Super User

Super User

Özbəkistanın qədim Səmərqənd şəhəri "MDB-nin mədəniyyət paytaxtı" statusunu qəbul edib. Özbəkistanın Səmərqənd şəhərinə statusun verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində Azərbaycanı təmsil edən musiqi kollektivi də olub.

 

“Ədəbiyyat və incəsənət” portalına Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, filarmoniyanın "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı açılış mərasimində çıxış edib. 

Ölkəmizi Səmərqənd şəhərində təmsil edən kollektivin çıxışı böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

 

Əli Çağla, “Ədəbiyyat və incəsənət”in Güney Azərbaycan təmsilçisi

 

“Mifologiya - real, təbii və sosial hadisələrin insan təxəyyülündəki əksindən başqa bir şey deyildir” (Mirzə Kazım Bəy).

Mifdə və tarixdə Türkün kitabı, 380 səhifədə “Nurlan0 nəşriyyatı vasitəsi ilə işıq üzü görmüşdür. “Koroğlu” dastanı, Türk xalqlarının mif dövründən, dəyərli bir abidə kimi bizə yadigar qalmış folklor nümunələrindən biridir. Bu mifdə humanist məzmununa, şamanizm düşüncəsinə görə, ardı kəsilməyən qarşılıqlı mədəni münasibətlər nəticəsində, dünya xalqlarının əksəriyyətinin rəğbətini qazanmışdır. 

Hər bir xalq, özünün milli mənəviyyatına uyğun, mədəni səviyyəsinə görə ona milli don geydirmişdir. Bu səbəbə görə də, onu beynəlxalq epos saymaq olar. 

Kitabın içində olan mövzuları titr olaraq gətiririk. Müəllif Koroğlu eposunun meydana gəlmə tarixi və sosial səbəbləri, onun hərəkətlərinin izləri, dəliləri, versiyaları, Osmanlı versiyası, mifologiya anlamlarını, Çənlibel qadınları və başqa mövzuları araşdırdıqdan əlavə, Türk mifologiyasında və tarixində də çox bilgilər hədiyyə etmişdir.

At mifologiyada, Türk mifologiyasında dirilik ağacı, Türk mifologiyasında rəqəm və ədəd, Türk mifologiyasında qılınc, Türk mifologiyasında keçi, Həmzə obrazı, ölən və dirilən tanrı (Koroğlu) və s.

Kitaba önsöz yazanlar İsrafil Abbaslı ilə Hüseyn İsrafildir. Professor Elməddin Əlibəyzadə isə “Dəyərli tədqiqat” adlı məqalə yazıbdır.

Kitabın müəllifi Bəhruz Təbrizlidir. Kitabı Farscadan Azərbaycancaya tərcümə edən Atila Maralanlı olmuşdur. Şahin Muradi isə kitabı Azərbaycan əski əlifbasına köçürüb redaktə eləyibdir.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İki-üç gün öncə müsəlmanların iki müqəddəs bayramından biri- Ramazan bayramı idi. Səkkiz milyarda yaxın əhalisi olan Yer kürəsində bu bayramı təxminən iki milyard adam təntənə ilə qeyd etdi. Belə bir gündə və ondan sonrakı günlərdə xoş söz demək, ürəkləri şad etmək ən gözəl əməllərdən sayılır... Və mən də, nədənsə sizə hamının tanıdığı Mir Şahin Ağayevin heç kimin bilmədiyi əməllərindən söhbət açmaq istəyirəm. 

 

Gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində sadə bir ailədə- el-obanın tanınmış ruhanilərindən biri- Hacı Mir Dilavər ağanın ocağında, çoxuşaqlı bir ailədə dünyaya gəlib. Mir Dilavər ağa bu gün yataqda xəstə yatsa da, onun ziyarətinə gələnlərin, xeyir-duasını almaq istəyənlərin sayı hələ də tükənməyib. Anası isə ağzı dualı, inanclı bir xanımdır...

 Mir Şahin Ağayev Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) baş redaktoru, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti vəzifələrində çalışıb. Eyni zamanda 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti olub. 2018-ci ildə "Real Təhlil və İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb, MMC-nin, o cümlədən onun nəzdində olan Real Televiziyasının rəhbəridir...

 Hər bir dövləti tərənnüm edən simvollar var- gerb, bayraq, himn və prezident. Bütün bunlar hər bir dövlətin vətəndaşları üçün toxunulmaz və müqəddəs sayılır. 

Ondan ötəri də, dövlətə kimin rəhbərlik etdiyi yox, prezident postu digər simvollar kimi toxunulmaz və müqəddəsdir. O, öz ölkəsinin gerbini, bayrağını, himnini sevdiyi qədər prezidentini də sevir. Bir vətəndaş kimi dövlətinə qarşı çıxanların qabağında sipər olmağa həmişə hazırdır...

 Deyir ki,- “Azərbaycan dövlətindən çörək yeyən hər kəs bu dövləti qorumağa borcludur. Dövləti qorumaq yalnız səngərdə dayanan əsgərin üzərinə düşmür. Mənim üçün təmas xəttində atəşkəsi pozaraq kiminsə ölümünə bais olan, erməni silahlı qüvvəsinə məxsus əsgərin gülləsi ilə xaricdə oturub Azərbaycan dövlətinə qarşı çıxan hansısa provokatorun, avantüristin, söz terrorçusunun hərəkəti eynidir. Mən onlarla mübarizə aparıram və aparmağa da davam edəcəyəm. Niyə? Bilirsiniz, riyakarlıq pis şeydir. Bu gün Azərbaycan vətəndaşlarının bir çoxu duz-çörəklə dövlət arasında ilişib qalıb. Guya özlərinə abır-həya aurası yaradıblar. Heç demə, bunlar abırlıdırlar. Bapbalaca ortaqlarında ana, bacı, ata, övlad, qız-gəlin əxlaqı qoruyurlar və bu adamların qoruduğu anklav qeyrət hüdudunda kişidirlər, əjdahadırlar. Bravo. Bu laqeyd mövqeyi tutan insanların heç biri kişi deyil. Dünyada ən ağır cinayət laqeydlikdir. Cəmiyyətimizdə mən bu laqeydliyi görəndə dəli oluram. Bunun üçün toplantı keçirmək, efirə çıxmaq lazım deyil, siz öz “Facebook” səhifənizdə mübarizə aparmalısınız. Bir nəfər çıxıb “Facebook”da o biri əbləhin boğazını üzməlidir. Bunlar olmadıqca bu adamlar hesab edəcəklər ki, Mirşahin təkdir.”

 Çox uğurlu insandır. Əgər təyyarəçi olsaydı belə, inanın ki, kosmosa qalxan ilk azərbaycanlı kosmanavt da o olacaqdı. Allah ondan heç nəyi əsirgəməyib, bacarıq, əzmkarlıq, istedad, iradə, yorulmadan çalışmaq, kreativlik, inadkarlıq onun həyat tərzini nizamlayan xüsusiyyətlərdəndir. Heç də təsadüfi deyil ki, on milyonluq Azərbaycanda ən istedadlı telejurnalist kimi qəbul olunur...

“Bir vaxtlar deyirdilər ki, televiziyaya milyonlar baxır. Gəlin araşdıraq, televiziyaya bu gün milyonlarmı baxır? İndi hər kəs televizordan çox, əlindəki telefona baxır, hər şeyi oradan izləyir. Mən özümə əsgər demişəm. Döyüş üçün nə qədər açıq idimsə, söyüş üçün də bir o qədər açığam. Mən nəyin qurbanı olduğumu bilirəm. Bilirsiniz, mənə nə qədər zənglər olur? Deyirlər ki, çox sağ olun, Mirşahin müəllim, ürəyimdən keçən sözləri dediniz. Sənin ürəyindən keçəni mən niyə deməliyəm? Sənin ürəyindən keçəni deməyə dilin yoxdur? Niyə sən öz sözünü demirsən? Mən Azərbaycan dövlətini vətəndaş olaraq sevirəm. ANS olanda da sevirdim, bağlananda da sevirdim. Bizim kanalımız yenə var, yenə sevirəm. Sabah bağlanacaq, yenə sevəcəm. Mən bunu minnət üçün demirəm. Bu gün Azərbaycan dövlətinin üzərinə dil qaldıranlar sabah əl qaldıracaqlar. Mənim leksikonum 1991-ci ildə necə olubsa, bu gün də o cürdür. Bəli, mənim sərt ritorikam var, Azərbaycan dilini pis bilmirəm. Əgər mən bu gün xırda pula “sikkə” deyirəmsə, burda söyüş yoxdur. Əgər mən “ay kötük uşağı” deyirəmsə, bu o demək deyil ki, mən “köpək uşağı” deyirəm. Heç kəs də məni günahlandıra bilməz ki, söyüşlə, təhqirlə danışıram. Bu gün Mirşahini öyrətmək, Mirşahinə haradasa, nəyisə korrektə eləməyə məcbur etməyə ehtiyac yoxdur. Susan adamların üzərinə getmək lazımdır ki, sən dilini hara soxmusan? Bax, bu adamlar Azərbaycanda ziyalıvari bir obraz yaradıblar. Qalstukları var, qarın da buraxıblar. Tüpürmək belə istəmirəm onların görkəminə. O adamlar haqqında danışanda mənim ağlımda düşmən obrazı yaranır. O adamlar Azərbaycan dövlətinin düşmənidirlər və Azərbaycandan kənardakılardan qat-qat ağır düşməndirlər. Televiziyada belə şeyləri eləmək olmaz deyənlərin qabağına mən kontur arqument qoyuram ki, bu gün elə televiziyada belə şeyləri eləmək lazımdır. Ona görə eləmək lazımdır ki, bu televiziyanın işidir.”- söyləyir.

 O, sıravi pepartiyor olanda da, ANS-də, lap elə Real Tv-də işləyəndə də həmişə dövlətin maraqlarına xidmət edib, xüsusi istedadı ilə fərqlənib. Sevilib, alqışlanıb, amma onun bu uğurlarını həzm edə bilməyənlər də az deyil. Onu gözdən salmağa, işgüzarlığı ilə qazandığı nüfuzu heçə endirməyə çalışan bədxahları da var. Necə deyərlər, hər sözünə qulp qoyub ona qarşı söyüş kompaniyası təşkil edirlər. Amma unudurlar ki, illər ötəcək, bir gün onu söyən adamlar unudulanda, Mir Şahin Ağayev jurnalistika dərsliklərində tələbələrə nümunə göstəriləcək...

Deyir ki,- “Mən jurnalistəm, işim-gücüm ancaq xəbərlə işləməkdir. Biz aş dəmləmirik, yarpaq dolması hazırlamırıq, bizimki "fast fud"dur. Xəbər var, verəcəyik. Biz öz işimizi yalnız xəbərlə məhdudlaşdıracağıq. Qoy insanlarımız, tamaşaçılarımız bilsinlər ki, ən keyfiyyətli xəbəri haradan almaq olar. Gəlin, açıq danışaq. Bu gün Azərbaycanda dərman almağa gedən adamlara haranı tövsiyə edirlər? Filan yerdə “alman aptek”i var, gedin oradan alın deyirlər. Biz xəbərlərin “alman aptek”i olacağıq. Əsas məqsədimiz Azərbaycan vətəndaşlarının xəbər tələbatını ödəməkdir, bunu bacardığımız kimi edəcəyik...”

Yaxşı insandır, xeyirxah əməlləri az olmayıb. Bir neçə il bundan əvvəl, beynəlxalq yarışda iştirak etməkdən ötrü, bir neçə idmançı xaricə getməliydi. Təyyarəyə bilet almağa maddi vəsaitləri olmadığından məsləhət üçün yanıma gəlmişdilər. Mir Şahinə telefon açıb gənclərə kömək etməsini xahiş etdim. Həmin idmançılar qızıl medalla geri dönəndə Mir Şahinin sevincinin həddi-hüdudu yox idi. Ata-baba yurdu Perimbel kəndinə asfalt yolun çəkilməsində də onun müstəsna xidməti olub...

“Bir təşəbbüs nəticəsində cənab Prezidentin tapşırığı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin rəhbəri Saleh Məmmədovun işə qarışması, birbaşa nəzarəti altında Yardımlıdan Perinbelə fantastik addım atıldı, asfalt yol çəkildi”- söyləyir...

Bəli, müsəlmanlar müqəddəs Ramazan bayramını qeyd etdilər. Səkkiz milyarda yaxın əhalisi olan Yer kürəsində bu bayramı təxminən iki milyard adam təntənə ilə qeyd etdi. Belə bir gündən dərhal sonra xoş söz demək, ürəkləri şad etmək ən gözəl əməllərdən sayılır. Xülasə, obrazlı desək, Azərbaycan jurnalistikasının “generalları” var, amma Mir Şahin Ağayev telejurnalistikamızın “Generalissimusudur”.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yardımlı rayonu Dünya xəritəsində noxud boyda yer tutan Azərbaycan Respublikasının ərazisində nöqtə kimi görünür, bəlkə də heç görünmür. Onu təqdim edən, necə deyərlər, aləmə tanıtdıran ovladları olub və var. Onlardan biri- tarix elmləri doktoru, professor Fəzail İbrahimli haqqında söhbət açmaq istəyirəm...

 

“Vahid Əzizin yaradıcılığının zirvəsi hesab etdiyim bir şeiri var. Mənə 100 il ömür arzulamayın. Mənə arzulayın ki, qapını özün durub aça biləsən, əyilib ayaqqabılarını geyinməyi bacarasan və sairə. Nə qədər ki ayağı yer tutur,  sərbəst yaşadığı günə qədər tanrı insana ömür versin. Yoxsa ki, insan özünü idarə edə bilmirsə, bu yaşamaq deyil, sürünməkdir. Allahdan arzu edirəm ki, nə qədər ömrüm varsa, o ömrü də yaşayım, sürünməyim. Düşünürəm ki, insan ömrünü sağlam yaşamalıdır. Elə yaşa ki, adın çəkiləndə övladların fəxr eləsin. Həmişə Allahdan razı olmuşam. Övladlarım, ailəm, məni əhatə edən qohumlarım var. Ən əsası isə millətimin xoşbəxtliyidir.”- söyləyir...

Fəzail İbrahimli kiminsə xoşuna gəlməyə bilər, amma özünəməxsus prinsipləri olan kişilərdəndir- qərar verdisə, demək fikri qətidir, hökmən əməl edəcək. Xarizmatik adamdır. Belə insanların qaydaları da mərdanə olur. Doğrudur, onlarla dostluq etmək çətindir, amma bilirsən ki, heç zaman arxadan zərbə vurmazlar. Necə deyərlər, kişi adamlardır, üz-üzə döyüşməyi bacarırlar...

Artıq beşinci dəfədir ki, Xalq şairi Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Patiyasından parlamentə deputat seçilib...

Deyir ki,- “Müqayisə edək. Sovet dövründə qonşu kənddən bir traktorçunu SSRİ Ali Sovetinə deputat seçdilər. Bu traktorçunu geyindirmək çətin problemə çevildi. Bunun boynuna qalstuku vururdular, bu çıxarıb atırdı. Buna qalstuk vurub Moskvaya aparmaq üçün xüsusi adamlar təyin etdilər ki, axıracan bu qalstuk boğazında olsun. Yaxud bir sürücünü. O dövrün ideologiyasına baxanda bu gün Azərbyacan parlamentinin hər bir üzvü  kifayət qədər sözünü deyə bilən, danışa bilən insanlardı. Bunların cəmiyyətdə yeri, bunların məntiqi, seçicilərlə münasibəti, cəmiyyətin bunlara münasibətini eyniləşdirmək olmaz. Bir ailədə beş nəfər övlad varsa, bunun ikisi alim, ikisi də fəhlə, hələ içərisindən bir narkoman da çıxa bilir. Bu da bir cəmiyyətdir. Bunun yaxşısı, pisi də, savadlısı, savadsızı da var. Fəzail İbrahimli tarixçidirsə, onun savadsız, məntiqsiz danışmaq ixtiyarı yoxdur. Tarixçinin dili onun silahıdır. Riyaziyyatçının fikri, düşüncəsi onun silahıdır. Ona görə də hərə öz sahəsində. Bu məsələdə məni bir az qane etməyən məqamı deyim. Bəzən görürsən ki, parlamentdə deputatla bağlı məni qane etməyən cəhət odur ki, bəzi insanlar parlamentə seçiləndən sonra bunlar elə bilirlər ki, hər şeyi bilirlər. Bəzən görürsən ki, kənd təsərrüfatı mütəxəssisi daha çox ideologiyadan danışır. Kənd təsərrüfatı ilə bağlı məsələlər olanda bir də görürsən ki, çıxışa tarixçilər, jurnalistlər yazılıb, özü də birinci. Hüquq məsələləri ilə bağlı olan zaman digər peşə sahibləri danışmağa icazə istəyirlər. Bu məsələləri keçən çağrışda da, ilk Məclisə gələn deputatlara da şamil edirəm. Nə yaxşı ki, bir- iki il keçəndən sonra hər şey öz qaydasına düşür. Sonda mütəxəsislər öz sözlərini deyir və bu da müzakirə olunan məsələnin taleyinə təsir edir.”

Haqqında danışdığım Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Bir müddət doğulduğu kənddə müəllim işləyib. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin (BDU) Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda BDU-nun Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Deputat olduğu müddətdə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. 2021-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib...

Bəli, Fəzail İbrahimli öz prinsipləri olan- məğrur, sözübütöv, mərd, verdiyi sözə əməl edən  kişilərdən biri, varlığı ilə el-obasına başucalığı gətirən ziyalılardandır.

Onun 73 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Bazar ertəsi, 15 Aprel 2024 08:30

Çingizin işığı

Rəfael Hüseynov yazır

 

Xalq yazıçısı Çingiz Abdullayevin qida zəhərlənməsi diaqnozu ilə Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilməsi, evə buraxıldıqdan sonra vəziyyətinin kəskin pisləşməsi səbəbindən yenidən xəstəxanaya aparılıb reanimasiyada yerləşdirilməsi hamını narahat etdi. 

“Ədəbiyyat və incəsənət” portalı akademik Rəfael Hüseynovun bu olay barədə qeydlərini təqdim edir. 

 

Narahat xəbər məni darıxdırdı, səhərədək bu nigaranlıqda qala bilməyəcəyimi hiss edərək elə gecə saatlarında Gömrük xəstəxanasındakı dostlarla əlaqə saxladım, Çingizin vəziyyətindən xəbər tutdum. Artıq təhlükənin sovuşduğunu, hər şeyin qaydaya düşdüyünü öyrənincə toxdadım və çox sevindim. 

Sevinməyim yalnız ona görə deyil ki, mənə əziz olan bir insanı, dəyərli dostumu, qısa vaxt kəsiyində də olsa, incitmiş nigaranlıq artıq arxada qalmışdı. 

Hər insan kimi Çingizin də ailəsi, qohum-əqrəbası, yaxınları, dostları, sevənləri  var, həm də az deyil, təbii ki, onlar istəklilərinin həmişə sağlam, gümrah, hər zamankı kimi şux, güclü olmasını qəlbən istəyirlər. Ancaq Çingiz Abdullayev yalnız bir ailənin başçısı, bir nəslin seçilmişi, nə qədər geniş olsa belə, yalnız müəyyən dostlar, yaxınlar, rəğbət bəsləyənlər dairəsinin Çingizi deyil axı! 

Çingiz Azərbaycanın milli sərvəti olan bir şəxsiyyətdir.  

Çingiz Pərvərdigarın bu yurda və xalqa nəsib elədiyi İşıqlardandır. 

Azərbaycanı və xalqımızı qələmiylə, istedadı ilə dünyada daha artıq tanıdıb şöhrətləndirən, bu xalqın istedadının dünyaya görünən rəmzi olan Vətən Övladıdır.

Ədəbiyyatımızın azı son min-min beş yüz illik yolunu mən yaxşı bilirəm, peşəkarcasına bilirəm. 

Bu iri zaman kəsiyində bizim dünyanı fəth edən, dünya boyunca Çingiz qədər tərcümə edilən, Çingiz qədər nəşr edilən ikinci ədibimiz yoxdur. 

Bu göstəricilərlə Çingiz Abdullayev hətta ən qüdrətli klassiklərimizi də xeyli geridə qoyub. 

Çingiz nə Nizami Gəncəvidir, nə Məhəmməd Füzulidir, nə Mirzə Fətəli, nə Mirzə Cəlil, nə Caviddir… Amma Çingiz də Çingizdir! 

O,  ədəbiyyat tariximizə öz pozulmaz imzasını atıb və zaman keçdikcə bu yaradıcılığa da, bu şəxsiyyətə də indikindən daha dəqiq, daha ədalətli, daha qərəzsiz və yüksək qiymət veriləcəkdir.

Çingiz sadəcə yazmayıb, fədakarlıqla işləyib, qələmin aşiqi və fəhləsi kimi çalışıb, dünyaya da car çəkməyib ki, məni oxuyun, məni bəyənin, mənim hər təzə əsərimi gözləyin, arayın. 

Çingiz yazıb, istedadla yazıb, ustaca yazıb və sanki bütün deyilmişlərin deyilib qurtardığı, sanki bütün heyrətləndirəbilmələrin tükəndiyi bir meydanda – dünya detektivində bu bənzətmə nə qədər yıpranmış səslənsə də, bu yerə məhz həmin metafora yaraşır – şimşək kimi parlayıb. 

Dünya, ən müxtəlif xalqlar, ən fərqli dillərdə danışan milyonlarla insan o işığı görüb, duyub, qiymətləndirib və nəticədə bu Azərbaycan yazışısı bir xalqın, bir respublikanın yazıçısı olmaq çıərçivəsindən çıxaraq dünya orbitinə dikəlib.

Təsəvvür edin bu şöhrəti qazanan bir azərbaycanlı deyil, bir ermənidir, gürcüdür, tacikdir, estondur, latışdır, belorusdur… yenəmi dodaqbüzənlərimiz sifət turşudacaqdılar.

Sevinin, qürurlanınkı bu birincilik, bu müstəsnalıq öz balamıza qismət olub!

Ha deyin Çingiz yazıçı deyil, ha bir az da qızışaraq baltanı kökündən vurun – iddia edin ki, detektiv heç ədəbiyyat deyil, ha deyin ki, guya onun heç bir əsərini oxumursunuz, bəyənmirsiniz.

Bütün dünya bəyənir! Bu Çingizin də, Azərbaycanın da bəsidir. 

Öyünün, iftixar edin, qürrələnin ki, belə böyük Azərbaycanlımız var.

Əlbəttə, bu, dünyanın köhnə dərdlərindəndir. 

Harada istedad varsa, hökmən küncdə-bucaqda onun paxıllığını çəkənlər, içərisini qurdlar gəmirənlər, badalaq vurmaq istəyənlər də var. 

Harada istedad işığı parlayırsa, orda həndəvərdə hökmən yarasa xislətlilər də var. 

Çingizə həsəd aparanlar nə Afrikadadır, nə Avstraliyada, nə Amerikada, nə də Asiya və Avropanın uzaq ölkələrində, şəhərlərində.

Nə qədər Çingiz işığı gözünü deşənlər varsa, hamısı buralardadır.

Yaraşarmı?!

Çingiz Abdullayev parlaq nasir, universal bilikli əsl intellektual, sadiq vətənpərvərdir. 

Çingiz yalnız qələmi ilə deyil ağlı, cazibəsi, düşüncələrinin dərinliyi, dürüstlüyü, hədəfədəyənliyi və həmin fikirlərin hər kəsə çatan sərrast ifadəsi ilə ən nəhəng auditoriyaları ram etməyi bacarandır.

Bu millətin və yurdun maraqlarını köksünü irəli verərək tarixin sınaqlı anlarında necə ləyaqətlə müdafiə etdiyini, həmin sözlərin məhz nüfuz sahibi Çingiz Abdullayev dilindən qopduğu üçün səsləndiyi studiyada dinləyənlərin və yayıldığı yüz milyonları bürüyən tamaşaçı kütləsi tərəfindən necə yeyildiyini görmüşük, tarix bunu yadında saxlayıb.

Çılızlar, piyadalar, hikkəli dayazlar, ağcaqanad mahiyyətlilər, əqrəb  xislətlilər açıqca və əl altdan Çingizin kölgəsini nə qədər qılınclayırlar!

Axı Allahın istedad nuru bağışladığı bir insana qarşı içərisində irin gəzdirmək elə İlahinin iradəsinə qarşı getməkdir.

Nə qədər zəhərləmək istəsəniz də Çingiz elə bu günlər içində olduğu kimi yenə şax dayanacaq, yenə sağlam olacaq və Tanrının qismət etdiyi padzəhr onu qoruyacaq, rəzillərsə, elə öz zəhərlərinə gömüləcəklər, öz irinlərində boğulacaqlar!

Çingiz və Çingizlərin işığına bu gün Azərbaycanın hər zaman olduğundan daha artıq ehtiyacı var.

Çingiz bu millətin o dəyərlərindəndir ki, onu gərək bütün millət qoruya.

Bəd nəfslərdən, ədalətsiz yanaşmalardan, bədxah həmlələrdən.

Çünki Çingiz özü dünya boyunca Azərbaycanımızı qoruyan, yüksəldən, öz işığı ilə işığımızı daha da artırandır.

Çingiz işığı həmişə gur olsun!

Yaşa, yarat, ucal, qardaş!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən birgə brifinq BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saadin moderatorluğu ilə baş tutub.

Brifinqdə çıxış edən BMT baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusuna həsr olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda körfəz tərəfdaşlarından biri olmaqdan məmnun olduğunu dilə gətirib.

Diplomat qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə dini lider, vətəndaş cəmiyyəti nümayəndələri, təşkilatlar, gənclər, qadınlar, akademik dairələr, peşəkar və biznes ictimaiyyəti də daxil olmaqla geniş spektrli maraqlı tərəflərlə əməkdaşlıq imkanları yaratmaq və ictimaiyyətin iştirakı üçün bu platformanın genişləndirilməsinə sadiq qalmağa davam edəcək.

Brifinqdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum haqqında qısa videoçarx nümayiş olunub. Görüntülərdə Azərbaycanın tarixi, zəngin mədəniyyəti, təbii sərvətləri əks olunub və eləcə də, ölkəmizin müstəqillik tarixi və Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərini barəsində geniş məlumat verilib.

Brifinqdə çıxış edən “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov forumun tarixçəsi haqqında qonaqlara məlumat verib.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 21:52

600-cü sahibkar "ABAD"çı adını qazandı

 

Yubilyar “ABAD”çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini Həsənov Elnur Ağanəzər oğludur. 

 

O, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. Müxtəlif muzeylərdə çalışıb, sərgi, salon və festivallarda rəngkarlıq və metal instalyasiya üzrə əsərlərini dəfələrlə nümayiş etdirib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Elnur Həsənov "ABAD” sıralarına keramika məshulları ilə qoşulub. O, hazırda Bakı, Naxçıvan, Şəki və s. regionları da daxil olmaqla Azərbaycanda tarixi abidələrin ümumi maket istehsalını həyata keçirir. Azad edilmiş torpaqlarda vandalizmə məruz qalan abidələrin orijinal versiyasının maketlərini yaratmaqda onun mühüm rolu var. 

 

600-cü “ABAD”çı 7 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən “ABAD” etno-butikində qurumun direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikat ilə təltif edilib. Burada həmçinin Elnur Həsənovun tarixi abidələrdən ibarət olan kolleksiyasının nümayişi baş tutub.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə, 10 Aprel 2024 09:00

BU GÜN MÜQƏDDƏS RAMAZAN BAYRAMIDIR

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Ramazan bayramıdır - müsəlman aləminin ən müqəddəs bayramıdır.

Məscidlərdə Ramazan bayramı namazı Əjdərbəy məscidində bu səhər saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınıb. 

 

TƏTİL

Qeyd edim ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu gün və sabah - aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 12-si günü ilə 6 aprel - şənbə gününün yeri dəyişildiyindən, biz bu gündən  ta ki bazar ertəsinə kimi Ramazan tətilinə çıxırıq. 

 

PREZİDENTİN TƏBRİKİ

Bu ərəfədə Azərbaycan prezidenti İlham Əliyev ərazi bütövlüyü tam təmin edilmiş ölkəmizdə keçirilən ilk Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib. Təbrik mətnində deyilir:

“Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.

Allah orucunuzu qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!”

 

RAMAZAN BARƏDƏ BİLGİLƏR

Mən xüsusən yeniyetmə və gənclər üçün Ramazanla bağlı bilgiləri paylaşmaq istəyirəm. 

Ramazan bayramı (Fitr bayramı) — Səvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Bu bayram müsəlman dünyasının bir nömrəli bayramıdır. Onun əzəmətini xüsusən qardaş Türkiyədə duymaq olur.

Uzun müddət Sovetlər Birliyində yaşadığımızdan bizlərdə bu bayram demək olar ki, kölgədə qalmışdı. Eləcə də SSRİ-yə daxil olan digər müsəlman xalqlarında. Amma indi Ramazan ayında azərbaycanlılar, özbəklər, qazaxlar, Rusiyada yaşayan dağıstanlılar, çeçenlər, tatarlar, başqırdlar, çuvaşlar və digərləri ay boyu oruc tutur və ayın tamamında təntənə ilə bayramı qeyd edirlər. 

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək qaydalarını öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona Ramazan orucu da deyirlər.

Əlavə edim ki, hazırda ölkəmizdə hətta azyaşlılar arasında da xeyli oructutan var, bu da Ramazanın get-gedə bizimçün də qonşu Türkiyədə olduğu kimi kultlaşmasından xəbər verir. 

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən təyin olandan öz tarixini başlayır. 

 

QƏDR GECƏSİ

Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran  hədiyyə edilmişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır.

Ramazan ayının gecələrindən birində, qeyd etdiyimiz kimi, müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədr gecəsinin konkret hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

Rəvayətlərin birində deyilir:

"Bir yaşlı kişi Peyğəmbərə söyləyir: Uzaq yoldan gəlib məsciddə oturmaq mənə çətindir, əgər Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, həmin gecə məscidə gələrəm.

Peyğəmbər onun qulağına nəsə deyir və həmin kişi hər ramazan ayının 23-cü gecəsi məscidə gəlir".

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-ci gecələrindən biridir. 

Qurani-Kərimdə "Qədr surəsi" vardır. Bu surədə qədr gecəsi haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür". 

 

ORUCLUQ QAYDALARI

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29–30 gün davam edir.

Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29–30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

 

FİTRƏ

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma, ya da kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Əbəs yerə deyildir ki, bu ayda bizim ölkəmizdə bol-bol xeyriyyə aksiyaları keçirilir, fəqir-füqəraya əl tutulur, iftar süfrələri açılır. 

 

BAYRAMINIZ MÜBARƏK!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 15:15

Ümumdünya səs günündə Şuşanın səsi dinlənildi

  Ümumdünya səs gününə həsr olunmuş “Şuşanın səsi -Azərbaycanın səsi” Elmi -Praktik konfrans haqqında düşüncələr

 

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi. “Ədəbiyyat və incəsənət” üçün

 

Ümumdünya səs günü bütün dünyada qeyd olunmaqla yanaşı, həm də özündə qəribə bir mistik duyğu ifadə edir. Bəşər özü səsdən və sözdən ibarətdir. Səs dünya yaranışının təməlində duran amillərdən biridir. 

 

16 aprel Ümumdünya səs günüdür. Bu faktla əlaqəli Elmi işlər üzrə Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova məlumat verdi ki, bu il də elə keçən il olduğu kimi Şuşada Elmi-praktik Konfrans keçiriləcək. Baxmayaraq ki, səs bütün ifaçılara şamil olunur, bu dəfə Konfrans “Muğam” (xanəndə) kafedrasının əməkdaşları ilə baş tutacaq. Çünki ümumdünya səs günü səsin insan həyatında mühüm rolundan başqa, eyni zamanda, onun problemlərini də əks etdirir. Xanəndələrin bunu bilməsi vacib və önəmli məsələlərdən biridir. Çünki tədrisdə belə məqamları bilmək gələcək xanəndələrin səs yorğunluğu və digər problemlərinin qarşısını ala bilər. 

Artıq səfərə bir neçə gün qalmış rektor, Xalq artisti Siyavuş Kərimi və elmi işlər üzrə prorektor Lalə Hüseynova mənə bildirdilər ki, mən də bu səfərə gedirəm. Əlbəttə ki, bu məni sevindirdi. Bu mənim Milli Konservatoriyanın əməkdaşları ilə ilk səfərim olacaqdı.

Beləliklə məqam yetişdi, Bakıdan 19 nəfərlik heyətlə Şuşaya yola düşdük. Aramızda ilk dəfə Şuşaya qədəm qoyan insalar da var idi. Xalçaçı rəssam, adı kimi özü də mehriban olan Mehriban xanım da, operatorumuz Saleh də ilk dəfə idi ki, Şuşaya qədəm qoyurdular. Hərdən adama o torpaqlarda gəzə bilməsi, addım atması belə yuxu kimi görünür. İnsan gec-tez öz arzusuna catır. Mənə elə gəlir ki, belə bir ifadə var Allah səsimizi eşitdi. Bəli Allah səsimizi eşitdi və biz indi Şuşada səs gününü qeyd etməyə gedirik.

Azərbaycan Milli Konservatoriyasının çox istedadlı, təqdirəlayiq elmi laboratoriyaları da mövcuddur. Onlardan biri də Səsin tədqiqi laboratoriyasıdır. Şuşada keçirilmiş Elmi-praktik Konfransın Təşkilatçısı və təşəbbüskarı Aleksandriya Sultan fon Brüseldorffdur. Səsin Tədqiqi laboratoriyasının rəhbəridir.

AMK-nın Elmi işlər üzrə prorektoru Əməkdar İncəsənət Xadimi Lalə Hüseynova başda olmaqla Şuşada keçirilən elmi müzakirələrdə  AMK-nın bir-birindən dərin araşdırmalar aparmağa qadir olan elm xadimlərinin olduğunu gördüm. Müzakirə mövzuları müxtəlif idi.

Konfransın ilk günü dəyirmi masada müzakirələr oldu. Burada elmi araşdırmanın məhz Muğam ifaçılarına şamil olunması diqqətimi çəkdi. Muğamın vokal ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məncə bu dönəmdə daha çox maraqlıdır. Çünki hal hazırda səs diapazonuna malik olan xanəndələr bunu eyni zamanda tədris edir və özündən sonra gələcək nəsillərə də örnək edir. Bir sıra heç zaman heç yerdə eşitmədiyim mülahizələri eşidib, mövzularla daha yaxından tanış olmaq istədim. Dəyirmi masada müzakirələr sona çatdı. Artıq o biri gün Şuşa şəhərinin Qarabağ otelinin konfrans zalında Elmi-praktik Konfrans baş tutdu.

Şuşanın havası, gözəlliyi və qalibiyyət duyğusu konfrans iştirakçılarını ikiqat sevindirirdi. Bir birindən maraqlı mövzularla Elmi-praktik Konfransımız baş tutdu. Azərbaycan Milli Konservatoriyası Muğam (Xanəndə) kafedrası, AMK nəzdində "Səsin tədqiqi” elmi laboratoriyası və "Azerbaijan Voice Orqanization LLC"nin birgə layihəsi olan Ümumdünya Səs Gününə və Şuşa şəhərinin 2024-cü il üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Mədəniyyət paytaxtı” seçilməsinə həsr olunmuş "Şusanın səsi -Azərbaycanın səsi 2" Dəyirmi Masa və Elmi-praktik Konfrans eyni zamanda bir birindən zəngin musiqi nömrələri ilə də bizi sevindirdi.

Müzakirə olunan mövzular Konfransa qatılanlar üçün çox böyük maraq doğurdu.

Konfransı ön sözlə Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova açdı. Sonra onun “Bülbülün elmi irsində Azərbaycanda oxuma sənəti və məktəbi haqqında" mövzusunda məruzəsini dinlədik. Burada Bülbüllə bağlı çox maraqlı faktları eşitdim. Bəzi məqamları ilk dəfə eşitdiyimdən maraqla dinlədim. Məruzə vodeogörüntülərdə öz əksini tapırdı deyə daha da maraqlı idi. Ən maraqlısı isə bütün mövzularda Şuşanın tarixi əsasının qeyd olunmasıdır.

Lalə xanım səlist və özünəməxsus nitqiylə ən çətin məqamları bizə asanlıqla izah edirdi. Bülbülün tədrisi, Bülbülün Elmi məqalələrinın izahı, o dövrün oxuma məktəbi haqqında bilmədiklərimizi öyrəndik. Daha sonra Muğam (Xanəndə) kafedrasının müdiri, Xalq artisti Mənsum İbrahimov "Müasir dövrdə xanəndə sənətinin tədrisinə dair" danışarkən Üzeyir Hacıbəyovdan söz açdı. Onun yaradıcılığından və eyni zamanda dövrünün maarifçi ziyalısı olduğunu dilə gətirdi, Azərbaycan mədəniyyətinin inkişafında missiyası olaraq dünyaya gəldiyini vurğuladı. 

“Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorff  "Azərbaycan muğam ifaçılarının sağlamlığı və rifahı" mövzusunda bu illər ərzində apardığı tədqiqatlardan söhbət açdı. O, Almanıyada keçirdiyi tədqiqatlardan bir neçə video-görüntülər təqdim etdi. 

Tədbirin təşkilatında böyük əmək sərf edən Aleksandriya xanımın öz üzərində çalişması və işini nə qədər çox sevməsi görünür. O, hər bir içtirakçını sevə-sevə təqdim edir. Öz araşdırmaları barədə danışır və mövzu ətrafında daha çox yeniliklərə addım atmaq barədə düşünür. Əzmkar tədqiqatçı xanım buna mütləq nail olacaq, düşünürəm. Çünki onun gördüyü işlərdən bunu sezmək olar.

Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadənın də çıxışı mənə çox müsbət təsir bağışladı. O, Şuşanın şəbeh mərasimlərinin tarixi mədəni əhəmiyyətindən söz açdı. Şuşanın mədəniyyət tarixi haqqında işğaldan sonra Şuşada keçirilən Elmi konfransda iştirak etmək izaholunmaz bir fərəh hissi yaşadırdı. AMEA-nın aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi Sənubər Bağırova da özünəməxsus müzakirələrə səbəb olan məruzə edir. O, Qarabağ musiqisinin  tarixindən maraqlı faktları ortaya qoyur. Ümumdünya Səs Günü Azərbaycan Milli koordinatoru, dosent, tibb üzrə fəlsəfə doktoru, "Lor hospital səs mərkəzi"nin rəhbəri Ramil Həşimli öz çıxışında xanəndələrin rast gəlinən səs problemlərindən söz açdı. Video görüntülərlə danışdıqlarına aydınlıq gətirdi. Klinikaya müraciət edən ifaçıların əksəriyyətində olan problemləri bizə əyanı olaraq göstərdi. Bir vokal, xanəndə, ifaçısının ifa edərkən boğaz yollarında qırtlağın funksiyasının nə qədər fərqli olduğunu çox aydın şəkildə izah etdi. Onun öz təqdimatına son dərəcə yaradıcı yanaşması məni valeh etdi.

Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Nəzakət Teymurova mövzuyla əlaqəli fikirlərini söyləyir, muğam qaydaları barədə mülahizələri dilə gətirir. Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar müəllimi Qəzənfər Abbasov Muğam ifaçılığında sait səslərin səsləndirilməsindən danışır. 

Qeyd edim ki Qəzənfər müəllimin bir neçə dəfə dərsində olmuşam və onun tələbələrə qəzəlləri necə gözəl izah etməyinin şahidiyəm. 

Respublikanın Əməkdar artisti Təyyar Bayramov da müzakirələrdə iştirak edir. Sonra filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev (Salim) söz alır. Öz mövzusunu təqdim edərkən, bizlərə yenicə çapdan çıxmış kitabını təqdim edir. Fəxrəddin Salimin məruzə mövzusu "Muğam ifaçılığında əruz bəhrlərinin istifadə prinsipləri" oldu. Divan Fəxrəddin Salimin 35 ildə ayrı-ayrı vaxtlarda yazdığı qəzəllərdən ibarətdir. Həm də kitab Əruzun tədrisi üçün nəzərdə tutulub. Fəxrəddin Baxşəliyev (Salim) bunu öz çıxışında xüsusi vurğulayıb. Bundan başqa  Azərbaycan Milli Konservatoriyasının müəllimi və "Tələbə elmi cəmiyyəti"nin rəhbəri, gənc alim Fərdin Məhəmmədzadə də  maraqlı və aktual mövzularda çıxışlar edib. Onun sərbəst və son dərəcə aydın mülahizələrinə valeh olmamaq olmur. O, bərdaştın ifaçılıq xüsusiyyətlərini çox dərin incəliklə bizlərə aydınlaşdırır. Konfrans çıxışları musiqi nömrələri ilə davam edir. Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar müəllimi Qəzənfər Abbasov, 5-ci Muğam müsabiqəsinin qalibi, AMK-nın magistr tələbəsi Sədəf Budaqova, 4-cü muğam müsabiqəsinin qalibi, AMK-nın məzunu Gülzar Fərəcova və onları müşayiət edən İnstrumental muğam kafedrasının müəllimi Oqtay Şərifov, konsertmeystr İlhamiz İsmayılov bir birindən rəngarəng musiqi nömrələri nümayiş etdiriblər.

AMK-nın “Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorffun təşəbbüsü və təşkilatçılığı ilə Muğam (Xanəndə) kafedrasının, "Azerbaijan Voice OrqanizationLLC"nin birgə layihəsi olan bu Elmi-Praktik konfrans həm elmi, həm də yaradıcı baxımdan çox yüksək səviyyədə keçdi.

İştirakçılar gələcəkdə Şuşada daha böyük elmi tədbirlərin keçirilməsi haqda arzularını dilə gətiriblər. Qeyd etməliyik ki, Elmi-Praktik Konfransda fəxri qonaq qismində Şuşa Şəhəri Dövlət Qoruq İdarəsinin icraçı direktoru Tural Novruzov da iştirak edirdı. Bütün tədbir boyu ifaçıların məruzəçilər haqqında məlumatlar soruşur, çox böyük maraqla bizi dinləyirdi. Artıq ikinci dəfədir ki, mədəniyyət paytaxtımız Şuşada keçirilən Elmi-praktik konfrans xoş təəssüratlarla başa çatır.

Azərbaycan Milli Konservatoriyası Ümumdünya Səs Gününə həsr olunmuş bir Konfransın da bu cür ərsəyə gəlməsinə səbəb oldu.

Bu məni çox sevindirir. Çünki Konfransda iştirak edərkən, müzakirələr zamanı Fəttah Xalıqzadənin, gənc alim Fərdin Məmmədzadənin araşdırmaları məni çox düşündürdü. Bir qocaman və bir yeni addımlar atan bu iki təzadı bir məqam birləşdirir, o da elmdir. Bizim bildiyimiz və gördüyümüz mədəni aləmin əslində canında sərvət kimi yatan elm. Mən Fəttah müəllimə  uzun ömür, Fərdinə isə gözəl gələcək arzulayıram. Nə yaxşı ki, gənclərə Fəttah Xalıqzadə kimi örnək müəllimlər dərs deyir və nə xoş bizə ki, bizim Fərdin kimi ağıllı gənclərimiz var. 

Konfransda Muğam Xanəndə kafedrasının müəllimlərinin iştirakı isə daha məntiqli müzakirələrə səbəb oldu.

Çünki Aleksandriya Sultan fon Brüseldorffun Almaniyada məhz Kafedranın müdiri Mənsum İbrahimovla və Kafedranın maqistri Sədəf Budaqova ilə apardığı təcrübədən söhbət açıldı. Dinamik MRT və fibrolaronqoskopiya vasitəsilə ifa zamanı qırtlağın, səs yolunun işləmə mexanizminin tədqiqi, yəni bu muğam ifaçılarında bir ayrı,  vokal ifaçılarında fərqli olur. Mənsum Müəllim bu təcrübənin çətinliyini izah etdi. Sənətkarların Dünya üzrə ulduzların keçdiyi səs təcrübəsində Azərbaycan Xanəndələrinin, muğam ifaçılarının da səsi , adı qeyd olunduğunu vurğuladı.

Bu müzakirələrdə vokal, xanəndə ifaçılarının səsinin qorunması, yorğunluğunun qarşısının alınması və başqa problemlərdən də danışıldı.

Son dərəcə maraqlı Konfransın bədii hissəsindən sonra iştirakçılar Şuşanın  gəzintisinə çixdilar. Onlar İsa bulağında çox xoş anlar yaşadılar. Xanəndələr İsa Bulağında "Şuşanın dağları" musiqi əsərini ifa etdilər. Bu səhnənin özü ayrı ayrılıqda böyük bir sevincə səbəb oldu.  

Səfərin canlı şahidi olduğum üçün mən də çox qürurlandım. Çünki Azərbaycan Milli Konservatoriyası bir musiqi məbədi, sənətkarlar ocağı olmaqla yanaşı elm sahəsində də digər təhsil ocaqlarından heç də geri qalmır. Mən deyərdim, bir çox elmi mülahizələrə və tədqiqat laboratoriyalarına  görə hətta öndədir.

Beləliklə "Şuşanın Səsi -Azərbaycanın səsi II elmi praktik Konfrans" öz işini yekunlaşdırdı. Düzdü, biz Elmi-praktik Konfransımızı uğurla başa vurub, geri qayıtdıq, bu Konfransın səsi-sədası isə hələ də Şuşada dolaşır. Günü gündən abadlaşan, düşmən pəncəsindən xilas olan doğma Vətənim, Sən musiqi və mədəniyyət fədailərinin müqəddəs yerisən.

Sən elə bir tütyəsən ki, səni yalnız bu elin, bu torpağın qanını daşıyan, duya bilər.

Şuşada insan xoşbəxtliyin nə olduğunu tam varlığı ilə anlayır.

Azərbaycan Mİlli Konservatoriyasının çiynində çox böyük bir missiya var. O, həm Milli musiqimizi, həm də ənənəmizi, irsimizi qorumalıdır.

Elm sahəsində  bu işıqlı məruzəçiləri gördükdən sonra bunu tam varlığımla anladım ki, sənətkarlar və peşəkarların  fəaliyyət göstərən təhsil ocağı - Azərbaycanın gələcəyi deməkdir. Bunun üçün əzmlə çalışan elm xadimlərinə, müəllimlərə, sənətkarlara  minnətdar olmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

Azərbaycanlı yazar Əkbər Qoşalının Türk Dünyası Araşdırmaları Vəqfinin İstanbulda çıxan ünlü “TARİX” (Türk dünyası tarix, mədəniyyət) dərgisinin yeni sayında “Nə üçün Xocalı?” adlı (“Neden Hocalı?”) yazısı yayımlanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Əkbər Qoşalı məlumat verib. 

 

Adından da göründüyü kimi, yazı Ermənistan və havadarlarının törətdiyi Xocalı Soyqırımından bəhs edir. 

Yazar Xocalının timsalında Qarabağ (ümumən Azərbaycan) həqiqətlərindən söz açıb.

Qardaş Qazaxıstanın (ümumən Türküstanın) ən tirajlı qəzeti olan “Egemen Qazaxıstan” (“Egemen Qazaqstan”) isə bir qədər öncə, Əkbər Qoşalının “Birlik bizim ümumi dəyərimizdir” adlı yazısını yayınlamışdı. Bu yazıda Türk dünyasının “Ortaq keçmişdən ortaq gələcəyə” götürən mədəniyyət iqliminə, türk birliyinin alternativlərin ən yaxşısı olduğuna vurğu edilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.