Super User

Super User

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Sən demə, psixologiyada irrasionallar üçün də effektiv, zəmanətli uğur düsturları var imiş.

Bu düsturlar bütün menecment təliminin əksidirlər, onları anti-tezis də adlandırmaq olar. Rassionalların planlaşdırılmasına cavab kimi irrassionalların ani planlaşdırılmasını ortaya qoymaq olar. Düstürların məğzi ondadır ki, irrassionalların cəmiyyət tərəfindən zəiflik və çatışmazlıq kimi adlandırılan xüsusiyyətlərində şəxsiyyətin elə aspektləri gizlənib ki, bu elə böyük bir potensialdır ki, ondan düzgün istifadə etdikdə hətta ən böyük məqsədlərə belə çatmaq olar!

Maraqlıdır, deyilmi?

Beləliklə, gəlin diqqət edək. Tezis və antitezislər:

a) İrrasionallar bir işi başa çatdıra bilmir, digərindən yapışırlar.

Eyni zamanda bir neçə sahəyə maraq göstərən, tutalım, həm yazıçı, həm aktyor, həm rejissor, həm alim, həm dizayner, həm idmançı olmaq istəyən irrasional bunlardan birini seçir, potensialını bu sahəyə yönəldir, amma qısa zamanda nəticə əldə edə bilmədiyi, uğurun çox uzaqlarda, əlçatmazlıqlarda olduğunu hiss etdiyi üçün, üstəlik, digər sahələrə marağını içində boğmasının ağrısını çəkdiyi üçün get-gedə maraq və entuziazmının itməsi ilə barışır. Məqsədə çatmaq yolundan sapınır, bu dəfə digər bir sahəni seçib indi də o sahədə uğura doğru addımlamağa başlayır. Təbii ki, bu dəfə də onu uğursuzluq haqlayacaq.

Bəs nə etməli?

Əslində, irrasionallar bir şeyi qulaqlarında sırğa etməlidirlər ki, onlar məhz elə müxtəlifliklər üçün doğulublar. Özünü planlı şəkildə bir işə sərf etmək onlar üçün deyil. Bu qaydalar rasional insanlarındır. Sizsə, ey irrasionallar, içinizdəki istəkləri əsla boğmamalısınız. Eyni zamanda həm yazıçılıq edin, kitab yazın, həm rəssamlıq edin, portret çəkin. Tutalım, kompüterdə Photoshop proqramını öyrənmək istəyirsinizsə, tutalım, Corel Draw, Flash proqramlarını da öyrənin. Siz ingilis dilini mənimsəməyə çalışırsınızsa, alman, fransız dillərini də öyrənin, Siz bir məqsəd, bir uğur hədəfi qoymayın qarşınıza, eyni zamanda bir neçəsini qoyun. Nəticə mütləq gözəl olacaq!

b) İrrasionallar yekcins, monoton işdən bezirlər.

Adətən bu bezginlik onları həmin işdə uğur əldə etməkdən məhrum eləyir. Onların işə maraqları tam ölür, məcburən, zorən işləyir, bəzən hətta işi axıra çatdıra bilmir, nəticə əldə etməyi bacarmırlar.

Amma bu yekcinslikdən, monotonluqdan bezginliyi mənfi xarakterlikdən müsbət xarakterə yönəltmək mümkündür. Necə? Əgər iş sizi bezdiribsə, ani olaraq bir fəaliyyətdən digərinə keçin, məsələn, əgər bu özəl işdirsə, musiqi ifa edin, gündəlik yazın, dostlarla yazışın, lap bir az idman edin, açıq havada gəzişin, sonra yenidən işinizin üstünə qayıdın. Yox, əgər bu idarə, müəssisə işidirsə, musiqi ifa etmək, idmanla məşğul olmaq mümkünsüzdürsə, digərlərini edin. Mütaliə də etmək, kağız-qələm götürüb rəsm də çəkmək, hər hansı bir krossvord, skanvord da həll etmək olar. Bu qarışıq iş ritmi sizi mütləq gördüyünüz əsas işdə uğura aparıb çıxaracaq. Özü də işiniz xeyli məhsuldar, keyfiyyətli olacaq.

c) İrrasionallar əhval-ruhiyyədən asılıdırlar

Adətən, bax bu çatışmazlıq irrasionalları tutduqları yoldan sapındırır. Sabah günorta vacib bir işgüzar görüşü olan, ancaq, necə deyərlər, yataqdan sol ayaqla qalxdığından kefsiz olan irrasional bu görüşə getməyə ərinirsə, getmirsə, bundan çox ciddi ziyan çəkir. Amma nə etsin, özü ilə bacarmır. İrrasionalların bir aylıq, bir illik deyil, hətta bir günlük dəqiq plan qura bilməmələri, planlarının alt-üst olması onlara çox mənfi təsir göstərir, uğura doğru yollarını tam əngəlləyir.

Bəs nə etməli? Təbii ki, irrasionalın bir işi görməyə həvəsi ölübsə, mütləq başqa işlərindən birini görməyə içində həvəs tapılacaq. Ona görə də əhval-ruhiyyə faktorundan tam asılı olan irrasional cari və perspektiv planlarla deyil, görəcəyi bütün işlərin siyahısı ilə hərəkət etməlidir, hər gün bu siyahıya göz gəzdirməlidir. Onda, mütləq hazırkı əhval-ruhiyyəsinə uyğun olan bir iş tapıb onunla məşğul olacaq, həm zamanını boşuna xərcləməyəcək, həm də uğursuz planlaşdırma acısını çəkməyəcək.

Beləliklə, əziz oxucularımın irrasional tipə uyğun gələnləri, siz monotonluqdan, yekcinslikdən bezib eyni zamanda bir neçə sahədə məşğul olmaq istəyinizlə, əhval-ruhiyyədən tam asılı olduğunuzçün planla hərəkət etmək üstünlüyündən məhrum olmaq minusunuzla belə uğura doğru gedə bilərsiniz. Rasionallardan fərqli olaraq, sizi məqsəd yox, fəaliyyətin özü ilhamlandırar. Unutmayın ki, bu, daha böyük nəticələr əldə etməyə səbəb ola bilər!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Ədalət Salmanın şeirləri təqdim ediləcək.

 

 

ANA TƏBİƏTİN SARIŞIN QIZI

 

Xətrinə kim dəyib bu qız payızın,

Bənizi saralıb solur, görürəm.

Bulud yaşmağına bürünən qızın

Şimşək saçlarını yolur, görürəm.

 

O yağış, gözünün kökü saralmış

Bu qızın ayrılıq göz yaşıdımı?

O kötük – həsrətdən yanıb qaralmış,

Nakam sevgisinin başdaşıdımı?

 

Bu soyuq baxışlı sarışın gözəl

Dönük taleyindən haçan yarıdı?

Ayağı altına tökülən xəzəl

Hansı vəfasızın məktublarıdı?

 

Şirin xəyallara inanar yenə,

Tanrı da heç üzməz ümid işığın.

Baş qoyub sazının sarı siminə,

Ovudar ruhunu Sarı Aşığın...

 

...Payızı düşündüm min kərə azı,

Sarıya boyandı duyğularım da.

Ana təbiətin sarışın qızı

Sığınar köksümə yuxularımda...

 

 

QƏDİMİ KİŞİLƏR...

 

Hər əsən küləkdən dönməzdi halı,

Öyüdlə kəsərdi hər qeylü-qalı.

Buxara papaqlı, əli əsalı

Qədimi kişilər, köhnə  kişilər.

 

Hamı üz tutduğu evi pir idi,

Hakimtək qərarı, sözü bir idi,

Elin söykəndiyi dağın biriydi

Qədimi kişilər, köhnə kişilər.

 

Məclisdə sözünün yerin bilərdi,

Gələn bəlanı da ellə bölərdi.

Kişitək yaşardı, mərdtək ölərdi

Qədimi kişilər, köhnə kişilər.

 

Kim giley edərdi, kim ağlayardı,

Başının üstünü tez haxlayardı.

Bircə kəlməsilə qan bağlayardı

Qədimi kişilər, köhnə kişilər.

 

El-oba hamısı doğma kəsiydi,

Haqqın keşikçisi, haqqın səsiydi.

Halallıq, kişilik nişanəsiydi

Qədimi kişilər, köhnə kişilər.

 

Aldada bilmədi dünyanın malı,

Yerişi ləngərli, özü həyalı,

Əli dəstəmazlı, dili dualı

Qədimi kişilər, köhnə kişilər...

 

...Ellə ağlamadıq, ellə gülmədik,

Son tikəmizi də ellə bölmədik.

Heyif, sizin kimi ola bilmədik,

Qədimi kişilər, köhnə kişilər.

 

 

NECƏ ALDADIM ÖZÜMÜ?

 

Üzü üzlər görənlərdən

Qaçıb gizlədim üzümü.

Dedim, uzaq olaq şərdən,

Əyri yozdular düzümü.

 

Qapı açılır oğruya,

Baxan tapılmır doğruya.

Ürəyim düşüb ağrıya,

Daha qalmayıb dözümü.

 

Çoxu zatını bildirir,

Xalqı özünə güldürür.

Baxıb qurdunu öldürür, –

Mən tox saxladım gözümü.

 

Min əzab gördüm, ölmədim

Dərdi tək çəkdim, bölmədim.

Əyilmək nədir, bilmədim,

Dedim hər vaxt haqq sözümü.

 

Başım daşdan-daşa dəyib,

Məni yağış, tufan döyüb.

Yalandan xoşbəxtəm deyib,

Necə aldadım özümü?!

 

 

QİYAMƏTƏ ÇATMIŞIQ, BƏLKƏ...

 

Barat Vüsala

 

Yuxuma gələnlər başıma gəlir,

Gördüyüm yuxular çin olur, qağa.

Xoş gündə yanımda mələk olanlar

Dar gündə bəs niyə cin olur, qağa?

 

Çoxalıb yuxuma haram qatanlar,

Şeytanlar yuxuma girməzdi mənim.

Vəzifə taxtında lövbər  atanlar,

Yanında dursam da, görməzdi məni.

 

Tanrı qismətini beləmi yazıb, –

Ac toyuq yuxuda darı görəcək?

Səhərdən axşama əlləşən kasıb

Ancaq yuxusunda varı görəcək?

 

Divlər Cırtdanları yuxuya verib,

Əlindən alırlar qismətini də.

Həyatda yuxunu tərsinə görüb

Gizlədə bilmirsən nifrətini də!

 

Gəlib qiyamətə çatmışıq, bəlkə,

Bu köçün önünü dayandıran yox.

Qəflət yuxusunda yatmışıq, bəlkə,

Tutub yaxamızdan oyandıran yox.

 

Dünyanın əşrəfi, ey bəni-Adəm,

Qəlblərdə yaxşılıq toxumu bitir.

Elə bu həyat da yuxu kimidi,

Göz açıb yumunca ömür də bitir.

 

 

BOŞ VER, A ŞAİR…

 

Başınısalaşağı,

Çalışarısayağı.

Görsəndayaz, bayağı,

Boşver, a şair, boş ver.

 

Uzaqolquruşərdən,

Enmədurduğunyerdən.

Zümzüməetşeirdən,

Boşver, a şair, boş ver.

 

Şaxdur, nə sın, nəəyil,

Düzəyrinikəsir, bil!

Qozbeldüzələndeyil,

Boşver, a şair, boş ver.

 

Pisliketsədənadan,

Qalmayaxşılığından.

Yorulacaqdaşatan,

Boşver, a şair, boş ver.

 

Fərqetməzonuöysən,

Ya da üzünəsöysən.

Dağtəksəbrinəsöykən,

Boşver, a şair, boş ver.

 

 

HAQQIN KÖTƏYİ

 

Səsinə hay verən olmaz, ha çığır,

Haqlının payını haqsız yeyəndə.

Yanıram, tüstüm də təpəmdən çıxır

Haqqı tapdalayan haqdan deyəndə.

 

Qorxma, haqq yolunda çəkilsən dara,

Yenə meydan oxu haqsızlıqlara.

Bilmirsən bu qatıq ağdı, ya qara,

Yalanlar həqiqət donu geyəndə.

 

Şimşəktək yalandan boş-boş çaxırıq,

Layiq olmayana medal taxırıq.

Hamımız lal kimi susub baxırıq

Haqqın tərəzisin şeytan əyəndə.

 

Mənsəb sahibində  görmədim qürur,

Hansı halal pulla imarət qurur?

Abırlı abrına söykənib durur,

Arsıza aş gəlir gümüş ləyəndə.

 

Çıxmaz, qovlamasaq bağdan köpəyi,

Milçəkdən qoruyar arı pətəyi.

Dünya düzələcək, haqqın kötəyi

Haqsızın başına bir gün dəyəndə!

 

 

ZÜLÜMƏ BAX...

 

Sən yoxsan, bir boşluq var

İçimdə neçə gündü.

Bir ruh kimi gəzirəm,

Bu həyat yox, sürgündü.

 

Halsız halımı görən,

Ölümü güldürürəm.

Ötməyib, acıq verən

Vaxtı da öldürürəm.

 

Sən yoxsan, dünya bomboş,

Hər şey düşüb gözümdən.

Səni küsdürdüyümçün

Küsmüşəm öz-özümdən.

 

Yaşamaq – həyat eşqim,

Mənim ürək dərmanım.

Dönməsən, oxunacaq,

Bil ki, ölüm fərmanım.

 

Elə pəjmürdəyəm ki,

Düz yolu da azıram.

Zülümə bax... bu yaşda

Həsrət şeri yazıram...

 

 

AH... O SƏNLİ GÜNLƏRİM...

 

Ah... o sənli günlərim

Geri qayıda bir də.

Qəfil yağış başlaya,

Olmaya bir çətir də.

 

Yağışdan gizlənməyə

Yer də tapa bilməyək.

Yağış islatsın bizi,

Qaçıb evə gəlməyək.

 

Dabanını qaldırıb,

Yenə sarıl boynuma.

İslanmış cücə kimi

Alım səni qoynuma.

 

Yanımızdan ötənlər

Baxıb "dəli"dir, desin.

O tum satanqarı da

Yenəbizisöyməsin.

 

Baxmayıbbaxışlara

Ürəkdeyəniedək.

Yenəyağışınaltda

Tutubəl-ələgedək...

 

...Heyif, gənclik illərim

Geri qayıtmaz bir də.

Yaşar sənli günlərim

Şirin xatirələrdə.

 

 

MƏNƏ MƏNDƏN YAXINSAN...

 

Dayanmısan önümdə,

Kirpiyimin altında.

Yenə səni gəzirəm

Göyün yeddi qatında.

 

Bu qədər yaxın ikən,

Nədən uzaqsan belə?

Aşa bilməyəcəyim

Yoxsa bir dağsan belə?

 

Sənə nəfəsim dəyir,

Əllərim çatmır, niyə?

Nə qədər dözmək olar

Səninlə sənsizliyə.

 

Tanrı sınağısanmı,

Yoxlayırsan səbrimi.

Düşəm qarşında öləm,

Oxşayasan qəbrimi...

 

...Mənə məndən yaxınsan,

Mənim deyilsən ancaq.

Yatmadığım yuxumsan,

Yatsam, çinmi olacaq?

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

 

 

 

Çərşənbə axşamı, 09 İyul 2024 12:39

Göynəyin duzuna su səpməyə tələsirik - ESSE

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

 

Budur, gecənin qoynundan çıxaraq dan yerinin bağrını dələn səhər yelinin sərinliyində maşınımız yol alır qədim-qayın torpaqlarımıza- Şərqi Zənguzura doğru. Əsrarəngiz gözəlliyinin bəlasına düçar olmuş azad edilmiş ərazilərə çataçatdayıq. Otuz bir illik ayrılığın göynəklərini ovutmaq üçün ürəyimizdəki yarası çox dərin olan göynəyin duzuna su səpməyə tələsirik.

 

Görünən Cəbrayıldı,

Görən hayıl-mayıldı.

Gözəllikmiş bəlası,

Düşmən gördü ayıldı.

 

Elə ki, qəsbkar ermənilərin keçilməz xətt sandıqları məşhur iohan səddini keçirsən, “vəhşilik ustaları”nın ağılasığmaz əməllərinin şahidi olursan. Göz gördüyündən dəhşətə gəlir. Göz gördüklərini ifadə etməkdə söz acizdir. Sözün də nitqi quruyur burada. 

Araz acizliyindən yenə də laldır, dərdi sinəsində, ayrılıq yükü çiynində səsini içinə çəkib, bir üzündə sevinc, bir üzündə kədər bir bədəni ikiyə bölərək məlul-məlul axır. Bəlkə də, qəhrəman oğullarımızın canı və qanı bahasına işğaldan azad olmuş dədə-baba torpaqlarımıza qovuşmağımıza həsəd aparır. “Bugündən onun üçün də olacaqmı?”- Düşünür Araz...

Arazın dərdinə üzülərkən bir səs gəldi qulağıma qeybdən:

 

O tay yurd, bu tay vətən,

Yoxdu Arazdan ötən.

Əllər qalıb uzalı,

Dərddi axan sinəmdən.

 

Koldu arada bitən,

Yol yox Xudafərindən.

Bugün gözyetəndisə,

Sabah olar əlyetən.

 

Ətraf bizə qucaq açsa da, çox şey tanış gəlmədiyindən bu yerlərin dünəni yaddaşımda çözələndi. Belə bir deyim yada düşür: Yolu yaxşı tanımaq üçün onu bir dəfə azmaq lazımdır. Görünür, bizlər bu yollarda azmadığımızdan çətinliklə irəliləyirik. Xiffətdən yol-irizini kol-kos basmış, yol-yolağasını tanıyıb tapmaq yaddaşımız hopmuş silinməz izlərin insafına qalmış, var-yoxunu mənfur yağı yağmalamış, az qala bir qərinədir ki, sinəsinə dağlar çəkilmiş, yuxuları ərşə çəkmiş, döyülüb əzilməkdən hər cür işgəncəyə düçar olmuş bir kəndin zorla sezilən izlərini gördüm. Yaxınlaşıb harayladım yal-yamacı, bağ-bağatı səsimə hay gəlmədi qəlb üşüdən sükutdan özgə. Sanki bu mənzərədən qurumuşdu dil-dodağı sükutun da. Dedim yəqin küsüb məndən, getdim qucub könlün alam. Elə bu an sükutun bətnindən boylandı hər tərəf, hər yan...

Gördüm qana həris cəlladların zülmündən yarası köz bağlamadığından köksünün qanı qurumayan bağ-bağatın, yal-yamacın canında can qalmayıb, Həsrət sormuş taqətini. Doğma sakinlərinin yolunu gözlədiyindən buz bulaqları əriyib torpağının könlünü  ala-ala yerin tərkinə gömülüb ki, düşmən taptağının oylağına çevrilməsin. Gördüm ki, asfat yollar ot bitirmiş adam boyu, yoxa çıxmış kəhrizlərin dişgöynədən suyu. göyərçinlərə yuva olmuş neçə quyu. Gördüm ki, daşı daş üstə qalmayan evləri uçuq-sökük, yolları yolsuzluqdan boynubükük, ilin bu çağında çöl-çəmənin rəngi saralı, düzənliyə dönmüş sıx ağaclı adamkeçməz ormanları. 

Silinmişdi yer üzündən neçə-neçə kənd, oba. 

Bu dəhşətlər, bu zillətlər sığan deyil nə dinə, nə Kitaba.

Gördüm kafirlərdən insaflı imiş goreşənlər. Bu gorsuzlar qoymamışlar məzarlardan əsər belə qala. Görün qəbirlərə necə divan tutmuşlar zombiləşmiş qarğa-quzğun tinətli bu vəhşilər.

Anaları insan deyil, “donuz” doğmuş bu kəsləri. Dırnaqlayıb viran qoymuş məzarlığı, məzarların bağrın dəlmiş nəfsləri... 

Yazıçı Varis Yolçuyevin təbirincə desək: “qəlb korşalanda iki ayaqlı insanın dörd ayaqlı heyvana çevrilməsi prosesi baş verir.” Burada rastlaşdığım işğalçıların qoyub getdiyi mənzərə bundan ibarət idi.

 

Bu yağış gürçat oldu,

Yuduğu yer çat oldu.

Kədərdən gəj bağlayıb

Ürəyim qat-qat oldu.

 

...Çox şükür ki azad gördüm, çal-çağırlı şənliklərsiz, alaçıqsız dağlar, sürülərsiz kövşənlər sizi bugün. Sir-sifətiniz dəyişsə də, bəniziniz soluxsa da nəfəsimə nəfəs qatdı görüşümüz. İgidlərimizin canı, qanı bahasına açıldı köksünüzə vurulmuş dolaşığa düşən bir müşkül düyün.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)

Çərşənbə axşamı, 09 İyul 2024 11:51

Şəhidlər barədə şeirlər - Nail Abakarov

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Nail Abakarov

 

Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011-2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018-2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Abakarov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

 

O gecə, Günəşin də

Qəfil söndüyü gecə...

O gecə, mələklərin

Yerə endiyi gecə.

 

O gecə yaddaşında,

Susub fəryad saxladı.

Küləklər uçdu getdi,

Quşlar qanad saxladı.

 

Bir xəbər bir atanın

Ürəyini geyinib,

Əynində aparırdı.

Bir ata ovucunda

Böyütdüyü balasın

Çiynində aparırdı.

 

Aparırdı adamlar

Bir körpə beşiyini,

Bir ananın qəlbini,

Həyəti, bacasını,

Evini, eşiyini.

 

Bir qız boynunu büküb

Dayanmışdı kənarda.

Sevənlər ayrılanda

Alışar da, yanar da.

 

Yox, bu ayrılıq deyil,

Evinə dönməkdi bu...

Ana, vətən, qohumlar,

Dost, tanış, qardaş, bacı -

Hamını sevməkdir bu.

 

Şəhidlik əbədiyyət,

Sevilməkdi, sevməkdi.

Mələklərə qoşulmaq,

Günəşə can verməkdi.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)

 

Çərşənbə axşamı, 09 İyul 2024 11:39

İntizar ədəbiyyatı - Hökumə Billuri, "Mən də"

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mən də bir şairəm sinəsi dağlı, 

Ayrılıq nəfəsli, hicran soraqlı 

Vətənin qapısı üzümə bağlı, 

Hər axşam bu dərddən alışır sinəm, 

Vətən həsrətliyəm, el həsrətliyəm. 

 

Həyatın öz səsi, gur səsiyəm mən, 

Varlığın bir səhər nəfəsiyəm mən. 

Haçandır azadlıq təşnəsiyəm mən, 

Qəlbimdə məhəbbət bulağı çağlar, 

Bir gözüm güləndə, bir gözüm ağlar 

 

Səhər oyanmamış, günəş gəlməmiş, 

Arzular üfüqün özütək geniş. 

Torpağa, insana, günəşə alqış. 

İnsan arzulan günəşdən uca, 

Baxdım dan yerinə, baxdıın doyunca, 

 

Dəniz ovsunlayıb ayı da alır, 

Çəkir sinəsinə, sular qaralır, 

Qızılı bir şəfəq sularda qalır, 

Açır gözlərini oyanır səhər, 

Başlayır uğurlu bir aydın səhər. 

 

Budur, nəfəs alır küçə, xiyaban, 

Dəniz lap birinci qalxır yuxudan. 

Həyatın zinəti ey ulu insan, 

Dənizə, günəşə, sənə vurğunam, 

Vurğunam, vurğunam, yenə vurğunam. 

 

Məşəltək alışan bir ürəyəm mən, 

Səhərə nur verən bir diləyəm mən. 

Bir ölməz arzuyam, bir istəyəm mən. 

Dağlardan möhkəməm, zirvədən uca,

Qalsın arzularım dünya durunca. 

 

O tayda, bu tayda məşəl yandıran, 

Səhərin yolunu işıqlandıran, 

Göylərdə günəşdir, həyatda insan, 

İnsan arzuları, günəşdən uca, 

Baxım dan yerinə ömrüm boyunca.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)

Çərşənbə axşamı, 09 İyul 2024 11:07

BİR SUAL, BİR CAVAB Habil Yaşar ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

"Uçub gedən hər bir şey geri dönər, amma tam da onlarsız yaşamağı öyrəndiyiniz zaman” (Jose Saramago)

Habil bəy, vaxtsız qəlb evini tərk edənləri məyus halda geri dönərkən gördükdə diliniz nə söyləyir?

"Demişdim  qayıdacaqsan, amma  gözlərim artıq sənə bağlı", yoxsa,  "Sən heç getmədin ki"?

 

Öncə qeyd edim ki, Jose Saramaqo ən çox sevdiyim, ruhuma ən yaxın yazıçılardan biridir. O ki qaldı cavaba, hər nə qədər çətin olsa da, bütün iradəmi toplayaraq "Demişdim qayıdacaqsan, amma gözlərim artıq sənə bağlı" söyləməyi üstün tutaram. Ürəyimdə yeri olmayan birini gözlərim görsə, nəyə yarar…

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

 

Bu ömür deyilən bineyi-başdan

Köklənə bildiyin haldı beləcə.

Qocalıq saçlarda çiçəklədikcə

Cavanlıq saçını yoldu beləcə.

 

Dərkə dartınanın biri də mənəm,

Öncə düşüncədi taleyə önəm.

Əməlinə binəm, işinə binəm

Hamı özü boyda yoldu beləcə.

 

İçin göyündədi Göyün Tanrısı,

Odu bu tərəfi, odu anrısı.

Cilvəli xəyalı, zalım ağrısı

Boldu məqam-məqam, boldu beləcə.

 

Bir ali MƏNin var: ya boş ver, ya bul...

Ya göllən yerində, ya da ax, durul.

Qazandığın hörmət, qazandığın pul

Belə olmalıydı,.. oldu beləcə.

 

Haqqın körpüsündən keçirib bir-bir,

Son sözü yaradıb-aparan deyir.

70-in tinində bu kövrək şeir

Gəlib ürəyimə doldu beləcə...

 

Ədəbiyyat və incəsənət”

(09.07.2024)

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

Çox-çox əvvəllər, Qafqaz dağ silsilələrinin indiki yerində münbit düzənliklərin uzandığı torpaqlarda türk tayfaları məskən salmışdı. Bu mahalın əfsanəvi igidləri, qəhrəmanları öz şüçaətləri ilə ad çıxarmışdılar. Onların başçısı qüdrətli şahzadə Səlim idi. O, qorxmaz atlı və döyüşçü idi. Onun həyatı yad qəbilələrə qarşı basqınlarda və dostlarla şən ziyafətlərdə qayğısız keçirdi. Səlim heyvanların dilini başa düşürdü və həmişə dərələrdə, meşələrdə, döyüşlərdə şahini  və dözümlü atı onu müşayiət edirdi.

Bir gün Səlim qonşu kənddə Alağöz adlı gözəl bir qız gördü və onların arasında odlu sevgi yarandı. O, atasının yanına gəlib toy üçün icazə istədi. Lakin şah bu xəbəri eşidəndə üzünün rəngi dəyişdi,  tutqunlaşdı, oğlunu bu sevdadan yayındırmaq üçün onu vəhşi qəbiləyə qarşı döyüşə getməyi əmr etdi. Oğul atasının sözündən çıxmağa cəsarət etmədi, atlıları başına yığıb uzaq döyüşə getdi. Uzun müddət geri qayıtmadı və ata oğlunun məğlub olub ölməsi xəbərini şayiə olaraq məmləkətə yaydı.

Lakin Səlim ölmədi, düşmən üzərində qələbə çalıb, zəngin qənimətlə yoldaşları ilə birlikdə doğma yurduna qayıtdı. Onunla ilk görüşən vəfalı insanlar atasının xainliyindən danışdılar. Səlim əvvəlcə öz sevgilisini görmək istədi. Artıq atası ilə görüşmək, onu eşitmək istəmədi. Hər iki sevgili biruzaq bir diyara qaçmağa qərar verdilər. Gecənin yarısında sadiq dostlarının köməyi ilə dərin meşələrin uzandığı doğru yola düşdülər. Ata oğlunun qayıtdığı xəbərini eşitdi, əsgərlərini topladı və qaçanların arxasınca getdi. Uca dağlar qoynunda ata və oğul arasında döyüş başladı. Gənc atlılar cəsarətlə vuruşdular. Səlimin şahini və vəfalı atı ona vuruşda kömək etdi. Şahinin iti  gözləri və ülgüc kimi caynaqları, vəfalı atının qulaq batıran kişnərtisi ilə şahın əsgərləri məğlub oldu. Şah döyüşdə tək qaldı, öz səhvini başa düşdü. Amma, yenə xəyanətə əl atdı. Oğluna onu əhv etməsini xahiş etdi. Səlim atasına yaxınlaşıb dəbilqəsini başından çıxartdı. Elə bu an şah əlindəki qılıncla oğlunun başını iki böldü.  Səlim öldü, Alagöz göz yaşları içində sevgilisinin cəsədinə əyilib kəmərindən xəncərini çıxardıb ürəyinə sancdı, sonra onu kənara atdı. Belə bir dəhşətli hadisədən yer titrədi, göy guruldadı. Alagözün göz yaşlarından çay əmələ gəldi, öldüyü yer isə daşlaşdı, uca zirvəli, başı qarlı dağa döndü. Sonralar bu yer gənc atlıların döyüşdüyü, vuruşduğu dağlar oldu. Dağın başı üstündə isə hələ də Səlimin sadiq dostu şahin dövrə vurur. İnsanlar bu dağı sonradan Alagöz dağı adlandırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən konsertlərə start verilib. 

 

 Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlıya müraciət edərək ondan layihənin icrası ilə bağlı aşağıdakı məlumatı aldıq:

 

-Layihə əsasında rellaşan ilk konsert 7 iyul 2024-cü ildə Gəncə şəhərindən start götürüb. Layihə çərçivəsində “Azərbaycan kəlağayılarının təbliği" adlı konsert tamaşaçılara təqdim olunub.

Konserti giriş sözü ilə İctimai Birliyin sədri və layihə rəhbəri olaraq açaraq qonaqları salamladım. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Sonra mən layihənin mahiyyəti haqqında ətraflı məlumat verərək Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə təşəkkür etdim. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ' Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində Bakı, Gəncə, Qazax, Şəki və Şamaxı  rayonlarında kəlağayıdan bəhs edən konsertlərin keçiriləcəyini bildirdim. 

Qeyd etdim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz səyləri nəticəsində ölkəmizin 23 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixdə Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu siyahısında Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Bu münasibətilə 26 Noyabr – Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur. Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır! Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır. ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkil olunmasında da əsas məqsəd milli atributlarımızdan olan, analarımızın ismət rəmzi sayılan kəlağayını, kəlağayı sənətini yaşatmaq, təbliğ etməkdir. 

Azərbaycanın müqəddəs atributlarından biri olan, analarımızın, nənələrimizin yaraşığı olan kəlağayı haqqında keçirilən tədbirlərin sevgilərlə, heyranlıqla, alqışlarla qarşılandığından qürur duyduğumu qeyd etdim. Çıxışımda kəlağayımıza Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident  Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qiymət verildiyini, dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğuladım. 

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac vardır. Belə təbliğ formalarından ədəbi-bədii gecələrin, konsertlərin, festivalların təşkilidir. Təklif etdiyimiz layihə çərçivəsində Bakıda və dörd regonda Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanınmasının 10 illiyi münasibətilə konsert proqramları və qədimi kəlağayıların sərgisi keçiriləcək. Hesab edirik ki, belə təbliğat vasitəsi kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında istifadəsini daha da artıracaqdır.

Sonra isə söz, Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayevaya verildi. O, kəlağayının təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün  bu layihənin çox önəmli və vacib olduğunu bildirdi. Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri- şair Brilyant Atəş, Mələk İsmayıl, Gəncə şəhər 10 saylı məktəbin müəllimi Aybəniz  Murğuzova  kəlağayı haqqında yazdııqları şeirləri  söylədilər. 

Aşıq Elbrus Hüseynov, aşıq Firəddin Mehdiyev, balabançı Yaşar Abbasov, Gəncə İncəsənət məktəbinin şagirdləri İlahə Əliyeva, Nicat Abişov, Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin Gəncə Uşaq İncəsənət məktəbinin ''Gəncə Qönçələri'' rəqs ansamblının üzvləri Amin Əliyev və Ümid Məmmədli çıxışları ilə tamaşaçılara xoş ovqat bəxş etdilər. Kəlağayıdan bəhs edən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən hazırlanmış “Azərbaycan kəlağayısının təbliği” adlı konsert  tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılandı. 

"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu çıxış edərək, tədbir iştirakçılarını salamlayaraq, Gəncədə olmaqdan məmnunluq hissi duyduğunu söylədi. Vüsal Sehranoğlu kəlağayı sənətinin yaranma tarixindən söz açaraq bu sənətin qədim sənət olduğunu söylədi. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi olaraq kəlağayının yaşadılması, tanıdılması, gələcək nəsillərə ötürülməsi üçün təqdirəlayiq işlər həyata keçirildiyini bildirdi. “Azərbaycan kəlağayısının təbliği” adlı layihənin də həmin silsilə tədbirlərin davamı olduğunu qeyd etdi və maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. 

Bir-birindən rəngarəng musiqi töhfələri, saz havaları, kəlağayı haqqında şeirlər, rəqslər  alqışlarla qarşılandı. 

Sonda Azərbayycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maddi dəstək üçün, Gəncə şəhəri İcra Hakimiyyətinə, Gəncə- Daşkəsən Regional Mədəniyyət idarəsinə, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayevə təşkilati dəstək üçün təşəkkürümüzü bildirdik.

Növbəti aəfərimiz Qazağadır. 

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)

Avstriyanın “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin alman dilinə tərcümə edilmiş “Poçt qutusu” hekayəsinin yayımına başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Tərcümə Mərkəzi məlumat yayıb. Məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış Avstriya tərcüməçisi, filoloq Andreas Kriber və alman dili mütəxəssisi Cəfər Cəfərovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Fridrix Şiller, Fyodor Dostoyevski, Frans Kafka, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.