimizdə.  Karlson kimi, bütün baş verənlərə “adi həyati hadisə” deyib keçəcəyik. Və onda qayıdıb bu yazılara baxanda  ötürdüyümüz günlərin içində həyat axtardığımıza güləcəyik də... Bir pişik miyoltusuna diqqətlə qulaq asıb: “Həyat elə buymuş!”-dediyimi təsəvvür edə bilmirəm, amma ürəyimdə  bunun baş verəcəyinə əminəm və səbirsizlənirəm. Dedim axı, yaşın elə bir dövründəyik ki, ömrün sonuna çatmağa-yaşanacaqların hamısını yaşamağa, özümüzə gülməyə tələsirik.

Bu yaxınlarda kəşf etmişəm ki, paxıllığım var. Mənimçün naməlum olan gələcəyi yaşamış olanlara elə paxıllanıram, elə paxıllanıram,  təngnəfəs qaçmaq istəyirəm onların ömür yollarında. Baxmaq istəyirəm həyata onların baxdıqları pəncərələrdən...    

Yenidən ruhundan doğulanlardan idi Sabit Rəhman. Haqqında oxuduqca, yazdıqlarını anladıqca  bu fikrimə şübhə yeri qalmır. Yoxsa adam bu boyda gülə bilməzdi. “Bu boyda...” Göyçəlilərin bu sözü deyərkən əlləriylə kainata işarə etdikləri sirrini də açım,  ölçüsüzlüyü özünüz təxmin edin.   Bilirəm, çoxları ədibin gülüşünün qaynağını Şəki torpağında axtarır. Bir mənada, haqlı sayıla bilərlər. Lakin “Şəki yumoru”, “Şəki şirinliyi” qavramlarının da insan ruhundakı sancının nəticəsi olduğu haqqında düşünmək lazımdır.

Bir də, Şəkiyə yolunuz düşəndə Xan sarayını, Karvansarayı gəzib-görəndən sonra ev-muzeylərinə baş çəkin. O evlərdə doğulanların bir həyatı deyil, minlərin, milyonların həyatını, sözün əsl mənasında, yaşadıqlarını bilmək  həyatı fərqli aspektlərdən göstərəcək sizə...

Məsələn; Sabit Rəhmanın ev-muzeyinə gedin... Əlinizdəki “bələdçi kitabçası” bu yazı olsun.

        

***

 

Payızda getdim mən ədibin ev-muzeyinə.  Balaca həyət payızla qışın görüş öncəsi bəzəndiyi məkan idi. Ağaclardan tökülən yarpaqlar şehi buz tutmuş çəmənliyə yayxanaraq pıçıltılarını küləklə bir-birinə göndərirdilər. 

Məni ev-muzeyinin direktoru Pərvanə xanım İskəndərova qarşıladı.  Pərvanə xanımın doğmasəsi, gülümsəyən çöhrəsi  məndə şükran duyğuları oyatdı.“Müasirlik” anlayışının göz görə-görə bir az da insanlığımızdan, mərhəmətimizdən, mədəniliyimizdən oğurladığı bir vaxtda  xoş təbəssüm dəva-dərmandır ruhumuza...

Pillələrlə muzeyin ikinci mərtəbəsinə qalxırıq. Pərvanə xanım pilləkənin başında dayanıb görünən mənzərəyə nəzər salır və köksünü ötürərək deyir:

– Hər köçüb getdiyi evdə insan bir parça özündən qoyur...

Razılaşdığımı bildirmək üçün başımı sallayıram.  Kiçik dəhlizdən keçib aynabəndə giririk. Qapı ilə üzbəüz divardakı taxçalar çəkir diqqətimi. Taxçalardakı əşyalara toxunmağı etik saymıram, amma baxışlarıma çərçivə qoymaq mümkünsüzdür.  Pərvanə xanımın incəsənəti bütün çalarlarıyla sevən, duyan  həssas ruhu   beynimdən keçən sualı cavablayır:

– Muzeydə 707 eksponat var.  701 eksponat idi. 2021-ci ildə Ceyran xanım 6 eksponat  da hədiyyə etdi.

Ədibin nəvəsi, bəstəkar Emin Sabitoğlunun qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, musiqişünas Ceyran Mahmudovanı nəzərdə tutduğunu bilirəm.  Amma ən çox xoşuma gələn Pərvanə xanımın  açıqlamanı verməməsi idi.  Demək, hələ də ürəyində o inam vardı ki, Azərbaycan xalqı öz ziyalılarını yaxşı tanıyır... Bu inamı çox xoşlayıram, çox... Əlimlə taxçadakı əşyalara işarə edirəm:

– Əşyalar elə bu evə aiddir?

– Sabit Rəhman 1910-cu ildə bu evdə doğulub. 1936-cı ilədək burada yaşayıb. 1934-36-cı illərdə Şəkidəki “Mübariz” qəzetində, “Nuxa fəhləsi” qəzetlərində işləyib. Daha sonra Bakıya köçüblər.  Yəni ədib 26 yaşından sonra Bakıda yaşayıb. Təhsilini orada davam etdirib, ailə həyatı qurub. Muzeydə ədibin ata-anasından qalan əşyalar da var, Bakıdakı evindən gətirilənlər də.

– Sırf bu evə aid olan əşyalar hansılardır? – Marağımdakı itiliyə yenilirəm.

– Aşağıdakı – birinci mərtəbədəki ekspozisiya otağında olan əşyaların hamısı bu evə aiddir. O otağı Sabit Rəhmanın anası Münəvvər xanım mətbəx kimi istifadə edib. Məişət əşyaları, mis qablar anasının, ailəsinin istifadə etdikləridir.

Pərvanə xanım danışa-danışa açıq qapıdan içəri otağa daxil olur. Mən də arxasınca addımlayıram. Hiss edirəm ki, addımlarım, nəinki, bu evə, Şəkiyə, Azərbaycanımızın qudsal sərhədlərinə sığmayan ehtiramımın diqtəsindədir. Pərvanə xanım əlini ehmalca yazı masasına toxundurur:

– Sabit Rəhman Azərbaycan ədəbiyyatına bəxş etdiyi o gözəl əsərlərini bu masada yazıb.

Masanın üzərindəki iki çay stəkanı çəkir diqqətimi.  Dövrümüzün böyük türk şairlərindən olan Orhan Bahçıvan şeirlərindən birində deyir: “Çay, arkadaşım çay...”  Məncə də, yazıçı qələminin ən yaxın dostu çay olmalıdır. Hər abzasdan sonra, soyumuş olsa da, bir udumluq çayın dadı hopmayan yazı səmimi ola bilməz!   Özümün yazı-çay vərdişimi xatırlayıram.  Hər yazı bir əhvaldan doğulur,  hər əhvalın da fərqli rəngdə fincanı, ayrı dadda çayı olmalıdır. Düşüncələrim  dilimdən tökülür:

– Görəsən, ədib hansı əhvalda  balaca stəkanda, hansı əhvalda böyük stəkanda çay içirmiş?

Sualıma cavab gözləmədiyimi bildiyi üçün Pərvanə xanıma mütəşəkkir oluram.  Sonra başımı qaldırıb otağı süzürəm. Yazı masası ilə üzbəüz duran royalın başında çox yox, ikicə gün dayanıb xəyala dalsam,  gənclərin əl-əl axtardığı  duyğulu romanlardan birini yazmaq olar. Royal çox möhtəşəmdir. Pərvanə xanım danışır:

– Royal 1912-ci ildə-ədibin 2 yaşı olanda atası Əbdülkərim Nəbizadə tərəfindən alınıb.  Sabit Rəhmanın musiqi təhsili olmayıb. Amma royalda gözəl ifa etməyi bacarıb. Hələ 1923-1926-cı illərdə Bakı Darülmüəllimində oxuyanda onun musiqi müəllimi  böyük  bəstəkarımız Üzeyir Hacıbəyov olub. Dahi bəstəkarımız belə bir ifadə işlədib: “Əgər Sabit Rəhmanın musiqi təhsili olsaydı, ondan gözəl bəstəkar olardı”. Ədibin musiqi istedadı oğlu Emin Sabitoğluna keçib. Maraqlısı budur ki,   hələ o dövrdə-XX əsrin əvvəllərində  rayonda kimsə evinə royal alır. Heç bir musiqi təhsili almayan övladlarından biri-Sabit Rəhman royalda ifa etməyi bacarır. Ədibin böyük qardaşı, hərbi həkim Zahid Mahmudov tar çalıb.

– Belə düşünürəm ki, ədibin atasının musiqiyə marağı olub.

– Olar... O ehtimal da qəbul olunandır. Musiqini sevib, həvəsi olub, istəyib ki, uşaqları musiqini anlasınlar... O vaxt filmlər səssiz verilirdi.  Filmlər Şəkidə göstərildiyi vaxtlarda Sabit Rəhman kənardan royal çalar, bir növ, filmə səs əlavə edirmiş.

Açıq qapıdan içəri təpilən külək pərdələri yellədir. Şəkinin tərtəmiz, dumduru, adamı  tənhalığın ən rəngli naxışına sürükləyən havasını ciyərlərimə çəkir, bir gümana sarılıb deyirəm:

– Sabit Rəhman yay aylarında buraya gəlib də, yəqin ki?

– Hər halda,  gəliblər. Emin Sabitoğlu ömrünün sonunadək bu evə, Şəkiyə bağlı olub. İstəyirdi ki, muzeyin açılışı daha möhtəşəm olsun. Ev bərpa edilsin, daha gözəl ekspozisiyaqurulsun. Təəssüf ki, muzeyin açılışı ona qismət olmadı. Muzey 2001-ci ildə yaradılıb.  Emin Sabitoğlu 2000-ci il  noyabrın 18-də dünyasını dəyişib.  Emin Sabitoğlu bu evi dövlətə hədiyyə verib ki, atasının burada ev-muzeyi yaradılsın.

– Emin Sabitoğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən biri də budur.

– Bəli.

– Şəfiqə Axundovanın doğulduğu ev var Şəkidə. Getdik o məhəlləyə, kiçik bir lövhə də tapammadıq binanın üstündə ki, “Şəfiqə Axundova burada doğulub” yazılsın.  Evi tapa bilmədik...

– Satılıb o ev başqa adama... – Pərvanə xanım təəssüflə köks ötürür.

– Satılsa da,  ev-muzeyi olmasa belə, kiçik bir lövhə vurula bilər deyə düşünürəm.

– Əlbəttə, lazımdı! Bu yaxında Şəfiqə xanım haqda film çəkirdilər. Məkan kimi bizim muzeydən də istifadə etdilər.  Evin ab-havası,  royal filmin mövzusuna çox uyğun oldu.

– Muzeydə ədibin əlyazmalarından varmı?

– Yox... Sabit Rəhmanın arxivi Ceyran  xanımda olar...

– Ümid edək ki, yavaş-yavaş nə var-nə yox, buraya  hədiyyə edəcək. Necə ki, indiyədək çox şey hədiyyə edib. Sizə verilən eksponatlar yalnız ailə tərəfindən verilib,yoxsa başqa şəxslər tərəfindən də verilənlər var?

– Muzey 2001-ci ildə açılasıydı. Buradan nümayəndə heyəti getdi Bakıdakı evlərinə. O vaxt Sabit Rəhmanın ömür-gün yoldaşı İsmət xanım sağ idi. Şəxsən İsmət xanım özü masanı, radionu, şəkilləri, divardakı kitab rəflərini verdi muzeyimizə.

– İsmət xanım da şəkilidi?

– Yox. O, əslən İrəvan xanlarının nəslindəndir.

– Bildiyimə görə, bu ev Şəkidə tikilən ilk daş evlərdəndir.

– Hə. Bu səbəbdən Sabit Rəhmanın nəslinə “Daşagirənlər” deyilib. Ta qədimdən bu küçə Əfqanlar olub. Daha sonra Ağvanlar adlanıb.

– Daşdan ev tikdiklərinə görə, demək olarmı ki, Sabit Rəhmanın ailəsi varlı olub?

– Ədibin tacir babası sonradan müflis olub. Ondan qalan borcları Sabit Rəhmanın atası ödəyib.Ailədə 6 uşaq olublar: 3 bacı, 3 qardaş.  Bir az kasıb yaşasalar da, ailə təhsilə dəyər verib.  Sabit Rəhmanın kiçik qardaşı Əthəm Mahmudov fizika-riyaziyyat müəllimi olub.  Bacısının biri həkim, biri mühasib olub. Göz həkimi olan bacısı Zivər xanımın nəvəsi bir dəfə bizə qonaq gəlmişdi. Sabit Rəhmanın bir oğlu, iki qızı olub: böyüyü Emin Sabitoğlu, qızları Gültəkin xanım və Afət xanım.  Emin bəylə Afət xanım haqq dünyasındadırlar. Gültəkin xanımın isə 80-ə yaxın yaşı var. Son dəfə 2014-cü ildə buraya gəlib. Səhhətinə görə gələ bilmir.  Ədibin 3 də nəvəsi var: Emin Sabitoğlunun qızı Ceyran xanım, Gültəkin xanımın oğlu Polad müəllim, Afət xanımın qızı Xumar xanım. Polad müəllimin oğlunun adı Sabitdir. Divardakı afişaları Polad müəllim hazırlatdırıb, gətirib muzeyimizə. 

– Bu ətrafda ədibin qohumlarından yaşayan var?

– Yox. Bu yaxınlarda bir oğlan gəlmişdi. Dediyinə görə, babası Sabit Rəhmanla əmiuşağı olub. Dedim, elə bir sənəd varmı? Yaxud nəsildə elə bir yaşlı adam varmı onunla söhbət edək? Bəlkə, bilmədiyimiz nəyisə öyrəndik. Dedi: “Yox”. Məsələn; mən indiyədək bilmirəm ki, ədib niyə “Rəhman” təxəllüsünü götürüb. Mahmudov Sabit Əbdülkərim oğlu. Bəs niyə Rəhman?  Bir söylənti eşitmişəm bu haqda, əslində. Deyirlər ki, Sabit Rəhmanın atasına el arasında “Rəhman əfəndi” deyiblər. Bədirxan Əhmədov sırf Sabit Rəhman yaradıcılığının araşdırmaçısıdır. Təəssüfki, onun kitablarında da  bu haqda heç nə tapmamışam. Sabit Rəhmanın   uşaqlıq xatirələrini yazdığı kitabı var, orada da yoxdur.

– Sanki Şəki camaatının mənəvi varidatlarına qarşı  bir az laqeydliyi var. Məsələn, bu muzeyi axtaranda çox soruşduq,  heç kim bilmədi. Axırda bir yaşlı kişi əlini bu səmtə uzatdı ki: “Orada bir ev-muzeyi olasıdı elə bil”. Yəni bu basalağın camaatı  belə, buranı tanımır. – Gileylənirəm, amma sonra  peşman oluram və söhbətin  səmtini dəyişirəm: –Ev muzeyinin ərazisi nə qədərdir?

– Muzeyimiz 4 otaq, 2 dəhlizdən ibarətdir.  4 otaq 1 dəhlizdə hazırda ekspozisiya nümayiş olunur.  1 dəhlizdə isə eksponatları saxlayırıq. 105 m2 sahəyə malikdir.  Muzey açılanda əlimizdə olan məlumat bu idi ki, ekspozisiya sahəmiz 91 m2-dir. 14  m2 həyətyanı sahəmizdir. 2023-cü ilin iyul ayında nazirlik tərəfindən monitorinq keçirildi.  Monitorinqin nəticələri bizə veriləndə daha dəqiq rəqəmlər deyə biləcəyik.  Tiraltıdır bura, yəni bir dam örtüyündə iki bina var: muzey və yaşayış binası. Ev illərlə kirayəyə verilib. Sabit Rəhman Şəkiyə gəlib həmin vaxtlar. Güman edirəm, ya qohum evində, ya ayrı yerdə qalıb.

– Ziyarətçilər çox olurmu?  Gələnlər məkan haqqında məlumatlıdırlarmı, yoxsa təsadüfən gəlirlər? Xüsusən əcnəbilər Sabit Rəhmanı tanıyaraqmı gəlirlər, yoxsa Şəkinin gəzməli-görməli yerlərindən birində olmaq marağı ilə?

– Ziyarətçilərimiz çox olur desəm, yanlış olmaz. Əksəriyyəti bilərək gəlirlər. Şəkidə Sabit Rəhmanın ev-muzeyi olduğunu bilənlər yollarını buradan salırlar. Əcnəbilər  isə Şəkidə gəzməli yer kimi baş çəkirlər muzeyimizə. Şəkixanovların evinə əllərində xəritə ilə gələn turistlər bu küçədən keçirlər. Təbii ki, muzeyin mövcudluğu onların marağını çəkir. Bina olaraq xoşlarına gəldiyini deyirlər.  Sonra ingilis dilində məlumat verilir onlara ki, Sabit Rəhman kimdir, nə xidmətləri var.

– Belə anlayıram ki, ziyarətçilər buradan təəssüratla qayıdırlar.  Gələcəklə bağlı elə planınız varmı ki, ədib haqqında açıqcalar olsun, əsərlərinin müxtəlif dillərdə nəşri olsun? Turistlərin özləriylə apara bilmələri üçün.

– Maraqlı olar... Amma bunlar hamısı vəsait istəyir. Muzeyimizin bukletləri var.  Onu da hər ziyarətçiyə vermək mümkünsüzdür. Çalışırıq ki, ən az dövlət, incəsənət xadimlərinə həmin bukletlərdən verək.

– Gələn qonaqların ən çox maraq göstərdikləri eksponat hansıdır?

– Royal. Biləndə ki, royalın 100-dən çox yaşı var, deyirlər: “Necə olub ki, bir əsr əvvəl evə royal alıblar?”

Yenə royal... Yenə duyğu dolu bir roman yazmaq fikri...Yox, mən o romanı yazmayacağam. Bəzi romanları yaşamaq yazmaqdan daha gözəldir axı.   Divar sobasına, bacaya, taxçalara, insanı bir an içində XX əsrin əvvəlinə, oradan 1960-cı illərə ötürən əşyalara baxır, qeyri-ixtiyari soruşuram:

– Sabit Rəhman bu evdə yaşasaydı, yenə Sabit Rəhman olardımı? Yoxsa burda da “geniş, perspektivli mühit” qavrayışı qarşımıza çıxır?

Pərvanə xanım azacıq fikrə gedir. Elə bil nəyisə deyib-deməməkdə tərəddüd edir. Maraq məni əsarətinə alır. Qeyd dəftərçəmə yazıram:  “Yaşanan romanlar yazılan romanlardan qiymətlidir”. Nəhayət, Pərvanə xanım deyir:

– Bir yaşlı adamın danışdığına görə, o vaxt Sabit Rəhmanın burada bir istəklisi olub. Nəsə alınmayıb. Bir az da ona görə ədib Şəkidən küsüb. Bu məlumatın nə dərəcədə doğru olub-olmadığını bilmirəm.

– Dəqiq olduğunu bilə adam, araşdıra, yaza, qəşəng sevgi romanı çıxar. Amma təəəssüf ki,  məşhur adamlar haqqında söyləntilər yaymaq şakəri də var insanlarda.  – Bugünlük roman söhbətinə nöqtə qoymalıyam...

Şəkil albomlarına baxırıq,  muzeyə gələn Emin adlı ziyarətçilərin fəxrlə: “Emin Sabitoğlunun adını qoyublar mənə!” – deməsinə gülümsəyirik. Birdən gözüm qozadan hazırlanmış cücələrə sataşır.

– “Ulduz” filmindəki cücələrdi bunlar?

– Hə, Nəsibə Zeynalova hədiyyə edib bunları ədibə.

Əlimi cücələrə tərəf uzadıram, amma tez də “eksponatlara əl vurmaq olmaz!” sözlərini xatırlayıb geri çəkirəm. soruşuram:

– Görəsən, bunları Nəsibə xanım özü düzəldib?

– Təəssüf ki, dəqiq heç nə deyə bilmirəm bu haqda.  Amma rəhləni  zəngin Azərbaycan mətbəxi haqda fundamental tədqiqatların müəllifi Hacı Cabir Xəlfəzadə hədiyyə edib muzeyimizə. O, Emin Sabitoğlunun yaxın dostlarından biri idi.

– Muzeyinizin  dostluq etdiyi muzeylər hansılardır?

– Şəkidəki muzeylərlə mədəni əlaqələrimiz var. 3 nömrəli musiqi məktəbi ilə sıx əməkdaşlıq edirik.  Hər il şagirdlər üçün ekskursiyalar təşkil edirik.  Şagirdlərdən əksəriyyəti Sabit Rəhmanı tanıyaraq, yaradıcılığı haqqında məlumatlanaraq gəlirlər. Bununla belə, kədərli də olsa, deməliyəm ki, ədibi tanımayanların da sayı az deyil.

Payız küləyi bayaqkına nisbətən daha hiddətlə girir içəri; pərdələri yelləməklə qalmır, bizi də üşüdür. Qələmimi, dəftərçəmi masaya qoyub əllərimi ovuşdururam. İnsanın ruhunu isidən bu gözəl məkanda Şəki payızının kəskin ayazı bizi reallığa qaytarır. Pərvanə xanım baxışlarını aşağı salır, astadan danışır:

– Muzeyimizin istilik problemi var. Xidmət otağımız yoxdur deyə, aşağıdakı ekspozisiya otağında xidmət göstəririk. Soyuqlar düşəndə məcburən orada odun sobası yandırırıq. Eksponatlara nəm də ziyandır, istilik də. Xüsusi temeparturda qorunmalıdırlar.

– Divar sobasını yandırmaq olmaz  burada-ikinci mərtəbədə?

– Qədimi evdir, yoxlanmamış, uyğun olub-olmadığını bilməmiş divar sobasını yandırmaq riskdir. Bir şey də var ki, istiliyin olduğu qədər, soyuğun da eksponatlara ziyanı var. Qışda bura  o qədər soyuq olur ki, ziyarətçilər paltoda, papaqda gəzirlər muzeyi. Psixrometr-havanın nisbi rütubətini təyin edən cihaz var. Amma istilik olmayan yerdə nəyi tənzimləyə bilərik ki?! Ev-muzeylərindəki eksponatların əskəriyyəti şəkillərdir, kitablardır, digər kağız materialdan olan eksponatlardır. Onlara da rütubət qətiyyən olmaz. Hər otağın özünə uyğun rütubəti olmalıdır. 

Aynabənddə var-gəl edir, məni maraqlandıran sualları  sıralayıram:

– Evin  neçə yaşı var?

– Ev Sabit Rəhmanın atasına öz atasından qalıb. Onda belə demək olar ki, ev XIX əsrin əvvəllərində tikilib. Heyif ki, Şəkidə Sabit Rəhmanın xüsusi araşdırmaçısı yoxdur. Onun nəsil şəcərəsi, Şəkidə keçən uşaqlığı,  qəzetçilik fəaliyyəti, teatrdakı xidmətləri barədə daha çox şey öyrənərdik.

Otağa keçirəm. Yazı masasına  bu dəfə tamam başqa hisslərlə, başqa əhvalda yaxınlaşıram. Hədiyyəlik qələm sataşır gözümə. Aşağı əyilib ona daha yaxından baxıram. Pərvanə xanım da qələmə tərəf əyilir, deyir:

– Emin Sabitoğlunun qələmi var bizdə, amma ədibin özünün qələmi yoxdur.

Divarın o üzündən çəkic-mişar səsləri eşidilir. Susub dinləyirik... Zaman keçir, divarın o biri üzünə dəyən çəkic zərbələrinin hər biri canıma xof salır. Qorxularımı sözə çevirirəm:

– Tiraltı evdə, yəni yaşayış binasında təmir gedir. O təmirin muzeyə bir ziyanı olmaz ki?

– Əvvəldən nəzərə alınıb, xəbərdarlıq edilib. 2020-ci ildə “Vətən müharibəsi” zamanı muzeylərin əksəriyyətində qiymətli eksponatlar  bükülüb zirzəmilərdə saxlandı. Mənfur düşmən xain, namərd idi axı... Günahsız insanların başına bomba tökürdü. Hər an ehtiyatlı olmalıydıq. İndi də, təmir gedənədək bəzi şeyləri  axşamlar aşağıdakı-birinci mərtəbədəki otağa aparırıq, səhər işə gələndə yerinə qaytarırıq. Bəzi şeylərin üstünə isə sellofanlar çəkirik ki, toz tökülər. 

– İndiyədək olduğum ev-muzeylərinin əksəriyyətində eyni problemlərlə qarşılaşmışam: təmir,   xidmətin maddi tərəfi, təbliğatın yetərincə aparılmamağı. Amma sevindiyim odur ki, bütün ev-muzeylərində  əməkdaşların məkana, eksponatlara sevgisi dərin olub.  Ev-muzeyi olan  şəxsiyyətlərin bir xalqın mənəvi sərvəti olduğunu anlayanlar, bilənlər  işləyir bu məkanlarda. Buna çox sevinirəm. 

– Bilirsiniz də, “O olmasın, bu olsun” filminin ssenari müəllifi Sabit Rəhmandır. Üzeyir Hacıbəyov film haqqında danışarkən deyib: “Sabit Rəhman Məşədi İbada obraz verdi, onu hoqqabaza çevirmədi”.  “Gülüş fenomeni” ədib haqda çəkilən ən yaxşı filmdir. Bizim proyektorumuz yoxdur, amma kompüterlə şagirdlərə göstərirəm bu filmi.  Bir də, çox istəyərdim ki, ədibin “Şeyx Samit” imzası ilə yazdığı felyetonları yer alan “Molla Nəsrəddin” jurnalları da bizdə osun. O dövrdə “Molla Nəsrəddin”ə yazı yazmaq böyük cəsarət tələb edirdi.   Azərbaycanımızın görkəmli maarif xadimlərindən olan Rəşid bəy Əfəndiyev Sabit Rəhmanın atasının dayısı olub. Bu qohumluq əlaqəsi haqqında da dolğun bir məlumat olmasını arzulayıram.

Pərvanə xanım bunları birnəfəsə danışır. Sonra susur... Mən onun susqunluğunda daxilində gurlayan dağ çayının səsini eşidirəm. Onun Azərbaycan mədəniyyətinə  olan ehtiramının səsidir o şırıltı. Heyf ki, çağlayan arzuların qarşısına  “imkan” sözü boyda bəndlər çəkilir...

Qayıdıb masaya boylanıram. Sabit Rəhmanın masaüstü yarpaqlı təqvimi açıqdır... Saralıb, kövrəkləşib, amma  ədibin bu dünyaya gözlərini yumduğu gündə-23 sentyabr 1970-ci ildə açıq qalıb... Ondan sonra bu təqvimin yarpaqları bir daha çevrilməyib.

...Ədibin qızı Gültəkin Mahmudova “Dünya bir pəncərədir” adlı televiziya verilişində deyir: “O, çox prinsipial bir adam idi”.  Xalq şairi Vaqif Səmədoğlunun dediyinə görə,  emosiyalarını saxlaya bilən insan olub Sabit Rəhman. Mənsə “Şirin bülbül” tamaşasındakı  bir cümləni xatırlayıram: “Komediya faciədən sonra başlayır”. Sabit Rəhman haqqında əsaslı bir araşdırma aparılmasını istəyirəm, onun haqqında heç bir məlumatın üstünə sual işarəsi kölgə salmasın, istəyirəm. O zaman məni düşündürən bu sualın da cavabını taparam: “Görəsən, Sabit Rəhmanın komediyaları onun hansı daxili faciələrinin sonrası idi?”

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı sizə bir türkmən və bir azərbaycanlı müəllifin birgə ərsəyə gətirdikləri “Qorkut ata” dastanında türkdilli xalqların qarşılıqlı əlaqəsinin əksi” məqaləsini təqdim edir. Tərəflər – Türkmənistandan – Türkmənistan Dövlət Mədəniyyət İnstitutunun tələbəsi  Yunus Allanazarov və  Azərbaycandan Avrasiya Universiteti Filologiya fakültəsinin tələbəsi Leyla Səfərova.

Öncə mətni azərbaycanca, sonra türkməncə diqqətinizə çatdırırıq.

 

 

Adı bütün dünyaya yayılan qədim Oğuz elinin oğulları bu gün dünyanın hər yerindədir. Onlar bu gün böyüyüb öyrənsələr də, həyatın müasir axınına daxil olsalar da, öz mənşəyini unutmurlar. Onları unutdurmayan şeylərdən biri də “Qorkut ata”dır.

“Qorkut Ata” və ya “Kitabi Dədə Qorqud” dastanı bütün türkdilli xalqlar üçün mənəvi-mədəni dəyərdir. Biz o əsəri müəyyən bir millətə aid saymırıq, o kitab vasitəsilə bütün türk toplumlarını vahid bir ailə kimi görürük. Bu bizə tarixi köklərimizi, dilimizi, adətlərimizi, oxşar cəhətlərimizi öyrənməyə və qardaşlığımızı görməyə kömək edir.

“Qorkut Ata” dastanı müxtəlif illərdə bir neçə türk ölkələrində nəşr olunub. Onlardan 12-si indiyədək aşkar edilib. “Boy” sözü əsasən Azərbaycan dilində işlənir və eyni zamanda yaradılmış mədh mahnısı mənasındadır. Eposun ilk əlyazması hazırda Drezden kitabxanasında saxlanılır. Bu model haqqında ilk məlumat 19-cu əsrdə ortaya çıxdı. Drezden əlyazması hər birində 13 sətir mətn olmaqla 154 səhifədən ibarətdir. Sonrakı illərdə bu əsərin ikinci nüsxəsi Vatikanda tapıldı. Həmin nümunə də 1952-ci ildə italyan alimi Ettori Rossi tərəfindən kəşf edilib və onun 6 boyu var. 20-ci əsrin ortalarında türkmən alimi Ata Rəhmanov türkmən bakşlarından nümunələr toplamış və 16 dessan aşkar etmişdir.

Bütün versiyalarda oğuzların igidliyi, xarakteri, yaşantıları, adət-ənənələri bədii dillə təsvir edilmişdir. Əsərdə Qorkut Ata baş qəhrəmandır və o, ağsaqqal, müdrik,  şair, uzaqgörən kimi təsvir edilmişdir. Oğuzun Bayat tayfasından idi. Onun “Qorkut” adı əfsanə ilə izah olunur. Rəvayətə görə, Qorkut Ata anadan olana qədər üç gün və üç gecə qaranlıq olub. Millət qorxu içində idi. Məhz buna görə də K.Konibartbayev, S.Kaskabakov və E.Tursunov kimi alimlərin qeyd etdiyi kimi, onun adı “Qaranlıqdan çıxaran”, “Qorxu əsasında” mənasındadır. Əsərdə bütün türk xalqlarının advermək, nişan vermək (qohumluq əlaqələrini açmaq), toy etmək, mərhumun Cənnətə göndərilməsi kimi adət-ənənələrinin əhatəli təsviri verilmişdir.

 

Bütün boylarda bir qəhrəmanın, padşahın şücaət və mərdliyinin bədii təsviri var. Onların hekayələrində adı çəkilən yerlərə Orta Asiya, Azərbaycan və Türkiyə, Qafqazın və Ön Asiyanın bir neçə yeri (İstanbul, Rum, Qaradərvət, Evnuk qalası, Ərəfat dağları, Şaberan düzləri, Gökcə dənizi) daxildir. Burada qədim oğuz icmalarının tarix boyu köç etdiyi yerləri görmək olar.

Bir sıra dünya alimləri “Qorkut Ata” dastanı və onun tarixi ilə bağlı işlər aparıblar. Onların arasında V. Bartold, A. Kononov, Q. Araslı, M. Təhmasib, M. Kosayev, B. Qarryev, O. Şaiq, M. Ergin, Y. Reiske və E.Rossi kimi alimləri qeyd etmək olar. Biz həm də fəxr edirik ki, bu dastan dünyanın müxtəlif dillərinə tərcümə olunub. V.Bartoldun fikrincə, eposdakı əsas hadisələr Xan Baymdir dövründə Ağ Qoyunluların (XIV-XV əsrlər) hakimiyyəti altına düşür. Əsərdə Qazan Xan, Dirse Xan, Bekil, Beybedcan, Bamsı, Buğra, Doveh, Domrul, Aruz, Basat, Einek, Seqrek, Emran, Karabudag kimi bir neçə türk adına rast gəlmək olar.

Övliya Çələbinin “Səyahətnamə” əsərində dastanın bir neçə qəhrəmanının və Qorkutun özünün məzarlarının Dərbənd şəhərində (Hazırda Dağıstan Respublikasıərazisindədir) olması barədə məlumat var.

 

“Qorkut Ata” dastanının dili qədim türk dilidir və onda bədii dialektika, gözəl təsvirlər vardır. Əsərdə qəhrəmanlıq, igidlik, namus, bağlılıq və hikmət təbliğ edilir, qorxaqlıq, “ağıl qıtlığı”, zəif iradəsizlik kimi bir sıra keyfiyyətlər pislənir. Dilin sadəliyinə və ümumiliyinə görə bu gün bütün türkdilli xalqların nümayəndələri əsərin orijinal nüsxəsini öz orijinal dilində oxuya bilirlər. O, həm bizi birləşdirən başqa bir varlıq kimi xidmət edir.

 

Bərü gəlgil, başum baxtı, evüm taxtı,

Evdən çıqub yüriyəndəsəlvi boylum,

Topuğında sarmaşanda qara saçlum,

Qurulu yaya bənzər çatma qaşlum,

Qoşa badam sığmayan dar ağızlum,

Güz almasına bənzər al yanaqlum,

Qavunum, verəgim, döləgüm,

Görürmisin, nələr oldı?!

 

Hazırda “Qorkut Ata” dastanının və tarixinin əbədiləşdirmiləsi üçün böyük səylər göstərilib. Bir sıra ölkələrdə Qorkut Ata heykəlləri ucaldılıb, onun adına binalar qoyulub, şəkli pul üzərində yerləşdirilib. 2018-ci il noyabrın 26-dan dekabrın 1-dək Mavrikiy Respublikasında keçirilən YUNESKO-nun 13-cü sessiyasında Qorkut Atanın əlyazmaları və irsinin dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi qərara alınıb. 217 ölkə buna səs verib. Bundan əlavə, TÜRKSOY-un təsis etdiyi və hər il keçirilən beynəlxalq film festivalı Qorkut atanın adını daşıyır. Bu festival 2023-cü ildə Azərbaycan Respublikasında uğurla keçirildi və növbə Türkmənistana çatdı. 2024-cü ildə Türkmənistanda “Korkut Ata” IV Beynəlxalq Film Festivalı keçiriləcək.

Bütün bu fəaliyyətlərin təməlində türk xalqları arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi dayanır. Biz də bütün türk dövlətlərinin hörmətli Dövlət Başçılarına bu böyük işlərə görə təşəkkür edirik.

 

 

 

Ý. Allanazarow,  L. Safarowa

 

“Gorkut ata” eposynda türki dilli milletleriň özara baglanyşygynyň şöhlelendirilişi.

         

Ady dünýä dolan gadymy Oguz iliniň ogullary bu gün ýer ýüzüniň çar tarapynda. Olar bu günde ösüp-örňeseler-de, durmuşyň häzirki zaman akymyna girseler-de öz aslyny we gelip çykyşyny unutmaýarlar. Ony olara unutdyrmaýan barlyklaryň biri bu – “Gorkut atadyr”.

          “Gorkut ata” eposy ýa bolmasa “Kitaby dädem Gorkut” ähli türki dilli halklar üçin ruhy we medeni gymmatlykdyr. Biz ol eseri belli bir millete degişli diýip hasap etmän, eýsem ol kitabyň üsti bilen ähli türki kowumlary bir bitewi maşgala hökmünde görýäris. Bu bolsa bize öz taryhy köklerimizi, dilimizi, adatlarymyzy, meňzeşliklerimizi bile öwrenmäge hem-de öz dogandygymyza göz ýetirmäge ýardam berýär.

          “Gorkut ata” eposy bu gün birnäçe türki ýurtlarda dürli ýyllarda çap edildi. Onuň şu wagta çenli 12 boýy ýüze çykaryldy. “Boý” sözi esasan azerbaýjan dilinde ulanylyp, şol wagtyň özünde döredilen öwgi aýdymy diýen manyny berýär. Eposyň elde ýazylan ilkinji nusgasy häzirki wagtda Drezden kitaphanasynda saklanylýar. Ol nusga baradaky ilkinji maglumatlar XIX asyrda peýda bolýar. Drezden golýazmasy 154 sany sahypadan ybarat bolup, onuň her birinde 13 setir nama bardyr. Ondan soňky ýyllaryň dowamynda bolsa, bu eseriň ikinji nusgasy Watikandan tapylýar. Ol nusga hem 1952-nji ýylda italýan alymy Ettori Rossi tarapyndan ýüze çykarylyp, özünde 6 sany boýy jemleýär. XX asyryň ortalaryna türkmen alymy Ata Rahmanow türkmen bagşylarynyň ýerine ýetirýän nusgalaryny ýygnapdyr we 16 sany dessanyň üstüni açypdyr.

Ähli nusgalarda hem oguzlaryň edermenligi, häsiýeti, başdan geçiren wakalary we däp-dessurlary çeper dilde suratlandyrylýar.Eserde Gorkut ata esasy gahryman bolup, ol aksakal, dana, aýdany bolup duran, ozan, öňdengöriji ýaly keşpler bilen görkezilýär. Ol oguzlaryň Baýat taýpasyndan bolupdyr. Onuň adynyň “Gorkut” bolmagy bolsa, rowaýat bilen düşündirilýär. Rowaýata laýyklykda, Gorkut ata dünýä inmezinden ozal üç gije-gündiz tümlük bolupdyr. Il-ulus gorkyda bolupdyr.  Şol sebäpli hem, onuň ady K. Konibartbaýew, S. Kaskabakow we E. Tursunow ýaly alymlaryň belläp geçişi ýaly, “Tümlükden çykaran”, “Gorkynyň esasynda” ýaly many aňladýar. Eserde türki milletleriň ählisine degişli bolan at dakmak, gudaçylyk(garyndaşlyk açmak), toý tutmak, we merhumy Bakyýete ugratmak ýaly däp-dessurlar giňişleýin beýan tapýar.

Her boýda haýsy hem bolsa bir batyryň ýa hanyň eden edermenligi, mertligi barada çeper beýan edilýär. Boýlaryň wakalarynda agzalýan ýerler hem oguzlaryň ata mesgeni Merkezi Aziýadan başlap, Azerbaýjan we Türkiýe respublikalarynyň hem-de Kawkaz sebitleriniň birnäçe ýerlerini(Stambul, Rum, Garaderwent, Ewnük galasy, Arafat daglary, Şaberan düzlükleri, Gökje deňzi we ş.m.) öz içine alýar. Bu ýerde bolsa, gadymy oguz kowumlarynyň taryh ýüzünde göç eden ýerlerini görmek bolýar. 

Birnäçe dünýä alymlary “Gorkut ata” eposy we onuň taryhy bilen bagly işleri geçirdiler. Olardan W. Bartold, A. Kononow, G. Arasly, M. Tahmasib, M. Kösäýew, B. Garryýew, O. Şaig, M. Ergin, Ý. Reýske, E. Rossi ýaly birnäçe alymlary bellemek bolar. Bu eposyň dürli dünýä dillerine terjime edilendigi hem bizi buýsandyrýar. W. Bartoldyň bellemegine görä, eposdaky esasy wakalar Ak goýunlylaryň dolandyran ýyllary(XIV-XV asyrlar) Baýandyr hanyň hanlyk eden döwürlerine düşýär. Eserde Gazan han, Dirse han, Bekil, Beýbedjan, Bamsy, Bugra, Döwhe, Domrul, Aruz, Basat, Eýnek, Segrek, Emran, Karabudag ýaly birnäçe türki atlara duş gelmek bolýar. Ewliýa Çelebiniň “Syýahatnama” eserinde bolsa, eposyň birnäçe gahrymanlarynyň we Gorkut atanyň özüniň hem guburlary Derbent şäherinde(Dagystan respublikasy) ýerleşýär diýen maglumatlar bar.

          “Gorkut ata” eposynyň dili gadymy türki dil bolmak bilen, özünde çeper dialektikany we ajaýyp suratlandyrmalary jemleýär. Eserde gahrymançylyk, mertlik, namysjaňlyk, ygrarlylyk we ugurtapyjylyk belende göterilip, gysgançlyk, “akly keltelik”, ejize ganymlyk ýaly birnäçe häsiýetler ýazgarylýar. Diliniň sadalygy, umumylygy sebäpli häzirki wagtda ähli türki dilli milletleriň wekilleri eseriň asyl nusgasyny asyl dilinde okap bilýärler. Bu hem bizi baglanyşdyrýan ýene bir barlyk bolup hyzmat edýär.

 

Bärü gelgil başym bahty, ewim tahty,

Ewden çykub ýöreýende selwi boýlum,

Topugynda sarmaşanda gara saçlum,

Gurulu ýaýa beňzär çatma gaşlum,

Goşa badam sygmaýan tar aguzlum,

Güz almasyna beňzär al ýaňaklum,

Gawunum, wiregim, düwlegüm,

Görermisin, näler oldu?!

 

Häzirki wagtda “Gorkut ata” eposyny we taryhyny edebideşdirmek ugrunda uly işler edildi. Birnäçe ýurtlarda Gorkut atanyň heýkelleri dikildi, binalara ady dakyldy, pul birliklerinde şekili ýerleşdirildi. 2018-nji ýylyň 26-njy noýabry we 1-nji dekabry aralygynda Mawrikiý respublikasynda geçirilen ÝUNESKO-nyň 13-nji sessiýasynda Gorkut ata golýazmalaryny we mirasyny bütindünýä maddy däl medeni mirasyň sanawyna girizmek hakynda karara gelindi. Oňa 217 sany döwlet ses berdi. Bulardan başga-da, TÜRKSOÝ tarapyndan esaslandyrylan we her ýylda geçirilýän halkara kinofestiwalaGorkut atanyň ady dakyldy. 2023-nji ýylda ol Azerbaýjan respublikasynda üstünlikli geçirilip, Türkmenistana nobat berildi. 2024-nji ýylda bolsa, Türkmenistanda “Gorkut ata” atly IVhalkara kinofestiwaly geçiriler. Bu işleriň ählisiniň özeninde türki milletleriň arasyndaky doganlyk gatnaşyklary has-da berkitmek göz öňünde tutulýar. Biz hem şol beýik işler üçin ähli türki döwletleriň hormatly Döwlet Baştutanlaryna sagbolsunlarymyzy aýdýarys.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

 

 

 

 

 

 

 

 

 

Çərşənbə, 03 Aprel 2024 11:00

İdeya adamı... - ƏKBƏR QOŞALININ 51-i

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hər dəfə onu görəndə XX əsrin əvvəllərində yaşayıb yaradan ziyalılarımız yadıma düşür. O da Azərbaycan Xalq Cümhuriyyəti dövründəki aydınlarımız kimi vətənini, xalqını dərindən sevən insanlardandır...

 

 “Yaxşı yadımdadır, illər öncə “Altun bitik” adlı kitabım işıq üzü görəndə çox yaxşı qarşılandı, hətta ona görə mənə Rəsul Rza Mükafatı da verdilər. Bizim ustad şairimiz Sabir Rüstəmxanlının iş otağında masaüstü kitab olduğunu gördüm. Rəhmətlik Robert Minnulinin timsalında Tatarıstanda belə rezonans doğurduğunun şahidi oldum. Bir çox insanların o kitaba münasibətindən demək olar ki, ortaq dillə bağlı ehtiyacı ifadə edə bilmişdik. Çox şadam ki, indi bu, fərdlərin yox, artıq ortaq türk qurumlarının qayğısına, vəzifəsinə çevrilib. İndi Türk Dövlətləri Təşkilatının yan qurumları kimi təqdim edə biləcəyimiz Beynəlxalq Türk Akademiyası var, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu var, həmin qurumların, onlarla əməkdaşlıq edən alimlərimizin çalışmaları var. Belə başa düşürəm ki, ortaq dil, ortaq əlifba mövzusu adını çəkdiyim qurum, quruluşlar və bizim qardaş ölkələrdəki elm-təhsil ocaqları da öndə olmaqla onların araşdırma mövzusudur. Bu məsələlər yalnız ədəbiyyatçılar, şair, yazıçılar tərəfindən həll oluna bilməz. Bizlər töhfə verə bilərik. Bu, elə məhz elmi və akademik münasibət tələb edir. Düşünürəm ki, sevda və peşəkarlıq hal-hazırda yanaşı getməlidir. Burada nə tələsə bilmərik, nə gecikə bilmərik. Bax, belə səssiz və sakit bir şəkildə bu prosesin irəliləyəcəyinə inanıram.”- söyləyir...

 

Nə işlə məşğul olduğunu, hansı ideyaya qulluq etdiyini yaxşı bilir. İdeya uğrunda çalışmağın nələrə qadir olduğundan, gördüyü işlərin necə nəticələyindən də xəbərdardır. Yaradıcılıq deyəndə o, yalnız şeir, hekayə yazmağı nəzərdə tutmur, ümumiyyətlə, ədəbiyyata, ədəbi əlaqələrdə bəlli bir tarix yaratmağa çalışır...

 

Deyir ki,- “Dil mövzusunda orta asiyalı qardaşlarımızın bəzi məsələlərdə şansı bizdən daha çoxdur. Bilirsinizmi, bizim coğrafiyada- Anadoluda, otaylı bu taylı Azərbaycanda, Özbəkistanda ərəb-fars sözləri dilin ritmini pozan elementlərlə daxil olub. Ancaq qazaxlarda, qırğızlarda, Rusiya Federasiyasında yaşayan türk xalqlarında dil daha özünəməxsus şəkildə və öz ilkinliyini qoruyub saxlayıb. Əlbəttə, dünyada başqa dillərdən söz almamış dil yoxdur, bütün dillər söz alış-verişində olublar. Ancaq biz bu gün görürük ki, öz türkcəmizdə başqa alternativ özgə sözlərdən istifadə edirik. Ortaq türkcə mövzusunda təkcə bizim respublika deyil, ondan öncəki dövrlərdə Anadoluda və başqa ölkələrdə türkologiya üzrə araşdırmalar da olub. 1926-cı ildə birinci türkologiya Qurultayı da Bakıda keçirilmişdir. Hazırda Beynəlxalq Türk Akademiyası dil mövzusunda çox yaxşı təhsil vəsaitləri və dərsliklər üzrə ciddi çalışır. Son vaxtlar görürük ki, bu bayraqdarlıq Azərbaycanın və Türkiyənin əlindədir. Biz bu məsələdə universal ortama gəlib çıxmışıq. Biz yeni bir dil yaratmırıq, hələlik ən çox daşıyıcısı olan, təsərrüfat baxımından Türkiyə türkcəsi faktiki olaraq ortaq dil statusuna malikdir. Ancaq digər türkcələrimizin də zaman-zaman bir birinə söz alış-verişinin intensivləşməyinə, yeni söz yaradıcılığına, arxaikləşmiş sözlərin lüğət tərkibimizdən çıxarılmasına ehtiyac var. Bu məsələdə şairlərimizin, medialarımızın, filmlərimizin rolu çox böyükdür. Gəlin etiraf edək, türkiyəli qardaşlarımızın sayəsində türk sineması türk ölkələrinə xeyli yeni adlar, deyimlər, üslüblar bəxş edir. Biz o kino sənayesindən faydalanmalıyıq. Biz bu ortaq türkcə ideyamızı ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuza inkişaf etdirməliyik…”

 

Maraqlı və məzmunlu insandır. Özünü daha çox, məhz türkçülüyə həsr edib və bu yolda xeyli əziyyətlərə də qatlaşıb. Mehriban, səmimi, təvazökardır. Sürətli düşünə bilir, hadisələrə obyektiv yanaşmağı bacarır. Araşdırma məsələlərində pərgardır, real faktlara istinad etməyi xoşlayır. Necə deyərlər, boş-boş şeylərə vaxt ayırmağa onun nə zamanı var, nə də həvəsi. Cəmiyyət içində rəftarı və davranışı ilə örnək adamlardandır...

 

“Biz türk dünyası deyəndə son illərə qədər Güneydən açıq danışılmırdı. Bəlkə də, bizim əlimizə çatmayan informasiyalar var. Ancaq bilgimiz daxilində Güney Azərbaycan yazarlarını türk dünyası yazarları sisteminə aid edən əsas qurumlardan biri Dünya Gənc Türk Yazarlar Birliyi olub. Ola bilər ki, Güneydəki mövcud ictimai-siyasi durumlardan dolayı bəzi yazarlarımızı təzyiqə məruz qoymamaq üçün belə addımlar da atılırdı, mən kiminsə işinə kölgə salmaq istəmirəm, ancaq, nəhayətdə, bu iş olmalıydı. Güney Azərbaycansız, Təbrizsiz, Ərdəbilsiz, Savalan ruhu olmadan, nə türk dünyası birliyi? İndi güney və türk dünyası mövzusu bir çox öyrəşmədiyimiz adreslərdən də tirajlanmaqdadır, əlbəttə, mən daha çox yazarlar dünyasını nəzərdə tuturam. Ancaq bunu da təqdir edirəm, bir zaman biz Türk Dünyası deyəndə, Güney Azərbaycan deyəndə, bizə xəyalpərəst kimi baxan, lağlağı edənlərə, indi görürəm ki, daha çox güneyçi, türkçüdürlər. Qoy olsun, bu ziyanlı deyil, nəticə etibarilə, bəlkə, bir faydaları oldu, amma kaş ki, daha səmimi bir ortamda bu işi görsünlər. Hazırda bizi daha ruhlandıran, güc verən ən əsas amil dövlətin münasibətidir…”- söyləyir...

 

Bəli, haqqında söhbət açdığım Əkbər Qoşalı maraqlı və məzmunlu aydınlarımızdandır. Bir söhbətlə onun fəaliyyətini əhatə etmək qeyri-mümkündür. Onun barəsində danışarkən, gərək həyatını, yaradıcılığını, xidmətlərini hissələrə bölüb saatlarla ərz edəsən...

 

Əkbər Qoşalı 1973-cü ildə Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini əvvəlcə həmin kənddə, sonra isə Çatax kənd orta məktəbində alıb. 1995-ci ildə indiki Azərbaycan Texniki Universitetini "Elektronika mühəndisi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və bələdiyyə idarəetməsi" istiqaməti üzrə ikinci ali təhsilə yiyələnib. On beşdən çox kitabın müəllifidir. Xidmətləri müxtəlif mükafatlara layiq görülüb...

Aprelin 3-ü yazıçı, publisist, şair Əkbər Qoşalının növbəti ad günüdür. Ona möhkəm can sağlığı, firəvan həyat, fəaliyyət və yaradıcılığında uğurlar arzulayıram...

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Çərşənbə axşamı, 02 Aprel 2024 17:15

Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

 

 

Aprel ayının 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək.

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutacaq forum nəşriyyat məhsulları və strategiyalarından, eləcə də nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellərdən ibarət olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən xəbər verir ki, ANAİB sədri, Naşirlər Forumu və Oxu Gününün layihə rəhbəri Şəmil Sadiq qeyd edib ki, Azərbaycan Naşirlərinin I Forumu ölkənin müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək: “5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı bu layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır”.

Forum çərçivəsində 27-28 aprel tarixlərində Elmlər Akademiyasının həyətində Oxu Günü-10 sərgi-yarmarkası təşkil olunacaq.

Ölkənin 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirakı ilə baş tutacaq sərgidə möhtəşəm proqram, çoxçeşidli kitabların satışı baş tutacaq.

Müxtəlif endirimlərin tətbiq olunacağı kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar da təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan Naşirlərinin I Forumu və Oxu Günü-10 sərgi-yarmarkasının tərəfdaşları Yunus Əmrə İnstitutu, “MUSİAD Azərbaycan”, “Badamlı”, “Oyal”, “Hədəf Group”, “Şərq-Qərb” və “Globalsoft” şirkətləridir.

Forumda iştirak şirkətlər üçün qeydiyyatla, Oxu Günü-10 sərgisində iştirak isə sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

 

“Qobustan” sənət toplusunun Türkiyədə xüsusi yaz nömrəsi işıq üzü görüb.

Ötən ilin noyabr ayında Türkiyənin nüfuzlu ədəbi təşkilatı olan Türk Ədəbiyyatı Vəqfi və onun mətbu orqanı “Türk ədəbiyyatı” dərgisi ilə qarşılıqlı razılaşmaya əsasən bu nömrə türk mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı “Qobustan” redaksiyasına istinadən xəbər verir ki, jurnalda Xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, şair-publisistlər Fərid Hüseyn, Aysel Xanlarqızı, Pərvin Nurəliyeva, sənətşünaslar Natiq Əfşar, Dürdanə Qurbanova və digər müəlliflərin məqalə və esselərində böyük türk mədəniyyətinin müxtəlif istiqamətləri təhlil olunub.

Bu nömrədə, həmçinin yazıçı-tərcüməçi İmdat Avşar kimi müəlliflərin timsalında qardaş türk yazılı ədiblərinə də yer verilib. Türk və Azərbaycan mədəniyyətini vəhdətdə göstərən dərgi qardaşlığın sənətdəki əksini də önə çəkib. Dərginin bu nömrəsində redaksiya heyəti bir yeniliyə də imza atıb. Belə ki, dərginin mündəricatında QR kodu oxutmaqla yeni, “Baş redaktor təqdim edir” rubrikasını videoformatda izləmək imkanı yaranır. Bir neçə dəqiqədə dərgidəki yazıların ümumi ideyasını ifadə edən redaktor Pərvin Nurəliyeva “Qobustan”ın bu nömrəsini niyə oxumalısınız? - sualının cavabını oxucularla bölüşür.

P.Nurəliyeva dərginin bu nömrəsi ilə bağlı digər yenilikləri də bölüşüb: “Bu ildən qarşımıza yeni hədəflər qoymuşuq. Görünən odur ki, zaman internet və sosial şəbəkələr zamanıdır və bu vasitələrlə oxucuya çatmaq, ona xitab etmək daha doğrudur. Əlbəttə ki, bizdən ötrü bu, yeni bir yoldur, hələ incəlikləri öyrənməyə çalışırıq. Amma bununla belə necəsə başlamağa və ədəbiyyat aləmindən uzaq internet izləyicilərinə də necəsə görünməyə çalışırıq. Dərginin sosial şəbəkə hesablarında qısa, amma maarifləndirici videomateriallar yerləşdirməklə, qısa özəti yenə videoformatda danışmaqla müəyyən bir təbliğat yolu tapmaq istəyirik”.

Onun sözlərinə görə, bu xüsusi nömrənin “Poeziya” əlavəsi də yaxın günlərdə işıq üzü görəcək: “Türkiyə özəl sayının kitab əlavəsi də çapdadır. Yaxın zamanlarda çağdaş türk poeziyasının orjinal nümayəndələrindən biri Furkan Çalışkanın şeir kitabını da oxucularımıza təqdim edəcəyik. Şeirləri Azərbaycan dilinə şair Aysel Xanlarqızı çevirib”.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

 

Şəhriyar adına Mədəniyyət Mərkəzində “JIDIR JAZZ” layihəsinin təşkilatçılığı ilə Azərbaycan caz səhnəsinin əsas simalarından biri olan Rafiq Babayevin anadan olmasının 88-ci ildönümü münasibətilə konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Mərkəzin foyesində görkəmli bəstəkar və musiqiçiyə həsr olunmuş fotoşəkillərdən ibarət sərgi təşkil edilib. Buradakı eksponatlar vasitəsilə caz həvəskarları və pərəstişkarları Rafiq Babayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə edə biliblər.

Musiqili axşamın özü təkcə Rafiq Babayevin yaradıcılığını və irsini ən dərindən təqdim edən xüsusi hadisəyə çevrilmədi. Aparıcı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri səhnədən ətraf aləmin əksini öz yaradıcılıq axtarışlarında tapmış musiqiçinin həyatının müxtəlif dövrlərindən xüsusi hərarətlə danışdı. Böyük istedada malik olan bəstəkar çoxlu sayda caz parçaları, xalq və estrada mahnılarının çoxsaylı aranjemanları, iyirmidən çox kinofilm üçün musiqilər bəstələyib.

İlhamə Qasımova və Hidayət Sadıxbəylinin ifasında təqdim olunan musiqi əsərlərinin premyeraları ilə Rafiq Babayevin kamilliyə can atmaqdan yorulmayan, başqa musiqiçilərin bəstələri üzərində səhərdən axşamadək işləməyi bacaran, onların gündəlik həyatımızın ritmində yox olmasının qarşısını alan və qoruyub saxlayan, gələcək nəsillərə çatdıran əsl yaradıcı insan kimi böyük xidmətləri bir daha vurğulanıb. Tofiq Cəfərov və Ələsgər Abbasov da Rafiq Babayevə həsr olunmuş xüsusi yazılmış caz kompozisiyalarını ifa ediblər.

Musiqili gecə aktiv dünya konsert fəaliyyəti səbəbindən bir tədbirdə toplaşması çətin olan iştirakçıların tərkibi ilə zaldakı tamaşaçıları heyran edib. Səhnədə Firudin Həmidov ilə “H3 Collective” qrupu, “QAYA” ansamblı, Ənvər Sadıxovun “Qaytağı” qrupu, Ələsgər Abbasov, Teyyub Aslanov və Nicat Aslanovun triosu, Emil Əfrasiyab, “Cəngi” qrupu ilə Mircavad Cəfərov, “Savab” qrupu ilə Cəmil Əmirov, Salman Qəmbərovun “Bakustic Jazz” ansamblı, Əfqan Rəsulun triosu, Tofiq Cabbarov və “Bakuba” qrupu, Vasif Ayyanın triosu və digər musiqiçilər çıxış ediblər.

Bəstəkarın qızı Fərizə Babayeva qeyd edib: “Deyə bilərəm ki, bu, Rafiq Babayevə həsr olunmuş ən parlaq konsertdir. Hər şeydən əvvəl ona görə ki, onun “məkanına” çoxlu amillər daxil olub. Birincisi, konsert günü şəhərdə olan bütün musiqiçilər konsertdə iştirak etmək arzusunu bildirdilər. Səhnəyə çıxan on beş heyət öz sözünü deyir. İkincisi, bu konsertin artıq kiçik layihələrə imza atmış caz musiqiçilərini və müxtəlif peşə sahiblərini birləşdirən gənclər birliyi olan “JIDIR JAZZ” layihəsinin təqdimatına çevrilməsi və onların təşkilatçı qismində çıxış etməsi çox vacibdir. Bu, “JIDIR JAZZ”ın debütü idi və uğurlu alındı. Konsertdən əvvəl foyedə nümayiş etdirilən fotosərgi də musiqili gecə üçün uyğun ahəng və ab-hava yaratdı. Orada, foyedə rəssam Şərqiyyə Rəhmanlının gözəl əsəri sərgilənirdi - o, bu rəsmdə Rafiq Babayevin musiqisinin enerjisini çatdırıb. Xüsusilə qeyd etmək istərdim ki, konsert zamanı biz Rafiq Babayevin ifasında caz standartlarının ilk notlarını təqdim etdik. Kompozisiyalardan biri gecədə iştirak edən Fərəc Qarayev üçün sürpriz olub. Məlum faktdır ki, atamın vəfatından sonra praktiki olaraq heç bir musiqi notu qalmayıb. Onun bütün musiqiləri bu gün yalnız audio versiyada mövcuddur. Bu axşam isə Afşin Əlizadə və Pərviz Quliyevin audioyazılarından köçürülərək çap olunmuş “Bir cənub şəhərində” (F.Qarayev) və “Təxminə” (E.Sabitoğlu) filmlərinin caz təfsirlərindən ibarət dəftərlər təqdim olunub. Nəhayət, mənim üçün bu konsertin dəyərli cəhəti bir neçə nəslin iştirakı oldu. Musiqiçilər iki nəsildə ifa ediblər: Ənvər Sadıxov və onun oğlu, Ələsgər Abbasov və qızı, Teyyub Aslanov və oğlu, həm də nəzərə alsanız ki, bu layihənin təşkilində qardaşım oğlu Natiq Kələntərli və oğlum Mikayıl Hüseynzadə də iştirak edib, bu, artıq Rafiq Babayevdən sonrakı üçüncü nəsildir!”

Özünün unikal üslubu və milli caz musiqisinə böyük töhfəsi ilə seçilən Rafiq Babayev bu konsertdə müasir Azərbaycan musiqisi mədəniyyətinin əsas simalarından biri kimi təqdim olundu. Dahi bəstəkar Qara Qarayevin təbiri ilə desək, “...Rafiq Babayev demək olar ki, hər şeyə qadirdir!”

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Çərşənbə axşamı, 02 Aprel 2024 13:22

Bu gün Beynəlxalq Uşaq Kitabı Günüdür

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hansı uşaq yazıçılarını tanıyırsız? Mən uşaqlıqdan Mirzə Ələkbər Sabirin və Abdulla Şaiqin uşaq şeirlərini (“Buz”, “Xoruz” və s.), Süleyman Sani Axundovun qorxulu nağıllarını (“Qaraca qız”), eləcə də əcnəbilərdən Hans Xristian Andersenin nağıllarını, Astrid Lindqrenin Karlsonunu və Peppisini və bu qəbildən digər kitabları oxumuşam. Bugünsə ölkəmizdə Zahid Xəlil, Rafiq Yusifoğlu, Solmaz Amanova kimi uşaq yazıçıları var. 

 

Niyə bu barədə danişiram? Çünki bu gün təqvimin elə bir günüdür ki…

1967-ci ildə aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu tarix 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya göz açdığı günün şərəfinə təsis edilib. Bu tarixdə əlamətdar gününün qeyd edilməsini təklif edən isə alman yazıçısı Yella Lepman olub.

 

Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də silsilə tədbirlərlə qeyd edilir. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir. Bu qəbildən, ANAİB-in keçirdiyi Uşaq kitabı Sərgilərini qeyd etmək olar. 

Hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir.

Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsiylə başlayıb. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Komenski uşaqlara dünyanı anladan rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin "böyüklər" üçün yazılmış "Robinzon Kruzo" (1719) və "Qulliverin səyahəti" romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub. Yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə "Min bir gecə", "Ələddin", "Əlibaba və qırx quldur", "Sindibadın yeddi səyahəti" nağılları da bu qəbildəndir. Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqət çəkir. 1846-cı ildən başlayaraq Andersonun qələmə aldığı nağılları uşaqlar günümüzdə də çox sevirlər. Müəlliflərin və kitabların adını saymaqla bitməz.

XIX əsri uşaq ədəbiyyatının "qızıl əsri" sayanlar da çoxdur. 

Kitabı sevin, kitablarla dostluq edin, əziz uşaqlar!

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.