Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi tanınmış Türkiyə yazarı, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu ilə görüşdürür.

 

-Salam, Yaqub bəy, hər vaxtınız xeyir. Artıq 3-cü ayını tamamlamaq üzrə olduğumuz 2022-ci il Yaqub Öməroğlu üçün necə keçir?

-Salam, İntiqam bəy. 2022-ci il mədəniyyətyönümlü fəaliyyətlərlə, çox sıx qrafiklə başladı. Uluslararası yaşanan hadisələrdən dolayı həm dünyamız, həm də Türk dünyası adına böyük çaşqınlıqlar, əndişələr də yaşadıq. Arzu edirik ki, 2022-ci ilin başlanğıcında baş verən bu ağır hadisələr yerini gözəlliklərə buraxsın. 

 

-Rəhbərlik etdiyiniz Avrasiya Yazarlar Birliyinin Azərbaycan-Türkiyə ədəbi əlaqələrində önəmli yeri var. Qardaş ölkələr arasında təşkilatınızın ədəbiyyat sahəsində nə kimi planları var?

 -Avrasiya Yazarlar Birliyi göstərdiyi fəaliyyətləri mütəmadi, davamlı hala gətirməyə çalışan, bunu müəyyən bir miqyasda da bacaran bir təşkilatdır. Biz fəaliyyətə başladığımızda görəcəyimiz işin davamlılığını öncədən hesablamağa çalışırıq. Bu fəaliyyətlərin ən mühümlərindən biri “Qardaş qələmlər” dərgisinin fəaliyyətidir. Ədəbiyyat dərgiləri, adətən, öz oxucuları, yazarları ilə bir mühit yaradır. Ümumi mühitdə öz atmosferini ərsəyə gətirir. “Qardaş qələmlər” dərgisi də bu atfosmeri yarada bilmiş dərgilərdən biridir. Bu il dərgimizin 16-ci illiyidir. Təbii ki, bu illər ərzində dərgiçilikdə də yeni proseslər, yeni yanaşmalar yaranıb. Biz də dərgimizin fəaliyyətində bu yenilkləri öndə tuturuq, dərgimizi gəncləşdirərək davam edirik. Bundan başqa Türk dünyasına yayınladığımız kitab yayınımız  400 kitaba yaxınlaşdı. Bunlar ədəbi əsərlərdir. Bu, tarixdə görünmüş iş deyil ki, bir nəşriyyat yalnız Türk xalqlarından əsərlər çap etsin və bu əsərlərin sayı 400-ə çatmış olsun. Biz, sadəcə, kitabları çap edən və öz ətrafına paylayan nəşriyyatlardan olmaq istəmədik. “Bengü” yayın evi mövcud şərtlərə uyğun olaraq, digər nəşriyyatlar necə çalışırsa o cür çalışan bir qurumdur.  Hətta “Bengü” nəşriyyatının Avrasiya Yazarlar Biriyinin nəşriyyatı olduğunu bilməyən çox insan var.  Nəşriyyatın adını tanıyırlar, amma onun bu təşkilata aid olduğunu bilmirlər. Çünki, onu biz də belə istədik. Bu fəaliyyətlərimizi də zamanın tələblərinə uyğun şəkildə davam etdirmək arzusundayıq. Bunu da vurğulayım ki, Sovetlər birliyinin dağılmasından 30 il zaman keçsə də, “Bengü” yayınları bəzi türk xalqlarının ədəbiyyatından ilk dəfə əsər çap edən nəşriyyatdır. Məsələn, Saxa-Yakutyada yaşayan qardaşlarımızın əsərlərindən ilk dəfə bir romanı biz çap edirik Türkiyədə. Tuva, Altay, Noqay ədəbiyyatlarından ilk dəfə bu il çap olunur əsərlər. Kitab fuarına yetişdirmək üçün bu kitabları çap edib çatdırmağa çalışırıq. Bu il Baharın sonlarında bütün Türk xalqlarından Türkiyədə roman, hekayə kitabları çap olunmuş olacaq. Təşkil etdiyimiz “Mahmud Kaşğari hekayə yarışması”nı yenə davam etdirmək istəyirik. Yeni yazarların yetişməsi üçün yazar kurslarımız var. Bu kurslar Türkiyənin sərhədlərindən kənara çıxıb artıq. Dörd ildir ki, Balkanlarda, Avropa türklərinin arasında bu kurslar fəaliyyət göstərməkdədir. İki ildir ki, Güney Azərbaycandan, Krımdan, Azərbaycan Respublikasından da qatılanlar var. Bu il İraqda Türkmən elindəki qardaşlarımıza da yazarlıq təhsili vermək planımız var. Bundan başqa yazarların, tarixi şəxsiyyətlərin anma günləri ilə bağlı fəaliyyətlərimizi də davam etdirəcəyik. 

 

-Yaqub bəy, Türkiyə və Azərbaycan arasında olan ədəbi əlaqələrimizi necə qiymətləndirirsiniz, sizcə, qənaətbəxşdirmi? 

-Keçmişlə müqayisədə çox yaxşı durumdayıq. Öncəki zamanlarda çox az idi ədəbi əlaqələr. Çox az Azərbaycan müəllifinin əsərləri Türkiyədə nəşr olunmuşdu. Eləcə də Türkiyə müəllifləri Azərbaycanda çox az sayda çap olunmuşdu. Təbii ki, bunu da ifadə edim ki, Azərbaycan da bizimdir, Türkiyə də bizimdir. Azərbaycan ədəbiyyatından Türkiyədə çap olunan kitab sayı Türkiyədən Azəbaycanda çap olunanlardan bir neçə dəfə çoxdur. Bu məqamda onu da vurğulamaq lazımdır ki, Türkiyədə çap olunan kitablar Azərbaycanda çeviriyə gərək olmadan kitab evlərində satılır. Bu da kitabın çevrilib yayılmasından daha yaxşı bir prosesdir. Kitabı çap olunduğu kimi oxuculara çatdırmaq yaxşıdır. Bunu Türkiyədə Azərbaycan kitabları üçün də etməliyik. Azərbaycan kitabları Türkiydəki mağazalarda orjinal olaraq satılmalıdır, bu istiqamətdə də bizim planlarımız var. Bizim bir kitab evimiz var. Bu kitab evi pandemiya dönəmində açıldı. Pandemiya şərtləri daxilində o kitab evini yaşatmaq bizim üçün çox çətin oldu. İndi onu internet imkanlarını da cəlb etməklə daha aktiv hala gətirmək arzusundayıq. Biz bu mağaza vasitəsi ilə Azərbaycan kitablarını orjinal halı ilə Türkiyədə satmaq istəyirik. İstəyirik oxucu onu orjinal halında oxusun. Bizim əlifba problemimiz qalmayıb. Ola bilər ki, bir neçə sözlük yardım lazım ola bilər. Onu da bir-iki kitabı səbr edib oxuduqdan sonra tam olaraq anlamış olacaq oxuyan. Bunları biz bu dönəmdə inkişaf etdirməliyik. Azərbaycandan Türkiyəyə gələn kitab sayında olduğu kimi Türkiyədən Azərbaycana gedən kitab sayını da artırmalıyıq. Nəşriyyatlarımız bu istiqamətdə bir-biri ilə əlaqələrini genişlətdikcə, yazarlarımız da daha çox tanınacaq, əlaqələrimiz da artacaqdır deyə ümid edirəm. 

 

-Türk dünyası ədəbi qüvvələri arasında əlaqələrin genişlənməsi üçün Azərbaycan və Türkiyə ədəbi qurumları üzərinə hansı vəzifələr düşür?

-Azərbaycan və Türkiyə arasında olan münasibətlər həm Türk dünyası, həm də dünya üçün örnək münasibətlər oldu. Bu vəsilə ilə mən Prezidentlərimizə də şükranlarımı çatdırmaq istəyirəm. Onların münasibətləri bu qədər yaxınlaşdırmaları Türk dünyası tərəfindən izlənilir və ö dövlətlər üçün də bir nümunədir. Biz ədəbiyyat qurumları olaraq bu bərabər çalışmaları həyata keçirməliyik. Azərbaycan və Türkiyə ədəbi qurumları arasında görülən işlər digər dövlətlərimizin ədəbi qurumları tərəfindən də izlənilir və onlar da bu prosesə qoşulurlar. Bunu söyləmək yanlış olmaz ki, Türkiyə və Azərbaycan arasında ədəbi əlaqələr Türk dünyasında öndər əlaqələrdir.

 

-Türkiyədə kitaba oxucu marağından danışaq bir az da. Bir ədəbiyyat adamı kimi orada kitaba maraq sizi qane edirmi?

-Doğrusu, bu məsələyə iki cür yanaşmaq mümkündür. Birincisi, mən çox pozitiv insanam. Türkiyədə çox sayda kitab çap olunur. Ədəbi əsərlər də çox sayda çap olunur. Bu bizi çox sevindirir. İldə ortalama 400-dən çox yeni roman çap olunur. Bu rəqəm özü sübut edir ki, oxucu kütləsi var. Təbii, bəzi yazarlar, aydınlar oxucu sayının az olduğundan şikayətçidir, bu elektronik zamandan sonra gənclərin az oxumalarından şikayətçidirlər. Doğrudur, çox az oxuyan gənclər var, az oxuyan insan kəsimləri var. Amma çox oxuyan insanlar da var. O çox oxuyanlar bizi xilas edəcəklər. Mən onlara çox ümidliyəm. 

 

-Azərbaycan müəlliflərinin kitablarının Türkiyədə çap olunması çox böyük önəm daşıyır. Çünki, Türkiyə daha böyük meydandır bu baxımdan. Bu istiqamətdə hansı addımları atmaq olar?

-Təbii, bu çox önəmli prosesdir. Bu mövzuda mən ilk hekayələr kitabı Türkiyədən əvvəl Azərbaycanda çap olunmuş bir yazaram. Bu mənim üçün çox sevindirici bir durumdur. İlk kitabı Türkiyədə çap olunmadan Bakıda çap olunan Nazim Hikmət olub. Onun şeir kitabı Bakıda çap olunmuşdu. Amma hekayə kitabı Türkiyədə çap olunmadan Azərbaycanda çap olunan ilk yazar mənəm. Bu, çox böyük xoşbəxtlikdir. Bəzi kitablar Bakıda çap olunmadan Türkiyədə çap olundu. Buna misal olaraq Xalq yazıçısı Anarın “Kərəm kimi” kitabını göstərə bilərik. Amma, biz bunu qəsdən elə planladıq. Söylədiyim kimi, Nazim Hikmətin kitabı öncə Bakıda çap olunmuşdu. Ona nəzirə olsun deyə, biz bu kitabı öncə Ankarada çap etdik. Nəşriyyat sektorunu da, oxucunu da bir-brinə yaxınlaşdırmalıyıq. Azərbaycan yazarlarının Türkiyədə oxucuları olmalıdır. Onların kitabları Türkiyədə çap olunduğunda kitab evləri, nəşriyyatlar o kitabları oxuculara sata bilməlidir. Bunun üçün də çox da böyük zaman qalmadı, bir neçə ilə o prosesləri də yaşayacağıq, inşallah. 

 

-Azərbaycan ədəbi mühiti ilə kifayət qədər sıx əlaqəniz var. Kimlərin yaradıcılığını izləyirsiniz?

-Azərbaycan ədəbi mühitində çox dostum var. Həm onları yazar olaraq izləyirəm, həm də dostlarımın fəəaliyyəti olaraq təqib edirəm. Anarın, Mövlud Süleymanlının, Kamal Abdullanın, Rəşad Məcidin, Elçin Hüseynbəylinin yaradıcılığını oxuyuram və izləyirəm. Kamal Abdullanın əsərlərinin Azərbaycan ədəbiyyatına yeniliklər gətirdiyini düşünürəm. Bu siyahıya çox yazarları əlavə edə bilərəm. Mümkün olduğu qədər onların yeni əsərlərini izləməyə çalışıram. 

 

-Öncə “Qardaş qələmlər” dərgisindən bəhs etdiniz. Dərgi haqda bir sual da vermək istəyirəm. Mütəmadi olaraq dərgidə Azərbaycan müəlliflərini dərc edirsiniz. 2022-ci ildə dərginin Azərbaycanla bağlı nə kimi planları var?

-Aylıq ədəbiyyat dərgisi canlı bir yayım orqanı olduğundan, doğrusu, biz onu bir neçə özəl sayı xaricində çox da uzun fəaliyyət planı ilə nəşr etmirik. Ümid edirəm ki, bu il gənc şairlərdən gözəl şeirlər, nasirlərdən gözəl hekayələr gələr. Biz gənclərə önəm verməyə çalışırıq. Sizin də şeirləriniz “Qardaş qələmlər” dərgisində çap olundu. Azərbaycan üçün bu il “Şuşa” özəl sayını hazırlayırıq. Bu sayda həm Azərbaycandan, həm də Türk dünyasının müxtəlif nöqtələrindən gözəl yazıların gələcəyinə inanırıq. 

 

-Təşəkkür edirəm.

-Uğurlar olsun. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

40 ildən sonra “Voyage” albomu ilə 2021-ci il noyabrın 5-də yenidən  səhnəyə qayıdan İsveçin əfsanəvi ABBA qrupu İsveç hökuməti tərəfindən mükafatlandırılıb.

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, ABBA “musiqi ixracı” mükafatına layiq görülüb. 

Musiqi də dövlətin bir məhsuludur, o da xaricə ixrac edilir, deyilmi? 

Bu mükafat 1997-ci ildən başlayaraq il ərzində İsveç musiqisinin dünyaya çatdırılması işinə və ölkənin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına töhfə vermiş sənətçilərə verilir.

“ABBA 50 ildir ki, İsveç musiqisini dünya miqyasında uğurla təmsil edir. Qırx illik fasilədən sonra səhnəyə qayıda bilmək tamamilə unikal və inanılmaz nailiyyətdir”, - deyə mükafatı təqdim edən xarici ticarət naziri Anna Hallberq bildirib.

Əlbəttə, dünyanın çox yerində İsveçi Nobel mükafatına, çox yerində hokkeyinə, çox yerində Damda yaşayan Karlssona, çox yerində də ABBA qrupuna görə tanıyırlar.

 

Bu gün Azərbaycan mühacir poeziyasının ən parlaq simalarından biri olan Almas İldırımın anadan olmasının 115-ci ildönümüdür. 

Azərbaycanın mühacir şairi Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində, bəy ailəsində doğulub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu totalitar rejim tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirib. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilib.

1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Almas İldırım Dağıstana sürgün edilib. 

1930-cu ildə o, Bakıya qayıdıb, "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirib. Lakin kitab senzuradan keçməyib, şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olub. Bu dəfə o, Türkmənistana sürgün edilib.

Sonra o, mühacirətə getmək barədə qərar qəbul edib, 1933-cü ilin iyun ayında yenicə evləndiyi həyat yoldaşını və üç aylıq körpəsini də götürüb İrana gedən qaçaqçı bir dəvə karvanına qoşulub.

Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalardan keçərək böyük məşəqqətlə İrana çatıblar. Ancaq Almas İldırım dərhal həbs olunub, 25 gün dustaqda qalıb. Onu bolşevik casusu hesab edərək işgəncə veriblər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayıblar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyub. O, sağalmaz böyrək xəstəliyinə düçar olur. 

Nəhayət, suçu sübut olunmadığı üçün azad edilən şair Məşhəd şəhərinə göndərilib. Burada o, ürəyincə iş tapa bilməyib, çox yoxsul, acınacaqlı həyat sürüb. 

Sonra tale onu Türkiyəyə aparıb. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olub, ibtidai məktəbdə dərs deyib. Ömrünün təqribən 12 ilini beləcə yaşayıb, Azərbaycan həsrəti ilə qovrulub. İşğal altında olan Vətəninin təəssübünü çəkib. 

1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu qalıb.

 

Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. “Ədəbiyyat və incəsənət” portalı şairin ən məşhur “Əsir Azərbaycanım” şeirini diqqətinizə çatdırır. 

Böyük istiqlalçı şairimizin didərgin ruhu şad olsun. 

 

ƏSİR AZƏRBAYCANIM

 

Nərdə məni gül qоynunda dоğuran,

Хəmirimi göz yaşıyla yоğuran,

Bеşiyimdə “layla balam” çağıran,

Azərbaycan, mənim baхtsız anam оy,

Nеçə bir il həsrətinlə yanam, оy?..

 

Salam dеsəm, ruzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Хəzərə yеtirsə,

Хəzər cоşub zəncirini qırar оy!..

Hökm еtsə, bu sərsəm gеdiş dursa оy!..

 

Хəbər alsam Muğanımdan,

Milimdən,

Nazlı Bakım, о nеft qохan gülümdən,

Kim dеmiş ki, düşmüş adı dilimdən,

Azərbaycan, mənim еşsiz yurdum оy!..

Ölməz еşqim, içimdəki dərdim оy!

 

Gönlümə tək Kəbə yapdım səni mən,

Sənsiz nеdəm qürbət еldə günü mən,

Sənsiz nеdəm Allahı mən, dini mən,

Azərbaycan, mənim tacım, taхtım оy!

Оyanmazmı kоr оlası baхtım оy?!

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyaşöhrətli bəstəkar İmra Kalmanın “Silva” tamaşası ilə rusdilli tamaşaçıların görüşünə gələcək.

Səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Səhnə əsərinin süjet xəttinin əsasında maraqlı bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini özgəsi ilə nişanlamağa hazırlaşırlar. Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada iki gəncin sevgi uğrunda mübarizəsi başlayır.

Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölüb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Jirinovski bir neçə gün öncə ağır vəziyyətdə Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi. Həkimlər xəstəxanaya qəbul edilən gündən onun vəziyyətini çox ağır olaraq qiymətləndirirdi. 75 yaşlı siyasətçinin vəziyyəti daha da ağırlaşıb və həkimlərin səyinə baxmayaraq onu koma

vəziyyətindən xilas etmək mümkün olmayıb.

Azərbaycana daim həqarət yağdıran birisi o dünyaya köçdü.

Avrokomissiya ukraynalı qaçqınları qəbul edən ölkələrə 3,4 milyard avro ayırır ki, bu pul da qaçqınların sağlamlığına, yaşayışına, əmək fəaliyyətinə, təhsilinə, uşaqlara qayğıya xərclənəcək. 

Bu arada Euronews-un yayımladığı bu foto ürək dağlayır. Ukraynalı uşaqlar rahat evlərindən, dostlarından, məktəblərindən, bəziləri valideyinlərindən ayrılıb naməlumluğa gedirlər. Budurmu sizin insanlığınız, ey prezidentlərinin şizofreniyasına insanlığı qurban verən ruslar?

 

“Balaca və damda yaşayan Karlson” kitabını oxumasanız belə çoxlarınız eyniadlı cizgi filmini görüb. “Uzincorab Peppi”ni də həmçinin. Bunlar məşhur İsveç yazıçısı Astrid Lindqrenin qələmindən çıxan dünya bestsellerləridir. O Astrid Lindqrenin ki, xatirəsinə beynəlxalq mükafat təsis edilib və bu mükafat hər il uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilir. 

“Ədəbiyyat və incəsənət” portalı RİA Novosti-yə istinadən xəbər verir ki, İsveç hökuməti Astrid Lindqren mükafatını 2002-ci ilin yanvarında yazıçının ölümündən sonra təsis edib. Bu mükafata iddia edən yazıçı və illüstratorların əsərləri Astrid Lindqrenin ruhunu əks etdirməlidir. Mükafat fondu böyükdür - 5 milyon İsveç kronuna bərabərdir. Bu, uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilən ən böyük mükafatdır. 

Mükafatın münsiflər heyəti Mədəniyyət üzrə Milli Şura tərəfindən formalaşdırılır, onun tərkibinə yazıçılar, ədəbiyyatşünaslar, rəssamlar, tənqidçilər, kitabxanaçılar daxil olur.

Ötən gün 2022-ci il üzrə mükafat öz sahibinə çatıb, bu, isveçli müəllif və rəssam-illüstrator Yeva Lindström olub.

Yeva Lindström 1952-ci ildə Vesterosda doğulub. 1969- 1974-cü illərdə Stokholmda Konstfak rəssamlıq kollecində rəngkarlıq ixtisası üzrə təhsil alıb. Karyerasına 1980-ci illərdə rəssam-multiplikator kimi başlayıb. O özünün “Katmössan” ("Pişik şlyapası", 1988) adlı birinci kitabına illüstrasiyaları da özü çəkib. Lindströmün bənzərsiz yumoristik üslubu həm mətnlərdə, həm də şəkillərdə hiss olunur.

Lindströmün qalibiyyəti heç də asan başa gəlməyib, 2022-ci ilin laureatı mükafata iddiaçıların siyahısındakı 71 ölkədən 262 namizədi qabaqlamağı bacarıb.

Qeyd edək ki, ötən 2021-ci ildə Astrid Lindqren mükafatının laureatı fransız hekayəçisi Jan-Klod Murleva olub.

 

Xəbər verdiyimiz kimi, “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnı seçilib. Ölkəmizi təmsil edəcək Nadir Rüstəmli “Fade to black” (Qaranlıqda itirik) mahnısını ifa edəcək. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təmsilçimizin çıxışının daha effektiv olması düşüncəsi ilə təşkilatçılar mahnı seçimində xarici mahnıya üstünlük vermişlər. Mahnı dörd əcnəbi bəstəkar - Thomas Stengaard, Andreas Stone, Sebastian Schub və Anderz Wrethov tərəfindən bəstələnmişdir. 

Mahnının sözlərinə ingilis dilindən dilimizə sətri tərcümədə diqqət edək:

 

1.

Qal

Hekayə çətinliklə başladı

Qala bilməzsənmi ?

Həqiqətən bunun bir hissəsi olmaq istəmirsən?

Oh çox şirin xəyallardır

Qapıdan yavaşca geri çəkilirsən

Həmişə gedib havanı günahlandırırsan,

Havanı.

 

Nəqarət:

Sevginin açdığı yara

Çox tez ağrıyır

Sonuna qədər

Qaranlıqda itirik.

 

Mən isə hissizləşirəm hissizləşirəm,

Hissizləşirəm hissizləşirəm.

 

2.

Gözlə

Bunu düzəltmək üçün mənə bir az vaxt lazımdır, gözləmirsən?

Bunu əldən verə bilmərik

Qapıdan yavaşca geri çəkilirsən

Həmişə gedib havanı günahlandırırsan,

Havanı.

 

Nəqarət:

Sevginin açdığı yara

Çox tez ağrıyır

Sonuna qədər

Qaranlıqda itirik.

 

Mən isə hissizləşirəm hissizləşirəm,

Hissizləşirəm hissizləşirəm.

 

3.

Biz xatirələrdə yaşayırıq

Bu bədəli ödəyirəm

Qaranlıqda itirik

Qaranlıqda itirik

Biz xatirələrdə yaşayırıq

Bu bədəli ödəyirəm

(Qaranlıqda itirik)

(Qaranlıqda itirik)

(Xatirələrdə yaşayırıq)

Ooh ooh ooh

(Bu bədəli ödəyirəm) ah ah.

 

Nəqarət:

Sevginin açdığı yara

Çox tez ağrıyır,

Sonuna qədər

Qaranlıqda itirik.

 

Mahnı ritmik, xüsusi effektlərlə zənginləşmiş, oynaq və diqqətçəkəndir. Amma 1-ci olmağa layiqdirmi? Bu sayaq “diringi” mahnıları öz milli musiqimizdən seçə bilməzdik yəni? Hər halda, xarici bəstəkarlara konfet kağızı

deyil, külli miqdarda pul verilir axı. 

Bu arada onu da deyək ki, Thomas Stengaard və Andreas Stone

bundan öncə də Avroviziya finalı üçün və Avroviziya milli finalları üçün mahnılar ərsəyə gətirmişlər. 2013-cü ildə debütləri uğurlu alınmış, mahnıları 1-ci olmuşdur, sonrakı illərdə hətta 25-ci yer tutan mahnıya da müəlliflik etmişlər. 

Statistikaya diqqət edək:

 

Only Teardrops – Emmelie de Forest – Danimarka 2013 (1-ci yer)

You Let Me Walk Alone – Michael Schulte – Almaniya 2018 (4-cü yer)

Too Late For Love – John Lundvik – İsveç 2019 (5-ci yer)

El Diablo – Elena Tsagrinou – Kipr 2021 (16-cı yer)

Adrenalina – Senhit – San Marino 2021 (22-ci yer)

Sister – S!sters – Almaniya 2019 (25-ci yer)

Death of Us – Elsie Bay – Norveç milli finalı 2022 (4-cü yer)

Hero – Raylee – Norveç milli finalı 2021 (6-cı yer).

 

Gözləyək, görək “Fade to black” bizi qaranlıqda itirməyəcək ki? 

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşkilatçılığı, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Şimali Kiprin Girnə Amerika Universitetinin (GAU) dəstəyi ilə GAU-da təntənəli Novruz bayramı mərasimi keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalının AKDC-yə istinadən verdiyi məlumata görə, əvvəlcə Novruz tonqalı yandırılıb.

Mərasimin açılışında çıxış edən AKDC-nin sədri Orxan Həsənoğlu türk xalqlarının ən qədim bayramı olan Novruz ənənələrinin milli dəyərlərimizin qorunmasına töhfəsindən danışıb.

Sonra Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, GAU-nun qurucu rektoru Sərhat Akpınar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Törə, nəqliyyat və rabitə naziri Ərhan Arıklı, Türkiyə-Şimali Kipr Türk Respublikası parlamentlərarası dostluq qrupunun sədri Orhan Erdem və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxış ediblər.

Çıxışçılar Novruz bayramının əhəmiyyətindən danışıblar, vurğulanıb ki, dostluq, qardaşlıq, sülh və səmimiyyət rəmzi olan Novruz ümumbəşəri dəyərləri ilə hər zaman yaşayacaq və insanları sevindirəcək.

Ən maraqlı Novruz ayinləri icra olunub, yumurta döyüşdürülüb, dəmir döyülüb. Novruz bayramı tədbiri musiqili-əyləncəli hissə ilə davam edib. Ankara Universiteti Konservatoriyasının tələbəsi, gənc müğənni Nigar Rəhimova zəngin ifaları ilə iştirakçıların bayram ovqatını daha da yüksəldib.

Tədbirin açılış mərasimində, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış, Türkiyə Respublikasının Lefkoşa səfiri Əli Murad Başçəri və digər görkəmli simalar iştirak ediblər.

 

“Oskar” mükafatlandırma mərasimində səhnəyə çıxacaq sənətçilərin adları açıqlanıb.

Türkiyə mediası xəbər verir ki, “Ən yaxşı musiqi” kateqoriyasında yarışan Beyonce və Billie Eilish mərasimdə iştirak edənlər sırasındadır. Qeyd edək ki, Sebastian Yatra ve Reba McEntire kimi sənətçilər də səhnəyə çıxacaqlar.

Mükafatlandırma mərasimi martın 28-i Dolbi Teatrında keçiriləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.