Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Allah, bu nə oynamaqdı?”
şeiri ilə.
“Boğulmaqdan qorxur hamı-
Hamı dayaznan oynayır” -deyir şair.
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Allah, bu nə oynamaqdı?
Aşığa bax, gözü göynən
Barmağı saznan oynayır.
Üstünü çırpan bir uşaq
Oturub toznan oynayır...
Bu şərabdı, ya eşq camı?
Çıx qarşıla bu edamı...
Boğulmaqdan qorxur hamı-
Hamı dayaznan oynayır.
Bu ömürdü, ya səfərdi?
Darıxıram, çağır dərdi.
O nəğmə nə bəxtəvərdi-
Bir gözəl qıznan oynayır...
Yol dayandı... dayan, adam,
Sənin deyil o yan, adam.
Bəxtiylə oynayan adam
Elə bil köznən oynayır.
Hara gedim, hara haqdı?
Mən axsağam, yol ağsaqdı?
Allah, bu nə oynamaqdı-
Göz yaşı göznən oynayır?!
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)