Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. Yevlax. 1921-ci il. Avqust.
Boz yulğunlu çöllük...
Dəmir yolu çöllüyün cadar-cadar paralanmış torpağında ləpir kimidir...
Külək dəvətikanlarını sağa-sola dığırladır...
Çöllüyün tən ortasında yandırılmış iskələ görünür...
İskələnin xarabalığı içində dəmir yolunu qoruyan iki atlı küləkdən daldalanır...
Uzaqdan qatar fiti eşidilir...
Fit səsini eşidən atlılar qatara doğru çapır...
Onlar vaqonların başında oturmuş Qafqaz İslam Ordusu əsgərlərinə doğru atəş açırlar...
Qatardan açılan cavab gülləsi atlılardan birinə dəyir...
Güllə yarası almış atlı atdan yıxılır...
İkinci atlı yoldaşının yıxıldığını görüb atının başını geri çevirir...
Boz təpəciklərin arasıyla sürətlə keçən qatar atlıları arxada qoyur...
Qatarın açıq pəncərəsindən öldürülmüş atlının torpaq üstündəki cansız cəsədinə baxan Nuru paşa görünür...
Nuru paşa:
– İnsanlar nə etdiklərini bilmirlər, Nağı bəy, – deyir.
Onunla birgə qatarda yol gedən Nağı bəy Şeyxzamanlı Nuru paşaya:
– Paşam, bir az əyləş. Bütün yolu ayaq üstə gəldin, – deyir.
Nuru paşa arxaya çevrilir:
– Səbirsizəm, Nağı bəy. Qarabağa tələsirəm. Mondros sazişi bizi alçaltdı. Qafqaz İslam Ordusu ancaq Bakını deyil, Buxaranı, Kərkükü, Qazanı da Turan edəcəkdi.
Nağı bəy Şeyxzamanlı:
– Qafqaz İslam Ordusu yaradılan ərəfədə paşamız Ənvərdən soruşdum ki, ərəblərə ingilislər nə vəd veriblər, paşam? Dedi, müstəqillik... Bəs xilafəti necə, onudamı ərəblərə söz veriblər, deyə bir də soruşdum. Paşam hirsindən qıpqırmızı oldu. “Xilafətə görə son damcı qanımıza qədər vuruşacağıq” dedi.
Nuru paşa:
– İstər ərəb millətçiliyi olsun, istər fars, istər türk – fərq etməz. Millətçilik insanlığı məhvə aparır. Məni siyasətə qatma, Nağı bəy. Mən əsgərəm. Siyasətçiləri də zəif adam bilirəm. Özümə bir borcum qalıb: Bakını geri qaytarmaq...
Nağı bəy:
– Siz bir daha Bakını azad edəcəksiz, paşam.
Nuru paşa:
– Ya da öləcəyik, Nağı bəy.
Qatar fit verib Yevlax iskələsində dayanır...
Hərbi geyimli beş-altı Qafqaz İslam Ordusu zabiti qatardan enən Nuru paşanı, Nağı bəy Şeyxzamanlını və digər Qafqaz İslam Ordusu əsgərlərini qarşılayırlar...
Nuru paşa onu qarşılayan mülki geyimli difaiçilərlə də görüşür.
Hərbi eşelondan düşürülən atlar...
Onbaşı İzzət Nuru paşanın atını qarşısına gətirir.
Nuru paşa sıçrayıb atın belinə qalxır.
Nuru paşa:
– Azərbaycan bolşeviklərin əlindədir. Bakı bir ildir süqut edib. Dağıstan sərhədini keçib gəldim. Müqəddəs savaşımız mübarək olsun, bəylər! Ya Azərbaycan torpağı bizim olacaq, ya biz o torpağın olacağıq, – deyir.
Nuru paşa və Qafqaz İslam Ordusunun kiçik alayı tozlu yollarla atlarını Qarabağ dağlarına doğru çapırlar...
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)