Super User

Super User

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Nigar Rəfibəyli ilə Xalq şairi Rəsul Rzanın sevgisi təbii ki, gənclərə örnək bir sevgidir. Bu sevginin dərinliyini duymaq üçün onların övladları - Xalq yazıçısı Anarın avtobioqrafik “Sizsiz” əsərini oxumaq lazımdır. Bir də bu iki unudulmaz şairin bir-birilərinə ithaf etdikləri şeirləri. 

 

Neyləyim

 

Ala gözlüm, səndən ayrı gecələr,

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızıl güllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda,

Yasəmən saçını yolur, neyləyim?

 

Əsən rüzgarın da yoxdur vəfası,

Düşmüşdür başına özgə sevdası.

Lalənin cırılıb qəmdən yaxası,

Saçları pərişan olur, neyləyim?

 

Bəlkə tez gələsən, əlac verəsən,

Sünbülün saçını yığıb hörəsən,

Əlvan çiçəkləri özün dərəsən,

Gözləri yollarda qalır, neyləyim?

 

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var?

Bu bahar axşamı səni bax, Nigar

Həzin-həzin yada salır, neyləyim?

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

Cümə axşamı, 04 Aprel 2024 15:00

Qanadlı kişi - YEQZAR CƏFƏRLİNİN HEKAYƏSİ

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar, Dünya Gənc Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Yeqzar Cəfərlinin “Qanadlı kişi” hekayəsini təqdim edir. 

 

 

Əsl adı Xeyransa olan Şərxanımın yaşı 50-ni keçsə də, ərə getmək fikrindən vaz keçmir. Ömrü boyu insanların pis gününə sevinən bu “qadın” bu yaxınlarda eləmə tənbəllik, bacısı qızını da qoltuğuna vuraraq yollanır rəfiqəsi Balacaxanımın qızıgilə. İlk olaraq qapının pultla açıldığını görcək rəngi ağarır. Sol qaşını qaldıraraq təəccübünü gizlətmədən cibindəki cadunu evin girəcəyindəki kandar xalçasının altına dürtür. Cadunu həyat yoldaşım təsadüfən tapır. “Dua” səliqəsiz şəkildə yazıldığından ancaq bir-iki sözü oxuya bilirəm. Caduda Kaka adlı bir cindən də danışılır. İlk oxuyanda elə bildim ki, Şərxanım braziliyalı futbolçu Kakanın azarkeşidir. Sonra nədənsə Şərxanımın bu yaxında qonşuda ehsan süfrəsində tutduğu orucdan, evlərindəki Quranı parçaya bərk-bərk bükməyindən danışmasını xatırlayıram.

 

Balacaxanımın əri Sadiq dünən dişi şişdiyindən bəhanə edərək yaxşıca içib. Sonuncu dəfə Mozambikin müstəqillik günü münasibətilə qonşusu Ədalətlə vurmuşdular. Ədalət adəti üzrə içən kimi başlayır, hərbçi olduğu vaxtlardan basıb-bağlamağa. Guya bir dəfə onun komandir olduğu tabora bir ayı hücum çəkir, Ədalət əsgərlərdən qabaq özünü irəli atıb ayını bərk əzişdirir. Sadiq Ədalətin bu söhbətini hər dəfə elə maraqla dinləyir ki, elə bilərsən, yenicə eşidir. Sadiq usta işləyir. Səhər obaşdan evdən çıxıb gecəyarı evə qayıdır. Arağı da hərdən, özünün dediyi kimi “dünyanın dərdlərini unutmaq üçün içir”. Xaricdə təhsilini başa vuran böyük qızlarının vətənə qayıtma ehtimalı onu da çox sevindirir, rabitəsiz cümlələrlə də olsa, sevincini ifadə edir. Balacaxanım da özünəməxsus məğrurluqla Sadiqin dediklərinin ancaq təkrar olmayan hissələrini başı ilə həvəssizcə təsdiq edir. Bir az sonra özünün məşhur baş ağrısı şalını başına bağlayaraq qonaq otağındakı divanın sağ küncündə yerini alır. Adəti üzrə gözlüyünü taxayaraq gözlərini yüngülcə qıyır. Sosial şəbəkələrdə bir neçə videonu izlədikdən sonra mətbəxdə çaydanın altını söndürməyə gedir. Bir stəkan çay içdikdən sonra divanın qoltuğunda unutduğu telefonunun yanına qayıdır. Bayaq baxdığı videonun bir neçə dəfə təkrar oxunmasının fərqinə vararaq təəccüblənməyə hazırlaşır sanki.

 

Qəfildən partlayış səsi eşidilir. Balacaxanım dik atılır. Telefonu əlindən sürüşür. Səs o qədər güclü gəlir ki, az qalır evin pəncərələri qırılsın. Tələsik nazik sırıqlısını geyinib həyətə atılır. Bir neçə dəqiqə ətrafa göz gəzdirdikdən sonra küçəyə çıxır. Qonşuların toplaşdığını görəndə həyəcanı bir az da çoxalır. Qadınların danışığından belə məlum olur ki, qonşulardan biri kanalizasiya quyusuna kimyəvi maddə töküb ki, tez-tez çirkab maşınına pul verməsin. Nəticədə, kanalizasiya partlayıb, kişi də düşüb içinə. Balacaxanım qonşu qadınlarla kanalizasiyaya yaxınlaşanda məhəllə adamlarından bir neçəsinin ayaqlarını çırmalayıb poxu eşələdiyini görür.

Kişinin həyat yoldaşı da üz gözünü cıraraq fəryad edir:

– Poxa düşən bəxtsiz kişim vay? Allah səni poxa salannara lənət eləsin. Diyirdim, göz var, üsdümüzdə, göz…

Şərxanımın molla tanışı bu yaxında tez ərə getməsi üçün ona VİP bir “dua” yazdırır. Duanın özəlliyi onda idi ki, Şərxanım kişi axtarmağa məcbur olmayacaq, kişi özü tapacaq onu.

Həyətdə yuduğu paltarları sərməkdə olan Şərxanım birdən evin arxasında bir tappıltı səsi eşidir. Tələsik evin arxasına yürüyür. Pox-püsür içində bir kişinin bayılmış vəziyyətdə uzandığını görür. Bir anlıq kişini ayıltmaq istəyir, lakin qoxudan burnunu tutaraq geri çəkilir. Mollanın dediklərini xatırlayaraq gülümsəyir. Bellə kişini ayıltmağa çalışır. Tez məhəlləyə çıxıb kömək axtarır ki, kişini təmizləyib yuyundursunlar. Qapını açan kimi məhəllə adamlarının toplaşdığını görür. Uzaqdan üzbəüz qonşusu Tahirəni çağırır.

– Ay Tahirə, bizim həyətə bir kişi düşüb, kişi.

– Necə yəni bir kişi düşüb?

– Kişi düşüb də. Allah mənə göydən kişi göndərib.

Tahirə ilə Şərxanım evin dalına keçirlər. Tahirə kişini görən kimi sevinə-sevinə küçəyə qaçır.

– Ay qonşu, Şərxanımın həyətinə bir kişi düşüb, pox-püsürün içindədi. Görün sizin kişidi bəlkə.

Kanalizasiyaya düşdüyü ehtimal olunan kişinin arvadı özünü tez Şərxanımgilin həyətinə atır.

Sadiq işdən qayıdandan sonra Balacaxanım hadisəni danışır. Sadiq də özünəməxsus tərzdə onun dediklərinə qırıq-qırıq qulaq asır.

– Ay arvad, bəs kişinin yanındakı yazıx fəhlənin vəziyəti necədi görəsən? 

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə Arzu Nehrəmlinin şeirləri təqdim ediləcək. 

 

 Göyçək Vətən

 

Adəm oğlu azıb gələn,

Adın daşa yazıb gələn,

Yaddaşlardan sızıb gələn

Həqiqətsən, gerçək Vətən.

 

Bir nəğmədir duruşuğun,

Açılıb yol dolaşığın,

Sarmaşığı yaraşığın,

Üstü-başı çiçək Vətən.

 

Sinə gərdin fitnə-felə,

Dərdi unut innən belə,

Nazına qurban, naz elə,

Sığalını çəkək, Vətən

 

Al qızını, sıx köksünə,

Şeiri tərifdir hüsnünə,

Gör, necə oxşayıb sənə,

Gözəl Vətən, göyçək Vətən.

 

Biz bu evdə yaşayırdıq

 

Biz bu evdə yaşayırdıq...

Dünyanın ən işıqlı, geniş evində.

İki nəfər idik:

Mən və O.

Hər səhər pəncərəmizdən yayı-qışı

            bəlli olmayan günəş boylanardı.

Sonra üç nəfər olduq:

Mən, O, qızımız.

Evimiz bir az da böyüdü, işıqlandı,

səsə-küyə qərq oldu.

Amma... amma

bir gün ulduzları olmayan

gecənin sabahı da olmadı.

Gözükölgəli günəş

buludların qarasını üzünə çəkib getdi.

Biz iki nəfər olduq:

Mən və qızımız.

Daha bu evdə yaşamadıq,

Çünki evimiz çox kiçik və qaranlıq olmuşdu.

 

Tünlük dünya

 

Gəlişimiz bir əbəsdir,

Şərə meydan, düzə qəsddir,

Basabasdır, bəhsəbəsdir,

Nə yaman tünlük dünyadır.

 

Nə gəlir, xətayla gəlir,

Ad var ki, xudayla gəlir,

Şər-böhtan nidayla gəlir,

Mələk yox, cinlik dünyadır.

 

Şeytan deyir: "Burax nazı,

Al eyninə, bahar yazı,

Dur, ləngimə, Kazımqızı,

Dünya beşgünlük dünyadır".

 

Özümə dönməyim gəlir

 

Yolayrıcı yolum bağlar,

Sağımı, solumu bağlar.

Çəkilin, daş üzlü dağlar,

Düzümə dönməyim gəlir.

 

Yıxılıb taxtdan düşmüşəm,

Taledən, baxtdan düşmüşəm,

Əldən, ayaqdan düşmüşəm,

Dizimə dönməyim gəlir.

 

Ömrə çiçəktək açmağı,

Unutdum ətir saçmağı,

Atıb üstündən qaçdığım

Sözümə dönməyim gəlir,

 

Çək ömrünü, yaşı apar,

Çən-dumanı, qışı apar,

Götür, Arzu, daşı, apar,

Özümə dönməyim gəlir.

 

Şəhidlər

 

Haqqa, azadlığa gedən yolsunuz,

Bizi bizdən yaxşı duyan şəhidlər.

Yığışıb bir yerdə Vətən olmusuz,

Elinə, yurduna həyan Şəhidlər.

 

Yatmış saatımı çəkib qurmayın,

Təzdən ürəyimi sıxıb qırmayın,

Məni başqa adla öyüb durmayın,

Adım da, imzam da, soyum Şəhidlər.

 

Daha mənə arzular da yük gəlir,

Yaram dərinləşib, yaram köhnəlib,

Sinəm altda şəhid şeirim köklənib,

Dastanım, nağılım, boyum Şəhidlər.

 

Dərd məni çəkir

 

Bu hansı səfərdir, hara gedirəm?

Ağlımda min fikir, başda min fikir.

Elə bilərsiniz üsyan edirəm,

Vallah, dərd çəkmirəm, dərd məni çəkir.

 

Ocaqda qazanım dərdə qaynayır,

Nə atəş anlayır, nə də su anır.

Bir az gec bişincə, tamarzı kimi

On günün acıtək ağzım sulanır.

 

Elə sığınmışam isti qucaqtək,

Hələ olmayıbdır dərddən yıxılam,

Qoynuna girmişəm yetim uşaqtək,

Dərdin ətəyindən tutub qalxıram.

 

Hələ açılmamış sirrəm, sualam,

Nə qədər cavablar pərt çıxıb gedib.

Deyirəm, bir sabah mən necə ollam,

Birdən durub görsəm, dərd çıxıb gedib?!

 

Çəkilməyən dərdimdir

 

İtiribdir vaxtını,

Çapıb gəlib atını,

Durun, açın qapını,

Çəkilməyən dərdimdir.

 

Dönübdür güzarıma,

Könlümdür çözüm ona,

Enimə, uzunuma

Biçilməyən dərdimdir.

 

Ömrüm bir günə qalsa,

Dönmərəm, dönüm olsa,

Necə bağlanmışamsa,

Keçilməyən dərdimdir.

 

Laylay

 

Düşünürdüm:

- Anamsız yaşamaram.

Bir gün mən öldüm,

Anam ağladı, ağladı, ağladı...

Gecə-gündüz başımın üstündə

layla çalıb, bayatı dedi:

- Laylay, balam, laylay

Bir müddət yaşadı məndən sonra,

Ölümüm onun üçün

ağır, sağalmaz dərd oldu.

Elə bu dərdlə də köçüb getdi,

öldüyüm yerə -

ağladığı mən boyda dərdinin yanına.

- Laylay, anam, laylay!

 

Çək üstündən bu sal daşı

 

Məzarla söhbət

 

Gəldim deyim, unutmusan,

Yadına sal, səslə məni.

Sən demişdin, ölüm səndən

ayırammaz əsla məni.

 

Dinlə məni, dilim yanır,

Yerdə yerim, göyüm yanır,

Bax, arxamca elim yanır,

Bəsdir qoydun yaslı məni.

 

Gəl, unutma, yar, amandır,

Hicran yolu buracandır,

Dəyişmisən nə zamandır

Aya, günə, fəslə məni.

 

Can harayda, ömür hayda,

Qoy, birtəhər verim bada,

Burdakıtək, gülüm, orda

Gözlərsən həvəslə məni.

 

Bu soyuq yer mənzil başı,

Arzunu bil, "usal", naşı,

Çək üstündən bu sal daşı,

Al qoynuna, bəslə məni.

 

Qızımın atası, anası qayıt

 

Həyat yoldaşım Yusifin dilindən

 

Üzündə giley var, dilində ağı,

Öpüb qucaqlama daşı-torpağı.

Dur, get evimizə gəlinsayağı,

Ömrümün parası, yarısı, qayıt!

 

Bilirəm, incidib, bu illər səni,

Dondurub, üşüdüb fəsillər səni.

Qınayar  ürəklər, könüllər səni,

Elimin pərişan sonası, qayıt!

 

Axıtma göz yaşın, arxına dönnəm,

Düşərəm selinə, axına gəlləm,

Get dincəl, bu gecə yuxuna gəlləm,

Tökmə gözlərinin qarasın, qayıt!

 

Ürəyin dopdolu, sözün qalıbdır,

Heç vaxt çəkilməyən nazın qalıbdır,

Bir ömür istəyin, arzun qalıbdır,

İçində bir ümid varsa da, qayıt!

 

Bilmirəm, nə kimi varmışam sənə,

Bir yığın xatirə qoymuşam sənə,

Sən elə bilirsən doymuşam sənə?

A Məcnun sevdamın Leylası, qayıt!

 

A sönük ülkərim, nə deyim sənə,

Söykə taleyini günün birinə,

Al ağır yükünü çiyinlərinə,

Qızımın atası, anası qayıt!

 

Bu dərd

 

Dərd peşəm, dərd işim olub,

Əyləncəm, vərdişim olub.

Çəkdikcə şipşirin olub,

Nə gözəl yar imiş, bu dərd.

 

Bəzək, naxış, rəng yerimdir,

Ümid yerim, ərk yerimdir,

Həyat dərsi, dərk yerimdir,

Yaxşı ki, var imiş, bu dərd.

 

Şeirimə qol-qanad verdi,

Əzm, hünər, inad verdi,

Dopdoluca həyat verdi,

Dövlətmiş, var imiş, bu dərd.

 

Düşüb Arzunun izinə,

Vurulub onda dözümə,

Eşqilə onu özünə

Gör, necə sarımış, bu dərd.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

Keçən il Berlində keçirilən 36-cı Avropa Film Mükafatlarının təqdimetmə mərasimində Avropa Film Akademiyası prezidentinin fəxri mükafatına macar rejissor və ssenarist Bela Tar layiq görüldü. Olduqca maraqlı, zəngin insandır Bela Tar.  

“Ədəbiyyat və incəsənət” portalı DÜNYA KİNOSUNUN ÜNLÜLƏRİ rubrikasında bu gün sizlərə Bela Tarrla müsahibəni təqdim ediləcək. 

Tərcümə Nilufər Hacılınındır. 

 

Macar rejissor, prodüser və ssenarist Bela Tarr 21 iyul 1955-ci ildə Macarıstanın cənubundakı Peç şəhərində doğulub. Valideynləri kino sənəti ilə yaxından əlaqəli olan rejissorun atası səhnə tərtibatçısı, anası suflyor olub və 50 ildən çox teatrda işləyib. Rejissorun uşaqlığı Budapeştdə keçib. Hələ uşaqkən anası ilə birlikdə Tolstoyun "İvan İliçin ölümü" əsəri əsasında çəkilən filmin kastinqində iştirak edib və ilk rolunu bu filmdə oynayıb. Lakin rejissorun aktyorluq fəaliyyəti çox çəkməyib, Mikloş Yançonun "Canavarlar fəsli" filmi ilə aktyorluq karyerasına son qoyub.

16 yaşında film çəkməyə başlayan rejissor, bu sahəyə olan marağını hələ o vaxtlardan kəşf edib.

O, 1977-ci ildə 22 yaşında olarkən ilk bədii filmi olan "Ailə yuvası"nı çəkib. Filmin aktyor heyəti yerli əhali arasından seçilən və peşəkar aktyor olmayan insanlardan ibarət idi. Onlar filmdə yalnız "dostluq" xətrinə iştirak ediblər və bunun qarşılığında heç bir ödəniş almayıblar. Rejissor bu filmi cəmi 6 günə çəkib. Tənqidçilər filmdə Con Kassavetisin rejissorluğundan təsirlər tapdıqlarını desələr də, rejissor bu filmi çəkməzdən əvvəl Kassavetisin heç bir filminə baxmadığını söyləyib.

İlk dörd uzunmetrajlı filminin ssenarisini özü yazan rejissor, "Payız mövsümü" almanaxından sonra macar yazıçısı Laslo Krasnahorai ilə birlikdə "Lənət" filminin ssenarisini yazıb. Yazıçının "Şeytanın tanqosu" romanının filmə uyğunlaşdırılması layihəsi 7 ildən çox vaxt alıb. 450 dəqiqəlik film 1994-cü ildə ekranlara çıxıb. "Şeytanın tanqosu" filmindən sonra rejissor 1995-ci ildə 35 dəqiqəlik "Düzənlikdə səyahət" adlı filmini çəkib bitirib. 5 illik sükutdan sonra 2000-ci ildə "Qaranlıq harmoniyaları" filmini çəkib.

Keçən il dekabrın 9-u Berlində keçirilən 36-cı Avropa Film Mükafatlarının təqdimetmə mərasimində Avropa Film Akademiyası prezidentinin fəxri mükafatına 9 uzunmetrajlı, 1 televiziya, 1 sənədli film, 4 qısa film müəllifi olan rejissor Tarr layiq görülüb.

Uzunmetrajlı kadrların ustası sayılan Bela Tarrın ən son müsahibələrindən birini təqdim edirik.

 

- Uzun planlarınızın arxasında duran səbəblər haqqında nə deyə bilərsiniz?

 

- Bu haqda ümumi nə deyə bilərəm ki? Bu nəslin insanları hekayənin məntiqini izləyə bilirlər, amma həyatın məntiqini yox. Bir çox başqa şeylər arasında mən hekayəni həyatın ölçüsü hesab edirəm. Şifahi ünsiyyətdə sahib olmadığımız şey zaman, təbiət və meta ünsiyyətdir. Xəbərlərə baxırsan, sadəcə, danışırlar, kəsirlər, bəlkə də hansısa kadrlar olur və ardınca çıxış, hərəkət və nitq var. Bizim üçün film bir az fərqlidir.

 

- Hekayəyə yanaşmanız necədir?

 

- Bizim fərqli ifadə tərzimiz var. Hekayə bizim üçün ikinci plandadır. Əsas olan həmişə insanlara necə toxunacağınızdır. Real həyata necə daha çox yaxınlaşmaq olar? Biz danışdıqca bir çox başqa şeylər baş verməyə davam edərkən, həyatla bağlı şeyləri necə başa düşə bilərsiniz? Məsələn, masanın altında nələr olduğunu bilmirik, amma orada maraqlı, vacib və ciddi hadisələr baş verir.

 

- Adətən, müəyyən qrupla işləməyə üstünlük verirsiniz. Belə deyək, sizin öz komandanız var və onlarla işləmək sizə daha rahatdır. Komanda kimi işləyirsiniz, yoxsa, rejissorun işin əsas müəllifi olduğu nəzəriyyəsini qəbul edirsiniz?

 

- Mən çox avtokratik adamam və hər şey bir cüt ələ aiddir. Kino çəkmək demokratik proses deyil. Hər şeyə mən qərar verməliyəm. Amma bəstəkarı, operatoru, yazıçını dinləməsəm, dəli ola bilərəm. Onları işə cəlb edirəm və dinləmək məcburiyyətində oluram...

 

- Filmlərinizin soyuq və ümidsiz olması ilə bağlı tənqidləri qəbul edirsiniz? Deyəsən, ümid azdır.

 

- Xeyr, çünki ümidlə dolu olduğumuzu düşünürəm. Əgər siz film çəkirsinizsə, onun yaxın əlli il ərzində var olacağına və bəlkə daha sonra da kimlərinsə ona baxacağına inanırsınız, bu çox böyük nikbinlikdir.

 

- Demək, əsl ümid yaradıcı prosesin özündədir?

 

- Bəli, dəqiq.

 

- Bəs bəşəri vəziyyətlərin absurdluğu (mənasızlığı) haqqında ekzistensial baxışı qəbul etmirsiniz?

 

- Xeyr, bu absurd deyil. Dünya öz oxu ətrafında fırlanır və insanlar filmlərə baxır. Bu bizim filmimizdir, bu qədər. Sizə və hər kəsə insan vəziyyətinin necə olduğunu göstərmək istəyirik. Bu qədər. Heç kimi mühakimə etmək istəmirik. Biz bundan heç bir şəkildə məna çıxarmaq istəmirik. Baş verənlərlə bağlı nələrsə göstərmək istəyirik.

 

- Sizcə, filmləriniz, təkcə Macarıstandakı narahatlıqlar haqqında deyil, universaldır?

 

- Bəli, macar filmləri çəkirik, amma vəziyyətin hər yerdə eyni olduğunu düşünürəm. Əgər, həqiqətən də, bir az dərin işlərlə məşğul olmaq imkanınız varsa, düşünürəm ki, hər kəs hər şeyi başa düşə biləcək. Sual həmişə dərinlikdədir: insanlara necə toxunmaq olar?

 

- Yaratmağa çalışdığınız zaman, məkan və ritmi izah edə bilərsiniz?

 

- Çox sadə. "Lənət" (1988) filmində tamamilə tək olan bir insan vardı və biz onun cəmiyyətdəki və kainatdakı tənhalığını göstərmək istədik. Buna görə təbiəti, təbii mühiti və zamanı da işin içinə daxil etməlisiniz. Onun hər zaman yoxa çıxdığını görürsən.

 

- Nəhayət, ünsiyyət tamamilə pozulur və o, it kimi hürməyə başlayır.

 

- Bəli, təbiətə getməsinin səbəbi də budur. Artıq danışmaq istəmir, çünki həyatı başa çatır.

 

- Amerikalı tənqidçi Conatan Rozenbaumun yaradıcılığınızı "mənəviyyatsız Tarkovski" kimi qiymətləndirməsi barədə nə düşünürsünüz? Özünüzü belə vəziyyətdə görürsünüzmü?

 

- Bu, Conatan Rosenbaumun öz fikridir. Bilmirəm, bu onun fikridir. Onunla bu məsələlər haqqında danışmamışam. Əsas fərq odur ki, Tarkovski dindardır, biz isə yox. Amma onun həmişə ümidi vardı, Allaha inanırdı. O, bizdən daha günahsızdır. Xeyr, onun üslubunda film çəkmək üçün həddindən çox şey görmüşük. Məncə, onun çox vaxt daha yumşaq və həssas olan texnikası da fərqlidir.

 

- Sizin stiliniz sərtdir?

 

- Bəli, o mənim üçün həddindən çox yaxşıdır.

 

- Müsahibələrinizin birində gənclik illərində filosof olmaq istədiyinizi oxumuşdum. Kino çəkməyinizi başqa mənada fəlsəfə kimi görürsünüz? Başqa cür desək, bədii vasitələrdən istifadə edən fəlsəfi araşdırma olduğunu deyə bilərik?

 

- Xeyr, ondan tamamilə uzaqlaşdım. Fəlsəfədən və filosof olmaqdan tamamilə imtina etdim. Gənckən filosof olmaq istəyirdim, amma xoşbəxtlikdən və ya bədbəxtlikdən başıma bir şey gəldi. İndi film çəkirəm, amma əsl rejissor deyiləm.

 

- Kinoyla maraqlanmadığınızı və kinonun nə olduğunu bilmədiyinizi demisiniz?

 

- Bilmirəm. Bu, doğrudur.

 

- Belə olan halda, kino ilə sizin gördüyünüz iş arasında fərq var?

 

- Ümid edirəm ki, biz kinodan daha çox, həyata yaxınıq.

 

- "Kinonun nə olduğunu bilmirəm" deyərkən ənənəvi kinonu, yoxsa, kommersiya filmlərini nəzərdə tutursunuz?

 

- Hər cür kinonu. Sadəcə, kinonu.

 

- Hər cür kinonu nəzərdə tutursunuz demək. Özünüzü bunun bir parçası kimi hiss etmirsiniz?

 

- Xeyr, bunun səbəbi bir az əvvəl sizə hekayə haqqında dediklərimdədir. Mənimçün kinoda baxdığım şeylər həmişə boşboğazlıqdır. Bu, mənalı sualdır. Fərq; insanlarla əlaqəmiz, onları izləməyimiz və aktyorlarla işləmək tərzimizdədir. Buna görə də bütün bunları etməyi sevirəm. Çünki bir tərəfdən film çəkmək çox darıxdırıcıdır. Bir ssenarimiz var, amma çəkiliş zamanı heç vaxt ssenaridən istifadə etmirik. Aktyorlarımız var, amma aktyor kimi davranmırlar. Biz onlarla dost kimi və ya sadəcə, şəxsiyyətlərini önə çəkərək işləyirik...

 

- Fərq olduğunu düşünmürsünüz? Bəzi rejissorlar həvəskar aktyorların filmə fərqlilik qatdığını düşünürlər.

 

- Xeyr, bizimçün heç bir fərq yoxdur. Bəzi filmlərimizə baxsanız, görərsiniz ki, biz həmişə şəxsiyyətə önəm verdiyimiz üçün, həm peşəkar, həm də həvəskar aktyorlara ehtiyac duyuruq. Əgər hansısa aktyor səhnədə oynamağa başlayırsa, dərhal ondan nə etdiyini soruşuruq. Oynama - sadəcə, özün ol. Kiminsə daxilində nələrin baş verdiyi ilə maraqlanmağımızın səbəbi budur. Onlar səhnədə yaşamalıdırlar. Əgər hissləri real deyilsə, bunu onun gözlərindən görə bilərsiniz...

 

- Bir ssenariniz olur, amma sonra onu atırsınız? Düz başa düşdüm?

 

- Xeyr, bizim ssenarimiz prodüserlər və büdcəyə töhfə verəcək qurumlar üçündür. Bu qədər. Sonra çəkilişlərin harada aparılacağını araşdırmağa başlayırıq. Bizim personajlar və bəzi digər ideyalarla uyğunlaşacaq əsas məqsədimiz olur, amma biz mütləq real həyata bənzəyən bir yer tapmağa çalışırıq. Buna görə də çəkilişin harada baş verdiyi son dərəcə vacibdir. Biz uzun müddət - bəzən bir il - sadəcə, insanlara və məkana baxaraq oturub filmi necə çəkəcəyimizi düşünürük...  

 

- Hardasa oxumuşdum ki, Piter Breygelin (hollandiyalı intibah dövrü rəssamı - tərc.) rəsmlərinə heyransınız və sizin işlərinizlə müqayisədə onun rəsmlərində sizin əldə etməyə çalışdığınız iddiasız dürüstlük olduğu üçün rəsmlərinin maraqlı olduğunu demisiniz. Siz öz filmlərinizin sadə olduğunu deyirsiniz, lakin Breygeldən sonra onun rəsmləri haqqında söylənilən şərhlər həddindən çox mürəkkəb deyildi?

 

- İndi bizə daha yaxınsınız, Breygel həqiqətən, mühüm və möhtəşəmdir. Onun rəsmlərində çox sayda insanlar olduğunu və hər birinin fərqli simaya, görünüşə və şəxsiyyətə sahib olduğunu görə bilirsiniz. Onlar şəkillərdə çox kiçik görünə bilər, lakin hər birinin şəxsiyyəti var. Ona görə də biz onu çox sevirik. "Qaranlıq harmoniyalar" filmində olduğu kimi, izdiham içində çəkiliş apararkən həmişə oradakı insanların şəxsiyyətlərini göstərə bilmək istəyirik. Bizimçün onlar yalnız kütlənin bir hissəsi deyil.

 

- Buna görə də deyə bilərik ki, siz şəxsiyyətin dürüstlüyünə və həqiqiliyinə çatmağa çalışırsınız?

 

- İnsanlara onların əsl şəxsiyyətlərini göstərmək film çəkməyimizin səbəblərindən biridir.

 

- Filmlərinizin çox vaxt fövqəltəbii görünməsinə münasibətiniz necədir?

 

- Fövqəltəbii və ya hər hansı fəlsəfi nəzəriyyəni düşünmürük, çünki film maddidir. Biz kameralardan istifadə edib səhnələri çəkirik. Əgər yazıçısınızsa və kağızınız varsa, bu masa haqqında çox şey yaza bilərsiniz. Lakin əgər siz rejissorsunuzsa, sadəcə, bu masanı göstərə bilərsiniz. Bunun necə masa olduğunu və nə qədər maraqlı olduğunu görə bilərsiniz, amma o yenə də, bir masadır. Buna görə də başa düşə bilmirəm ki, niyə kimsə fəlsəfi və ya föqəltəbii şeylərdən danışsın? Xeyr, bu doğru deyil. Lütfən, filmə baxın və ürəyinizin səsini dinləyin. Lütfən, gözlərinizə inanın, hər şey çox aydın və çox sadədir. İzləyin. Bu vacibdir...

 

- Filmləriniz Macarıstanda necə qarşılanır?

 

- Müəyyən qism insanlar izləyir. Hər yerdə eynidir, adətən adi kinoteatrlarda göstərilir. Biz böyük kinoteatrların bir hissəsi deyilik.

 

- Sizi macar kinosunun qara qoyunu kimi tanıyırlar. Dedikləri qədər varsınız.

 

- Biz, sadəcə, fərqliyik, bu qədər.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

Cümə axşamı, 04 Aprel 2024 14:30

POETİK QİRAƏTdə

Əlizadə Nurinin “Dua” şeiri

              

Poetik Qiraətdə bu gün sizlərlə daimi müəllifimiz Əlizadə Nuri görüşür. “Dua” şeiri bir ithafdır. İnsan və Tanrı - yaranışdan insan Tanrı ilə danışır, dərdləşir, gileylənir, hər halında ona tapınır.

 

Göyün o üzünü görə biləydim,

Bir gün açılaydı ayın yaxası.

İlahi, bir dəfə özünü göstər-

Adamlar bilmir ki, hara yıxılsın...

 

Nə deyək, sadəcə, mükəmməldir! 

Xoş mütaliələr! 

 

DUA

Ceyhun Alışlıya

 

Balıqçı toruymuş ömür deyilən,

Hamı öz torunu yığıb gedəcək.

Bəlkə bu sevinclə şəkil çəkdirim?

Onsuz da bir azdan çıxıb gedəcək...

 

Yaxşı ki, bu gecə səhərə çıxdı,

Bağrı çatlamadı bu tənhalıqdan.

Hamı göy üzünə tor atıb durub

Qızıl bəxt istəyir qızıl balıqdan.

 

Mən yerə asiyəm, göylər də uzaq,

Nə yaxşı, ruhumun göy atları var.

Məni bu dünyada tapmaq çətindi

Tapacaq-kimin ki, qanadları var.

 

Bu yolu nə yaman uzun çəkiblər?-

Yolun yarısında yorulur hamı.

İndi ürəyindən sınır adamlar

İndi çörəyindən vurulur hamı.

 

Qaldı şair başı dar ağacında-

O cavan saçlara indi dən düşür.

İlahi, bu dünya bir damla yaştək

Bəlkə də haçansa gözündən düşüb?!

 

Bəlkə son tövbədi sonuncu nəğmə,

Bəlkə son axşamdı elə bu axşam?

Bu dünya-qərib bir şəhər kimidi

Mən də bu ,,şəhər"də azıb qalmışam...

 

Nə yaxşı, dilimə toxundu adın,

Başladım dilimdən həya etməyə.

İlahi, nə yaxşı lal doğulmadım-

Nə yaxşı, dilim var dua etməyə!

 

Göyün o üzünü görə biləydim,

Bir gün açılaydı ayın yaxası.

İlahi, bir dəfə özünü göstər-

Adamlar bilmir ki, hara yıxılsın...

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

Cümə axşamı, 04 Aprel 2024 11:45

Musiqili Teatr “Aysedora” ilə başlayır

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel repertuarını “Aysedora” tamaşası ilə açacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı teatrın aprel repertuarını təqdim edir.

 

4 aprel - “Aysedora”

5 aprel - “Qadınım”

6 aprel - “İki küpəgirən qarı”, “Leyli və Məcnun”

7 aprel - “Bir dayan, canavar!”, “Nəğməmə inan”

12 aprel - “Amerikalı kürəkən”

13 aprel - “Qırmızı papaq”, “Lara Martin’s Jazz Club”

14 aprel - “İki küpəgirən qarı”, “Sevənlərindir dünya”

19 aprel - “Anamın kitabı”

20 aprel - “Qızıl cücə”, “Paris Notr-Dama ithaf”

21 aprel - “İki küpəgirən qarı”, “Kimyagər”

25 aprel- “Utancaq qız”

26 aprel - “Molla Nəsrəddinin beş arvadı”

27 aprel - “Dəcəl çəpişlər”, “O olmasın, bu olsun”

28 aprel - “İki küpəgirən qarı”, “Psix”.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

Cümə axşamı, 04 Aprel 2024 14:00

Müdir Ramiz

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Mən apreli ona görə sevirəm ki, evdən yüngül gödəkçədə çıxır, yanımdan keçən qısaqol köynəkdəki oğlanı və qalın kürkdə qadını görürəm, hətta gözüm şortikdəki bir daydaya da sataşır. Və əminəm ki, hamı da bir-birinə debil kimi baxır.

2.

Konsertdə.

Zaldan məktub gəlir: “Sintezator çalan niyə yoxdur? Onsuz siz sıfırsız.”

Solist zala səslənir:

-Hətəmov, nə etsən də səni geri çağıran deyilik. Bizə sənsiz daha yaxşıdır.

3.

Bu gecə mən fentezi janrında yuxu gördüm. Guya ki, dünyanı güc deyil, əqil idarə edir.

4.

-Eynək taxırsız?

-Yox.

-Bəs burnunuzda axı xarakterik iz var.

-O eynək izi deyil, pivə parçının izidir. 

5.

Biz yetmiş il kommunizm qurmağa çalışdıq. 

Alınmadı.

İndi də iyirmi üç ildir ki, kapitalizm qururuq. 

Sizcə alınarmı?

6.

On ildən sonra Sevil müəllimə küçədə şagirdi Ramizi görüb deyir:

-Ay Ramiz, sən bürün suallara “mən bilmirəm” cavabı verirdin, axırın necə oldu?

-Sevil müəllimə, mən indi də elə həmişə “mən bilmirəm” deyirəm. Ardınca da deyirəm: “Təcili araşdırılsın və həll edilsin”! 

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

Cümə axşamı, 04 Aprel 2024 13:30

BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

-Dəyərli Şairimiz Musa bəy Ələkbərli, unudulmaz yaradıcımız İlyas Tapdığın “Gözlər" kitabındakı şeirlərindən bir az da olsa, yadınızda qalan varmı? Bilirəm ki, o kitabla ilk tanışlığınız zamanı yaşınız az idi. Amma o kitabı böyük həvəslə oxumuşdunuz. 

 

CAVAB

-Ülviyyə xanım, tanışlıq üçün deyim ki, mən 1950-ci ilin bir yaz günü Gədəbəy rayonunun səfalı bir guşəsində, doğma Ataxal kəndində dünyaya göz açmışam. Atam Məlik müəllim duyğusal bir insan idi. Şirin qoşmaların, dadlı-duzlu gəraylıların müəllifi idi. Obamızın xeyirində-şərində baş verən olaylara yazdığı şeirlərlə münasibət bildirər, soydaşlarının rəğbətini qazanardı. Mən orta məktəbə getdiyim ilk günlərdən həm bir şair, həm də xeyirxah insan, qayğıkeş, təcrübəli müəllim olan atamın nüfuzunu, kölgəsini üzərimdə hiss edib, bundan hədsiz qürurlanır, onunla sözün həqiqi mənasında fəxr edirdim. Təhsildə və rəftarda, ətrafımdakılara münasibətdə “Məlik müəllimin oğlu” ifadəsinin qiymətini, urvatını qorumağa çalışırdım. Atam yaxşı saz çalar, saz havaları üstündə qoşma və gəraylılarını dilə gətirərdi. Yaxşı avazı, məlahətli səsi vardı. O səslə, o havalarla o məni şeirə, sözə kökləyirmiş sən demə. İlk laylamı çalırmış. Mənim şeirdə ilk müəllimim rəhmətlik atam olub. Olduqca təvazökar bir insan idi. Bəlkə də, poeziyamızı çox dərindən bildiyi üçün yazdıqlarını heç zaman dərc etdirmədi (buna mən bu gün də təəssüf edirəm). Əlimə qələm götürüb şeir yazdığım ilk günlərdə:  

 

Yatmışdım yuxudan məni oyatdı 

Atamın qoşması, atamın sazı. 

Gör hansı məqamda dadıma çatdı, 

Atamın qoşması, atamın sazı. 

 

-deyəcəkdim və Bakıda tələbə olarkən “Atamın məktubu” adlı bir şeir də yazacaqdım. O şeirin son bəndi beləydi: 

 

...Qəlbimi titrədən ayrı həvəsdi, 

Sənsən bu həyatda qanadım, qolum. 

“Filankəsin oğlu” olduğun bəsdi 

Qoy mən “filankəsin atası” olum. 

 

Doğrudur, mən onun arzularını yetərincə doğrulda bilmədim. O məni həm də bir alim kimi görmək istəyirdi. Ancaq ona həsr etdiyim başqa bir şeirimi əzbərləmişdi. O şeirdə belə bir sətirlər vardı: 

 

Təzə pərvazlanan körpə bir quşam, 

Sənin arzun idim gəldim həyata. 

Nə yaxşı mən sənin oğlun olmuşam, 

Nə yaxşı sən mənim atamsan, ata! 

 

Verdiyiniz sualdan uzaqlaşmağımı zənn etməyin. Sevimli şairimiz İlyas Tapdığın ilk kitabının bizim evə gəlib çıxması təsadüfi deyilmiş. O zamanın gənc şairi, bizim qonşu kənddən olan İlyas Tapdıqla atam tanış imiş. Əmimoğlu Qüdrətin onun “Gözlər” kitabını alıb kəndə - bizə gətirməyi də təsadüfi deyilmiş. Sən demə, atamın xahişi ilə o kitab bizə göndərilibmiş. Onda mənim on-on bir yaşım vardı. Hələ şeir yazmasam da, şairlərimizi oxuyurdum, yaxşı şeirdən baş çıxara bilirdim. Dağlar oğlu İlyas Tapdığın Gədəbəyin bulaqları kimi dumduru məhəbbət şeirləri də elə bu səbəbdən məni ovsunlamışdı. O şeirlərdən indi də yadımdan çıxmayan sətirlər var: 

 

Nə deyim, nə deyim sevdiyim qıza, 

Yazdığım məktubu cırıb deyirlər.  

Çatdırın fikrimi o insafsıza, 

Günahsız qəlbimi qırıb deyirlər. 

 

Etiraf etməyi borc bilirəm ki, “Gözlər” kitabından aldığım poetik enerji bu hadisədən cəmi 3-4 il sonra ilk şeirimi yazmağa, ürəklənib əlimə qələm götürməyimə vəsilə oldu. Ancaq ümumən məni poeziyaya bağlayan, bu poeziyanın dəlisinə, vurğununa çevirən İlk Xalq Şairimiz böyük Səməd Vurğunun poeziyası olub.  

Mən Bakıya gəldim. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Atamın və əmim kimyaçı alim Rafiq Ələkbərovun tapşırığı ilə İlyas Tapdığın yanına getdim, onunla tanış oldum. Vaxtaşırı yazdığım  yeni şeirlərimi ona oxuyur, fikrini bilmək istəyirdim. Onda o, sonralar mən işə düzələcəyim “Gənclik” nəşriyyatında şöbə müdiri işləyirdi. Mənim onunla ilk tanışlığım sonralar ən yaxın ünsiyyətə, ailəvi dostluğa çevrildi. Allah rəhmət eləsin, gözəl insan, yaxşı şair idi. Yüzlərlə gənc yaradıcının əlindən tutmuş, köməyini qayğısını əsirgəməmişdi. Mən onun ölümünə həsr etdiyim şeirin bir bəndini örnək gətirirəm: 

 

...Şeirin ustadıydı cavan çağından, 

Çoxuna köz qıydı öz ocağından, 

Vaqif zirvəsindən, Vurğun dağından, 

İlyas Tapdıq adlı bir qaya uçdu. 

 

 İlyas Tapdığa “Xalq şairi” fəxri adı verilməsə də, o xalqın şairi idi. Özü də kifayət qədər sevilən şairi idi.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

Cümə axşamı, 04 Aprel 2024 13:00

QISA FİKİRLƏR XƏZİNƏSİndə Nurəddin Topçu

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə         Əmin Ər-Reyhaninin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

Nurəddin TOPÇU:

 

İmansızlıq ruhun kainatla bağlarının qoparılmağıdır.

 

***

Həqiqət ruhun sevgilisidir və bu eşqin övladı düşünməkdir.

 

***

Ulduzların hərəkətiylə qəlbin gizlin hərəkətlərini eyni qanun idarə edir.

 

 

“Ədəbiyyat və incəsənət”

  (04.04.2024)

 

Cümə axşamı, 04 Aprel 2024 12:30

Sevgi – instinkt və hormonlar + ...

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bəşər tarixi boyunca sevgi formulasını şairlər, filosoflar, təbiblər səylə axtarıblar, amma onu tapmağa ən yaxın XIX və XX əsrin fizioloqları və psixoloqları olublar. Təbii ki, sevgi özü cismani deyil ruhi, yəni materialist deyil, idealist bir anlamdır, ona görə də onun dəqiq tərifi, düsturu da mövcud ola bilməz. Bununla belə, sevgini tək poetik planda deyil, fizioloji, hormonal-biokimyəvi planda mənimsəmək üçün kifayət qədər faydalı təlimlər mövcuddur.

Məsələn, bizim tələbəlik illərimizdən tanıdığımız məşhur sovet psixoloqu, sevgi tədqiqatçısı Y.Ryurikov sevgi fenomenini öyrənməkçün  hamını psixologiya, fiziologiya, seksologiya və kulturologiya təlimlərini sevgi barədə yazmış böyük yazıçı və şairlərin, habelə filosoflarının kəşfləri ilə birgə nəzərdən keçirməyin vacibliyini söyləmişdi. Yazar sevgi barədə məişət miflərinin elmlərin məcmusu ilə birlikdə sevginin mahiyyətinin sintezini yaratmasını ortaya qoymuşdu. Y.Ryurikovun sevgi formulası belə idi:

Sevgi – instinkt və hormonlar – əlvan eynəklər (sevən sevdiyini o qədər ideallaşdırır ki, onun yalnız müsbət cəhətlərini görə bilir ki, bunu da psixologiyada «əlvan eynəklər» ifadəsi ilə adlandırırlar) – razılaşa bilmək, ələ ala bilmək incəsənəti (biz bunu daha çox kompliment deməklə yola gətirmək anlamında başa düşürük) – yaxud idarə etməyə məcbur qaldığımız halların zəruri idarəsi.

Sevgi – insanın olduqca mürəkkəb daxili vəziyyəti olduğu üçün sevgi formulası da bütün dərinliklərə enə bilmək gücündə olmalıdır, əlbəttə ki. Və sevgi təlimlərini yaratmağın ən böyük çətinliyi də hər sevginin öz spesifikliyinin olmasıdır. Sevgi nüansları tipik olduqları qədər fərdi də ola bilir. Hər bir spesifikliyi ümumi təlimə gətirmək isə, ümumiləşmə baxımından mümkünsüzdür.

Sevgi təlimlərinin ən işıqlı tərəfi odur ki, onların köməkliyi ilə artıq kimlərçünsə bir xəstəliyə çevrilmiş sevgiyə diaqnoz qoymaq mümkün olur, sevginin quluna, köləsinə çevrilib kor-koranə təslim olmaq əvəzinə onu idarə etmək mümkün olur.

Sevginin növləri var, o çoxşaxəli, çoxməzmunludur. Bəzən o, əzab-əziyyətdir, dərddir, göz yaşıdır, nevroz, hipomaniyadır. Bəzən narkotik kimi asılı edən, tutub saxlayandır, bəzən də təbiəti al-əlvan edən rənglərdir, sevinc, səadət, xoşbəxtlik yağmuru yağdıran buluddur, bizi cəlbetmə məstliyinə aparan gipnotik dalğadır.

«Uğursuz sevgi», anlayışı niyə bəs öncə qeyd etdiyimiz bədbəxtçiliklərə yol açır, «faciəvi sevgi» məzmununu kəsb edir? Niyə səni sonradan tərk edirlərsə, yaxud əvvəlcədən sevginə cavab vermirlərsə, sevgi hisslərin daha da şiddətlənir, alovu səni yandırıb-yaxır, məhv edir?

London psixiatrları təsdiq edirlər ki, daha çox yeniyetməlikdə rast gəlinən «dəli kimi sevmək» halı doğrudan da mövcuddur, yəni ki, «dəli kimi sevmək» adicə söz yığını, zəmini olmayan təsvir deyildir. Psixiatrlar 30 nəfər şiddətlə sevən yeniyetmə üzərində sınaq aparmış, onları testdən keçirmişlər. Məlum olmuşdur ki, onlar doğrudan da xəstədirlər. Sevgi xəstəliyi əhval-ruhiyyənin kəskin dəyişilməsi, yuxunun qısalığı, şəxsi maraqlardan könüllü imtina, sevdiyindən tam asılılıq vəziyyətinə gəlib çıxmanı özündə ehtiva eləyir.

Amerika neyrobioloqları sevənlərin beyninin şəklini çıxararaq londonlu psixiatrların söylədiklərini təsdiq etmişlər. Sevən beynin patoloji fəallığı yalnız sevdiyinin sevgiyə qarşılıq verməsi nəticəsində dayanırmış, beyin normal fəaliyyətə qayıdırmış.

Qeyd etdim, sevginin növləri var: sevgi-ehtiras, sevgi-dostluq, romantik sevgi, platonik sevgi, praqmatik sevgi, rəqabətli sevgi, özünü fədaetmə sevgisi və s. və i.

Adətən sevgi növlərini insanın hormonal balansının xüsusiyyətləri ilə izah edirlər.

 

(Davamı olacaq)

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.