Maqsud babanın əziz xatirəsinə ithaf edirəm!
Yenə soyuq küçələrə sükut çökmüşdü. Gecə saat 2 - 3 olardı, artıq insanlar evlərinə toplanmışdılar. Bu sərt rüzgarın baxışları simama elə bil şillə vurmuşdu. Qarşımda uzun yol vardı, ancaq hansı küçədən gedəcəyimi bilmirdim. Şimşək də çaxırdı. Ah! Mən nə edəcəkdim? Kimsəsiz bir uşağın fəryadını kim duyacaqdı bu saatda? Kim mənə kömək edəcəkdi?
Dözə bilmirdim. Qəflətən diz çöküb hönkürtü çəkdim. O qədər dərindən çəkdim ki, sanki bu dəqiqə ürəyim qopub düşəcəkdi.
Hamı məni uşaq bilir. Elə düşünürlər ki, mənim ürəyim yoxdu. Bu necə insafsızlıqdır?! Nolsun yaşım azdır? Mənim duyğularım ola bilməz?
Sualıma cavab verin, insanlar niyə bu qədər əclafdırlar, kinlidirlər?
Sualıma cavab verəcəksiniz? Yox. Ya bu sualların cavabını bilmirsiniz, ya da “Kimi kimsəsi yoxdur.Yenə boş-boş danışır”, -deyib keçəcəksiniz.
Hönkür-hönkür ağlayarkən küçənin ortasında diz çöküb qalmışdım. Yaralanan əllərimlə dizlərimin ağrısını belə ağlamaqdan hiss etmirdim. Demək, insan ağrını ürəyində də hiss edərmiş. Mən indi qəlbən hiss edirəm. Bir insan çevrilib heç soruşmurdu ki, “Qızım, nəsə istəyirsən?” Bu fikri almaq qalsın bir yana, üzümə baxan belə yox idi.
Şimşəyin çaxması yağış yağacağına işarə edirdi. Yenə həmişə olduğu kimi sərt rüzgar mənə əzab verəcək, yağışın damlaları da isladıb üşüdəcəkdi. Kaş... Kaş ki, səsimi duyan olsaydı. Tanrım, ya al yanına, ya da məni bir mərhəmətli insanla qarşılaşdır!
Qəfildən arxadan kişi səsi eşitdim.
-Qızım, niyə küçədəsən? Atan, anan yoxdur?
Arxama dönüb baxmağa qorxdum. Məndən daha da dərindən, hətta hayqırış səsi ilə dolu hönkürtü qopdu.
Yanıma yaxınlaşdığını hiss etdim. Mən qorxub divarın küncünə tərəf qaçdım.
-Məndən qorxma, qızım. Adım Maqsuddur. Bəs sənin adın nədir? Bu saatda niyə küçədəsən?
-Adım Fəridədir. Mən... Mənim kimsəm yoxdur...
“Kimsəm yoxdur” sözünü söylədikdə ürəyimdən bir parçamın qopub düşdüyünü hiss etdim. Deyirlər ki, “İnsan uzun müddət ağrılarıyla yalnız yaşadıqda alışır”. Deyəsən, mən də alışmışdım...
-Atan, anan səni qoyub gedibmi? Yoxsa?
-Yox, getməyiblər. Qohumlardan eşitdiyimə görə mən doğulduqda anam dünyasını dəyişib. Atam da anamın itkisinə dözə bilməyib, ürəyi partlayıb. Atam ilə anamı, hətta “Dəli sevdalılar” adlandırardılar. Bir-birini uzun illər seviblər. Sonra taleləri onları məndən ayırıb...
-Fəridə, qızım, çox üzüldüm. Söz tapa bilmirəm. Gəl belə edək. Sən mənimlə gedəcəksən. Səni həyat yoldaşım Səkinəylə tanış edəcəm. Bundan sonra bizim yanımızda qalacaqsan.
-Yox, yox! Elə şey olmaz. Mən kimsəyə yük olmaq istəmirəm.
-Bir də belə danışdığını eşitməyim. Nə yük? Sən də nəvəm yaşındasan. Maqsud baban səni hamıdan qoruyacaq!
Maqsud babayla söhbət etməmişdən qabaq çox qorxmuşdum. Bu gözəl insanın simasında qəribə bir ifadə vardı. Kənardan çox zəhmli görünən Maqsud kişi, əslində, bir körpənin ürəyi kimi ürəyə malikdir, mərhəmətlidir. Demək, insanları tanımaq üçün onlarla ünsiyyətdə olmaq lazımdır. Mən hər şeydən məhrum imişəm...
-Əlini mənə ver, gedək, Fəridə qızım.
Maqsud babanın əlindən tutdum. Öz evinə aparırdı məni. Araya dərin sükut çökmüşdü. Deyəsən, mənim simamdakı narahatlığı duyub bu sükutu pozdu:
-Fəridə, sənin neçə yaşın var, qızım?
-Beş yaşım var, Maqsud baba.
-Sən həmişə burda olmusan, yoxsa kiminləsə gəlmisən?
-Yox ,Gülzar adında xalam vardı. Onunla gələrdim həmişə. Ancaq o...
Bir anlıq duruxdum. Qorxdum ki, xalam xəbər tutar danışdıqlarımdan. Əlindən zorla qaçıb gəlmişdim buraya. Maqsud baba mənim susduğumu görüb başımı sığallayaraq dedi:
-Qorxma, qızım. Maqsud babandan da heç nəyi gizlətmə. Artıq bundan sonra sən bizimlə yaşayacaqsan.
-Gülzar xala, əslində, mənim doğma xalam deyil. Məni himayəsinə almışdı. Sadəcə çox incidirdi. Məni həmişə döyər, söyərdi.
Donumun qolunu qaldırıb o qadının etdiklərini göstərdim.
-Əclaf qızı! Uşağa da əl qaldırarlar? Bəs sən necə qaçıb gəldin?
-Biz Bakıda yaşayırıq. Bir neçə gün bundan qabaq telefonla danışdığını eşitdim. Məni uşaq evinə qoyaçağını duydum. Necə və hara gedəcəkdim deyə heç bir fikrim yox idi. Qərara gəldim ki, Gülzar xala yatanda telefonu alıb həmin gün qaçım.
-Bəs bura – Qazaxa necə gəldin?
-Maqsud baba, qorxa-qorxa yolda tanımadığım qadından kömək istədim. O da təsadüfən Qazaxa gəlirmiş. Məni də avtobusa mindirdi. Sağ olsun, məni yedizdirdi, içizdirdi. Qazaxa gəldikdə yalandan dedim ki, məni qarşılayacaqlar, buraya qoyub gedin. O da elə etdi. O vaxtdan bu soyuq, tənha küçələrdə mən də kimsəsiz bir uşaq kimi dolaşıram.
-Sənin bu kiçik ürəyində nə böyük dərd varmış, qızım...
Maqsud babanın kövrəldiyini hiss etdim. Mövzunu tez dəyişdim:
-Maqsud baba, Qazax necə bir yerdir?
-Fəridə, qızım, Qazax cənnətdir cənnət! Yurdu, havası, suyu, torpağı canım-ciyərimdir mənim! Mən uşaqlıqdan ta bu yaşıma kimi Qazaxın havasını içimə çəkib, suyunu içmişəm. Qazax bütün ellərdən doğmadır!
-Mən də gəzib görmək istəyərdim.
-Gəzəcəksən, görəcəksən! Maqsud baban hər səhər saat 6-da durub işə gedir. Bir gün boş olanda səni çoxluca gəzdirərəm! Hə, bax, gəldik çatdıq.
Darvazanı açdıqda özümü başqa bir dünyada hiss etdim.Maqsud babanın ocağı mənim doğma yurdum, evim idi. Bu ocağın hələ doğma insanları da vardı.
-Səkinə, mənəm! Aç qapını.
-Ay xoş gəlmisən, Maqsud! Bu balaca qızımız kimdir?
-Səkinə, bir dayan. Evə girim nəfəs alım, sonra danışaram. Sən de görüm, pürrəngi çayın varmı?
-Hə, əlbəttə! Gəl, gəl!
-Fəridə qızımı götür. Paltarını dəyiş, rahatlat, mən sənə hər şeyi danışacam.
Səkinə nənə məni o qədər gözəl qarşıladı ki, arada bir gözlərimdən yaş damladığını hiss etdim. Mənə yemək, çay verdi. O qədər gözəl qarşıladı ki, özüm belə təəccübləndim, çünki heç vaxt bu sevgini hiss etməmişdim. Məni qucaqlayıb dedi:
-Saat çox gecdir, Fəridə, qızım. Gəl aparım yatırdım səni.
-Səkinə nənə...
-Ay can! De, balam, ürəyin nə istəyir?
-Olarmı ki əvvəlcə Maqsud babaya təşəkkür edim, sonra siz mən yatana kimi yanımda qalasınız? Bir az qaranlıqdan qorxuram.
Əslində, qaranlıqdan qorxmurdum. Kimsəsiz bir uşağın istəyi nə ola bilərdi? İsti qucaq, sevgi, qayğı. Tanrım bunu mənə çox görməsin!
-Əlbəttə, gözəl balam. Mən sənə gözüm kimi baxacam, amma əvvəlcə nə etmək lazımdır? Təbii ki, səni qəşəngcə çimizdirmək lazımdır! Heç narahat olma!
Səkinə nənə məni hamama salıb yaxşıca yuyundurdu. Hamamdan çıxanda qaça-qaça Maqsud babanın yanına gəldim. Boynuna atlanıb bərk-bərk sarılıb dedim:
-Maqsud baba, hər şey üçün təşəkkürlər!
-Qızım, şükürlər olsun ki,Tanrım səni mənim qarşıma çıxartdı! İndi get yat. Hələ qabaqda gözəl günlərimiz olacaq.
Qaçıb Səkinə nənənin əlindən tutub otağa getdim. Yatağa uzandıqda ürəyimin qopan parçalarının bir-birinə bağlandığını hiss etdim. Deyəsən, qopub düşən parçalar geri dönürdü, ya da məni tərk etməmişdilər. Çox şey istəmirdim ki. Az da olsa sevgi istəyirdim...
****
Hər gün səhər tezdən qalxar, Səkinə nənəmin yanında dolaşardım, həm də oynayardıq. Bəzən olardı ki, məni də özü ilə aparıb surpriz hədiyyələrlə sevindirərdi. Hər gün xoşbəxtliklə oyanardım ki, Səkinə nənəmlə gəzintiyə çıxacağıq! Maqsud babanın çox işi olurdu deyə məni tez-tez gəzintiyə çıxara bilmirdi. Demək olar, bütün günümü Səkinə nənəmlə keçirər, əylənərdim. Günlərin necə tez keçdiyini bilməzdim. Sanki zaman əllərimdən qaçıb gedirdi. Axşamları Səkinə nənə samovar çayı hazırlayardı. Maqsud babanın tez-tez qonaqları gələrdi. Bu dadlı söhbətin havasında Aşıq Kamandarın səsi gələrdi. Bəzən olardı ki, səhərə kimi Aşıq Kamandar çalar, Maqsud baba qonaqları ilə şənlənərdi. Mən uşaq olduğumdan çox vaxt məclisin gedişatını görə bilmirdim, çünki tez yatırdım. Siz bilirsinizmi, hüzuru hiss etmək necə böyük xoşbəxtlikdir? Mən ən böyük xoşbəxtliyimi tapa bilmişdim. Artıq yalnız deyildim, çiyinlərimdə özümdən ağır yük daşımırdım. Maqsud baba və Səkinə nənənin şirin, dadlı-duzlu söhbətlərini dinləyib bəzən yuxuya dalardım eləcə.
***
Bu böyük xoşbəxtlik bir neçə il davam etdi. Həyatımda ən dərin boşluğu Maqsud baba ilə Səkinə nənə doldurdu. Bu ocağa sığındığım gündən bəri mən ən böyük xoşbəxtliyimi yaşayırdım. Bəzən qorxurdum ki, bu xoşbəxtlik əllərimdən qaçıb gedəcək...
Elə qaçıb getdi də...
Yenə bir yay axşamı idi. Səkinə nənə ilə həyətda gəzişirdik. Maqsud baba bir neçə günlük Bakıya gedəcəkdi. Artıq yola çıxmışdı. Ancaq nədənsə ürəyimdə böyük bir narahatçılıq vardı. Həmişə getməmişdən qabaq alnımdan öpüb, başıma sığal çəkib deyərdi ki, “Özünə yaxşı bax, Fəridə qızım. Bir gün mən yanında olmaya bilərəm. Məndən sonra çox göz yaşı tökmə. Bax, Səkinəyə də, sənə də bərk-bərk tapşırıram!” Mən isə üzümü turşudar, hətta küsərdim. Bu gün də bir neçə il bundan qabaq Maqsud babanın məni tapmamışdan öncəki halımda idim. O dərin boşluğu hiss edirdim. Səkinə nənə süfrəni yığışdırırdı. Yaxınlaşıb söylədim:
-Səkinə nənə, gəl, mən də sənə kömək edim.
-Yox, balam, sən otur. Mən özüm edəcəyəm, -dedi.
Deyəsən, Səkinə nənə simamdakı narahatlığı hiss etmişdi. Əlindəkiləri yerə qoyub mənə yaxınlaşdı.
-Qızım, nolub? Nəsə narahatçılığın var?
Nə qədər gizlətməyə çalışsam da alınmadı. Göz yaşlarımı gizlədə bilmədim.
-Bir az hə. Maqsud baba çatıbmı görəsən?
-Gözəl qızım, bir neçə saatdan sonra çatacaq Bakıya. Zəng vuracaq. Sən niyə ağlayırsan?
-Bilmirəm. Səkinə nənə, olarmı sizə sarılsam?
-Can! Əlbəttə olar. Gəl!
Səkinə nənəni bərk-bərk qucaqlayanda bir az rahatladığımı hiss etdim, ancaq o boşluq keçməmişdi. Yenə yağış yağacaqdı, çünki göy üzünü qara buludlar almışdı.
-Gəl, qızım, keçək içəri. Mən də süfrəni yığışdırdım artıq. Əlini ver mənə, Fəridə, keçək içəri.
Səkinə nənə ilə əl-ələ tutub içəri keçdik. Divana uzandım. Sadəcə dincəlim deyə uzanmışdım, ancaq elə də yuxu aparmışdı məni.
Bir neçə saat sonra qəflətən qışqırıq səsinə oyandım. Səkinə nənənin hayqırtısını eşitdim. Otaqdan çıxıb, qaça-qaça həyətə düşdüm. Səkinə nənə dizlərinə döyə-döyə “Maqsuuud! Maqsud,bizi niyə qoyub getdin!” -deyə hayqırırdı. Qaça-qaça yanına gəlib Səkinə nənənin boynuna atlayıb həyəcanla soruşdum:
-Səkinə nənə, Maqsud babama nolub?
-Maqsud babanı itirdik, qızım! İtirdik!!!!, -deyə fəryad etdi.
... “İtirdik” kəlməsi qulaqlarımdan hələ də getməyib. Gözlərimdəki yaş bir anlıq qurudu.
-Necə yəni itirdik? Səkinə nənə?
Bu sözü dedikdən sonra huşumu itirdim. Çox yaşanan hadisəni xatırlamıram, ancaq xatırladığım tək şey var. O da Səkinə nənənin “Maqsud babanı itirdik” sözünü söyləməsi idi. Oyananda başımın üstündə Səkinə nənənin saçlarıma sığal çəkərkən hönkür-hönkür ağladığını gördüm. Yataqdan qalxıb Səkinə nənənin göz yaşlarını kiçik barmaqlarımla silməyə çalışıb dedim:
-Səkinə nənə, Maqsud babam cənnətəmi getdi?
-Hə, qızım. Tanrı evinə getdi...
-Bəs biz? Bizi niyə tək qoyub getdi?
-Gözəl qızım, Maqsud baban bizim yanımızdan cismani olaraq ayrılıb. Onun ruhu yenə səninlədir, mənimlədir.
-Bəs mən indi kimə səhər oyanıb “Sağ-salamat, Maqsud baba” deyəcəm? Kimdən o dadlı-duzlu söhbətləri dinləyəcəm?
Bu sözləri dedikdən sonra dərindən hönkürtü çəkdim. Artıq taqətim qalmamışdı. Başımı Səkinə nənənin çiyinlərinə söykəyib daha da bərkdən ağladım. Bu ağır itkinin ağrısını indi çiyinlərimdə deyil, bütün vücudumda hiss edirdim...
İllər, aylar keçdi. Artıq Maqsud babasız tam 5 il keçirdi. Mənim 15 yaşım vardı. Gənc qız olmuşdum. Artıq kimsəsiz Fəridə böyüyüb boya-başa çatmışdı. Bu 15 il ərzində çiyinlərimdə nə yük daşımışam ki? Mənim ən böyük yüküm Maqsud babanın itgisi oldu.
Məzarına gəlib yaxınlaşdım. “Məzar daşı” sözünü belə deməyə dilim gəlmir! Axı o ölməyib! Deyəsən, çox danışa bilməyəcəyəm. Bir az ruhu ilə söhbətləşdikdən sonra qayıdıb evə gəldim. Evə gəldikdə Səkinə nənə evdə yox idi. Nədənsə qəlbim səslədi ki, Maqsud babanın otağına keçim. Otağa keçdikdə stolunun yanındakı siyirməni açıb şəkillərə baxaram deyə düşündüm. Şəkillərin altında saralmış köhnə bir məktub parçası gördüm. Məktubun üstündə “qızım Fəridəyə” yazılmışdı. Bu Maqsud babanın məktubu idi. Məktubu açıb oxumağa başladım:
“Fəridə, qızım, sən bu məktubu yəqin ki, mən bu dünyadan köçdükdən sonra oxuyacaqsan. Məni bağışla, ancaq Tanrı artıq vaxtımın çatdığını deyir. Getməliyəm. Mən də getməmişdən öncə düşündüm ki, bu kiçik məktubu yazıb elə gedim. Bir azdan yola çıxacam. Başıma nə gələcək? Nə olacaq? Bilmirəm. İnsan ağır fikirlərlə yaşadıqda daha tez qocalar. Bunu unutma ki, özünü ağır fikirlərlə yükləmə. Bu sənə Maqsud babanın tapşırığıdır!
Səni heç vaxt kimsənin əlinə qoymayım, qoruyum, boya-başa çatdırım deyə düşünürdüm. İndi isə Səkinə nənənlə birlikdə qalacaqsan. Bəlkə də bu məktubu oxuduqda sən artıq həddi-büluğa çatmış bir qız olacaqsan. Səni nə qədər də qorusam, kədərdən, acıdan qoruya bilmərəm. Qızım, zaman elə qəddardır ki, bizim bütün sevdiklərimizi əlimizdən alıb aparır. Səndən yeganə xahişim var ki, güclü ol! Səkinə nənəni incitməcəyindən tam əminəm, ancaq xahiş edirəm ki, mənim qara xəbərim gəldikdə ağlamayın. Bu ağrını yaşamağa artıq dözə bilmərəm...
Əziz övladım, Maqsud baban səni həmişədən çox sevib. Həmişə səni göz bəbəyim kimi qoruyacağıma söz vermişdim! Əgər bir gün yanında olmasam nə edəcəksən, necə bu insanlarla başa çıxacaqsan deyə düşündükdə dərd məni alıb aparır, amma sonra deyirəm ki, mənim qızım əzmkardır!
Bir azdan qatar gələcək. Cəfalı Səkinəmlə özünə yaxşı bax! Yadından çıxartma ki, Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!”
Məktubda son cümləni oxuyub bitirdikdə göz yaşlarımın Maqsud babanın son yazdığı cümləni islatdığını gördüm.
“Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!”
Bir gün göylərdə görüşərik, Maqsud baba!
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)