AYSƏSİ MƏBƏDİ - “Qərbi Azərbaycan əfsanələri” silsiləsindən Featured

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

Çox-cox illər bundan əvvəl Tanrının yaratdığı gözəl bir meşə vardı. Bu meşədə hər şey gözəl idi. Hündür, qoca ağaclar bəlkə də min illərin xatirəsini özündə yaşadırdı. Ağacların sıx budaqları böyük bir çətir kimi meşəni günəşin yandırıcı istisindən qoruyurdu. Meşəyə girənhər kəs özünü başqa bir dünyaya düşmüş kimi hiss edərdi: sonsuz, sakit, təmiz bir dünya ilə. Bu meşənin gecə sakinlərinin də öz maraqlı həyatları vardı. Gecələr cüyürlər mələyir, marallar böyürür, ayılar bağırır, canavarlar ulaşır, vaşaqlar ağacda gizlənib ov güdür, tülkülər isə tör-töküntü axtarırdılar. Bir sözlə, meşə sehrli bir nağıllar aləmiydi. Ay da gecələr bu meşəyə gələrdi. O, gümüşü uzun saçları, ağ bənizi, işıltılı daşlarla bəzənmiş mavi paltarla otların, ağacların üstü ilə gəzir, ətrafa nur saçırdı. Bir gün ay meşənin dərinliyində ağlamaq səsi eşitdi. Daxmaya yaxınlaşdı. Uçuq-sökük daxmada bir qoca xəstə uşağı ilə yatırdı. Qoca Ayı görüb ürəkləndi: - “ Necə gündür ki, burada tək- tənha qalmışıq. Düşmənlər bizim kəndin adamlarını qırdılar. Mən nəvəmlə zirzəmidə gizləndim. Qırğın qurtarandan sonra nəvəmi götürüb qırx gün,qırx gecə yorulmadan yol getdim. Bu meşəyə yetişdim. Meşənin qalın yerində bu daxmanı tapıb, daldalandıq. Tanımadığımız bu diyarda sakitçilik tapdığımız üçün Tanrıya min şükür. Amma bu kimsəsiz yurdda neçəgündür ki, ac-susuz yaşayırıq”. 

Sehrli Ay cibindən çörək çıxartdı, onlara su verdi. Sonra həzin səslə mahnı oxudu. Beləcə Ay hər gün onlara qonaq gəlib, öz məlahətli səsi ilə onlara sevinc gətirir, dərdlərinin unutdurur, yaşadırdı. Tezliklə Ay meşənin yaxınlığında, yol üstündə bir məbəd ucaltdı. Qoca öz nəvəsi ilə bu məbəddə yaşamağa başladı. Az keçmədi ki, yeni tikilən məbədin xəbəri bu torpaqda yaşayan oğuz tayfalarına yetişdi. Onlar zülm əlindən qaçıb canını qurtaran, onlara pənah gətirən insanlara kömək əllərini uzatdılar.  İllər keçdi. Məbədə demək olar ki, uzaq ellərdən pənah gətirən insanlar sığındılar. Karvan yoluna yaxın tikilən məbəd insanların səfər zamanı əziyyətli yolçuluqdan sonra dincəlib istirahət etmələrinə, soyuqdan və yağışdan qorunmalarına, axşam düşdükdə gecələmələrinə şərait yarandı. Bu məbədi insanlar “Aysəsi məbədi” adlandırdılar. Çünki onları yaşadan, xoşbəxt edən Ayın həzin, məlahətli, ipək kimi  yumşaq səsi olmuşdu.

 

Aysəsi məbədi VII-VIII yüzilliklərdə Dərələyəz mahalının Keşişkənd rayonunda hündür bir təpənin üstündə tikilmiş alban-türk məbədidir.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.