Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Çox-çox əvvəllər, Qafqaz dağ silsilələrinin indiki yerində münbit düzənliklərin uzandığı torpaqlarda türk tayfaları məskən salmışdı. Bu mahalın əfsanəvi igidləri, qəhrəmanları öz şüçaətləri ilə ad çıxarmışdılar. Onların başçısı qüdrətli şahzadə Səlim idi. O, qorxmaz atlı və döyüşçü idi. Onun həyatı yad qəbilələrə qarşı basqınlarda və dostlarla şən ziyafətlərdə qayğısız keçirdi. Səlim heyvanların dilini başa düşürdü və həmişə dərələrdə, meşələrdə, döyüşlərdə şahini və dözümlü atı onu müşayiət edirdi.
Bir gün Səlim qonşu kənddə Alağöz adlı gözəl bir qız gördü və onların arasında odlu sevgi yarandı. O, atasının yanına gəlib toy üçün icazə istədi. Lakin şah bu xəbəri eşidəndə üzünün rəngi dəyişdi, tutqunlaşdı, oğlunu bu sevdadan yayındırmaq üçün onu vəhşi qəbiləyə qarşı döyüşə getməyi əmr etdi. Oğul atasının sözündən çıxmağa cəsarət etmədi, atlıları başına yığıb uzaq döyüşə getdi. Uzun müddət geri qayıtmadı və ata oğlunun məğlub olub ölməsi xəbərini şayiə olaraq məmləkətə yaydı.
Lakin Səlim ölmədi, düşmən üzərində qələbə çalıb, zəngin qənimətlə yoldaşları ilə birlikdə doğma yurduna qayıtdı. Onunla ilk görüşən vəfalı insanlar atasının xainliyindən danışdılar. Səlim əvvəlcə öz sevgilisini görmək istədi. Artıq atası ilə görüşmək, onu eşitmək istəmədi. Hər iki sevgili biruzaq bir diyara qaçmağa qərar verdilər. Gecənin yarısında sadiq dostlarının köməyi ilə dərin meşələrin uzandığı doğru yola düşdülər. Ata oğlunun qayıtdığı xəbərini eşitdi, əsgərlərini topladı və qaçanların arxasınca getdi. Uca dağlar qoynunda ata və oğul arasında döyüş başladı. Gənc atlılar cəsarətlə vuruşdular. Səlimin şahini və vəfalı atı ona vuruşda kömək etdi. Şahinin iti gözləri və ülgüc kimi caynaqları, vəfalı atının qulaq batıran kişnərtisi ilə şahın əsgərləri məğlub oldu. Şah döyüşdə tək qaldı, öz səhvini başa düşdü. Amma, yenə xəyanətə əl atdı. Oğluna onu əhv etməsini xahiş etdi. Səlim atasına yaxınlaşıb dəbilqəsini başından çıxartdı. Elə bu an şah əlindəki qılıncla oğlunun başını iki böldü. Səlim öldü, Alagöz göz yaşları içində sevgilisinin cəsədinə əyilib kəmərindən xəncərini çıxardıb ürəyinə sancdı, sonra onu kənara atdı. Belə bir dəhşətli hadisədən yer titrədi, göy guruldadı. Alagözün göz yaşlarından çay əmələ gəldi, öldüyü yer isə daşlaşdı, uca zirvəli, başı qarlı dağa döndü. Sonralar bu yer gənc atlıların döyüşdüyü, vuruşduğu dağlar oldu. Dağın başı üstündə isə hələ də Səlimin sadiq dostu şahin dövrə vurur. İnsanlar bu dağı sonradan Alagöz dağı adlandırdılar.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)