“Gələcəyin böyüklərinə çatmağın ən yaxşı yolu uşaq ədəbiyyatıdır” - BAHAR URHAN SEZER Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibim uşaq kitablarının yazarı Bahar URHAN SEZER xanımdır.

 

-Xoş gördük, Bahar URHAN SEZER! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Xoş gördük. Adım Bahar, soyadım isə SEZERdir. Marmara Universitetinin xüsusi təhsil müəllimliyi və Anadolu Universitetinin əlillərə qulluq və reabilitasiya məzunuyam. Hazırda Yıldız Texniki Universitetində sinif müəllimliyi üzrə magistr təhsili alıram. Evliyəm. Salonikidən mühacirəm. Hal-hazırda doğma şəhərim İstanbul/Çatalcada xüsusi təhsil müəllimi işləyirəm.

 

-Ədəbiyyata gəlişiniz və əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-Ədəbiyyata marağım oxumaqla başladı. Oxumağa marağımın Atatürkə olan sevgimdən qaynaqlandığını deyə bilərəm. Həmişə onun kimi çox oxuyan biri olmaq istəmişəm. Ahmet Naçın TEDX çıxışında Atatürkün 2 lirəsinin 1 lirəsini kitablara xərclədiyini həmişə xatırlayıram. Bundan başqa 5-ci sinifdə oxuyanda sinif müəllimimiz ayın kitab qurdunu seçərdi. O vaxt bizim çox kitab almaq lüksümüz yox idi, amma kitab qurdu olmaq istəyirdik. Əmimin kitabxanası var idi. Orada “Ağ diş” romanını tapdım. Oxumağa o qədər aşiq oldum ki... Sonra “Şeker Portakalı” seriyasının sehrli dünyası ilə tanış olduğum zaman o vaxtdan oxuyuram. Yazmaq mənim üçün sonradan gerçəkləşdi. Uşaq kitabı yazmaq istəyimlə onu yazmağım arasında keçən illər kifayət qədər uzun idi, çünki mənim fikrimcə məhsul yaratmaq tort hazırlamaq kimi bir şeydir. İstedad krem, təhsil isə tortdur. Tort yoxdursa, tək kremin mənası olmur. Təhsil alaraq irəlilədim. Kitabımın mövzusunu bildiyim ən yaxşı yerlərdən məlumatlandırmaq üçün peşəmdən, xüsusi təhsilimdən və tələbələrimdən təsirlənərək yazmağı seçdim.

 

-Uşaq kitabları yazmaq fikriniz necə yarandı?

 

-Uşaq ədəbiyyatı təhsilimizin başladığı ilk addımdır. Mən uşaq ədəbiyyatını uşaqların şüurunu artırmağın ən əsas yolu kitablar və onları həvəsləndirəcək macəralardır hesab edərək seçdim. Böyüklərin qərarlarını dəyişdirmək çox çətindir. Gələcəyin böyüklərinə çatmağın ən yaxşı yolu uşaq ədəbiyyatıdır. Agahlıq, xüsusi təhsil, empatiya... Bunları öyrətmək üçün uşaq kitablarını seçdim.

 

-Türkiyədə oxuma sizi qane edirmi? 

 

-Açığı, ətrafımdakı insanlar çox oxuduğundan və oxumağı sevdiklərindən mütaliədən razıyam. Üstəlik, kitabım da böyük marağa səbəb oldu. Uşaqlar tərəfindən bu qədər seviləcəyini və oxunacağını ağlıma belə gətirməzdim.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Azərbaycan ədəbiyyatında daha çox şeirləri izləyirəm. Nəsimi sevdiyim şairlərdəndir. Nəsiminin və bir çox Azərbaycan şairlərinin mahnılara çevrilmiş şeirləri ən çox dinlədiklərim sırasındadır.

 

 

-Bir gənc yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Əminəm ki, onların hamısı qayğıkeş, istedadlı gənclərdir. Mənim üçün istedaddan daha vacib olan məsələ təhsildir. Yazı təlimində mütləq iştirak etməlidirlər. Qalanları gələcək. Təhsil prosesində özlərini kəşf edəcəklər.

Kitabıma maraq göstərdiyiniz üçün çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.