Super User

Super User

Çərşənbə axşamı, 09 Aprel 2024 15:00

QISA FİKİRLƏR XƏZİNƏSİndə Hüseyn Atay

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Hüseyn Atayın fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

Hüseyn ATAY:

 

Quranı kim yaradıbsa, Allah odur. Çünki belə bir kitaba Allahdan başqa heç bir qüdrət vücud verə bilməz.

 

***

Bir ayəti anlayaraq oxumaq bütün Quranı anlamadan oxumaqdan daha savabdır.

 

***

Hər zaman, hər yerdə, heç bir şərt qoşmadan Quranı aç, oxu və düşün; öz yolunu tapacaqsan.

 

“Ədəbiyyat və incəsənət”

  (09.04.2024)

 

Çərşənbə axşamı, 09 Aprel 2024 10:30

Mən sevim, sən sevmə - SEVGİDƏ ZOR OLARMI?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

İnsan təbiətinin üç əsas xüsusiyyəti hansılardır? Düşünmədən cavab verərik ki, bioloji, intellektual və mənəvi. Əksərən bu xüsusiyyətlərə istinadən yaranan sevgi hissləri uzunömürlü olur. Amma çox təəssüf ki, hazırda bu xüsusiyyətlərin üçünü də öz kölgəsində qoyan maddilik xüsusiyyəti sevən kəslərdə dominantlıq etməyə başlayıb. İndi sevgidə şəxsi mənfəət axtaranlar, xüsusən hazırki kapitalizm cəmiyyətinin tələblərinə uyğun hərəkət edirlər. Özlüyündə gedonizm (həzz duymaq) və karyerizm (qarşı tərəfin üstünlüklərindən yararlanmaq) kimi halları birləşdirən maddilik geniş vüsət alıb. Bu dialoqları kim eşitməyib ki:

 - Qızı istəyən var.

 - Kimlərdəndir? Evi-eşiyi, işi-gücü varmı?

Yəni ki, sevənin gözəl-göyçək olmaq kimi fizioloji, sevən qəlbə malik olmaq, ağıllı, tərbiyəli, gözəl xasiyyətli olmaq kimi mənəvi, ali təhsilli, bilikli olmaq kimi intellektual tərəfləri maraq doğurmur, maraq doğuran onun regionu, valideynləri, var-dövlətidir, maddi tərəfləridir.

Uğurlu sevgi münasibətlərində bax bu faktor da nəzərə alınmalıdır, acı da olsa, «ayağını yorğanına görə uzatmaq», «özünəuyğun birisini tapmaq» zərurəti günümüzün sevgi münasibətlərinin qurulmasında ən vacib rol oynayan münasibətlərdəndir.

Xaraktercə də özünəuyğun birisini tapmaq, məhz yaxşı bələd olduğun birisi ilə ailə qurmaq istəyin özünü sonda tam doğrulda bilər. Bir tanışlıqla «ZAQS»a qaçmaq, az qala bütün ölkələrin teleefirlərində populyar olan evlilik proqramları vasitəsi ilə evlənmək əksər hallarda uğurlu ailə qurulmasına rəvac verə bilmir.

Sevgidə uğur qazanmağın bir tərəfi də illüziyalardan qopub çıxmaq bacarığıdır, qarşılıqsız sevgiyə, dəli kimi sevgiyə tuş olmamaq, bundan yayınmaq cəldliyidir. «Mən sənin sevgini istəyirəm», «Mən səni sevirəm, sən də sev» kimi tələblər nəyə lazımdır? Necə ola bilər axı, sənin ona olan hisslərini eynən də o sənə qarşı keçirsin?

Məşhur bir Azərbaycan mahnısı var, hazırda dünyasını dəyişmiş müğənni Rübabə Muradovanın ifasında dönə-dönə dinləməkdən doymazdım:

Mən sevim, sən sevmə, qoy belə olsun.

Sənə sev deməyənə cürətim var.

Ürək özünündür, özün bilərsən

Mənimsə dözumlu məhəbbətim var.

Görün necə gözəl sözlərdir. Məncə, sevgi münasibətlərinin ən lazımi səviyyəsini göstərir bu mahnı. «Sənə sev deməyə nə cürətim var!» Bax belə!

Növbəti dəfə qarşılıqlı sevgi barədə danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

Poetik Qiraətdə bu gün sizlərlə Azərbaycan Yazıçılar Birliyi sıralarına yenicə qoşulmuş Banu Muharrem görüşür. 

“Adı sevda olan soyuq bir xəncər” kimi sətri varsa, demək ki, bu sevgi şeiridir. 

Xoş mütaliələr! 

 

Qəlbimin ən dərin, isti yerində 

adı sevda olan soyuq bir xəncər.

_tutub çıxarsan...

_tutub çıxarsan...

 

Uçqundan sağ  çıxmış körpə uşaq tək

nəmli bir şəhərin toranlığında   

             leysan buludlara meydan oxuyan saralmış bir yarpaq.

_Tutub qoparsan...

_Tutub qoparsan...

 

Qürurun bitdiyi  dərd toxluğunda

Göylərdə yeriyib, yerlərdə uçan

qəribə ruhumdan qopsa həyəcan.

_Qucub saxlasan...

_Qucub saxlasan...

 

Xəyal quranlara  həsəd aparsan!

 

Udqunub susduğum xəyallarımda 

qalın  bir kitablıq  nə çox sözüm var.         

Ömür tükənməmiş, yuxum gəlməmiş

_susub oxusan...

_susub oxusan...

 

Qarın doyurmayan sönük ümidlə

vitrin şüşəsinə yansıyar gözüm

_baxıb utansan..

_baxıb utansan..

 

Darıxmaq qorxusu, qırğınlıqları 

itən sevgilərin, gedən dostların

Üzünə həkk olar son ünvanları..

_daha qayıtsan...

_daha qayıtsan...

 

Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 13:00

O vaxtdan bizim aktyorların bəxti gətirməyib

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu dəfə Ədəbiyyatdan qopub İncəsənətə varacağıq. Sizlərə Sələf və Xələf təqdim edilir. Kimdir onlar? Aytac Sahədin müəllifi olduğu yazını təqdim edirik.

                                                                

 

“Sələf-xələf” rubrikasının budəfəki qonaqları Azərbaycan Dövlət Kukla teatrının direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə və teatrın quruluşçu rejissoru Anar Məmmədovdur.

 

Teatrda işlər necə gedir?

 

Rəşad bəy. İşlər yaxşıdır. Sentyabrın on beşindən bugünədək tamaşalarımız olub. Hələlik tamaşalardan narazılığımız yoxdur.

 

Bəs tamaşaçı sayından necə?

 

Rəşad bəy. Ötən illərə nəzər salanda görürük ki,Kukla teatrında tətildən sonrakı tamaşalar məktəblə eyni gündə başladığı üçün həmin günlər bir az problemli olurdu. Əvvəlki illərlə müqayisədə bu il elə bir problem olmadı. Baxmayaraq ki, biz on üç ildən sonra biletin qiymətini də qaldırmışıq.

 

Qiymət nə qədər qalxıb?

 

Rəşad bəy. Üç manat idi, indi beş manatdır. Qiymət artımı bizdən asılı olmayan səbəblərdən baş verib. 2010-cu ildən indiyə kimi biletlərin qiymətində heç bir dəyişiklik olmayıb.Halbuki bu on üç il ərzində istər kommunal xərclər, istərsə də tamaşaya lazım olan materialların qiyməti bir neçə dəfə qalxıb. Kukla Teatrı açıq kassaya işləyir, bizim biletimiz hansısa məktəbdə, təşkilatda satılmır. Hazırda repertuarda 44 tamaşa var.

 

Sizcə, qiymət artımı tamaşaçı sayına mənfi təsir göstərməz?

 

Rəşad bəy. Məncə, yox. Sosial şəbəkə hesablarımızda valideynlərin əksəriyyətinin bizim bu addımımızı dəstəklədiyini görürük. Yəni əgər müqayisə etsək, parkda üç dəqiqə fırlanan yelləncəyinqiyməti iki-üç manat arasında dəyişir. Bizdə isə 45- 50 dəqiqə, bəzən bir saat tamaşalar olur. Hərgörülən işin özünün qiyməti olmalıdır. Qiymət artımından asılı olmayaraq, biz şəhid, qazi övladlarına, internat uşaqlarına öz dəstəyimizi göstəririk. Onlar yenə də ödənişsiz tamaşalara baxa biləcəklər.

 

Anar bəy, çoxdan burada çalışırsınız?

 

Anar bəy. Artıq on üç ildir.

 

Nəzərə alsaq ki, yaradıcı adamların stabilliklə arası olmur, on üç kifayət qədər ciddi rəqəmdir.

 

Anar bəy. Bu teatrın qəribə bir sehri var. Bilmirəm kollektivdəndir, yoxsa başqa səbəbdənmi? Heç vaxt demək olmur ki, mən mükəmməl kukla teatrı rejissoru, yaxud aktyoruyam. Sən daim nələrisə yenidən öyrənirsən. Ona görə də burda daha maraqlı fantaziyalar işlətmək olur, yəni kukla buna imkan verir. Məsələn, lazım olanda kuklanın əli uzun olur, lazım olanda balaca.  Ancaq aktyorun özündə bunu eləmək mümkün deyil. Buna görə də bura daha maraqlıdır. İstənilən nağılı biz özümüz gördüyümüz fantaziya ilə reallaşdıra bilirik. Digər teatrlarda isə aktyorun nə əlini uzatmaq olur, nə ayağını.

Kukla teatrı çox şey öyrədir. Bildiyiniz kimi, bizim İncəsənət Universitetində kukla teatr aktyorluğu fakültəsi yoxdur. Dram aktyorluğu, yaxud da digər fakültələri bitirib bura gələn gənclərdən biri dəmən idim. Gəlib burda kukla sənətini öyrənmişik.

 

Rəşad bəy, fakültənin açılması üçün müvafiq müraciətlər olubmu?

 

Rəşad bəy. Təxminən, dörd-beş il sərasər xahiş də eləmişik. Ümumilikdə, ölkəmizdə beş Kukla Teatrı fəaliyyət göstərir. O beş teatrın kollektivini nəzərə alsaq, heç olmasa bir qrup şəklində dərslər təşkil etmək olardı. Onsuz da aktyorlar hansısa bir teatra gələndə tam aktyorluq sənətini teatrda öyrənirlər. Bizim teatra gəldikdə isə aktyorluq fakültəsini bitirib gələn adam, təxminən bir il, il yarım bu kursu keçir.

 

Nəzəriyyəni bilmədən praktika üzərində iş aparmaq çətin olmur ki?

 

 

Rəşad bəy. Bilirsiniz, istənilən sənət nəsildən-nəslə ötürülür. Hər halda, bunun bir məktəbi olsa, daha yaxşı olar.

 

Rəşad bəy, Kukla teatrında işləmək istəyən aktyorda mütləq nə olmalıdır?

 

Rəşad bəy. Kukla Teatrında işləmək üçün daha çox aktyorun plastikası olmalıdır. Çünki aktyorun palstikası varsa, kuklaya ötürə bilir, yoxdursa, ötürə bilmir. Səs seçimi də bizdə mühüm rol oynayır. Aktyorun üzü görünməsə də,o, bir neçə kuklanın səsində danışmalıdır.

Bizdə fəaliyyət göstərən aktyorlar və aktrisalar eyni fakültəni bitirən insanlardır. Ona görə də harda asandır, harda çətin müqayisəsinə yol verrmək istəmirəm. Sadəcə olaraq,bura qısa bir müddətəişləməyə gələn adam beş-altı ay sonra da ayrı teatra dəvət olunanda getmir. Anar bayaq dediyi kimi,“Buranın sanki bir sehri var”.

 

Ancaq təəssüf ki, sənət adamlarının çoxunda gördüyümüz məşhurluq sevdasından kukla aktyorlarına pay düşmür.

 

Rəşad bəy. O baxımdan bizim aktyorların bəxti gətirməyib. Qırx il–əlli il şirmanın arxasında olurlar, amma simadan tanınmırlar. İndi şükürlər olsun, aktyorlarımızı da aktrisalarımızı da televiziya verilişlərinə, seriallara dəvət edirlər. Bir sözlə, aktyorlarımız əvvəlki dövrlə müqayisədə tanınmağa başlayıblar. Biz də bu mövzuda aktyorlarımıza dəstək oluruq. Hətta bizə deyiləndə ki hansısa kanalda kukla verilişi olacaq, özümüz xahiş edirik ki, bizim aktyorlardan dəvət olunsun.

 

Bu günün uşaqları internet dövründə yetişir. Onları təəccübləndirmək də asan məsələ deyil. Bu işin öhdəsindən necə gəlirsiniz?

 

Anar bəy.  Süjetdə yox, formalarda yeniliklər etmişik, yeni formalar tapmışıq. Konservativlikdən uzağıq.Teatrda, səhnədə çalışırıq ki, nağıl yaradaq. Qeyd etdiyiniz kimi, internet dövrüdür. Uşaqlar indi istənilən cizgi filminə baxa bilir. Amma onu canlı seyr etmək fərqli sehrdir. Ona görə daha çox çalışırıq ki, uşaqları nağıla yönəldək və onlar özlərini nağılın içində hiss eləsinlər. Düşünürəm ki, alınır. Nağlın da bir məğzi olanda, onu gözəl bəzəyəndə tamaşa özünü doğruldur.  İndi işıqdan tutmuş, musiqiyə qədər teatrda bir çox geniş imkanlar var. Bizim teatrın imkanları var ki,  hər tamaşada yeni bir effekt tətbiq edək. Uşaq ancaq oturub qulaq asmaq istəmir, maraqlı bir effekt görəndə diqqətini dərhal cəlb edir. Biz də o effektlərdən istifadə edirik. Bu teatr daim inkişafdadır, ümid edirəm ki, bundan sonra da inkişafımız davam edəcək.

 

Rəşad bəy. Uşağın zövqünü oxşamayan bir tamaşa olanda heç bir qüvvə onu zalda oturmağa məcbur edə bilmir. Ona görə biz tamaşanı elə hazırlamalıyıq ki, həm böyüklərin xoşuna gəlsin, həm uşaqların. Böyüyün xoşuna gəlməyəndə bir də uşağı gətirmir, uşağın xoşuna gəlməyəndə uşaq durub çıxır. Teatrlarda hazırda elə bir şərait var ki, biz də müasirliyə hakim ola bilərik. Valideyn üç-dörd nağıl bilir. Zəng eləyir, soruşur ki, bugün hansı tamaşadır? Deyirsən, filan tamaşa. Soruşur ki, bəs “Göyçək Fatma” nə vaxtdır?İndi bu hallar xeyli azalıb. Hətta yeni tamaşalar hazırlananda valideynlərin diqqətini çəkir. Tamaşaçıya yaxşı tamaşa lazımdır. Tamaşa qədim nağıldır, yoxsa müasir pyes onu maraqlandırmır. Klassik tamaşaların əksəriyyəti bu gün bizdə var. Keçən ildən isə müasir Azərbaycan yazarlarının əsərlərini hazırlamağa başlamışıq. Əslində, əvvəllər də hazırlayırdıq. Amma indi daha çox gənc nəsildən söhbət gedir.

 

 Gənc yazarların yazdıqları sizi qane edirmi?

 

Rəşad bəy. Axtaran tapır. Həm də biri xoşuna gəlməz, ikisi xoşuna gəlməz. Onda gərək bağlayaq teatrı. Bizim teatr digər teatrlar üçün tamaşaçı hazırlayır. Ona görə də çalışırıq ki, seçdiyimiz tamaşanın mövzusu, ssenarisi elə olsun ki, uşaq teatrı sevə bilsin.

 

Anar bəy. Hər rejissoru maraqlandıran problemlər olur ki, onu hansısa pyesdə, novellada, romanda axtarır. Əgər rejissor axtardığı problemi hansısa pyesdə tapırsa, ona mane olan şeyləri redaktə edərək ikinci müəllif kimi səhnələşdirə bilir. Burda böyük bir problem yoxdur. Əsas odur ki, rejissoru və cəmiyyəti maraqlandıran problem həmin pyesdə olsun.

 

 Rəşad bəy, bir qədər də kuklaların hazırlanma prosesindən danışaq.

 

Rəşad bəy. Tamaşa bədii şura tərəfindən qəbul edilib rejissoru, rəssamı təyin olunduqdan müəyyən müddət sonra eskizlər təqdim olunur. O eskizlər əsasında kukla hazırlanır. Kuklanın boyundan tutmuş, göz rənginə qədər eskizdə göstərilməlidir. Çalışırıq ki, eskizdə nədirsə, o da hazırlansın. Bu, çox qəliz və uzun prosesdir.

 

Bəs kuklaların ortalama qiyməti neçə olur?

 

Rəşad bəy. Nədənsə həmişə yaradıcılıqdan söhbət düşəndə hamını maliyyə maraqlandırır (gülümsəyir). Kuklaların qiyməti müxtəlif olur. Rəqəm birinci hazırlandığı materialdan sonra onun mexanikasından asılıdır. Kukla var ki, qulaqları, burnu, bığı – hamısı tərpənir. Bütün bunlar maliyyədə rol oynayır.

 

Bu gün gənc aktyorlar arasında Kukla teatrına üz tutanların sayı çoxdurmu?

 

Anar bəy. Hə, üz tutanlar kifayət qədərdir. Bəzən olur ki, gənclər gəlir, ancaq Kukla teatrının çətinlikərini biləndə deyirlər ki, bura mənlik deyil, çətindir. Amma işləmək istəyənlərin də sayı çoxdur.

 

Rəşad bəy. Mən öz teatrımızı tərifləmək niyyətində deyiləm. Amma qeyd edim ki, bizdə ştat cədvəlində bir boş yer də yoxdur.

Sevimli aktyorumuz Yaşar Nuri “Məşədi İbad” tamaşasında oynayanda iki-üç məşqdən sonra gəlib yanımda dedi ki, kənardan kuklanı oynatmaq çox asan görünür. Olar, mən kuklasız çıxıb “jivoy” oynayım?  Heç bir teatrın xətrinə dəyməsin, ancaq deməliyəm ki, bizim aktyorlar istənilən teatrda oynaya bilir. Ancaq digər bir teatrın aktyorunu gətirsəniz, burda kuklanı idarə edə biləcək, yaxud edə bilməyəcək, bax bu, sual altındadır.

 

Necə düşünürsünüz, uşaqlar üçün tamaşa hazırlamaq daha çətindir, yoxsa böyüklər üçün?

 

Anar bəy. Tamaşa tamaşadır, fərqi yoxdur, uşaq üçün hazırlayırsan, ya böyük üçün. Uşaqlar ən böyük kritikdir. Böyük isə kiminsə tanışı olar, yalandan deyər ki, yaxşıdır. Ona görə də uşaq üçün tamaşa hazırlamaq daha çətindir.

 

Rəşad bəy. Son sözü tamaşaçı deyir, tamaşaçısı varsa, tamaşa var, tamaşaçısı yoxdursa, tamaşa da yoxdu. Əgər planşet, kompüter dövründə tamaşaçımızı itirməmişiksə, deməli, bizə tapşırılan işin öhdəsindən gələ bilmişik.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

Çərşənbə axşamı, 09 Aprel 2024 16:00

“Dəccal” (son) – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“DƏCCAL” kinonovellasının son bölümü təqdim olunur.

 

Vəkili Molla Qafara Ayişənin də hamilə oldu­ğu­nu söylədiyi an isə hər şey ona gün kimi aydın olmuşdu. Ən qəribəsi bu idi ki, heç kəs sarışının bu işləri edə biləcəyinə inanmazdı. Heç kəs onun günahkar ola biləcə­yini ağlına belə gətirməzdi. Əksinə, bütün kənd onun qeyrətli oğul olmasından danışırdı. Bu insanların gözü, görəsən, necə bağlanmışdı? Yaxşı, deyək ki, kəndlilər avamdı. Bəs müstəntiqlər? Axı Molla Qafarın hər iki qızı hamiləydi. Bunu kimsə etmişdi də. Qızlar öz-özünə ha­milə olmamışdılar ki? Molla Qafar qızlarının sarışınla yatmasını tədqiqatdan gizlətsə də özündən gizlətməmişdi. Bəs niyə onun özü belə bu sirri açmırdı? Ona nə mane olurdu? Adam içinə çıxmaqdan utanırdı? Onsuz da daha adam içinə çıxmayacaqdı. Ömürlük həbs olunmuşdu. Sarışın uzaqdan diqqətlə ona baxırdı. Molla Qafar hiss etdi ki, sarışın onun alçalmasını, sındığı, Allahdan üz döndərdiyi anı görmək istəyir. Sarışın nəfs idi. Sarışın günah idi. Sarışın hər nə idisə, adam deyildi. Molla Qafar özünü toplayıb sarışının gözlərinin içinə baxdı. Sarışının göz­ləri gülürdü.

 Nəhayət, Molla Qafarın üzünə hökm oxundu.

Onu bir neçə dəqiqə sonra məhkəmə salonundan həbsxa­na­ya aparacaqdılar. Molla Qafar ağır-ağır ayağa qalxdı. Çev­ri­lib Gülər tərəfə baxdı. Baxışları ilə olsa da, qadını ilə halal­laşırdı. Gülər salonun ortasında sarışını sinəsinə sıxıb ağlayırdı. Sarışının əli Gülərin bu gün bir az dik görünən döşlərinin üstündəydi. Gülər də sarışını bir az başqa cür qucaqlamışdı. Əyninə geydiyi qara paltarının ətəyi bir az yuxarı qalxmışdı. O, əvvəllər belə paltarlar geyinməzdi. Sarışın Molla Qafar görsün deyə sağ əlini yavaş-yavaş Gülərin kürəyindən aşağı sürüşdürüb arxasında saxladı. Və salondakı qarışıqlıqda Gülərin yumru arxasını sığallamağa başladı. Qəribəsi bu idi ki, Gülər də onun əlini geri itələmirdi. Molla Qafar nə deyəcəyini, nə edəcəyini bilmədi. Yerə tüpürüb salondan eşiyə çıxdı. Addımını atdıqca qollarını sıxan qandal qəribə səslər çıxarırdı. Maşına minənə qədər Molla Qafar heç nə düşünə bilmədi. Yenə olanları Allahın ixtiyarına buraxdı.

Ancaq gecə təkadamlıq kamerada işıqlar söndürü­ləndən sonra Molla Qafar döşəməyə çöküb üzünü göyə tut­du və utana-utana pıçıtıyla kimdənsə: “Sən hələ or­dasan?” – soruşdu...

Və birdən qulaqlarına açıq-aydın sarışının səsi gəldi: “Əlbəttə burdayam... harda olacam?”

 

SON

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

 

 

Çərşənbə axşamı, 09 Aprel 2024 10:45

Şəhidlər barədə şeirlər – Teymur Rəsulov

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Teymur Rəsulova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

TEYMUR YAVUZ OĞLU RƏSULOV

(23.03.1988.-21.10.2020.)

 

Qaradağ rayonunun Sahil qəsəbəsindən olan, ADNA-nın məzunu, Qarabağın azad olunması uğrunda Vətən müharibəsinin şəhidi          

 

ELİN  İGİD OĞLU TEYMUR

Təmiz  qəlbli,  amallıydı,
Əqidəli,  kamallıydı.
Saf arzulu,  xəyallıydı,
Üzündən  tökülürdü  nur,
Elin  igid  oğlu  Teymur.


Sevirdi  işi,  zəhməti,
Yurda  sonsuz  məhəbbəti.
Dürüstlüyü,  ləyaqəti,
Gətirmişdi  ona  uğur-
Elin  igid  oğlu  Teymur.

Şair  kimi  gəldi səsi,
Vardı,  şeiri, hekayəsi.
Tükənməz  idi  həvəsi,
İstedadı, ilhamı gur,
Elin  igid  oğlu  Teymur.

Bu  Vətənin övladıydı,
Mübarizi,  Poladıydı.
Yenilməzliyin  adıydı,
Qətiyyətli,  həm    cəsur,
Elin  igid  oğlu  Teymur.

Pozdu  düşmən növrağını,
Pis  günə  qoydu yağını.
Azad  etdi  torpağını,
Sona  kimi  qaldı  məğrur,
Elin  igid  oğlu  Teymur.

Yaxşısın  bilir  yaradan,
Çox  şeyi  anlamaz  nadan.
Getdi  döyüşə  qorxmadan,
Bir  bax,  gör  necə  vuruşur
Elin  igid  oğlu  Teymur.

Gerçək  edib  nağılları,
Yurdumuzun  oğulları,
Məhv  etdilər  yağıları,
Sizinlə  duyuruq   qürur,
Elin igid  oğlu   Teymur.

Artlq Şuşanı almışıq,
Şərəfli zəfər çalmışıq,
Qalib kim ucalmışıq,
Ölməzlərdən biri budur,
Elin igid oğlu Teymur.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Vətənim verdi mənə namü nəmək,

Vətəni unutmaq, məncə, nə demək?!

(Abbas Səhhət)

 

Dünyanın əşrəfi sayılan insan məfhumunu səciyyələndirən başlıca amillərdən ən mühümüdür vətən. Hər kəsə Tanrı tərəfindən bəxş edilmiş ülvi nemətlərdəndir torpaq. Bu nemətlərin ən dəyərlisi də elə vətəndir. Vətənin tarixi hardasa bəlkə də bəşərdən daha qədimdir. “Hər insanın doğulduğu yerdi vətən“, yaxud “hər kəsə anadan olduğu yerdi vətən”- deyənlər yanılırlar. Bu, heç də belə deyil. Bu cür fikirləşənlərin mövqeyindən yanaşaraq, bəşər övladının harada doğulmağını və harada anadan olmağını fərdi qaydada əsas götürsək, Vətən anlayışı əl yetəcək zaman, vaxt qədər günümüzə yaxındır. Belə olduqdasa əcdadlarımızın- ulu babalarımızın haqqına girmiş olarıq. Vətən uluların sabahlarına mirasıdır. Bizə görə, vətən əcdadlarımızın doğulduğu yerdi, ilk vaxtlardan qoruyub, məskunlaşdıqları məkandır. Bu məqamda din adamı Qautama Buddanın sözü müəyyən mənada yerinə düşür: “Bu günkü həyatımız dünənki düşüncələrimizin, sabahkı həyatımız da bu günkü düşüncələrimizin əsəridir…”

Bundan əlavə, aşağıdakı belə bir deyimlə də tez-tez qarşılaşırıq: “Günün harda xoş keçirsə, ora da vətəndi.” Bu düşüncədə olan insanlar var ki, ona gün-güzaranı qürbətdə də xoş keçir kimi gələ bilir. Bu cür adamlara xatırlatmaq yerinə düşər ki, hörmətli yazarımız A. Yenisey demişkən: “Vətən dörd bir yanı qürbətlə əhatə olunmuş yerdir.”

Çox güman ki, bu səbəbdən də qürbətlə vətənin həzzini bir-birindən ayıra bilmədiyindən vətən həsrətini, vətəndaşlıq hissini hələ dərk etməmişlər, hislər labirintində azıb qalmışlar. Görünür ki, bu adamların millət, vətən duyğularını qürbət ləzzəti üstələmiş, könüllərindəki yurd ocağının tonqalı yaxşı qalanmamışdır. Vətənə məhəbbət ailənin, cəmiyyətin və dövlətin ayaqda qalması, milli mənəvi dəyərlərin qorunması,onun gələcək nəsillərə aşılanması deməkdir. Qürbəti vətən hesab edənlər, bunu gündəlik həyat tərzinə çevirənlər unudurlar ki, hər doğulan uşaq dəyərli şairimiz M. Araz demişkən vətən daşı olmalıdır. Vətən daşı olan bu uşaq eyni zamanda vətəndaşlıq hissinin sabaha daşıyıcısıdır. İlk vətəndaşsa Adəm övladı olub. Vətəndaşlıq həzzinin ilk daşıyıcısı da odur. Adəm övladları çoxaldıqca nəsil əmələ gətirərək yer üzünə səpələnmişlər. Nəsillər dəyişdikcə yer kürəsi vətənlərə bölünmüşdür. Nəsil nümayəndələrinin vətəndaş olmasısa ta qədimdən uşağın doğulduğu ailədən, mənsub olduğu nəslin genindən və düşdüyü mühitdən, cəmiyyətindən asılı olmuşdur. vətəndaşlıq hissi körpəlikdən və onun tərbiyəsindən başlanır. Vətən təəssübkeşliyi, xalqa, millətə rəğbət hissi valideynin uşağa bəslədiyi münasibətindən, övladın ata-anasına hörmətindən qidalana-qidalana körpənin mənsub olduğu ailənin düşdüyü mühitin ona necə aşılanması ilə nəsildən nəslə ötürülərək formalaşır. Necə ki, ağaç kökləri ilə torpaq və havayla təmasda olmasa, su içə bilməz, qol-budaq atammaz, pöhrələməz, çoxalmaz. Çoxları o yaşda özü də bilmədən bu duyğunun ilahi duyğu olduğunun fərqinə varmır. Ana qucağından onu ayrılmağa qoymayan hansı duyğunun, hansı hissin nə olduğunu anlamır. Elə buna görədir ki, müdriklərimiz vətəni, torpağı ana qucağı ilə tən tutmuşlar.

Vətəndaşlıq hissi özünü dərk edənlər üçün həmişəyaşıldır, hər bir vaxt təzə-tərdir, həmişəyaşardı. Vətənpərvərlik duyğusu yazın orta ayına bənzər. Təbiətin bu çağında hər tərəfdən şeriyyət yağır. Canlı rəssam tablosunu seyr etməkdən göz doymayır, ürək riqqətə gəlir. Yamyaşıl don geymiş ağaclardan, məstedici rayihəsi ətrafı bürüyən rəngbərəng güllərdən, çiçəkləri al-əlvan çəmənlərdən, quşların təkrarsız əsrarəngiz nəğmələrindən adamın canına şirin bir istilik yayılır, damarında qanı qaynayır, o kəsin yaşamağa həvəsi artır.

İnsan yaşlaşdıqca, müdriklik yaşına çatdıqca vətənə qarşı sevgisi də böyüyür. Necəki, günlər bir-birini qovaraq ayları, aylarsa illəri doğur. İl üstə il gəldikcə insanın hiss və duyğuları da qol-budaq atıb şaxələnir, uşaqlıq xatirələri ayaq açıb, yaddaşda varaqlanır. Ömrün qürub çağı yaxınlaşdıqca  o bir az da duyğusallaşır. Bəlkə də, bu onun torpaqdan yaranıb torpağa gedəcəyindəndir. Klassiklərimizdən birinin dediyi kimi: “Bu dünya duracaq yer deyil, ey can səfər eylə!” Bu fikrin davamını ən çox oxunan hesab olunan alman mütəfəkkiri Artur Şopenhauerin aforizmlərindən birində də görürük: “Öldükdən sonra, doğulmadan öncə haradaydıqsa, oraya qayıdacağıq.”

Bizim fikrimizcə də, insanın ahıl çağında vətən, yurd, el-oba məhəbbəti torpaq yağışı, qarı canına hopdurduğutək adamı daha çox özünə cəlb edir, duyğularını oyadaraq iliyinə, qanına yeriyir. Bu elə bir ilahi həzz, elə bir ruhi hissdir ki, insan can üstdə olanda belə dünyasını dəyişənə qədər onu tərk etmir. Bayatılardan birində əbəs yerə deməyiblər: 

 

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı.

 

Belə bir fikir də var ki, can tərk edəndə cismini həmin kəsin son umacaq yeri, dünyadan rahat köçmə təsəllisi vətəndir. Bu baxımdan da “ölməyə vətən yaxşı”- deyiblər müdriklərimiz. Ömür boyu yaşamaq uğurunda dəniz kimi coşub çağlayan, qarışqa tək hər zəhmtə qatlaşan insan ölümüylə torpağa qarışırsa, qoyub getdiyi əməlləri ilə bu dünyada yaşayaraq vətəndaşlıq hissini gələcək nəsillərə ötürür. Vay o gündən ki, qürbətin təmtərağına, cah-cəlalına aldanıb gecikəsən...

 

Nə qədər insan gördüm ki,əynində libası yox,

Nə qədər libas gördüm ki,içində insan yox…

(Mövlana Cəlaləddin Rumi)

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist, siyasi şərhçi Yunus Oğuzun son siyasi mənzərə barədə şərhini təqdim edir. Sualları Alim Hüseynli yönəldir. 

 

 

-Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşündə  əvvəlcədən elan edilən heç bir "dönüş" baş vermədi. Rəsmi açıqlamaya görə, Avropa İttifaqı Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar pul ayıracaq. Bu yardım bölünərək 4 il ərzində davam edəcək. Halbuki görüşdən öncə 5 aprel tarixinin Ermənistanın siyasi-iqtisadi taleyində dönüş olacağı bildirilirdi. Yunus  bəy, 5 aprel görüşünün nəticələrini necə dəyərləndirirsiniz?

 

-Əvvəllər də  qeyd etdiyimiz kimi hazırda  Güney Qafqaz uğrunda geosiyasi mübarizə gedir. Əsas məqsəd də Rusiyanın regiondan tamamilə çıxarılmasıdır. Əslində region uğrunda mübarizənin kökündə geoiqtisadi amillər dayanır. Təsadüfi deyil ki, 5 aprel görüşündə guya Qara dənizdən infrastruktur qurularaq Ermənistandan "yaşıl enerji" ixracı məsələsi ortaya atıldı. Halbuki bu ideyanın heç bir iqtisadi əsası yoxdur. İqtisadiyyatı tənəzzülə uğramaqda olan Ermənistanda hansı "yaşıl enerji"dən söhbət gedə bilər? Məsələ orasındadır ki, ABŞ və Qərb nə qədər çalışsalar da,  Azərbaycansız heç nə əldə edə bilmirlər. İndi bəziləri düşünür ki, Ermənistan 5 aprel görüşündə uduş əldə etdi. Ancaq mən bunun əksini düşünürəm. Ermənistan özünü elə bir vəziyyətə saldı ki, artıq bu dövlətin mövcudluğu sual altındadır. Rusiya isə təbii ki, bunu bağışlamayacaq. Faktiki olaraq hazırda "üçüncü dünya müharibəsi" gedir. NATO-Ukrayna  Rusiya ilə, İsrail Qəzzada ərəblərlə vuruşur, Suriya qalıb ortada, o tərəfdən Çin qalxır. İranın "qisas günüdür" deməyinə baxmayaraq bir həftə keçsə də hələ real heç bir addım yoxdur. Bu isə o deməkdir ki, geosiyasi məsələ artıq öz yerini tapır. Belə ki, dünya yenidən bölüşdürülüb və orada   Rusiya üçün balaca bir künc saxlayıblar. Çalışırlar ki, Rusiyanı Şərqə doğru sıxışdırsınlar, Çin Koreya, Hindistan ilə əməkdaşlıq etsin. Hansı ki, İngiltərə və Amerika Hindistanı da ondan qoruyacaq. 

 

-Elə isə Rusiyanın bundan sonrakı addımları necə olacaq?

 

-Fakt ondan ibarətdir ki, 5 aprel görüşündə Paşinyanın ağzından vurub geri qaytardılar. Guya söz verdilər ki, haradasa 300 milyondan artıq avro  pul verəcəklər, bununla da Ermənistanı öz çətirləri altına salmağa cəhd etdirlər. Bu məsələdə Rusiyanın addımının nə olacağı maraqlıdır. Bildirilir ki, Gürcüstanı Rusiyanın əlindən alıblar, ancaq fakt odur ki, Gürcüstanın əsas ticarət tərəfdaşı Rusiyadır. Eyni proses Ermənistanla da davam edir. Əlavə olaraq Ermənistanın bütün strateji obyektləri Rusiyanın əlindədir. Bura Ermənistanın sərhədindən tutmuş gömrük, qaz, enerji, neft təchizatına qədər bütün sahələr daxildir. 

 

-Bəs bu prosesdə Azərbaycanın yeri haradadır?
     
-Məlum məsələdir ki, Azərbaycanı sıxırlar, ölkəmizə qarşı kifayət qədər təzyiqlər var. Danışıqlar dalana dirənib. Paşinyan deyir ki, biz sülh tərəfdarıyıq, mövcud sərhədlər müqabilində razılaşma əldə edə bilərik. Lakin heç bir razılaşmadan söhbət gedə bilməz. Naxçıvan və Qazax  istiqamətlərində atəşkəsin pozulması da ona yönəlib ki, Azərbaycanı təxribata cəlb etsinlər. Qarabağdan əllərini üzdüklərundən ordunu Qazax tərəfdə sərhədə yığırlar ki, hərbi toqquşma baş versin. Hazırda Ermənistan ordusunun Qazax rayonu tərəfindən eskalasiyası gedir. Bununla çalışırlar ki, Azərbaycan ən azı Ermənistanın işğalı altında olan dörd kəndə girsin. Sülh müqaviləsi bağlanmadan, sərhədlərin demarkasiyasi və delimitasiya aparılmadan Azərbaycan həmin kəndlərə daxil olsun və ölkəmizə qarşı sanksiya tətbiq etsinlər. Azərbaycan isə düzgün addım atır, heç bir təxribata getmir. Əslində bunun  mənfi  fəsadları  Azərbaycandan çox Rusiya üçündür. Odur ki, Rusiya çalışacaq ki, ya Paşinyanı devirsin, ya da aradan götürsün. 

 

-5 aprel görüşünün Azərbaycan üçün üstünlüyü nədən ibarətdir?

 

- Təbii ki, Azərbaycan bu görüşdə iştirak etməsə də bir sıra üstün mövqelər əldə etdi. Birincisi, Paşinyanın bütün ümidləri suya düşdü. Getmişdi "kabab iyinə,  gördü eşşək dağlayırlar". Milyardlar ardınca getmişdi, dörd ilə "it payı" verdilər.

İkincisi, ayrılan pulların bir hissəsi Qarabağdan gedən ermənilərin Ermənistana inteqrasiyası üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, artıq dünya ermənilərin Qarabağda yaşamasından əlini üzüb. 

Üçüncüsü, Amerika və Qərb bununla Ermənistana girdi. 

Dördüncü, Ermənistan bundan sonra hansı addımları atacaq; Əgər Ermənistan Avrasiya Birliyindən çıxsa bütün iqtisadi güzəştlərdən məhrum olacaq. Tənəzzülə uğramaqda olan Ermənistan daha da çökəcək. KTMT-dən çıxsa təhlükəsizlik təminatından məhrum olacaq. Nəzərə almaq lazımdır ki, kiminsə on minlərlə kilometr məsafədən gəlib Ermənistanın təhlükəsizliyini təmin etməsi çox çətin məsələ olacaq. 
Beşincisi, 5 aprel görüşü Makronun bütün Ermənistan siyasətini puç etdi. Faktiki olaraq Fransanı o görüşə buraxmadılar. 
Altıncısı, Avropada keçiriləcək seçkilərdən sonra bu proseslər hansı istiqamətdə irəliləyəcək; Seçkilərdən sonra Avropa İttifaqına, Avropa Şurası Parlament Assambleyasına və digər  Avropa təşkilatlarına yeni deputatlar gələcək. 
Yeddincisi, Tramp hakimiyyətə gəlsə nə baş verəcək; Nəzərə almaq lazımdır ki, Trampı Cənubi Qafqazdan çox Rusiya maraqlandırır. O, istəyir ki, Amerika daha çox pul qazansın. Bu baxımdan Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlı olacaq. Təbii ki, Ukaynaya kömək edəcək ki, silah satışından  Amerika daha çox qazanc əldə etsin. Sadalanan faktlar onu göstərir ki, Ermənistan bu görüşlə özünə çoxsaylı problemlər yaradıb.    

 

-Bundan sonra Azərbaycan hansı addımları atmalıdır?

 

-Azərbaycan bütün gücünü türk dövlətləri ilə əməkdaşlığa yönəltməlidir. Qonşu dövlətlərlə əməkdaşlığı davam etdirmək şərtilə Rusiya ilə normal münasibət qurmalıdır. Aydındır ki, İranla heç vaxt normal münasibət olmayacaq. Ona görə, Pakistan, Çin, Yaponiya və Almaniya ilə normal münasibətlər qurmalıdır. Nəzərə  almaq lazımdır ki, 5 aprel görüşü bizim uğurumuzur. Bu görüşdə bütün oyuncular ortada göründü. Baş verən hadisələrlə bağlı Rusiya dərhal bəyənatını verdi. Rusiyanın bəyənatı sıradan bir  bəyənat yox, Ermənistana qarşı kifayət qədər ciddi bəyənat idi. Bəyənatın altında isə ciddi məqsədlər dayanır. Hazırda Rusiya "qumun altında yatmış balığa" bənzəyir. Balıqlar qumun altında qalır, gözləyir, ovu gəlib keçəndə qumun altından  sürətlə çıxaraq ovunu udur və təzədən girir qumun altına. Rusiya indi həmin balıqlar kimi qumun altında gözləyir. 

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 10:15

Seksendört ilk dəfə Bakıya gəlir

May ayının 8-də Bakıda maraqlı bir konsert olacaq. Bakı İdman Sarayı Konserti “Ölürüm Hasretinle”, “Anlayamazsın”, “Kendime Yalan Söyledim” kimi mahnıları ilə musiqi dünyasına damğa vuran Seksendört  ilk dəfə Bakıda sevənləri ilə görüşəcək. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertin təşkilatçısı Event Office-dir. 

 

Event Office belə bir paylaşım edib: “Əziz musiqi həvəskarları. 8 May 2024-cü il tarixində Bakı İdman Sarayında baş tutacaq bu möhtəşəm konserti əsla qaçırtmayın. Məhdud sayda endirimli biletlər üçün tələsin!”

Əlavə edək ki, biletlər 30-40 manat civarındadır. Konsert saat 20:00-də başlayacaq. Əlaqə üçün telefon: +994 99 333 83 68.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist, siyasi şərhçi, fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin Azərbaycan Prezidentinin son fəaliyyətinə baxışını diqqətinizə çatdırır. Belə ağır bir siyasi durumda “nəyi necə eləməyi” gözəl bilən İlham Əliyev qarşı-qarşıya durmuş iki nəhəng gücün maraq dairəsində olan rejionu güclərin toqquşma radiusundan kənarda saxlamağa müvəffəq olmaqdadır. 

 

 

Dünyanın bütün ölkələri kimi, Azərbaycanın da tarixi onun məğlubiyyət və zəfərlərini, siyasi-iqtisadi tənəzzül və tərəqqisini əks etdirən sinusoidal konfiqurasiyadan ibarətdir. Amma bütün bu yüksəliş və enişlərin əsasında heç vaxt dəyişməyən bir amil dayanır - minilliklər boyu əcdadlarımızın qanı, atalarımızın alın təri, analarımızın göz yaşlarıyla suvarılmış doğma torpaqlarımız! 

Öz qoynunda igid oğul və qızlar yetirən, qəhrəmanlığı tərənnüm edən, qorxaq və satqınlara rüsvayçılıq damğası vuran, halal zəhməti mükafatlandıran, qayğısını ondan əsirgəməyən və onu ləkələyənləri cəzalandıran ana torpaq! Bəşər tarixində hələ elə bir hal olmayıb ki, xalq öz torpaqlarını təcavüzkar düşmənə könüllü təslim etsin. Hətta özündən güclülərə tabe olsa belə, torpaqlarını düşmən tapdağından qurtarmağa və azadlığını əldə etməyə həmişə can atıb. Bəzi xalqlar doğma torpaqlarının azadlığı uğrunda mübarizədə ölümü köləlikdən üstün tutublar. Minillik tarixi boyu dəfələrlə xarici müdaxilələrə məruz qalan Azərbaycan xalqının uğuru bundadır ki, onun Ermənistanın işğalına məruz qalan ərazilərinin bütövlüyünün bərpası uğrunda qəhrəmancasına, dönməz, ardıcıl mübarizəsinə dünyamiqyaslı görkəmli dövlət xadimi İlham Əliyev başçılıq etmişdir.

XX əsrin son onilliyində xalqımızın yaddaşına nələr həkk olmadı, hansı ağlasığmaz müsibətlərlə üzləşmədik?! Dədə-baba torpaqlarımızı işğal etmiş qaniçən, həyasız erməni təcavüzkarları ilə qarşıdurmada tökülən minlərlə soydaşımızın qanı! Bir milyona yaxın qaçqın və köçkünün ağlasığmaz iztirabları! Qadınları, qocaları, uşaqları qətl edilən, milli mənsubiyyəti və ata-baba yurdunu tərk etmək istəmədikləri üçün ermənilər tərəfindən törədilən Xocalı soyqırımı!!!

1991-ci ildə milli müstəqillik yolunu tutmuş Azərbaycanın daxilində də siyasi vəziyyət mürəkkəbləşmiş və buna prinsipsiz, marionet siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi, qondarma "Dağlıq Qarabağ"ın ayrılma iddiasından istifadə edib respublikanı etnik ərazi prinsipləri üzrə parçalamağa cəhd edən separatçı qüvvələr səbəb olmuşdu. Hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyü tərəfindən uçuruma sürüklənən Azərbaycan dövlətçiliyinin gələcəyi apokalipsisi xatırladır, ölkə qan gölü, ehtiyac məngənəsində boğulurdu. Bıçaq sümüyə dirənmişdi. Belə ağır durumda xalq öz böyük oğlu, ümummilli lider, bütün həyatını soydaşlarımızın arzu və ümidlərinin gerçəkləşməsinə həsr etmiş insanı - Heydər Əliyevi rəhbərliyə çağırdı. Heydər Əliyevin rəhbərliyi ilə ilk əvvəl bir sıra əks-hücum əməliyyatları keçirilməklə Ermənistanın ölkəmizə qarşı təcavüzünün daha da dərinləşməsinin qarşısı alındı, sonra isə titanik səylər bahasına 1994-cü ilin mayında Bişkekdə atəşkəs razılaşmasına nail olundu.

Belə mürəkkəb şəraitdə dövlətimizin pozulmuş ərazi bütövlüyünün bərpası üçün xüsusi konsepsiya tələb olunurdu. Ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış bu konsepsiya öz əksini hərbi-siyasi, diplomatik və sosial-iqtisadi fəaliyyət üçbucağında tapdı. Bütün istiqamətlər üzrə bu konsepsiyanı hazırda Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan xalqının azadlıq mübarizəsini qalibiyyət zirvəsinə çatdıran, Siseronun sözləri ilə desək, Vətən üçün əziz olan hər nə varsa, özünə əziz bilən bir şəxsiyyət - İlham Əliyev uğurla həyata keçirir. "Dağlıq Qarabağ" separatizminin aradan qaldırılması, düşmən tapdağında olan torpaqlarımızın qaytarılması prosesini zəfərlə başa çatdıran Prezidentimizin böyük tarixi önəm daşıyan fəaliyyəti hər birimizə yaxşı məlumdur. Necə deyərlər, görünən dağa nə bələdçi? Bununla belə, Prezident İlham Əliyevin xarici siyasəti, eləcə də Azərbaycan-Ermənistan qarşıdurmasının yekun həlli, dövlətlərarası sərhədlərin delimitasiya və demarkasiyası, sülhün bərqərar olunması ilə bağlı bəzi əsassız və qeyri-elmi təsnifatlara fikrimi bildirmək istəyirəm.

Bu təsnifatların əsas müəllifləri Fransa və ABŞ-ın hakim dairələridir, Ermənistanın baş naziri Nikol Paşinyanın davranış motivlərini də məhz onlar müəyyən edirlər. Onun 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın əsas müddəalarını, özəlliklə də "vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini Ermənistanın" təmin etməsinə dair müddəaları yerinə yetirməmək cəhdi məhz bu iki dövlətin istəklərinə əsaslanır.

Üçtərəfli Bəyanatın altıncı maddəsində nəzərdə tutulmuş öhdəlikləri, əsasən də Qarabağ iqtisadi rayonu və Ermənistan arasında əlaqəni təmin edən "Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyinin təmin edilməsi" ilə bağlı müddəaları Azərbaycan müəyyən edilmiş müddətdə ardıcıl yerinə yetirdiyi halda, Ermənistan öz öhdəliklərinə məhəl qoymur.

Fransa Senatı tərəfindən 2024-cü il yanvarın 17-də son iki ildə Azərbaycan əleyhinə qəbul edilmiş üçüncü qətnamə təkcə Fransa deyil, bütün dünya birliyi ölkələri parlamentlərinin qanunvericilik fəaliyyəti təcrübəsində görünməmiş bir təzahürdür. Çünki bu absurd qətnamədə Azərbaycan öz ərazilərini bütünlüklə işğaldan azad etmək və eksklav ərazisi - Naxçıvanla əlaqələr üçün şərtləri təmin etmək istiqamətində hərbi addımlar atmasına görə ədalətsiz şəkildə qınanır.

2023-cü il noyabrın 15-də ABŞ Senatının qəbul etdiyi "S.3000" Aktı və ya qısaca olaraq "2023-cü il Ermənistanın Müdafiəsi Aktı" adlı digər, əgər belə demək olarsa, qanunverici sənəd də təəccüb doğurur. Sənədin hər sətri paradoksallıqla doludur. Bu sənəd Ermənistanın xarici hərbi maliyyə vəsaiti ilə təmin olunmasına imkan verməsi və hətta bunda israrlı olması ilə yanaşı, həm də Bakıya sanksiyaların tətbiqini nəzərdə tutur. Görəsən, Amerika Femidasını bu cür sanksiyalar verməyə vadar edən Azərbaycan dövləti və onun başçısının hansı hərəkətləridir? Axı, bu hərəkətlər ölkəmizin Ermənistan tərəfindən 30 ilə yaxın işğal edilmiş əraziləri üzərində öz suverenliyini qəti şəkildə bərqərar etməyə yönəldilib.

Dövlətimizin başçısı milli mənsubiyyətindən asılı olmayaraq keçmiş "Dağlıq Qarabağ"ın bütün sakinlərini Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırır. Əgər belədirsə, Qarabağ iqtisadi rayonunda erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsinə səbəb olan hansı hadisədən danışmaq olar?! Burada ancaq bir məsələdən söz gedə bilər ki, regionun erməni əhalisi arasında qəzəbli azərbaycanofob təbliğat aparılır, Azərbaycan Respublikası tərkibində ermənilərin hipotetik yaşayışı barədə məkrli təsəvvürlər yaradılır və onlar psixoloji təsirə məruz qalaraq bu ərazini təşviş içində tərk etməyə təhrik edilib. Maraqlıdır, Prezident İlham Əliyevin azadlıq missiyasını tənqid edənlər Janna Darkın fransız torpaqlarının ingilis işğalından azad edilməsi uğrunda mübarizəsinə necə yanaşırlar? Onlar bu mübarizəni İngiltərəyə qarşı təcavüz kimi qiymətləndirirlərmi? Bəs 1774-1776-cı illərdə Corc Vaşinqtonun ABŞ-ın müstəmləkə statusunu hərbi yolla dəyişdirmək və dövlət müstəqilliyi əldə etmək uğrunda hərəkatı Böyük Britaniyaya qarşı qanunsuz hərəkətlər kimi təsnif edilsə, yaxud o dövrdə hər hansı bir dövlət koloniyanın milli azadlıq hərəkatından metropoliyanın qorunması üçün qanun qəbul etsəydi, amerikalılar buna nə ad verərdilər? Və ya əgər XIX yüzilliyin ortalarında Cüzeppe Qaribaldinin başçılığı ilə milli azadlıq mübarizəsi Avstriya imperiyasına qarşı təcavüz kimi qiymətləndirilsəydi, italyanlar hiddətlənməzdilərmi? Axı fransızların özləri 1920-ci ildə Janna Darkı müqəddəslər siyahısına daxil etmişlər. Amerikalılar artıq üç əsrdir ki, Vaşinqtonun xatirəsini ABŞ-ın əsas qurucu-atası kimi ehtiramla anır, onun portretini dollar əskinasında çap etdirir, paytaxtlarını onun şərəfinə adlandırırlar. İtalyanlar Qaribaldinin adını kreyserlər, şəhər meydanları və küçələrə verərək, onu böyük xilaskar kimi xatırlayırlar…

Bəli, İlham Əliyevin siyasətini tənqid edənlərin məntiqində şübhəsiz ki, bir ziddiyyət var. Onlar vaxtilə qonşu ölkə ərazisinin iyirmi faizini işğal etmiş terrorçu dövlətə utanmadan himayədarlıq edirlər.  Sanki fərqində deyillər ki, bu terrorçu dövlətin silahlı quldur qruplaşmalarına beynəlxalq təşkilatlar işğalçı və təcavüzkar statusu veriblər. Heç cür qəbul etmək istəmirlər ki, bu silahlı quldur dəstələrinin son nəticədəki məğlubiyyəti törətdikləri azğın əməllərin bədəlini ödəməkdir və ilahi ədalətdən doğur! Azərbaycan torpaqlarında törətdikləri talan, ölkəyə vurduqları böyük maddi-mənəvi ziyan qarşılığında təzminat ödəməli olan məğlub tərəfin durumu və öhdəliklərini görməzdən gələn ölkəyə himayədarlıq edilir. Və bütün bunlar Ermənistanın ayağının altına daş qoyur, Paşinyana Azərbaycanla bağlanacaq sülh müqaviləsində öz əsassız iddialarında israr etmək imkanı verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsinin bağlanması ilə bağlı mövqeyi dəyişməzdir. Təəssüf ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan eksklavı arasında Ermənistan ərazisindən nəqliyyat dəhlizinin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində rəsmi İrəvan tərəfindən addımların atılmaması, Ermənistan Konstitusiyasının preambulasında ölkəmizin mövqeyinə zidd deklarasiyaya istinadın mövcudluğu, erməni işğalçıları tərəfindən Azərbaycan ərazisində binaların, mühəndis qurğularının, körpülərin, onlarla şəhər və kəndin dağıdılması, dinc sakinlərin qətlə yetirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi kimi detallar  iki dövlət arasında uzunmüddətli ədalətli sülh müqaviləsinin bağlanmasına mane olur.

Yeri gəlmişkən, erməni hərbi-siyasi çirkinliyinin fransız himayədarları Ermənistanın guya ki, 150 kv. km ərazisini "işğal etdiyinə" görə Azərbaycanı haqsız yerə qınayır, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində zəbt edilmiş, yeddisi respublikanın Qazax rayonu ərazisində yerləşən, Kərki adlanan digəri isə Naxçıvan Muxtar Respublikasına aid səkkiz Azərbaycan kəndinin işğal altında saxlanılması barədə isə bilərəkdən susurlar. Və əgər uzun illərdir Ermənistan tərəfindən Azərbaycan ərazisinin iyirmi faizinin işğalına Fransa, ABŞ və ümumilikdə Avropanın susduğunu nəzərə alsaq, onda artıq ikiqat deyil, üçqat standartlardan danışa bilərik. Xüsusilə də Prezident İlham Əliyevin ən yüksək beynəlxalq səviyyəli sammitlərdə 1918-1921-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı bəyanatları quyuya atılan daş təsiri bağışlayır. Axı tarixdən azacıq xəbəri olan hər kəs bilir ki, indiki Ermənistanın paytaxtı - XX əsrin əvvəllərində əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən, əsl adı İrəvan olan "Yerivan" şəhəri Azərbaycan Milli Şurasının qərarı ilə 1918-ci il mayın 29-da yeni elan edilmiş Ermənistan Respublikasına hədiyyə edilib. Üstəlik, mərkəzi bolşevik hakimiyyətinin hərbi-siyasi təzyiqi altında AKP(b) MK-nın Siyasi Bürosu və Təşkilat Bürosu 1920-ci il noyabrın 30-da daha bir regionun - əzəli Azərbaycan torpağı olan Zəngəzur qəzasının sovet Ermənistanına verilməsi haqqında qərar qəbul edib, Bakı Soveti isə həmin il dekabrın 1-də bu qərarı təsdiq edən deklarasiya verib.

Şübhəsiz ki, tarixi ədalət soydaşlarımızın bütün dədə-baba torpaqlarına qayıtmasını tələb edir və bir neçə nəsil azərbaycanlıların bu qayıdışla bağlı arzularının gerçəkləşməsinin əsas göstəricisi xilaskar lider, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixə yazılan azadlıq epopeyasıdır. XIII əsrdə rus torpaqlarının Tevton Qərbinin müdaxiləsindən xilaskarı Aleksandr Nevskinin dediyi kimi, "Allah qüvvədə deyil, həqiqətdədir!". Həqiqət isə cəsur, iradəli, ağıllı və uzaqgörən lider İlham Əliyev başda olmaqla, Azərbaycan xalqının tərəfindədir.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.