Super User

Super User

Bazar ertəsi, 15 Aprel 2024 14:00

Uzunmüddətli sevgi resepti varmı? - MARAQLI

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Sevginin qarşılıqlı olması vacibdirmi? Hər halda, vacibdir. Qarşılıqlı sevgi zamanı sevənlərin ən əsas vəzifəsi sevgini qoruyub saxlamaqdır, dəyərsizləşdirmə mərhələsinə yol verməməkdir. Sevginin ömrünün uzunluğunu rusiyalı psixoloq Vladimir Kirilenko bu formula ilə izah edir:

Sevgi uzunmüddətliyi bərabərdir: uyğunlaşmanın ideal səviyyəsi – qarşılıqlı maraqların olması – bir-birinə iradın olmaması.

B.Kirilenkoya görə uzunmüddətli sevgi reseptində ən vacib olanı əks tərəfi təmin edə bilməkdir. Bu təminetməyə həm maddi, həm mənəvi, həm fiziki parametrləri aid eləyə bilərik.

Uğurlu sevgiyə nail olmağın başqa bir şərti də sevgiyə kifayət qədər diqqət ayırmağı bacarmaqdır. Obrazlı şəkildə desək, bəzən insan özü öz əlləri ilə sevgisini boğub öldürür. Əgər siz sevginizə vaxt ayırmırsınızsa, qüvvə sərf etmirsinizsə, onu dəyərləndirmir, qiymətləndirmirsinizsə, onun gəlişinə görə şükranlıq eləmirsinizsə, sizi sevənin bunu kifayət qədər məsuliyyətlə və qaydasınca həyata keçirməsinə rəğmən az sevildiyinizi zənn edirsinizsə, bu halda sevgi sizdən üz döndərib gedəcək, bu reallıqdır.

Uğurlu sevginin daha bir şərtinə sevgidə dözümlülüyü misal gətirə bilərik. Mütəxəssislərin hesablamalarına görə, təqribən bir ildən sonra sevgi ehtirası azı iki dəfə azalır. Kişi-qadın münasibətləri üzrə ixtisaslaşmış və son illər bir çox ölkələrdə kifayət qədər populyar olan fransız yazıçısı Frederik Beqbeder məşhur «Məhəbbət üç il yaşayır» kitabı ilə, hətta sevgi hissinin dəqiq ömrünü də hesablamağa müvəffəq olub: üç il (əlbəttə, fransız yazıçı bu rəqəmi götürərkən bir çox təlimlərdən, mütəxəssis qənaətlərindən istifadə edib).

Sevgiyə cavab verən hormonların tükənmək fazası realdır, bunun qarşısını almaq, demək olar ki, mümkünsüzdür.

Əziz oxucularım, alimlərin fikrincə, kişi-qadın münasibətlərinin ardıcıl və dayanıqlı olmasında ən vacib məqam sevgi hormonları deaktivləşəndə sevgi hisslərini dostluq, qarşılıqlı hörmət hisslərinə çevirə bilmək bacarığıdır. Yeri gəlmişkən, bu hisslər daha dərin, daha uzunmüddətli olur. Siz ağsaqqal və ağbirçək bir cütlüyün bir-birinə can deyib can eşidərək bütün həyatları boyu xoşbəxt yaşamaları faktına yəni heç rast gəlməmisiniz? Şəxsən mənə yüzlərlə belə faktlar məlumdur.

Sevin, sevilin, əziz oxucularım. Dünyada sevgidən gözəl bir hissmi var? Ancaq sevərkən, çalışın, başınızı itirməyəsiniz. Sadaladıqlarıma diqqət etsəniz, bu mövzuda olan müxtəlif ədəbiyyatı oxusanız, şübhəsiz, sevgidə uğur qazana biləcəksiniz. Sevgi bir elmdir, onu öyrənmədən imtahan vermək barədə düşünməyin. Sevgi bir yüksəklikdir, gücünüzə əmin olmadan ora çıxmağa çalışmayın. Sevgi bir xoşbəxtlik əlifbasıdır. Bütün hərflərini öyrənib mənimsəyin ki, onu dərk edib oxuya biləsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Xalq şairi Bəxtiyar Vahabzadə Oğuzun (keçmiş Vartaşenin) təbiətinə və insanları ilə görüşə xüsusi maraq göstərirdi. Oğuzlular da böyük şairin bədii yaradıcılığına və içtimai-siyasi fəaliyyətinə yüksək qiymət verirdilər. Oğuzun Kərimli kəndində anadan olmuş, Şəki rayon partiya komitəsində II katib vəzifəsində işləmiş və Şəki Rayon Sovetinin deputatı olmuş, B.Vahabzadə ilə şəxsən dostluq edən 20 yanvar şəhidi İzzət Həmidov bu sətirlərin müəllifinə söyləyirdi ki, şair bir neçə dəfə Oğuzda onun qonağı olub.

 

Məclisdə iştirak edənlər onun söhbətlərinə qulaq asmaqdan yorulmazmışlar. Şairin özü də insanlarla ünsiyyətdən zövq duyarmış. Söhbət uzanar və saatlarla çəkərmiş. Yadımdadır, 1995-ci ilin oktyabr ayı idi (Təəssüf ki, dəqiq gün yadımda qalmayıb). Rayona xəbər yayılmışdı ki, Oğuz şəhərində 80 saylı Oğuz-Şəki- Mingəçevir-Yevlax seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş şair B.Vahabzadə ilə seçicilərin görüşü keçiriləcəkdir.

Şairlə görüş yerinin müəyyənləşdirilməsi isə problemə çevirlmişdi. Digər deputatlığa namizədlərlə görüşlər 80-100 nəfərlik zalda keçirilərdi. Amma B.Vahabzadə ilə ilə görüşdə iştirak etmək istəyənlərin, iştirak etməkdə təkid edənlərin sayı o qədər çox idi ki, görüşün qapalı məkanda keçirilməsi qeyri- mümkün olmuşdu.

Çox götür-qoydan sonra deputatlığa namizədlə görüşün açıq havada – Oğuz şəhərindəki “Azərbaycan” kinoteatrının qarçısındakı meydanda keçirilməsinə qərar verilmişdi.

Görüşün başlanmasına bir saatdan çox vaxt qalmasına baxmayaraq artıq meydan insanlarla dolmuşdu. Gələnlərin isə ardı-arası kəsilmirdi. Şairin gəlməyini gözləyən adamlar dəstə-dəstə toplaşıb, onun içtimai-siyasi fəaliyyətindən, əsərlərindən söhbət acır, mübahisə edir, öz fikirlərini bildirir, əsərlərindən nümunələr söyləyirdilər. (Ədalət naminə deyək ki, toplananların içində şairdən maddi köməklik umanlar da vardı.)

Nəhayət, görüş başladı. Çıxış edənlər B.Vahabzadənin – deputatlığa namizədin həyat və fəaliyyəti haqqında danışır, onun içtimai-siyasi fəaliyyətini yüksək qiymətləndirir və hamını şairə səs verməyə çağırırdılar. Əslində görüş siyasi məcrasını dəyişərək qüdrətli bir sənətkarla görüşə, el bayramına çevrilmişdi. Çıxış edənlərin çoxu öz çıxışını hörmətli şairimizin şeirlərindən bir parça söyləməklə başa çatdırırdılar.

Tədbirin sonunda Xalq şairi çıxış etdi. Həmin görüşün canlı şahidlərindən biri AYB-nin və Jurnalistlər İttifaqının üzvü, rayonda çıxan “Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli özünün “Yurdum, torpağım, əzəl ünvanım – Oğuz” əsərində şairin çıxışını bu cür qeydə almışdı: “- Əziz və hörmətli oğuzlular! Adətən deputat seçiciləri ilə görüşdə öz platformasından danışır. Neçənci dəfədir ki, deputat seçilmək üçün mənim namizədliyim irəi sürülür. Mən heç vaxt platformam haqqında danışmamışam. Mənim plarformam mənim şeirlərimdir. Kim mənim platformamla tanış olmaq istərsə, kitablarımı vərəqləsin. Mən millətim üçün necə çalışmışamsa, bundan sonra da elə çalışacam… Məni deputat seçsəniz də sağ olun, seçməsəniz də. Mən xalqıma yenə də əvvəlki kimi xidmət edəcəyəm”.

Xalq şairinin sözləri sürəkli alqışlarla qarşılandı. Sonra seçicilərin yanına gələn şairlə onların arasında bir saata yaxın çəkən səmimi söhbətlər başlandı. Görüşdən ayrılanların hamısının üzündən görkəmli şairin deputat seçilməsinə razılıq ifadəsi duyulurdu.

B.Vahabzadə böyük səs çoxluğu ilə deputat seçildi. Beş il bizim rayonun deputatı oldu. Biz bundan qürur duyduq, bununla fəxr etdik və deputatımızdan çox razı qaldıq.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində növbəti günlər mövzumuz uşaq ədəbiyyatı olacaq. Belə ki, jurnalın növbəti fevral-mart nömrəsi bütünlükdə uşaq ədəbiyyatına həsr edilib. Bu gün filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovanın xüsusi layihəyə ön sözünü sizlərə təqdim edəcəyik.

 

 “Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır”

 (A.S.Eqzüperi)

 

“Ulduz” jurnalının 2024-cü il fevral sayının uşaq ədəbiyyatına həsr olunması ilə bağlı baş redaktor Qulu Ağsəsdən təklif alanda içimi qəribə bir sevinc hissi bürüdü. Görəcəyim işin mənəvi zövqünü, feyzini ayrı cür hiss elədim varlığımda. Axı söhbət gələcəyin insanından gedir. İşə bax ki, bu il də ölkə başçısının sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Nə əlaqə deyib keçməyin. Dünyanın bütün əlvan rəngləri uşaqların əli ilə boyanıb, bəlkə, göy qurşağı da nə vaxtsa onların səmaya sıçratdığı rənglərin qarışığıdır, kim bilir. Tanrının xoşuna gəlib, saxlayıb bu rəngləri özündə, hərdən insanları sevindirmək üçün çiçək kimi səpələyir göy üzünə. Təbiətin rəngidir yaşıl. Saflıq, dirilik, bolluq rəmzidir. O yaşılı qorumaq uşaqlıqdan aşılanan mənəvi missiyaya çevrilib. “Yaşıl ölkəm!” Yaşıl bizim ölkəmizin adıdır. Bayrağımızdakı üç simvoldan biridir, inanc və irfanımızın işarəsidir. Təbiəti öyrənməyin ən gözəl vasitəsi uşaq ədəbiyyatıdır. İnsan böyüdükcə onun təbiətə münasibəti də dəyişir, o, təbiətdə toxunduğu hər şeyi dəyişib özünə oxşatmağa, insanlaşdırmağa çalışır. Nəticədə bunun əksi ilə qarşılaşır. Təbiət ondan mütləq qisas alır, fəlakətlərdə mütləq mənada talelərin səslərini də eşitməli oluruq. Bəs necə etməli ki, bu baş verməsin?!

Ümidimiz sözün möcüzəsinədi. Uşaq ədəbiyyatının stixiyası olan xilas etmək gücünə. Uşaq ədəbiyyatı uşaq-təbiət tandeminin ən munis dövrünün başlanğıcında dayanan və təbiətə doğma münasibət formalaşdıran sahədir. Bu mənada ədəbiyyat insanla təbiətin arasındakı sağlam bağı, əlaqəni qoruyub saxlayan, bəlkə də, yeganə düşüncə məkanıdır. Bir şeirlə dünyanı gözəlləşdirmək, bir sınmış budağın belə ürəyi olduğunu uşağa aşılayıb onu təbiətə ziyan vurmaq kimi davranışlardan daşındırmaq... Bu, qələm adamına öz ağrılarını ürəyinin bir küncünə sıxışdırıb onu yenmək hasabına başa gəlsə belə. Məsələn, belə edirdi Mikayıl Muşfiq. Əkrəm Cəfərə ünvanladığı məktubda “Çocuqkən çırpınışlarım yetim barmaqlarıyla saçlarımı yoldu. Mən şeiri göz yaşlarım skamyaların qara üzünü ağardırkən duydum...”, – yazırdı. Amma mətnlərində fərqli estetik üsul seçirdi, bəxtiyarlıq, həyat eşqi ilə bütün dünyaya gülümsəyirdi: Mənə ilham verir o yaşıl çəmən, Üstümə quşbaşı yağan yasəmən. Demək, sevimlidir bahar da, qış da, Bir yenilik duyub mən hər baxışda Sevirəm dəyişən, dönən varlığı. Bu günün, yarının bəxtiyarlığı Sevdasilə coşan nə bəxtiyardır! Bu yaxınlarda esseist Qismət Rüstəmovun "Ekoloji tənqid: Yaşılı öyrətmək" məqa ləsində ekoloji tənqid terminini ilk dəfə 1978-ci ildə yazdığı “Ədəbiyyat və ekologiya” məqaləsində elmə gətirmiş Vilyam Rukertin düşüncələri mənə maraqlı göründü: “Alim fərz edir ki, ədəbiyyatın insanlara təsir gücündən faydalanıb eko-sistemə verilən zərərləri azalda bilərik, çünki günəş enerjisinin günəşdən Yer kürəsinə, oradan isə bütün canlılara çatması və həyat dövriyyəsinin fasiləsiz şəkildə davam etməsi kimi, şairin enerjisi də şeir vasitəsilə oxuculara çataraq fantaziyanın və intellektual hazırlığın yayılmasına zəmin yaradır. Rukert deyir ki, bir şeir bir eko-sistem modeli kimi ekologiya dərsində oxuna, təhlil oluna bilər. Onun fikrincə, şeirin “nədən bəhs etməsindən çox, nə etməsi və bunu tutarlı şəkildə necə etməsi” çox vacibdir”. Bilmirəm niyə, amma Eqzüperinin “Balaca şahzadə”sini xatırladım. Qəlbini sevinc və işıqla doldurub bütün kainata yetəcək qədər sevgi paylayan qızılı saçlı oğlanı. Onun bəslədiyi bir qızılgül, üç vulkan sahibinin sevgisi və diqqəti ilə əhatə olunmuşdu və Balaca şahzadəyə görə, kainatda yaşayan hər bir insan onun kirlənməməsi, təmiz qalması, ziyanlardan xali olması üçün məsuliyyət daşımalı idi. Az qala bir əsr öncəyə qədər zamanı çevrələyən bir əsər on illərin o tayından dünyanın bütün dillərinə tərcümə olunaraq həm də təbiət qarşısında insan əxlaqının necəliyini öyrədir insanlara: “– Mən, – nəhayət, dilləndi o, – bir gülüm var, onu hər gün sulayıram. Üç vulkanım var, hər həftə onları təmizləyirəm. Sönmüş vulkanları da təmizləyirəm. Bilmək olmaz qabaqda bizi nələr gözləyir, heç bilmək olmaz. Bunlar mənim vulkanlarım və gülüm üçün çox vacib işlərdir”. “Düşüncəsi belə idi ki, əgər vulkanları vaxtında və qaydasında təmizləsən, onlar fasilə vermədən düzgün və sakit şəkildə yanacaqlar. Vulkan püskürməsi soba borusundakı yanğına bənzəyir. Şübhəsiz ki, Yer üzündə yaşayan insanlar onsuz da bu vulkanları sona qədər təmizləyə bilmirlər və məhz bu səbəbdən onlar bizim üçün bu qədər çətinliklər törədə bilirlər”. “Bu elə nizam-intizam məsələsidr, – Balaca şahzadə daha sonralar mənə deyirdi. Səhər tezdən, yerindən qalxıb yuyundunmu, dərhal planetin də qayğısına qalmaq, onu təmizləmək lazımdır. Hər gün gözlərini dörd açıb baobabları kökündın qoparıb atmaq lazımdır, onların zoğlarının hamısı, demək olar, eyni böyüklükdə olur. Düzdür, bu bir az darıxdırıcı işdir, ancaq başqa çarə də yoxdur”. Kainatın bu sevgiyə, qayğıya ehtiyacı var. Dünyanın uşaq üzünə dönməyə yəni. Bu əsərin proloqunda belə bir fikir yer alır: “Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır”. Müəllifin nəyə işarə vurduğu məlumdur. Ürəklərinin bir tərəfində təmiz bir hücrə saxlayanlar xatırlayırlar o anı. Vaqif Səmədoğlu “Yoxdur Yer üzündə qocalıq, yoxdur”, – deyirdi. Ruhundakı uşağı əbədi diri saxladığına görə. Anna Axmatova Boris Pas ternaka həsr etdiyi şeirdə “O, bir əbədi uşaq lıqla mükafatlandırılıb” misrası ilə həmkarının portretini dəqiq cıza bilirdi. Əli Kə rimsə bunun yolunu şeirləri vasitəsilə göstərirdi: Əlimi qaşımın üstünə qoyub Boylanıb baxıram uşaqlığıma: Özüm böyütdüyüm dəcəl çəpişə, Əlimlə saldığım cənnət bağıma. Eheyy!! – qışqırıram, baxmayır uşaq, Bir də qışqırıram, dinmir ki, dinmir. Başa düşürəm ki, çıxmırmış səsim, Çox zaman yuxuda olduğu kimi. Amma təsadüfən çevrilib uşaq Gözləri dolusu baxır uzaqdan, Birdən fikir verib mən ağ saçlıya Qaçır, bir əsər də qalmır uşaqdan. Nöqsanım, qüsurum, mən, bir də qəmim... Yüyürüb, yüyürüb düşürük həkdən. Göydəmi, yerdəmi, ürəyimdəmi kimsə qəhqəhəylə gülür ürəkdən: – Nə fikrə getmisən, – deyir, – nə fikrə, Bir dərdin olmasa, sən də gülərsən, Atsan yanındakı yoldaşlarını, Sən məni o zaman tapa bilərsən… Yəni yalnız nöqsan, qüsur və kədərsiz bir dünyanın sakinləri ola bilir uşaqlar. Bu uşağı qoruya bilənlər yaradır uşaq ədəbiyyatını. Bəlkə, heç uşaq mətni yazmır, am ma içindəki uşağın, uşaqlığının əlindən tu tub çıxır yaradıcılığın çətin yolçuluğuna. Ötən həftələrin birində Rey Bredberinin “Zəncirotu şərabı” romanı haqqında Hədiyyə Şəfaqətin yazdığı “Əjdaha şərabı” məqaləsini mütaliə edərkən bir məqamı aydınlaşdırdım özüm üçün: qərb yazıçı və şairləri öz keçmişlərindən utanmırlar, kompleks yaşamadan boylanırlar uşaqlıqlarının qüssəli mə qamlarına. Psixoloji travmaları onları müşa yiət etsə belə, ədəbiyyata sonsuz bağlılıq onların içindəki ağrını işıqla əvəz ləməyə yetir: “İnsan yaşadığı şəhərdən ay rılanda o şəhər fantaziyaya çevrilir" – və tezliklə də bunu təkcə şəhərlərə aid etmək fikrindən daşınır. “İndi mən də burda, İllinoysda, sakit bir gölün kənarında yerləşən Yaşıl şəhərdə kiminsə fantaziyasıyam”. Biz həm də özümüzün fantaziyasıyıq. Bredberi uşaqlığına qayıdaraq öz fan taziyalarının mövcudluğuna inandırır. Onun, ayağını qoyduğu yeri dünyanın mərkəzi, olduğu zamanı zamanın mərkəzi adlandırmağa haqqı çatır. Çünki o, əjdahalara ina nır. Çünki o uşaqkən xəyalən qorxduğu çardaqda yaşayan əjdahanı yerə endirib onunla bir ömür keçirib. “Hər kəsin öz əjdahası var. Bir gün o, aşağı enə bilər...” Əlbəttə, siz öz çardağınızdakı əjdahanı böyüklərə öldürtdürməmisinizsə…” Oxunan mətnlər uşaqlığımızın hüdudlarını müəyyən etməyə imkan verir: o əsərlər ki, oxuyub ilk qorxunun dadını bilmişik, o əsərlər ki, oxuyub mübariz olmağın çətinliyini duymuşuq, böyük okeanlara can atan balaca qara balıqların, pəncərənin o üzündəki işığı görüb ora keçmək üçün özünü şüşəyə çırpıb öldürən qara milçəklərin varlığından xəbər tutub addım-addım həya tı öyrənmişik. Dərinə getdikcə heyrət etməmək olmur. Bizə sadədən sadə görünən, yəni ilk baxışda yazılışı asan təsir bağışlayan uşaq mətnlərini hasilə gətirməyin, əslində, necə çətinlikləri varmış. Bu çətinliklərə sinə gərərək ən dəyərli mətnlər meydana qoyulub – mübarizə, inam aşılayan. Həyatın dibinə enməkdən qorxmayan, qorxularını, uşaqlıq travmalarını dilləndirməkdən çəkinməyən, özü olmaqdan zövq alanlar, ən kritik anda belə balacalara sevgi, sevinc ötürməyi bacaranlar... Bu mətnləri yazanlar da inanıblar, əslində. İnanıblar ki, yazdıqları əsərlərlə uşaqlara tərtəmiz bir dünya yaradırlar. Nağıllar aləmində böyüyən uşaqların təfəkkür üfüqlərinin genişliyinə kim şübhə edə bilər? Uşaq aləminin nağılla başlanan yolçuluğu özündə yaddaş kodlarını daşıyacaq qədər sakraldır. Mifopoetik təfəkkürdən çağdaş zamana ke çid mərhələsinin ən etibarlı məxəzidir nağıllar. Y.V.Çəmənzəminli demiş, “bu mədəniyyətin əsrarını bilmək üçün” nağıl və əfsanələri unutmamaq lazımdır, onlar həm də mənəvi dünyagörüşümüzün ifadəsidir. Əxlaqi, etik düşüncəmizi formalaşdıran bu janrlar özündə doğma elementləri ehtiva etdiyi qədərincə tarixin saxlancında əbədi qorunacaqlar. Bəs yaradıcı şəxslərin rolu burda nə qədərdir? Öz mədəniyyətinə baxış fəlsəfəsinin aliliyi müəyyənləşdirir on - ların yaşam gücünü həm də. Toğrul Nərimanbəyovun Kukla Teatrının divarlarını bə zəyən rəsmləri kimi. Mistik ovqat çaları ilə ona baxan neçə-neçə uşağın ürəyinə düşən bu şəkillər bir də uşaq şairi Teymur Elçinin poetik dilində nağıl kimi şəkillənib. Azər Turanın “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası” məqaləsi bu iki dahinin “şərikli” əsərinın ehtiva elədiyi yaşantıların miqyasını vermək baxımından gərəkli mətndir: “Rəssamın ya rat dığı rəng axını onun özünə olduğu kimi, şairə də intermedial qurğu üçün geniş üfüqlər açır. Burada dekorativ tətbiqi sənətin xalça sənətindan başlayaraq bütün növləri, eləcə də arxitektura, mifoloji anlamlar, həm musiqi, həm də folklor elementləri və s. birlikdə iştirak edir”. Uşaq ədəbiyyatının müstəsnalıq gücü həm də bundadır. Bütün duyğu orqanlarını, yaradıcı işarələri işə salmasında, onların po tensial imkanlarını bir araya cəm edib fərq li estetik çevrə yaratmasında. Bu dərin likdə yalnız sənət əsasında təzahür edən ob raz deyil, həm də o sənəti yaradan, ha - silə gətirən şəxsin kimliyi kəşf olunur. Amma burada vacib olan başqa məqam da var. Təhtəlşüurdan rəsmə, ordan yazıya, kağız üzərinə tökülmüş nağıl söyləmələri və obrazları onun seyrinə dalanları mifoloji yad daşın ən dərin qatlarına aparır. Toğrul Nərimanbəyovun çəkdiyi nağıl rəsmlərinin struktur təhlilini Teymur Elçinin şeirlərinə tətbiq edib nağıl obrazılarını oxumaq mümkün olur. Bu obrazlar yalnız nitq janr larında, poetik mətnlərin ricətlərində ehtiva olunmur, həm də rəsmlərin, tabloların yaddaşında giz lənir. Deməli, xalq öz milli özünüdərkini, mifopoetik yaddaşını bu sənət əsərlərinin hesabına bərpa edə bilər. Uşaqlar üçün mətn hasilə gətirənlər nə edir? Əsası nağıl, əfsanə, rəvayət və hekayət olan mənalar dünyasını yaradır. O mənalar dünyası ki, orada insan taleləri oxunur, nə olmaqla yanaşı, necə olmağın sirri açılır balaca oxucuya. O özünü kiməsə bənzədərək böyüyür, xəyallarındakı qəhrəmana doğru yol alır. Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestinin sonunda Kiriskin gəldiyi həqiqəti xatırlayırsız? O dərk edir ki, şüuraltında səslənən “sözlər ömrünün son günlərinəcən birlikdə yaşayacağı öz xüsusi mahnısının ilk sözləridir”. Bəli, hər uşağın öz nəğməsi ilə böyüməsi onun içində çərpələng kimi uçuşan arzulara açılan Yoldur, əslində. Bu yol yerdən göyə qədər, göydəki günəşə, aya, ulduzlara aparacaq qədər uzun olsa belə, işıq və sevgidən yoğrulduğu üçün onun ömür fəlsəfəsinin cövhərinə çevrilir. Və burdan o yana ona ancaq inanmaq qalır: “Hansısa uzaq ulduzların birinin bağrında bitən gülü sevirsənsə, gecələr səmaya bax. Bütün ulduzlar çiçəkləyəcək...”

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

 

Titr yazı. Yevlax. 1921-ci il. Avqust.

Boz yulğunlu çöllük...

Dəmir yolu çöllüyün cadar-cadar paralanmış torpağında ləpir kimidir...

Külək dəvətikanlarını sağa-sola dığırladır...

Çöllüyün tən ortasında yandırılmış iskələ görünür...

İskələnin xarabalığı içində dəmir yolunu qoruyan iki atlı küləkdən daldalanır...

Uzaqdan qatar fiti eşidilir...

 Fit səsini eşidən atlılar qatara doğru çapır...

Onlar vaqonların başında oturmuş Qafqaz İslam Ordusu əsgərlərinə doğru atəş açırlar...

Qatardan açılan cavab gülləsi atlılardan birinə dəyir...

Güllə yarası almış atlı atdan yıxılır...

İkinci atlı yoldaşının yıxıldığını görüb atının başını geri çevirir...

Boz təpəciklərin arasıyla sürətlə keçən qatar atlı­ları arxada qoyur...

Qatarın açıq pəncərəsindən öldürülmüş atlının torpaq üstündəki cansız cəsədinə baxan Nuru paşa görünür...

Nuru paşa:

­– İnsanlar nə etdiklərini bilmirlər, Nağı bəy, ­­­­­­­­– deyir.

Onunla birgə qatarda yol gedən Nağı bəy Şeyxzamanlı Nuru paşaya:

– Paşam, bir az əyləş. Bütün yolu ayaq üstə gəldin, – deyir.

Nuru paşa arxaya çevrilir:

– Səbirsizəm, Nağı bəy. Qara­bağa tələsi­rəm. Mondros sazişi bizi alçaltdı. Qafqaz İslam Ordusu ancaq Ba­kını deyil, Buxaranı, Kərkükü, Qazanı da Turan edəcəkdi.

Nağı bəy Şeyxzamanlı:

– Qafqaz İslam Ordusu yara­dılan ərə­fədə paşamız Ənvərdən soruşdum ki, ərəblərə ingilislər nə vəd veriblər, paşam? Dedi, müstəqillik... Bəs xilafəti necə, onudamı ərəblərə söz veriblər, deyə bir də soruşdum. Paşam hir­sin­dən qıpqırmızı oldu. “Xilafətə görə son damcı qanımıza qədər vuruşacağıq” dedi.

Nuru paşa:

– İstər ərəb millətçiliyi olsun, istər fars, istər türk – fərq etməz. Millətçilik insanlığı məhvə apa­rır. Məni siyasətə qatma, Nağı bəy. Mən əsgərəm. Siya­sətçiləri də zəif adam bilirəm. Özümə bir borcum qalıb: Bakını geri qay­tarmaq...

Nağı bəy:

– Siz bir daha Bakını azad edəcəksiz, paşam.

Nuru paşa:

– Ya da öləcəyik, Nağı bəy.

Qatar fit verib Yevlax iskələsində dayanır...

Hərbi geyimli beş-altı Qafqaz İslam Ordusu zabiti qatardan enən Nuru paşanı, Nağı bəy Şeyxzamanlını və digər Qafqaz İslam Ordusu əsgərlərini qarşılayırlar...

Nuru paşa onu qarşılayan mülki geyimli difai­çilərlə də görüşür.

Hərbi eşelondan düşürülən atlar...

Onbaşı İzzət Nuru paşanın atını qarşısına gətirir.

Nuru paşa sıçrayıb atın belinə qalxır.

Nuru paşa:

– Azərbaycan bolşeviklərin əlindədir. Bakı bir ildir süqut edib. Dağıstan sərhədini keçib gəl­dim. Müqəddəs savaşımız mübarək olsun, bəylər! Ya Azərbaycan torpağı bizim olacaq, ya biz o torpağın olacağıq, – deyir.

Nuru paşa və Qafqaz İslam Ordusunun kiçik alayı tozlu yollarla atlarını Qarabağ dağlarına doğru çapırlar...

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

 

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibim uşaq kitablarının yazarı Bahar URHAN SEZER xanımdır.

 

-Xoş gördük, Bahar URHAN SEZER! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Xoş gördük. Adım Bahar, soyadım isə SEZERdir. Marmara Universitetinin xüsusi təhsil müəllimliyi və Anadolu Universitetinin əlillərə qulluq və reabilitasiya məzunuyam. Hazırda Yıldız Texniki Universitetində sinif müəllimliyi üzrə magistr təhsili alıram. Evliyəm. Salonikidən mühacirəm. Hal-hazırda doğma şəhərim İstanbul/Çatalcada xüsusi təhsil müəllimi işləyirəm.

 

-Ədəbiyyata gəlişiniz və əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-Ədəbiyyata marağım oxumaqla başladı. Oxumağa marağımın Atatürkə olan sevgimdən qaynaqlandığını deyə bilərəm. Həmişə onun kimi çox oxuyan biri olmaq istəmişəm. Ahmet Naçın TEDX çıxışında Atatürkün 2 lirəsinin 1 lirəsini kitablara xərclədiyini həmişə xatırlayıram. Bundan başqa 5-ci sinifdə oxuyanda sinif müəllimimiz ayın kitab qurdunu seçərdi. O vaxt bizim çox kitab almaq lüksümüz yox idi, amma kitab qurdu olmaq istəyirdik. Əmimin kitabxanası var idi. Orada “Ağ diş” romanını tapdım. Oxumağa o qədər aşiq oldum ki... Sonra “Şeker Portakalı” seriyasının sehrli dünyası ilə tanış olduğum zaman o vaxtdan oxuyuram. Yazmaq mənim üçün sonradan gerçəkləşdi. Uşaq kitabı yazmaq istəyimlə onu yazmağım arasında keçən illər kifayət qədər uzun idi, çünki mənim fikrimcə məhsul yaratmaq tort hazırlamaq kimi bir şeydir. İstedad krem, təhsil isə tortdur. Tort yoxdursa, tək kremin mənası olmur. Təhsil alaraq irəlilədim. Kitabımın mövzusunu bildiyim ən yaxşı yerlərdən məlumatlandırmaq üçün peşəmdən, xüsusi təhsilimdən və tələbələrimdən təsirlənərək yazmağı seçdim.

 

-Uşaq kitabları yazmaq fikriniz necə yarandı?

 

-Uşaq ədəbiyyatı təhsilimizin başladığı ilk addımdır. Mən uşaq ədəbiyyatını uşaqların şüurunu artırmağın ən əsas yolu kitablar və onları həvəsləndirəcək macəralardır hesab edərək seçdim. Böyüklərin qərarlarını dəyişdirmək çox çətindir. Gələcəyin böyüklərinə çatmağın ən yaxşı yolu uşaq ədəbiyyatıdır. Agahlıq, xüsusi təhsil, empatiya... Bunları öyrətmək üçün uşaq kitablarını seçdim.

 

-Türkiyədə oxuma sizi qane edirmi? 

 

-Açığı, ətrafımdakı insanlar çox oxuduğundan və oxumağı sevdiklərindən mütaliədən razıyam. Üstəlik, kitabım da böyük marağa səbəb oldu. Uşaqlar tərəfindən bu qədər seviləcəyini və oxunacağını ağlıma belə gətirməzdim.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Azərbaycan ədəbiyyatında daha çox şeirləri izləyirəm. Nəsimi sevdiyim şairlərdəndir. Nəsiminin və bir çox Azərbaycan şairlərinin mahnılara çevrilmiş şeirləri ən çox dinlədiklərim sırasındadır.

 

 

-Bir gənc yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Əminəm ki, onların hamısı qayğıkeş, istedadlı gənclərdir. Mənim üçün istedaddan daha vacib olan məsələ təhsildir. Yazı təlimində mütləq iştirak etməlidirlər. Qalanları gələcək. Təhsil prosesində özlərini kəşf edəcəklər.

Kitabıma maraq göstərdiyiniz üçün çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"İnsanın sevməsi - ağ vərəqə yazı yazılması kimidir. Bəzən yazı karandaşla yazılır. İstədiyin vaxt onu poza bilirsən. Bu, ötəri, səthi sevgidir. Bəzənsə yazı diyircəkli qələmlə, yaxud avtoqələmlə yazılır. Bu zaman hər şey mürəkkəbin tərkibindən aslıdır. Elə olur, yazılanları iz qoymaqla olsa belə birtəhər poza bilirsən. Eynən yaralayan sevgi kimi. Elə də olur, yazı vərəqə necə pərçimlənir, hopursa, nə illah edirsən, pozulmur. Axırda vərəqi cırıq-cırıq edir."  

 

Hər dəfə içimdə dünyada əsl sevginin, gerçəkdən sevənlərin varlığına azca şübhə yarananda və ya hər dəfə həyat bəlkələrlə, kaşkilərlə, niyələrlə, nə üçünlərlə silahlanıb üstümə gələndə əlimdən kitablar tutur.

Səhifələrində gerçək bir sevginin ülvi xatirələrinə qucaq açmış kitablar.

Taleyin ən çətin, ən ağrılı sınaqlarından üzü ağ, başı dik çıxan, özündən sonrakı nəsillərə görk olan sevgiləri anladan kitablar.

Uzun bir inamsızlıq burulğanından, tərəddüd var-gəlindən sonra bu dəfə də "Qırmızı ləçəklər" romanı tutdu əlimdən. 

 

Tarixi roman oxumağı bir ayrı sevən və tarixi romanları əhəmiyyətli hesab edən biri kimi mən "Qırmızı ləçəklər"i sadəcə bir sevgi romanı deyil, həm də bir tarixi roman kimi qiymətləndirmək istəyirəm. Çünki həm hər şeydən öncə  Əlif Hacıyev tariximizə öz adını qızıl hərflərlə həkk etmiş real bir qəhrəman obrazıdır və həm də burada müəllif də Əliflə Qalinanın sevgi hekayəsinin fonunda həmçinin Əlif Hacıyevin keçdiyi şərəfli ömür yoluna, hadisələrin cərəyan etdiyi dövrə işıq tutur.

Əsərin qayələrindən biri də elə məhz sözü gedən dövrdə 90-cı illərdə Qarabağda baş verən siyasi hadisələri, erməni millətçiliyinin acınacaqlı nəticələrini, erməni nankorluğunu, ermənilərə münasibətdə öz halalca dədə-baba torpaqlarında xalqımıza qarşı dövlət səviyyəsində haqsızlığı, milli ayrı-seçkiliyi, həmçinin ermənilərin xalqımızın başına gətirdikləri ağır müsibətləri, Xocalı faciəsini, real tarixi faktları, Qarabağ həqiqətlərini işıqlandırıb təkcə yerli oxuculara deyil, eyni zamanda “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya oxucusuna bədii motivlər fonunda çatdırmaqdır. 

 

"Xocalı əldən gedəndən sonra mən yaşaya bilməyəcəyəm. Elə biləcəyəm ki, namusumu satmışam, kişiliyimi satmışam. Elə burda ölmək mənimçün daha şərəflidir" 

 

Əlif Hacıyev təklikdə bir qəhrəmanlıq dastanıdırsa, Qalinayla birlikdə o həm də gerçək bir sevgi salnaməsidir. Öz təravətini heç vaxt itirməyəcək, daim qoruyub saxlayacaq, dünya durduqca yaşayacaq və irq, din, dil, milliyyət sərhəddini aşa bilməyənlərə görk olacaq, güc verəcək bir sevgi salnaməsi. 

 

"Yalnız sevgi əkslikləri, zidd olanları qovuşdura bilmək gücündədir." 

 

İrq, din, dil, milliyyət kimi sərhədləri sadəcə sevgi aşa bilər. Elə Qalinanı da Əlifin arxasınca vətənindən özgə din, dil, milliyyət fərqi olan bir diyara gəlməyə şövqləndirib, burada yaşamağa güc verən sevgidən başqa bir qüvvə ola bilməzdi. 

 

"Nə sərt qanunları varmış müharibənin. Səni öz yuvanı öz əllərinlə dağıtmağa vadar edəcək qədər sərt." 

 

Əslinə qalsa Əliflə Qalinaya nə din, nə dil, nə milliyyət, nə də ailələr mane olmamışdı. Onlara xoşbəxt yaşamağa imkan verməyən müharibə və müharibənin odunu fitilləyən erməni xisləti olmuşdu. 

 

"Niyə aşkar qətllər cəzalandırılır, gizli qətllər isə cəzasız qalır?" 

 

Ermənilər Əlif Əskəranda sahə müvəkkili işləyərkən sadəcə onun günahsız yerə həbsdə yatmasına deyil, həm də dolayı yolla anasının da ölümünə səbəb olmuşdular. Qadının ürəyi övladının günahsız həbsinə tab gətirə bilməmişdi. 

Əliflə Qalina arasında dəfələrlə ayrılıq və həsrət uçurum yaratmaq istəmişdi, lakin bunların heç biri onların bir-birinə olan sevgiləri, bağlılıqları qarşısında duruş gətirə bilməmişdi.

Hər dəfə sevgisi Qalinanı Əlifin arxasınca aparmış, anasının ölümündə özünü günahkar bildiyi dönəmlərdə də Əlifə məhz Qalina dəstək olmuşdu. 

 

"Sevginin birinci sınağı məhz ayrılıqlardır." 

 

Yaxşı, özü bəs nə idi bu sevginin? Kitabda sevgilər xarakterizə edilib bir neçə tiplə bir-birindən fərqləndirilir.

Burada isə mənim ən çox diqqətimi çəkən "Filya" və Əliflə Qalinanın da aid edildiyi "Storqe" adlı iki növü oldu.

 

"Sevgi - sonu sənin iradəndən aslı olmadan, sonunu sənin təyin etmədiyin bir mövcudiyyətdir." 

 

"Bilirsən, bəzən sevgi hissi bütün məsafələrin fövqündə dayanır, ən uzaq yolu belə bir anda qət edə bilir, ilik dondurucu şaxtada sənə ilıqlıq, nəfəskəsici istidə sərinlik gətirir". 

 

“Sevgi - qatarlarçün vağzal, təyyarələrçün liman, gəmilərçün sahildir. Hara gedirsən get, uzandıqca uzanan dəmir yolu, nəhayətsiz səma, bitib-tükənməyən dəniz səni nə qədər uzaqlara çəkib aparsa belə, yenə də son dayanacağına qayıdacaqsan.

Sevgi - dayanacaqdır.

Necə ki, onlar üçün də son dayanacaq oldu.”

 

Əlif həbs olunandan sonra isə hamının Qalinanın çıxıb gedəcəyini düşündüyü bir zamanda Qalinanın nəinki çıxıb getməməsi, əksinə Əlifin azadlığa buraxılması yolunda əlindən gələn hər şeyi etməsi  bir daha həm Əlifin həyat yoldaşı seçimində nə qədər düzgün qərar verdiyinin, həm də bu mövzuda məsələnin milliyyətdə deyil insanlıqda, xarakterdə olduğunun nişanəsi idi. 

 

"İnsan yeniliklərə çox böyük itkilər verə-verə öyrəşir" 

 

Əlif Xocalıda mərdliklə şəhid olandan sonra Qalinaya yaşamaq, Əlifsiz yaşamaq, üstəlik  öz elindən, obasından uzaq, dilini bilmədiyi özgə bir vətəndə yaşamaq güman ki, çox dözülməz, çox çətin oldu. Lakin o, Əlifdən sonra belə yenə də Əlifin vətənini tərk etmədi, övladlarını da ona və onun vətəninə layiqli şəxsiyyətlər şəklində tərbiyə edib boya-başa çatdırdı. Və sonda elə özü də Əlifin yarımçıq qalmış yolunu davam etdirdi. Əsl sevgi və bağlılıq, həmçinin o sevgi və bağlılığa sadiqlik bax budur. 

 

"Qəribə xisləti var insanın. Ömrü boyu axtarışda, soraqda olur. Xoşbəxtlik, səadət gəzir. Amma heç bilmir də o nədir, nə ölçüdə, nə biçimdədir. Böyükdürmü, kiçikdirmi? Qalındırmı, nazikdirmi? Rəngi nədir, dadı necədir?

Bugünündən, adi qayğılarla yüklənmiş real yaşantılarından qopub fikrən, ruhən gələcəyə, ilğımlara, illüziyalara köklənir.

Və bir gün də həyat yolunun son döngəsini dönəndə əliboş halda, axtardığını tapmadığını duyaraq qəflət yuxusundan ayılır. Başa düşür ki, xoşbəxtlik deyə axtardığı o nəsnə elə o adi bilib, dəyər vermədiyi ağrı-acısız günləri imiş.

Bədbəxt olmayan nə varsa, bax elə onlar imiş xoşbəxtlik." 

 

Hə, belə əziz oxucu daim əlindəki xoşbəxtliklərin fərqində olmağını diləyirəm və elə bu yazını da Əlifin nəsihəti ilə nöqtələyirəm. 

 

"Heç vaxt sevdiklərinizdən ayrılmayın. Hətta ən kritik məqamda, beyinlə ürək "incimək", "küsmək", "hirslənmək", "hiddətlənmək" kimi işarələrlə düşüncə və hisslər burulğanında qeyb olaraq "ayrıl" desələr belə, hətta ətrafınızdakı bütün canlılar səfərbər olsa, insanlar səs-səsə verib "o belə dedi", "sən belə dedin" dedi-qodularıyla "ayrılın" çığırsalar belə, quşlar, böcəklər qarşınıza düşüb uça-uça yol göstərərək sizi ayrı-ayrı səmtlərə çəkmək istəsələr belə, hətta cansızlar - vərəqlərdəki sevgi məktubları, dəftər arasındakı qurumuş gül ləçəkləri, sonra nə deyim, hətta görüş yeriniz olan tənha skamya, ay işıqlı tala, nəhəng ağacın kölgəsi - hamısı, hamısı ayrılığınıza "o gecikdi", "ürəksiz gəldi" kimi bəhanələr tapıb baş-başa verərək "mütləq ayrılın" işarələri versələr belə, yenə də ayrılmayın! Gec-tez müvəqqəti ayrılıqlar əbədi ayrılığı gətirəcək.”

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Həftəsonu Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəngkarı, Xalq rəssamı Qǝyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisinin açılışı oldu.

 

Qeyd edim ki, aprelin 30-dək davam edəcək sərgidə rəssamın son 5 ildə yaratdığı 72 rəngkarlıq və qrafik əsərləri nümayiş etdirilir. Bu əsərlərdə Azərbaycanın və İslam dünyasının zəngin mədəniyyətini əks etdirən simvolik elementlər göz oxşayır, bu da Qəyyur Yunusun özünəməxsus üslubunu vurğulayır.

Sərgi  Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunub və ekspozisiyada çox dəyərli rəsmlər yer alıb. Onların həm mənəvi, həm də özünə uyğun maliyyə dəyəri vardır. Həmçinin sərgidə satışa çıxarılmayan əsərlər də var. 

Bu həftə sərginin müzakirəsi də planlaşdırılır. Müzakirədə hər bir əsərin ayrı ayrılıqda izahı veriləcək, həmçinin rəsmlərin necə ərsəyə gəlməsindən bəhs olunacaq.

Sərginin kuratoru Rəsul Həsənovdur. 

Qeyd edək ki, Qayyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar "Humay" mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Xüsusən vurğulayım ki, Əmircan kəndi dahi rəssam Səttar Bəhlulzadənin də doğulduğu kənddir və Qayyur Yunus məhz Səttar Bəhlulzadədən ilhamlanıb, özünü onun davamçısı hesab edir.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı Filologiya üzrə fəlsəfə doktoru, dosentNərgiz İsmayılovanın “Klaudio Maqrisin İtaliya postmodernizminin inkişafında rolu” məqaləsini təqdim edir.

 

 

Klaudio Maqris (10 aprel 1939-cu il, Triest) italiyan yazıçısı, tərcüməçisi, akademikidir. Turin Universitetinin alman dili və ədəbiyyatı fakültəsini bitirib. 1994-96-cı illərdə İtaliya Senatında çalışıb. 1986-cı ildə nəşr olunan "Danubio" ("Dunay boyunca") kitabı ilə o, ən böyük çağdaş italyan yazıçılarından biri kimi tanınır və Baqutta Mükafatını qazanır. O, 1997-ci ildə “Mikrokosmoslar” kitabı ilə İtaliyanın ən mühüm ədəbi mükafatı sayılan Streqana, 2016-cı ildə yazar Frans Kafka adına Ədəbiyyat Mükafatına layiq görülür. 2007-ci ildə isə o, Nobel mükafatına namizəd göstərilir. 2015-ci ildə nəşr olunan “Non luogo a procedure” ("İşin rədd edilməsi") romanı cəmiyyətə böyük təsir bağışlayır və “Corriere della Sera” qəzetinin ədəbi əlavəsi tərəfindən ilin ən yaxşı romanı seçilir, Maqris bu münasibətlə ilin ən yaxşı yazıçısı elan edilir.

         Mərkəzi Avropanın postmodern quruluşunun mənzərəsini göstərmək aspektindən  Klaudio Maqrisin 1986-cı ildə nəşr olunan “Dunay boyunca” (“Danubio”) kitabı son dərəcə əhəmiyyətlidir.

         Alman ədəbiyyatında yaranan əsas əsərlərdən biri kimi “Dunay boyunca”da Maqris Orta Avropanı bir çox ideoloji inancın və böyük inqilabi ümidlərin süqutunun şahidi olduğumuz dünya teatrı kimi təsvir edir.

1990-cı illərin əvvəllərində, yəni Mərkəzi Avropada kommunizmin dağılmasından, Berlin Divarının sökülməsindən və Sovet İttifaqının süqutundan dərhal sonra Mərkəzi Avropa Qərb tərəfindən kəşf edilmişdir. Məqalədə Maqrisin əsərlərində yer alan postmodern elementlər tədqiq olunmuşdur. Qeyd edək ki, əsasən bioqrafik, real, tarixi faktlar və hadisələr fonunda yazılan əsərlərində Maqris müxtəlif zamanlarda yazılan əsərlərə işarələr edərək, həmin yazarların əsərləri ilə intertekstual əlaqədə dövrü təsvir etmişdir.

 

1990-cı ildə yazdığı "Mərkəzi Avropanın yenidən kəşf edilməsi" adlı məqaləsində Tony Judth bu inkişaf üçün vacib hesab etdiyi siyasi amilləri dərindən təhlil edir. Ən mühümlərindən biri kimi o, Qərbdə marksizmə inamın itirilməsini göstərir. Hansı ki, o vaxtlar Qərbin böyük bir hissəsi olan ziyalılar (1945-1980-ci illər) sadiq marksist idilər. Yalnız marksizmin süqutu ilə Qərb ziyalıları Mərkəzi avropalıların ortaq demokratik ənənələr, siyasi hüquqlar, ortaq etik dəyərlərlə bağlı diskursuna diqqət yetirməyə başladılar.

Bu kontekstdə, xüsusilə mərkəzi Avropa ölkələrinin taleyi baxımından “Dunay boyunca” əsəri son dərəcə əhəmiyyətlidir. Əsər yazıçının 1980-ci illərin əvvəllərində Dunay çayı boyunca etdiyi səyahətin bir növ ədəbi qeydi kimi görünə bilər. Kitab bütün Avropada böyük diqqət görmüş və bir sıra dillərə, o cümlədən İsveç dilinə tərcümə edilmişdir. Kitabdakı əsas təzadlardan biri Mərkəzi Avropa Habsburq İmperiyası və Almaniya ilə Prussiya arasında olan ziddiyyətdir. Bu kontekstdən problemin birincisi Dunay, ikincisi Reyn tərəfindən simvollaşdırılır. Postmodernizmin əsas problemi olan şəxsiyyət, kimlik anlayışı bu əsərdə özünəməxsus şəkildə nəzəriləşdirilir. Postmodern dövr olaraq təyin olunan kommunikasiya və texnologiya dövrünə fərdlərin azadlıq və asılılıq təcrübələri kontekstindən baxılanda insanların məkan və zamanla, başqaları ilə və  özləri ilə qurduğu əlaqələrin  problemli olduğunu söyləmək lazımdır.

Əsərdə Dunayın mənbəyi məsələsi əsas xətdir. Suyun fəlsəfədə, mifologiyada və dinlərdə həmişə xüsusi yeri olub. Bir çox dinlərdə və rəvayətlərdə su mənbəyi - mənbə bolluq və bərəkət gətirdiyi üçün müqəddəs yer kimi qəbul edilmiş və hörmət edilmişdir.Bu kontekstdə əsərdə bu məsələyə xüsusi diqqət göstərilir.

“Dunay – çoxluğu, xalqların və mədəniyyətin əriyib qarışmaq mənbəyinin, özünə ironiya və hər şeyə qarşı şübhə ilə səciyyələnir, Reyn isə ayırmaq və təmizləmək iradəsini (və hər yerdə etibarlı olmalı olan nizama və ümumbəşəri dəyərlərə inanan bir mədəniyyət üçün) müdafiə edir” (Plewa2014, 302 s).

Postmodern mədəniyyət ruhun dialektikası, sinfi mübarizə və proletariat diktaturası, daimi tərəqqiyə inam və ya sosial mühəndislik qaydalarına uyğun qurulmuş rifah dövləti arzusu kimi modernizmin böyük nəzəriyyələrini utopikləşdirir, dekonstruksiya edir. Maqrisin bu romanında Mərkəzi Avropa mədəniyyəti postmodern ziyalıya ilham verir. Maqris romanda Mərkəzi Avropadakı postmodernizmin elementlərini vurğulayarkən xüsusilə bunlara diqqət çəkir: buranın marginallığı, çoxluğu, şəxsiyyətlərin üst-üstə olması və həlli, güclü bir etibarsızlıq, şübhə hissi, hakimiyyətin dağılması, bütün utopiyaların məhv edilməsi, tarixdəki rasionallığın rədd edilməsi, ekzistensial istehza və görüntü ilə görünüş arasındakı oyun. “Dunay boyunca” əsərində biz bir çox tarixi məqamların və şəxsiyyət probleminin açılmasında müxtəlif mənbələrə işarə edilməsinin, klassik mətnlərdən montaj olunmasının və intertekstual əlaqələrin şahidi oluruq. Bütün bunlara baxmayaraq, "Postmodern həyat strategiyasının mahiyyəti şəxsiyyətin qurulması deyil, fiksasiyadan qaçmaqdır" -deyən Bauman, bu prosesdə bir insanı tanımaq və ya müəyyən etmək səyinin qeyri-mümkün olduğunu vurğulayır, çünki postmodern kimliklər axıcı vəziyyətdədir. Maqrisin  romanında biz bu effekti hiss edirik.

Burada o, bir çox əsərlərə göndərmə edir: yunan mifologiyasından tutmuş, Faustadək...

“Odiseyya” əsərinə bir neçə dəfə göndərmələr edən Maqris əsər boyu bir çox yazarları və əsərlərini xatırlayır. Dövrün mənzərəsini əsərlərin  və tarixin gözü ilə işıqlandırır.

Heydigger ilə bağlı Maqris “Dunay boyunca” əsərində yazır ki, Əziz Martin kilisəsinin  qarşısındakı 3 nömrəli evin üstündəki lövhədə Heydiggerin burada  yaşadığı yazılıb.  Mis dekorasiyalı, krem rəngli alçaq evin  köhnə taxta pəncərələrinin önündə yöndəmsiz, yaşlı bir ağac var.Ağaca kimsə mismarlar vurub, səbəbi bilmirəm, nədir. 23 nömrəli evdə indi Kaufmann ailəsi yaşayır və qapını açan qadından Heydiggeri soruşanda  mənə zəngçalanın oğlunu, yoxsa qardaşı oğlunumu xəbər aldığımı soruşdu.Məşhur bir filosof olaraq deyil, zəng çalanın oğlu kimi xatırlanmaq (zanqoç) nüfuzunu atasının göstərişsiz məsləyindən almaq, bəlkə də, Heydiggerin xoşuna gələrdi” (Magris, 2022, 416 s).

Maqris müsahibəsində deyirdi ki, mən İtaliyanın sərhəd bölgəsində doğulmuşam. Ona görə də mən həmişə Avropanın bütün ölkələrinin tarixini və sərhədlərini bilmək həvəsini qorumuşam. Dunay təkcə bir ölkədən və ya bir ölkədən digərinə axan çay deyil. Bu çayın ictimai və siyasi ölçüləri çox böyükdür. Mən həmişə Dunay çayını müasir Babilin təmsilçisi hesab etmişəm.

Heydiggeri ilə bağlı informasiyalarda Maqrisin oxucu mərkəzçi rolu, məşhur filasofun həyatını dekanstruksiya etməsi, skeptizm, ironiya var olan mətnin yenidən yazılması prinsipi kimi məsələlər postmodernizmin elementidir. Heydiggerin həyatını, onun "inkişafı  meşədəki gizlin cığırlarda (Qara meşə)  yerimədən əldə etmək olmaz" konsepsiyasına baxışbucağını Maqris öncə İsanın anasını sorğulamasına dair “İncil”dəki o qəddar səhifə ilə, daha sonra Kafkanın müqəddəs torpaqlardan uzaqlaşıb  çöldə axtarışa itələyən  həqiqət qavramına yaxınlaşdırır.

Digər tərəfdən, biz Maqrisin səyahət hekayəsini digər janrlara qarşı açıq və çevikliyinə görə “hibrid janr” və ya “liminal” kimi dəyərləndiririk, burada  postmodernizmlə qazanılan inter və metatekstual xarakter mövcuddur.

Maqris yazır: “Postmodernizmin saxtalığını  ilk öncə xəbər verən də, onu bir sarsaqlıq olaraq bir qırağa tullayıb tale olaraq qəbul edən də Dunay torpaqlarında doğulan Avstriya mədəniyyətidir. Son və daha  sirli çağda  Gete də o şübhəni görməzdən gəlmişdi, “Faust”un ikinci hissəsində, bir laboratoriya  nümunəsi olan Hommunculusun hekayəsini  danışmaqla kifayətlənmir, natural olmayanın həqiqi qalibiyyətini və Təbiət ananın  modanın, süni ləvazimatların və saxta görüntülərin qarşısında məğlubiyyətini və ya gizlənməsini andırır.Modernliyə və postmodernliyə keçidi təmsil edən “Faust”un ikinci hissəsində krantlar  çaylardan daha canlı və aydındır” (Magris, 2022, 416 s).

Maqris özünün post-milenyum nəsrində mifi özününküləşdirir. O bir növ deyir ki, burada əsas nəzəriyyə miflərin yaradılması deyil, onların təkrar istifadəsidir.  YəniCon C. Uaytin (White, 1971, 11) “mifoloji”  mətnlər kimi təsvir etdiyi post-mileniyum mətnlərdə Maqris mifi yenidən ələ alır və yazır. "La mostra" (2001-ci il), "Alla cieca" (2005-ci il) və "Lei dunque capirà" (2006-cı il) kimi əsərləri haqda yazan Sandra Parmegianio (Parmegiani, 2011, 32(1):111-134)  Maqrisin bunları Alkestis mifi, Yason və Arqonavtlar mifi, Orfey və Evridika mifləri üzərində qurulmuş bir-biri ilə sıx əlaqəli mifoloji mətnlər silsiləsi kimi qiymətləndirir.

Maqrisin əksər əsərlərində mif ön plandadır. Ümumi İtaliya postmodern ədəbiyyatında mifin yenidən işlənməsi məsələsi ön plandadır. Düzdür “Mikrokosmoslar”da mifin üzə çıxması, ümumiyyətlə, təsadüfidir və kitabı mifoloji roman hesab etmək olmaz. Ancaq əsərdəki bəzi hissələrdə bu kimi məqamlar gözə çarpır. Səyahət motivi Klaudio Maqrisin “Mikrokosmoslar” (1997-ci il) əsərinin də mətn strukturunu müəyyən edir – səyahətnamə, ədəbi esse və avtobioqrafiya kimi oxuna bilən polifonik mətndə postmodern elementlər özünəməxsus şəkildə işlədilib. Mətndə  indiki zamanla keçmiş bir-birinə qarışıb, ayrılmaz şəkildə iç-içədir.

“Mikrokosmoslar” “San Marko kafesi” adlanan giriş mətni ilə başlayır: “San Marko kafesi konkret olaraq Nuhun gəmisi kimidir, burda istinasız və imtiyazsız olaraq – bir sözlə, hamıya, çöldə şiddətli yağış yağdığı zaman yer axtaran cütlüklərə də, tək gələnlərə də yer var” (Magris, 2017, 237 s.).

Mətnin davamında Maqris sinaqoqun vəzifəlisi, əlindən hər iş gələn Cənab Shönhutdan bəhs edir, yazır ki, onun "bu tufan məsələsini heç vaxt başa düşmədim”  dediyini xatırlayanlar var.  “Əgər məsələ dünyanın günahları idisə, o vaxt O niyə bu işi kökündən həll etməyib, nə üçün  hər şeyi  dağıdıb sonra yenidən düzəltdi? İşlər ondan sonra düzəlmədi ki, əksinə, qətliamların, zalımlıqların ardı-arası kəsilmədi, ancaq bir də tufan olmadı. Hətta bir də "həyatı yox etməmə" sözü verildi” (Magris, 2017, 237 s.).

Burada Maqris Nuhun tufanına işarə edərək Tanrını sorğulayır, skeptizm açıq-aydın sezilir. “Hətta bir də "həyatı yox etməmə" sözü verildi” – deyərək müqəddəs mətnlərdəki qiyamət anlayışını dekonstruksiya edir, dağıdır.

“Mikrokosmoslar” da Əyyub peyğəmbər ilə bağlı bir çox məqamlara işarə edilir. Maqris Voqhera və Əyyübla bağlı məqamları anidən əsərə montajlayır: “Voqera bir mənada “Əyyubun kitabı”nı yeni başdan yazır, amma Əyyubun ilk oğlanlarının və qızlarınn tərəfini tutaraq; Əyyubun məruz qaldığı imtahanları zamanı, çöl küləklərinin təsiri ilə yıxılan evinin dağıntıları altında qalan uşaqlarının yerinə, xoşbəxt son olaraq sanki bir sürü və dəvə kimi  yeni uşaqların  gəlməsini təsvir edir.Beləliklə, ölən uşaqların xatirəsi qoca vaxtında Əyyubu narahat etmir” (Magris, 2017, 237 s.).

         “Əyyub peyğəmbərin yoxsulluq və xəstəlik qarşısında səbrinin zirvəsinə çatması ilə Allah qatında etibarı artmışdır” (Arkalı, .2012, 191 s.).

“Mikrokosmoslar”da hekayə içində müxtəlif hekayələr danışılır. Bəzən Maqris oxucunu mətnin içinə çəkir. Oxucu ilə danışır. Bəhs etdiyi hadisəni təhlil etməyə başlayır.

Nəticə olaraq qeyd edə bilərik ki,  Maqris dünya ədəbiyyatşünaslıq tarixində hələ də tam şəkildə təhlil olunmayıb, mövzu və təlim baxımından müasir italyan yazıçılarının, bəlkə də, ən multikultural, ən komparatist və ən çox disiplinlerarası olduğunu nəzərə alsaq, bu vəziyyət daha da paradoksaldır. Onun tarixi-fəlsəfi perspektivi, özünün də qeyd etdiyi kimi, alman mədəniyyətindən qaynaqlanır, lakin onun nəsri, xüsusən də sintaksisi ciddi şəkildə italyancadır, bioqrafik və ədəbi hadisələri isə onu çoxsaylı sərhədləri aşmağa aparan sensasiya və hadisələrə əsaslanır.

“Dunay boyunca” romanı səyahətnamədir. “Mikrokozmoslar” isə eyni zamanda nəzəri materialları özündə cəmləyir. Burada yazar bir çox bədii əsərlərin təhlilini verir.

İtaliyan yazıçısı Klaudio Maqrisin ən son romanları, "Blindly" (2005-ci il) və "Blameless" (2015-ci il)  postpostmodernist tarixi romanlar hesab oluna bilər.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə Lənkəranda yaşayıb yaradan yazıçı Qafar Cəfərlinin “Yaşamaq eşqi” hekayəsi təqdim ediləcək. 

 

Düz gözümün içinə baxırdı. Gözlərindəki istəyi dipdiri, qayğılı, bir az da məyus halda gördüm. Bu istəklə çoxdanın tanışları olduğumuz üçün məhrəm adamlar kimi baxışırdıq. Halımdan anidən tutuldum və qeyri-ixtiyari başımı aşağı dikdim. Ürəyim sudan çıxmış balıq kimi çırpınırdı. "Görəsən, nəsə hiss edib? Yox, hiss edə bilməz, xəbər tutmağı mümkünsüzdür. Münasibətdə də heç bir qəribəliyə, şübhəyə yol verməmişəm. Yox, bilmir... Bəs, bilmirsə, gözlərindəki bu qayğı, narahatçılıq nədəndir? Nəsə ürəyim narahatdır. Axı, qadınlar bu məsələdə çox həssas olurlar." Tez baxışlarımı tavanda, sonra qarşımdakı armudu stəkandakı çayda, gilas mürəbbəsində gəzdirib ona, mənimlə masa ətrafında üzbəüz oturan Cəmiləyə zillədim.

Həmin Cəmilə idi, mənə əziz, doğma olan, ömrün otuz beş ilini bir canda yaşadığımız Cəmilə. Saçındakı hənanın rəngi solduğundan alın və qulaqətrafı yerlərdə ağ tüklər diqqəti özünə çəkirdi. Xəyallar məni keçmişə sarı dartıb apardı.

Cəmiləni sevib evlənməmişdim. İndiki cavanlar bunu bilməz. Keçmiş illərdə valideynin bəyəndiyi qızla evlənmək məcburiyyətində idin. Başqalarından fərqli olaraq evlənəcəyim qızla heç olmasa, bir-iki dəfə görüşmək istəyim qız evində rəğbətlə qarşılanmasa da, sonda qəbul edildi. Bu səbəbdən Cəmilə ilə iki dəfə şəhərin müxtəlif yerlərində görüşdük, hər dəfəsində görüş dənizkənarı parkda gəzintidən sonra sona çatdı. Elə oradan da taksiyə minib Cəmiləni evlərinə kimi ötürdüm. Allahın insana bəxş etdiyi gözəlliyin hər üçünü: səsi, görkəmi və əxlaqı xoşuma gəldi. Və budur, ömrümüzün dördüncü on ilinə yaxınlaşırıq".

- Ay Qərib, uşaqlardan nə xəbər?

Cəmilənin qəfil səsi məni xəyallardan ayırdı. Çay dolu stəkanı əlimə götürüb astaca bir-iki qurtum vurdum. "- Uşaqlar, uşaqlar... Bunun dərdi yalnız uşaqlardır. Uşaqlar olandan sonra mən yaddan çıxdım, mən yox oldum bu evdən. İki oğlu, iki qızı böyüdüb ev-eşik sahibi etsək də, dərdin-sərin yalnız onlar olub, son bir neçə ildə də nəvələrin. Unutdun məni, Cəmilə. Necə yaşadığımı bilmədin".        

- Salamatlıqdır, - könülsüz cavab verdim.

Sevincək səsi eşidildi:

- Dördü ilə də, hətta nəvələrlə də danışmışam. Yaxşıdılar.

Stəkanı nəlbəkiyə qoydum. Üzünə baxmadan sağ əlimlə sol əlimin biləngini tumarlamağa başladım. Son bir ayda ordakı ağrının məni çox narahat etdiyini Cəmilə də bilirdi. "- Nəsildə bir adam saxlamayıb danışmasın. Bütün günü beynində uşaqları, nəvələridir. Mən başıdaşlı qalmışam ortalıqda. Artıq altmışa yaxınlaşıram. Ömrümə nə qalıb ki? Yetmiş yaşayanı barmaqla göstərirlər. Allah məni təzədən bu dünyaya qaytaracaq ki, yenə yaşayım? Eh... Bax, bir azdan onların istəklərini deyəcək: filan uşağa bu lazımdır, filan nəvəyə o."

- Lap yaxşı, - dedim.

-Yaxşıdılar, hə, narahat olma, - gülə-gülə sözünə davam etdi. - Aydan qızımız yenə hamilədir, bir-iki günə yeddinci aya keçəcək. Turşudan, duza qoyulmuş meyvədən istədi. Yenə baba olacaqsan, ay Qərib. - Durub çaydandan özünə çay süzüb oturdu və dərhal da sözünə davam etdi.

- Gülərin yoldaşı hələ ezamiyyətdən qayıtmayıb. Gərək yağdan, baldan, meyvədən alıb uşaqlar üçün aparaq.

"Doğrudan düz deyiblər ki, evliliyə qədəri şeirlə yazılır, toydan sonra isə nəsrlə. Yəqin ki, nəsr yazmağın daha ağır, daha məşəqqətli olduğunu düşünüblər. Bax, gör necə yana-yana danışır. Bircə kəlmə öz həyatımız, öz istəyimiz barədə söz açmır. Heç elə bil biz mövcud deyilik."

- Aslan dedi ki, altı-bazar uşaqları götürüb bizə gələcək. Gərək yaxşı bazarlıq edəsən.

"İnanmıram, Aslan istəsin, yəqin ki, özü çağırıb. Bu insan rahatlığı bunda görür. Niyə, niyə bizim xanımlar belə olur? Sevgi, məhəbbət uşaq olana, ən yaxşı halda isə nəvə dünyaya gələnəcəndir. Bundan sonra, kişi sən sağ, mən salamat. Özü bu cür yaşamaq istəyir, bəs bəlkə mən bu cür yaşaya bilmirəm. Axı, mən insanam, mən kişiyəm, mənim də düşüncələrim, hisslərim, arzu-istəklərim var. Niyə də olmasın? Axı, mən də öz həyatımı yaşamaq istəyirəm. Bunu niyə anlamırsan, Cəmilə?"

Fikirlərim içim-içalatımı kəsib doğrayırdı. Cəmilənin səsi yenə qulaqlarıma doldu.

- Hünərlə danışanda qızı Cəmilə telefonu güclə atasından aldı. - Sevincdən səsi işıq saçırdı. - Bilirsən, nə dedi? Dedi ki, iki günə on yaşım tamam olacaq. Sən də, baba da mənim hədiyyəmi gətirməlisiz. Dedim ki, bizim canımız da sənə qurbandır.

"Bax, bunu düz demisən. Onsuz da biz valideynlər övladlara qurban gedirik. Biri mən, bu ayın proqramı artıq hazır və bu illərlə davam edir. Gərək maşınla ev-ev gəzək ki, uşaqların, nəvələrin könlü şad olsun. Məgər mən elə bunun üçünmü lazımam? Eh, ay Cəmilə, nə özün yaşayırsan, nə də məni yaşamağa qoyursan."

Cəmilənin şaqraq gülüşündən otaqdakı termonun şüşələri cingildədi:

- Gərək o şeytan üçün yaxşı hədiyyə alaq. Gələn ayın əvvəlində də böyük nəvəmiz Muradın ad günüdür. Atası da burda yoxdur. Onun üçün də babat hədiyyə almalıyıq, - deyib gözlərimə zilləndi. Başıaşağı halda mızıldandım:

- İnşəAllah.

Saata baxdım, altıya beş dəqiqə qalırdı. Payızin üçüncü ayı başladığından günlər tamam qısalmışdı. Bir tərəfdən bu mənim işimə yarayırdı. Səbəbi isə mənə çox əziz, çox doğma idi. Son iki ildə tanış olduğum, son iki ayda isə daha çox yaxın olduğum, həyatı mənim üçün zinətləndirən, mənə sevdirən Ülkərimlə bağlı idi. Bir həftə əvvəl ilk dəfə onu öpdüm. İlahi, mən necə xoşbəxt idim. Bu yaşda kişiyəm, öpüş vaxtı bütün bədənimi əsməcə tutmuşdu. Tir-tir əsirdim. Yaxşı ki, utanmağıma imkan vermədi. Aramızda müəyyən yaş fərqi olsa da, onu sezdirməməyə çalışıb, hətta bunun təbii bir hiss olduğunu deməklə dünyanın sevincini mənə yaşatdığının fərqinə, yəqin ki, özü də varmadı.

Qeyri-iradi əlim pencəyimin döş cibinə girdi, mobil telefonu çıxardıb votsap yazışmalarına baxdım. Ülkəri axtardım. "Əzizim, saat 7-də həmin yerə gələrəm".

Cəmilənin: "- Ay Qərib" - səsinə əməlli diksindim. Baxışlarımız anidən toqquşdu. Hiss etdim ki, gözlərimdəki nigarançılığı gizlədə bilmədim, istəsəm də, bacarmadım. Qadın həssaslığı dərhal göründü.

- Nə olub sənə, niyə bikefsən?

- Heç.

Diqqətlə məni süzdü. Yenə başımı aşağı dikdim. "- Nə deyim, ay Cəmilə? Deyim ki, bu hala düşməyimdə günahkar sənsən? Deyim ki, mən bu cür yaşaya bilmirəm, mən də qadın nəvazişi, qadın sığalı istəyirəm. Mən də qadını sinəmə sıxıb doyunca öpmək, onu sevmək, onu oxşamaq, onu əzizləmək istəyirəm? Axı, sevgi hissi yaşa deyil, ruha bağlıdır?!"

- Əzizim, özünü darıxdırma. Uşaqlara bir az dəstək lazımdır, sonra hər şey yaxşı olacaq. Bu dəqiqə sənin üçün yemək hazırlayıb gətirirəm. Bilirəm ki, acsan, - deyib cəld ayağa durdu, mətbəxə tərəf addımladı.

"- Dəstək qurtaran deyil, Cəmilə. Bir azdan nəvələrə, yaşayası olsaq, nəticələrə lazım olacaq. Və bir də son nəfəsimizdə, bu dünya ilə vidalaşanda olub-keçənlərə peşman olarıq. Onda da çox gec olacaq. Bəlkə də qismətim belədir, bilmirəm. Amma onu bilirəm ki, kimsə məni gözləyir, məndən də çox darıxır, məndən də çox intizar çəkir. Onun da bəxti bəd gətirib, bir qız uşağı ilə taleyin ümidinə qalıb. Onu yaşatmaqla bəlkə də Allah günahlarımdan keçər. Bu qadın, sanki həyatımın boş qalmış xanalarını doldurdu. Hər gün, hər saat məni sonsuz sevgi ilə gözləyir, lap elə "qara paltarlı qadın" olsa da. Bağışla məni, Cəmilə, mən getməliyəm. Ülkərimlə öz dünyamızda bir-iki saat da olsa, yaşamaq üçün getməliyəm."

- Gör, sənin üçün nə ləzzətli yemək gətirmişəm. Ye, çayını da verim, bir az rahatlan.

- İştaham yoxdur.

Özümdən asılı olmayaraq bu iki kəlmə söz içimi-içalatımı yandırdı, hətta kövrəldim də. Bacarıb tez üzümü kənara çəkdim. Əslində son iki ayda bunaoxşar halımı Cəmilə bir-iki dəfə görmüşdü. Düzdü, dirəşib səbəbini soruşmamışdı, amma qadınlarda olan güclü hissiyyata əsaslansam, mənimlə nəsə baş verdiyini duymuş olardı. Üzümə vurmamışdı. Qərarım bu idi ki, əgər soruşsa, hər şeyi danışım. İstər kişilərin, istərsə də qadınların evdən uzaqlaşmalarının səbəbkarı əks tərəfin olduğunu deyərdim. Heç kim bunu dana bilməz. Bu olmadı və mən bu sözləri Cəmiləyə demədim. Desəydim, nə olacaqdı, bilmirəm, hər halda qanıqaraçılıq sözsüz idi. Bəlkə elə bu cür davam etməyi yaxşıdı. Bilmirəm... Tamam gicəlib qalmışam.

Cəmilə stulu yanıma çəkdi. Sol əlimin ağrıyan yerini sığallamağa başladı. Həmin vaxtı ürəyimin ağrısı qat-qat çox idi. Cəmilənin kövrək səsi başımdan girib, ayaqlarımdan çıxırdı.

- Qərib, əzizim, niyə darıxırsan? Şükür Allaha, hər işimiz qaydasındadır. Doğrudur, uşaqlara, nəvələrə görə bir az narahatçılığımız var, o da düzələcək. Mən yazıq neyləyim?

Cəmilənin son cümləsindən elə qəhərləndim ki, sanki bu dəqiqə ürəyim ağzımdan çıxacaqdı. Gözlərimin yaşardığını açıq-aşkar gördü, özü də doluxsunmuşdu.

- Əzizim, bilirəm ki, səhhətində xırda-para problemlərin var, darıxma, keçib gedər. Sənin üçün hər şeyin yaxşı olmasını istəyirəm. Nə dərdin var, mənə de, bir çarə qılaq.

"- Nə deyim, necə deyim, Cəmilə? Ürəyi yerindən çıxarıb sənə göstərə bilmirəm axı? Mən miras qalmış adətləri, ənənələri qəbul edə bilmirəm. Mən insan kimi öz həyatımı yaşamaq istəyirəm. Niyə Allahın bəxş etdiyi o müqəddəs hisslərimi gizlədim, onları yaşaya bilməyim? Niyə axı, niyə? İnan mənə, Ülkərdən sonra bu həyatı daha çox sevməyə başladım. Bunu axı sənə necə deyim? Halımı görmürsənmi? Görmürsən ki, içimdə yanıb kül oluram?"

Beynimdən püskürən bu fikirlərdən hövlnak ayağa durub pəncərə önünə keçdim. Cəmilənin səsindən bütün bədənim gizildədi.

- Əzizim, bəlkə çölə çıxıb havanı dəyişəsən? Bir az gəz, dolan, dostlarınla görüş, özünə gəl, qayıt evə.

Cəmiləyə sarı döndüm. Gözlərindəki iztirab, kədər bir anlıq qanımı dondurdu. Amma mən getməli idim.

- Yaxşı, gedirəm. Bir azdan qayıdaram.

Ülkərimlə görüşə dəqiqələr qalırdı.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Bazar ertəsi, 15 Aprel 2024 11:15

Şəhidlər barədə şeirlər – Teymur Zeynalov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Teymur Zeynalova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

TEYMUR TAĞI OĞLU ZEYNALOV

(28.03.1993.-24.10.2020.)

 

Əslən  Kürdəmir  rayonunun  Axtaçı  kəndindən  olan,   Bakı   şəhərində  doğullmuş, “SOCAR-AQŞ”-nin  əməkdaşı   olmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, Qarabağın   azad  edilməsi   uğrunda  Vətən müharibəsinin şəhidi

 


                      YAŞAYIRLAR ƏBƏDİ

 

“-Ata, məqam çatıbdır, getməliyəm döyüşə,

Yolumuzu gözləyir  intizarla, dağ, meşə.

Şərəfsiz yağıları Vətəndən qovmalıyıq,

Onları məhv eyləyib, gözlərin ovmalıyıq.

 

Həyatdır, hər şey olur, mən də elin oğluyam,

Vətən mənim canımdır, mən yurduma bağlıyam.

Heç nə əvəz eyləməz  Vətən məhəbbətini,

Borcumdur, çəkməliyəm, torpağın qeyrətini.”

 

Evdən gülərək çıxdı, vidalaşaraq Teymur,

Ata oğluna baxdı, qəlbində duydu qürur...

Atıldı döyüşlərə, cəsur imiş nə qədər,

Biri də boşa getmir  Teymur atan güllələr.

 

İrəliləyir ordumuz, hücumdadır igidlər,

Azad olur yurdumuz, çiçəkləyir ümidlər.

Füzulimiz uğrunda ağır döyüş zamanı,

Teymur şücaətiylə, yazdı hünər dastanı.

 

Elə mərdlik göstərdi, dostları qaldı heyran,

Şəhid olarkən dedi: -Yaşa, can Azərbaycan!

Mühəndis-neftçi idi, arzuları tükənməz,

Vətən şamına döndü, əbədi, yanar-sönməz.

 

Hər qaranlıq gecənin günəşli gündüzü var.

Şəhidim görmədiyi, əmanət Oğuzu var.

Teymur kimi oğullar, yaşayırlar əbədi,

Onlar qaytarıb bizə, Şuşa adlı məbədi.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.