Super User

Super User

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun bu günə qədər həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Həmçinin gələcək fəaliyyətə dair planlar, nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.

“YAŞAT” Fondununun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun hesabatının əks olunduğu təqdimatla çıxış edib.

Himayəçilik Şurasının üzvləri də cari məsələlər, həmçinin gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan xalqının faciələri sırasında bit faciə də yer almaqdadır: Ağdaban faciəsi. 

Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb.

Təbii ki, amansız düşmən maddi, cismani məhvlə yanaşı mənəvi məhvə də qol qoymaqla tanınır. 

Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndələri - Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb.

Bu gün Ağdaban azad edilib. Kənd işğal dövründə Ermənistan tərəfindən tamamən viran edilib. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla, kənd qəbiristanlığındakı məzarlar dağıdılıb, qəbiristanlıqlar minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır.

Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır.

Bu gün Ağdaban ictimaiyyəti - o dəhşətli qətliamın fəsadlarını yaşayan şəxslər, Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə açıq məktub ünvanlayıblar. 

Məktubda qeyd edilir ki, Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi onları hiddətləndirir. 

Məktubda yazılıb: “Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!

Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib.

Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi.

Biz Ağdaban icması və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi, respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!”

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Bazar ertəsi, 08 Aprel 2024 09:45

Koray Avcının konserti olacaq

Aprelin 19-da Heydər Əliyev Sarayında musiqisevərlər üçün unudulmaz anlar yaşanacaq. Mahnıları, səsi və performansı ilə hərkəsin sevimlisi Koray Avcı yenidən Bakıda çıxış edəcək. Konsertin təşkilatçısı Event Office-dir. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Event Office-dən məlumat verilib. 

 

Keçən il möhtəşəm bir performans ilə 3000-dən çox musiqisevərə 3 saatdan çox gözəl anlar yaşadan Koray Avcı 2-ci dəfə Bakıda Azərbaycanlı sevənləri ilə görüşəcək.

Təşkilatçı Event Office həm Koray Avçının pərəstişkarlarına, həm də bütün musiqisevərlərə bu möhtəşəm konserti qaçırtmamağı tövsiyyə edir.

Biletləri əldə etməyə tələsin! Onların qiyməti 49-199 manat civarındadır. 

Əlaqə nömrəsi: +994 99 333 83 68

Konsert saat 20-dən 21.30-dək davam edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Urbanda görüşərik" layihəsi çərçivəsində "Qiraət axşamı" təqdim edib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan məlumat verilib. 

 

“Qiraət axşamı"nda ud və balabanın müşayiəti ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri  Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirləri Həsən Fəttan, Vüsal Hicran, İmamverdi Vəliyev, Əsgər Məmmədov, Zahir Şirani, Məhəmməd Hacıyev, Zülfiyyə Yaqub tərəfindən səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı sevimli yazarımız Habil Yaşardır.

 

-Habil bəy, Çesterton söyləyib ki: " Yaxşı roman öz qəhrəmanı haqqında, pis roman isə öz müəllifi haqqında həqiqəti söyləyir."

Şahidi olduq ki, oxucular əvvəlcə Nihat və Aytəkinin həyatına təəssüflənir, daha sonra Habil Yaşara bu roman üçün xoş sözlər deyirdilər. Deməli, romanınız çox sevilib, dəyərli Habil bəy.

İndi isə romandan danışmayacağıq.

Bir çox şeirlərinizin də qəlblərdə iz salmasını bilirik.

Ümumiyyətlə, Ədəbiyyat Habil Yaşara nəfəsi qədər yaxındır, yeri gəlmişkən, Habil bəy, söyləsək ki, “Sevdiyin şeiri gəl mənə söylə" hansı şeiri bizə söyləyərsiniz?

 

-Salam Ülviyyə xanım, dəyərli həmkarım. Öncə Sizə, daha sonra isə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikanıza uğurlar arzulayıram. Bir şeyi də xüsusilə qeyd etməliyəm ki, siz də çox gözəl şeirlərin, bir-birindən maraqlı düşüncələrin müəllifisiniz. Hər gülün öz ətri olduğu kimi hər bir şeirin də öz gözəlliyi, mahiyyəti vardır. Bu dəyərlər arasında seçim etmək mənim üçün çox çətin olsa da bir şeiri sizlərlə paylaşmalıyam. Dahi şairimiz Bəxtiyar Vahabzadənin “Axı dünya fırlanır” şeiri mənim ən çox sevdiyim şeirlərdən biridir, bəlkə də birincisidir. 

 

Vaxtın dəyirmanında daş əridi, qum oldu,

Tarixə atdığıımız qayıtdı, lüzum oldu.

Dünənin həqiqəti bu gün tərs yozum oldu,

Niyə də yozulmasın, axı, dünya fırlanır.

 

Çox ovlaqlar içində çox ovları ovladım,

Aşıb-daşan arzumu mən artıq cilovladım.

Mən atamı ötmüşəm, məni ötür övladım,

Bu, belə də olmalı, axı, dünya fırlanır.

 

Dünən düz sandığımı bu gün əyri sanıram.

Bəzən olur, özümdən özüm oğurlanıram.

Hər il başqa arzunun başına fırlanıram,

Niyə də fırlanmayım, axı, dünya fırlanır...

 

Çox əyilən görmüşəm, əyilməyən başları.

Sular duruldu, gördük dibindəki daşları

Ünvanmı dəyişdi dünənin alqışları;

Niyə də dəyişməsin, axı, dünya fırlanır...

 

Necə dönür bu dövran, necə dönür bu gərdiş,

Tazıların üstünə dovşanlar da gülərmiş.

Dünya bina olandan hər şey dəyişilərmiş,

Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

 

Əbədini dünyada mən əbədi sanmadım,

Bir atəşə tutuşdum, min atəşə yanmadım,

Bütlər gəldi və getdi, birinə inanmadım

Niyə inanmalıyam, axı, dünya fırlanır.

 

Fırlandıqca bu dünya, yox da dönüb var olur,

Quruyan çeşmələrdən sular yenə car olur.

Bu dünyanm xeyri də, şəri də təkrar olur,

Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

 

Min-min illər bu dünya beləcə fırlansa da,

Bir yuvanın bülbülü min budağa qonsa da,

Aylar, illər, fəsillər bir-birini dansa da,

Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,

 

Nə qədər istəyirsə, min o qədər fırlana,

Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.

Çərxi-fələk istəyir lap dolana tərsinə,

Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Bazar ertəsi, 08 Aprel 2024 16:30

BİR SUAL, BİR CAVAB İbrahim İlyaslı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

 

Haqqın görkü - ODam, SUyam,

Haqqa varan bir yolçuyam.

Mənəm, sənəm, oyam, buyam,

Adamam, axır adamam.

(İbrahim İlyaslı)

 

Dəyərli şairimiz, mənəvi və ruhi inkişaf səviyyəsində olanlar "Mən kiməm?" sualına, yəqin ki, cavab tapdı, elə deyilmi?

 

 CAVAB

 

-Əvvəla, çox istəyərdim ki, mənə ünvanlanacaq bütün sualların cavablarını mənim şeirlərimdə axtarasınız. Mən şeirlərim boyda bir adamam, sadəcə. Nə az, nə də çox. Ona görə də bütün sorğularınıza şeirlərimdən örnəklər göstərməklə cavab verməyə çalışacam. Mənim bütün mahiyyətim orda cəm olub.

 

Tanrım, görən mən kiməm,

Nəçiyəm bu dünyada?–

Bir payı quru torpaq,

Üç payı su dünyada!

 

 Adım Peyğəmbər adı,

Özüm adi bir adam.

Bir də bu adilikdən

Bezib çıxan fəryadam.

 

Qənşərində durduğum,

Aynadakı mənəmmi?

Ruhum mənə dardımı,

Mən ruhuma binəmmi?

 

 Əvvəl-axır deyilən

Bir ölçü-biçi varmı?

Varsa, bəs ölçüsüzlük

Nədi, bilmək olarmı?

 

Bu cismi-can varlıqdı,

Yoxluq divanəsiyəm.

La İlahə İlləllah!

Kimdi məni səsləyən?!

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Bazar ertəsi, 08 Aprel 2024 15:30

“Daşürəkli” - Anar Turanın hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə Anar Turanın “Daşürəkli” hekayəsi təqdim ediləcək. 

 

80 dəqiqəlik mühazirə bitir və zəng çalınır. Gələcəyini həkim kimi görmək istəyən bir qrup gənc fasiləni dəyərləndirmək üçün universitetin kafesinə doğru gedirlər. Tələbə kafesində çox növbə olur deyə, hər kəs tələsir ki, heç olmazsa, sırada qabağa düşsün. 805-ci qrupun qızları hərəsi əlinə şirniyyat, çay, kofe götürərək əyləşirlər. Bir azdan qrupun bir neçə oğlan tələbəsi də onlara yaxınlaşır. Həyəcanla sabahkı praktikanı müzakirə etməyə başlayırlar. Bəziləri həyəcandan, bəziləri isə maraqdan öləcəklərini dilə gətirirlər. Əslində onlara haradasa haqq da vermək olardı. Axı bu sınaq yalnız onların təhsil aldığı universitetdə var idi...

Beləcə, növbəti dərs başlayan kimi onlara yaxınlaşan praktika müəllimləri, professor Abdalov gənclərin sabahkı praktikaya hazır olub-olmadığını soruşur.

- Bəli, müəllim, elə onu müzakirə edirik ki, necə olacaq? Uşaqlar həyəcanlıdır -deyə Müalicə profilaktikası fakültəsinin tələbəsi Sevinc təbəssümlə cavab verir.

- Qorxmayın, uşaqlar, bu normal bir məsələdir. Sizdən əvvəl minlərlə tələbə buranı bitirib. Birinə həyəcandan nəsə olduğunu eşitmisiniz? Siz gələcəyin həkimlərisiniz və belə şeyləri gözünüzdə böyütməyin.

Əlbəttə, tələbələri başa düşmək olardı. Onlar universitetin yanında pataloji anatomiya deyilən yerə gedəcəkdilər. Bu, ayrıca bir şöbə idi - üzərində müəyyən yoxlamalar və araşdırmalar aparmaq üçün ölülərin saxlanıldığı xüsusi soyudulmuş yer. Sabah onlar yarılmış meyitlərin iç orqanlarına baxmaq, xüsusiyyətlərini öyrənmək üçün kurs keçəcəkdilər. 

Beləcə, səhər tezdən oyanan uşaqlar universitetə gecikməmək üçün bu gün hər zamankından tez gəlmişdilər. Çünki gecikməklə, həm nəyisə qaçıra, həm də ümumiyyətlə pataloji şöbəyə buraxılmaya bilərdilər. Çünki ora daxil olmağın xüsusi qaydaları var idi.

Qrupun ən iddialı, mütaliəni praktikayla uyğunlaşdırmağı sevən tələbəsi Sevinc idi. O qədər imkanlı olmadığı sadə geyimindən də bilinirdi. Belə ki, Təbabətdə oxumaq elə də asan deyildi. Həm də burada oxuyanların çoxu nisbətən imkanlı təbəqədən idilər. Ağ xalatlı olsalar da, fərdi geyimləri çox çəkici olurdu. Zinət əşyalarını göstərməkdən çəkinməyən tələbələr də az deyildi. Amma doğrusu, bu qızda təkcə xasiyyət sadəliyi deyil, həm də imkansızlıqdan yaranan sadəlik hökm sürürdü. Bəlkə o da istəyərdi ki, həmkarları ilə ayaqlaşsın. Ayaqlaşa bilməyəcəyini anladığından bütün gücünü təhsilə yönəltmişdi. Beləcə, yenə də mərkəzdə idi. Çünki hazırlıqlı olması onu vəziyyətdən çıxarırdı.

O qədər gözəl olmayan, amma çəkici aurası olan bu qız, əslində çox çətinliklə böyümüşdü. Atası onları atıb getmiş və başqa qadınla evlənmişdi. Alimentini belə vaxtlı-vaxtında ödəməyən, aşırı içki və qumar aludəçisi olan atası haqqında pis xəbərlər ailəni elə bezdirmişdi ki, uşaqlar onun ayrılıb getməsinə, hətta şükür edirdilər. İki qız, bir oğlanı başsız qoyan atanın uşaqlarının böyüməyindən xəbəri belə olmamışdı. Amma Sevinc nisbətən istisna idi. Doğrusu, qardaş və bacılardan fərqli olaraq o atasına bağlı idi, onu arzulayırdı. Arada atasıyla telefonla danışar, onunla görüşərdi. Ata da qızının istəklərinə etinasız deyildi. Hardan olsa da, pul tapıb qızına verərdi. Ona vaxt ayırmağa çalışırdı. Hətta yeni ailəsinə bunu izah da edirdi. Amma onu anlamaq istəmirdilər. Hər dəfə təzə aldığı qadın onunla bu məsələdə mübahisə edirdi.

O mühəndis idi. Ali təhsil alıb, kəndinə qayıtmış, oradan qohumu ilə evlənib yenidən şəhərə qayıtmışdı. dönmüşdü. Sevinc üç uşağın ilki idi. 3 il gözləmişdilər deyə, dünyaya gələndə çox sevinmişdilər. Adını da buna görə qoymuşdular. Sevincin atası qumara qurşanmasaydı, bəlkə də hər iki ailəsini saxlayacaq gücə, imkana sahib bir adam idi. Qumar istəyi isə günü-gündən onu özündən asılı edir, hər gün uduzmaqla daha da müflisləşməyə doğru gedirdi. Sanki birinci qadının ahı qalmışdı arxasınca. Heç bir işdə qalıcı ola bilmirdi. İnsafən, birinci qadını sadə zəhmətkeş, zəhmətkeş idi, dərziliklə balalarını dolandırırdı. Əlavə olaraq restoranların birində qarderobda işləyirdi. Bununla əlavə maaş alır, həm də xidmət etdiyi müştərilərin hərdən uzatdığı kiçik xırda pullarla ayaqda durmağa çalışırdı. Sevincin qardaş-bacısı, demək olar ki, ana üzü görməyərək böyüyürdülər. Zavallı qadın bu iş qrafiki ilə uşaqlarını necə görəcəkdi axı? Ananın bəxti onda gətirmişdi ki, uşaqların nənəsi var idi və onlara baxırdı. Beləcə, ortalıqda olmayan ata, ara-sıra görünən anayla Sevinc böyüyüb Təbabət İnstitutuna girmişdi.

Fəal tələbələrdən biri olan Sevinc adamayovuşmazlığı, qaradinməzliyi ilə tanınırdı. Bir az da soyuq təsir bağışlayırdı. Bütün məsələlərə soyuqqanlı yanaşması ilə seçilirdi. Xüsusilə cərrahiyyə məsələlərində. Əslində bu, peşəkar yanaşma idi. Həkim olacağını bilən kəs gərək bu cür də davranış sərgiləsin. Lakin bəzən ürək, hisslər imkan vermir... Ən soyuqqanlı adamın da zəif nöqtəsi ola bilər. Yoldaşları tez-tez: "Sevinc, ürəyin daşdır sənin, necə hissiyyatın yoxdur, necə soyuqqanlı qala bilirsən?" - sualını çox verirdilər. Tibb sahəsində nə qədər tükürpədici görüntülər olsa da, o anlayırdı ki, bu, bir dərsdir və həkim olmaq istəyənlər üçün bu vacibdir. Axı o, digərlərindən fərqli olaraq kasıbçılıq imtahanını ağır şəkildə keçmişdi və gələcəyin yaxşı, əl-əl axtarılan bir həkimi olmaq haqda düşünürdü. Cəmi 22 yaşı var idi. Amma belə kövrək yaş dönəmində ən azı 10 il böyümüş kimi görünürdü...

Praktika günü gəlib çatır. Beləcə, uşaqlar Universitetin pilləkənləri ilə aşağı düşür, uzun dəhlizdən keçərək qalın və oval şüşə pəncərəsi olan qapıya yaxınlaşırlar. İçəridən boylanan həkimin assistenti onlara baxır və qapını açmağa başlayır.

İç orqanlarına baxıb qeydlərini aparan tələbələr müəllimlə maraqlı dialoqa girir, bəziləri isə özünü saxlaya bilməyib öyüməyə başlayırdılar. O, hər kəsə təmkinli olmaq lazım olduğunu bildirir. Sevincin isə tükü də tərpənmirdi... Elə bil, həqiqətən, daş idi. Müəllimlər də onun soyuqqanlı davranışına heyran qalırdılar. Deyirdilər ki, sən gələcəyin böyük həkimi olacaqsan. Bu isə onu məmnun edir, özünəinamı bir az da artırırdı.

Beləcə, bayaqdan dərsdənkənar söhbətlərdən birtəhər özünü ayırıb qarşılarında uzadılan insan meyitinə diqqətlə baxmağa başladı. Praktika müəllimləri isə bir-bir hissələri göstərərək izahlar edirdi. Müəllimin ağzından çıxan hər kəlməni götürən bu zərbəçi tələbə bir də baxdı ki, ətrafında uşaqların çoxu ondan xeyli aralı dayanıb və sifətləri turşumuş haldadırlar.

Onlara gülə-gülə baxaraq, "Yaxın gəlin, uşaqlar. Əvvəl-axır biz bunu öyrənməliyik..." - dedi.

Bunu deyib, meyitin ətrafında dövrə vurmağa başladı. Baş nahiyəsinə çatdıqda qəfil diqqətini meyitin üz cizgilərinə yönəltdi. Birdən onun qarabuğdayi üzü, sanki közərmiş hala düşdü. Elə bil bədəninin bütün qanı başında toplandı. Bir əli ilə ürəyini, digəri ilə çarpayının dəmirindən tutaraq özünü yıxılmaqdan güclə saxladı...

Gənc qızın az qala ürəyi dayanmışdı. Az qala yıxılacaqdı, yoldaşları bunu hiss edərək ona sarı atıldılar.

- Sevinc, Sevinc, nooldu sənə, - deyə tələbə yoldaşları, sanki xorla dilləndilər...

Müəllim də yaxına gələrək:

- Qızım, bəlkə cənazə sənə pis təsir etdi? Qoxusu da fərqlidir, bəlkə o təsir etdi? - deyə soruşdu.

- Müəllim, zarafat edirsiniz, o, hamımızdan təmkinlidir axı. Özü də ilk dəfə deyil meyitə baxdığı. Görmürsünüz, bayaqdan biz əsirdik, onun isə vecinə deyildi,- deyə qrup yoldaşları yerlərindən deyindilər.

- Vecimədir! - Ağır və aramlı tonla daşürəkli qız, nəhayət, dilləndi.

- Vecimədir...

- Necə? Niyə? Bəs sən axı?..

- O mənim atamdır, - deyə Sevinc həyəcanla dilləndi.

Hər kəsi şoka salan bu vəziyyətə universitetin tarixində bəlkə də heç kim düşməmişdi. Heç kəs belə halla qarşılaşmamışdı. Qrupun oğlanları da qızları kimi donub qalmışdı, nə deyəcəklərini bilmirdilər. Ortaya bir neçə dəqiqəlik sükut çökdü.

Bəli, o, atasını görmüşdü. O, atasını tanımışdı. Düz 3 ildir tam xəbərsiz olduğu atasını, axtardığı, amma tapa bilmədiyi, telefonlarına cavab vermədiyi, qaçdığı atası, nəhayət, hüzurunda idi. Müflis olan ata onun qarşısına çıxmağı özünə sığışdırmamış, dərd-sərdən içki aludəçisinə çevrilmiş və müalicəsiz, küçələrdə kimsəsiz canını tapşırmışdı. Heç bir sahibi tapılmadığından da bu cür aqibətlə üzləşmişdi. İkinci ailəsindən də xəbər çıxmamışdı. Beləcə, evsiz, eşiksiz, kimsəsiz küçələrin birindəcə vəfat etmişdi. Qəribədir ki, ömür boyu uşaqlarını ürəkdən sevindirməyən, əksinə, gözüyaşlı qoyan bu adam, bu dəfə də öz tərzindən qalmadı. Yenə də zərbəni onu istəyən, onunla az-çox maraqlanan qızına vurdu. İndi bu zədədən zavallı qızcığaz necə qalxacaqdı? Bax, burada hər kəs özünü sözün bitdiyi yerdə hiss edirdi... Bu hadisə isə tələbələrdə dərin izlər buraxdı və getdikləri hər yerdə kimsəsiz adamlara münasibəti kökündən dəyişdi.

Sevinc isə atasına son övladlıq borcunu verir, onu ləyaqətli şəkildə dəfn edir. Və bir də universitetə gəlməyəcəyinə qərar verir. Beləcə, 3-cü kürsdan etibarən ali təhsil aldığı yeri tərk edir. Sevinc bu sarsıntıyla həmin yerdə oxuya bilməyəcəyini dərindən anlayırdı. Onun daşürəkliliyindən əsər-əlamət qalmamışdı. Həyat onun daş ürəyini bir də əzmiş, parçalamış, hətta cilalamışdı...

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Çox təəssüflə bildiririk ki, Güney Azərbaycanın görkəmli jurnalisti, şairi, tərcüməçisi və “Saray” dərgisinin direktoru, Ərdəbil mühitinin tanınmış siması və etnik haqların aktivisti Müjqan Siyami 6 aprel tarixində Ərdəbil şəhərində vəfat etmişdir. Onun əziz xatirəsi üçün iki şeirini təqdim edirik.

 

1.  

Buludların da bağrını yardılar bombalar!

Narın-narın parçalanıb dağıldılar buludlar!

Yağdılar-yağdılar

Bombalar, buludlar.

Döndü yer kürəsi

Dağınıq bir dağarcığa.

Qan qusdu,

Qocaman dəyirmançının

Qənim könlü!

 

2.  

Anam,

Xalı iplərini dara çəkir,

Məhkəmə isə ziyalıları.

Anamın ədalətindən gül bitir

Onlarınkından qəbir!..

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Dünən Rus Dram Teatrında “Sevgi, @ nöqtə.RU” tamaşası nümayiş olunub. Bu bir komediyadır. 

Leon Aqulyanskinin pyesi əsasında səhnələşdirilmiş komediya özündə həyatın daimi məsələlərini, çoxsaylı komik səhnələri və parlaq aktyorların mənasız davranışını birləşdirir. 

 

Premyerası 2022-ci il noyabrın 12-də keçirilən tamaşa Azərbaycanın Xalq artisti Aleksandra Nikuşinanın yubileyinə həsr olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Tamaşanın qəhrəmanları uzun müddət şəbəkə vasitəsilə ünsiyyət qururlar və nəhayət, şəxsən tanış olmağa qərar verirlər. Uğurlu işgüzar qadın və tanınmış plastik cərrah. 

Onlar bir-biri üçün doğulmayıblarmı?

Tamaşaçılar tərəfindən maraqla, bol gülüşlə  və gurultulu alqışlarla qarşılanan tamaşa hələ uzun müddət teatrın repertuarından çıxmayacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Bazar ertəsi, 08 Aprel 2024 14:30

Papuaslarda seçki

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Sən ona görə yaxşı iş tapa bilmirsən ki, bütün yaxşı işləri pis işçilər zəbt ediblər.

2.

Erməni lətifəsi

Aşot kafeyə girib əlindəki tüfəngin tətiyini çəkərək bağırır:

-Kim mənim bacımla yatıb? Bu dəqiqə gülləni onun başına çaxacam. 

Ağzına kimi dolu olan kafenin ən ucqar yerindən səs gəlir:

-Hamıya sənin patronun çatmaz.

3.

Rus lətifəsi

Texniki nasazlıq üzündən Papua-Yeni Qvineyada keçirilən prezident seçkilərində problem yaranır. Papuaslar Rusiyadan kömək istəyirlər. 

Tezliklə Rusiya MSK-nın sədri Vişnyakov ora ezam edilir. 

Seçkinin nəticələri hamını təəccübləndirir: 98.7 faiz səslə Papua- Yeni Qvineyada keçirilən prezident seçkisində Vladimir Putin qalib gəlmişdir. 

4.

-Axşam neynirdin?

-Neyniyəcəm, on əyriayağın və bir əlitopalın çıxardıqları oyuna baxırdım.

-Anladım. Milli yenə uduzub. 

5.

Ona baxdıqda anladı ki, bütün insanlar meymundan əmələ gəlib. Amma bəziləri insana bənzəməyən meymundan.

6.

Koronavirus dövründə Tamayziya ölkəsində metroya giriş üçün FacePay sistemi tətbiq edilib. Sifətini göstərmək üçün maskanı çıxarırsan, az sonra telefonuna karantin rejimini pozub maskasız gəzdiyin üçün cərimə bildirişi gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.