“Nüvədinin uzaq-yaxın tarixi”- TARİYEL AZƏRTÜRK Featured

 

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. 

 

Tariyel AZƏRTURK (ƏLİYEV)

 

NÜVƏDİNİN UZAQ-YAXIN TARİXİ

VƏ DAŞ YAZILI ABİDƏSİ BARƏDƏ

 

Nüvədi, adına antik şairəmiz BİDA HƏMMƏDANİNİN 3200 il bundan qabaq yazılmış şeirində rast gəldiyimiz ARAZ (ARAKS onun yunan variantıdır) çayının sol sahilində Zəngəzur sıra dağlarının cənub ətəklərindəki lokal Dinis – Çanpeki və Zərdəböyrü-Miyanbutun dağ silsilələri arasında yerləşmiş qədim yaşayış məskənidir.

BİDA HƏMMƏDANİNİN KÜR və ARAZ barədəki sətirləri belə səslənir: "ƏRİDƏ UDSIZ KÜR DEYƏ Kİ, ARAZU DEYƏ, GƏLƏ EDƏ SAVAB, HUNCA DEYƏ, BARI HUNCA DEYƏ...".

Şairə bizim kimi doğulduğu Kür-Araz ovalığının həsrətinin əriməsini arzu edir? Yəqin ki, ərə getdiyi uzaq Həmədanda. Poema irihəcmlidir.

Əfsus ki, kəndin tarixi barədə, dəqiq yarandığı əsr və ya il barədə də məlumatımız yoxdur. Vaxtilə qocalarımızın danışdığı nağıllara görə, Nüvədi onun ətrafında mövcud olmuş KAZIMLI, KASILI, QAREYSİMAN, QƏRÇİNİK, KƏND ÇAYI, TERVƏNİT, ANGİZET, ATAMAN və SULTAN SƏLMƏ kəndlərinin əhalisinin, müxtəlif səbəblərdən öz qədim yaşayış məskənlərini tərk etmək məcburiyyətində qalaraq gur və sərin, sağlam suyu olan DƏHNƏ qırağında köç salmışların yaratdığı kənddir. Və ona görə də ora NOU VADİ adlanıb.

Rəsmi arxeoloji qazıntılar aparılmasa da, elə kəndin yenilənən dövründə evlərin, demək olar, 80%-nin inşasında bilavasitə iştirak etmiş kəndin sakini Usta Vəlinin özünün dağ belini 7 metr dərinliyində yararaq Sələnc çayının suyunu aşırıb, örən dərədə cənnət bağlar saldığı və bu amacla gələcək bağ üçün yeri qədim məzarlardan təmizləyərkən Qareysimandakı qazıntılar zamanı (1924-1930) dağın döşündə aşkar etdiyi bir çox qəbirlərin açıldığından həmişə söhbət salardı. Və danışardı ki, onların çoxu küp qəbirlər idi və iri küplərin içərisində isə yarımoturmuş formada insan çəpərələri, sümük nəşləri və ya skeletləri olurdu. Və bu o demək idi ki, bu ərazi ən qədim insan məskənlərindən biri olub.

Amerika alimi məşhur şumerşünas Samuel Noy Kramerin gil yazılardan etdiyi bir tərcüməyə 1994-də Sietldə rast gələndə ayaqlarım yerə yapışdı. Mixi yazılı mətndə HARALI adlı yerdən söhbət gedirdi. Orada deyilir:

"TÜKRİŞ TORPAĞI SİZƏ HARALIDAN QÜVVƏTLİ MİS GÖNDƏRƏ BİLƏRMİ?

MAĞAN (MUĞAN – T.A.) TORPAĞI SİZƏ LYAPİS LAZURİ* GÖNDƏRƏ BİLƏRMİ?"

Dediyim kimi, tərcümə Amerikanın dünyaboyu tanınmış alimi S.N.Kramerindir. O, tərcüməsində Nüvədinin "TÜKRİŞ"– TÜRKİŞ – TÜRK torpağı olduğunu və bizim HARALIDA hələ 4-5 min il bundan qabaq da MİS çıxarıldığı faktından danışır. Muğanda da lyapis lazuri* (*göy rəngli lazurit mineralı) kimi yarımqiymətli daş çıxarıldığını sübut edir.

Bəlkə də, Kramerin tərcüməsinə görə, Amerika ədəbiyyatı "Azərbaycanı dünyada tarixdə ilkin mis istehsal edən ölkə" kimi təqdim edir. Bu məlumatı da adətən, adımızı heç yerdə çəkməyən xarici ədəbiyyatda nəyinsə bizə məxsusluğunun etirafı kimi görəndə sevincimin həddi-hüdudu olmadı.

Daha maraqlı bir fakt da diqqəti cəlb etməyə bilmir. Haralıdan az yuxarı SƏTİ DALANI adlı toponimin varlığı da adamı xəyal dünyasına qərq edir. Əgər Şumer dövrü HARALIDA lazuri mineralı çıxarılıb Babilana aparılırdısa, niyə eradan əvvəl 1290-1279-cu illərdə taxtda oturmuş Yegipetin 19-cu fironu İ SETİ bu təbii vardan, zəngin təbii ehtiyatdan imtina etməliydi ki? Məlumdur ki, Yegipetin digər daha məşhur fironu II RAMZESİN atasının adı SƏTİ (SETİ) olub.

Və son dövrlərdə Almaniyanın Tübingen Universitetinin əməkdaşlarının verdikləri məlumata görə, fironların DNT üzrə haploqrup analizləri sübut edir ki, guya Misir fironları türkəsilli olublar.

 

 

 

 

Xəritə 2. Nüvədi. Kənddən azca şimal-qərbdə əsrlər boyu Nüvədi evlərinin divarlarını bəyaz edən "Ağ torpaq" mənbəyi HARALI, SƏTİ DALANI və TAXTALAR. Ağ çərçivəyə alınıblar. Qırmızı nöqtələr kəndin ərazisindən De Qollun babası De Qoll kompaniyasının istismar etdiyi və boş mağaralar olan mədən yerləri.

 

 

Şəkildəki Firon Sətinin əyin-başında bərq vuran daş-qaş NODUN-NUHADİNİN TAXTALARIN`dan daşıyıb apardığı təbii filizlər hesabınadır. Çıxarıb at-qatırla Qara dəniz limanlarından birinə qədər (indiki Poti) daşıtdırar, oradan isə yelkənli gəmilərlə Misirə çatdıra bilərdi. Öz adını isə "İncil"in NOD adlandırdığı bizim kənddə – Nüvədidə SƏTİ DALANI adında yaşada bilərdi.

 

Nüvədinin Haralı ərazisindəki daha bir coğrafi quruluş düşüncəni rahat buraxmayıb, buraxmır. Haralının və Səti dalanının arxasındakı TAXTALAR adlı yerin qəribə strukturu. Adından göründüyü kimi, TAXTALAR, gerçəkdə, sanki dağın döşünə 20-yə qədər "taxtanın" pilləkən formasında düzüldüyü azman səkilərdən ibarət bir yerdir.

Xəritə 2-dən göründüyü kimi, TAXTALAR (sonralar daima taxıl əkilən ən iri zəmi sahəsi olub) özünün qəribə səth quruluşu ilə bizləri təəccübdə buraxardı. İndi zənnimə bir ideya gəlir ki, deyək, tarixin Şumer və ya Seti dövründə orada səthdən dağ-mədən işləri aparılmış və bu yer o cür terrasvari şəkil almışdır. Terrasın yanlarına baxanda da aydın olur ki, mədən sahəsinin səthi torpağı 20-25 metr qalınlığında daşındığından bu sahə sanki yanlardan kəsilmiş kimidir. Səkilərin itməkdə olan izləri dağ-mədən işlərinin, həqiqətən də, 3-4 min il bundan qabaq – lap Seti dövründə aparıldığı təsəvvürünü yaradır. Çoxsaylı terraslar təbiətin tektonik sıxılmasının nəticəsinin deyil, məhz insan əlinin və ağır əməyinin məhsulu təsirini bağışlayır və tarixin ışartı dövrlərində orada mis, molibden və digər əlvan metallar istehsal edildiyi qənaətini gücləndirir. 

Onun qarşısında – təqribən 3-4 km şimal-şərqdə Məmədemin adlı bir dərədə hər biri 130-150 metr dərinliyində 2 horizontal şaxtanın varlığı, həqiqətən də, bu yerlərin əlvan metallarla zənginliyindən xəbər verir. Onlarda vaxtilə mis istehsal edilirmiş.

 

 

 

Xəritə 3. Nüvədinin düz qarşısında Arazın sağ sahili Güney Azərbaycanda Oruc kəndindəki bu cür terrasvari işləmələr də Misir dövrünün izləridir. Taxtalar adlı torpağın bu növ istismarı Meğri rayonunun qonşu Aldərə kəndinin yaylaq ərazisində də mövcuddur. Şübhəsiz, bu uzaqlıqdan gələn istismarçılar tək bir Nüvədi ilə kifayətlənə bilməzdilər.

"İNCİL" YAZIR Kİ, ADAMIN BÖYÜK OĞLU Torpaqda əkib becərən KAİN (XAİN. Yəhudicə "əldə olunmuş" (приобретённый) mənasındadır) PAXILLIQDAN KİÇİK QARDAŞI ABELİ (ƏBİLİ) ÖLDÜRƏNDƏN SONRA (guya Allah ona daha çox diqqət yetirirmiş – Əbil qoyunçuluqla məşğul imiş), ALLAH ONU EDEN bağlarından şərqdə yerləşən NOD adlı zəhərli ilan-çayanlarla dolu, daşlı, qayalı, susuz, ilan mələyən bir dərəyə sürgün edir.

"4.15. Then the Lord put a mark on Cain so that no one who found him would kill him. 16. So Cain went out from the Lord`s and lived in the land of NOD, east of Eden".

17. Cain lay with his wife, and she became a pregnanat and gave birth to Enoch.Cain was then building a city, and he named it after his son Enoch.18. To Enoch was burn Irad, and Irad was the father of Mehjael, Mehujael was the father of Lamech. (The Holky Bible New Intl Version, Zonderwan Bible Publishers GrandRappids, Michigan, 1984, s. 6.).

Kəndimizin Baş dərə mənasını verən SAR DƏRƏSİNƏ açılan uzun dərələrdən biri, həqiqətən, susuzluğuna görə İLANBAĞIRAN DƏRƏSİ adlanır. Qədim kənd yeri QƏRÇİNİYİ – əslində, QAR ÇİNNİYİ (Cinlər mağarası, Cinlər dərəsi mənasında) kəsib keçir.

"BU VADİDƏ YEGANƏ YAXŞI ŞEY ORANIN ÇEŞİDLİ, DADLI və ƏTİRLİ MEYVƏLƏRİ İDİ" deyə "İNCİL" əlavə edir.

Susuz Nüvədidə yetişdirilən meyvələr çeşidliliyi və təmi ilə, doğrudan da, ayrı aləm idi. Xainin sürgün olunduğu yer – adı ilə də, bütün təbii təsviri ilə də bizim NÜVƏDİYƏ NUH VADİYƏ tamam uyğun gəlir.

Vaxtilə dünya alimləri hesab edirdilər ki, "İncil"də yazılanların çoxu mifdir. Sonralar müəyyən etdilər ki, yox, əslində, "İncil" tarixin müəyyən hadisələri üçün kompasdır. Orada yazılan şəxs və yer adları, doğrudan da, mövcud olub, hadisələr baş verib. Və çox tarixi nəsnələr aşkar olundu, olunur.

Nüvədini itirəndən sonra (Avqust 1991) mənim təşəbbüsümlə Nüvədinin yer adlarını toplamağa başladıq, xəritəsini hazırladıq. Mən topladıqlarımı və çəkdiyim xəritəni göndərib, Bakıda yaşayan qardaşım rəssam Fəxrəddin Vəlidən xahiş etdim:

"– Sən Allah, qardaş, hələ ki bu yerləri tanıyanlar dünyalarını dəyişməyiblər, kəndimizin bu toponimlərini tamamla. Xəritəni daha təkmil buraxdır. Biz dönsək, yaxşı, dönəmməsək ata yurduna, gələcək nəsillər ora qayıdacaqlar, qoy heç olmasa yer adlarını xəritə, siyahı ilə bərpa edə bilsinlər. Əllərindəki yazdığımız qəbalə ilə. Nəsillərarası bağ qırılmasın. Hər halda, bizə rəhmət oxuyanları tapılar".

Sağ olsun Fəxrəddin bəy, bir azdan sonra Nüvədidəki 700-ə qədər adı bir-bir topladı. Əlyazmasındakı siyahının bir surətini də, nəşrdən buraxdığı xəritənin bir dənəsin də mənə göndərdi. Mən də hamısını kompüterdə yığdım.

 

***

 

İndi bir neçə gündür fikirləşirəm, əgər "İNCİL"İN Kainlə bağlı dedikləri bizim kəndlə uyğun gəlirsə, o zaman bizim yer adları arasında mütləq XAİNİN adını saxlayacaq toponim qalmalıdır. Niyə də qalmasın, kənd ki öz ismini qoruyub saxlayıb... Və 700 toponimi gözdən keçirdim. Hamı dünya alimləri belə edir. Və sonda həqiqəti ortaya qoyurlar.

Doğrudan da, Nüvədidən 7-8 km şimalda qədim kənd yeri olmuş KƏND ÇAYININ qabağında XƏNCAVAR adlı bir dərə mövcuddur. Neçə illərdir onun nə demək olduğunu araşdırırıq, araşdırıram. Mən onu Xəncərvari – Xəncərə bənzər kimi açıram.

Amma bəlkə də, o, XAİNİN adı ilə bağlıdır.

Kənd çayından (xəritədə qırmızı dairəciklər qədim kənd yerləridir) bir az yuxarıda kəndin SAR DƏRƏSİNƏ açılan dərə, əslində, "XAİN CİVAR" olub. Min illər ərzində

XAİNCİVAR>XƏNCAVAR şəklinə düşüb. Təbiidir. İnsan övladının yaşadığı bu dərə azacıq suludur. Yazda bol olub Sələng çayına qarışsa da, yayda dərə ağzındakı dərin qumsallıqda batır, quruyur.

Ancaq dərə öz adını orada məskən salmış XAİNDƏN ala bilərdi. Ona görə XAİN CİVAR deyiblər ona. Yəni:

XAİNİN MƏHƏLLƏSİ, YERİ, XAİNƏ MƏXSUS KƏNDƏTRAFI YER, QONŞU XAİN, YAXINLIQDAKI XAİN və s. (Civarın mənalarıdır) (Xəritədə – ağ çərçivədə – "Xainin həbs yeri" kimi gedir).

 

 

Xəritə 4. Nüvədinin SAR (BAŞ) DƏRƏ boyu toponimləri və Xainin sürgün olunduğu yer XƏNCAVƏR – XAİNCİVAR dərəsi Covgit yaylağına (vaxtilə кənd olub) gedən vaxt, biz bu dərədən keçir, sərt Ombeli zəmisi dağını qalxır və oradan Covgit ayağındakı QILQILA adlanan bulağa yellənirdik. Oralarda su yerdən pıqqıldayıb çıxır, çoxlu mis paxırı (CuSO 4) ilə Covgitin bol Dəhnə suyuna qarışırdı.

Xain orada arvadı ilə yatır deyə, kitab əlavə edir. Onun bir oğlu olur, adını Enok (Ön ok – ox- T.A.) qoyurlar. "Kain onun adına orda şəhər salır". İndi vəzifə, Ön Ok-a bənzər şəhərin yerini tapmaqdır.

SAR DƏRƏDƏ "PEYĞƏMBƏR İZİ" adlı sal qayalar yatırdı yerdə (xəritəyə bax). Güman etmək olar ki, bu izlər Bəşərin Ulu Atası ADAMIN, Kainin və ya Enokun bədən izləri olub. Allah özü onların qüdsal izlərini min illərə yadigar qoya bilərdi. Uşaqlıqda bu izlərə baxmaqdan, üstündə uzanmaqdan doymazdıq. Sanki bir xətt boyu düzülmüş üç daş üstündə uzanmış  nəhəng bir Adamın baldırları aşağıdan birincidə, dal yançaqları ikincisində və kürəyi ilə başının arxa hissəsi sonuncu daşda əks olunmuşdu. Yorulub su sərinliyində azacıq mürgüləmiş peyğəmbərin izlərinə müqəddəs varlıq kimi baxırdıq. (Dünya turistləri üçün cəlbedici obyekt).

Kain onu sürgünə göndərəndə o, Allaha gileylənir – "Verdiyin cəza çox böyükdür. Onu çəkməkmi olar? Sən məni torpaqdan da, özündən də qovursan. Sürgün həyatı yaşayacam, sərgərdan olacam, bundan sonra kim məni görsə, öldürəcək bu an".

Allah dedi – "Qoy Kaini öldürən hər kəs özünün yeddi dəfə daha ağır cəzasın alsın".  Və Kain Allahdan uzaqlaşıb NOD adlı sürgün yerinə getdi. Orda Kain öz arvadı ilə yatdı. Onların bir oğlu oldu. Adını Enox qoydular. O, bir şəhər salıb, adını oğlunun şərəfinə Enox qoydu.

"İNCİL" yazır ki, EDEM bağlarının yanından PİSON və QİXON çayları axırdı. Adlar yəhudicədir. İngilis alimi DEVİD ROL isə FİSON`un JEYHUN və QİXONUN ARAZ olduğu qənaətinə gəlir. O cənnət bağları EDEMİN indiki TƏBRİZ şəhərinin altındakı münbit torpaqda batdığı konsepsiyasını tarixi dəlillərlə sübut edir.

Bunları nəzərə alsaq, Allahın Xaini Cənnət bağlarından acza şimalda yerləşmiş CƏHƏNNƏM dərəsinə (Nüvədidə dərələrdən birinin adıdır – CƏHƏNNƏM DƏRƏ – Araza açılır) sürgün etməsi ağlabatandır. Bununla Yaradan ona ikiqat cəza verirdi. Və bu dəlil də NOD`un bizim NUHADİ (NÜVƏDİ) olduğuna inamı artırır.

NÜVƏDİ QARQA DAŞI DAŞ YAZILI ABİDƏLƏRİ

Təqribən 1982-ci ildə müəllim, şair və tədqiqatçı qardaşım Həmzə Vəli (Əliyev) Nüvədinin güney qarşısında ucalan təqribən 1000 metr hündürlüyündəki sıldırım qayalarla zəngin, çılın-çılpaq Qarqa daşı adlanan dağında Səngər adlı alt zirvəsinin arxasında yazılı daşlar silsiləsi aşkar etmişdi. Nüvədiyə səfəri zamanı digər qardaşım Fəxrəddin Əli kitabələrin olduğu yerə qalxmış, Həmzə müəllimlə birgə onların keyfiyyətli fotolarını çəkmişdi.

 

 

Şəkil 1. Həmzə Vəlinin Qarqa daşı dağında aşkar etdiyi yazılı daşlar

 

 

Şəkil 2. Həmzə Vəlinin sağdakı daşda aşkar etdiyi səslər:

 

Yazının Orxon-Yenisey runi əlifbası əsasında sağdan sola transkripsiyası müəllifin zənnincə belədir:

"ON ÜÇ OK ERİNC AY ES. VƏ ERİNC ES ƏR ODSAN, ÖGÜN!

EN ƏR AZ. EKÜC BEK ERİNC ƏR AZ EL. BERT"

Açılışı:

1. On üç ok (tayfasıdır) de, dost. Dedi, elədir, dostum.

Ər, Odsan, ögün.

2. Alisən Ər Az. Bəy Az elinin varlığı ilə öyündü. Bert – hədiyyə*.

IX-XII əsrlərin ərəb səyyahları Azərbaycan və onun bəzi yerləri barədə qısa məlumatlar verirlər. Onlardan biri bizim üçün əlahiddə maraqlıdır. X əsr ərəb səyyahı Əbu Duləf Misər öz yazılarının birində Tiflisdən gəlib Ərdəbilə getdiyi yolun Zəngəzur bölgəsindən keçdiyini xatırlayır:

"Tiflisə səfərdən sonra mən geri, Ərdəbilə qayıtdım. Ərdəbilə yol üstündə bir neçə dağdan, məs, Vayzur (indiki Hayotzor – T.A.), Qaban, Xaçin, Ərrub, Həndən (əslində, orda indi də kənd kimi duran Hənddən demək istəyib – T.A,) və Bəzzeyindən (Qafanın vaxtilə Gəzbel adlanmış qala dağından – T.A.) keçdim. Yaxından Araz çayı axır və bu çay axarı boyunca o vaxta qədər heç yerdə görmədiyim əla nar bağlarına rast gəldim".

Bu ərazidə "Araz boyu kəndlər"dən yalnız NÜVƏDİDƏ və onun qarşısında Arazın bu tayında olan ÜŞDÜBÜNDƏ zəngin şirin nar bağları olub tarixən, var bu gün də. Bu cümlə özü göstərir ki, Misər bizim kənddə də olub: "... o vaxta qədər heç yerdə görmədiyim nar bağlarına RAST GƏLDİM".

Demir ee nar bağları barədə eşitdim. Açıq deyir "rast gəldim". Bu o deməkdir ki, müəllif o yerlərə ayaq basıb.

I Şah Abbas dövründə Nüvədi Cənubi Azərbaycandakı Qaradağ mahalının Astamal bölgəsinə  tabe imiş. Bu, bizim ulu babamız Məlik Əbilin məhkəməsinin Astamal xanı Ibrahim xan tərəfindən qurulması, dar ağacına qaldırılanda bizə gəlib çatmış Nüvədiylə bağlı çəkdiyi 4 bayatısı ilə təsdiq olunur.

1890-cı ildə bizim yerlərə ekspedisiyaya göndərilmiş bir rus zabiti Tiflisdə nəşr olunan  "Kavkazskiy vestnik" qəzetində yazır ki, Meğri, Əldərə, Astazur təbii bol suları ilə yaşayış üçün yararlı vadilərdir, lakin su çatışmazlığından Nüvədidə yaşamaq olduqca çətindir.

 

 

Xəritə 5. Rusiya hərbi kartoqraflarının 1847-də tərtib etdikləri bizim mahalın dəqiq xəritəsi də maraqlıdır.

Fransız mənşəli İsveçrə rəssamı, səyyah, arxeoloq, etnoqraf və naturalist Dyübua de Monpere 1840-cı ildə çəkdiyi əsərə "Селение Нугади в долине Алагез, Эриванское ханство" adını versə də, şəkildəki kəndin bütün tamlığı ilə bizim NÜVƏDİ olduğuna şübhə yoxdur. Əsər sanki kəndin fotosudur. O vaxt kəndimiz rus bölgüsünə görə, artıq Cəbrayıl qəzasının Zəngilan mahalına tabe idi. Bu unikal əsər bizi 180 il qabaqkı doğma kəndimizə aparır.

Onun ön plandakı Pir(i) Dərəsi məhəlləsi, Ağıl Düzündəki günəşləndiyimiz Sarı qayalığı, sağda Quzey məhləsi və ~ Örüşü və zirvədə Dinis dağı, dərənin sol tayında uzaqda Kəlbeli məhəlləsi və nəhayət, soldakı Səngər və Qarqa Daşı adlanan dağı və lap uzaqda Kəhriz bağları üstündəki Zərdəböyrü aşırımı ilə yüz faiz bizim NUVƏDİDİR.

İsveçli rəssam qeydlərində yeri səhv salıb. Gözəl yadigar qoyub bizə.

 

 

Şəkil 3. Monperenin çəkdiyi Nüvədi.

Bir də Zəngəzur dəhlizinin aparıcı hissəsi olan NÜVƏDİNİ ya zorla almaq, ya Qafan həndəvərindəki kəndlərin birinə dəyişmək lazımdır.

NÜVƏDİ Adamın Kain (Xain) adlı böyük oğlunun sürgün olunduğu dünyanın ən ilkin yaşayış məskənidir.

Təkcə HARRAN şəhərinə görə Türkiyəyə ildə milyonlarla əlavə tursit axını var. Niyə ki, İbrahim (Abraham) orada bir neçə ay ayaq saxlayıb və dünyasını dəyişmiş atası TERAHI (Qur`anda Azər) orada dəfn edib. İndi yüz minləri ora cəlb edən müqəddəsin bu qəbridir.

Köçə bilsəydik, NOD-NOHADİ-NÜVƏDİNİ də sizin rəhbərliyinizlə söküb yenidən qurar (məndə qurulacaq hər şeyin şəkilləri, sxemləri var) və HARRAN kimi təbliğ edib turistləri ora cəlb etmək olardı. Kainin atası ADAMIN da bizim dərədə daş üstündə ayaq izləri durur. Ora oğlunu görməyə gəlmiş ADAM Babamızın ayaq izlərini Sar Dərə sal daşları hifz edib saxlayıblar. Ora biz PEYĞƏMBƏR İZİ deyirdik.

 

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.