Super User

Super User

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə soğanbozbaşının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR (nüsxə):

§ Qovurma əti – 117 qr

§ Soğan – 25 qr

§ Pomidor rubu – 42 qr

§ Keşniş – 8 qr

§ İspanaq (şomu) – 8 qr

§ Kəvər – 8 qr

§ Duz – 5 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Soğan yağda qovrulur. Qızarana yaxın pomidor rubu, qovurma əti, işgənə və doğranmış göyərtilər əlavə olunur. Hazır olduqda kasaya çəkilir və süfrəyə verilir.

Yanında pendir, göyərti, meyvə (məti) turşusu verilir. Bişmə müddəti 30-35 dəqiqə çəkir.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

 

Bu gün Rus Dram Teatrında Təhminə və

Zaurun əhvalatına tamaşa edəcəksiniz. 

 

– “Yuxularımdan çıx”!

İkipərdəli melodrama Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında səhnələşdirilib və ədibin 80 illik yubileyinə həsr olunub. Onun premyerası 2018-ci il iyunun 30-da olub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.

Zaur və Təhminənin ehtiraslı eşq macərasından bəhs edən tamaşada mühafizəkar cəmiyyətdə belə sevgilərin xoşbəxt sonluqla bitmədiyi vurğulanır. Zaurun ailəsi intriqalar və öyüd-nəsihət yolu ilə onu fikrindən daşındırmağa çalışır və qonşunun Firəngiz adlı qızı ilə evləndirir. Amma o, vəfatından əvvəl vida məktubu yazan Təhminəyə olan hissələrini unuda bilmir, sevdiyi qadının obrazı yuxularından çıxmır.

Baxmağa dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə  Rza Nurinin  şeirlərindən ən yaxşı nümunələri təqdim edir.

 

Rza Nuri 1991-ci ildə Tehran şəhərində anadan olmuşdur. 10 ilə yaxındır ki, ədəbiyyatla məşğuldur. Şeirləri portallarda yayımlanıb. İngiliscədən Azərbaycancaya çevirdiyi bir neçə psixoanaliz məqalələr sanal dünyada yayımlanmış və Margurite Durasın “Ölüm xəstəliyi” adlı romanını çevirmişdir.

 

Mən kəşf etdim ki, bu gözəl dünyaya bir az da yaxından baxsanız, altında həmişə qırmızı qarışqalar var

«David Linç»

 

Əziz dostum «Əmin Hacılı» üçün 

Güzgü.

‎ ‏

Burnumla həmən hörəsi olduğum ətrini

Göz qırışı xəttindən sapladım

Xiyaban ayağına yazılmış varikoz döymədən

Səni göstərən linkə keçdim

Nərgizlərin qoxusu üzərindən sürülən sarı taksilərə düzülən baxışım, təsbeh dənələri sayaq ötmüş titrək neonları

(Elə ki, zər dağılar sayaq sıyıq gözüm, səni göstərən linkə keçər-keçməz yaxılıb yapışdı şəkilinə)

Ağzımızdan qulağımıza gedən gizli yollar var

Dayima boşa çıxar səsi

Meylin açılmış dəliyindən ötürdüm

Qanaxma xəttindən təqib etdiyim dolanbac küçələri, başıma bandaj etdim

Çünki qoşmuş qanın şlanqı daşlarla qarançır bağlarda kəsişmiş

Ağzımızın qulağımıza sağanaq olduğunu

Qırmızı və sarı qarışqaların yeraltı qansızmasını

Səninlə düşündük

Sözü qaval səsi arasında əzib

Sükutu ələdiyimiz ağız dəliyi bilərziyindən ötməyən əlimizlə

Quşlar dəstəsinə eləmişdik daşları

Əllərinə dəstə olmuş söz atışı pilləkənindən enən əngim

Bir hıçqırıq daktilodan qoparmış zəncirotu nəhvini

Sən həyatıma toxunan xəyal çubuğu şərtisən

Xəyal edirəmsə, varam demək

Qarışqaları izlə

Xəyal edirsənsə...

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Poetik Qiraətdə bu gün sizlərlə sevilən gənc şair Ruslan Dost Əli görüşür. “Deyil” şeiri bir sevgi şeiridir.

göy üzünü bir günlük kirayə istəyirəm,

sənə yazacaqlarım varaqlar üçün deyil.

Necə də gözəl poetik lövhədir! 

Xoş mütaliələr! 

 

orucumu pozaram, and içərəm doyunca,

səni inandıraram bu eşqə yol boyunca.

deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,

olsun, bilməlisən ki, uşaqlar üçün deyil.

 

baramaqlarını gətir, bir, iki, üç, dörd... sayım,

adını əzbərləyim, gündüzlər sayaqlayım.

yaxın dur, dodağına bir kəlmə pıçıldayım,

mənim deyəcəyim söz qulaqlar üçün deyil.

 

tərpənməyə qorxuram, bu eşq ki var canımda,

bircə addım ataram, boğularam qanımda.

bu əlləri bəs niyə saxlamışam yanımda?

ay qız, sənin saçların daraqlar üçün deyil.

 

mən tanrıdan nə bir din, nə ayə istəyirəm,

nə azan oxumaqçün minarə istəyirəm.

göy üzünü bir günlük kirayə istəyirəm,

sənə yazacaqlarım varaqlar üçün deyil.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Şənbə, 06 Aprel 2024 10:30

Nadir səsli Xalq artisti...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Elə vaxtlarım olub ki, evə çörək, özümə siqaret almağa pulum olmayıb. Əziyyət çəkmişəm, içimdə qovrulmuşam, amma ruhdan düşməmişəm.”- söyləyir...

 

Xarakterli adamdır, öz prinsipləri ilə yaşamağa üstünlük verir. Kiminsə xətrinə dəymək, arzu olunmayan yerə getmək onun əxlaqına ziddir. Bir aktyor kimi isə, qadın obrazına girmək onun aləmində yolverilməzdir. Səsi aktyorlar arasında nadir səslərdən biri- bas baritondur. Özünəməxsus xüsusiyyətləri çoxdur. Yaratdığı obrazların hamısını ürəklə ifa edir. Bəlkə də bu səbəbdəndir ki, ürək əməliyyatı da keçirib…

 

1953-cü ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Bu kənddə böyüyüb boya-baş çatıb. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunaraq iyirmi il orada çalışıb. Sonra beş il Bakı Bələdiyyə Teatrında işləyib. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının aktyorudur. 2002-ci ildə əməkdar artist, 2019-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb...

 

Teatr səhnəsində ifa etdiyi rolların sayı-hesabı çoxdan itsə də, indiyədək qırx beşə yaxın film və teleserialda çəkilib. Yaddaqalan rolları çoxdur. “Arvadım mənim, uşaqlarım mənim” adlı filmdə Şamil, “İsmayıl bəyin mücrüsü”ndə Ata, “Qorxma, mən səninləyəm”də Məmməd, “Atları yəhərləyin”də Qurd Kərim, “Alman klinikasına şəxsi səfər”də Qafarov, “Yük”də aktyor, “Sonuncu döyüş”də Polis mayoru və sairə…

 

Deyir ki,- “Yeni gələn aktyorlara bir tövsiyəm var. Sənəti özlərindən çox sevsinlər. Bir-iki rol oynayandan sonra özlərini sənətkar kimi qələmə verməsinlər. Aktyor illərlə teatrın tozunu uda-uda, zaman-zaman yetişib sənətkar olur”...

 

 Adil İsgəndərov kimi böyük aktyorlardan dərs alıb, sənətkardır. Bu zirvəyə yetişmək üçün uzun illər yol gəlib. Teatrda “Cavad xan”, “İbrahim xan”, sənədli filmlərdə “Kəlbəli xan”, “Cavanşir xan” obrazlarını canlandırıb. Hərəsindən bir keyfiyyət əxz edib. Nəticə göz qabağındadır, xan kimi məğrur, qürurlu, ağayanə insandır...

 

Aprelin 6-sı Xalq artistinin növbəti ad günüdür. Ona bu münasibətlə möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.

Çox yaşasın!

 

 “Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Günün fotosu: Heydər Əliyev və yazıçılar

 

Bu dəfə arxiv fotosu təqdim edirik. Heydər Əliyev yazıçıların arasında. Yazıçıları yəqin ki, tanıdınız. Qabil, Anar, Sabir Rüstəmxanlı, Yusif Səmədoğlu, Zəlimxan Yaqub və digərləri.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Şənbə, 06 Aprel 2024 09:00

Şəhidlər unudulmayacaq!

Bu günlərdə kitab rəflərinə yeni kitab daxil oldu - “Zəfəri yaradanlar”. 

“Ədəbiyyat və incəsənət” portalı kitabın müəllifi - sumqayıtlı yazar Lilpar Cəmşidqızı ilə əlaqə saxlayaraq ondan yeni nəşr edilən kitabı barədə bilgi almışdır. 

 

Lilpar Cəmşidqızı demişdir: 

-Çox çətinliklə də olsa, Sumqayıt şəhidlərinə yazdığım kitab işıq üzü gördü. Bu kitab Sumqayıtın aprel şəhidlərinə, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizə, 2022 və 2023-cü ildə antiterror əməliyyatında canlarından keçən, ümumi 130 şəhidə yazılmışdır və vətənpərvər şeirlər öz əksini tapmışdır. 

 

-Lilpar xanım, ara-sıra kitabın çapı ilə bağlı qarşılaşdığınız çətinliklər barədə də gileyləndiyinizə şahidik. 

 

-Bu kitabın araya-ərsəyə gəlməsinə mane olanlar həqiqətən də yolumda qaratikan kimi bitənlər az olmayıb. Amma mən bu kitabı, nəhayət, çap elətdirdim. Kitab həddindən artıq səliqəli, nəfis şəkildə alınıb. 

Kitab şəhid analarına şəxsən mənim tərəfimdən hədiyyə olunacaq. Vətən yolunda canından keçən oğullarımızı yad eləmək hər birimizin borcudur. Ruhu şad olsun, Şəhidlərimizin, Amin!

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

"Bəyaz gecələr" kitabından sonra 21 illik həyatımda ikinci dəfə içində mənə uzaq ideyalarla zəngin "Kürk Mantolu Madonna" kitabını oxudum. Və hələ kiçik yaşlarımda məktəbdə oxuyarkən ədəbiyyat müəlliməmin eşq və sevgi ilə bağlı dediyi məhz həmin cümləni xatırladım. 

 

Mən indi həmin cümləni öz təxəyyülümə uyğun düzəliş edib başlıq hissəyə əlavə etsəm də, cümlə elə də dərin deyildi, sadəcə doğru idi. "Əsl eşq qovuşmadıqda eşq olaraq qalır". Bəlkə də bu cümləni unutmamağıma elə ən böyük səbəb onun doğru olması idi?! Bəlkə də eşqin bir müddət sonra yerini sevgiyə təslim etməsi və yaxud ən ülvi hisslərin elə eşqin yox olması ilə bərabər itməsi  ən böyük tragediya idi?! 

Kitabın ən son səhifəsində xəyalıma kiçik yaşlarımda Samanyolu televiziya kanalında baxdığım bir film gəldi. Həmin filmdə öz həyatlarından razı olmayan insanlar Tanrının elçisi tərəfindən yaşamaq istədikləri həyata giriş üçün kiçik bir açarla mükafatlandırılırdı. Lakin bu həyatlarında sonluq hər zaman bərbad olurdu. Bununla belə verilən əsas mesaj bu idi ki, Tanrı bizə bizim üçün xeyirli olan nədirsə, məhz onunla mükafatlandırır, qeyrisi hər zaman çıxılmaz bir küçədir. Bəlkə də, Raif və Maria üçün də xoşbəxt bir sonluq elə ən kədərli sonluq olacaqdı?! 

Bir şeyi unutmayaq eşq toxunmaq üçün bir bədənə deyil, bir ruha ehtiyac duyur. Əsl eşq elə bu kitabdakı kimi bədənlərin deyil, ruhların qovuşduğu zaman məqbul sayılır! 

Hayat ancak bir kere oynanan bir kumardır, ben onu kaybetdim. İkinci defa oynayamam.... 

 

Mən çox uzatmadan burada fikirlərimi yekunlaşdırıram. Xoş mütaliələr! 

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Şənbə, 06 Aprel 2024 10:00

Sizi deyib gəlmişəm...

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

”Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”. 

 

Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!..” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana!” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. 

Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.  

 

Aprel ayının 7-si milli mətbuat tariximizdə çox əhəmiyyətli və əlamətdar bir gündür.

Belə ki, 7 aprel 1906-cı ildə mətbuat, ictimai fikir və ədəbiyyat tariximizdə əvəzsiz rol oynamış, Azərbaycanda ilk məktəb yaradan jurnal olmuş "Molla Nəsrəddin" jurnalının ilk sayı işıq üzü görmüşdür. "Molla Nəsrəddin" jurnalı ilə birlikdə həm də təkcə Azərbaycanda deyil İdel-Ural, Orta Asiya türk-müsəlman əhalisi arasında həmçinin İran və Osmanlıda satirik mətbuatın əsası qoyulmuşdur.Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin Tacir Məşədi Ələsgər Bağırzadənin köməyi ilə Tiflisdə açdıqları "Qeyrət" mətbəəsi geniş fəaliyyətə başladıqdan sonra onlar “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal nəşr etmək üçün  1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edirlər. Martın 4-ü Cəlil Məmmədquluzadəyə jurnalı çap etdirmək üçün qubernatorun dəftərxanasından şəhadətnamə verilir. 

Jurnalın baş redaktoru Mirzə Cəlil, baş yazarı isə Ömər Faiq Nemanzadə olur. 

Jurnalın 1-ci nömrəsi aprelin 7-si Tiflisdə 1000 tirajla çap olunur. 8 səhifəlik jurnaldakı məqalə felyeton və şeirləri Ömər Faiq Nemanzadə ilə Cəlil Məmmədquluzadə yazır. Karikaturaları isə Tiflisdə yaşayan alman mənşəli rus rəssamı Oskar Şmerlinq çəkir.

Cəhalətlə, dini fanatizmlə mübarizə aparmağı, xalqı qəflət yuxusundan oyatmağı qarşısına məqsəd qoymuş jurnalın ilk nömrəsinin üz qabığında yatmış insanlar təsvir olunmuşdu.

Jurnal tez bir zamanda dövrün maarifçilərini, ədiblərini öz ətrafına toplayır. Jurnalın müəllifləri arasında Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz Cəfər Cabbarlı kimi ədiblər yer alır. Oskar Şmerlinqdən başqa o dövrdə  Tiflisdə yaşayan alman rəssan İosif Rotter, Əzim Əzimzadə, Xəlil Musayev, Seyid Əli Behzad kimi rəssamlar da jurnalla əməkdaşlıq edirdilər.

Sadə xalq tərəfindən böyuk rəğbətlə qarşılanan jurnal ruhanilər və dövlətlilər tərəfindən lənət və hədələrə məruz qalırdı. 

Molla Nəsrəddin jurnalı həmçinin azərbaycan qadınlarının azadlığı uğrunda, onların kölə vəziyyətindən qurtarması uğrunda da mıbarizə aparır, qadınların da kişilərlə bərabər hüquqlara malik olmasını tələb edirdi.

Cumhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsində qadın azadlığına xüsusi önəm verən Molla Nəsrəddin jurnalının da payı olmuşdur. 

Həftədə bir dəfə Azərbaycan dilində dərc olunan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. 

Fasilələrlə 25 il ərzində ümumilikdə 748 nömrəsi çap olunmuş jurnalın 340 nömrəsi Tiflisdə, 8 nömrəsi Təbrizdə, 400 nömrəsi isə Bakıda çap olunmuşdur. 

Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-illərdə Bakıda nəşr olunmuşdur.

1922-ci ildən etibarən Bakıda fəaliyyətə başlayan jurnaldakı məqalələr və karikaturalar Sovet hökumətinin xoşuna gəlmədiyi üçün Məmməd Səid Prdubadiyə jurnala nəzarət etmək tapşırılır. Hətta bəzi nömrələr Cəlil Məmmədquluzadədən xəbərsiz hazırlanıb çap edildiyi üçün Mirzə Cəlil jurnalın redaktorluğundan imtina edir. 

Molla Nəsrəddin jurnalının sonuncu nömrəsi 1932-ci ilin yanvarında çap olunub. 

2010-cu ildən aprelin 7-si "Molla Nəsrəddin" jurnalının şərəfinə Azərbaycan karikaturaçı rəssamlar birliyi tərəfindən karikaturaçılar günü elan edilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

 

 
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün


Bu gün Brüsseldə Avropa Birliyi–ABŞ–Ermənistan üçlü görüşü keçirilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı üçlü görüşdə Ermənistanın iqtisadi inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyi açıqlansa da, öncədən fərqli qaynaqlarda hərbi məsələlərin də gündəmdə olacağı xəbəri yayılıb. 

Əgər hərbi məsələlər müzakirə olunursa, bunun ilk növbədə kimə qarşı olduğunu kim bilmir? Ermənistanda əvəzçıxma sevdalılarının olduğunu da bilməyən yoxdur. İşin əcaibliyi yalnız bunda deyil; iş ondadır ki, əsasən rusiyayönümlülər kimi tanıdılan (Köçəryan-Sarkisyan klanını, “Daşnaksütyun”ü və bu kimi digər idbar “qüvvələr”i əhatə edən) əvəzçıxma sevdalıları ilə Qərbyönümlü, “Soros yetirməsi” kimi tanıdılan Paşinyan hökuməti və (onun patronu sifətində sabitləşməkdə olan) Qərb institutları, budur, çəkici bir yerə vurmuş kimi görünür. Qərb də, Rusiya da, hələ bunlar azıymış kimi, vİran da Ermənistanı gücləndirmək istəyir. vİranın ikiüzlü, çoxüzlü siyasəti davam və inkişaf edir. Paytaxtında və digər ərazilərində “Yeni Naxçıvan” adlı erməni milli-ruhani mərkəzlərini barındıran Kreml zehniyyəti ilə bağlı məsələ də aydındır. O da aydındır ki, Brüsseldə yeni qucaq arayışlarını normativləşdirməyə çalışan Paşinyanın “29,8 kv.km ərazi”sinin sınırlarını ermənilər özləri qorumur; sınırlarında Rusiya hərbçilərinin durması bir yana, məlumunuz Gümrüdə böyük rus hərbi bazası var. Həmin – 102-ci Rusiya hərbi bazası (Ռուսաստանի 102-րդ ռազմական բազա; 102-я Российская военная база) 30 il öncə Rusiya Müdafiə Nazirliyinin direktivi ilə yaradılıb. Keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılan hərbi bazanın şəxsi heyətinin hazırda 4 min nəfər olduğu bildirilir. Bazanın döyüş heyəti Gümrü və İrəvan qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonunda isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı var. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji qoruma taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, televiziya mərkəzi və s. fəaliyyət göstərir. (Bunlar mətbuata açıq qaynaqlardakı bilgilərdir).
Bir qədər detallı bilgiləri paylaşarkən, yadımıza salaq:  II Qarabağ müharibəsinin gedişində işğalçıların mühəndis-istehkam baxımından yetərincə möhkəmləndikləri, motoatıcılarının, minaatanlarının, tank əleyhinə divizionlarının özlərinə görə çox hazırlıqlı olduğu, habelə düşmənin ağ fosfor tərkibli sursatlardan və s. istifadə etdiyi bəlli olmuşdu. Mən bunları xatırladarkən, 102-ci hərbi bazanın işğalçılara töhfələrini nə təkzib, nə təsdiq edə bilmirəm. (Rusiya 2020-ci ilin yayında Xəzər və vİran üzərindən Ermənistana intensiv olaraq hərbi təyinatlı yük daşımalarını guya 102-ci bazanın cari tələbləri ilə izah etmişdi. Təbii, biz inanmamışdıq, bu gün də inanmırıq. Bu öz yerində). Ancaq onu bilirəm ki, Ermənistanın etibarsız siyasəti onu Rusiya ilə Qərb arasında çəpdişli çarxlar altına salarkən, bundan bütün Qafqaz, yaxın ölkələr də zərər görəcək. Qonşunun qışdan yanan evi bizim evi isitməz. Hərçənd Ermənistan nə qonşu kimi qonşu, nə də dövlət kimi dövlətdir...
Prezident İlham Əliyevin aprelin 5-də Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, keçmiş Xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən vurğuladığı kimi, hazırda dünyada, o cümlədən Güney Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Güney Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.
Onuda xatırladaq ki, dünən Türkiyə XİN Brüssel uçlü görüşünü (haqlı olaraq) pisləyən Açıqlama ilə çıxış edib. Bundan az öncə İtaliya XİN Fransa XİN-in anti-Azərbaycan mövqeyini sərt tənqid etmişdi.
Brüssel üçlü görüşündən danışarkən, Antoni Blinkenin, Ursula Fon der Lyayenin Paşinyanla görüş günündən öncə Prezident İlham Əliyevə zəng etməsini də xatırlatmalıyıq. ABŞ Dövlət katibi və Avropa Komissiyasının Prezidenti Azərbaycan ictimai fikrində yaranmış haqlı narahatçılığı keçişdirməyə çalışsa da, habelə, Brüssel görüşü barədə ilkin  açıqlamalarda iqtisadi dəstək faktoru qabardılsa da, axı biz hansı irslərinə, təcrübələrinə əsaslanaraq onlara inanmalıyıq?..
Budur, Brüsseldən xəbərlər gəlir. Ermənistan məgər ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırmış... – Bunu Paşinyan deyib. O, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün bölgəsəl kommunikasiyaların (blokunun) açılmasının tərəfdarı olduqlarını bildirib. Sınırların delimitasiyasına da toxunan Ermənistanın Baş naziri məhz bəlli Almatı Bəyannaməsinə istinad edib. Etsin etməyinə amma Ermənistanla bizim aramızda yığılıb qalmış problemlər Almatını aşar. İlk növbədə, ona görə ki, Almatı Bəyannaməsindən sonra Ermənistan elə müharibə cinayətləri, soyqırım aktları törədib, elə hoqqalardan çıxıb, o Bəyannaməni elə heçə sayıb ki, indi 33 il sonra o sənədə istinad etməyə ən azı mənəvi haqqı (ümumiyyətlə haqqı) yoxdur! İşinə yarayanda Almatı Bəyannaməsi, yaramayanda işğalçılıq siyasəti?..
  
“Biz sülhün olduğu Güney Qafqaz istəyirik”. – Bunu isə ABŞ Dövlət katibi Blinken bildirib. – “Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh ortamında yaşamasını, region ilə əlaqələnməsini istəyirik. ABŞ və AB bu səylərinin həyata keçməsində tərəfdaşdır”. Sülh ortamı üçün tərəflərdən birini gücləndirmək ədalətli yanaşmadırmı? – Sual olunur, ABŞ, AB Ermənistanı nəyə hazırlayır, onun qonşulara (Azərbaycana, Türkiyəyə) hansı problemləri yaradacaq qədər güclü olmasını istəyirlər?
 
Blinken Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə yatırım qoyduqlarını da açıqlayaraq bildirib ki, bu məqsədlə 2023-cü ilin büdcəsindən 65 milyon dollar ayrılıb. – Pul onların, qərar onların – bunları bilirik; bilmədiyimiz budur ki, birtərəfli, ikilistandartlar tətbiq edərək, iki tərəf arasında hansı meyarla, hansı ədalət tərəzisi ilə vasitəçi olmağı düşünürlər? ABŞ “Azadlığı müdafiə aktı”na adıyaman 907-ci düzəlişi qəbul edən, qondarma “erməni soyqırımı”nı tanıyan ABŞ deyilmi? Ermənistanda baş verən gerçək cinayətlərə, hüquqsuzluqlara göz yuman, ancaq Azərbaycanın gözündə tük axtaran ABŞ (və AB) deyilmi?
Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayarkən, Ermənistanın vİranın uzunmüddətli, səmərəli dəstəyi ilə barındığını, Rusiyanın forpostu olduğunu, eləcə də,  30 illik işğal dönəmində Qarabağı talan edib Ermənistana (və vİrana) daşıdıqlarını hansı üsulla “unudub”?..
 
Blinken onu da deyib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzunmüddətli sabitliyi, çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir”. Xub! – Amma Ermənistana öz xoşu ilə rahat keçən bir ovuc erməni üçün belə həssasiyyət, diqqət-qayğı göstərən ABŞ, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə münasibətdə həmin həssasiyyətin dörddə birini göstəribmi? – Göstərmədiyini bilə-bilə, Azərbaycanda ədalət mücəssiməsi kimi qəbul edilə bilərmi? BMT-nin Təhüləkiszlik Şurasının daimi üzvü, NATO-nun qurucu üzvü, nüvə dövləti, güclü istisadiyyata malik bir ölkə nə üçün bunca cılız davranmalıdır?..
Bəlli olduğu kimi, dünən (aprelin 4-ü) Beynəlxalq Mina Xəbərdarlığı Günü idi. Bu əlamətdar Beynəlxalq Günlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi bir Açıqlama yayınlayıb. Elə bir açıqlama ki, sanki Azərbaycan ərazilərindəki minalar ya təbii şəkildə özü yetişib ya da yadplanetlilər xəlvətcə basıdırıbmış biz bilməmişik... Bəli, dünən belə bir dayaz açıqlama verən, ErMİNAstanın (Terroristanın) adını çəkməkdən “çəkinən” ABŞ, bu gün Brüsseldə Ermənistanı ballayıb-bələməkçün AB ilə birgə görüş keçirir...
 
ABŞ Azərbaycanın Ermənistan işğalından azad edilmiş ərazilərinin işğalçılar tərəfindən kütləvi minalanması, Ermənistan hökumətinin mina yerləri ilə bağlı bilgiləri bölüşməkdən imtinasına nə əcəb vurğu etməyib?
ABŞ işğal altında olmuş ərazilərin kütləvi minalanması probleminin, hazırda mülki şəxslərin təhlükəsizliyi, yaşayış imkanları üçün ciddi təhlükə olduğunu önəmsimirmi?
  
*
Yuxarıda vurğuladığımız kimi, Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib; Çavuşoğlundan  iki gün öncə (02.04.2024) isə Türkiyə Cümhurbaşqanlığının Müdafiə Sənayesi Komitəsinin başqanı Haluk Görgünün başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda olmuşdu. Əlbəttə, bu görüşlər, səfərlər təsadüfi deyil, hər birinin özünəxas məzmunu, məna dərinliyi, üfüq genişliyi vardır.
Bu günsə bəlli oldu ki, Azərbaycan-Quzey Kıprıs Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. – Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilib.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”
(05.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.